Məhkəmə qərarları › İş №1(101)-490/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-490/2022

17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-490/2022 17.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Kredo” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 21 avqust 1990-cı il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 5vanda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda - 6,72 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 sentyabr 2021-ci il tarixdə saat 21:15-də Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 115 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman satış məqsədilə əldə etdiyi külli miqdarda - 6,72 qram çəkidə psixotrop maddə olan metamfetaminin 3,177 qram təşkil edən bir bükümü əynində olan sarı rəngli köynəyin sol yan cibindən, metamfetaminin digər bir bükümdə olan 3,543 qram təşkil edən qalıq hissəsi isə üzərində olan qara rəngli əl çantasının içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, cinsi azlıqdır və hamı onu “Anna” ləqəbi ilə tanıyır. Belə həyat tərzinə görə təxminən 5 ildən çoxdur ki, ailəsi ondan imtina etmiş və onlarla heç bir əlaqəsi yoxdur. O, əvvəllər müəyyən müddət “Bakcell” şirkətində işləmiş, daha sonra Azərbaycandan gedərək müxtəlif ölkələrə səfərlər etmiş, həyat tərzinə uyğun yaşayıb dolanışığını təmin etmiş, heç yerdə işləməmişdir. Təxminən 3-4 il əvvəl Türkiyədə plastik əməliyyat etdirərək özünə qadın bədən quruluşuna məxsus döş də düzəltmişdir. Son illərdə Bakıya gələrkən də rəsmi olaraq heç bir yerdə işləməmiş, kirayə yaşadığı evdə 200 manat pul müqabilində kişilərlə görüşüb qeyri-təbii yolla cinsi əlaqədə olaraq qazanc əldə etmişdir. Həmin kişilər onu əsasən sosial şəbəkələrdə olan profilləri vasitəsi ilə tapmışlar. Ona verilən ittihamla özünü təqsirli bilmir, ittihamda göstərilən psixotrop maddəyə onun heç bir aidiyyəti yoxdur. O, Türkiyədə yaşadığı vaxtlarda narkotikdən istifadə etmiş, ancaq sonralar tərgitmişdir. Tutulmazdan iki ay əvvəl Bakı şəhərində liposaksiya əməliyyatı olunmuş, ona görə də yoxlanış məqsədilə təxminən 15 gün olardı ki, Azərbaycana gəlmişdir. Əslində onu gözəllik solununda baş vermiş hadisə ilə bağlı tutmuşlar. Belə ki, tutulmamışdan bir gün əvvəl Bakı şəhərində fəaliyyət göstərən «İn Studio» gözəllik salonunda lazer epilyasiyasına getmiş, lakin həmin prosedurdan sonra bədənində, əsasən də sinəsində səpkilər əmələ gəlmişdir. Ona göstərilən xidmətdən narazı qaldığı üçün növbəti gün həmin gözəllik salonuna getmiş və salonun sahibi ilə görüşərək öz iradını bildirmək istəmişdir. Lakin həmin vaxt salonda işləyən xanımlardan biri ilə aralarında mübahisə yaranmış və sonuncu polis çağırmışdır. Orada özünün də emosional davrandığını etiraf edir və başa düşür. Bir müddət sonra polis əməkdaşları salona gəlmiş və onları 21-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində aralarında barışıq əldə olunduğu üçün üç saat sonra onu buraxmışlar. Polis Bölməsindən çıxarkən polis əməkdaşı onun üçün taksi çağırmış, o da həmin taksiyə minərək başqa bir gözəllik salonuna getmişdir. Həmin gözəllik salonunda təxminən iki-üç saat qalmış, daha sonra kartından pul çıxarmaq üçün taksi çağıraraq “X10”nin yanına getmişdir. Kartdan pul çıxarıb yenidən taksiyə əyləşmək istəyərkən polislər onu tutmuş və avtomobilə mindirərək Polis İdarəsinə aparmışlar. Polis İdarəsində onun saçından tutub otağa salmışlar və həmin otaqda ona qarşı kobudluq göstərmişlər. Daha sonra ondan iki ədəd bükümün ona məxsus olduğunu boynuna alması tələb olunmuş, əks halda çox pis olacağı ilə hədələnmişdir. O, əvvəlcə razılaşmayaraq heç nəyi boynuna almadığına görə ona yenidən təzyiqlər göstərilmiş, o da məcbur olub polislərin dediyi ilə razılaşaraq bükümlərin ona məxsus olduğunu boynuna almaq məcburiyyətində qalmışdır. Növbəti gün onun yaşadığı evdə də axtarış aparılmış və polislər öz əlləri ilə düzəltdikləri narkotik vasitəni istifadə etmək üçün nəzərdə tutulan lampanı guya onun evindən çıxmış kimi rəsmiləşdirmişlər. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Düzdür, o sosial şəbəkələrdə aktiv olmuş, narkotik vasitənin qəbulunu yalnız imitasiya etmiş və danışıqlarında «qoy mənə sübut etsinlər ki bu narkotikdir» kimi fikirlər işlətmişdir. Özünün əvvəllər arabir psixotrop maddələr qəbul etdiyini etiraf edir. Belə ki, müəyyən gecə partilərinə gedərkən psixotrop maddə, o cümlədən ekstazi qəbul edəndə musiqini daha dərindən duymaq, eşitmək olur. Həm də ekstazidən sonra insana kifayət qədər enerji gəlir, pozitiv və yorulmaz əhval yaranır. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istinaq zamanı dindirilərkən verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir və həmin maddədən asılılığı yaranmışdır. Psixotrop maddə hesab edilən və el içində -“patı” və “şüşə” kimi tanınan metamfetamindən uzun müddətdir istifadə etdiyi üçün mütəmadi olaraq müxtəlif tanımadığı şəxslərdən həmin maddəni almışdır. Bundan başqa kirayə yaşadığı evdə pul müqabilində kişilər ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğu üçün, özü üçün tanımadığı şəxslərdən əldə etdiyi psixotrop maddə olan metamfetamini həmçinin yanına gələn müştərilərə aldığı qiymətdən daha baha qiymətə sataraq qazanc əldə etmişdir. Belə ki, metamfetamin tərkibində olan komponentlərinə görə insanda əlavə enerji yaratdığı üçün və ondan istifadə etdikdən sonra uzun müddət fasiləsiz cinsi əlaqədə olmaq gücü yaratdığı üçün yanına gələn müştərilər ondan pul müqabilində metamfetamin almışdır. Buna görə də o, hər zaman özü üçün psixotrop maddə olan metamfetamini alan zaman əlavə olaraq müştərilərinə də satmaq məqsədilə həmin maddəni almışdır. 30 avqust 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Qış parkı” adlanan ərazidə olduğu zaman orada tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 100 manat müqabilində iki bükümdə olan psixotrop maddə metamfetamini almışdır, daha sonra həmin metamfetaminin bir bükümünü əynində olan sarı rəngli köynəyin sol döş cibinə, digərini isə qara rəngli əl çantasının içərisinə qoymuşdur. Bundan sonra şəxsi işləri ilə məşğul olmuşdur. Həmin gün öz istifadəsi üçün daha əvvəllər aldığı metamfetamindən qaldığı üçün yeni aldığı bükümlərdən istifadə etməmiş və həmin günlərdə “patı” istəyən müştərinin olmadığı üçün aldığı bükümlər üzərində qalmışdır. 01 sentyabr 2021-ci il tarixdə saat 21:15 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmış və xidməti vəsiqələrini göstərərək polis olduqlarını bildirmişlər, daha sonra ona izah etmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlarla birlikdə Nəsimi Rayon Polis İdarəsinə getməlidir. O, etiraz etmədən həmin şəxslərlə xidməti avtomobilə əyləşmiş və Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada olan zaman üzərinə şəxsi axtarışın keçiriləcəyi barədə ona məlumat verilmiş və maddi durumu zəif olduğu üçün dövlət hesabına ona müdafiəçi təyin edilmiş, daha sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üstündə, paltarında və paltarlarının ciblərində, və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o əynində olan sarı rəngli köynəyinin sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, bir bükümdə olan ağ rəngli kristal şəkilində maddə olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi boz rəngli xalatının yan ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, sonra ağ rəngli idman ayaqqabılarını çıxarması tələb olunmuş, o ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabısını geyinməsi və üst-başını səliqəyə salması tələb edilmişdir. Bundan sonra ona məxsus üzərində gəzdirdiyi qara rəngli dəridən olan əl çantasının içərisindəkiləri çıxarması təklif olunmuş və o çantadan 140 manat (2 ədəd 50 manatlıq, 4 ədəd 10 manatlıq), 3040 dinar (4 ədəd 50, 2 ədəd 1000, 1 ədəd 200, 1 ədəd 500, 2 ədəd 10, bir ədəd 100), 2 ABŞ dolları, 7 qrivin (1 ədəd 2, bir ədəd 5), 1500 alban pulu (1 ədəd 500, 1 ədəd 1000 ədəd) pulları, özünə məxsus hərbi bileti, ümumvətəndaş pasportu və sürücülük vəsiqəsi, «Umiko» viza kartı, «Privat Bank»a aid kartı, «Xalq Bank»a aid kartı, «Unversalnaya» aid bank kartını və çantanın içərisindən olan ciblikdən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristalşəkilli bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Daha sonra üzərindən çıxan iki ədəd bükümdə olan maddənin el arasında “patı” kimi tanınan metamfetamin olmasını etiraf etmiş və həmin maddəni “Qış Parkı” adlanan ərazidə tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 100 manata aldığını söyləmişdir. Həmin vaxt həyəcanlı olduğundan və qorxduğundan metamfetamini satdığını söyləməmiş və bildirmişdir ki, öz istifadəsi üçün almışdır. Daha sonra üzərindən aşkar edilmiş iki büküm metamfetamin qablaşdırılmış və ekspertizaya göndəriləcəyi barədə məlumat verilmişdir. Üzərindən aşkar edilmiş metamfetamin qablaşdırılaraq götürüldükdən sonra təhqiqatçı çantasından çıxmış onun şəxsi əşyalarının hamısını ona geri qaytarmışdır. O, saxlanılan zaman və ya daha sonra Polis İdarəsinə gətirildikdən sonra hər hansı bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Psixotrop maddə olan metamfetamini aldığı şəxslə “WhatsApp” və “İnstagram” sosial şəbəkələrində olan hesablar ilə əlaqə saxlamış və hazırda həmin şəxsin mobil telefon nömrəsini və sosial şəbəkədə olan hesabını xatırlamır. Öz sosial şəbəkədə olan hesabının da adını və şifrəsini xatırlamır, psixotrop maddə olan metamfetamini satdığı şəxslərin kim olduqları barədə məlumatı yoxdur, əksər hallarda həmin şəxslər onunla pul müqabilində qeyri-təbii yolla cinsi əlaqədə olan kişilərdir. Kirayə yaşadığı evdə ondan başqa heç kəs pul müqabilində cinsi əlaqədə olmur. O, bu işə heç kəsi cəlb etmədiyi kimi, onu da bu işə heç kəs cəlb etməyib. Könüllü olaraq qazanc əldə etmək üçün bu yolu seçmiş, törətdiyi cinayət barədə heç kəsin məlumatı olmamış və ona bu işdə heç kəs köməklik etməmişdir (cild 1, iş vərəqə 98-102). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 01 sentyabr 2021-ci il tarixdə “Anna” ləqəbli şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə o, rəhbərliyə raportla müraciət etdikdən sonra Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 01 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində o, Şahid2 ilə birlikdə ünvan 3 ünvanın qarşısına gəlmişlər. Təxminən 10 dəqiqə gözlədikdən sonra əməliyyat məlumatında göstərilən əlamətlərə malik olan bir nəfər şəxs qeyd edilən ünvana gəlmişdir. Bundan sonra onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun narkotik vasitələri daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirmişlər. Onlar həmin şəxsdən üzərində hər hansı qanunsuz əşya olub-olmamasını soruşduqda, sonuncu üzərində qeyriqanuni əşya olduğunu etiraf etmişdir. Bundan sonra həmin şəxsi Nəsimi rayon Polis İdarəsinə dəvət etmişlər, o da etiraz etməyərək onlarla idarəyə gəlmişdir. Polis idarəsində onlara məlum olmuşdur ki, həmin şəxs ünvan 4 ünvanında qeydiyyatda olan, ünvan 5vanda yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi dəvət olunmuş və xidməti otaqlarının birində mütəxəssis qismində dəvət olunmuş inspektor krimnalist X2 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qeyri-qanuni əşyanı təqdim etməsi təklif edilmiş və sonuncu əynindəki sarı rəngli köynəyinin sol yan cibində «şüşə» və ya «patı» kimi tanınan psixotrop maddə metamfetamin olduğunu demişdir. Bundan sonra əynindəki sarı rəngli köynəyin sol yan cibindən şəffaf sellofanda olan bir ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuş, həmin maddə barədə sorğu-sual edərkən Təqsirləndirilən şəxs maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli əl çantasının içərisindəkiləri çıxartması təklif olunmuş, Təqsirləndirilən şəxs əl çantasının içərsindən 140 manatı, 3040 dinarı, 2 ABŞ dollarını, 1500 Alban pulunu, özünə məxsus hərbi bileti, ümumvətəndaş pasportunu və sürücülük vəsiqəsini, «Umiko» viza kartı, «Privat Bank»a, «Xalq Bank»a, «Unversalnaya Bank»a aid kartları və bir ədəd şəffaf sellofana bükülmüş bir ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu bildirmiş və həmin iki ədəd bükümdə metamfetamini tanımadığı şəxsdən aldığını demişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən zərfə qoyularaq Nəsimi rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs başqa bir cinayət əməlini törətməsi barədə heç bir məlumatı yoxdur, onlarda yalnız onun narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat olmuş, Təqsirləndirilən şəxs saxlanılarkən müqavimət göstərməmiş, ona qarşı hər hansı qeyri-qanuni hərəkətlərə yol verilməmiş və fiziki zor göstərilməmişdir. Həm də saxlanarkən uzun saçları olan və xüsusi diqqət çəkən qadın geyimi geyinmiş Təqsirləndirilən şəxs cinsi azlıq nümayəndəsi olması, plastik əməliyyatlara məruz qalması aşkar bəlli olmuşdur. Bədəninin bəlli nahiyələrinə əməliyyatla ifrat dərəcədə silikon yeridildiyini görmək üçün hətta mütəxəssis olmağa belə zərurət olmamışdır. Təcrübədən də bilir ki, belə şəxslərlə çox ehtiyatlı davranılmalıdır. Çünki, hər hansı sərt hərəkət, bədənə kənardan ehtiyatsız toxunuş silikona görə ciddi fəsad verə, dərinin çatlayıb silikonun dağılması ilə nəticələnə bilər. Ona görə də saxlandığı anda və bütün sonrakı mərhələdə Təqsirləndirilən şəxs qarşı həm də bu səbəbdən xüsusi ehtiyatlı münasibət göstərilmiş, maksimum həddə nəzakətli, incə davranılmışdır. Bir məsələni də qeyd edir ki, “Anna” ləqəbli şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumatın yoxlanması ilə bağlı araşdırmalar apararkən müəyyən etmişdir ki, bu şəxs ayrı-ayrı sosial şəbəkələrdə kifayət qədər aktivdir və onun aktivliyi həm cinsi azlıq kimi həyat tərzinə bağlı məsələlər, əsasən isə aşkar şəkildə narkotik vasitələrin və psixotrop maddələrin qəbulunun təbliği ilə bağlıdır. Təqsirləndirilən şəxs bu məzmunlu videomaterialları hazırda da sosial şəbəkələrdə qalmaqdadır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 göstərdi ki, 02 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmə, daşıma və satışı ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında axtarış aparılmış, axtarışda ondan əlavə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4, Təqsirləndirilən şəxs və onun vəkili X5 iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunla qadağan olunmuş əşya olub-olmaması soruşulmuş, o, yaşadığı evdə qanunsuz əşya olmadığını, evin ikinci mərtəbəsində metamfetamini çəkmək üçün kustar üsulla hazırlanmış qurğu olduğunu bildirmişdir. Bundan sonra axtarışda iştirak edən şəxslərin iştirakı ilə evin ikinci mərtəbəsindəki televizor olan rəfdən lampadan kustar üsulla psixotrop maddə metamfetaminin istifadəsi üçün hazırlanmış həmin qurğu götürülmüşdür. Daha sonra axtarışda iştirak edən şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, qanunla qadağan edilən əşya və predmet aşkar edilməmiş, həmin qurğu müstəntiq tərəfindən zərfə qoyularaq Nəsimi rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə axtarış keçirilərkən o, hər hansı müqavimət göstərməmiş və ya etirazını bildirməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin digər əməkdaşı Şahid4 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 01 sentyabr 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 06 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, o da əynindəki sarı rəngli köynəyinin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristalşəkilli maddə olan bükümü və qara rəngli əl çantasının içərisindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngli kristalşəkilli maddə olan bükümü, bundan əlavə əl çantasının içərisindən 140 manat, 3040 dinar, 2 ABŞ dolları, 1500 Alban pulu, özünə məxsus hərbi bilet, ümumvətəndaş pasportu və sürücülük vəsiqəsi, «Umiko» viza kartı, «Privat Bank»a, «Xalq Bank»a, «Unversalnaya Bank»a aid kartları çıxrıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin maddəni şəxsi istifadəsi üçün “Qış Parkı” adlanan ərazidə tanımadığı şəxsdən 100 manata aldığını bildirmişdir (cild 1, iş vərəqə 46-53,158). Axtarış aparılması haqqında 02 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5vanında keçirilmiş axtarış nəticəsində kustar üsulla lampadan hazırlanmış və metamfetaminin istifadəsi üçün nəzərdə tutulmuş qurğu götürülmüşdür (cild 1, iş vərəqə 79-84). Məhkəmə-kimyəvi ekspertizasının 02 sentyabr 2021-ci il tarixli, 6/3826 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 186 dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs ... əl çantası....» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 3,543 qram ağ rəngli, kristalşəkilli maddə üzərində «Təqsirləndirilən şəxs...........üzərindən ...» yazı və imzalar olan zərfdə təmiz çəkisi 3,177 qram ağ rəngli, kristalşəkilli maddə ilə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 6,620 qram təşkil etmişdir (cild 1, iş vərəqə 58-63). Məhkəmə-kimyəvi ekspertizasının 24 sentyabr 2021-ci il tarixli, 6/4112 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qara rəngli polietilen bağlamadakı şüşə lampanın içərisində psixotrop maddə olan metamfetamin izi vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və təqdim edilmiş metamfetaminlərlə eynilik tədqiqatı aparmaq mümkün deyildir (cild 1, iş vərəqə 165-167). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 15 oktyabr 2021-ci il tarixli, 2402 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barədə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs transseksualizm formasında cinsi müəyyənləşdirmənin pozuntusu qeyd olunur. Qeyd olunan cinsi müəyyənləşdirmənin pozuntusu Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarına təsir etməmişdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hanı psixi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 170-174). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 noyabr 2021-ci il tarixli 4247 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 175-176). Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 04 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 193-194). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə olan metamfetaminin ona məxsus olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 01 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 25, 110-114). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,620 qram təşkil edən psixotrop maddə olan metamfetamin və metamfetaminin istifadəsi üçün şüşə lampadan kustar üsulla hazırlanmış qurğu məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvanda axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 59,228). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində “Kredo” Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi “Kredo” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,620 qram təşkil edən psixotrop maddə olan metamfetamin, habelə metamfetaminin istifadəsi üçün şüşə lampadan hazırlanmış qurğu məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvanda axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Kredo” Vəkil Bürosunun hesabına X4 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar