Məhkəmə qərarları › İş №1(101)-488/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-488/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-488/2024 15.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:25-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2-də yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən xx.xx.2023-cü il tarixdə saat 22 radələrində sonuncunun ona bildirdiyi Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “Rahat” marketlə üzbəüz parkın içərisində ağacın dibində 6,948 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4,827 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 23:00-da Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində o, ünvan 3 ünvanda yerləşən “Şahənşah” restoranının yaxınlığında saxlanılıb oradan Binəqədi rayonu, S.S.Axundov küçəsi 6 saylı ünvanda yerləşən 5-ci Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki ağ rəngli gödəkcənin sağ yan cibindən yarımçıq siqaret qutusunun içərisindən 02 göy rəngli sellofana bükülmüş halda olan təmiz çəkisi 4.827 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin və təmiz çəkisi 6.948 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 07 mart 2023-cü il tarixdə ünvan 4 ünvanda yerləşən “şahənşah” restoranının yaxınlığında olarkən iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona bildirmişdirlər ki, narkotik vasitə və psixotrop maddələrin saxlanmasında və satışında şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİnin 5-ci PB-nə aparılmış və orada üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd göy rəngli “Redmi Note 8” markalı mobil telefon və yarımçıq siqaret qutusu, həmin gödəkcənin sol yan cibindən isə 01 ədəd özünə məxsus olan 1 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun gödəkcə və cins şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş siqaret qutusunun içərisindəki göy rəngli sellofana bükülmüş bükümlərin iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülülərdən birinin içərisindən aşkar olunmuş ağ rəngli maddənin psixotrop maddə olan metamfetamin və digər bükülüdə isə qəhvəyi rəngli maddə narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. Narkotik vasitələrin satışı ilə bağlı sms mətnləri ona aid olmamış, həmin telefonu onun əri istifadə etmişdir. Hazırda əri həbsdədir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 6 aydan çoxdur ki, narkotik vasitələrdən istifadə etmir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 07 mart 2023-cü il tarixdə ünvan 4 ünvanında «Rəfiqə» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu deyərək sonuncunu saxlayıb 5ci Polis bölməsinə aparmışlar. Bu barədə raport tərtib edərək, Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, ona təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd göy rəngli “Redmi Note 8” markalı mobil telefon və yarımçıq siqaret qutusu, həmin gödəkcənin sol yan cibindən isə 01 ədəd özünə məxsus olan 1 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun gödəkcə və cins şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş siqaret qutusunun içərisindəki göy rəngli sellofana bükülmüş bükümlərin iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülülərdən birinin içərisindən aşkar olunmuş ağ rəngli maddənin psixotrop maddə olan metamfetamin və digər bükülüdə isə qəhvəyi rəngli maddə narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. Aşkar edilən bükümlər qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərflə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş əməliyyat tədbiri zamanı Binəqədi RPİ-nin 5-ci PBnin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat müvəkkili Şahid3 ilə birlikdə 07 mart 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu 5-ci Polis bölməsinin ərazisində «Rəfiqə» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu deyərək sonuncunu saxlayıb 5-ci Polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüş, qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Hazırda narkotik vasitənin, psixotrop maddənin hansı miqdarda olmasını xatırlamır. Şəxsi axtarış videoçəkilişlə həyata keçirilən zaman polis əməkdaşlarından əlavə bir xanım da iştirak etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ünvan 5 ünvanında yerləşən 5-ci PB-nin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq Təqsirləndirilən şəxsm şübhəli şəxs qismində saxladıqlarını, həmin şəxsin qeyd olunan polis bölməsində olduğunu və sonuncunun üzərinə baxış keçirilməsi ilə bağlı onun da iştirakının vacibliyini izah etmişlər və o da polis əməkdaşlarının təklifini qəbul etmişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə polis bölməsinin xidməti otaqların birinə daxil olmuş və Təqsirləndirilən şəxs da burada olduğunu görmüşdür. Sonra təhqiqatçı tərəfindən iştirakçıların hüquqları izah edilməklə, müdafiəçinin iştirakı olmadan videoçəkilişlə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış və axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyriqanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd göy rəngli “Redmi Note 8" markalı mobil telefon və yarımçıq siqaret qutusu, həmin gödəkcənin sol yan cibindən isə 01 ədəd özünə məxsus olan 1 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Daha sonra sonuncudan həmin yarımçıq vəziyyətdə olan siqaret qutusunun içərisindəki göy rəngli sellofana bükülmüş bükümləri açmaq tələb olunduqda içərisində olan maddələrin nə olmasını soruşduqda Rəfiqə həmin bükümlərin içərisində olan maddələrin müvafiq olaraq camaat arasında «patı» deyilən psixotrop maddə metamfetamin və “kakos” kimi deyilən narkotik vasitə “heroin” olmasını bildirdikdən sonra həmin bükümləri xx.xx.2023cü il tarixdə təxminən saat 22 radələrində tanımadığı İran İslam Respublikası vətəndaşından “Whatsapp” sosial şəbəkəsi vasitəsilə 230 manata aldığını və qeyd olunan bükümləri Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “Rahat” marketlə üzbəüz parkın içərisində ağacın dibindən götürdüyünü qeyd etmişdir. Sonra Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik maddələr boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə ekspertizanın xx.xx.2023-cü il tarixli, 6/1404 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “(imza) Abdullayeva...” sözləri olan bir ədəd bükümdə təmiz çəkisi 6,948 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 4,827 qram ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in (Siyahı l) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in (Siyahı İ) daxildir. (iş vərəqə 40-44) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 2954 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 125-126) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2023-cü il tarixli, 1516 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xroniki psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq iqtidarındadır. (iş vərəqə 128-129) İş materiallarında olan xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ünvan 4 ünvanda yerləşən “Şahənşah” restoranının yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd göy rəngli “Redmi Note 8” markalı mobil telefon və yarımçıq siqaret qutusu, həmin gödəkcənin sol yan cibindən isə 01 ədəd özünə məxsus olan 1 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun gödəkcə və cins şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş siqaret qutusunun içərisindəki göy rəngli sellofana bükülmüş bükümlərin iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülülərdən birinin içərisindən aşkar olunmuş ağ rəngli maddənin psixotrop maddə olan metamfetamin və digər bükülüdə isə qəhvəyi rəngli maddə narkotik vasitə olan “heroin” olduğunu bildirmiş və o, həmin maddələri xx.xx.2023-cü İl tarixdə təxminən saat 22 radələrində tanımadığı İran İslam Respublikası vətəndaşından “Whatsapp” sosial şəbəkəsi vasitəsilə 230 manata aldığını və qeyd olunan bükümləri Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “Rahat” marketlə üzbəüz parkın içərisində ağacın dibindən götürdüyünü bildirmişdir. Bunların ardınca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümlər müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunulmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı videogörüntü çəkilmiş və DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur. (İş vərəqə 32-34) İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus olan “Redmi Note 8" markalı mobil telefona baxış keçirilməsinə dair protokoldan görünür ki, iş masası üzərində yerləşən “Whatsapp” proqramına daxil olduqda orada həmin proqramın Təqsirləndirilən şəxs məxsus 051-364- 10-05 saylı mobil nömrə ilə qeydiyyatda keçməsi və “WhatsApp“ proqramında yazışmalarının olması aşkar olunmuşdur. Həmin yazışmalara baxış keçirən zaman “+**********31” saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsus 051- ***-**-** saylı mobil nömrənin arasında müxtəlif vaxtlarda “salam, javab ver, Nermanov parkinda boyuk girisden gir 3cu skamekadan sora isiq direyinin dibinde 5p+5k” bu kimi digər tipli yazışmaların və narkotik maddələrin gizlədildiyi yerlərin fotoşəkillərinin göndərilməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, qeyd olunmuş mobil nömrənin sahibinin özünü ona İran İslam Respublikasında yaşayan şəxs kimi təqdim etməsini, lakin adını ona bildirməməsini və narkotik maddələrin istifadəsi ilə məşğul olduğunu bildirmişdir. Həmçinin də qeyd olunan mobil telefonun “Foto- Galery” hissəsinə daxil olduqda həmin bölümdə çoxsaylı narkotik maddələrin gizlədildiyi yerlərin fotoşəkilləri öz əksini tapmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs “5p+5k” dedikdə “p-patı”, “k-yəni kola” nəzərdə tutulduğunu bildirmişdir. (iş vərəqə 105-107) İş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısı barədə "xxxx"MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD diskə baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, birinci fayl açıldıqda ekranda içərisindəki mətndən Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinin “Təqsirləndirilən şəxs qızfna məxsus olması qeyd olunmuşdur. İkinci fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda müxtəlif tipli yəni “Kola varındı ate gəlim 10 nuq”, “Kubik lazimdi”, “Men ondermani allmaawdan otru cibimnen pul qoymuwam hunabAllah sahitdi mrn got gunundeyem 10m deyirem mrne deyjrsen mahir udub ne yaxwi ama kaxino oynama w isteden rahatciligla goture bilirsen mahirin puiunan mene alazim deile ama Allah vare gorur sen cetin vezuyetfe olanda men patij olnayanda geceynen byo İ axtarirdime sene pati gojderim.hemin sene 30m yadin pul atim birdefe olsun adini bele cekmemwieem İndi menen 10”, “Axirinci gunumdu ate sabadan stop dyanirame”, “Qaqaw menem ulvi 10luq daw yene lazimdi gelim”, “Bu neçənci dəfədir bela edirsan day axmncı olar hele kolanı sene20 den verdim bu qoyduğun hörmət men senden pul gozduyurem sen telisondurursan olanda çox elamisam day yoxdu kecan defede 10 m qaldi”, “Qaqas salam varindisa yarim götrüm indi alınırsa mene cavab yaz ati" tipli mesajların olması qeyd olunmuşdur. Üçüncü fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlamış müxtəlif mobil nömrələrin kimin adına qeydiyyatda olması qeyd olunmuşdur. (iş vərəqə 112-113) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə etməsinə, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun özünü müdafiə üçün irəli sürdüyü fikirlər iş üzrə şahidlərin ifadələri, materialların məhkəmə ekspertizanın xx.xx.2023-cü il tarixli, 6/1404 saylı rəyi, xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında», Təqsirləndirilən şəxs məxsus olan “Redmi Note 8" markalı mobil telefona baxış keçirilməsinə dair, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısı barədə "xxxx"MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD diskə baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokollar, eləcə də digər mötəbər sübutlarla tam təkzib olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həm 6,948 qram çəkidə narkotik vasitə heroin, həm də 4,827 qram çəkidə psixotrop maddə metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edirlər, habelə narkotik vasitənin, eləcə də psixotrop maddənin bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 102) İş materiallarında olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X1 olmaqla himayəsində üç azyaşlı uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində üç azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onu cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-217/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, 07 mart 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 22; 78-83) İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023cü il tarixli, 4(103)-232/2023 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-217/2023 saylı qərarı ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddəti 07 mart 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə müəyyən edilmişdir. (iş vərəqə 86-91) İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 131-132) Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulması zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 mart 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay müddət ona təyin edilmiş cəzadan çıxılmalı, onun cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni, 15 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 2954 saylı rəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Binəqədi rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 6,948 qram narkotik vasitə olan heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,848 qram narkotik vasitə heroin, 4,827 qram psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,727 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Universal” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 mart 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni, 15 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Binəqədi rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,848 qram təşkil edən narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,727 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Universal” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar