Məhkəmə qərarları › İş №1(101)-493/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-493/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-493/2022 31.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı4, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - "PRO BONO" Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, "FEMİDA" Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Ararat rayonu Yusarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, 21 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, işləməyən, subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 21 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə, 20 iyun 2021-ci il tarixdə saat 03 radələrində ünvan 4 ünvanda yerləşən «Çanaqqala» restoranının VİP zalına məxsus birinin dəyəri 5.000 (beş min) manat olan biri «LG» markalı, digəri isə «Mitsubishi» markalı iki ədəd kondisionerlərin restoranın çöl tərəfində quraşdırılmış mühərriklərini söküb gizli talayaraq Zərərçəkmiş şəxs xeyli miqdarda, cəmi 10.000 (on min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq 2 bükümdə, ümumilikdə 2,757 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 21 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində ünvan 5 ünvanın qarşısında olarkən Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, şöbənin inzibati binasına gətirilmiş, xidməti otaqların birində onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf selofan kəsiyi bükümündə ayrı-ayrılıqda 1,437 qram və 1,320 qram olmaqla, ümumilikdə 2,757 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz əldə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli bilindiyinə görə 21 iyul 2021-ci il tarixdə saat 16 radələrində ünvan 5 ünvanın qarşısında Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin şöbənin inzibati binasına gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şortun sol yan cibindən 2 ədəd bükümdə naməlum mənbədən əldə etməklə satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşıyıb saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1,118 qram və 0,746 qram olmaqla, ümumi təmiz çəkisi 1,864 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ona oğurluq cinayətini törətməsi ilə bağlı, yəni kondisionerlərin mühərriklərini oğurlayıb satması ilə əlaqədar verilmiş ittihamı etiraf edir. Lakin o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun üzərində iki bükümdə çəkisi yarım qram olan narkotik vasitə «kokos” olmuşdur. O, narkotik istifadəçisidir və üzərindən aşkar olunmuş həmin narkotiki Anarla birlikdə “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən almışdır. Sualları cavablandıran Təqsirləndirilən şəxs1 üzərində iki büküm, çəkisi yarım qram olan “kokos” olduğunu, həmin narkotik vasitəni Anarla birlikdə “Kubinka”dan əldə etdiklərini və hər birinə bir büküm götürdüklərini, yarım qrama görə 20 manat ödədiyini, bunu şəxsi axtarış zamanı da bildirdiyini, özünün «Çanaqqala» restoranı ilə üzbəüz yaşadığını, həmin kondisionerlərin 10 ilin kondisionerləri olduğunu, kondisionerin motorunu oğurlamaq ideyasının ona məxsus olduğunu və bu barədə Anara bildirdiyini, kondisionerin motorunu metal alınan yerə 90 manata satdığını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilmədiyini, çəkiliş zamanı narkotik vasitəni təqdim etdiyini, narkotik vasitə zərfə qoyulandan sonra üstünü imzalamadığını, həmçinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunması barədə sənədləri imzaladığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan və tədqiq oldundu. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamlar üzrə özünü qismən təqsirli bilmiş və həmin ifadəsində göstərmişdir ki, əvvəllər müxtəlif cinayət əməllərinə görə müxtəlif vaxtlarda azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təyin olunmuş cəzadan azad olunduqdan sonra yenə cinayət törətməyə meylli olmuş və yeddi ildir ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik tələbatını ödəmək üçün pulu olmadığından onunla bir məhəllədə yaşayan və narkotik vasitə aludəçisi Təqsirləndirilən şəxs2 ilə birlikdə asan yol ilə pul əldə edib narkotik ala bilmək üçün oğurluq etmək qərarına gəlmişlər. Həmin zaman onlar haradan oğurluq etməyi düşünərkən onun yaşadığı məhəllənin yaxınlığında yerləşən «Çanaqqala» restoranının arxa tərəfində 2 ədəd kondisionerlərin olduğunu görüb, gecə vaxt həmin kondisionerlərin mühərrikini söküb, içərisindən mis metal hissələri sataraq pul əldə etməyə razılaşmışlar. Bu məqsədlə o, Anarla birlikdə 20 iyun 2021-ci il tarixdə saat 05:00 radələrində "Çanaqqala" restoranının arxa tərəfindəki 2 ədəd kondisionerləri açıb mühərriklərini çıxararaq, sonradan mühərriklərin içindən mis metal ihssələrini sökmüş, həmin mis hissələri sonradan Bakı şəhəri, S.Əsgərova küçəsində yerləşən əlvan-metal qəbulu sexinə öz əmlakı kimi təqdim edərək 30 manata satmış və pulu öz aralarında bölmüşlər. O, həmin pula sonradan özü narkotik alaraq istifadə etmişdir. Bundan başqa, 21 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində o, dostu Anarla birlikdə ünvan 8 ünvanın qarşısında olan zaman 4 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Söhbət zamanı onlardan şübhələndiklərinə görə Nərimanov rayon Polis idarəsi 18-ci Polis şöbəsinə gətirmişlər. Orada xidməti otaqda videokamera çəkilişi ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf rəngli selofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. O, həmin cibindən aşkar olunan şəffaf rəngli selofan kəsiyinə bükülmüş narkotik vasitə heroinin özünə məxsus olduğunu, onu 20.07.2021-ci il tarixdə axşam saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə üzdən tanıdığı adını ona Zaur kimi təqdim edən şəxsdən 50 manata aldığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur (cild 2, iş vərəqi 110-112). Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, oğurluq hadisəsi Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində dediyi kimi olmuşdur. O, həqiqətən də Azərlə həmin kondisionerlərin mühərriklərini oğurlamış, sonra onları sataraq puluna narkotik almışdır. Saxlanılarkən isə onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları bölmədə özləri narkotik vasitəni ona vermiş və masanın üzərinə qoymasını bildirmişdir. O da, polis işçilərinin dediyi kimi etmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olmadığını, hər iki bükümün Təqsirləndirilən şəxs1 olduğunu, polis şöbəsində ona təzyiq olunaraq narkotik vasitəni boynuna qoyduqlarını, ona təzyiqlər göstərilməsi barədə sonradan heç yerə şikayət etmədiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan və tədqiq oldundu. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə verilmiş ittihamlar üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamış, lakin tutulmamışdan təxminən 6-7 ay əvvəl narkotik qəbul etməyə başlamışdır. Belə ki, o, narkotik tələbatını ödəmək üçün pulu olmadığından, bir məhəllədə yaşayan və narkotik vasitə aludəçisi olan Təqsirləndirilən şəxs1la asan yol ilə pul əldə edib, sonradan özləri üçün narkotik vasitə ala bilmək üçün oğurluq etmək qərarına gəlmişlər. Bu zaman onlar haradan oğurluq etməyi düşünərkən məhəllələrinə yaxın yerdə yerləşən «Çanaqqala» restoranın arxa tərəfindən 2 ədəd kondisionerlərin olduğunu görüb, gecə həmin kondisionerlərin mühərriklərini söküb, içərisindən mis metal hissələri sataraq pul əldə etməyə razılaşmışlar. Bu məqsədlə o, Azərlə birlikdə 20 iyun 2021ci il tarixdə saat 05:00 radələrində "Çanaqqala" restoranının arxa tərəfindəki 2 ədəd kondisionerləri açıb mühərriklərini çıxararaq içindən mis metal hissələrini sökmüş, həmin mis hissələri sonradan Bakı şəhəri, S.Əsgərova küçəsində yerləşən əlvan-metal qəbulu sexinə öz əmlakı kimi təqdim edərək 30 manata satmışlar və pulu aralarında bölmüşlər. O, həmin pula sonradan özü üçün narkotik almışdır. Bundan sonra, 19 iyul 2021-ci il tarixdə saat 22:00 radələrində sosial şəbəkədən onlayn şəkildə 40 manata şəxsi istifadəsi üçün narkotik vasitə olan “şüşə” sifariş etmişdir. “Şüşə” bükümlərini Nərimanov rayonu, «Gənclik» adlanan ərazidə tanımadığı satıcı tərəfindən ona deyilən yerdən götürmüş və üzərində saxlamışdır ki, daha sonra istifadə etsin. 21 iyul 2021-ci il tarixdə saat 15:00 radələrində yaşadığı ünvandan çıxıb Nərimanov rayonu, Təbriz küçəsi 35 ünvanında yerləşən "Şuşa" parkına getmişdir. Oraya dostu Təqsirləndirilən şəxs1 da gəlmiş və görüşmüşlər. Saat təxminən 16:00 radələrində onlara bir neçə mülki geyimli şəxslər yaxınlaşmış və Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməkdaşları olduqlarını bildirib onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və baxış zamanı o, əynindəki şortun sol cibindən 2 ədəd selofan kəsiyinə bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddəni könüllü təqdim etmişdir. Özü səmimi etiraf etmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə «şüşə»dir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfə qablaşdırılmış və zərfin üzəri möhürlənmiş, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunaraq, ucadan oxunmuş və protokolun düzgünlüyü tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 138-140). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş «Çanaqqala» restoranının icarədarı Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 07 iyul 2021-ci il tarixdə saat 12 radələrində «VİP» zalda axşam saatları üçün sifariş qəbul edildiyindən, həmin zalın vəziyyətini yoxlamaq üçün zala quraşdırılmış 2 ədəd kondisionerləri yandırmaq istəmişdir. Lakin kondisionerlərin işləmədiyini görmüş, bunu aydınlaşdırmaq istəyərkən arxa tərəfdən kondisionerlərin motorlarının çöl tərəfdən divara bərkidilmiş hissələrinin olmadığını, naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. O, dərhal DİN-nin «102» xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hadisə yerinə Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməkdaşları gələrək sənədləşmə işləri aparmış və hadisə yerinə baxış keçirmişlər. Baş vermiş oğurluq hadisəsi ilə bağlı konkret olaraq hər hansı bir şəxsdən şübhəsi olmamışdır. Kondisionerlərin bir ədədinin dəyəri təxminən 5000 manat olmuş, kondisionerlərin biri «LG» markalı, digəri isə «Mitsubishi» markalı ümumi 100 kvadrat metr həcmli kondisionerlər olmuşdur. Həmin kondisionerlərin mühərriklərinin oğurlanması nəticəsində ona cəmi 10.000 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərdi ki, o, sonradan istintaq zamanı həmin kondisionerlərin mühərriklərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər tərəfindən oğurlandığını bilmiş, onların hər ikisini həmin məhəllədə yaşayan şəxslər kimi tanıdığından, onları bağışlamışdır. Hazırda onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və iddia tələbi qalmamışdır. Zərərçəkmiş şəxs bununla bağlı 15 mart 2022-ci il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 21 iyul 2021-ci il tarixdə 18-ci Polis şöbəsinə «Azər» və «Anar» adlı şəxslərin Nərimanov rayonu, Təbriz küçəsi, 35 ünvanına gələrək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və şöbənin sahə inspektorları Şahid3, Şahid2, baş əməliyyat müvəkkili Vüsal Hadıyevlə birlikdə həmin ünvana gəlmişlər. Həmin vaxt məlumatda qeyd olunmuş «Azər» və «Anar» adlı şəxsləri görüb onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimi özlərini təqdim etmiş, onları polis şöbəsinə dəvət etmişlər. Şöbədə onların üzərinə şəxsi axtarış keçirilməsi qərara alınmış, təhqiqatçı Vüqar Ələkbərli tərəfindən videoçəkilişlə adları çəkilən şəxslərin şəxsi axtarışları keçirilmişdir. Şahid1 ifadəsinə görə, əvvəlcə Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd şəffaf selofan bükümünü təqdim edərək içərisində «kokos» kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotiki 20 yuil 2021-ci il tarixdə «Kubinka» adlanan ərazidə üzdən tanıdığı «Zaur» adlı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Həmin 2 ədəd bükümlərdə olan maddələr ekspertiza təyin edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində də videoçəkilişlə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 da əynindəki qara rəngli şortun sol yan cibindən 2 ədəd şəffaf selofan bükümləri təqdim edərək, içərisində ağ rəgli kristal şəkilli «şüşə» olduğunu, həmin narkotik vasitəni 19 iyul 2021-ci il tarixdə onlayn şəkildə sifariş edərək 40 manata «Gənclik» adlanan ərahidə yerdən götürərək üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2nm təqdim etdiyi həmin 2 ədəd bükümlərdə olan maddələr də ekspertiza təyin edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən zərfə qoyulub möhürlənmiş, protokol tərtib edilmiş və iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin sahə inspektorları Şahid3 və Şahid2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edilərək saxlanılmaları, Nərimanov RPİ 18-ci Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilməsində əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 məhkəmədə göstərdiyi hallarla oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində dəmir və əlvan metalın alqı-satqısı və qəbulu ilə məşğul olur. 2021-ci ilin iyun ayının sonlarında əvvəllər tanımadığı şəxslər işlədiyi məntəqəyə gələrək 2 ədəd kondisionerin motor hissələrini satmaq istədiklərini bildirmişlər. O, həmin şəxslərdən kondisioner motorlarının oğurluq olub-olmamasını soruşmuş, həmin şəxslər oğurluq malı olmadığını, kondisioner aparatlarını dəyişdirərək yenilədiklərinə görə satdıqlarını bildirmişlər. O da, həmin şəxslərə inanıb kondisioner motorlarına görə hazırda xatırlamadığı müəyyən məbləğdə pul verib motorları almışdır. Sonradan isə bilmişdir ki, həmin 2 ədəd kondisioner motorları oğurluq malları olmuşdur. Həmin 2 ədəd kondisioner motorlarını aldıqdan sonra o, metal qəbul edilən yerə satmışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 21 iyul 2021-ci il tarixli protokola əsasən, həmin tarixdə Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf selofan kəsiyi bükümündə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 53-54). Cinayət işinə əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 21 iyul 2021-ci il tarixli protokola əsasən, həmin tarixdə Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli şortun sol yan cibindən 2 ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 176-177). Məhkəmə-kimyəvi ekspertizasının 22 iyul 2021-ci il tarixli 6/3013 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 üzərindən» sözləri olan zərfdəki iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,437 qram, 1,320 qram, ümumi təmiz çəkisi 2,757 qram olan qəhvəyi rəngli maddələr kustar üsülla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 68-71). Məhkəmə-kimyəvi ekspertizasının 22 iyul 2021-ci il tarixli 6/3014 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs2 üzərindən» sözləri olan zərfdəki iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,118 qram, 0,746 qram, ümumi təmiz çəkisi 1,864 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 186-189). Məhkəmə-narkoloji ekspertizasının 16.09.2021-ci il tarixli 3482 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabiodlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 61-62). Məhkəmə-narkoloji ekspertizasının 28.10.2021-ci il tarixli 4190 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və kannabiodlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 59-60). Ambulator məhkəmə psixiatrik ekspertizasının 04.09.2021-ci il tarixli 2012 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 hazırda öz hərəkətlərinin faktiki xaraterini və ictimai təhlükəsizliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməli törədərkən öz əməlinin faktiki xaraterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlıhesab olunmalıdır (cild 2, iş vərəqi 63-65). İbtidai istintaq orqanının 01 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 aşkar edilmiş 2 ədəd bükümdə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,657 qram heroin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir. Həmin qərarla həmçinin Təqsirləndirilən şəxs1 narkotik vasitələrin aşkar edilməsi zaman qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 69-79). Eyni zamanda, ibtidai istintaq orqanının qeyd olunan qərarı ilə Təqsirləndirilən şəxs2 aşkar edilmiş 2 ədəd bükümdə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,764 qram psixotrop maddə metamfetamin Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin aşkar edilməsi zaman qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur (cild 2, iş vərəqi 69-79). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 28.11.2021-ci tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğu barədə məlumat yoxdur (cild 2, iş vərəqi 57-58). İş materiallarında olan 29 iyul 2021-ci il tarixli tələbnamədən, həmçinin hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 28 fevral 2019-cu il tarixli qərarı ilə 4 ay 13 gün vaxtından əvvəl cəzadan şərti azad edilmiş və 12 iyul 2019-cu il tarixdə isə cəzasını tam çəkib qurtarmışdır (cild 1, iş vərəqi 114-116, 135-139, 141-144). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilmişdir və hazırda o, məhkumluğu olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında öz müdafiəsi üçün dəlillər gətirərək, üzərindən aşkar olunan narkotik vasitəni satmaq niyyətində olmadığını, özünün narkotik aludəçisi olduğuna görə həmin narkotiki şəxsi istifadəsi üçün aldığını, həmçinin onda külli miqdarda narkotik aşkar edilmədiyini bildirdi. Eyni zamanda, Təqsirləndirilən şəxs2 onun üzərindən aşkar olunması iddia edilən psixotrop maddənin ona məxsus olmadığını, polis şöbəsində ona təzyiq olunaraq narkotik vasitəni boynuna qoyduqlarını bildirdi. Məhkəmə kollegiyası yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə belə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə gətirdiyi dəlillər onların öz məsuliyyətini yüngülləşdirmək məqsədilə seçdikləri müdafiə taktikası kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan əməllər az ağır, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan əməl isə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, 15.4-cü maddəsinə əsasən isə, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai həbs müddətləri cəzaçəkmə müddətlərinə daxil edilməli, onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı 21 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən həmin tarixdə adları çəkilən şəxslərin hər ikisi Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, 132.1.6-cı maddəsinin tələbinə görə isə, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Bakı şəhəri, Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs1 aşkar edilmiş 2 ədəd bükümdə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 2,657 qram hissəsi və Təqsirləndirilən şəxs2 aşkar edilmiş 2 ədəd bükümdə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 1,764 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməsi zaman qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 163 manat (yüz altmış üç) manat 64 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 82 (səksən iki) manat 82 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə-narkoloji ekspertizasının 16.09.2021-ci il tarixli 3482 saylı rəyinə görə, Təqsirləndirilən şəxs2 kannabiodlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, həmçinin məhkəmə-narkoloji ekspertizasının 28.10.2021-ci il tarixli 4190 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs1 opioidlərin və kannabiodlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, adları çəkilən hər iki təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilmiş 2 ədəd bükümdə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 2,657 qram hissəsi və Təqsirləndirilən şəxs2 aşkar edilmiş 2 ədəd bükümdə psixotrop maddə metamfetamin ekspertiza tədqiqatından sonra qalıq qalan 1,764 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 SD disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 163 manat (yüz altmış üç) manat 64 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 82 (səksən iki) manat 82 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar