Məhkəmə qərarları › İş №1(101)-491/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-491/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-491/2022 05.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X4; dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ağdam rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, Ağdam rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, ev 70, mənzil 70-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti ibtidai istintaq orqanına məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 7324,57 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq 7310 qramını yaşadığı ünvan 1 ünvanda gizlətməklə saxlamış, narkotik vasitə qurudulmuş marixuananın qalan 14,57 qramını isə üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 fevral 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da yaşadığı Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, ev 70 ünvanının yaxınlığında saxlanılmaqla qeyd olunan Baş İdarəyə gətirilmiş və orada saat 22:10-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd kibrit qutusunda tərkiblərinə görə eyni ayrı-ayrılıqda 7,344 qram və 7,226 qram olmaqla ümumilikdə təmiz çəkisi 14,57 qram olan narkotik vasitə qurudulmuş marixuanana aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 16 fevral 2021-ci il tarixdə saat 23:15-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, ev 70, mənzil 70 saylı mənzilə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən yataq otağında yerləşən iki mərtəbəli çarpayının sağ küncündən ümumilikdə üç ədəd sellofan torbalarda üzərindən çıxan qurudulmuş marixuana ilə və öz aralarında eynilik təşkil edən, ayrı- ayrılıqda 2450 qram, 2505 qram və 2355 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar- 7310 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai rayonu “Yeni Günəşli” qəsəbəsində yaşayır. Müxtəlif tikililərin təmirində usta kimi işləyir. 16 fevral 2021-ci il tarixdə yaşadığı evə yaxın çayxanada vaxtını keçirirmiş. Tanışı olan “Rahim” adlı şəxs onun övladına yemək alınması üçün onunla birlikdə “Xəzər İnşaat” adlanan tikinti materiallarının satıldığı mağazanın yanında olan aptekə getməyi xahiş etmişdir. Onlar qeyd etdiyi əraziyə onun avtomobili ilə getmişlər. “Rahim” lazım olan azuqəni alıb maşına əyləşdikdən sonra polis əməkdaşları avtomobildə olduqları zaman onları tutmuşlar. Hadisə təqribi saat 21:00-22:00 arasında baş vermişdir. İlk öncə tanışı olan “Rahim”in yaşadığı evə gedib baxış keçirtdilər, daha sonra onun yaşadığı evə getmişlər. Həmin vaxtı ailə üzvlərindən başqa evdə qohumları da olmuşdur. Nə onun, nə də “Rahimin” yaşadığı evdə heç bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Səbail rayonu Badamdar qəsəbəsində olan polis idarəsinə getmişlər. O zaman DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını anlamışdır. Rahimlə onu ayrı-ayrı maşınlarda həmin idarəyə gətirmişlər. Orada ona təzyiq göstərilərək cibinə iki qutu narkotik vasitə olan marixuana qoymuşlar. Gecə saat 03:00-04:00 arası yenidən yaşadığı evə gedib iki torbada olan narkotik vasitələri evinə yerləşədirib daha sonra həmin torbalarda olan əşyaların guya ona məxsus olması barədə videoçəkiliş həyata keçirilmişdir. O, ailəlidir, himayəsində üç azyaşlı övladı vardır. O, ibtidai istintaq zamanı ona göstərilmiş təzyiq səbəbindən ittihamı qəbul etmişdir. Narkotik vasitələrdən yalnız marixuanadan 2020-ci ildən istifadə etməyə başlamışdır. Narkotik vasitələri öz şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən almışdır. Lakin tutularkən üzərində və evində narkotik vasitə olmamışdır. Polis əməkdaşları narkotik vasitələrin onun özünə məxsus olması barədə ifadə verməyə məcbur etmişlər. O, ibtidai istintaqda verdiyi ifadəni oxumadan imza etmişdir, həmin ifadəni təsdiq etmir, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Təxminən bir il bundan öncə Bakı şəhəri ərazisində tikintidə işləyən zaman əvvəllər tanımadığı şəxsdən bir kibrit qutusu qurudulmuş marixuana almış, həmin marixuanadan istifadə edən zaman içərisində altı ədəd marixuana toxumu olduğunu görmüş, marixuanadan mütəmadi istifadə etdiyindən həmin toxumları əkməyə qərar vermiş, buna görə toxumları özündə saxlamış, 2020-ci ilin mart ayında Ağdam rayonu, Baharlı kəndində yaşayan nənəsi Nazilənin evinə gedən zaman əkmək məqsədilə həmin toxumları da, özü ilə götürmüş, orada olan zaman götürdüyü toxumları həyətyanı sahənin sonunda əkmiş, nənəsi həmin evdə babası Salman ilə yaşamış, babası təxminən 2 ay öncə vəfat etmişdir. Toxumları əkdikdən sonra yaşadığı Bakı şəhərinə geri qayıtmış, keçən müddət ərzində həftədə 1 dəfə olmaqla Ağdam rayonunda yaşayan nənəsigilə getmiş və toxumlara mütəmadi qulluq etmiş, belə ki, inkişaf etmiş marixuana kollarının diblərini yumuşaldaraq xüsusi qulluq etmişdir. 2020-ci ilin avqust ayında bitkilər inkişaf etdikdən sonra onları istifadə etmək və satmaq məqsədilə ilk öncə yığaraq qurutmuş, daha sona isə bitkiləri sellofan torbaya, sellofan torbaları isə plastmas qablara yığaraq nənəsinin yaşadığı evin həyətyanı sahəsində basdırmış, marixuananı basdıran zaman öz istifadəsi üçün təxminən 20-25 qram götürmüş, tutulmamışdan bir gün öncə həmin qeyd olunan marixuanaları satmaq və istifadə etmək üçün yaşadığı evə gətirməyə qərar vermişdir. Bu məqsədlə Ağdam rayonu, Baharlı kəndində yaşayan nənəsinin evinə gedərək basdırdığı qabları çıxarmış, daha sonra həmin qabları yaşadığı Bakı şəhərinə gətirmiş, Bakı şəhərinə gəldikdən sonra sellofanları qabın içərisindən çıxarıb yaşadığı evin yataq otağında gizlətmişdir. Marixuananı yaşadığı evə gətirən zaman arvadı və uşaqları qaynatası evinə qonaq getmiş, həmin vaxt evdə tək olduğundan marixuanadan daha sonra istifadə etmək məqsədilə iki ədəd kibrit qutusuna yığmağa, həmçinin istəyən olacağı təqdirdə kibrit qutusun birini 60 manata satmağa qərar vermiş, kibrit qutularının hər birinin içərisinə təxminən 10 qram qurudulmuş marixuana doldurmuşdur. 16 fevral 2021-ci il tarixdə saat 21 radələrində məhəllədə gəzmək məqsədilə yaşadığı evdən çıxmış, həyətə düşən zaman içərisində marixuana olan kibrit qutularını gödəkçəsinin sağ yan cibinə qoymuş, yaşadığı məhəllədə piyada gəzən zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşmış, onlar xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmiş, sonra polis əməkdaşları ondan üzərimdə narkotik vasitə olub-olmadığını soruşmuş, artıq üzərində olan narkotik vasitə marixuanadan polis əməkdaşlarının xəbərdar olduğunu düşündüyündən onlara üzərində narkotik vasitə olduğunu demiş, bundan sonra polis əməkdaşları ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına getməyi təklif etmiş, polis əməkdaşlarına bu barədə etiraz etməyib onlara məxsus avtomobilə əyləşərək birlikdə Baş İdarənin inzibati binasına getmişdir. İdarədə olan zaman vəkillərin siyahısı oxuyub, tanış omaq üçün verilmiş, müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra hüquqlarının müdafiə olunmasını istəmiş və bu barədə ərizə yazmış, təxminən 15-20 dəqiqədən sonra müdafiəçi X9 xidməti iş otağına gəlmiş və onun iştirakı ilə hüquq vəzifələri ona izah edildikdən sonra bu barədə yazılı bildiriş ona təqdim olunmuşdur. Sonra tərtib edilmiş sənədləri oxuyub müdafiəçinin iştirakı ilə tanış olmuş, sənədlərlə tanış olduqdan sonra videoçəkiliş ilə onun üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, şəxsi axarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və kütlənin təqdim edilməsi təklif olunmuş, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən İki ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı təqdim etmiş, təqdim etdiyi qutuların hər biri ayrı-ayrılıqda ağızları açılıb nümayiş etdirilmişdir. Sonra qutular elektron tərəzinin üzərinə qoyularaq çəkilmiş, kibrit qutuları zərfə yığıldıqdan sonra üzəri yazılmış və möhürlənmiş, zərfin üzəri, onun, müdafiəçi və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Üzərində şəxsi axtarış aparılan zaman bir ədəd Samsung markalı mobil telefon, siqaret və 102 manat pul aşkar edilmiş, ona məxsus 1 ədəd Samsung markalı mobil telefon İş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə polis əməkdaşı tərəfindən götürülmüş, pul və siqaret isə ona geri qaytarılmış, polis əməkdaşları tərəfindən verilən suallara cavab olaraq yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxladığını etiraf etmiş, sonra polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə etiraz etməməyi barədə ərizə yazmışdır. Ərizəni təqdim etdikdən sonra polis əməkdaşları videoçəkilişi dayandıraraq protokol tərtib etmiş, protokol uca səslə oxunduqdan sonra müdafiəçinin iştirakı ilə ona imza etmiş, həmçinin digər iştirakçılar da, protokola imza etmiş, sonra xidməti avtomobillə o, müdafiəçi və polis əməkdaşları Baş İdarənin inzibati binasından yaşadığı ünvan 2 ünvana getmişlər. Yaşadığı evin giriş qapısının önündə videoçəkiliş altında evə, oradan da evin yataq otağına daxil olmuş, bundan sonra girişdə sağ tərəfdə olan çarpayının yanında gizlətdiyi iki ədəd sellofan torbalardakı narkotik vasitə marixuana kütlələrini polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi kütlələrə baxış keçirdikdən sonra hər bir torbanı ayrı-ayrılıqda elektron tərəzidə çəkərək bir ədəd torbaya yığmışlar. Daha sonra torbanın ağzı bağalanaraq üzəri yazılmış, yazılmış ağ kağız uca səslə oxunduqdan sonra onu müdafiəçinin iştirakı ilə imzalamış, sonra kağızın üzəri möhürlənib götürülmüş, polis əməkdaşları yaşadığı evin digər otaqlarına baxış keçirmiş, baxış zamanı evin digər yerlərindən narkotik vasitə və qanunla qadağan edilmiş digər maddə və ya əşya aşkar edilməmişdir. Yaşdığı evə polisə əməkdaşları tərəfindən baxış keçirilib qurtardıqdan sonra müvafiq protokolun tərtib edilməsi üçün, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına qayıtmış, orada xidməti iş otağında protokol tərtib edilərək uca səslə oxunmuş, yenə də, müdafiəçinin iştrakı ilə tərtib edilmiş protokolla tanış olduqdan sonra onun üzərini imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşıdır. 16 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, Bakı şəhəri Xətai rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq 16 fevral 2021-ci il tarixdə işlədiyi idarənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ərazisinə getmişlər. Saat 18:00-da Təqsirləndirilən şəxs ünvan 3 ünvanın yaxınlığında saxlamışlar. Özlərini təqdim etdikdən sonra barəsində qəbul edilmiş qərarla tanış etmişlər, bundan sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər, o da, etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən də, istifadə edilmiş, şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərində olan iki kibrit qutusu “marixuana” adlı narkotik vasitəni təqdim etmişdir. Bakı şəhəri, Xətai rayonunda yaşadığı mənzildə də narkotik vasitələr olduğunu, orada saxladığını və təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə daxil olan zamanı ona evdə olan qanunsuz əşyaları təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında çarpayının sağ küncündə iki sellofan torbada marixuana adlanan narkotik vasitə aşkar edilmişdir. Sellofan torbanın içərisində daha bir ədəd sellofan torbada narkotik vasitələr aşkar edilmişdir. Ümumilikdə üç sellofan torbada narkotik vasitələr aşkar edilmişdir. Evə baxış videoçəkilişdən istifadə edilməklə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri doğulduğu Ağdam rayonunda əkib-becərdiyini bildirmişdir. Əməliyyat məlumatı narkotik vasitələrin alışı, satışı və qanunsuz saxlanması barədə daxil olmuşdur. Təqsirləndirilən şəxs Bak şəhəri, Xətai rayonu ərazisində axşam saatlarında tək piyada hərəkət edərkən saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, birgə nigahdan üç övladları vardır. Onun Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və ya satması barədə heç bir məlumatı olmamışdır. Vüsal ailəni dolandırmaq üçün müxtəlif tikintilərdə usta kimi çalışırdı. 16 fevral 2021-ci ildə Vüsal axşam saatlarında işdən gəlib evdə yemək yedikdən sonra dostları ilə görüşəcəyini bildirmişdir. Həmin gün Vüsalın xalasının əri və dayısı da onların evində olmuşdur. Saat 21:00 radələrində mənzilin qapısı döyüldü, qapını açan zaman Vüsalın yanında 5-6 nəfər olduğunu görmüşdür. Həmin şəxslər Vüsalla birlikdə evə daxil olmuşlar. Bu zaman nə baş verdiyini soruşduqda evə gələn şəxslərdən biri narahat olmamağı bildirib, evdə olan bütün şəxsləri bir otağa yığmışlar. Evə gələn mülki geyimlilər evdə olan bütün şkafları və otaqları axtarmağı başlamışlar. Bu zaman evdən hər hansı bir qanunsuz əşya tapılmamışdır. Həmin şəxslər Vüsalla birlikdə evi tərk etmişlər. Vüsalın dayısı digər qohumlarla əlaqə saxlayaraq Vüsalın yanına getmək üçün evdən getmişdir. Gecə saatlarında təqribi 3-4 arası yenidən mənzilin qapısı döyülmüşdür. Qapının gözlüyündən baxan zaman Vüsalı görmüş və sevinmişdir. Qapını açan zaman yenə 7-8 nəfər şəxs evə daxil olmuşlar. Bu vaxt Vüsalın dayısına Vüsalı evə gətirdiklərini bildirib evə gəlməsini demişlər. Evə daxil olan şəxslərin əlində iki torba olduğunu görmüşdür. Onlar digər otaqda olsalar da, o, Vüsalın səsini eşidirmiş. Onlar otaqda olan zaman mülki geyimli şəxslərdən biri otaqdan çıxmamağı üçün qapının qarşısında dayanmışdır. Yaşadığı evdə baxış keçirdikdən sonra Vüsal da həmin şəxslərlə birlikdə evdən getmişdir. Bu hadisədən iki gün sonra Vüsalın narkotik vasitələrin dövriyyəsində saxlanıldığı barəsində video reportaji izləmişdir. Birinci dəfə 16 fevral 2021ci il tarixdə saat 21:00 radələrində mülki geyimli şəxslər evə baxış keçirtmişlər. İkinci dəfə evə baxış keçirtmək üçün gələndə əllərində qara torba olduğunu görmüşdür. Evə baxış keçirilən zaman hamını qonaq otağına yığmışlar. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun baldızı oğludur və tikintilərdə ustalıq etməklə öz ailəsini dolandırır. 16 fevral 2021-ci ildə o, Vüsalgildə olduğu zaman saat 21:00 radələrində Vüsal tanımadığı 5-6 nəfər şəxslə birlikdə evə daxil olmuşdur. Gələn şəxslərdən nə səbəblə mənzilə daxil olduqlarını soruşduqda, Vüsalın yanında olan şəxslər polis əməkdaşı olduqlarını bildirdilər. Həmin zaman Vüsalgilin evində Vüsalın həyat yoldaşı və uşaqları, Vüsalın anası, dayısı, atası və o, olmuşdur. Hadisələr o qədər tez cərəyan etmişdir ki, o, Vüsaldan nə baş verdiyini soruşa bilməmişdir. Həmin şəxslər evi axtardıqdan sonra evdən Vüsalla birlikdə getmişlər. Dayısı Vüsalı hara apardıqlarını öyrənmək üçün arxasınca getmişdir. Daha sonra gecə saat 03:00-04:00 radələrində bu səfər daha çox şəxslə evə baxış keçirtmişlər. Vüsalı evə gətirdikləri zaman evdə olan bütün qohum-əqrəbanı bir otağa yığmışlar və otaqdan çıxmamağı üçün bir nəfər polis əməkdaşını qapının qarşısında dayanmışdır. Daha sonra televiziyada Vüsalın narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını öyrənmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X2 ifdəsində göstərdi ki, 16 fevral 2021-ci ildə oğlu Vüsal axşam saatlarında işdən gəlib evdə yemək yedikdən sonra dostları ilə görüşəcəyini bildirmişdir. 16 fevral 2021-ci ildə saat 21:00 radələrində evə Vüsalla birlikdə tanımadığı şəxslər daxil olmuşlar. Həmin zaman o, evin mətbəxində olmuşdur. Hamını bir otağa yığıb evdə axtarış keçirtmişlər. Heç aman verməmişlər ki, Vüsaldan nə baş verdiyini soruşsunlar. Nəvələri evə gələn şəxslərin bu özbaşına hərəkətləri nəticəsində həyəcan keçirmişdilər. X12 Vüsalın harada saxlanılmasını öyrənmək üçün arxalarınca getmişdir. Həmin gecə saat 03:00-04:00 radələrində yenidən daha çox əməkdaşla evdə axtarış keçirmək üçün gəlmişlər. Bu zaman videoçəkiliş vasitəsilə axtarış keçirtdiklərini görmüşdür. Gələn şəxslərin əlində klok, yəni torba olduğunu görmüşdür. İkinci dəfə evdə baxış keçirtmək üçün daha çox şəxs gəlmişdir. Qeyd etmək istərdi ki, oğlum Vüsal uşaq yaşlarından əməklə məşğul olmuşdur. Zəhmətkeş, qayğıkeş və öz tərbiyəsi ilə həmişə seçilmişdir. Narkotik vasitələrdən istifadə etməsi və həmin maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. İkinci dəfə evdə axtarış aparan şəxslər, birinci dəfə axtarış aparmış şəxslər və başqa şəxslər olmuşdur. Həmin şəxslər mülki geyimdə olmuşlar və onları otaqdan çıxmağa qoymurdular və sakit olmağı deyirdilər. Nəvələri həmin həyəcandan sonra xəstəlik tapmışlar. Sonradan televizorda görmüşdür ki, Vüsalı narkotik vasitələrlə saxlayıblar və evdə bu səbəbdən axtarış keçirmişlər. Məhkəmədə müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, hadisə baş verən gün 16 fevral 2021-ci il tarixində xəsətəliyi ilə əlaqədar olaraq müalicə almaq üçün Bakı şəhərinə gəlmişdir. 16 fevral saat 21:00 radələrində Vüsalgilin evində olduğu zaman evə mülki geyimli şəxslər daxil olmuşdur. Bu zaman Vüsalın ailəsindən başqa xalasının əri də həmin zaman orada idi. Evin hər yerini axtarmağa başlamışlar. Gələn şəxslər polis əməkdaşları olduğunu bildirmişlər. Evdə heç bir qanunsuz əşya tapmayıb Vüsalla birlikdə evdən getmişlər. O, Vüsalın harada, nə səbəbdən saxlanıldığını öyrənmək üçün arxalarınca getmişdir. Gecə saatlarında bacısı zəng edərək evə yenidən baxış keçirtmək üçün gəldiklərini bildirmişdir. Bu zaman Xətai rayonu, General Mehmandarov küçəsi ev 70 ünvanına doğru hərəkət etmişdir. O, binanın qarşısına çatdıqda dörd avtomobilin arxa-arxaya getdiklərini görmüşdür. O, özü Ağdam rayonunda daimi yaşayır, lakin həmin gün müalicə almaq məqsədilə Bakı şəhərinə gəlmişdir. Birinci dəfə axtarış keçirilən zaman o qədər səs-küy olmuşdur ki, heç nə eşitmək olmurmuş. O, evdə olan zaman keçirilən axtarışda heç bir qanunsuz əşya tapılmamışdır. Vüsalın narkotik vasitələr saxlaması səbəbilə axtarış keçirildiyini iki gün sonra bilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmələr zamanı Şahid2 və Şahid1 ifadələrində qeyd etdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə, təsdiq etmişlər. Cinayət işi üzrə 16 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, BNMİ- nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə saat 21:00-da Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, ev 70 ünvanının yaxınlığında saxlanılmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri aşkar edilərək götürülmüşdür. Qeyd edilən baxış zamanı videoçəkilişdən istifadə edilmiş və 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işi üzrə 16 fevral 2021-ci il tarixli mənzilə baxış və götürmə aparılması haqqında protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus mənzilə baxış zamanı oradan 02 ədəd sellofan torbalarda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd edilən baxış zamanı videoçəkilişdən istifadə edilmiş və 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı qeyd olunan videoçəkilişlər nümayiş etdirilərək tədqiq edilmiş və müəyyən olunmuşdur ki, 16 fevral 2021-ci il tarixdə saat 21:00-da Baş Narkotiklərlə Mübarizə İdarəsində üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs özü müdafiəçinin iştirakı ilə əynində olan gödəkçənin sağ yan cibindən iki ədəd kibrit qutusunu təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş, sonradan həmin tarixdə mənzilə baxış zamanı müdafiəçinin iştirakı ilə təqdim etdiyi sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi X3 01 mart 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “Əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair” 16 fevral 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət iş üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 17 fevral 2021-ci il tarixli 7/196 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs...şəxsi axtarış zamanı təqdim etdiyi .... ”. yazısı və imzalar olan kağız paketdəki iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 7,344 qram, 7,226 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs... zamanı təqdim etdiyi ...3 bağlam... 1 ədəd elektron tərəzi... ’’ yazısı və imzalar olan göy rəngli polietilen bağlamanın içərisində 03 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2450 qram, 2505 qram, 2355 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuanaların ümumi təmiz çəkisi 7354,57 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində çətənə bitkisinin hissəscikləri yoxdur. Cinayət iş üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 31 avqust 2021-ci il tarixli 7/852 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Ağdam rayonu, Baharlı-2 ev 804də həyətyanı sahəsindən götürülmüş” sözləri yazılmış kağız paketdə bir ədəd ağ polietilen torbada olan torpaqda narkotik təbiətli çətənə (kannabis) bitkisinin bitməsi mümkündür. Təqdim olunmuş torpaqda narkotik təbiətli çətənə (kannabis) bitkisindən hazırlanmış marixuananın qalıqları yoxdur. Həmin torpaqda marixuananın qalıqları olmadığına görə təqdim olunmuş bir ədəd kağız paketdə və bir ədəd ağ rəngli torbada olan marixuanalar ilə müqayisəli marixuanalar ilə müqayisəli tədqiqat aparılmadı. Cinayət iş üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2272 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamaqla, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməklə, özünün müdafiəsi üçün gətirdiyi dəlillər həqiqəti əks etdirmir. Belə ki, iş üzrə 16 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolu, o cümlədən mənzilə baxış və götürmə aparılması haqqında protokollardan, həmçinin həmin əməliyyat tədbirlərinin gedişinin əks olunduğu videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı ilk andan müdafiə hüququ təmin edilmiş, müdafiəçinin iştirakı ilə keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı özü üzərində və mənzilində olan narkotik vasitələri təqdim etmiş və hər hansı narazılığını, etirazını bildirməmişdir. Qeyd olunan sübutların mötəbərliliyi məhkəmədə dindirilmiş şahidlər Şahid2, Şahid1 ifadələri, ibtidai istintaq zamanı həmin şahidlərlə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolları və məhkəmə-bioloji ekspertizasının 17 fevral 2021-ci il tarixli 7/196 nömrəli rəyi ilə bir daha öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmaması, ona göstərilmiş təzyiq və təsir nəticəsində həmin narkotik vasitlərin ona məxsus olmasını bildirməsi barədə ifadəsində göstərdiklərini həqiqətə uyğun hesab etmir. Əməliyyat – istintaq tədbirlərinin keçirilməsinin əks olunduğu videogörüntülərdə Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsirin göstərilməsi, yaxud belə bir təzyiq və təsirin ehtimal edilməsi müəyyən olunmur, əksinə Vüsal Rüsətmovun səmimi və könüllü olaraq narkotik vasitlələri təqdim etməsi, hər hansı bir etiraz bildirməməsi müəyyən olunmuşdur. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun antenn göstəricilərinin xx.xx.2021-ci il tarixdə əməliyyat – istintaq hərəkətlərinin keçirilməsi vaxtı başqa əraziləri göstərməsi ilə bağlı müdafiə tərəfinin dəlilləri, həmin tarixdə keçirilən əməliyyat – istintaq hərəkətlərinin və tərtib olunmuş protokolların mötəbərliliyinə heç bir təsir göstərmir. Belə ki, Təqsirləndirilən şəxs bir yox, bir neçə telefondan və sim kartdan istifadə etməsi, əvvəlcədən özü üçün alibi yaratması məqsədilə istifadəsində olan telefonun başqa ərazidə olmasını təşkil etməsi kimi hallar istisna deyildir. Bu səbəbdən məhkəmə müdafiə tərəfinin həmin dəlillərini Təqsirləndirilən şəxs videoçəkilişlə özü tərəfindən könüllü şəkildə narkotik vasitələri təqdim etməsini təkzib edəcək hallar hesab etmir. Qeyd olunanlarla yanaşı, şahidlər X5, X10, X2, X7 Təqsirləndirilən şəxs qohumları olduğundan, məhkəmə hesab edir ki, həmin şahidlərin ifadələrində göstərdikləri xüsusatlar sonuncunun müdafiə edilməsinə və ağır cinayət məsuliyyətindən yayınmasına yönəlmişdir və bu səbəbdən məhkəmə həmin şahidlərin ifadələrin inandırıcı qəbul etmir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması cinayətlərini törətməsi tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə tövsif edilməli olması barədə nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında göstərilən tövsiyyələri də nəzərə almışdır. Adı şəkilən Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitənin kibrit qutularında ayrı-ayrılıqda qablaşdırılması, evində saxladığı narkotik vasitənin çəkisinin külli miqdar təşkil etməsi, narkotik vasitənin çəkilməsi üçün xüsusi avadanlıq olan elektron tərəzi saxlaması, məhz onun tərəfindən narkotik vasitə marixuananı satış məqsədi ilə əldə edilməsini, saxlanmasını və daşınmasını təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində üç azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzər alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsində əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmaldır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut - DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatdan sonrakı qalıq- 7324,32 qram qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 167,82 (bir yüz altmış yeddi manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1,KOD210005,VÖEN**********,Müxbirhesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatdan sonrakı qalıq- 7324,32 qram qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 167,82 (bir yüz altmış yeddi manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1,KOD210005,VÖEN**********,Müxbirhesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar