Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-485/2022 05.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1990-cı il iyunun 07-də Abşeron rayonunun Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 2021-ci il oktyabrın 19-da saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Həmidə xanım Məmmədquluzadə küçəsində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən ümumi təmiz çəkisi 3,325 qram külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, 2021-ci il oktyabrın 19-da saat 16:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Həmidə xanım Məmmədquluzadə küçəsində saxlanaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4cü Polis Şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli cins şalvarın sağ cibindən dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,801 qram, 1,810 qram, 0,351 qram və 0,363 qram olmaqla ümumi təmiz çəkisi 3,325 qram olan külli miqdarda qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olsa da heç vaxt onların satışı ilə məşğul olmamışdır. Tutularkən üzərində heç bir qanunla qadağan edilən predmet olmamış, 2021-ci il oktyabrın 19-da saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Həmidə xanım Məmmədquluzadə küçəsində olduğu zaman yerdə olan konfet kağızı bükümünü götürmək istəsə də polis əməkdaşlarını müşahidə etdiyinə görə hərəkətini davam etdirə bilməmişdir. O, həmin əraziyə işlə bağlı dostu X3 ilə birlikdə sonuncunun idarə etdiyi avtomobillə getmiş, Orxan avtomaşının yanında onu gözləmişdir. Göstərilən vaxt üzərində mobil telefon olmamışdır. O, istintaqda təzyiqə məruz qaldığından müvafiq sənədləri imzalamış, bu barədə heç kimə şikayət etməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olmaqla Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, təxirəsalınmaz tədbirlər görülərək qanunvericilikdə nəzərdə tutulan qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasında əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs 2021-ci il oktyabrın 19-da saat 16:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Həmidə xanım Məmmədquluzadə küçəsində saxlanıb şöbəyə gətirilmiş və həmin tarixdə saat 18:50-də üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan tünd boz rəngli cins şalvarın sağ cibindən dörd ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Sonuncu heç bir fiziki və mənəvi təzyiqə məruz qalmamışdır. Tərtib olunan protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş polis kapitanı Şahid2 Şahid1 ilə analoji ifadə verdi. İş üzrə əlavə şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, 2021-ci il oktyabrın 19-da saat 16 radələrində onun idarə etdiyi avtomobillə o və dostu Təqsirləndirilən şəxs birgə işlə əlaqədar müraciət etmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Həmidə xanım Məmmədquluzadə küçəsinə getmişlər. O, avtomaşının yanında dayanıb telefonla danışarkən bir qədər kənarda olan İlqarın qəflətən qaçmağa başladığını, ardınca da polis əməkdaşlarının düşdüklərini görmüşdür, sonuncular dostunu tutandan sonra İlqarı və onu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə aparmışlar. Orada onun üstündən daşınması qanunla qadağan edilən heç nə tapılmamış, dostunun üzərindən nə aşkarlanması ilə bağlı məlumatı yoxdur. Sonuncunun arada narkotik vasitə qəbul etməsini bilsə də həmin maddələrin satışı ilə məşğul olub-olmaması barədə xəbəri olmamışdır. Məhkəmə iclasında ifadələri elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ittiham edildiyi əməli qismən etiraf etməklə narkotik vasitə heroini üzdən tanısa da anket məlumatlarını bilmədiyi şəxslərdən aldığını, 2021-ci il oktyabrın 19-da saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Həmidə xanım Məmmədquluzadə küçəsində olarkən yerdə dörd ədəd ağ şəffaf büküm olduğunu görüb açdıqda bükümlərin içərisində narkotik vasitə heroin olmasını anlamaqla onları götürərək öz şəxsi istifadəsi üçün əynində olan boz rəngli cins şalvarın sağ cibində saxladığını, göstərilən tarixdə saat 16:30-da həmin yerdə dayandığı zaman özlərini polis əməkdaşı kimi təqdim edən mülki geyimli şəxslərin yaxınlaşıb narkotik vasitələrin gəzdirilməsində şübhəli olduğunu qeyd etməklə onu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə dəvət etdiklərini, orada xidməti otaqların birində onun razılığı ilə müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd boz rəngli cins şalvarın sağ cibindən dörd ədəd bükümdəki narkotik vasitə heroini çıxararaq təqdim edib narkotik maddəni necə əldə etdiyini izah etdiyini, bükümlərin zərfə qoyulmaqla möhürləndiyini və üzərinin iştirakçılar tərəfindən imzalandığını, polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki zora məruz qalmadığını göstərmişdir (iş vərəqi 42-43, 62 və 76-79). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin 2021-ci il 19 oktyabr tarixli raportlarından, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından, əməliyyat qrupunun təşkil edilməsi barədə protokolundan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 22 oktyabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Həmidə xanım Məmmədquluzadə küçəsində qanunsuz olaraq narkotik vasitə gəzdirməsinə, istifadə etməsinə və saxlamasına dair daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il oktyabrın 19-da saat 16:30-da göstərilən ünvanda saxlanıb şöbəyə gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (iş vərəqi 3-5, 8-10 və 98- 100). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 19 oktyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun atasına məlumat vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır (iş vərəqi 22). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2021-ci il 19 oktyabr tarixli razılıq ərizəsindən, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin tərtib etdiyi eyni tarixli və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 20 oktyabr tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman sonuncu əynindəki tünd boz rəngli cins şalvarın sağ cibindən dörd ədəd bükümü çıxarmaqla təqdim etmiş, içərisindəki narkotik vasitə heroini Bakı şəhəri, Binəqədi rayonu, Həmidə xanım Məmmədquluzadə küçəsində yerdən tapanda narkotik aludəçisi olduğundan bunları öz şəxsi istifadəsi üçün götürdüyünü bildirmiş, aşkarlanan büküm zərfə qablaşdırılaraq götürülmüş, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, birinci protokola əlavə edilən bir ədəd DVD diskindəki videogörüntü ilə qeyd olunanlar təsdiqlənmişdir (iş vərəqi 32, 35-36 və 63). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 20 oktyabr tarixli 6/4665 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən «...Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...» sözləri olan zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,801 qram, 1,810 qram, 0,351 qram və 0,363 qram, ümumi təmiz çəkisi 3,325 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 3,245 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 81,82 manatdır (iş vərəqi 46- 49). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 21 oktyabr tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.4.3.-cü maddəsinə tövsif edilməklə sonuncuya qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 64 və 66-67). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 21 oktyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il oktyabrın 19-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 92- 97). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il noyabrın 10-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 106). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon MKTB-nin 20 saylı MKİS-inin tərtib etdiyi xasiyyətnamədən və 2011-ci il 15 noyabr tarixli 20/1009 №-li arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində yazılı və şifahi şikayət daxil olmamışdır (iş vərəqi 107-108). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin 2021-ci il 28 noyabr tarixli 04191721 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin mənbəyini müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 110). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 30 noyabr tarixli 4798 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 115-116). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 01 dekabr tarixli sübutların qiymətləndirilməsi və cinayət işindən ayrıca icraata cinayət işi ayrılması, habelə eyni tarixli cinayət işindən işi ayrılması və icraata qəbul edilməsi qərarlarından haqqında görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan edilən ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 206-cı və 234.4.1.-ci maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, şəxsiyyəti istintaqa məlum olmayan şəxs barəsində hazırki cinayət işindən ayrıca icraata cinayət işi ayrılmış, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin təqdiqatdan sonrakı 3,245 qram çəkidə qalığı saxlanılması üçün idarənin saxlanc yerinə təhvil verilmiş, bir ədəd DVD diskinin cinayət işinin materillarına əlavə olunması nəzərə alınmışdır (iş vərəqi 118-122 və 124). Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 3,325 qram çəkidə narkotik vasitə heroin əldə edib saxlamaqla daşıması sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə tövsif olunması yanlışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 3,325 qram çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etdiyindən satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmaqla sonuncunun törətmiş olduğu cinayət əməlini düzgün olmayaraq Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə tövsif etmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ittihamını elan edərkən ittihamı təsdiq edən sübut kimi şahidlərin ifadələrinə, ekspertiza və tibbi yoxlamanın rəylərinə, maddi sübutun mövcudluğuna və işin digər hallarına istinad etmişdir. Lakin iş üzrə ibtidai istintaq zamanı və məhkəmə baxışında dindirilən şahidlər ittihamda satışla bağlı göstərilənləri təsdiq etsələr də Təqsirləndirilən şəxs saxlanarkən əynində olan tünd boz rəngli cins şalvarın sağ cibindən dörd ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütləni satmaq niyyətinin olmadığını göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi, istintaq orqanının Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi şahid ifadələri ittihamın satışla bağlı hissəsini təsdiq etmir, əksinə onu tam təkzib edir. Bundan savayı ittiham tərəfinin Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi ekspertiza rəyləri narkotik vasitənin növünü, çəkisini, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkibçəkmədiyini və buna görə müalicəyə ehtiyacının olub-olmadığını müəyyən etmişdir. Qeyd edilən sübut növü ittihamı, yəni təqsirləndirilən şəxsin satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini heç bir halda təsdiq edə bilməz və etməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin cinayəti törətməsini təsdiq edən sübut kimi qanunsuz olaraq əldə edib dörd bükümdə saxlayıb daşıdığı 3,325 qram çəkidə narkotik vasitə heroinin mövcudluğuna istinad edir. Hazırki iş üzrə maddi sübut hesab edilən və ekspertiza tədqiqatından sonra 3,245 qram çəkidə narkotik vasitə heroin özü-özlüyündə şəxsin satış məqsədi ilə cinayəti törətməsini təsdiq edə bilməz. Məhkəmə yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, ibtidai istintaq orqanının istinad etdiyi sadalanan sübutlar Təqsirləndirilən şəxs aşkar edilib götürülən külli miqdarda, yəni 3,325 qram çəkidə narkotik vasitə heroinin onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilib saxlanılmasını təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.9.-1.0.11.ci maddələrinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir; narkotik vasıtələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndində göstərilir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hər hansı bir hərəkət etməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitə heroinin satış məqsədi ilə çəkilib xırda bağlamalara bükülməsini, onların hazırlanması üçün avadanlığın olmasını təsdiq edən heç bir sübut yoxdur. Belə bir sübut məhkəmə istintaqında da müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərdən keçirərək məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heronin yalnız külli miqdar təşkil edən 3,325 qram olması amilindən yanaşılmaqla onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının CPM-nin 28.5.-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 145.3.-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 23-cü bəndində «məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir»; 37-ci bəndində «CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın»; 39-cu bəndində «məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir» göstərilmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 29-cu bəndinə görə, CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-in maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə («məlum olmayan», «istintaqla müəyyən edilməyən» kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məsələn, CM-in 206.1-ci maddəsinin dispozisiyasında qaçaqmalçılıq cinayəti alternativ üsullarla, o cümlədən gömrük nəzarətindən kənar və ya gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların gömrük sərhədindən xeyli miqdarda keçirilməsi kimi təsbit edildiyindən, cinayətin təsvirində əməlin bu üsullardan hansı biri ilə törədilməsini aşkarlayan hərəkətlər (faktiki hallar) CPM-in 353.2-ci maddəsi ilə tələb olunan qaydada aydınlığı ilə təsvir olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 4cü bəndinə görə, törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs 234.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı izahatı, qismən etirafedici ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, qeydiyyatda olduğu yer üzrə barəsində şikayət daxil olmadığını işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini təzyiq altında verməsi barədə ifadələrinə qiymət verməklə hesab edir ki, bunlar məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və həmin şəxsin öz maraqlarına əsaslanaraq barəsində bəraət hökmünün çıxarılmasına nail olmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 3,245 qram çəkidə qalığı məhv edilməli, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 81,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 70 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 420 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il oktyabrın 19-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il oktyabrın 19-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 81,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 420 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin yerinə anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 3,245 qram çəkidə qalığı məhv edilsin, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-485/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-485/2022
05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver