Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-492/2023 15.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X6 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5-Hüseynli, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 06 okty abr 1977-ci ildə ƏliBayramlı şəhərində anadan olmuş, evli, məhkumluğu olmayan, Cəlilabad rayonu, Cəlayır kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, A.Qurbanov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış və hal-hazırda barəsində "həbs" qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan şəxsdən 02 (iki) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda 4.625 qram və 5.642 qram olmaqla yəni təmiz çəkisi 10.267 qram çəkidə psixotrop maddə metamfetamini naməlum vaxtda və şəraitdə şəxsi istifadə məqsədilə əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 may 2022-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə baş İdarəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 10.267 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən ayrıayrılıqda 4.625 qram və 5.642 qram olmaqla iki ədəd bükümdə aşkar edilərək götürülmüşdür İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxsa qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 may 2022-ci il tarixdə uşaqlarını məktəbə qoyduqdan sonra, bir saat vaxtı olduğunu güman edərək Bakı şəhəri, Nizami metrostansiyasının arxasında yerləşən məsciddə namaz qılmaq üçün getmək istəyirmiş. Həmin yerdə idarə etdiyi avtomobili saxlayaraq düşmək istəyərkən 3 nəfər mülki geyimdə şəxs onu saxlayaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Qoluna qandal vuraraq avtomobili ilə birlikdə MCMİ-nə gətirmişlər. Boyun nahiyəsindən sillə ilə vuraraq otaqların birinə salmışlar. Otağa daxil olduqdan sonra isə ona 02 ədəd bükümdə narkotik vasitə təqdim edərək üzərinə götürüb həbs olunacağını bildirmişlər. Daha sonra onu başqa otağa apararaq başına qara çuval keçirərək ayaqlarından vurub yerə yıxmışlar. Edilən təzyiqlərə davam gətirməyərək narkotik vasitəni ona məxsus olmasını qəbul etmək məcburiyyətində qalmışdır. Bundan sonra videoçəkiliş edərək həmin ifadələri bir daha təkrarlatmış, verilən sənədlərə imza etməyə məcbur etmişlər. O, narkotik vasitələrdən uzaq insandır. Həmin maddənin zərərli olmasını dəfələrlə təbliğ etmişdir. MCMİ-də olarkən ona çay təqdim edilmiş və çay içdikdən sonra özünü narahat hiss etməyə başlamışdır. Güman edir ki, çayın tərkibində narkotik vasitə olmuşdur və bu səbəbdən ekspertiza zamanı qan və sidiyindən psixotrop maddə aşkar edilmişdir. Heç zaman narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olmamışdır, ümumiyyətlə həmin maddələrin adlarını yalnız televiziya və internet üzərindən eşitmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs ilkin istintaq zamanı verdiyi etirafedici ifadəsini polis işçilərinin özlərinin yazdığını və oxumadan imzaladığını, polis işçilərinin ona qarşı qərəzli olduqlarını, heç vaxt narkotik vasitələrin nə satışı nə istifadəsi ilə məşğul olmadığını və həmin gün də saxlanılarkən onda narkotik vasitə olmadığını, həmin vaxt ona verilmiş çayım içərisindəki hər hansı təsiredici maddənin təsiri ilə təqdim olunmuş bütün sənədləri oxumadan imzaladığını bildirmişdir. Bütün qeyd etdiklərinin nəzərə alınmasını və məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, 10 may 2022-ci il tarixdə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Abşeron rayonu, Masazır qəsəbəsi, A.Qurbanov küçəsi, nömrəsiz fərdi evdə faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 10 may 2022-ci il tarixli qərar çıxarılmış əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs "Mitsubishi Pajero" markalı **-BF-*** nömrə nişanlı avtomobilin yanında olan zaman saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra X1 olması müəyyən edilmişdir. Üzərində keçiriləcək istintaq hərəkətləri üçün Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə "Yusifbəyli və partnyorlarf' Vəkil Bürosunun vəkili X4 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxslə müdafiəçisinə konfendisianal ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-eı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının aydın olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2022-ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamletamin olduğunu bildirib, əynində olan boz rəngli gödəkçənin sağ yan cibində olan 02 ədəd sellofan bükümü, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən "Redmi" markalı mobil telefonunu şalvarının sağ yan cibindən 01 ədəd avtomobil açarını, o cümlədən 20 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümün içində psixotrop maddə metamfetamin olduğunu qeyd etmişdir. Təqdim edilən 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin sellofan bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd "Redmi" markalı mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüşdür. Eyni zamanda aşkar edilmiş avtomobilin açarı və 20 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamini Bakı şəhəri. Yasamal rayonu, M.Muxtarov küçəsində yerləşən zibil yeşiklərinin yanında yerdən tapdığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmçinin idarə eldiyi "Mitsubishi Pajего" markalı. 77-Bİ -821 qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr gizlədib saxlamadığını, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Sonra "Mitsubishi Pajero" markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qanunsuz olaraq narkotik vasitə saxlamadığını bildirmiş və avtomobili baxışa təqdim etmişdir. Avtomobilə baxış zamanı narkotik vasitələr, o cümlədən qanunsuz digər əşyalar aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə baş İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid3 da Şahid1la eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş 10 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində faktiki olaraq tutulmuşdur. Cinayət işinə əlavə edilmiş 11 may 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 551/2021 saylı 11 may 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş 10 may 2022-ci il tarixli “baxış və götürülmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mitshibushi Pajero” markalı, **-BF-*** nömrə qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və sübut əhəmiyyəti kəsb edəcək heç bir şey aşkarlanmamışdır. Cinayət işində olan CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxsun üzərinə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərin əks olunduğu diskə baxış keçirilərkən, videogörüntülərin şəxsi axtarış və götürmə protokolunda qeyd olunanlarla üst-üstə düşdüyü müəyyən olunur. Məhkəmə-kimyəvi ekspertizasının 10 may 2022-ci il tarixli 6/2694 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində "M.Sübhan Niftulla oğlunun üzərindən aşkar edilmiş..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 02 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4.625 qram və 5.642 qram olmaqla ümumi təmiz çəkisi 10.267 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş 02 ədəd bükümlərdə olan metamfetaminlər xarici görünüş və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Ambulator məcburi narkoloji ekspertizasının 11 may 2022-ci il tarixli 2775 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimlyatorlardan istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTL və PAB publik hüquqi şəxsin məhkəmə-kimyəvi ekspertizasının 20 may 2022-ci il tarixli 1655/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 10,107 qram olan psixotrop maddə olan metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in MCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTL və PAB publik hüquqi şəxsin məhkəmə-kimyəvi ekspertizasının 21 may 2022-ci il tarixli 258/MEŞ nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı bədən səthində xəsarətlər aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cinayət işinə əlavə edilmiş Cəliləbad Rayon İcra Hakimiyyəti, Cəlayır ərazi inzibati dairəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş və iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər-hansı məlumat aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş, MCMİ-ə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər və hazırda narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması, belə maddələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin, həmçinin narkotik maddələrin satışında şübhəli bilinəcək şəxslərlə əlaqəsinin müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Cinayət işinə əlavə edilmiş 27 oktyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, narkotik vasitə və psixotrop maddə istifadəçisi olmadığını, həmin psixotrop maddəni polis əməkdaşlarının ona məcburi şəkildə verdiyini və videoçəkiliş zamanı cibindən çıxarıb stolun üzərinə qoymalı olduğunu dediklərini, həmçinin istintaq zamanı etirafedici ifadələrini təzyiqlər altında verdiyini bildirmişdilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir və təzyiq olmadan cibində saxladığı psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. O, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində həmçinin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən məhkəmədə verdiyi ifadəsində üzərindən aşkar edilən narkotik vasitənin özünə məxsus olduğunu, lakin həmin narkotiki satış məqsədilə deyil, öz şəxsi istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Həmin hal iş üzrə toplanmış digər sübutlarla da öz təsdiqini tapmışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi iləsatış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması ilə bağlı ittiham verilsə də məhkəmə, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq belə bir nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni əldə edərək saxlaması və daşıması müəyyən edilsə də, həmin narkotik vasitələri satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması sübuta yetirilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, istintaq zamanı təqsirləndirilən şəxsin avtomobilinə və onun istifadəsində olmuş bir ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, lakin narkotik vasitələrin alqı-satqısını təsdiq edəcək mətnlər və iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat əldə olunmamışdır. İstintaq orqanının əməliyyat tapşırığına verilmiş cavab məktubunda Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə olunması, qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatlarının olması, əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi və müsbət nəticə əldə olunarsa, əlavə məlumat veriləcəyi bildirilsə də, istintaqın sonuna qədər, həmçinin məhkəmə baxışı dövründə bu faktı təsdiq edən heç bir sübut cinayət işinə əlavə edilməmişdir. Bütün bunlara baxmayaraq, ibtidai istintaq orqanı əlavə hər hansı mötəbər sübut əldə etmədən Təqsirləndirilən şəxs narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə sadəcə olaraq təqsirkarda narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından artıq, yəni külli miqdarda olması, şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə və saxlamada təqsirli bilinməsinə əsas ola bilməz. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin külli miqdarda olması kriteriyasından yanaşaraq onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin tərəzi vasitəsi ilə çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təsvir edilənlər belə deməyə əsas verir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz yuxarıda sadalanan məqsədlərin hər hansı birini güdərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf miqdara əsaslanmış, həqiqiliyi təsdiq olunmayan şübhəyə-mülahizəyə istinad etmişdir. Halbuki iş materialları ilə təqsirləndirilən şəxsin həmin narkotik vasitə və psixotro maddəni hansı məbləğə satacağı, həmin satışdan nə qədər mənfəət və ya gəlir əldə edəcəyi, satacağı şəxslərin dairəsi, satışın baş tutacağı yer, alıcının olduğu yer və ya təxmini kimliyi, satacağı şəxslərə hər hansı danışığı, mobil telefonunda hər hansı zəng və ya digər bu kimi əlamətlər müəyyən edilməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 10,267 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxsa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülməlidir. “Satma” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq hər hansı üsulla yayılması anlaşılır. Buraya: satma, bəxşiş vermə, dəyişdirmə, borc əvəzinə vermə, borc olaraq vermə, başqa şəxsə iynə vurma və.s üsullar daxildir. Hazırkı cinayət işi üzrə ibtdiai istintaq zamanı aparılan araşdırma nəticəsində Təqsirləndirilən şəxs əməlində bu üsulların hər hansı birindən istifadə olunması müəyyən edilməmiş ümumiyyətlə onun satış məqsədini sübuta yetirəcək hər hansı fakt mövcud olmamışdır. Məhkəmə istintaqı zamanı da bu hal öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd etməyi vacib hesab edir ki, ekspert rəyinə əsasən, təqsirləndirilən şəxsdən götürülmüş qan və sidik nümunəsində amfetamin və metamfetamin aşkar olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs həqiqətən də əvvəllər psixotrop maddələrdən, yəni, metamfetamindən istifadə etmişdir. Belə olan halda, yəni əvvəllər də psixotrop maddə istifadə etmiş bir şəxsin üzərindən hər hansı psixotrop maddənin aşkar edilməsi həmin şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmasına dəlalət etmir. Bu hal isə həmin psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etməsini bir daha təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv araşdırmalı, öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlməlidir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi olduğundan, əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı azadlığı faktiki məhudlaşdırılmaqla şübhəli şəxs qismində tutulduğu andan, yəni 10 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə baş İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş- Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 10,167 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 92 (doxsan iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************4 SWİT BİK CTREAZ 22) hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə baş İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş- Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 10,167 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************4 SWİT BİK CTREAZ 22) hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Məhəmməd Əkbərov Hakimlər İlham Mahmudov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №1(101)-492/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-492/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver