Məhkəmə qərarları › İş №1(101)-488/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-488/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-488/2025 09.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X11 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X6, X1 qızının və X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,203 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 2,472 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 19 aprel 2024-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin Cinayət- Axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4mi rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə külli miqdarda 4,203 qram çəkidə həmin narkotik vasitə heroin və 01 bükümdə külli miqdarda 2,472 qram çəkidə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən "Elpərəst” və “Elşən" adlı şəxslərin Bakı şəhəri Nəsimi rayonu, Xətai prospektində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində "Elpərəst və Elşən" adlı şəxslərin şəxsiyyətləri müəyyən edilərək onların xx.xx.1990-cı ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7a yaşayan, əvvəllər məhkum olunmayan Təqsirləndirilən şəxs və xx.xx.1986-cı ildə ünvan 8 ünvanında qeydiyyatda olmaqla, ünvan 7a yaşayan, əvvəllər məhkum olunmayan Şahid1 olması bilinmişdir (cild 1, iş vərəqi 4).

4. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6).

5. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, "Elpərəst” və “Elşən" adlı şəxslərin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının əldə etməsi, özündə və yaşadıqları ünvanda saxlayaraq daşıması, istifadə etməsi və satması barədə Nəsimi rayon Polis İdarəsinin Cinayət-Axtarışı şöbəsinə daxil olmuş məlumat əsasında onların şəxsiyyəti müəyyən edilərək xx.xx.1990-cı ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7a yaşayan, əvvəllər məhkum olunmayan Təqsirləndirilən şəxs və xx.xx.1986-cı ildə ünvan 10 ünvanında qeydiyyatda olmaqla ünvan 7a yaşayan, əvvəllər məhkum olunmamış Şahid1 olmaları bilinmişdir. Təqsirləndirilən şəxs və Şahid1 cinayət əməlinin ifşa olunması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar xx.xx.2024-cü il tarixdə saat 01:00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-yə gətirilmişlər (cild 1, iş vərəqi 11).

6. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, müdafiəçilərin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid1 onların üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs ayağa qalxaraq əynində olan cins şalvarının cibindən bir qutu “Danhel” markalı siqaret qutusu, bir ədəd alışqan, bir ədəd “Leobank.az” plastik bank kartı, iki ədəd əyləncə məkanlarına aid plastik kartlar, bir ədəd qara rəngli üzərində ***-***-**-** GSM nömrəsi olan “İphone 7” markalı mobil telefon, iki ədəd şəffaf rəngli sellofan bükümlərdə olan maddə kütlələrini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümlər açıldıqda, bükümlərin birində tünd qəhvəyi rəngli, spesifik iyi olan, maddə, digər şəffaf sellofan bükümün içərisində şəffaf rəngli, xırda kristal şüşə formalı spesifik iyi olan maddə kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki tünd qəhvəyi rəngli maddənin heroin olduğunu, digər şəffaf sellofan bükümündəki şəffaf kristal formalı maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, həmçinin verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs təqdim etdiyi maddələri xx.xx.2024-cü il tarixdə axşam saatlarında "Adəm" təxəllüsü ilə özünü təqdim etmiş İran İslam Respublikası vətəndaşı ilə mobil telefonla “Whatsapp” vasitəsi ilə danışaraq özünə məxsus “Leobank” kartından mobil tətbiqi vasitəsi ilə onun kart hesabına 170 manat pul ödəyərək narkotik vasitə və psixotrop maddə sifariş etdiyini və pulu ödədikdən sonra İran İslam Respublikası vətəndaşı "Adəm" ləqəbli şəxsin “Whatsapp” tətbiqi vasitəsi ilə ona göndərdiyi məkandan narkotik vasitənin qoyulduğu yeri dəqiqləşdirib, həmin ünvana xalası oğlu Şahid1 ilə birlikdə gedib şəxsi istifadəsi üçün sifariş etdiyi narkotik vasitə və psixotrop maddəni əldə etdiyini qeyd etmişdir. Sorğu zamanı üzərindən aşkar edilən "İphone 7" markalı mobil telefonun, alışqanın, plastik kartların və siqaretin ona məxsus olduğunu bildirmiş, əldə edib üzərində saxladığı maddələrdən xalası oğlu Şahid1 məlumatı və əlaqəsi olmadığını qeyd etmişdir. Bundan sonra içərisində narkotik vasitə və psixotrop maddəyə bənzər maddə kütlələri olan bükümlər və “İphone” markalı mobil telefon ayrı-ayrılıqda zərflərə qoyularaq zərflərin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş "186" nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Daha sonra isə şübhəli şəxs qismində tutulmuş Şahid1 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Şahid1 ayağa qalxaraq əynində olan şalvarının cibindən bir ədəd qara rəngli dəridən olan pul kisəsini, və həmin pul kisəsinin içərisindən özünə məxsus tibbi müayinə kartını, şəxsiyyət vəsiqəsini, bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş və üzərində başqa hər hansı bir qanunla qadağan edilən əşya və maddə olmadığını bildirmişdir. Bundan sonra onun geyindiyi üst geyiminin və şalvarının ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Şahid1 xalası oğlu Təqsirləndirilən şəxs İran vətəndaşı “Adəm” adlı şəxslə əlaqədə olmasından və onun narkotik və psixotrop maddələrin əldə edilməsindən ötrü sövdələşməsindən və Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotikə bənzər maddə və vasitələrdən məlumatının olub-olmadığı və həmin maddələrin götürüldüyü məkana birlikdə nə məqsədlə getməsi və onun narkotik maddələrdən istifadə edib-etməməsi soruşulduqda Şahid1 xalası oğlu Təqsirləndirilən şəxs ilə birlikdə qeyd olunan ünvana getsə də, xalası oğlunun narkotik vasitə və psixotrop maddə əldə etməsi üçün həmin məkana getdiyindən öncədən məlumatının olmadığını bildirmiş, eyni zamanda sorğu zamanı Şahid1 narkotik vasitələrdən istifadə etmədiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddələrin ona məxsus olmadığını qeyd etmişdir. Saxlanılan Təqsirləndirilən şəxs və Şahid1 xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən RPİ-yə gətirilən və RPİ-də olduqları zaman hər hansı bir zorakılığın olub-olmaması soruşulmuş, saxlanılan şəxslər onlara qarşı polis əməkdaşları tərəfindən RPİ-yə gətirilən və RPİ-də olan zaman heç bir zorakılığın olmadığını bildirmişlər (cild 1, iş vərəqi 90-93).

7. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2117 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Zərflər üçün №186" dairəvi möhür əksi, "Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək qablaşdırılan..." yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,203 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,472 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsı qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 1, iş vərəqi 100-104).

8. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 qarşısında əyləşən Təqsirləndirilən şəxsin üzünə qarşı bir daha ifadəsini təsdiq etdiyini bildirmiş, Elpərəstin onun xalası oğlu olduğunu, onun hansı məqsədlər qeyd edilən ünvana getdiyini, onun üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi barədə məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşısında əyləşən Şahid1 dediklərini dinləmiş və bildirmişdir ki, Şahid1 onun xalası oğludur. Şahid1 qeyd olunan xüsusatlar ilə heç bir əlaqəsi olmamışdır. Üzərindən aşkar olunan maddələr özünə məxsusdur (cild 1, iş vərəqi 135-138).

9. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2495 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 141-142).

10. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqi 145-146).

11. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 148-149).

12. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 194).

13. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlar və anten məlumatları ilə bağlı cinayət işi materiallarına əlavə edilmiş bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı diskdə olan məlumatlar təhlil olunarkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır (cild 1, iş vərəqi 208- 209).

14. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır (cild 1, iş vərəqi 213).

15. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nəsimi RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi agentlər təlimatlandırılmış, lakin Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirmələri ilə bağlı hər hansı məlumat əldə olunmamışdır (cild 1, iş vərəqi 219).

16. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 468 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqi 222-224).

17. Cinayət işinin materiallarında olan xasiyyətnamə, arayış və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Əbduləzimov X10 şəhəri, Babək küçəsi 4 ünvanında həyat yoldaşı X13, xx.xx.2021-ci il təvəllüdlü oğlu X4, xx.xx.2019-cu il təvəllüdlü qızı X3 ilə birgə yaşayır. Yaşadığı müddət ərzində özünü yaxşı aparmış, onun barəsində şikayət daxil olmamış, spirtli içkilər içmir, narkotikə meylli deyildir (cild 1, iş vərəqi 231-235).

18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 9244 nömrəli məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Rafiq oğlu arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 236).

19. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 4,203 qram narkotik vasitə heroin və təmiz çəkisi 2,472 qram psixotrop maddə metamfetamin, 01 ədəd "Leobank" bank kartı iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,153 qram narkotik vasitə heroin, 2,422 qram psixotrop maddə metamfetamin, 01 ədəd "Leobank" bank kartı saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına verilmiş, iş üzrə maddi sübut hesab edilməyən “İphone 7” markalı mobil telefon və 02 ədəd əyləncə məkanlarına aid plastik kartlar Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılması üçün Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi şəxsiyyəti məlum olmayan “Adəm” adlı İran İslam Respublikası vətəndaşının şəxsiyyətini və yerini müəyyən etmək məqsədi ilə ayrıca icraata material ayrılması qərara alınmışdır (cild 1, iş vərəqi 240-256).

20. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin Cinayət Axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid3 bildirdi ki, 18 aprel 2024-cü il tarixində onlara Elpərəst adlı şəxslə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının düzgünlüyünün yoxlanılması məqsədilə 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmış, raportla rəhbərliyə məruzə edilmişdir. Əməliyyat qrupu Nəsimi rayonu, Xətai prospektində hərəkətdə olarkən Elpərəst adlı şəxsin üz quruluşuna bənzəyən vətəndaşa yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin zaman Elpərəstin yanında Elşən adlı bir şəxs də olmuşdur. Elpərəst Elşənin onun qohumu olduğunu bildirmişdir. Elpərəsti Nəsimi rayon Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində iş təhqiqatçı Babayev Mirzənin icraatına verilmişdir. Elpərəstin üzərindən 2 büküm narkotik vasitə, telefon, kart aşkar olunmuşdur. Elşənin üzərindən isə heç bir qanunsuz vasitə aşkar olunmamışdır. Narkotik vasitələrlə bağlı Elpərəstə sual verilmiş, Elpərəst narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, narkotik vasitələri İran İslam Respublikası vətəndaşı ilə sosial şəbəkə üzərindən əlaqə saxlayaraq sifariş etdiyini əlavə etmişdir. Elpərəstin üzərində aşkar olunan narkotik vasitə təhqiqatçı tərəfindən ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirdi ki, Elpərəstə qarşı heç bir fiziki və psixi təzyiq olmamışdır. Elpərəsti qohumu Elşəni tutmaqla təhdid etməmişlər. O, Elpərəst barədə əvvəllər məlumatlı olmamışdır.

21. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 və Şahid4 oxşar məzmunlu ifadələr verməklə Şahid3 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər.

22. Məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qohumu Şahid1 ifadəsində göstərdi ki, Elpərəstlə birlikdə “28 May” metrostansiyasından üzü “Şərq bazarı” istiqamətdə hərəkət edərkən 4 nəfər şəxs onlara tərəf yaxınlaşmış, onlardan ikisi arxa tərəfdən, digər ikisi isə ön tərəfdən qaça-qaça onlara tərəf gəlmiş, yaxınlaşdıqdan sonra onların qollarını arxadan bağlamış, güc tətbiq edərək maşınlarına əyləşdirmişlər. Polis əməkdaşları olan həmin şəxslər fiziki və psixi təzyiq altında üzərilərinə baxış keçirmişlər. Baxış zamanı üzərilərində heç bir qanunsuz vasitə aşkar olunmamışdır. Ön hissədə əyləşən, maşını idarə edən polis əməkdaşları digər əməkdaşa narkotik vasitənin üzərilərində deyil, yol kənarında olduğunu demişdir. Polis əməkdaşlarından bir nəfər maşından düşərək yolu keçmiş, bir müddətdən sonra da əlində bir bağlama ilə geri qayıtmış, əşyanı təqdim edərək onlara aid olduğunu demişdir. Amma onların həmin bağlama ilə bağlı heç bir məlumatı olmamışdır. Bundan sonra onlar idarəyə gətirilmiş, orada fiziki və psixi təzyiq göstərmişlər ki, bağlamanın onlara aid olduğunu təsdiq etsinlər. Onlar bağlamanı inkar etmişlər. Bundan sonra polis əməkdaşları Elpərəsti onunla hədələmişlər. Onun sağlamlığında müəyyən problemlər olduğundan, polis əməkdaşları da Elpərəstə ona qarşı fiziki təzyiq göstərəcəklərini demişlər, Elpərəst də onu müdafiə etmək üçün narkotik vasitəni öz üzərinə götürmüşdür. Bütün bu olanlardan onun sonradan xəbəri olmuşdur. Elpərəst təcridxanada olanda anası ilə danışmış, bütün hadisələri olduğu kimi bildirmişdir. Xalası da bu hadisələri öyrəndikdən sonra ona demişdir. Saxlanılan zaman onların üzərində, ümumiyyətlə, heç bir qanunsuz vasitə olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, saxlanılan zaman ikisinin də üzərində heç bir qanunsuz vasitə aşkar olunmamışdır. Elpərəstə hansı səbəbdən ittiham elan olunduğu barədə məlumatı yoxdur, çünki onlar qanunsuz şəkildə saxlanılmışlar, üzərilərində heç bir narkotik vasitə aşkar olunmadığı halda Elpərəstə ittiham elan olunmuşdur. Onları saxladıqdan sonra maşınlarına əyləşdirmişlər. Maşında fiziki və psixi təzyiq göstərmiş, başlarına vurmuş, söyüş söymüş, hətta üzərilərinə baxış da keçirmişlər. Ayaqqabılarına qədər üzərilərində olan bütün geyimləri yoxlamışlar, amma heç bir qanunsuz vasitə aşkar etməmişlər. Polislər özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri kimi təqdim etmişlər. Maşında üzərilərinə baxış keçirdikdən sonra onları Nəsimi RPİ-nə gətirmişlər. O, narkotik vasitə aludəçisi deyil, çox nadir hallarda “nəşə” istifadə etmişdir. Elpərəst heç vaxt onun yanında narkotik vasitə istifadə etməmişdir. Elpərəst ona narkotik vasitə istifadə etdiyini deməmişdir. O, hadisə günü Elpərəstin ciblərinə baxmamış, amma bir evdə yaşamışlar deyə saxlanılan zaman Elpərəstin üzərində narkotik vasitə olmadığını ehtimal edir. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Şahid1 göstərmişdir ki, 19 aprel 2024-cü il tarixdə saat təxminən 01 radələrində xalası oğlu Təqsirləndirilən şəxs ilə birlikdə Nəsimi rayonu Xətai prospektində olarkən onlara 3 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis olaraq təqdim etdikdən sonra, onların hərəkətlərinin şübhəli olduğunu bildirərək, Nəsimi RPİ-nin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. Xidməti otaqda olarkən dövlət hesabına vəkillə təmin edildikdən sonra onun hüquqları izah edilmiş, daha sonra videoçəkilişdən istifadə edilməklə üstlərində, paltarlarında və paltarlarının ciblərində və bədənlərində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. İlk öncə xalası oğlu Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Elpərəst cins şalvarının cibindən bir qutu “Danhel” markalı siqaret qutusu, bir ədəd alışqan, bir ədəd “Leobank” plastik bank kartı, iki ədəd əyləncə məkanlarına aid plastik kartlar, bir ədəd qara rəngli üzərində ***-***-**-** GSM nömrəsi olan “İphone 7” markalı mobil telefon, iki ədəd şəffaf sellofan bükümlərində olan maddə kütlələrini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümlər açıldıqda, bükümlərin birində tünd qəhvəyi rəngli maddə və digər şəffaf sellofan bükümün içərisində xırda kristal şüşə formalı maddə kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki tünd qəhvəyi rəngli maddənin heroin olduğunu, digər şəffaf sellofan bükümündəki şəffaf kristal formalı maddənin metamfetamin olduğunu bildirmişdir. Həmçinin verilən suallara cavab olaraq, xalası oğlu Təqsirləndirilən şəxs təqdim etdiyi maddələri 18 aprel 2024-cü il tarixdə axşam saatlarında özünü “Adəm” kimi təqdim etmiş İran İslam Respublikası vətəndaşı ilə mobil telefonla “Whatsapp” vasitəsi ilə danışaraq özünə məxsus “Leobank” kartından mobil tətbiqi vasitəsi ilə onun kart hesabına 170 manat pul ödəyərək narkotik vasitə və psixotrop maddə sifariş etdiyini və pulu ödədikdən sonra “Adəm” kimi tanıdığı İran İslam Respublikası vətəndaşı “Whatsapp” tətbiqi vasitəsi ilə ona göndərdiyi məkana, yəni Nəsimi rayonu, Xətai prospekti 2 saylı ünvanın yaxınlığındakı məkandan narkotik vasitənin qoyulduğu yeri dəqiqləşdirib, həmin ünvana onunla birlikdə gedib şəxsi istifadəsi üçün sifariş etdiyi narkotik və psixotrop maddələri əldə etdiyini qeyd etmişdir. Sorğu zamanı üzərindən aşkar edilən “İphone 7” markalı mobil telefonun, plastik kartların, alışqanın və siqaretin ona məxsus olduğunu bildirmişdir. Sorğu zamanı Elpərəst əldə edib üzərində saxladığı maddələrdən onun məlumatının və əlaqəsinin olmadığını qeyd etmişdir. Bundan sonra Elpərəstin üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra içərisində narkotik vasitə və psixotrop maddəyə bənzər maddə kütlələri olan bükümlər və “İphone” markalı mobil telefon ayrı-ayrılıqda zərflərə qoyularaq zərflərin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “186” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Daha sonra isə onun üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. İlk öncə o, ayağa qalxaraq əynində olan şalvarının cibindən bir ədəd qara rəngli dəridən olan pul kisəsini və həmin pul kisəsinin içərisindən özünə məxsus tibbi müayinə kartını, şəxsiyyət vəsiqəsini, bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş və üzərində başqa hər hansı bir qanunla qadağan edilən əşya və maddə olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya aşkar edilməmişdir (cild 1, iş vərəqi 176-179). İfadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, dindirmə protokolundakı imzalar ona məxsus olsa da, elan edilmiş ifadəsini təsdiq etmir. İki gün saxlanıldığı müddətdə müstəntiq ona yaxınlaşaraq “xalan oğlu Elpərəsti Kürdəxanıya yolladıq, səni də azadlığa buraxacağıq, təqdim etdiyim sənədlərə imza çəkdikdən sonra çıxıb gedə bilərsən” demişdir. Onlar saxlanılan zaman heç bir sənədə qol çəkməmişlər. Daha sonra məhkəmədə həmin şahidin iştirakı ilə Elpərəst Əzimovun üzərinə keçirilmiş şəxsi axtarışın videogörüntüləri nümayiş etdirilmiş və şəxsi axtarış zamanı onun Elpərəstə qarşı verdiyi izahatı, habelə saxlanılan zaman onlara qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılığın olmadığını bildirməsi ilə bağlı verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, həmin vaxt o, çarəsiz vəziyyətdə və təsir altında olduğundan məcburiyyət qarşısında elə izahat verdiyini bildirdi. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

23. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, əvvəllər marixuanadan istifadə etmişdir. Hadisə günü “28 May” ərazisində olan zaman xalasıoğlu Elşənlə birlikdə tutulmuşdur. Tutulduqdan sonra polis bölməsinə aparılmış, orada qarşısına narkotik vasitə qoyularaq psixoloji təzyiqlərə məruz qalmış, sənədlərə qol çəkməyə məcbur edilmişdir. O, CM-nin 234.1-ci maddəsinə qol çəkmişdir. Bölmədə polis əməkdaşları tərəfindən xalası oğlunun da tutulacağı ilə bağlı hədələnmişdir. Polis əməkdaşlarından su istəmiş, onlar da meyvə şirəsi gətirmiş, o, meyvə şirəsini içdikdən sonra halı pisləşmişdir. Səhərisi gün narkoloji yoxlanışa aparılmış, orada qanından metamfetamin çıxmışdır, amma o, metamfetamin istifadə etməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, polis əməkdaşları onu “28 May” metrosunun yaxınlığında axşam saat 11-12 radələrində saxlamış, saxlanılan zaman onun üzərində heç bir qanunsuz əşya olmamışdır. Şahid3 adlı polis əməkdaşı onun üzərinə narkotik vasitə qoymuşdur. Əvvəllər çəkdiyi narkotik vasitələri yerdən tapırmış. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 19 aprel 2024-cü il tarixdə saat təxminən 01 radələrində xalası oğlu Şahid1 ilə Nəsimi rayonu, Xətai prospektində olarkən onlara 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis olaraq təqdim etdikdən sonra, hərəkətlərinin şübhəli olduğu bildirilərək, onları Nəsimi RPİ-nin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. Xidməti otaqda olarkən dövlət hesabına vəkillə təmin edildikdən sonra onun hüquqları izah edilmişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynində olan cins şalvarının cibindən bir qutu “Danhel” markalı siqaret qutusu, bir ədəd alışqan, bir ədəd “Leobank” plastik bank kartı, iki ədəd əyləncə məkanlarına aid plastik kartlar, bir ədəd qara rəngli üzərində ***-***-**-** GSM nömrəsi olan “İphone 7” markalı mobil telefon, iki ədəd şəffaf sellofan bükümlərdə olan maddə kütlələrini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümlər açıldıqda, bükümlərin birində tünd qəhvəyi rəngli, spesifik iyi olan maddə, digər şəffaf sellofan bükümün içərisində şəffaf rəngli, xırda kristal şüşə formalı spesifik iyi olan maddə kütləsi aşkar edilmişdir. Təqdim etdiyi bükümün içərisindəki tünd qəhvəyi rəngli maddənin heroin olduğunu, digər sellofan bükümdəki şəffaf kristal formalı maddənin metamfetamin olduğunu bildirmişdir. Həmçinin verilən suallara cavab olaraq, təqdim etdiyi maddələri 18 aprel 2024-cü il tarixdə axşam saatlarında sosial şəbəkə üzərindən tanıdığı özünü “Adəm” ləqəbi ilə təqdim etmiş İran İslam Respublikası vətəndaşı adı ilə bildiyi şəxslə mobil telefonla “Whatsapp” vasitəsi ilə danışaraq özünə məxsus “Leobank” kartından mobil tətbiqi vasitəsi ilə onun kart hesabına 170 manat pul ödəyərək narkotik vasitə və psixotrop maddə sifariş etdiyini və pulu ödədikdən sonra İran İslam Respublikası vətəndaşı “Whatsapp” tətbiqi vasitəsi ilə göndərdiyi məkana, yəni Nəsimi rayonu, Xətai prospekti 2 saylı ünvanın yaxınlığındakı məkandan narkotik vasitənin qoyulduğu yeri dəqiqləşdirib, həmin ünvana xalası oğlu Şahid1 ilə birlikdə gedib şəxsi istifadəsi üçün sifariş etdiyi narkotik və psixotrop maddələri əldə etdiyini qeyd etmişdir. Sorğu zamanı üzərindən aşkar edilən “İphone 7” markalı mobil telefonun, alışqanın, plastik kartların və siqaretin özünə məxsus olduğunu bildirmişdir. Sorğu zamanı o, əldə edib üzərində saxladığı maddələrdən xalası oğlu Şahid1 məlumatı və əlaqəsi olmadığını qeyd etmişdir. Bundan sonra geyindiyi üst geyiminin və şalvarının ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, daha sonra ayaqqabıları çıxarılaraq baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra içərisində narkotik vasitə və psixotrop maddəyə bənzər maddə kütlələri olan bükümlər və mobil telefon ayrı-ayrılıqda zərflərə qoyularaq zərflərin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “186” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Daha sonra isə şübhəli şəxs qismində tutulmuş Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və qanunsuz hər hansı maddə aşkar edilməmişdir. Daha sonra onlardan 19 aprel 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən RPİ-yə gətirilən və RPİ-də olduqları zaman hər hansı bir zorakılığın olub-olmaması soruşulmuş, onlara qarşı polis əməkdaşları tərəfindən RPİyə gətirilən və RPİ-də olan zaman heç bir zorakılığın olmadığını bildirmişlər (cild 1, iş vərəqi 160-163). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

24. CM-in 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

25. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

26. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

27. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

28. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

29. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

30. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

31. Maddə 15.4. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

32. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

33. Maddə 124. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut növləri kimi qəbul edilir.

34. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

35. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

36. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

37. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

38. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

39. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”

40. Siyahılara əsasən psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar, heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

41. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

42. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

43. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

44. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-nin 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

45. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

46. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ:

47. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Məhkəmənin hüquqi dəyərləndirməsi:

48. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, təhqiqatçının müvafiq təklifindən sonra o, özü əynindəki şalvarın cibindən iki ədəd sellofan bükümlərdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş, bükümlərin içərisində heroin və metamfetamin olduğunu, təqdim etdiyi maddələri xx.xx.2024-cü il tarixdə axşam saatlarında "Adəm" təxəllüsü ilə özünü təqdim etmiş İran İslam Respublikası vətəndaşından “Whatsapp” vasitəsi ilə danışaraq və sonuncunun kart hesabına 170 manat pul ödəyərək aldığını bildirmiş, əldə edib üzərində saxladığı maddələrdən xalası oğlu Şahid1 məlumatı və əlaqəsinin olmadığını qeyd etmişdir. İstintaq hərəkətində iştirak edən Şahid1 Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrə aidiyyətinin olmadığını, habelə onların hər ikisi, polis əməkdaşları tərəfindən onlara qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişlər. Həmin istintaq hərəkətinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol həm şübhəli şəxslərin özləri, həm də onların müdafiəçiləri tərəfindən imzalanaraq təsdiq edilmişdir. İbtidai istintaqın sonrakı gedişində toplanmış və məhkəməyə təqdim edilmiş sübutlar aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin məhz Təqsirləndirilən şəxs məxsus olduğunu, onun həmin maddələri qanunsuz olaraq şəxsi istifadəsi məqsədilə əldə etdiyini tamamilə təsdiq edir. Bu hallar birbaşa göstərir ki, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan əldə edib saxlamış və daşımışdır. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur.

49. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxsin ifadələrini, o cümlədən ona polis əməkdaşları tərəfindən psixoloji təsir göstərilməklə etirafedici ifadələr alınması barədə göstərdiklərini məhkəmə təqsirləndirilən şəxsin müdafiə mövqeyi ilə əlaqələndirir və hesab edir ki, məhkəmədə belə ifadələr verməklə o, cinayət məsuliyyətindən yayınmaq məqsədini güdür. Belə ki, Təqsirləndirilən şəxs ona qarşı psixoloji təzyiq göstərilməsi ilə bağlı ibtidai istintaq dövründə bildirməmiş v bu barədə hər hansı instansiyaya şikayət etməmişdir. O, yalnız məhkəmədə bu barədə bildirmişdir. O ki, qaldı Şahid1 məhkəmədə verdiyi ifadələrə - məhkəmə həmin ifadələrə tənqidi yanaşır, hesab edir ki, həmin şahid təqsirləndirilən şəxslə qohumluq münasibətində (xalası oğludur) olduğu səbəbindən təqsirləndirilən şəxsin lehinə ifadə verməklə sonuncunun məsuliyyətdən kənarda qalmasına çalışdığını istəmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və həmin şahidin ibtidai istintaq zamanı verdikləri ifadələrini işin digər materialları ilə tam uzlaşdığı səbəbindən daha dolğun və düzgün hesab edir və qeyd edilən ifadələri sübut kimi qəbul edir.

50. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (hökmün 32-ci bəndi).

51. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

52. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 24-28-ci bəndləri).

53. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir.

54. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

55. Təqsirləndirilən şəxs ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 329-cu bəndi).

56. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 20 aprel 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 19 aprel 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 30-31, 170-175). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 30, 36 və 37-ci bəndləri).

57. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 19 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.

58. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

59. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 4,153 qram çəkidə heroin və 2,422 qram çəkidə metamfetamin məhv edilməli, digər maddi sübut - 01 ədəd "Leobank" bank kartı onun özünə verilməsi məqsədilə yaxın qohumlarından birinə qaytarılmalıdır (hökmün 38-ci bəndi).

60. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

61. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 39-cu bəndi).

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 19 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 4,153 qram çəkidə heroin və 2,422 qram çəkidə metamfetamin məhv edilsin. Digər maddi sübut – Təqsirləndirilən şəxs götürülmüş və Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd "Leobank" bank kartı onun özünə verilməsi məqsədilə yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (Sədrlik edən) Telman Hüseynov

Aygün Qurbanova

Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar