Məhkəmə qərarları › İş №1(101)-488/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-488/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-488/2021 18.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi, Bakı şəhəri “Fides” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, 1 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Əliağalı kəndində qeydiyyatda olmaqla Ağcabədi rayonunun Minəxorlu kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvan 1 mənzil 1 ünvanında yerləşən evin içərisində qısqanclıq zəminində, yəni əri Zərərçəkmiş şəxs onu başqa kişilərlə münasibət saxlamaqda ittiham etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı birgə nikahlarından doğulmuş övladı xx xxxx 2016cı il təvəllüdlü azyaşlı İlkin Hümmətliyə həmin hərəkətləri ilə əzab verdiyini dərk etdiyi halda onun gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə, yəni xüsusi amansızlıqla, evin mətbəxindəki stolun üzərindən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə əri Zərərçəkmiş şəxs sinəsinə bir zərbə vuraraq ona sol tərəfli pnevmotoraksa (döş boşluğuna havanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2015-ci ildən ailə həyatı qurmuşdur, birgə nikahdan 2016-ci il təvəllüdlü İlkin Hümmətli adlı bir oğlu var, Sabunçu rayonu, Xəstəxanayanı küçəsi, ev 22, mənzil 1 ünvanında nigaha daxil olan vaxtdan yaşamışlar. Hadisəyə kimi 8-9 ay ərzində həyat yoldaşı ilə münasibətləri korlanmış, bir-birini qısqanclıq zəminində günahlandırmışlar. Talehin anası Zöhrə onun guya kiminləsə eşq macərası yaşadığını Talehə deməklə daima Talehi qızışdırmışdır. Qaynanası ilə qaynatası həyətdə olan digər qonşu evdə yaşayırlar. 12-ci polis şöbəsində onların münaqişəylə bağlı müraciəti olubdur. O, x xxxxxx 2020 tarixində saat 11 radələrində yaşadığı evdə olarkən Taleh ondan 3 gün əvvəl harada olduğunu soruşmuş, onun guya hansısa oğlanla görüşməsini demişdir. Bundan sonra o, hirslənmiş, aralarında mübahisə yaranmışdır. Bu zaman Taleh onun üzərinə gəlib əli ilə onun başından və bədəninin başqa nahiyələrindən vurmuş, onu təhqir etmiş, ailə üzvlərini söymüşdür. Aralarında münaqişə 3- 4 dəqiqə davam etmiş, həmin zaman evdə başqa heç olmamışdır. Taleh onun üzərinə gəlib, əli ilə onu boğmaq istəmişdir. Bu zaman onun əlində mətbəxdən götürdüyü və həmin zaman kartof soyduğu bıçaq olmuş, Taleh onun üzərinə gələrkən bıçaq Talehin qarnına girmişdir. Sonra bıçağı yerə atmışdır. Taleh sonra çölə çıxmış və valideynləri Talehi 3 saylı xəstəxanaya aparmışlar. Hadisə baş verən vaxt oğlu İlkin hadisəni görməmişdir Belə ki, İlkin həyətdə olmuşdur. Talehə bıçaq zərbəsi vurmaq və ya öldürmək niyyəti olmamışdır. Əvvəllər də Taleh onu dəfələrə döymüş və o, Talehdən polisə şikayət etmişdir. Oğlu İlkin hazırda Talehlə birlikdə yaşayır. Özü isə hazırda atasının evində Ağcabədi rayonunun Minəxorlu kəndində yaşayır. Zərərçəkmiş şəxslə aralarında barışıq əldə edilməmişdir. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərdi ki, o, Sabunçu rayonu, Xəstəxanayanı küçəsi, ev 22, mənzil 1 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. Anası Zöhrə ilə atası Valeh və qardaşları həyətdəki digər 4 otaqlı evdə yaşayırlar. Təqsirləndirilən şəxs ilə 2015-ci ildən rəsmi olaraq nikahdadır, birgə nikahdan xx xxxx 2016-cı il təvəllüdlü İlkin Hümmətli adlı övladı var. İlkin hazırda onunla birlikdə yaşayır. Hadisə baş verən günədək son vaxtlar arvadı Elnarə ilə münasibətləri pişləşmiş, aralarında tez-tez mübahisə baş vermişdir. Mübahisəyə səbəb bir-birlərini qısqanmaq olumuşdur. O, x xxxxxx 2020 tarixində saat 11 radələrində yaşadığı evdə olarkən Elnarədən 3 gün əvvəl harada olmasını, hansısa oğlanla görüşüb-görüşməməsini soruşmuşdur. Belə ki, o, təxminən 3 gün əvvəl evin yaxınlığında İlkinlə Elnarənin gəzdiyini, evin yanında olan parkda tanımadığı oğlanla Elnarənin söhbət etdiyini görmüş, onlara yaxınlaşanda oğlan qaçıb getmişdir. Elnarə həmin şəxsin həkim olmasını ona demişdir. Buna görə Elnarə ilə aralarında münaqişə yaranmışdır. Yuxarıda qeyd etdiyi sözləri Elnarəyə deyəndən sonra o, evdən çölə çıxmış, sanitar qovşağına getmiş, evə qayıdanda oğlu İlkinin ağlamasını görmüşdür. O, İlkinin ağlamasının şəbəbini Elnarədən soruşmuş, bu zaman Elnarə uşağa qışqırmış, uşağın rəngi bozarmışdır. Aralarında yenə münaqişə yaranmış və 1-2 dəqiqə davam etmişdir. Həmin zaman evdə İlkindən, Elnarədən və özündən başqa heç kim olmamışdır. Elnarə onun üzərinə gəlib, mətbəxdən götürdüyü bıçaqla onu vurmaq istəmiş, o, bıçağı Elnarənin əlindən almışdır. Sonra Elnarə yenidən masanın üzərində olan başqa bıçağı götürüb onun döş qəfəsindən bir bıçaq zərbəsi vurmuş və bıçağı yerə atmışdır. Sonra o, evdən çıxıb getmək istəmiş, bu zaman Elnarə ona yalvarmağa başlamış, o isə ağrıdığından Elnarəni əli və ayağı ilə vurub özündən uzaqlaşdırmışdır. Sonra çölə çıxıb evin yaxınlığında olan 3 saylı Şəhər klinik xəstəxanasına getmişdir. Hazırda Elnarədən şikayətçidir, onunla barışmamışdır, Elnarənin qanunla nəzərdə tutulmuş qaydada cəzalanmasını istəyir. Şahid məhkəmədə ifadəsində göstərdi ki, Taleh onun böyük oğludur. Taleh Təqsirləndirilən şəxs ilə ailəlidir, bu hadisəyədək həyətlərində olan 1 otaqlı evdə bilrikdə yaşamışlar. İlkin onların övladıdır. Rəsmi nikahlarının ilk günlərindən Talehlə Elnarənin münasibəti pis olmuş, daima münaqişə baş vermişdir. Bunun səbəbi toy günündən başlayaraq Elnarənin əlində tanımadığı şəxsə məxsus mobil telefon nömrəsinin olması, onun kiminləsə danışması, toylarından təxminən 3 gün sonra evlərindən qaçması, Talehə ərə gəlmədiyini, azadlıq üçün Bakıya gəlməyini deməsi olmuşdur. Elnarə Talehə aşkar şəkildə demişdir ki, Bakıya karyera qurmaq üçün kafelərdə işləməyə gəlibdir. Son bir ildə isə bu münasibət tam pozularaq polis orqanlarına şikayətədək gəlib çıxmışdır. Elnarə tam olaraq Talehin sözünə baxmamış, aralarında münaqişə daima olmuşdur. 2020-ci ilin aprel ayında da onlar arasında münaqişə baş vermişdir, lakin Taleh şikayətçi olmamışdır. X5 düzgün tərbiyə verməmişdir, uşağa daima qışqırmışdır. x xxxxxx 2020 tarixində o, işdə olarkən yoldaşı Zöhrə zəng edib Talehin Elnarə tərəfindən bıçaqlanmasını, Talehin 3 saylı xəstəxanaya getməsini bildirmişdir. O, xəstəxanaya getmiş və məlum olmuşdur ki, yaşadıqları evdə Talehlə Elnarə arasında baş verən münaqişə nəticəsində Elnarə Talehə bir bıçaq zərbəsi vurub ona xəsarət yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilmə və götürmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi bıçağı təqdim etmiş və bıçaq müstəntiq tərəfindən götürülmüşdür (iş vərəqi 7-11). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1211 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli pnevmotoraksa (döş boşluğuna havanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin və qarının sırıqları müəyyən edildi. Xəsarətlərdən döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Döş qəfəsinin və qarının sıyrıqları isə bərk küt əşya təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (iş vərəqi 51-53). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1210 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ bud, sol diz, hər iki bazu, sol said və sağ mil-bilək oynağı nahiyələrinin qançırları, sağ diz oynağının sıyrığı müəyyən edilmişdir, xəsarətlər bərk küt alətin təsirindən törənmişlər, müddətinnə görə ekspertizadan 2-3 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (iş vərəqi 83-85). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1247 saylı rəyindən görünür ki, X2 said, sağ qasıq və sağ baldır nahiyələrinin qançırları müəyyən edildi, xəsarətlər bərk küt alətin təsirindən törənmişlər, müddətinə görə ekspertizadan 5-7 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (iş vərəqi 97-98). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 3/901 saylı rəyindən görünür ki, təqdim edilmiş predmet zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Predmetdə hər hansı bir əlavə və dəyişiklik edilməyib. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (iş vərəqi 105-106). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə ambulator psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1663 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, cəmiyyət üçün təhlükəli deyil, anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 131-132). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona xəsarət yetirməsinin təfərrüatları barədə istintaqa verdiyi ifadəsini təqsirləndirilən şəxsin üzünə deməklə bir daha təsdiq etmişdir (iş vərəqi 134-137). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə ambulator psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 2209 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqi 152-153). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Səhiyyə Nazirliyinin Respublika Psixiatriya xəstəxanasından verilmiş xx.xx.2020-ci il tarixli, 5442 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmayıb (iş vərəqi 110). İşdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 112). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 89). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin təhqiqatçılarının xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs şikayətləri əsasında aparılmış araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanması rədd edilmişdir (iş vərəqi 123-127). İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi 01 ədəd mətbəx bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 108-109). Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurması kifayət qədər sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs, əlində olan bıçağın ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qarın nahiyəsinə girməsi, zərərçəkmiş şəxsə ağır xəsarət yetirmək niyyətində olmaması, oğlu İlkinin hadisə baş verən vaxt hadisə yerində deyil, həyətdə olaraq hadisəni görməməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin bu məqamla bağlı ifadələrini qəbul etməyərək hesab edir ki, törədilmiş cinayətin halları, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi ekspertiza rəyləri, habelə məhkəmədə tədqiq edilmiş digər sübutlar belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayəti törətmiş, bu hərəkətləri törədərkən etdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunu arzu etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsiliyyətinə cəlb edilməsini, 1 azyaşlı uşağının olmasını, cavanlığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət Sabunçu rayon prokuroru tərəfindən müdafiə edilməmiş, o, həbsdən azad edilmiş və müstənqiq tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqi 36, 75-77, 81 ). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edlməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən müddəlarını əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs məhkəmyədək icraat zamanı tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun həbsə alındığı xx xxxxxx 2021-ci tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 1 (bir) ədəd mətbəx bıçağı məhv olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək tutulduğu 2 (iki) gün günə gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 1 (bir) ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar