Məhkəmə qərarları › İş №1(101)-490/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-490/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-490/2024 05.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4, X2 və X8, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X11, Dövlət ittihamçısı və X6, müdafiəçi- Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 saylı məhkəmə iclas zalında saat 09:30-da açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda təmiz çəkisi 2,327 qram narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,218 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 06 fevral 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 30 ünvanının yaxınlığında özünü şübhəli apardığından Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 13-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli parça şalvarın sağ arxa cibindən 04 ədəd şəffaf polietilen bükümdə və 02 ədəd gümüşü falqa bükümdə, onlardan 05 ədəd bükümdə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan təmiz çəkiləri 1,185 qram, 0,146 qram, 0,855 qram, 0,125 qram, 0,016 qram, ümumi təmiz çəkisi 2,327 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,218 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 06 fevral 2023-cü il tarixdə, saat 10-11 radələrində polis əməkdaşları onun ünvan 4 ünvanında yerləşən yaşadığı evə gələrək onu və yanında olan “Yaqut” adlı qızı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə aparmışlar. Aşkarlanan narkotik vasitə və psixotrop maddələr yanındakı qıza məxsus olmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, evlərdə körpə uşaqlara baxıb aylıq 200-300 manat pul qazanmış, ilk dəfə narkotik vasitəni 2- 3 il əvvəl istifadə etmiş, “kola” adı ilə bildiyi narkotik vasitə olan heroini “Yaqut” adlı şəxs vasitəsilə istifadə etməyə başlamış, narkotik vasitəni “Yaqut” adlı şəxsdən 30-35 manata əldə etməklə, 1 qram narkotik vasitəni 2 gün ərzində istifadə etmişdir. O, heç vaxt psixotrop maddə olan metamfetamindən istifadə etməmiş, aşkarlanan həmin maddə ona məxsus olmamış, evinə 4-5 polis əməkdaşı gəlib evdə axtarış apardıqdan sonra içərisində metamfetamin və heroin olan bükümlər aşkarlanmış, lakin ona məxsus olmamış, “Yaqut” adlı şəxsə məxsus olmuşdur. Evdə onun üzərinə baxış keçirilməmiş, daha sonra polis əməkdaşları Sabunçu Rayon Polis İdarəsinə, oradan da həmin polis idarəsinin 13-cü Polis Bölməsinə aparmışlar. Bölmədə müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərinə baxış keçirilmiş, bölmədə polis əməkdaşları üzərindən aşkar olunan heroin və metamfetamini özününkü kimi təqdim etməsini tələb etmiş, onda isə 0,5 qram narkotik vasitə olan heroin olmuşdur. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq edildiyindən qorxduğu üçün polis əməkdaşlarının dediklərini videoçəkilişdə demək məcburiyyətində qalmış, videoçəkilişdə üzərindən aşkar olunan narkotik vasitə qablaşdırılıb zərfə qoyulduqdan sonra imzalamışdır. O, “Yaqut” adlı şəxsin adını və mobil nömrəsini bilir. Zob, əsəb-sinir, astma xəstəliyi, həmçinin onkoloji-mədə xəstəliyi vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, “kola” adlandırdığı narkotik vasitə heroini və “patı” adlandırdığı psixotrop maddə metamfetamini təxminən 3 ildir istifadə edir, narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxslərdən alır. O, 05 fevral 2023-cü il tarixdə səhər saatlarında Bakıxanov qəsəbəsi ərazisində tanımadığı şəxsdən 5 ədəd bükümdə narkotik vasitə heroin və 1 ədəd bükümdə psixotrop maddə metamfetamini 25 manata alıb özündə saxlamış, 06 fevral 2023cü il tarixdə, saat 21:30 radələrində kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 30 ünvanının yaxınlığında piyada getdiyi zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, həmin vaxt üstündə narkotik vasitə və psixotrop maddə olduğundan polis əmədaşlarının verdikləri suallara dolğun cavab verə bilməyib özünü şübhəli aparmışdır. Bu səbəbdən, polis əməkdaşları onu 13-cü Polis Bölməsinə dəvət etmiş, orada ona hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılan zaman üzərində olan bütün əşyaları təqdim etməyi təklif etdikdə, o, əynində olan qara rəngli parça şalvarın sol arxa cibindən 1 manat pul və sağ arxa cibindən 04 ədəd şəffaf rəngli sellofan bükümü və 01 ədəd gümüşü rəngli falqa bükümü təqdim etmiş, bundan sonra orada olan qadın polis əməkdaşı üzərində şəxsi axtarış apararkən şalvarın sağ arxa cibindən əlavə olaraq 01 ədəd gümüşü rəngli falqa bükümü də aşkar edib götürmüşdür. Əynində olan şalvarın sağ arxa cibindən aşkarlanmış 4 ədəd şəffaf sellofan bükülü açılan zaman onlardan 1 ədədinin içərisində ağ rəngli, kristalşəkilli maddə, digər 3 ədəd şəffaf sellofan bükülünün və 2 ədəd gümüşü rəngli falqanın içərisindən isə tünd-boz rəngli, tozşəkilli maddələr olduğu aşkar edilmişdir. Həmin maddələrin “kola” və “patı” kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu, öz istifadəsi üçün 05 fevral 2023-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 25 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra ondan aşkar edilmiş 6 ədəd büküm zərfə qoyulmaqla qablaşdırılıb imzalanaraq möhürlənmiş, protokol tərtib olunaraq imzalarla təsdiq edilmiş, 1 manat pul isə özünə qaytarılmışdır. Həmin narkotik vasitə və psixotrop maddəni özü qəbul etmək məqsədi ilə üzərində saxlamış, üzərində saxladığı heroin və metamfetamindən istifadə etməmişdir. O, narkotik vasitə və psixotrop maddəni tək qəbul etmiş, bu barədə heç kimə bildirməmiş, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini gizli qəbul etmişdir. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əynində qara rəngli gödəkçə və qara rəngli cins şalvar olan arıq bədən quruluşlu, qarayanız şəxsdən almışdır. Digər əlamətlərini xatırlamır. Başqa cinayət törətməmiş, polis bölməsində ona heç bir şəxs təzyiq göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 06 fevral 2023-cü il tarixdə, saat 21-22 radələrində xidmət etdiyi şöbənin əməkdaşı Şahid1 ilə birgə ərazidə xidmət apardıqları vaxt Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 30 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs şübhəli davrandığını görüb yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində şəxsiyyət vəsiqəsi olmadığına və özünü şübhəli apardığına görə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə dəvət etmiş, polis bölməsində videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs üzərindən təxminən 4-6 büküm narkotik vasitə olan heroin və metamfetamin aşkar olunduqdan sonra sonuncu həmin narkotik maddələri 05 fevral 2023-cü il tarixdə tanımadığı şəxsdən 25 manat müqabilində əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs evində deyil, küçədə saxladıqlarını və həmin vaxt sonuncunun tək olduğunu, bölməyə gətirildikdən hansı müddət sonra üzərinə baxış keçirilməsinin yadında qalmadığını, Təqsirləndirilən şəxs evinə baxış keçirilmədiyini, ona qarşı hər hansı formada təzyiq, zorakılıq olmadığını, Təqsirləndirilən şəxs üzərindən aşkarlanan narkotik maddələr qablaşdırılaraq ekspertizaya göndərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis Polis İdarəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. O, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində bir nəfər xanımın üzərinə şəxsi axtarış və baxış keçirilməsi ilə əlaqədar dəvət edilmiş, həmin bölmədə Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət olunmuş, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet varsa, təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı olmadan üzərinə baxış keçirilməsini xahiş etmiş, videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və baxış keçirildikdə Təqsirləndirilən şəxs könüllü formada qara rəngli şalvarının arxa cibindən ayrı-ayrılıqda içərisində narkotik maddələr olan 3 ədəd, 1 ədəd və 1 ədəd olmaqla şəffaf və gümüşü sellofanlarda olan bükümləri və 1 manat pulu çıxarmışdır. Onun tərəfindən aparılan şəxsi axtarış zamanı 1 büküm də əlavə olaraq aşkarlanmışdır. Təqsirləndirilən şəxs aşkar olunan narkotik maddələri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində səhər radələrində tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, aşkarlanan 6 ədəd bükümdə narkotik tərkibli maddə qablaşdırılıb möhürləndikdən sonra imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 Təqsirləndirilən şəxs üzərinə 06 fevral 2023-cü il tarixdə, saat 23:30 radələrində baxış keçirildiyini, videoçəkiliş vasitəsilə təqsirləndirilən şəxsə qarşı fiziki zor və ya psixi təzyiq olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs könüllü formada hər hansı fiziki zor və ya psixi təzyiqin olmadığını bildirdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş X9 ifadəsində və ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, ünvan 5 ünvanında yaşamaqla, Təqsirləndirilən şəxs qonşusudur, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Dəqiq xatırlamadığı tarixdə saat 10-11 radələrində yaşadığı mənzilin eyvanında siqaret çəkən vaxt Ləman və yanındakı qızın maşına əyləşdirildiyini görmüş, blokdan çıxan vaxt Təqsirləndirilən şəxs tək olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs maşına əyləşdirən şəxslər mülki geyimdə olmaqla, kim olduqlarını bilməmiş, sonradan qonşuları həmin şəxslərin polis əməkdaşları olduğunu söyləmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 30 ünvanının yaxınlığında üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığına və verilmiş sualları qeyri-adekvat cavablandırdığına görə narkotik maddənin istifadəsində şübhəli bilinib Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə dəvət edilib gətirilmişdir. (Cild 1, iş vərəqə 4-5) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 21:30 dəqiqədən hesablanmışdır. (Cild 1, iş vərəqə 6; 15) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarının sol arxa cibindən 1 manat pul, həmin şalvarın sağ arxa cibindən 04 ədəd şəffaf rəngli sellofan büküm, 02 ədəd gümüşü rəngli falqa büküm aşkarlandıqdan sonra sonuncu həmin maddələrin “kola” və “patı” kimi tanıdığı narkotik maddələr olduğunu, öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 25 manat müqabilində əldə etdiyini bildirmiş, aşkarlanan ümumilikdə 06 ədəd büküm bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, 1 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 24; 26-27) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/741 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №160” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 06 ədəd büküm” yazısı və imzalar olan kağız zərfdəki 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,185 qram, 0,146 qram, 0,855 qram, 0,125 qram, 0,016 qram olmaqla, ümumi təmiz çəkisi 2,327 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,218 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər. Qeyd: heroinin ümumi təmiz çəkisi 2,327 qram olmuş, tədqiqata ümumi 0,17 qram (4 ədəd hər büküm 0,03 qram və 1 ədəd büküm 0,01 qram) sərf edildikdən sonra 2,157 qram qalıq qalmış, metamfetaminin təmiz çəkisi 0,218 qram olmuş, tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,168 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 37-38) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 45-46) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-109/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. (Cild 1, iş vərəqə 64-68) xx.xx.2023-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 69-70) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət xarakterli məlumat yoxdur. (Cild 1, iş vərəqə 83) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd edilənlər öz əksini tapmışdır. (Cild 1, iş vərəqə 84) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 85) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli, 1/980 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 5 ildə həmin xəstəxanaya müraciət etməmişdir. (Cild 1, iş vərəqə 95) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 xx.xx.2023-cü il tarixli, 2970 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 96) Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 49-2/2-4513 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxsin kim olması, onun narkotik maddənin satışı ilə məşğul olub-olmaması müəyyən edilməmişdir. (Cild 1, iş vərəqə 97) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X13 xx.xx.2023-cü il tarixli, 3007 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 98-99) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 25 may 2023-cü il tarixli, AZF/LGL-2564/23 nömrəli məktubun qoşması olan 01 ədəd elektron daşıyıcıya baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 108) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qızından aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,327 qram olan narkotik vasitə-heroin və təmiz çəkisi 0,218 qram olan psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza nəticəsində heroinin 2,157 qram qalığı və metamfetaminin 0,168 qram qalığı saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, iş üzrə təqsirləndirilən şəxs və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və ona əlavə edilmiş 01 ədəd CD disk, ekspert rəyləri sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 110-115) “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “X14” X13 xx.xx.2024-cü il tarixli, 18-1- 19/2-111/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2017-ci il tarixdən bugünədək X7 müraciət etməmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X13 11 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli, 134 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 11 nömrəli şəhər poliklinikasına heç bir xəstəliklə bağlı müraciət etməmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 49/2-46902 nömrəli məktubundan görünür ki, Əliyeva X5 Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə gətirilən zaman bədəni üzərində xəsarət aşkar olunmamışdır. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 3918xid/23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalması xüsusatı əsasında rayon prokurorluğunda araşdırma aparılmamışdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “X17” X16 xx.xx.2024-cü il tarixli, 18-1- 17/2-187/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həmin xəstəxananın Otorinolorinqologiya şöbəsində “Xroniki tonzillit” diaqnozu ilə müaliəcə almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2022-ci il tarixdə cərrahi profilli təcili tibbi yardım şöbəsinə ambulator müraciət etmiş və cərrah tərəfindən müayinə edilərək “On iki barmaq bağırsağın xorası” diaqnozu qoyulmuşdur. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanılarkən ona polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edildiyinə görə ibtidai istintaq zamanı etirafedici məzmunda ifadə verdiyini demişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə daxil olarkən bədəni üzərində hər hansı xəsarətin olub-olmamasını dəqiqləşdirmək üçün həmin idarəyə sorğu verilib cavabı alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 49/2-46902 nömrəli məktubundan görünür ki, həmin idarənin müvəqqəti saxlama yerinə daxil olarkən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkarlanmamışdır. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 3918xid/23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalması xüsusatı əsasında rayon prokurorluğunda araşdırma aparılmamışdır. Məhkəmə baxışı zamanı həmin xüsusatın aydınlaşdırılması üçün şahidlər Şahid1 və Şahid2 suallar verilmiş, şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra psixi və ya fiziki zorakılıq edilmədiyini bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkarlanan narkotik vasitə və psixotrop maddələrin ona deyil, eyni evdə yaşadığı “Yaqut” adlı şəxsə məxsus olduğunu, polis əməkdaşlarının onun yaşadığı evə basqın edərək həmin qızla birgə polis bölməsinə apardıqlarını desə də, şahidlər Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs ünvan 6 ünvanının yaxınlığında saxladıqlarını, videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən ümumilikdə 6 ədəd bükümdə narkotik vasitə-heroin və psixotrop maddə-metamfetaminin aşkarlandığını, nümayiş etdirməsi üçün əlavə kütlənin təqdim edilmədiyini bildirmişlər. Cinayət işinin materiallarının 1-ci cildinin 4-cü vərəqində olan raportdan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 və Şahid2 tərəfindən 06 fevral 2023-cü il tarixdə, saat 21:30-da ünvan 6 ünvanının yaxınlığında saxlanılmışdır. Həmçinin, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin başqa polis əməkdaşı tərəfindən və fərqli tarixdə saxlanılması ilə bağlı hər hansı mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 26-27-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” və 84-cü vərəqəsində olan “Baxış keçirilməsi haqqında” protokollardan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin inzibati binasında aparılmışdır. Təqsirləndirilən şəxs aşkarlanan həmin bükümlər kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokollardan görünür ki, zərf “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/741 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş “...Təqsirləndirilən şəxs təqdim etdiyi 06 ədəd büküm...” və sair yazılar, imzalar olan “Azərbaycan Respublikası DİN Zərflər üçün №160” dairəvi möhür əksi olan bir ədəd bağlamanın tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində 5 ədəd bükümdə ümumi təmiz çəkisi 2,337 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin və 1 ədəd bükümdə 0,218 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin təqdiqata təqdim edildiyi müəyyənləşmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə bir halı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində zob, əsəb-sinir, astma, həmçinin onkoloji-mədə xəstəliyinin olduğunu, həmin xəstəliklərlə bağlı X10, 5 saylı xəstəxana və 11 saylı poliklinikaya müraciət edib müalicə aldığını bildirdiyindən, məhkəmə həmin halın araşdırılması üçün müvafiq tibbi müəssisələrinə sorğu verib cavablarını əldə etmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “X14” X20 və “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X13 11 nömrəli şəhər poliklinikasından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs həmin tibb müəssisələrinə hər hansı xəstəliklə bağlı müraciət etməmişdir. “X17” X13 məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həmin xəstəxananın Otorinolorinqologiya şöbəsində “Xroniki tonzillit” diaqnozu ilə müaliəcə almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2022-ci il tarixdə cərrahi profilli təcili tibbi yardım şöbəsinə ambulator müraciət etmiş və cərrah tərəfindən müayinə edilərək “On iki barmaq bağırsağın xorası” diaqnozu qoyulmuşdur. Göründüyü kimi, müvafiq sorğulara cavablarda Təqsirləndirilən şəxs ağır xəstəliyinin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət verir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Bundan başqa, məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş X9 ifadəsində göstərdiyi xüsusatla bağlı tarixi dəqiq xatırlamadığına, Təqsirləndirilən şəxs yanında olan qızın və deməsinə görə sonuncunu aparan şəxslərin şəxsiyyətləri barədə məlumatlı olmadığına, hazırki cinayət işi ilə onun görmüş olduğu xüsusatın hər hansı əlaqəsinin məhkəməyə aydın olmadığına görə, Təqsirləndirilən şəxs qonşusu olmaqla, xeyrinə ifadə verməsini nəzərə alaraq həmin ifadəni mötəbər hesab etmir. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini, şahidlər Şahid1, Şahid2 və Şahid3 həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələrini, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi 2,327 qram, metamfetaminin təmiz çəkisi 0,218 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1 və 2-ci Siyahılarının 5 və 67-ci bəndlərinə əsasən – heroin və metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, təmiz halda 2 qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış heroinin və metamfetaminin miqdarı şəxsi istifadə üçün nəzərdə tutulmuş aşağı həddindən çoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ifadəsini, şahidlər Şahid1, Şahid2 və Şahid3 həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri və predmetləri sübut kimi qəbul etməklə, təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə-heroinin çəkisinin külli miqdarda olmasına əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, səhhətinin vəziyyətini cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayətin xarakterini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin növünü, çəkisini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi əsası ilə azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 (üç) gün müddətə şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək tutulduğu 3 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 3 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 05 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 05 ədəd bükümdə ümumilikdə 2,157 qram narkotik vasitə-heroin, 01 ədəd bükümdə 0,168 qram psixotrop maddə-metamfetamin məhv edilməli, cinayət işi üzrə sübut kimi qiymətləndirilmiş şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X13 17 may 2023-cü il tarixli, 3007 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2024-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,157 qram təşkil edən heroin və 0,168 qram təşkil edən metamfetamin məhv edilsin. Şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar