Məhkəmə qərarları › İş №1(101)-494/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-494/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-494/2022 25.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı oğlunun və müdafiəçi – Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Nəsimi rayon məhkəməsinin 03.12.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.1, 66.5-ci maddələri əsasında 01 il 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı apellyasiya məhkəməsinin 26.04.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə dair müddəalar hökümdən xaric edilmiş, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təyin edilmiş 01 il 08 ay müddətində azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 saylı inzibati binada qeydiyyatda olan və daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq 2,280 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamaqla ünvan 1 ünvana daşımış, 16 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində Nərimanov RPİ-nin 18ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin ünvanın qarşısında saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bir bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 2,280 qram narkotik vasitə olan herion götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 17 yaşından narkotik vasitə istifadəçisidir. Valideynləri rəhmətə gedib, o, qardaşının yanında maşın yuma yerində işləmişdir. 16 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanın qarşısında münasibətdə olduğu xanımı blokda gözləyərkən onun anası çıxmış və o, dəfələrlə həmin xanımla görüşmək üçün oraya gedəndə onun anası ilə rastlaşımışdır. Bundan sonra xanımın anası DİN-nin “102”qaynar xəttinə zəng etmişdir. O, bu zaman narkotik vasitənin təsiri altında olmuş və X5 qədər piyada gəldikdən sonra arxadan 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onu polis bölməsinə dəvət etmişlər. Səbəbini isə orada izah edəcəklərini bildirmişlər. Bundan sonra həmin xanım və onun anası da Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət edilmiş və o, orada şikayət əsasında tutulduğunu öyrənmişdir. Daha sonra o, Nərimanov RPİ-nin TŞ-nin rəisi Bayram müəllimin otağına gətirilmiş, Bayra müəllim onu görən kimi bildirmişdir ki, «sən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət almısan və buna görə də bizə töhmət gəlib». Bundan sonra müstəntiqi yanına çağıraraq ona “Apar bunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yox, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə rəsmiləşdir.” deyə tapşırıq vermiş və onu döyməyə başlamışlar. Onun bədənində xəsarət izləri də var, eyni zamanda, döyülməyi ilə bağlı cinayət işinin materiallarında qeydiyyat da var. Ona çox işgəncələr vermişlər və o da məcburiyyət qarşısında qalaraq sənədlərə imza etmişdir. Onun saxlanılan zaman cibində 01 ədəd siqaret kağızına bükülmüş yarım qram heroin olmuş və onu könüllü şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamış, heç kimə narkotik vasitə satmamış, o yalnız narkotik vasitələri şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən əldə etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, “Elçin” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və saxlanılması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra müvafiq tədbirlərin həyata keçirilməsi üçün ondan və Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 16 sentyabr 2021-ci il tarixdə, saat 19 radələrində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərmişlər və onlarla polis şöbəsinə getməli olduğunu bildirmişlər. Elçin etiraz etməmiş və Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasında dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. Bu zaman o, əynindəki şalvarın cibindən 01 ədəd bükümü çıxarıb, masanın üstünə qoymuş, daha sonra narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokl tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Fiziki-kimyəvi ekspertizalar şöbəsinin böyük eksperti vəzifəsində işləyir, birinci dərəcəli ekspert, İ dərəcəli ədliyyə qulluqçusudur. Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai istintaq edilən ********* nömrəli cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertiza onun tərəfindən aparılmış və tədqiqatın nəticələrinə dair tərəfindən 17.09.2021-ci il tarixli, 6/4106 nömrəli ekspert rəyi verilmişdir. Nərimanov RPİ-nin 18-ci PŞ-dən ekspertizaya göndərilmiş içərisində maddi sübut olan zərfin üzərində Nərimanov RPİ-nin 18-ci PŞ-i zərflər üçün № 224 möhürü əksi olmuşdur. Ancaq, ekspertizanın nəticələrinə dair tərəfindən ekspert rəyi tərtib edilərkən rəydə texniki səhv olaraq “Tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumat” hissəsində “tədqiqat obyekti üzərində AR.DİN “Zərflər üçün № 160 möhürü əksi, ....” və sair, eləcə də “Tədqiqatın nəticəsi” hissəsində “Tədqiqata təqdim edilmiş üzərində AR.DİN “Zərflər üçün № 160 möhürü əksi, “Təqsirləndirilən şəxs üzərindən ..." və sair sözlər yazılmışdır. Ona görədə ********* nömrəli cinayət işi üzrə onun tərəfindən verilmiş 17.09.2021-ci il tarixli, 6/4106 nömrəli ekspert rəyinin “AR.DİN “Zərflər üçün № 160 möhürü əksi" hissələrində 160 rəqəmləri düzgün olaraq 224 rəqəmləri kimi oxunmalıdır. İşdə olan 16 sentyabr 2021-ci il tarixli Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddə olan gümüşü rəngli siqaret kağızı bükümü, sol yan cibindən “Samsung” markalı mobil telefonu, arxa sol cibindən Təqsirləndirilən şəxs adına olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsi, “Bakı Kart” yazısı olan avtobus kartı, kiçik ölçülü plastmas boru, qara rəngli dəri pul kisəsi aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş məhkəmə- kimyəvi ekspertizasının 17 sentyabr 2021-ci il tarixli 6/4106 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “zərflər üçün № 224” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən ...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi - 2,280 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd:-heroinin ümumi çəkisi - 2,280 qram, tədqiqata sərf olundu - 0,05 qram, qalıq 2,230 qram. Ona görə də Təqsirləndirilən şəxs üzərində 16 sentyabr 2021-ci il tarixdə şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş kustar üsulla hazırlanmış narkotik vasitə heroinin təmiz çəkisi 2.280 qram hesablanmış, iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış məhkəmə - kimyəvi ekspertizası nəticəsində tədqiqata sərf edilmiş 0,05 qram nəzərə alınmaqla, qalıq- 2,230 qram saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlac yerinə verilmişdir. Eləcədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən ondan 01 ədəd 6-7 sm uzunluğunda rəngsiz plastmas boru aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələri ineksiya yolu ilə, eləcə də ondan aşkar edilmiş həmin plastmas boru vasitəsi ilə qəbul etdiyini göstərmişdir. Ona görə də Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş həmin 01 ədəd 6-7 sm uzunluğunda rəngsiz plastmas boru iş üzrə maddi sübut əhəmiyyətli olduğundan iş üzrə maddi sübut olaraq qiymətləndirilmiş və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlama yerinə verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji X6 şəxsi Ambulator Məcburi-narkoloji tibbi yoxlamanın 25.11.2021-ci il tarixli 4692 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-psixiatrik ekspertiza mərkəzi” Publik Hüquqi şəxsindən verilmiş 09.10.2021-ci il tarixli 2344 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə, bir bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 2,280 qram, narkotik vasitə heroini əldə edərək üzərində saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı kifayt qədər toplanmış sübutlarla ibtidai istintaqın gəldiyi nəticələr Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə öz təsdiqini tapmamışdır. Belə ki, bütün iş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı məlumat daxil olmasına dair heç bir sənəd tərtib olunmamış, istintaq orqanı satış məqsədini təsdiq edə biləcək heç bir sübut əldə etməmiş, satışı təsdiq edəcək hər hansı bir sübutun əldə edilməsinə təşəbbüs belə göstərməmişdir. Belə ki, əməliyyat qrupunun yaradılmasına dair Bakı şəhər Nərimanov rayon polis idarəsinin 18-ci PB-nin rəisi tərəfindən tərtib edilmiş 16 sentyabr 2021-ci il tarixli əmrdə göstərilmşdir ki, həmin tarixdə əməliyyat müvəkkili Şahid1 raportla bidirmişdir ki, Bakı şəhər Nərimanov rayon ərazisində «Elçin» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və istifadəsi ilə məşğul olması barədə məlumat əldə etmişdir. Bundan başqa, şübhəli şəxsin tutulması barədə 16 sentyabr 2021-ci il tarixli qərarından göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində şübhəli bilinərək həmin tarixdə saxlanılaraq 18-ci PŞ-nə gətirilmiş və həmin qərarın nəticə hissəsində onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlin törədilməsində kifayət qədər şübhəli olduğu göstərilmişdir. Eyni zamanda həmin tarixli tutma protokolunda da Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi və saxlamasında CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İstintaq orqanı heç bir əsəslı sübut əldə etmədən, narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlsədə, satış faktını sübut edəcək hər hansı bir mötəbər sübut əldə edib ittihamın əsasına qoymamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə tərtib olunmuş 16 sentyabr 2021-ci il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldıqdan sonra PŞ-də üzərinə baxış zamanı könüllü olaraq bir bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmiş və həmin maddəni Xırdalan şəhərində, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Eləcə də Təqsirləndirilən şəxs 16 sentyabr 2021-ci il tarixdə vermiş olduğu ilkin izahatında, və 17 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində vermiş olduğu ifadəsində, üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün 16 sentyabr 2021-ci il tarixdə Xırdalan şəhərində üzdən tanıdığı şəxsdən 100 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra, istintaq orqanı, təqsirləndirilən şəxsin izahatlarını aldıqdan sonra, heç bir şahid dindirilmədən, hər hansı bir istintaq hərəkəti aparılmadan, satış faktını təsdiq edəcək hər hansı bir sübut ədə etmədən 17 sentyabr 2021-ci il tarixli təqsirləndiridlən şəxs qismində cəlb emək haqqında qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edir və ona həmin maddə ilə ittiham elan edir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı bütün ifadə və izahatlarında narkotik vasitəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını və saxlanılan zaman könüllü olaraq təqdim etdiyini bildirmişdir. Bundan əlavə, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı ifadələrində göstərmişlər ki, onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi və saxlanılması barədə məlumat daxil olmuş və Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini deməsini bildirmişlər. İbtidai istintaq və məhkəmə istintaqı zamanı, nə təqsirləndirilən, nə də iş üzrə şahidlər tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən izahat və ya ifadə müəyyən olunmamışdır. Göründüyü kimi istintaq orqanı, heç bir sübut ədə etmədən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif etmişdir. Belə ki, istər təqsirləndirilən şəxs, istərsə də şahidlərin məhkəmədə vermiş olduqları ifadələrində təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşqul olmasını təsdiq edən hər hansı bir sübut müəyyən olunmamışdır. Göründüyü kimi, digər heç bir sübut əldə edilmədiyi və mövcud olmadığı halda istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli narkotik vasitənin satışı kimi qiymətləndirilmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin telefon danışıq anten dairələri və SMS bildirişləri çıxarılmamış, hər hansı şəxslərlə əlaqə saxlamısını müəyən etmək məqsədi ilə heç bir tədbir görülməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, onun narkotik vasitəni satması ilə bağlı əməllərini təsdiq edən heç bir sübut istintaq orqanı tərəfindən müəyyən edilməmiş və əldə edilməmişdir. Eləcə də, nə əməliyyat orqanı, nə də istintaq orqanı satış faktını təsdiq etməsi üçün heç bir hərəkət etməmişdir, bununlada satış fakt tam təkzib olunmuşdur. Satma faktını təsdiq edən digər hər hansı bir dəlil və ya sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narktik vasitəni bir bükümdə, könüllü olaraq təqdim etməklə, şəxsi istifadəsi üçün əldə etdiyini bildirməsini qeyd etmişdir. Lakin, bütün göstərilən ifadələr, izahatlar və protokollara baxmayaraq istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs əməlini satış kimi qiymətləndirərək ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə etməsini təkzib edə biləcək hər hansı bir sübut mövcud deyildir. Beləliklə, məhkəmə iclasında şahidlərin ifadələri ilə yanaşı, toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs elan olunmuş ittihamın əsasını təşkil etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair”» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs ifadə verərkən üzərində həmin narkotik vasitənin çəkisinin az olmasını bildirsə də, onun ibtidai istintaq zamanı üzərinə şəxsi baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla təsdiq olunur ki, həmin gün Təqsirləndirilən şəxs üzərində qeyd olunan miqdarda narkotik maddə heroin olmuşdur. Bundan əlavə, məhkəmə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi əsaslı hesab edilə bilməz. Çün ki, istintaq orqanının özünün gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisidir, satışını isə təsdiq edən heç bir sübut əldə edilməmişdir. Onun narkotik vasitənin satışı ilə məşqul olması faktı şahid qismində dindirilmiş polis əməkdaşlarının vermiş olduqları ifadələri, ekspert rəyi və protokollarla tam təkzib olunmuşdur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs şəxsi istiehlak miqdarından artıq miqdarda narkotik vasitələrin əldə edilməsi cinayətini törətməsi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, təqsirləndirilən şəxsin ifadələri, şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri, eləcə də, cinayət işinə əlavə edilən digər ilkin araşdırma materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Nəsimi rayon məhkəməsinin 03.12.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini töbrətməkdə təqsirli bilinərək, CM-nin 66.5-ci maddəsinə əsasən 01 il 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı apellyasiya məhkəməsinin 26.04.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, CM-nin 66.5-ci maddəsinə dair müddəalar hökümdən xaric edilmiş, CM-nin 180.1- ci maddəsi ilə təyin edilmiş 01 il 08 ay müddətində azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər katiqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunurlar. Təqsirləndirilən şəxs Agaəli oğlunun yeni cinayət əməlini törətdiyi anadək iki ildən az müddət keçdiyindən, qanunla nəzərdə tutulmuş halda məhkumluğu götürülmədiyi və ödənilmədiyindən o, məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin yarısından aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs Agaəli oğlunun cəzasının ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Agaəli oğlunun əməllərində məhkəmə istintaqı zamanı onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Agaəli oğluna ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Agaəli oğlu 16 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs Agaəli oğluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 16 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-də saxlanılan, Təqsirləndirilən şəxs 16.09.2021-ci tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,280 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin 0,05 qramının aparılmış məhkəmə-kimyəvi ekspertizası nəticəsində tədqiqata sərf edildiyi nəzərə alınmaqla qalıq- 2,230 qram heroin və bir ədəd 6-7 sm uzunluqda plastmas boru məhv edilməlidir. 16 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 109,90 ( yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə «Yusifbəyli və Partniyorları» vəkil bürosunun vəkili X2 180 (bir yüz səksən) manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından «Yusifbəyli və Partniyorları» vəkil bürosunun vəkili X2 180 (bir yüz səksən) manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-də saxlanılan, Təqsirləndirilən şəxs 16.09.2021-ci tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,280 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin 0,05 qramının aparılmış məhkəmə-kimyəvi ekspertizası nəticəsində tədqiqata sərf edildiyi nəzərə alınmaqla qalıq- 2,230 qram heroin və bir ədəd 6-7 sm uzunluqda plastmas boru məhv edilsin. 16 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə evkspertiza xərcləri 109,90 ( yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar