Məhkəmə qərarları › İş №1(101)-491/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-491/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-491/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2002-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Çinarlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Qəhrəman oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində ünvan 1 saylı ünvanda Zərərçəkmiş şəxs yaxınlaşaraq telefonla danışmaq bəhanəsi ilə aldadıb sonuncuya məxsus üzərində 10 manat dəyərində mobil telefon nömrəsi və 5 manat dəyərində üzlüyü olan 950 manat dəyərində «Samsung Galaxy S9» markalı mobil telefon aparatını aldıqdan sonra, telefon aparatını qaytarmamaq məqsədi ilə həmin yerdən uzaqlaşmaq istəyərkən, Zərərçəkmiş şəxs onu tutub saxladığından, o, hücuma məruz qalmış şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən əlilə vuraraq sonuncunun sağlamlığına burun sümüyünün yerdəyişməyən sınığı, burnun şişkinlik halında əzilməsi, burun belinin sıyrığı, üst dodağın qansızması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq etməklə sonuncunun əlindən mobil telefon aparatını alıb ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs 965 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 11-12 radələrində qardaşı Elşənlə birlikdə evdən çıxaraq piyada «Xarı Bül-Bül» restoranına tərəf getmişlər. Orada“Xarı Bül-Bül restoranın adminstratoru Əlizamin ilə görüşərək iş barədə maraqlanmış, Əlizamin isə axşama kiçik məclis sifarişi götürdüklərindən onların lazım olmadıqlarını bildirmişdir. Bundan sonra o, qardaşı ilə birlikdə piyada yaşadığı ünvana doğru getmiş, həmin vaxtı içində iş paltarları olan idman çantası onda olmuşdur. Bu zaman Nizami rayonu, Q.Qarayev prospekti, 78 saylı evin yaxınlığında qarşıdan gələn əvvəllər tanımadığı, lakin sonradan adının Xaqan olduğunu bildiyi şəxsin gəldiyini görüb düşünmüşdür ki, onun mobil telefon aparatını alıb tanışı ilə danışsın. Bundan sonra o, qardaşı Elşənə bir söz demədən həmin oğlana çatmış, oğlandan danışmaq üçün mobil telefon aparatını istəmişdir. Həmin şəxs ona mobil telefon aparatını vermiş, o da mobil telefon aparatını qulağına tutub guya kiminləsə danışırmış kimi özünü aparmağa başlamış və çalışmışdır ki, həmin şəxsdən aralansın ki, telefonu götürüb qaçsın. Ona görə də o, telefon qulağında aralandıqda həmin şəxsdə onun ardınca gəlməyə başlamış və mobil telefon aparatını ondan istəmişdir. O, isə mobil telefon aparatını yaxınlıqda olan binada yaşayan dostuna guya danışması üçün verib sonradan isə alıb qaytaracağını deyərək binanın girişinə daxil olmuşdur. Həmin vaxtı qardaşı Elşən də mobil telefon qaytarmasını desə də, Elşənin onun fikrindən xəbəri olmadığı üçün onun nə etdiyini başa düşməmişdir. O, binanın girişinə daxil olduqda həmin şəxslə Elşən də binanın girişinə daxil olmuş, bu zaman telefonun sahibi onun əynində olan paltardan tutaraq mobil telefonunu istəmiş, o, isə sonuncunun əlindən çıxıb qaçmaq üçün onunla süpürləşmişdir. Bu zaman qardaşı Elşən isə onları aralaşdırmağa başlamış, lakin o, həmin şəxsin onu buraxmamasını görüb sonuncunun sinəsindən bir dəfə itələmiş və telefonu götürüb oradan qaçaraq getmişdir. Həmin zaman Elşən orada qalmış, Bir qədər keçdikdən sonra qardaşı Elşən gəlib onu binanın arxasında tapmış və onun nə üçün belə etdiyini soruşmuş və ondan telefonu aparıb qaytarmasını demiş, o da yalandan telefonu fikrində qalmayan yerə atdığını demişdir. Sonra qorxaraq oradan evlərinə getmiş, lakin o, telefonu özündə saxlamış və sonradan mobil telefon aparatını tanımadığı bir şəxsə satıb pulunu özünə sərf etmişdir. Hazırda o, törətdiyi əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışmış, ona vurulan zərəri tam ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Cinayəti törədərkən 18 yaşının yenicə tamam olmasını, ailə vəziyyətinin çətin olmasını, kirayədə yaşamalarını, anasının ağır onkoloji xəstə olmaqla cərrahi əməliyyatlar keçirməsini, hal-hazırda da ağır xəstəlikdən əziyyət çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməklə onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona mümkün qədər güzəşt edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonunda Neftçilər metrosundan çıxıb evə gedən zaman sonradan adlarının Elgün və Elşən olduqlarını bildiyi iki qardaş ona yaxınlaşaraq telefonundan istifadə etmək istədiklərini bildirmişlər. O da onlara etiraz etmədən özünə məxsus «Samsung Galaxy S9» markalı mobil telefon aparatını Elgünə vermişdir. Elgün sarışın, Elşən isə qaraşın olmuş, o, hiss etmişdir ki, Elgünün telefonu qaytarmaq fikri yoxdur, ona görə də sonuncudan telefonunun qaytarılmasını tələb etmişdir. Həmin vaxtı Elgünün qardaşı Elşən də Elgünə telefonu ver getsin demişdir. Lakin Elgün telefonu ona qaytarmamış, binanın girişində Elgün qaçmaq istəyərkən o, onu tutub saxlamış, bu vaxt gözləmədiyi halda Elgün onun sifət nahiyəsindən yumruq zərbəsi vurmuşdur. Onun gözündə olan eynəyi yerə düşmüş, o, eynəksiz Elgünün arxasınca qaçmış, ancaq sonuncuya çata bilməmişdir. Elşən arxadan onu səsləyərək «gəl eynəyini yerdən götür» demiş, sonra Elşəndə həmin vaxtı çıxıb getmiş, hava qaranlıq olduğundan o, eynəyini tapa bilməyərək çıxıb evinə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, əslən Şəmkir rayonundan olsa da, anası Lamiyə və qardaşı Elgünlə birlikdə Bakı şəhərində yaşayırlar. X4 2003-cü ildə vəfat etmiş, bundan sonra o, anası və kiçik qardaşı Elgün birlikdə yaşamışlar. Onların Bakı şəhərində evləri olmadığı üçün onlar kirayədə yaşayırlar. Əvvəllər müxtəlif ünvanlarda, o cümlədən Bakı şəhəri, C.Naxçıvanski küçəsində kirayədə yaşasalar da, sonradan, yəni təxminən bir il olar ki, Bakı şəhəri, Q.Qarayev prospektində ünvanını dəqiq bilmədiyi iki otaqlı mənzildə hər aya görə 250 manat ödəməklə kirayə yaşayırlar. Ailədə anası xəstə olduğu üçün işləmir, onlarında daimi iş yeri yoxdur, ona görə də onlar 8-ci km bazarında göyərti bağlamaqla çörək pulu qazanırlar. Sonradan adına bildiyi Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. Qış aylarında bazar soyuq olduğundan o, və qardaşı restoranlarda xidmətçi kimi işləmiş, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 11-12 radələrində qardaşı Elgünlə birlikdə evdən çıxaraq piyada «Xarı Bül-Bül» restoranına tərəf getmişlər. Məqsədləri restoranın adminstratoru Əlizaminlə görüşərək işlə maraqlanmış, Əlizamin isə axşama kiçik məclis zakazı götürdüklərindən onların lazım olmadıqlarını bildirmişdir. Bundan sonra o, qardaşı ilə birlikdə piyada yaşadığı ünvana doğru getməyə başlamışdır. Həmin vaxtı içərisində iş paltarları olan idman çantası qardaşı Elgündə olmuş, Nizami rayonu, Q.Qarayev küçəsi, 78 saylı evin yaxınlığında sonradan adını bildiyi Xaqanı görmüşlər. Onlar sonuncunun yanından keçən zaman qardaşı Elgün Xaqandan mobil telefonunu danışması üçün istəmişdir. O, əvvəlcə Elgünün hərəkətini başa düşməmiş, çünki əvvəlcədən aralarında kiməsə zəng etməklə bağlı hər hansı bir söhbət olmamışdır. Sonradan düşünmüşdür ki, yəqin pulları olmadığı üçün iş tapması üçün qardaşı Elgün kiminləsə danışmaq istəyir. Ona görə də ona heç nə demədən gözləmiş, bu zaman qardaşı Elgünün telefonu aldıqdan sonra telefonu qulağına tutub Q.Qarayev prospektinə doğru getməyə başlamasını görüb o, Elgünə telefonu qaytarmasını demişdir. Elgün isə yenə də telefonu qulağına tutaraq orada yerləşən binaların birinin girişinə doğru getmişdir. Həmin zaman Xaqan ondan telefonunu istədikdə Elgün guya dostunun həmin binada yaşamasını bildirərək binanın girişinə daxil olduqda Xaqan onun ardınca, o, da sonuncuların ardınca binanın girişinə daxil olmuşdur. Bu zaman Xaqan Elgünü paltarından tutaraq telefonunu qaytarmasını istədikdə onlar əlbəyaxa olmuşlar. Həmin zaman o, araya girərək sonuncuları aralaşdırmağa çalışmış, bu zaman Elgün Xaqanın sifətindən yumruqla vurmuşdur. Bundan sonra Elgün oradan qaçıb getdikdə o, Elgünü səsləyərək telefonu qaytarmasını demişdir. Lakin Elgün oradan qaçıb getmiş, həmin vaxtı Xaqan da Elgünün ardınca bir qədər getmişdir. Lakin hadisə zamanı eynəyi və əlində olan kitabları yerə düşdüyündən o, Xaqana eynəyinin və kitablarının yerə düşməsini bildirmişdir. Bundan sonra Xaqan kitabını götürməyə getmiş, o, isə Elgünü binanın arxasında görüb nə üçün belə etdiyini deyib telefonu qaytarmağını demişdir. Lakin Elgün telefonu fikrində qalmayan yerə atdığını bildirmiş, bundan sonra narahat olub oradan evlərinə getmişlər. Bundan sonra Elgün ona bildirmişdir ki, pulu olmadığından telefonu əldə edib sataraq pul əldə etmək fikrinə düşmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx xxxxxx 2020-ci il tarixli 88 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməyən sınığı, burnun şişkinlik halında əzilməsi, burun beylinin sıyrığı, üst dodağın qansızması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (iş vərəqə 29-31) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsinin xx xxxx 2020-ci il tarixli 1074 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlunda ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə E,Q,Abdullayev öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. (iş vərəqə 251- 253) İş materiallarında olan «Videogörüntüyə baxış keçirilməsi haqqında» xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Şahid müdafiəçi – 6 saylı hüquq məsləhətxanasının vəkili X2 tərəfindən təqdim edilmiş 1 ədəd CD-də olan videogörüntüyə baxış keçirilən zamanı müəyyən edildi ki, videogörüntü ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs ifadəsini əhatə edən sonuncunun görüntüsüdür. Həmin görüntüdə Zərərçəkmiş şəxs baş vermiş hadisə barədə danışaraq hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən ona zor tətbiq edilərək əmlakının ələ keçirilməsi, Şahid tərəfindən ona qarşı hər hansı bir qanunsuzluğa yol verilməməsi, sonuncu tərəfindən köməklik göstərilməsini bildirir. (iş vərəqə 229) İş materiallarında olan şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınması üçün ona təqdim edilmiş fotoşəkillər arasından Təqsirləndirilən şəxs Qəhrəman oğlunu tanıyaraq ona qarşı quldurluq cinayətini törətmiş şəxsin həmin şəxs olmasını bildirmişdir. (iş vərəqə 277-279) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidin ifadələrini və digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxx 2005-ci il tarixli 1 nömrəli qərarının 7-ci bəndində qeyd edilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə, özgənin əmlakın talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. X6 23-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. X6 25-ci bəndinin ikinci abzasında qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.)həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püskürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.1-ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 146) İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş xx xxxxxx 2021-ci il tarixli, **********137 saylı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs qismində ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, halhazırda Təqsirləndirilən şəxs Qəhrəman oğlu ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 -ci maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə olaraq cinayət əməlini törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, uşaq ikən atasını itirməsini, anasının onkoloji xəstə olduğundan ailənin qazanc gətirəni olmasını, ailə vəziyyətlərinin çətin olmasını, gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, cinayətin törədilməsindən sonra təqsirləndirilən şəxsin davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları, cəzanı yüngülləşdirən həm ayrıayrı halları, həm də bu cür halların məcmusunu nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilərək, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddən də az cəza təyin edilməsi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə bir ədəd “CD disk” maddi sübut kimi cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 - 99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında protokoldan və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxx 2020ci il tarixli, 4(007)-99/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlunun barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 67-68; 140-142) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd “CD disk” cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar