Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-485/2024 06.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 01 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 3,539 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təmiz çəkisi 2,296 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 01 mart 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 19:30-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci Polis bölməsinə aparılmış, orada üzərində aparılmış şəxsi axtarış zamanı külli miqdarda, yəni təmiz çəkisi 3,539 qram təşkil edən ağ rəngli kristalşəkilli kustar üsulia hazırlanmış psixotrop maddə metamfetamin 1 ədəd bükümdə və külli miqdarda, yəni təmiz çəkisi 2,296 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin 1 ədəd bükümdə olmaqla onun əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 8-9 ay qabaqdan narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Onu, tanışları Kamranı və Əlini polis əməkdaşları yaşadığı evə girərək orada tutmuş, bu zaman onlarda narkotik vasitə olmamışdır. Sonra polis əməkdaşları onları bölməyə gətirmiş, iki gün yarım saxladıqdan sonra işlərini rəsmiləşdirmişlər. Videoçəkiliş aparılarkən o, narkotik vasitəni 80 manata Balaxanıda tanımadığı şəxsdən aldığını bildirmişdir. Çəkiliş olmadan əvvəl polis əməkdaşları onları döymüş və onlara öz dediklərini təsdiq etmələrini tələb etmişlər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, təxminən 8-9 aydır «kokos» kimi tianıdığı narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. O, ümumiyyətlə metamfetamindən istifadə etməmişdir. Onu, Kamranı və Əlini polis işçiləri birlikdə saxlamış, sonradan Əlini buraxmışlar. Polis bölməsinə gətirildikdən sonra ona deyilənlərlə razılaşmasa da, bir gün yarım sonra həmin təkliflə razılaşmışdır. Polis bölməsinə gətirildikdə üzərinə baxış keçirilmiş, lakin heç bir şey aşkar olunmamışdır. Bir gün yarım sonra videoçəkiliş olmuşdur. O, Məmməd adlı şəxsdən narkotik vasitə istəmişdir, həmin şəxs Binəqədidə yaşayır. ***-**-** nömrəsi onun istifadəsində olan nömrə olmuşdur. Onların üzərlərindən və evdən narkotik aşkar edilməmişdir. O, narkotik vasitəni tüstüsünü çəkmək yolu ilə qəbul etmişdir. İstifadə etdiyi narkotik vasitəyə görə həmin şəxsə 100-150 manat pul vermişdir. Onun üzərində xəsarətlər olmuş, Bakı İstintaq təcridxanasına daxil olarkən xəsarətlərinin olduğunu söyləmişdir. Onun ayaqlarında xəsarət olmuş, həmin xəsarətlər polis əməkdaşları tərəfindən dubinka ilə yetirilmişdir. 3 gün polis bölməsində saxlanıldıqdan sonra onu Bakı İstintaq təcridxanasına aparmışlar. Müstəntiqə verdiyi ifadəsini təzyiq altında verdiyindən həmin ifadəni təsdiq etmir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ilkin ittihamla özünü təqsirli bilsə də, ona həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə yenidən elan olunmuş ittihamla özünü təqsirli bilməyib həmin ifadəsində göstərmişdir ki, 01 mart 2023-cü il tarixdə tutulana qədər ünvan 1-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır. Rəsmi nikahla evlidir və 3 azyaşlı övladı vardır, ailə üzvləri hazırda Rusiya Federasiyasında yaşayırlar. Tutulana qədər təxminən 1 il müddətində narkotik vasitə və psixotrop maddələrdən istifadə etmiş, həmin narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərdən almışdır. 01 mart 2023-cü il tarixdə gündüz saatlarında Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsə yaxınlaşıb özünün istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaq istədiyini bildirmiş, həmin şəxs də bir ədəd bükümdə heroini və bir bükümdə metamfetamini ona ümumilikdə 80 manata satacağını bildirmişdir. O da, həmin şəxslə razılaşmış və 80 manat pulun qarşılığında ondan özünün istifadə etməsi üçün bir büküm heroin və bir büküm metamfetamin alıb əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün saat 19:30-da yaşadığı Pirşağı qəsəbəsi, Sovxoz 2, Sovxoz küçəsi, ev 1, mənzil 3 ünvanının yanında tək və piyada olan zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və istifadəsində şübhəli olduğumu bildirərək onu Sabunçu RPİ-nin 15-ci polis bölməsinə dəvət etmişlər. O da, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə 15-ci polis bölməsinə getmişdir. Bölmədə dövlət hesabına vəkillə təmin edilmiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmiş, o, həmin qərarla tanış edilmişdir. Üzərinə şəxsi axtarış keçirilməsində müdafiəçinin iştirak etməməsini xahiş etmiş, düşünmüşdür ki, üzərindəki narkotik vasitə heroin və psixotrop maddə metamfetamini təqdim edərkən müdafiəçisi görməsin və gələcəkdə onu istənilən formada, yaxşı müdafiə etsin. Ona görə də, bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra, üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və o, bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, videçəkilişlə şəxsi axtarış başlanılmış, şəxsi axtarış zamanı ona edilən təklifdən sonra əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı içərisində həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin kütlələri haradan və məqsədlə əldə etməsi barədə ondan soruşulduqda, bu barədə bildirmişdir. Bundan sonra, üzərində polis əməkdaşları tərəfindən axtarış aparılsa da, əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi iki ədəd bir büküm zərfə qoyulmaqla qablaşdırılmış, həmin zərfin üzərini o, digər iştirakçılarla birlikdə imzalamışdır. Şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da, həmin protokolu imzalamışdır (cild 1, iş vərəqi 167-170). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolunda olan imzaların ona məxsus olduğunu, protokolu təzyiq altında imzaladığını, narkotik vasitəni Balaxanıdan alması ilə bağlı yazılanların düzgün olmadığını və ifadəni oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, 15-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, işlədiyi bölməyə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr əldə edərək daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar onlar tərəfindən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və 01 mart 2023-cü il tarixdə o, polis mayoru Şahid2lə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Pirşağı qəsəbəsindəki ünvana getmişdir. Həmin ünvanda küçədə Təqsirləndirilən şəxs oxşar şəxsi görüb ona yaxınlaşmış, özlərini təqdim edərək satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə edib saxlaması barədə məlumat daxil olduğunu bildirmişlər. Onlar şübhəli şəxsi Sabunçu RPİ, 15-ci Polis bölməsinə gətirmişlər. Bölmədə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunsuz əşyalar olduğu təqdirdə, təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd selofan bükümdə metamfetaminə oxşar və bir ədəd selofan bükümdə narkotik vasitə heroinə bənzər kütlələri çıxarıb təqdim etmişdir. Rahib həmin bükümləri 01 mart 2023-cü il tarixdə Balaxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 80 manata aldığını bildirmişdir. Həmin bükümlər bir ədəd zərfdə qablaşdırılmış, həmin zərfin üstünü və yazılmış protokolu onlar imzalamışlar. Sualları cavablandıran Şahid1 təqsirləndirilən şəxsi 01 mart 2023-cü il tarixdə axşam saatlarında evinin yaxanlığında küçədə saxladıqlarını, bu zaman Təqsirləndirilən şəxs tək olduğunu, Kamran adı ilə dediyi şəxsi Rahiblə birlikdə deyil, başqa vaxt saxladıqlarını, onun üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin çəkisinin 2 qramdan çox olduğunu, lakin Rahibdən telefon aşkar olunmasını xatırlamadığını, saxlanıldıqdan sonra onu bölməyə apardıqlarını və orada dərhal çəkiliş aparıldığını, həmin vaxt Rahibin narkotik vasitələrin təsiri altında olub-olmamasını xatırlamadığını, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixoloji təsir, təzyiq göstərilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, 15-ci Polis bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, 15-ci Polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 01 mart 2023-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkiliş aparılmaqla onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə ağ rəngli kristalşəkilli kustar üsulia hazırlanmış psixotrop maddə metamfetaminə bənzər kütlə və 1 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 32-34). Cinayət işində olan 05 aprel 2023-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin diskə köçürülmüş videogörüntülərdə əks olunanlarla şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokolda qeyd olunanlar arasında uyğunluq mövcuddur (cild 1, iş vərəqi 93). Məhkəmə-kimyəvi ekspertizasının 02 mart 2023-cü il tarixli 6/1251 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №161» möhür əksi, «Saxlanılan Təqsirləndirilən şəxs üzərindən...» və s.sözlər, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 3,539 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd bükümdə təmiz çəkisi 2,296 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 41-45). Ambulator məhkəmə-narkoloji ekspertizasının 17 aprel 2023-cü il tarixli 2268 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 120-121). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 aprel 2023-cü il tarixli 1064 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onun məcburi müalicəyə eytiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək İqtidarındadır, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə (03 mart 2023-cüil tarixdə) öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 122-124). İbtidai istintaq orqanının 27 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,439 qram çəkidə psixotrop maddə metamfetamin və 2,196 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu rayon Polis idarəsinin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 108,179). "xxxx" MMC-dən 28 aprel 2023-cü il tarixli 9594 nömrəli məktubla istintaqa daxil olmuş bir ədəd diskə 05 may 2023-cü il tarixli baxış protokolundan görünür ki, diskin yaddaşına “WinRAR ZİP” proqramı vasitəsilə “**********99.txt”, “**********99_SMS.txt”, “**********89_SMS.txt”, “**********20.txt”, “**********20_SMS.txt”, “abuneciler.xlsx”, “antenna-2022.xisx” və “antenna- 2023.xtsx” adlı 8 ədəd fayl yerləşdirilmişdir. İş üçün əhəmiyyət kəsb edən “**********20_SMS.txt” adlı fayla baxış keçirildikdə müəyyən edilmişdir ki, xx.xx.2022- ci İl tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan “sms” yazışmaları yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı 050 ***-**-** saylı mobil nömrədən digər nömrələrə “Qaqas 30 m birdene duzeld ancaq yari yari olsun”, “Qaqas goturekde pul var hemde adamvar gozduyur dur biryerde gedək”, “Qaqas qurbansene gun uydurdu gedek mehlede sehere tap da qardasim yarida olsa lap gedek biryerde partdadaq”, “Sen torpaqi otur mene getde qaqas men soz vermisəm bayaxdan s...(söyüş var) doluyuram Bularİ indi catir busat catir”, “15 m torpaq ele 10 m das ele imkan varsa torpaqi dobru ele Qaqas uc neferik xecalet inden cixaram”, “Qaqas gelir bir saata pulu goturub gelirem qardasimsan teli yaniva qoy ureyim partdiyar yoxsa” kimi müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin istifadəsi, alqı-satqısı məzmununda “sms”lər göndərilməsi müəyyən edilmişdir. “abuneciler.xlsx” adlı fayla baxış keçirildikdə müəyyən edilmişdir ki, həmin faylda müxtəlif mobil nömrələrin adlarına olduğu şəxslərin siyahısı göstərilmişdir. Həmin məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, 050 ***-**-** və 050 ***-**-** saylı mobil nömrələr Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmişdir. “antenna-2022.xlsx” adlı fayla baxış keçirildikdə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrənin qeydiyyata alındığı anten dairələri barədə məlumatlar yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. “antenna-2023.xlsx” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrənin qeydiyyata alındığı anten dairələri barədə məlumatlar yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 109-112). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 15 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə istintaqı aparılan cinayət işi 10 dekabr 2006-cı il tarixdə məhkəməyə göndərilmişdir. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 01 iyun 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 130.1-ci maddəsi ilə təqsirli bilinməklə 8 ay 3 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 113-118). Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, təxminən 8-9 ay qabaqdan narkotik vasitələrdən istifadə etməyə başladığını, onu, tanışları Kamranı və Əlini polis əməkdaşları yaşadığı evə girərək orada tutduqlarını, bu zaman onlarda narkotik vasitə olmadığını, sonra polis əməkdaşlarının onları bölməyə gətirdiklərini, iki gün yarım saxladıqdan sonra işlərinin rəsmiləşdirildiyini, çəkilişdən əvvəl polis əməkdaşları onları döydüklərini və onlara öz dediklərini təsdiq etmələrini tələb etdiklərini, polis bölməsinə gətirildikdən sonra ona deyilənlərlə razılaşmasa da, bir gün yarım sonra həmin təkliflə razılaşdığını, polis bölməsinə gətirildikdə üzərinə baxış keçirildiyini, lakin heç bir şey aşkar olunmadığını, bir gün yarım sonra videoçəkiliş olduğunu, onun üzərində xəsarətlər olduğunu, Bakı İstintaq təcridxanasına daxil olarkən xəsarətlərinin olduğunu söylədiyin, ayaqlarında xəsarət olduğunu, həmin xəsarətlərin polis əməkdaşları tərəfindən dubinka ilə yetirildiyini, müstəntiqə verdiyi ifadəsini təzyiq altında verdiyindən həmin ifadəni təsdiq etmədiyini bildirdi və öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olduğunu, onları 01 mart 2023-cü il tarixdə gündüz saatlarında Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 80 manata aldığını, həmin gün saat 19:30-da yaşadığı Pirşağı qəsəbəsi, Sovxoz 2, Sovxoz küçəsi, ev 1, mənzil 3 ünvanının yanında tək piyada olan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, Sabunçu RPİ-nin 15-ci polis bölməsində şəxsi axtarış keçirilərkən həmin narkotik və psixotrop maddələrin ondan aşkar edilərək götürüldüyünü, polis əməkdaşları tərəfindən tutularkən və Polis bölməsində olarkən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduqdan sonra döyülməsi ilə bağlı məhkəmədə gətirdiyi dəlil də məhkəmə tərəfindən yoxlanılmış və öz təsdiqini tapmamışdır. Belə ki, onun saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasından daxil olmuş tibbi kitabçadakı qeydlərə əsasən, Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə təcridxanaya daxil olaraq tibbi müayinədən keçirilmiş, bu zaman o, xəsarət aldığını bildirmiş, bədəninə baxış keçirilərkən hər iki sağrı nahiyədə yaşımtıl, sol budun yuxarı 1/3-də bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. Sonuncu, həmin yaraları həbs olunan zaman aldığını bildirmişdir. Təcridxanadan daxil olmuş məlumat əsasında Sabunçu rayon prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmış, Təqsirləndirilən şəxs, həmçinin onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları alınmış, müvafiq məhkəmə-tibb ekspertizası keçirilmişdir. Ekspertin 19 dekabr 2023-cü il tarixli 75 T/S saylı rəyinə əsasən, yoxlanılan şəxsdə hər iki sağrı nahiyədə və sol bud nahiyəsində qançırlar müəyyən edilmiş, həmin xəsarətlər müayinədən 4-6 gün əvvələ uyğun gəlir və müxtəlif şəraitdə törənə bilər. Qeyd olunanlara əsasən, Sabunçu rayon prokurorluğu tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq 19 dekabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, həmin qərar Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən mübahisələndirilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 640-44-89 və 050 643-33-20 saylı mobil nömrələrlə aparılmış danışıqlara dair məlumatlar istintaq orqanı tərəfindən əldə edilərək baxışı keçirilmiş, məhkəmə iclasında həmin məlumatlar tədqiq edilərkən müxtəlif mobil operatorlara məxsus nömrələrdən Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə narkotik və psixotrop maddələrin sifariş edilməsi və satışının həyata keçirilməsi ilə əlaqədar «SMS» yazışmaları müəyyən edilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan bir gün yarım sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçrilməsi haqqında məhkəmədə gətirdiy dəlil də öz təsdiqini tapmamış, iş materialları ilə onun 01 mart 20230cü il tarixdə saat 19:30-da Pirşağı qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılması, Sabunçu RPİ, 15-ci Polis bölməsinə gətirilərək saat 21:15-də şübhəli şəxs qismində tutulması, həmin gün saat 21:35-dən 21:42-dək üzərinə şəxsi axtarış və götürmə aparılması müəyyən edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, özünün döyülməsi nəticəsində və təzyiqlər altında cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olmaqla 2 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin ayrı-ayrı bükümlərə qoyulmasını, həmçinin aşkar olunmuş narkotik və psixotrop maddələrin kütləsinin külli miqdar kütləsindən artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını təqsirləndirilən şəxsin cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, məhkəmədə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 01 mart 2023-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Sabunçu RPİ, 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 17 aprel 2023-cü il tarixli 2268 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində narkomaniya xəstəliyinin əlamətləri aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,439 qram çəkidə psixotrop maddə metamfetamin və 2,196 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin yükləndiyi bir ədəd DVD disk, "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 110 (yüz on) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,439 qram çəkidə psixotrop maddə metamfetaminin və 2,196 qram çəkidə narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən əldə olunmuş telefon danışıqlarının qeydə alındığı 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-485/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-485/2024
06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver