Məhkəmə qərarları › İş №1(101)-490/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-490/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-490/2025 08.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X5 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Rusiaya Federasiyasının Krasnodar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən vaxtda, İran İslam Respublikasının vətəndaşı kimi bildiyi «Baba» adlı şəxsdən külli miqdarda ümumi təmiz çəkisi 4,042 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 1,827 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində daşımaqla saxlamış, onun narkotik vasitələr və psixotrop maddələrin qansuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 06 may 2024-cü il tarixdə saat 15:30-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xətai rayonu, General Mehmandarov küçəsi 54 saylı binanın qarşısında saxlanılıb ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynindəki qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan torbada, 07 (yeddi) ədəd şəffaf selofan və kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,767 qram, 0,031 qram, 0,051 qram, 0,035 qram, 0,052 qram, 0,057 qram, 0,049 qram külli miqdarda ümumi təmiz çəkisi 4,042 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 17 (on yeddi) ədəd şəffaf selofan və kağız bükümlərdə ayrı- ayırılıqda təmiz çəkiləri 0,398 qram,0,761 qram, 0,048 qram, 0,061 qram, 0,058 qram, 0,044 qram, 0,065 qram, 0,059 qram, 0,038 qram 0,025 qram, 0,058 qram, 0,036 qram, 0,029 qram, 0,051 qram, 0,046 qram, 0,029 qram, 0,021 qram ümumi təmiz çəkiləri 1,827 qram olan ağ rəngli, kristalşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, evdən çıxmaq istəyən vaxt polis əməkdaşları onu evdə tutmuşlar. Narkotik vasitə istifadə edir. Narkotik vasitəni instaqramda tanış olduğu iranlıdan almşdır. Onda ittihamda göstərilən bükümdə narkotik vasitə olub. Narkotik vasitəni konum vasitəsilə Ramanıdan götürmüşdür. Ona qarşı hər hansı təzyiq olmayıb. Əlavə olaraq bildirmişdir ki, narkotikdən 6 aydır istifadə edir. Həmin narkotiki alan günü bükümlərə bölmüşdür ki, daha rahat istifadə etsin. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində göstərmişdir ki, təxminən 3 aydır narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir, çox vaxtı müxtəlif yerlərdən tanımadığı şəxslərdən aldığı narkotik vasitəni və psixotrop maddələri müxtəlif üsullarla, əsasən çəkmə yolu ilə qəbul edir. 3 ay olar ki, «İnstaqram» sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuş, ondan bir neçə dəfə narkotik vasitələri və psixotrop maddələri «zakladka» üsulu ilə almışdır. Həmin şəxsə «Baba» demiş. Babaya pul göndərmiş. Baba «İnstaqram» sosial şəbəkədə qoyduğu yerə dair konum və şəkil atmış o, da gedib həmin yerdən narkotik vasitəni götürmüşdür. 04 may 2024-cü il tarixdə Baba ilə əlaqə saxlamış, yəni əvvəl Babaya «İnstaqram» şəbəkəsində əlaqə saxlamış, sonra Baba öz +98 992 *** **** «Whatspapp» nömrəsindən sosial şəbəkədə onunla əlaqə saxlayıb 04 qram kola, yəni narkotik vasitə heroin və 02 qram şüşə və ya daş, yəni psixotrop maddə metamfetamin olmasını bildirib onun hesabına pul göndərilməsini istəmişdir. “Baba” ilə razılaşmış və «M 10» tətbiqində olan öz nömrəsindən Babanın göndərdiyi M10 nömrəsinə 236 manat pul göndərmişdir. Bundan sonra həmin şəxs ona narkotik vasitə və psixotrop maddəni qoyduğu yeri göndərmişdir. Göndərilmiş «konum» əsasında, «zakladka»nın yerinin xəritədə harda olduğu barədə məlumata əsasən 04 may 2024-cü il tarixdə taksi sifariş verərək tanımadığı taksi sürücüsünün dövlət nömrə nişanı yadında qalmadığı avtomobilində saat 21 radələrində Sabunçu rayonu. Ramanı qəsəbəsinə, dəqiq yadında qaldmayan ünvana gedərək ağacın dibini əli ilə axtarıb narkotik vasitəni və psixotrop maddəni götürmüşdür. Ordan götürdüyü ağzı skoçlanmış bir ədəd şəffaf selofan torbada olan maddəni başqa adını bilmədiyi sürücünün dövlət nömrə nişanını bilmədiyi taksi avtomobilində evə qayıtmışdır. Qərara gəlmişdir ki, Babadan aldığı narkotik vasitələri və psixotrop maddələri satsın ki, özü üçün narkotik vasitə almağa pulu olsun. 05 may 2024cü il tarixdə saat 00:00-dan saat 02:00-a qədər müddətdə evdə tək olduğu zaman gecə saatlarında həmin şəxsdən aldığı narkotik vasitəni və psixotrop maddəni satmaq üçün kiçik ölçüdə selofan və kağız bükümlərə qoymuşdur. 06 may 2024-cü il tarixdə saat 15:30 radələrində həmin kiçik ölçüdə bükümləri əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibinə qoyub müxtəlif ünvanlarda yaşayan müştərilərə satmaq məqsədilə evdən çıxmış yaşadığı ünvan 5 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları olduqlarını bildirərək, onu narkotik vasitələrin istifadəsində və satışında şübhəli bilib 35-ci PB-nə dəvət etmişlər. Onlara müqavimət göstərməmişdir. 35-ci PB-də müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Bu zaman əynindəki qəhvəyi rəngli gödəkcəsinin sol cibindən özünə məxsus «Huaway» markalı üzərində ***-***-**-** nömrəsi olan mobil telefonu çıxardıb masa üzərinə qoymuşdur. Sonra həmin gödəkcənin sağ yan cibindən böyük sellofan parçasına bükülmüş kiçik ölçülərdə olan bükümlərə qoyulmuş narkotik vasitə heroini və «daş» kimi tanıdığı psixotrop maddə metamfetamin ilə olan bükümləri cixararaq masanın üzərinə qoymuşdur. Cəmi 24 balaca ölçüdə sellofan və kağıza bükülmüş bükümlər olmuş, onlardan 07-si heroin, 17-si isə «daş» kimi tanıdığı psixotrop madə metamfetamin olmuşdur. Bir büküm isə boş olmuşdir. Bükümlərin içərisində nə olması ondan sorüşulduqda həmin bükümlərdə narkotik vasitənin heroin və «daş» adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu demişdir. Daha sonra həmin bükümlər tərəziyə qoyulmuş və çəkisi müəyyən edildikdən sonra özünün, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə zərfə qoyularaq, imzalanmış və qablaşdırılmışdır. Sonra bu barədə protokol tərtib edilmiş, onun və digər iştirakçılar protokol ilə tanış olduqdan sonra protokol iştirakçılar tərəfindən imzalanmışdır. Özü narkotik vasitə və psixotrop maddələri həm qəbul etmiş həm də satırmışdir ki, narkotik vasitəni və psixotrop maddəni özü qəbul etmək üçün almağa pulu olsun. Polis əməkdaşları onu saxlayan zaman və polis bölməsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Babanın «M 10» tətbiqində olan telefon nömrəsi yadında qalmamış, pulu Babaya göndərdikdən sonra «M 10» tətbiqini ümumiyyətlə telefondan silmişdir. Çünki istəməmişdir ki, telefonunda bu barədə iz qalsın. Babanın hesabı olmamış, pulu telefon nömrəsinə göndərmişdir. Narkotik vasitə və psixotrop maddəni kimlərə satmaq istədiyini hələ bilməmiş, çıxıb tanıdığı adamların yanına gedib təklif etmək istəmiş, polis əməkdaşları saxladıqları üçün bunu edə bilməmişdir. Baba ona narkotik vasitə və psixotrop maddəni satarkən onu harasa çatdırılması barədə heçnə deməmişdir. Baba narkotik vasitə və psixotrop maddəni onun istifadə etməyi üçün satmış. Babadan ona nə qədər narkotik vasitə sata biləcəyini soruşmuş, Baba ona nə qədər pul verərsə o qədər də sata biləcəyini demiş, narkotik vasitə istifadə etməyini və satmağını heç kim bilməmiş,narkotik vasitələrlə və psixotrop maddələr olan bükümləri evində hazırlayarkən heç bir tərəzidə çəkməmiş, onları təxmini ölçüdə bölmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 2024-cü ilin may ayında narkotik vasitələrin qanunsuz devriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, əməliyyat tədbirləri keçirlmiş və şəxs saxlanılıaraq idarəyə gətirilmişdir. İdarədə isə şəxsdən çoxsaylı bükümlər aşkar olunmuşdur. Şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməyib. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi, saxlaması və satışı barədə daxil olmuş əməliyyat məlumatı barədə polis bölməsinin rəisinə raportla məruzə edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna özü və Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Fərhadov Valeh Vəkil oğlu daxil edilmişdir. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs 06 may 2024-cii il tarixdə saat 15:30-da Bakı şəhəri Xətai rayonu, General Mehmandarov küçəsi 54 saylı binanın qarşısında saxlanılaraq şübhəli şəxs kimi Xətai RPİ-nin 35-ci PB-nə dəvət edilmişdir. PB-də Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra polis şöbəsinin inzibati otaqların birində onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs qərarla tanış edilmiş, ona hüquqları izah edilmiş və hüquqlarının müdafiəçi üçün vəkil dəvət edilmişdir. Bundan sonra videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə, əşya və ya sənədlər varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sol cibindən qara rəngli üzərində ***-***-**-** nömrəsi olan, işlək vəziyyətdə «Huaway» markalı nobil telefonu, gödəkçənin sağ yan cibindən isə bir ədəd şəffaf sellofan torbaya bükülmüş, içərisində hər biri kiçik olçülii selofana və kağıza bükülmüş Fuad Rasimioviçin bildirdiyinə görə ümumilikdə 25 ədəd olan içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə və içərisində krstalşəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddələr olan bükümləri çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələr «kola», yəni heroin və «daş», yəni metamfetamin kimi bildiyi maddələrdir, onları «İnstaqram» sosial şəbəkəsində tanış olduğu, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından sonuncunun hesabına 236 (iki yüz otuz altı) manat pul göndərməklə 04 may 2024- cii il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində qoyduğu yerdən götürmüş, satmaq məqsədilə həmin narkotik vasitə və psixotrop maddələri yaşadığı evdə kiçik olçiidə büktimləyərək həmin gün, yəni xx.xx.2024-cü il tarixdə müxtəlif ünvanlara müştərilər üçün gizlətmək məqsədilə evdən çıxan zaman saxlamasını bildirmişdir. Bundan başqa, təqdim olunan bükümlərdən başqa narkotik vasitəsinin olmadığını və saxlanılan zaman ona qarşı hər hansı bir formada təzyiq olmadığını, saxlanıldığı zaman onun üzərində heç bir axtarış aparılmadığını bildirmişdir. Təqsirləndirilən şəxs bildirdiyinə görə həmin narkotik vasitə və psixotorp maddəyə bənzər maddələr olan bükümlərdən 13 büküm «daş», yəni metamfetamin, 12 ədədi isə «kola» yəni heroindir, cəmi 25 ədəd büküm olmuşdur. Lakin, bükümlər açılaraq sayıldıqda məlum olmuşdur ki, 07 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə, 17 ədəd bükümdə isə psixotrop maddə metamfetaminə bənzər maddə olmuşdur. Bir büküm isə boş olmuşdur. Təqsirləndirilən şəxs sual verildikdə ki, nə üçün bükümlərin miqdarını səhv bildirmişdir, o, cavab vermişdir ki, ola bilsin sayı qarışdırmışdır. Təqsirləndirilən şəxs götürülmüş bükümlər elektron tərəzidə çəkilmiş, içərisində metamfetaminə bənzər maddələr olan 17 ədəd bükümlərin iimumi çəkisi 3,20 qram, heroinə bənzər maddələr olan 07 ədəd sellofana və kağız bükümlərin ümumi çəkisi isə 4,96 j qram olmuşdur. 1 büküm boş olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin hər hansı digər maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra həmin narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddələr olan cəmi 24 ədəd bükümlər zərfə qoyularaq möhürlənmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, şəxsi axtarış və götürmə zamanı videoçəkilişin əks olduğu disk protokola əlavə edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol və zərf imzalanmışdır. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir şikayət və təklif daxil olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr ekspertiza tədqiqatına göndərilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid Fərhadov Valeh Vəkil oğlunun ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis bölməsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3ci maddə ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin cibindən qara rəngli üzərində mobil nömrə olan, işlək vəziyyətdə “Huavey” markalı mobil telefonu, gödəkçənin yan cibindən isə şəffaf selefon və kağız bükümlərdə olan narkotik vasitə hesab olunan heroinə və psixotrop maddə hesab olunan metamfetaminə bənzər maddələri çıxarıb təqdim edərək, bu maddələrin kola və daş olduğunu, “İnstaqram” sosial şəbəkəsində tanış olduğu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından 236 manat pul ödəməklə xx.xx.2024cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində götürməsini aldığı narkotik vasitə və psixotrop maddələri yaşadığı evdə satmaq məqsədi ilə kiçik ölçülərdə bükərək xx.xx.2024cü il tarixdə müxtəlif ünvanlarda müştərilərə satmaq məqsədi ilə evdən çıxan zaman üzərində saxlamışdır. Bundan sonra elektron tərəzi ilə heroinə bənzər maddə və metamfetamin maddəsinə oxşar maddə çəkilərək qablaşdırılmışdır. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd (DVD) disk cinayət işi üzrə maddi sübut kimi tanınmışlar. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/2527 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan....” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 7 (yeddi) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,767 qram, 0,031 qram, 0,051 qram, 0,035 qram, 0,052 qram, 0,057 qram, 0,049 qram ümumi çəkisi 4,042 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 17 ədəd (on yeddi) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,398 qram, 0,761 qram, 0,048 qram, 0061 qram, 0,058 qram, 0,044 qram, 0,065 qram, 0,059 qram, 0,038 qram, 0,025 qram, 0,058 qram, 0,036 qram, 0,029 qram, 0,051 qram, 0,046 qram, 0,029 qram, 0,021 qram ümumi təmiz çəkiləri 1,827 qram olan ağ rəngli, kristalşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspert tədqiqatından sonra qalıq çəkiləri 3,972 qram olan narkotik vasitə heroin və 1,657 qram olan psixotrop maddə metamfetamin Xətai RPİ-nin saxlancına təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının 3749 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə axtarış-baxış keçirilmişdir. Axtarış-baxışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırma və məhkəmə araşdırması zamanı verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və yaxud da psixoloji təzyiqlər edilmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, narkotik vasitəni və psixotrop maddəni satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığı, narkotik vasitəni satmaq fikri olmadığı barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin və psixotrop maddənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını və xırda bükümlər (24 büküm) halında olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsi), şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən (hökmdən) müəyyən olunur ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop madddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Xətai RPİ-nin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkiləri 3,972 qram olan narkotik vasitə heroin və 1,657 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk və mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş 01 ədəd cd formatlı optik disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Huavvei” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə və ya qohumlarına qaytarılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəza çəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xətai RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkiləri 3,972 qram olan narkotik vasitə heroin və 1,657 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk və mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş 01 ədəd cd formatlı optik disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Huavvei” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə və ya qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərci 80 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar