Məhkəmə qərarları › İş №1(101)-484/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-484/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-484/2022 25.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5, mənzil 23-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 14 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 sentyabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 14 sentyabr 2021-ci il tarixdə şəxsiyyəti naməlum şəxsdən 03 ədəd bükümdə külli miqdarda, yəni ayrı-ayrılıqda çəkiləri 0,768 qram, 1,352 qram, 1,679 qram olmaqla ümumi təmiz çəkisi 3,799 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə - kustar üsulla hazırlanmış heroini narkotik vasitəsi alıb əldə edərək daşımaqla üzərində saxlamış və 14 sentyabr 2021-ci il tarixdə saat 11:30 radəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış massivi 25 ünvanında yerləşən Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB-nə aparılaraq üzərində şəxsi axtarış aparılan zaman, əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkisi 0,768 qram, 1,352 qram, 1,679 qram olmaqla ümumi təmiz çəkisi 3,799 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə - kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə etdiyindən tutulmazdan təqribən il yarım əvvəl İradə adlı bir azərbaycanlı qızdan 2 qram narkotik maddə almış, lakin satan şəxs ona 2 qram adı ilə az miqdarda narkotik göndərmişdir. O da həmin narkotiki özünün videogörüntüləri ilə birlikdə çəkib həmin şəxsi göndərdiyi narkotikin az miqdarda olması ilə, yəni onu aldatması ilə məlumatlandırmaq üçün videogörüntüləri sosial şəbəkədə paylaşmışdır. Həmin videoya görə o, bir müddət sonra, 14 sentyabr 2021-ci il tarixdən 15-nə keçən gecə saxlanılmış, əvvəlcə ondan xalq qarşısında videoçəkilişlə üzr istəməsi tələb olunmuşdur. O, üzr istmiş və onun bu üzr istəməsi video lentə alınmışdır. Bundan sonra o, rəisin qəbuluna aparılmış və rəisin tapşırığına əsasən o, polis tərəfindən qeyri-qanuni olaraq narkotiklə «yüklənmişdir». Bundan sonra fiziki təsirlər altında ona dörd qrama yaxın heroin narkotik vasitəsi «yüklənmişdir», polisin özünün verdiyi vəkilin iştirakı ilə guya onun üzərinə şəxsi axtarış keçirilmiş və o, həmin narkortik vasitəni çıxarıb təqdim etmişdir. Videoçəkiliş zamanı isə həmin narkotik vasitənin özünə məxsus olduğunu, özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Əsil həqiqətdə isə onun üzərində heç bir narkotik vasitə olmamış, o, heç kimə narkotik vasitə satmamışdır. Döyülməsi ilə bağlı müraciətlər etmiş, onun yanına dövlət nümayəndələri gəlmiş, məhkəmədə dediklərini onlara da demiş, lakin onun xeyrinə qərar qəbul edilməmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu qəsəbəsində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 45 manata narkotik vasitə heroin almışdır. 14 sentyabr 2021-ci il tarixdə, saat 11:30 radələrində yaşadığı ünvan 4 ünvanının qarşısında dayanan zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və onun üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını deyərək onu ərazi üzrə Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. 33-cü PB-də polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçiriləcəyini bildirmiş, o da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi dəvət olunmuş və bundan sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan ağ rəngli şalvarın sağ yan cibindən öz istifadəsi üçün əldə etdiyi 03 ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra təqdim edilmiş bükümlər açıldıqda heroin kimi tanıdığı narkotik maddələr aşkar edmişdir. Ondan aşkar edilmiş bükümlər polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, o, narkotik maddələri yalnız özü istifadə etmək üçün alıb əldə etmişdir. Narkotik maddələri heç kimə satmaq və ya vermək niyyətində olmamışdır. Üzərindən aşkar edilmiş narkotik maddələri 13 sentyabr 2021-ci il tarixdə Sabunçu qəsəbəsində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 45 manata almışdır. Ondan aşkar edilmiş narkotik maddələrdən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Saxlanılarkən və ya üzərinizə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır (iş vərəqə: səh. 70-71). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 14 sentyabr 2021ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddə üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs anket məlumatları dəqiqləşdirilmiş, onun Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yaşadığı müəyyən edilmişdir. Məlumat barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Elə həmin gün saat 11:30-da ünvan 5 ünvanının qarşısında dayanmış Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış, onlar özlərini təqdim edərək vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və narkotik maddələrin saxlanması, daşınması, istifadəsi və satışında şübhəli olduğu bildirilməklə ondan özünü təqdim etməsi tələb olunmuşdur. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra ona üzərində şəxsi axtarış həyata keçirilməsi zəruri yarandığını deyib onu Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Elvin Mmmədov da razılaşmış və onlarla birlikdə 33-cü PB-nə getmişdir. 33-cü PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil dəvət edilmişdir. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 03 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs suallara cavab olaraq həmin 03 ədəd bükümün içərisində kokos kimi tanıdığı heroin narkotik vasitəsi olduğunu və onu Sabunçu rayonu, Sabunçu qəsəbəsində tanımadığı şəxsdən 45 manata öz istifadəsi üçün alıvb əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 03 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİnin 33-cü PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Cinayət işi üzrə məhkəmə baxışı şahid qismində dindirilən Suraxanı RPİ-nin 33-cü PB-nin digər əməliyyat müvəkkili Şahid1 məhkəmədə şahid kimi ifadə vermiş Şahid2 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilmməklə tədqiq olunan “şəxsi axtarış aparılması və və götürmə” haqqında 14 sentyabr 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, protokolun tərtib edildiyi həmin tarixdə vət. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş altında şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 03 ədəd büküm çıxararaq polisə təqdim etmiş, sonuncu təqdim etdiyi həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitələri Sabunçu qəsəbəsində adını bilmədiyi, üzdən tanıdığı şəxsdən 45 manata öz istifadəsi üçün alıb əldə etdiyini və üzərində saxladığını bildirmiş, təqdim olunan 03 ədəd büküm bir-bir açılmaqla içərisində olan narkotik vasitəyə şübhəli maddə nümayiş etdirilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış aparılmış, lakin onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim olunan bükümlər zərfə qablaşdırılmaqla götürülmüş, yekunda şəxsi axtarış aparılması və götürmə barədə protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Şəxsi axtarış aparılması və götürmə prosesində prosessual pozuntuya yol verilməmişdir (iş vərəqə: səh. 32-33). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntülərinin yerləşdirildiyi DVD diskə baxış keçirilməsi haqqında 16 sentyabr 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, DVD diskə baxış keçirilməsi haqqında protokolun məzmununda göstərilənlərlə “şəxsi axtarış aparılması və götürmə” haqqında 14 sentyabr 2021-ci il tarixli protokolun məzmununda göstərilənlər üst-üstə düşür və biri digərini təsdiq edir (iş vərəqə: səh. 78). Məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini özündə əks etdirən DVD diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD diskdə olan videogörüntülər Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış aparılması və və götürmə” haqqında 14 sentyabr 2021-ci il tarixli və şəxsi axtarış aparılması prosesinin videogörüntülərinin yerləşdirildiyi DVD diskə baxış keçirilməsi haqqında 16 sentyabr 2021-ci il tarixli protokollarda göstərilənlərlə üstüstə düşməklə bir-birini tamamlayır və axtarış və götürmə prosesində prosessual pozuntulara yol verilmədiyini təsdiq edir (cinayət işinə əlavə edilmiş DVD formatlı disk). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 14 sentyabr 2021-ci il tarixli, 6/4057 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün №171” dairəvi möhür əksi olan “...Təqsirləndirilən şəxs üzərindən...” yazı və imzalar olan zərfdə üç ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,768 qram, 1,352 qram və 1,679 qram olmaqla, ümumi çəkisi 3,799 qram qəhvəyi rəngli tozşəkilli maddəkustar üsulla hazırlanmış narkotik vasitə - heroin olub, xarici görünüşünə vəkimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: səh. 45-49). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 05 oktyabr 2021-ci il tarixli, 3791 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 107-108). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat xidmətinə aid sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs haqqında onun narkotik vasitələri əldə edib saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, sonuncunun ifşa olunması məqsədilə əməliyyat xidmətinin rəhbərinə müvafiq məruzə edilmiş, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə 14 sentyabr 2021-ci il tarixli qərar qəbul edilmiş və ən nəhayət, məhkəmə baxışı zamanı şahid qismində dindirilmələri təmin edilmiş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Məhkəmə baxışı prosesində əməliyyat xidmətinin hərəkətlərində Azərbaycan Respublikası CPM-nin, «Əməliyyat-Axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun və s. tələblərinin pozulmadığı müəyyən edilmişdir (iş vərəqə: səh. 4,5,6,7,8). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 09 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman aşkar edilərək üç bükümdə götürülmüş ümumi çəkisi 3,799 qram təşkil etmiş heroin narkotik vasitəsinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,709 qram hissəsi iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk iş üzrə mötəbər sübut kimi cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə: səh. 113-119). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən təqribən iki dəfə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Elvin Məmmdovun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək 03 ədəd bükümlərdə daşıyıb saxlaması təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh.99). Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 05 oktyabr 2021-ci il tarixli, 3791 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 14 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 sentyabr 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 sentyabr 2021-ci il tarixdə hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdə başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Suraxanı RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,709 qram heroin narkotik vasitəsi məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin videogörüntüləri yerləşdirilmiş bir ədəd DVD formalı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məsrəfləri olaraq 88,70 (səksən səkkiz manat, 70 qəpik) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 14 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı RPİ-nin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,709 qram heroin narkotik vasitəsi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin videogörüntüləri yerləşdirilmiş bir ədəd DVD formalı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 88,70 (səksən səkkiz manat, 70 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar