Məhkəmə qərarları › İş №1(101)-487/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-487/2021

11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-487/2021 11.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Kamran oğlunun və müdafiəçi - Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 20 avqust 1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur$ belə ki, o, 7 avqust 2020-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanın qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə spirtli içki içən zaman sonuncunun onunla yüksək səslə danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifətinə bir şillə vurmuş, sonuncu onun ünvanına söyüş söydükdə, özünü təhqir olunmuş hesab edib yaxınlıqda olan mərasim evinə bitişik otağa gedib oradan bıçaq götürmüş və mərasim evinin qarşısında həmin bıçaq ilə Zərərçəkmiş şəxs qəsdən bir zərbə vuraraq döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş xəsarət yetirməklə Zərərçəkmiş şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 2005-ci ildə arvadı ilə boşanmış və bir yetkinlik yaşına çatmış övladı vardır; Zərərçəkmiş şəxs uzun müddətdir ki tanımış, sonuncu ilə qonşu olmuş, əvvəllər Tərlanla aralarında heç bir narazılıq, ədavət və düşmənçilik olmamış, 7 avqust 2020-ci il tarixdə saat 22 radələrində qonşusu Şahid1 ilə birlikdə yaşadığı binanın arxasında olan bağ sahəsində yemək yeyib spirtli içki qəbul etmişlər, sonra binanın qarşısındakı mərasim evinin qarşısında olan skamyanın yanına gəlib əyləşmiş, Cahid və digər qonşusu İsgəndər ilə həmin yerdə oturaraq pivə içməyə başlamış, bir neçə dəqiqədən sonra qonşusu Zərərçəkmiş şəxs yanına gələrək skaymyada əyləşib söhbət etməyə başlamış, söhbət zamanı Tərlan kobud tərzdə ucadan danışmağa başlamış, sonuncuya danışqlarına fikir verməsini təklif etmiş, Zərərçəkmiş şəxs cavab qaytarmağa başladıqda sonuncunun sifətindən bir dəfə şillə ilə vurmuş, Tərlan onun ünvanına söyüş söymüş, Tərlanın söyüşlərindən əsəbləşərək, yaxınlıqda olan mərasim evinə bitişik olan sakinlərin istirahəti üçün nəzərdə tutulmuş otağa daxil olüb, orada olan əşyaları axtarmış, bir ədəd bıçaq tapmış, həmin bıçağı götürüb çölə çıxmış, Tərlana yaxınlaşıb sonuncunun sinə nahiyəsindən bir dəfə bıçaqla vurmuş, Tərlan oradan qaçaraq uzaqlaşmış, Tərlanı vurduğu bıçağı xatırlamadığı yerdə zibil qabına atmış, bundan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, sonuncu ilə qonşudur; əvvəllər Rafiq ilə heç bir münaqişə olmamış, münasibələri normal olmuş, 7 avqust 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evdən çıxaraq həyətə düşmüş, qonşuları Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 mərasim evinin qarşısında skamyada əyləşib pivə içmələrini görmüş, onların yanında əyləşib onlarla birlikdə pivə içərək söhbət etməyə başlamış, pivə içdikdən sonra orada olan şəxslərə nisbətən tez sərxoş olmuş, sonuncularla ucadan danışmış, Rafiq ona: “Sakit ol, camaatın dincliyini pozma, alçaqdan danış, səndəndə başqa adam var'',- demiş, Rafiqin sözləri xoşuna gəlmədiyi üçün sonuncu ilə mübahisə etməyə başlamış, Rafiqə dəfələrlə söyüş söymüş, həmin vaxt Rafiq bir dəfə şillə ilə onun sifətindən yavaş şəkildə vurmuş, Rafiq ondan söyüş söyməməyi tələb etmiş piyan olduğu üçün sonuncunun danışıqlarına fikir verməmiş, söyüş söyməkdə davam etmiş, Rafiq bir qədər gözləyib onun sakitləşmədiyini görüb yaxınlıqda olan mərasim evinə daxil olmuş, bir qədər sonra Rafiq onun yanına gəlib: “Artıq bəsdir bu qədəri”,- ifadələrini işlətmiş, həmin vaxt Rafiqin əlində bıçaq olmuş, bıçağın uc hissəsini görmüş, sonuncu həmin ifadələri işlədib bir dəfə bıçaqla onun sinəsindən vurmuş, dərhal oradan qaçmış, həmin günü Rafiqin bıçaqla vurduğu sol döş qəfəsindən qan gəlmiş, xəsarət adığı üçün həmin gün 3 saylı şəhər kliniki xəstəxanasına gəlmiş və orada ona tibbi yardım göstərilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki. 7 avqust 2020-ci il tarixdə saat 22 radələrində qonşu binada yaşayan Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 2 ünvanda yerləşən binanın arxasında olan bağ sahəsində oturub yemək yeyib spirtli içki qəbul etmişlər, daha sonra binanın ön tərəfinə keçib binanın həyətində yerləşən sakinlər üçün nəzərdə tutulmuş mərasim evinin qarşısında olan skamyada oturub pivə içməyə başlamışlar, həmin vaxt onlarla birlikdə qonşusu İsgəndər də pivə içmiş, bir qədər sonra bina sakini olan Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq onlarla birlikdə oturmuş, sonra Tərlanla Rafiq arasında sözlə mübahisə başlamış, Tərlan Rafiqə kobud cavab verdiyinə görə Rafiq Tərlanın sifətindən bir dəfə şillə ilə vurmuş, Tərlan Rafiqə söyüş söyməyə başlamış, Rafiq oturduğu oturacaqdan qalxaraq getmiş, o, Tərlanı sakitləşdirmək üçün kənara apardıqda Rafiqin qəflətən Tərlana yaxınlaşaraq bıçaqla onu vurmasını görmüş, bu zaman Tərlan qışqıraraq məhlədən qaçmış, təcili yardım çağırmalarını bildirmiş, həmin hadisə zamanı orada Azər, İsgəndər, Rafiq və bina sakinləri olmuş, lakin bina sakinlərinin mübahisəni görüb-görmədiklərini bilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan məhkəmə-tibbi ekspertiza üzrə 25 avqust 2020-ci il tarixli 927 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər: - sol tərəfi hemopnevmotoraksla (döş boşluğuna qarnın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən ağ ciyəri zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, qərarda göstərilmiş 7 avqust 2020-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir (1-ci cild iş vərəqi 96-99). İşdə olan məhkəmə-tibbi biologiya tədqiqatına dair ekspertiza üzrə 24 avqust 2020-ci il tarixli 583/2020 saylı ekspert rəyindən görürür ki, ekspertizaya təqdim edilmiş köynəyin üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı; belə olan halda bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (1-ci cild iş vərəqi 101-105). İşdə olan məhkəmə tibbi-kriminalistik tədqiqatına dair ekspertiza üzrə 24 avqust 2020-ci il tarixli 386-MTKŞ/2020 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, iti ucu və ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanan), ola bilsin hər hansı bir eyni xüsusiyyətə malik bıçağın təsirindən əmələ gələ bilərdi; Zərərçəkmiş şəxs bədənindəki yara kanalının uzunluğu haqqında hər hansı bir məlumat olmadığı üçün, iz törədən alətin uzunluğu barəsində fikir söyləmək mümkün olmadı. Lakin ona məxsus köynəkdə aşkar edilmiş zədənin xətti ölçüsünü nəzərə alaraq güman etmək olar ki. alətin (bıçağın) tiyəsinin eni batma səviyyəsində 1.0 sm-ə yaxın ola bilərdi (1-ci cild iş vərəqi 107-109). İşdə olan 8 avqust 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, cinayət hadisəsi ünvan 3 ünvanın qarşısında baş vermişdir; bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (1-ci cild iş vərəqi 17-20). İşdə olan 8 avqust 2020-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs 7 avqust 2020-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanın qarşısında qonşusu və tanıdığı Zərərçəkmiş şəxs bıçaqla vurduğunu deyərək hadisə yerini göstərmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur (1-ci cild iş vərəqi 26-27). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 21 avqust 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunumamışdır (1-ci cild iş vərəqi 91). İşdə olan şübhəli şəxsin tutulması haqqında 8 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 avqust 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-cü cild iş vərəqi 37). İşdə olan Xətai Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 8 avqust 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 81-85). İşdə olan Xətai Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X3 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə müdafiəçi X4 tərəfindən Xətai rayon məhkəməsinə vəsatət verilmiş, Xətai rayon məhkəməsinin 4(011 )-521/2020 nömrəli 15 avqust 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 8 dekabr 2020-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir (1-ci cild iş vərəqi 86-90). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-cb maddəsində nəzərdə tutulmuş yüngülləşdirən halın olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 8 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 6 (altı) ildən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinn tələbləri nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinn tələbləri nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının 8 avqust 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Zərərçəkmiş şəxs əynində olan və hadisədən sonra götürülmüş bir ədəd köynək məhv edilməlidir. İş üzrə məhkəmə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 8 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs olunsun, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Zərərçəkmiş şəxs əynində olan və hadisədən sonra götürülmüş bir ədəd köynək məhv edilsin. İş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar