Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-484/2023 16.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan iki nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 23 iyul 2022-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi-Pajero” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası “Qobustan Milli Qoruğu”nun ərazisindəki “Qobustan-Vulkan” yolunun 8-ci km-də Qobustan qəsəbəsi istiqamətində nahamar torpaq yolda hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqəsi daxilində 60 km/saat sürətdən artıq hərəkət etməməli, həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək avtomobili 70 km/saat sürətlə hərəkət etdirib anidən idarə etməni itirərək avtomobili hərəkətdə olduğu yolun sol tərəfinə aşırmış, nəticədə avtomobildə olan sərnişinlər Hindistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 hadisə yerində ölməsinə səbəb olan hemorragik şok, daxili qanaxma və sol ağciyərin orta payının cırılmış yarası ilə müşayiət olunan döş qəfəsinin soldan İl-lll- İV-V-Vİ qabırğaların qapalı, yerinidəyişən sınıqları, sol gözaltı nahiyənin qançırı, alın nahiyəsinin sol yarısının, burun üstü, hər iki dodaq, alt çənənin, sol gözətrafı, sol yanağın, sağ çiyin qurşağının, sol kürək, qarın, sol bud nahiyələrinin sıyrıqları, baldır nahiyəsinin əzilmiş-cırılmış-didilmiş yarası canlı şəxslərdə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, Hindistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs2 hadisə yerində ölməsinə səbəb olan baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan başın sağ gicgah-təpə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, başın sağ gicgah - təpə nahiyələrinin hematoması, sağ almacıq və sağ bazu nahiyələrinin əzilmiş yaraları, sağ dirsək oynağının, sağ əlin arxa səthinin, sağ kürək və bel nahiyələrinin sıyrıqları canlı şəxslərdə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, o, anket məlumatlarında qeyd olunan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, hadisə günü qardaşının maşınını moykaya aparmış, qayıdarkən turistlər yolda ona əl eləmiş, o da maşını saxlayıb, onları götürmüşdür. Turistlər 5 nəfər olmuşlar. Yolda təkər buraxmış, o, özünü və idarəetməni itirmiş və maşın aşmışdır. Yerdə uzanan şəxsin üzünə su vurmuş, görmüşdür ki, artıq keçinib. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, idarə etdiyi maşın qardaşına məxsus olmuş, nömrəsi **-SK-*** olmuşdur. BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Maşını idarə etmək üçün qardaşı ona etibarnamə verməmişdir. Maşını 70 km/saatla sürmüşdür. Yol döngəli olmuş, ayağını tormoza basmış, lakin maşını yığışdıra bilməmişdir. Turistlərdən ikisi ölmüşdür. O özü də çiynindən və burnundan xəsarət almışdır. Ölənlərin varisləri ilə barışmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə elan olunan ifadəsində zərərçəkmiş şəxsin hüquqi varisi Malhotra Chandan ifadəsində göstərmişdir ki, o, Hindistan Respublikasının vətəndaşı olmaqla Yeni Delhi şəhərində yaşayır. 21 iyul 2022-ci il tarixdə Yeni Delhi şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə anası Zərərçəkmiş şəxs1, həyat yoldaşı Arora Akanksha, qohumu Zərərçəkmiş şəxs2 və tanışı Bhattacharjee Sanjoy ilə turist kimi gəlmişlər. Onlar Bakı şəhəri, Səbail rayonunda yerləşən “Bulvar Otel”də qalmışlar. 23 iyul 2022-ci il tarixdə saat 09 radələrində o, həyat yoldaşı Arora Akanksha, anası Zərərçəkmiş şəxs1, qohumu Zərərçəkmiş şəxs2 və tanışı Bhattacharjee Sanjoy Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən "Qobustan Milli Qoruğu"nun ərazisindəki vulkana baxmağa getmişlər. Qobustan qəsəbəsində vulkana gedən taksi kimi fəaliyyət göstərən "Mitsubishi-Pajero" markalı, **- SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb onları vulkana aparmasını xahiş etmişlər. Həmin taksi sürücüsünün adı Həsənağa olmuşdur. Saat 11 radələrində onlar vulkana çatmışlar. Orada təxminən bir saata yaxın qalıb oradakı mənzərəni seyr etdikdən sonra yenidən "Bulvar Otel”ə qayıdarkən həmin vaxt avtomobilin qabaq sərnişin oturacağında o özü, arxa oturacaqda həyat yoldaşı Arora Akanksha, anası Zərərçəkmiş şəxs1, qohumu Zərərçəkmiş şəxs2, avtomobilin yük yerindəki oturacaqda isə tanışı Bhattacharjee Sanjoy oturmuşdur. Vulkan yolu ilə Qobustan qəsəbəsinə gələn zaman torpaq yolda sürücü Həsənağa avtomobildə idarəetməni itirmiş və avtomobil yoldan çıxaraq 5 dəfə yuvarlanaraq dayanmışdır. Həmin vaxt görmüşdür ki, anası Zərərçəkmiş şəxs1 və qohumu Zərərçəkmiş şəxs2 yerdə uzanmış vəziyyətdədirlər. Həyat yoldaşı Arora Akanksha və tanışı Bhattacharjee Sanjoy isə yerdə oturmuşlar. O, anası Zərərçəkmiş şəxs1 və qohumu Zərərçəkmiş şəxs2 yaxınlaşan zaman artıq onların öldüklərini görmüşdür. Sürücü isə hadisədən sonra xəsarət aldığı üçün yerə uzanmışdır. Daha sonra həmin yoldan keçən maşınlardan onları Qobustan qəsəbəsinə aparmağı xahiş etmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər (cild 1, iş vərəqi 33-41). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə elan olunan ifadəsində zərərçəkmiş şəxsin hüquqi varisi Singh Harjot şahid Malhotra Chandanın ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqi 47-55). Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. “Mitsubihsi-Pajero” markalı, **-SK-*** nömrəli maşın ona məxsus olub, onu sürmək üçün icazəni qardaşına özü vermişdir. Hadisə baş verən günü o yatmış, qardaşı maşını moykaya aparmaq üçün açarı ondan almışdır. Qardaşı yolda maşına sərnişin götürüb qayıdan zaman qəza baş vermiş, 2 nəfər dünyasını dəyişmişdir. Qardaşı ona zəng vuran zaman o, hadisə yerinə getmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid bildirdi ki, maşını idarə etmək üçün qardaşına etibarnamə verməsə də icazə vermişdir. Hadisə çöllük, düzənlikdə baş verib. Turistlər yolda əl edib, qardaşı da onları götürüb Qobustandakı vulkanlara aparmışdır. Hadisə yerinə birinci o çatmış, yaralıları oradakı balaca maşınlara mindirib onları təcili yardıma çatdırmışlar. Qardaşına qarşı heç bir şikayəti və tələbi yoxdur. O, təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, hadisə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası "Qobustan Milli Qoruğu"nun ərazisindəki "Qobustan-Vulkan" yolunun 8-ci km-də Qobustan qəsəbəsi istiqamətində nahamar torpaq yolda baş vermişdir. Torpaq yolun kənarları düzəngahlıq olmasına baxmayaraq xırda ölçülü təpələr vardır. Həmin yolun eni 5,5 metrdir. “Mitsubishi-Pajero” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil Qobustan qəsəbəsi istiqamətində hərəkətdə olarkən torpaq yol üzərindəki sol tərəfi istiqamətində yarım dairəvi formalı tormoz izinin uzunluğu 15 metr, həmin avtomobilin yuvarlandığı yerdən dayandığı yerə qədər olan məsafə isə 8,3 metrdir (cild 1, iş vərəqi 4-11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, "Mitsubishi-Pajero” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerində aşkar edilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, avtomobilin sol yan və sağ yan hissələri, həmçinin 4 ədəd qapısı zədə almışdır. Avtomobilin ön qabaq, arxa, sol və sağ qapılarında olan şüşələr sınmış vəziyyətdədir. Avtomobilin sağ arxa təkəri disk yarı çıxmış, yəni cırılmış vəziyyətdədir. Qəza zamanı avtomobilin ban hissəsi deformasiyaya uğramış, arxa yük yerinin qapısı zədələnmişdir (cild 1, iş vərəqi 12-15). İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, oğlu Malhotra Chandan ölmüş Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 33). İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, oğlu Singh Harjot ölmüş Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 47). İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi Malhotra Chandanın xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs hadisəni ehtiyatsızlıq ucbatından törətdiyi üçün onun, eləcə də digər yaxın qohumlarının Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi və iddiaları yoxdur (cild 1, iş vərəqi 68). İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi Singh Harjotun xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs hadisəni ehtiyatsızlıq ucbatından törətdiyi üçün onun, eləcə də digər yaxın qohumlarının Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi və iddiaları yoxdur (cild 1, iş vərəqi 69). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, 016-98235-1222 nömrəli məktubdan görünür ki, DİN-nin Baş X9 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Mitsubishi-Pajero” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 qeydiyyatda olan xx.xx.2003-cü il təvəllüdlü Şahid adına qeydiyyatdadır (cild 1, iş vərəqi 103-104). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, 016-98235-1222 nömrəli məktubdan görünür ki, DİN-nin Baş X9 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək müddətə etibarlı olan) BA 026816 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (cild 1, iş vərəqi 105). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən hadisənin təfərrüatları barədə ibtidai istintaqa verdiyi ifadəni əyani olaraq göstərməklə təsdiq edmişdir (iş vərəqi 166-168). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 7074 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 121). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il il tarixli, 60 nömrəli rəyindən görünür ki:
1. Mərhum Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - hemorragik şok, daxili qanaxma və sol ağciyərin orta payının cırılmış yarası ilə müşayiət olunan döş qəfəsinin soldan İl-lll-İV-V-Vİ qabırğaların qapalı, yerinidəyişən sınıqları, sol gözaltı nahiyənin qançırı, alın nahiyəsinin sol yarısının, burun üstü, hər iki dodaq, alt çənənin, sol gözətrafı, sol yanağın, sağ çiyin qurşağının, sol kürək, qarın, sol bud nahiyələrinin sıyrıqları, baldır nahiyəsinin əzilmiş-cırılmış-didilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə yəni, sərnişini olduğu avtomaşının aşması nəticəsində törənə bilərdilər və bu da canlı şəxslərdə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər.
2. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb sol ağciyərin cırılması ilə müşayiət olunan döş qəfəsinin soldan İİ-İİİ-İV-V-Vİ qabırğaların sınıqları nəticəsində yaranan kəskin daxili qanaxma fonunda inkişaf etmiş hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs1 Ramsaranın ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2022-ci il, saat 16:00-da) 4-6 saat əvvəl baş vermişdir.
3. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 1, iş vərəqi 122-127). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il il tarixli, 61 nömrəli rəyindən görünür ki:
1. Mərhum Zərərçəkmiş şəxs2 meyitinin bədən səthində aşkar edilmiş xəsarətlər: baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan başın sağ gicgah-təpə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, başın sağ gicgah təpə nahiyələrinin hematoması, sağ almacıq və sağ bazu nahiyələrinin əzilmiş yaralar, sağ dirsək oynağının, sağ əlin arxa səthinin, sağ kürək və bel nahiyələrinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən yaranmışlar, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə yəni, sərnişini olduğu avtomaşının aşması nəticəsində törənə bilərdilər və bu da canlı şəxslərdə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər.
2. X8 Falının ölümünə səbəb sağ gicgah-təpə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları nəticəsində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhumun ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2022-ci il, saat 17:00-da) 4-6 saat əvvəl baş vermişdir.
3. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 1, iş vərəqi 128-133). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 2694/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik tərkibli, bihuşedici, uyuşdurucu, yuxu gətrici, kefləndirici maddələrin təyinatını aparmaq mümkün olmamışdır (cild 1, iş vərəqi 135-136). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il il tarixli, 675 nömrəli rəyindən görünür ki:
1. Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: burun sümüyünün qapalı yerdəyişməyən, sağ körpücük sümüyünün qapalı, yerdəyişən sınıqları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun X7 müraciət etdiyi xx.xx.2022-ci il törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər.
2. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sürücüsü olduğu avtomaşının aşması nəticəsində əmələ gələ bilərdilər (cild 1, iş vərəqi 157-159). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/2375 - 8/2392 nömrəli rəyindən görünür ki:
1. “Mitsubishi-Pajero” markalı, **-SK-*** dövlət nömrə nişanlı avtomobilin sağ qabaq təkərinin pokrişkası üzərində hər hansı bir (kəsilmə, deşilmə və patlama xarakterli) zədələr yoxdur. Təkərin pokrişkası üzərində olan zədələr və təkərin pokrışkasının çənbərləri xarici tərəfdən diskdən aralanması və avtomobilin aşması zamanı təsir edən güclü xarici dinamiki qüvvə təsiri nəticəsində yaranmağa xarakterikdir. “Mitsubishi-Pajero” markalı avtomobilin qabaq sağ təkərinin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. 2,3. “Mitsubishi-Pajero” markalı, **-SK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil edir (cild 1, iş vərəqi 161-165). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Mitsubishi-Pajero markalı **-SK-*** dövlət nömrə nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılması qərara alınmışdır (cild 1, iş vərəqi 173-180). İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Həsənov X3-Pajero markalı **- SK-*** dövlət nömrə nişanlı avtomobili təhvil almışdır (cild 1, iş vərəqi 182). İşdə olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 noyabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçmişdir (cild 1, iş vərəqi 212-214). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 97). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndində göstərilmişdir ki, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilmişdir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan iki nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi kifayət qədər sübuta yetirilir, o, həmin cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Həsənov X5 rayonu, ünvan 1 yaşadığı müddət ərzində onun barəsində Qobustan Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmənin zərərçəkmiş şəxsin hüquqi varisi Singh Harjot ilə “Whatsapp” tətbiqi vasitəsilə yazışmalarından görünür ki, sonuncu, ibtidai istintaq orqanına verdiyi barışıq ərizəsini təsdiq etmişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi, zərərçəkmiş şəxsin hüquqi varisi Malhotra Chandan ilə “Whatsapp” tətbiqi vasitəsilə yazışmalarından görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia və ya şikayəti yoxdur, sonuncunun həbs olunmasını istəmir. Məhkəmə Təqsirləndirilən şəxs hər iki zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində ədalətli şəkildə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Eyni zamanda, cəza təyini ilə bağlı məhkəmə onu da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi avtomobillə vursa da, həmin hadisədən sonra özünü nümunəvi insan kimi aparmış, yəni hadisə yerindən qaçmamış, onun qardaşı hadisə yerinə gələrək zərərçəkmiş şəxslərin xəstəxanaya çatdırılmasını təşkil etmiş, təqsirləndirilən şəxs ibtidai istintaq orqanına törətdiyi cinayəti səmimi etiraf etmiş, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmış, nəticədə zərərçəkmiş şəxslərin hüquqi varisləri təqsirləndirilən şəxsdən razı qaldığını bildirərək ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişlər. Qeyd edilən hallar hazırkı iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri məntəqə tipli cəzaçəkmə müəssisələri müəyyən edilir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan “Mitsubishi-Pajero” markalı, **-SK-*** dövlət nömrə nişanlı avtomobilin onun sahibi Şahid qaytarıldığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 150 (yüz əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 3 (üç) il müddətə şamil edilsin. İş üzrə maddi sübut olan “Mitsubishi-Pajero” markalı, **-SK-*** dövlət nömrə nişanlı avtomobilin onun sahibi Şahid qaytarıldığı nəzərə alınsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 150 (yüz əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbinə Məmmədzadə