Məhkəmə qərarları › İş №1(101)-489/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-489/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-489/2025 11.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1970-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsili bilinib Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi 4-də (inzibati bina) qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Südçülük sovxozu, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 bükümdə külli miqdarda təmiz çəkisi 4.401 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 24 aprel 2024-cü il tarixdə saat 11:30-da ünvan 1 ünvanının yaxınlığında saxlanılıb ünvan 2 RPİ-nin 34-cü PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4.401 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvəllər avtobloqer qismində sosial şəbəkələrdə müxtəlif videolar çəkmişdir. Sonra avtoqəza nəticəsində həbs olunmuşdur. İttiham olunduğu maddənin sanksiyasında 3 il müddətə azadlıqdan məhrum edilmə nəzərdə tutulsa da Xətai Rayon Məhkəməsinin qərarı ilə cəmi 6 ay azadlıqdan məhrum edilmişdir. Spirtli içklərdən istifadə etmir. 24 aprel 2024-cü il tarixdə təxminən saat 10:30 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük savxosu ünvanında yerləşən evindən çıxıb ona məxsus olan maşınla 50 metr sağa və sonra sağa dönəndə yolda ağ rəngli “Lada Niva” markalı avtomobili görmüş və həmin maşından şübhələnmişdir. Artıq o, məhlədən əsas yola çıxanda “Lada Niva” markalı avtomobilin əks istiqamətdə hərəkətinə davam etdiyi ona məlum olmuşdur. Həmçinin məhlədən əsas yola çıxan zaman ara yol ilə əsas yolun kəsişməsində “Mercedes” markalı avtomobilin və bir dənə də “Mercedes” markalı avtomobil zibil yeşiyinin yanında sürücünün oturacağı arxaya uzadılmış vəziyyətdə dayandıqlarını görmüşdür. Qeyd edim ki həmin ara yolda heç vaxt maşın saxlamırlar. Əsas yoldan qeri qaydandan sonra yenidən məhləyə girmişdir. Hadisə baş verən zaman maşında yoldaşı, qızı və oğlu da vardı. Yoldaşı ilə birlikdə qızını müəllimin yanına aparırmışlar. Onun telefonunda nömrə olmadığından müəllimin evinə yaxınlaşan zaman yoldaşı müəliməyə zəng etmiş, müəllim isə məhlənin axırında sağ tərəfdə maşını saxlamaqlarını bildirdi. Əvvəllər avtoqəza ilə bağlı baş verən hadisədən sonra o, nömrə işlətməmək qərarına gəlmiş, həmçinin yoldaşının və qızının telefon nömrələri yoldaşının adına idi. Maşını saxladığdan sonra yoldaşı və qızı maşından düşdülər və müəllimin evinə getdilər. Oğlu arxada oturmuşdu və qabaq oturacağa keçməyi ondan xahiş etmiş və o da icazə vermişdir. Oğlu maşının qabaq oturacağına keçdikdən sonra bir nəfər maşınına tərəf yaxınlaşaraq ucadan “budu, götür” ifadəsini işlətmiş və həmin an 10 nəfər onun üstünə gəlmişlər və ona qarşı fiziki zorakılıq göstərmişlər. Oğlunu kənarda tutub ona yaxın buraxmamışlar və oğlu onu səsləyərək ağlamağa başlamışdır. Həmçinin 5-6 nəfər də yoldaşı və qızına nəzarət etmişlər. Onu qara rəngli “Kia” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı və modeli ona məlum olmayan avtomobilə mindirmiş və hal-hazırda üstündə olan pencəyi onun başının üstünə atdılar. Onu başından dəfələrlə təxminən 150 dəfə vurdular və həmin zərbələrin nəticəsində sağ qulağı sınmışdır. Onlar maşına əyləşdikdən sonra təxminən yarım saat onu döymüşlər. Sonra üstündən pencəyi götürüb ona geyinmək üçün qara papaq vermişlər. Sonra maşında olan hər bir şəxs onu təhqir etməyə başlamış və ondan nə məqsədlə sosial şəbəkələrdə çevik polisi tənqid etdiyini, Xətai rayon İcra başçısına məxsus olan obyektləri kameraya çəkdiyini soruşmuşlar. Əhmədli qəsəbəsində metronun “Ukrayna” dairəsinə tərəf olan çıxışının yanında yerləşən müxtəlif dükanların və mağazaların qabağında bir neçə şəhidin, həmçinin Polad Həşimovun şəkli qoyulmuşdur. Orada alt paltar mağazasının qabağında da şəhid şəkli qoyulmuşdur. O, bu mənzərəni gördükdən sonra ÇPA-nın əməkdaşına yaxınlaşaraq onlara şəhidlərin şəkillərini həmin ərazidən götürmələrini bildirmişdir. Ancaq onun tələbinə etiraz etmişlər. Bu zaman o, telefon vasitəsi ilə çəkiliş edərək ölkə prezidentinə səslənmiş və Xətai Rayon İcra başçısı Rafiq Quliyevin qanunsuz fəaliyyət ilə məşğul olduğunu, o ərazidə özbaşınalığın və rüşvətxorluğun artığını bildirmişdir. Çəkdiyi videonu “Tiktok” sosial şəbəkəsində paylaşmışdır. Bundan başqa Əhmədli metrosundan “Ukrayna” dairəsinə tərəf gedən yolda işıqforun yanında ağaclıq bir ərazi var idi. Həmin ərazidə gecə vaxtı bütün ağaclar kəsilib və oraya yeni bir obyekt tikilmişdi. O, həmin obyekti çəkərək yenidən ölkə prezidentinə səslənmiş və yenidən Rafiq Quliyevin qanunsuz fəaliyyətlə məşğul olduğunu bildirmişdir. Həmin videoları 21 aprel 2024-cü il tarixdə, saxlanılmazdan 3 gün qabaq çəkərək sosial şəbəkələrdə paylaşmışdır. Hadisə baş verən gün o, maşında təxminən yarım saat döyüldükdən sonra Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin ikinci mərtəbəsinin axırıncı otağına aparılmışdır. Əlləri qandallı vəziyyətdə otaqda oturmuşdur. Bir nəfər polis əməkdaşı ona tərəf yaxınlaşıb güclə mənim ağzıma acı bir maye tökmüş, o, qaytarmış və yerə üz üstə düşmüşdür. Polis əməkdaşları onu yerə yıxılmış vəziyyətdə döyməyə başladılar. Sonra onu Şöbənin birinci mərtəbəsinə apardılar. Orada onun qabağına 10 qram narkotik vasitə olan heroin qoydular və onu istifadə etməyini ondan tələb etdilər. O, etiraz etdikdə polis əməkdaşları onu yenidən döyməyə başladılar. Sonra onun qabağına ona məlum olmayan bir sənəd gətirmişlər və sənədi imzalamağını ondan tələb etmişlər. O, yenidən etiraz etmiş və polislər onu döyməyə başlamışlar. Bir qədər sonra 10 qram əvəzinə 7 qram narkotik vasitə olan heroini gətirib üzərinə götürməyini tələb etmişlər, o, yenə razı olmamışdır. Nəticədə polis əməkdaşlarından bir nəfər ona tərəf yaxınlaşaraq onu qəti şəkildə həbs etməyə məcbur olduqlarını, əks halda cənab nazir onları işdən azad edəcəyini, onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham edəcəklərini demiş və narahat olmamağını bildirmişdir. O, artıq məcburiyyət qarşısında qalaraq polis əməkdaşının tələbi ilə razılaşmışdır. Çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Çəkilişdən qabaq polis əmkdaşları ona dediklərini çəkiliş zamanı təkrarlamışdır. Sonra onu təxminən saat 16:00-17:00 radələrində MSY-yə aparmışlar. MSY-nin əməkdaşları bədənində müxtəlif xəsarətlər olduğundan onu qəti şəkildə qəbul etməyəcəklərini bildirmişlər. Onu MSY-yə onu saxlamayan və çəkilişdə iştirak etməyən əməkdaşlar aparmışdır. MSY-nin rəisi onun dostudur. Bir qədər sonra onu MSY-nə qəbul etmişlər və üzərində olan bütün xəsarətlərə bir-bir baxaraq hər birisini qeydiyyat kitabçasında qeyd etmişlər. Sonra MSY-yə təcili yardım gəlmiş və ona iynə vurulmuşdur. Növbəti gün polis əməkdaşları onu Xətai Rayon Məhkəməsinə aparmışlar. Orada hakimə heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Sonra onu həm bədən xəsarətləri ilə əlaqədar, həm də narkotik vasitəsini istifadə edib-etmədiyini araşdırmaq üçün ekspertizaya aparmışlar. Ekspertizada bədənində müxtəlif xəsarətlər aşkar olunmuşdur. Onun sidiyindən heroin istifadə etdiyini aşkar etmişlər. Ekspertiza rəyində onun narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini və bununla bağlı müalicə ehtiyac olmadığı yazılmışdır. Bundan başqa xəsarətləri özü-özünə yetirməyi istisna edilmişdir. Bir ara o, qızı ilə görüşə bilmiş və qızı polis əməkdaşları onu saxlayan zaman binanın üst mərtəbələrində yaşayan bir qadının hadisəni videoya çəkdiyini, videonu ona göndərdiyini, ancaq o, həyəcanlı olduğundan və qorxduğundan həmin videonu sildiyini bildirmişdir. O, qızına videonu telefonun arxivində tapıb bərpa etməsini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, şöbədə müəyyən sənədlərə təzyiq altında imza atmışdır. Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı Şahid3 o, saxlanılarkən iştirak etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 24 aprel 2024-cü il Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyyəsi ilə məşğul olması ilə bağlı Xətai rayonu, Sarayevo 20 küçəsində saxlayıb, onu Xətai RPİ-nin 34-cü polis bölməsinə aparmışlar. Vəkil dəvət olunduqdan sonra polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa təqdim etməsi xahiş olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan bir ədəd sellofan bükümü təqdim etmiş, içərisində metamfetamin olduğunu və Əhmədli metrosunun yanından tapdığını bildirmişdir. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs saxlayan zaman iki nəfər olmuşlar. Digər əməkdaş Şahid1 idi. Əfqanı saxlayan zaman o tək idi. Əfqan saxlanılan zaman piyada hərəkət etmişdir. Əməliyyat məlumatı narkotik vasitənin dövriyyəsi ilə bağlı olmuşdur. Saxlanılan zaman Əfqan müqavimət göstərməmişdir. Əfqanı öz xidməti maşınları ilə aparmışlar. Maşını Şahid1 idarə etmişdir. Əfqanın üzərindən şəxsi axtarış zamanı metamfetamindən başqa telefon da aşkar olunmuşdur. Onlar Əfqanı polis bölməsinə gətirən zaman birinci olaraq təhqiqatçının otağına aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə vaxtı Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı vəzifəsində işləmişdir. Əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayaraq PŞyə gətirmişlər. Şübhəli şəxsin barəsində raport tərtib olunmuş və həmin raportun icrası ona həvalə olunmuşdur. Bundan sonra vəkilin iştirakı ilə şübhəli şəxsin üstünə şəxsi axtarış və götürmə istintaq hərəkətlərini aparmışdır. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üstündə olan bir büküm təqdim etmişdir. Daha sonra həmin büküm qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, şəxs saxlanılan zaman o, iştirak etməmişdir. Şübhəli şəxsin dediklərini sözbəsöz protokolda qeyd etmişdir. Əgər zərurət yaransa şəxsi axtarışın videoçəkilişi ilə şəxsi axtarış protokolu müqayisə edilə bilər. Əvvəllər 34-cü PŞ-də işləmiş, hazırda isə 35-ci PŞ-də işləyir. Şəxsi axtarış nəticəsində şübhəli şəxsdən metamfetaminə bənzər bir maddə aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən şübhəli şəxsə qarşı hər hansı psixi və ya fiziki təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 24 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında ondan, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs tərəflərindən müəyyən olunaraq saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra onu Xətai RPİ-nin 34-cü PŞ-yə aparmışlar. İdarənin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə, həmçinin videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Əfqan Xanliyevə üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olarsa təqdim etməyi bildirildikdə o, könüllü şəkildə şalvarının sağ yan cibindən şəffaf sellofan bir büküm təqdim etmişdir. Ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bükümün içərisində metamfetamin olduğunu və həmin psixotrop maddəni Bakı şəhəri “Xalqlar dostluğu” metrostansiyası ərazisindən əldə etdiyini bildirmişdir. Daha sonra həmin büküm qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə təxminən 11:30-12:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs saxlayan zaman hadisə yerində kənar şəxslər, həmçinin onun ailə üzvlərindən heç kəs olmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs avtomobilin yanında dayanmışdır. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman kənar şəxslər tərəfindən hadisənin çəkilişinin edilməsi barədə məlumatı yoxdur. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olduğu və onların satışı ilə məşğul olduğu bildirilmişdir. Saxlanılan şəxsin bloger fəaliyyəti ilə məşğul olması barədə hər hansı məlumatı yoxdur. Təqsirləndirilən şəxs saxlanılan zaman onlardan saxlanılma səbəbini soruşduqda onlar sonuncunu idarəyə dəvət edib, orada səbəbinin izah olunacağını bildirmişlər. İdarədən kənar şəraitdə şəxsin üzərinə şəxsi axtarış keçirmə səlahiyyətləri yoxdur. Təqsirləndirilən şəxs Sarayevo küçəsi 20 ünvanın qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 24 aprel 2024-cü il tarixdə ailəsi ilə birlikdə səhər təxminən saat 10:20 radələrində oğlunu məktəbə, qızını isə kursa aparmaq məqsədi ilə evdən çıxmışlar. Hadisə qızını kursa aparan zaman Əhmədli qəsəbəsində baş vermişdir. Onunla qızı binaya daxil olduqdan sonra, yoldaşı ilə oğlu maşında əyləşən zaman polis əməkdaşları yoldaşına tərəf hücum etmişlər. Artıq o, qızı ilə birlikdə binadan çölə çıxan zaman o, 4 nəfər polis əməkdaşının yoldaşının qollarından və ayaqlarından tutaraq onu özlərinə məxsus maşına güc tətbiq edərək mindirmək istədiklərini görmüşdür. O, polis əməkdaşlarına müdaxilə etmək istədikdə onlar onu itəliyərək müdaxilə etməyinə maneçilik törətmişlər. Şahid X1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, polis əməkdaşları yoldaşını zorla, yəni güc tətbiq edərək maşına yerləşdirdilər. Yoldaşı saxlanılan zaman hadisə yerində təxminən 14-15 nəfər polis əməkdaşı olmuşdur. Yoldaşı saxlanılan zaman polis əməkdaşları onun əlinə qandal vurmamışlar. Yodaşının narkotik vasitələri ilə hər hansı bir əlaqəsi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun ögey atasıdır. 24 aprel 2024-cü il tarixdə saat 10:30 radələrində onu kursa aparmaq məqsədi ilə ailəsi ilə birlikdə evdən çıxmışlar. Saat təxminən 12:15 radələrində onlar artıq Əhmədli qəsəbəsində olmuşlar. O, anası ilə birlikdə kursun binasına daxil olmuşdur. Atası və qardaşı isə maşında oturmuşlar. Atası maşını park edən zaman onlar binanın həyətindən qardaşının qışqırdığını eşitmişlər. Qışqırıqa tərəf gəldikdə təxminən 12-16 nəfər polis əməkdaşının atasının üstünə pencək ataraq və güc tətbiq edərək onu zorla maşına mindirməyə çalışdıqlarını görmüşlər. O, anası ilə baş verən hadisəyə müdaxilə etmək istədikdə polis əməkdaşları onları itələyərək müdaxilə etməklərinə manə olmuşlar. Şahid X3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, qardaşı qışqıran zaman o, ilk başda onun atası ilə mübahisə etdiyindən fikirləşmiş, ancaq artıq çölə çıxdıqda qışqırtının başqa səbəbdən olduğu məlum olmuşdur. Şahidlər X1 və X3 məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs məhkəmədə verilən ittiham üzrə üzərində narkotik vasitənin aşkar edilib-edilməməsi barədə heç bir xüsusata aydınlıq gətirmədiyindən, məhkəmə onların ifadələrini iş üçün əhəmiyyətli hesab etmir. Cinayət işinin materiallarında olan «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə axtarış və götürmə aparılacağı bildirilərək, üzərində hər hansı bir qeyri-qanuni əşya və şairənin olması, həmçinin könüllü təqdim etməsi təklif olunduqdan, sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli xırda sellofan torbaya bükülmüş bükülünü təqdim edərək, həmin bükümün içərisində (özünün «patı» adlandırdığı) narkotik vasitə «heroin»ə bənzər kütlənin olmasını, Bakı şəhəri «Xalqlar Dostluğu» metrostansiyası ərazisində tapıb cibinə qoyaraq daşımasını, Xətai rayonu, «Əhmədli» metrostansiyası ərazisində polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar olunmuş kütlədən başqa qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, vasitə aşkar olunmamış, üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və bir ədəd bükümün 5,50 qram olması müəyyən edilmiş, aşkar olunmuş kütlə zərfə qoyulub qablaşdırılaraq, möhürlənmiş və bu barədə protokol tərtib olunaraq, protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 35-36). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/2248 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs (imza)...» yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,401 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 4,401 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 4,301 qram (cild 1, iş vərəqi 43-46). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024cü il tarixli 2958 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 140- 141). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixdə şəxsi axtarış və götürülmə aparılan vaxtı həmin prosesin videoçəkiliş vasitəsi ilə qeydə alınaraq 1 (bir) ədəd “DVD” diskə köçürülmüş diskə baxış keçirilmiş və Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunması, sonra üzərinə axtarış və götürmə aparılacağı bildirilərək, üzərində hər hansı bir qeyri-qanuni əşya və sairənin olması, həmçinin könüllü təqdim etməsi təklif olunduqdan, sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli xırda sellofan torbaya bükülmüş bükülünü təqdim edərək, həmin bükümün içərisində (özünün «patı» adlandırdığı) narkotik vasitə heroinə bənzər kütlənin olmasını, Bakı şəhəri «Xalqlar Dostluğu» metrostansiyası ərazisində tapıb cibinə qoyaraq daşımasını, Xətai rayonu, «Əhmədli» metrostansiyası ərazisində polis əməkdaşları tərəfindən saxlanılmasını bildirməsi, həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar olunmuş kütlədən başqa qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, vasitə aşkar olunmaması, üzərindən aşkar olunmuş bükümün elektron tərəzidə çəkilməsi və 1 ədəd bükümün 5,50 qram olması müəyyən edilməsi, aşkar olunmuş kütlənin zərfə qoyulub qablaşdırılaraq, möhürlənməsi və bu barədə protokol tərtib olunaraq, protokol və zərfin iştirakçılar tərəfindən imzalanması müəyyən edilmişdir (cild 1, iş vərəqi 37, 53-54). Cinayət işinin materiallarında olan “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,401 qram (tədqiqata 0,1 qram sərf edildikdən, sonra qalıq çəkisi 4,301 qram) olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının videogörüntü faylları olan 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə heroin saxlanması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, disk isə cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 167). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 24). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 aprel 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 76-79). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci il tarixdə Cəlilabad Rayon Xalq Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli Amnistiya qərarına əsasən azad edilmişdir. Bundan başqa o, xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə təqsirli bilinib ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzası şərti olaraq tətbiq edilməklə 1 il sınaq müddəti müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək Cinayət Məcəlləsinin 70-ci maddəsi ləğv edilərək Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2015-ci il tarixdə cəza müddətinin sonu ilə azad edilmişir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinib ona 2 il 6 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsili bilinib Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 92-94). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 8 avqust 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı 1 mart 2024-cü il tarixdən etibarən hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 24 aprel 2024-cü il tarixədək ona təyin edilmiş 2 il 6 ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının 1 ay 23 gününü çəkmiş, 2 il 4 ay 7 günü isə çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Təqsirləndirilən şəxs əlavə cəzanı çəkib qurtarmadığından onun məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələbinə əsasən “böyük ictimai təhlükə törətməyən cinayətlər” təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 164-166). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, üzərindən aşkar edilmiş 1 bükümdə külli miqdarda təmiz çəkisi 4,401 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş şahid ifadələrindən, maddi sübutlar, ekspertiza rəyləri və protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımışdır. Buna baxmayaraq istintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitə heroinin külli miqdar təşkil etməsini əsas götürərək, heç bir sübuta əsaslanmadan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüş, eyni zamanda məhkəmə istintaqı zamanı ittiham tərəfi məhkəməyə onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə əlaqədar istehlakçı ilə hər hansı razılığa gəlməsi, narkotik vasitə heroini satmaq məqsədi ilə xırda bağlamalara bükməsi, bu məqsədlə hər hansı avadanlıq əldə etməsi, o cümlədən narkotik vasitə heroini satmağa cəhd etməsi sübuta yetirilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Lakin, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkar edilmiş narkotik vasitə heroini əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrində qeyd edilmişdir ki, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 bükümdə külli miqdarda təmiz çəkisi 4,401 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi sübuta yetmədi. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 bükümdə külli miqdarda təmiz çəkisi 4,401 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu normanın tələbi baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən cəzaya Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) il 4 (dörd) ay 7 (yeddi) günü tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 4 (dörd) ay 7 (yeddi) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Bu normanın tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 24 aprel 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 4,301 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) il 4 (dörd) ay 7 (yeddi) gün hissəsi hazırkı hökmlə təyin edilən cəza ilə tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 4 (dörd) ay 7 (yeddi) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının cəzaçəkmə müddətinin başlanğıcı 24 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 4,301 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar