Məhkəmə qərarları › İş №1(101)-495/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-495/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-495/2021 26.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Şəki rayon Xalq Məhkəməsinin xx xxxxxx 1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nizami rayon Xalq Məhkəməsinin xx xxxxxxxx 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17, 148-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, məhkumluqları ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Q.Fətəliyev küçəsi, ev 17, mənzil 39 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə cinayətkar qrupun üzvü olan qeyrisinin naməlum vaxtda və şəraitdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində gizlətdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən külli miqdarda təmiz çəkisi 7197 qram (7 kq 197 qr) olan narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 1169,9 qram (1 kq 169,9 qr) olan narkotik vasitə tiryəki həmin yerdən naməlum vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 3 mənzil 39 ünvanına daşımaqla saxlamış, əldə etdiyi narkotik vasitə heroinin külli miqdarda 130,5 qram hissəsini 01 ədəd bükümdə və narkotik vasitə tiryəkin külli miqdarda 171,1 qram hissəsini 01 ədəd bükümdə ayıraraq qanunsuz olaraq üzərində saxlamaqla ünvan 4 saylı ünvanın qarşısına daşımış, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Baş X2 əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 06:00-da ünvan 5 saylı ünvanın qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, Baş İdarədə həmin tarixdə saat 08:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı satış məqsədi ilə sağ əlində saxladığı ağ rəngli paketin içərisindən 01 ədəd bükümdə külli miqdarda 130,5 qram təmiz çəkidə narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda 171,1 qram təmiz çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, üzərində narkotik vasitə heroin və tiryəkin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 10:00-dan etibarən Təqsirləndirilən şəxs özünün icazəsi və razılığı əsasında yaşadığı ünvan 3 mənzil 39 ünvanına baxış keçirilərkən qonaq otağının sağ tərəfində olan stolun altından satış məqsədi ilə əldə edib saxladığı 01 ədəd paketin içərisində 1006,8 qram, 986,1 qram, 1034,6 qram, 989,8 qram, 1046,4 qram, 987,6 qram, 1015,2 qram olmaqla 07 ədəd bükümdə külli miqdarda ümumilikdə təmiz çəkisi 7066,5 qram olan narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda ümumilikdə təmiz çəkisi 998,8 qram olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Q.Fətəliyev küçəsi, ev 17, mənzil 39-da kirayədə yaşamışdır. ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmişdir. 2020-ci ilin may ayında “Facebook” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxslə tanış olmuş, bir neçə gün “Facebook”da Məhəmmədlə danışmışdır. Həmin danışıqlarında Məhəmməd söhbət əsnasında bildirmişdir ki, Azərbaycanda onun çoxlu dostları vardır və onlarla birlikdə iş görüb yaxşı pul qazanırlar. Maddi imkanı o qədər də yaxşı olmadığından Məhəmməddən həmin qazanclı işin nədən ibarət olması ilə maraqlanmışdır. Məhəmməd ona açıqlayıb bildirmişdir ki, yaşadığı İrandan Azərbaycana tanışlarının vasitəsi ilə narkotik maddələr keçirdib göndərir, onlar müəyyən yerlərə qoyulur və sonradan Azərbaycandakı tanışları həmin narkotik vasitələri qoyulan yerdən götürüb onun dediyi başqa yerlərə aparılıb qoyur və bunun müqabilində pullarını alırlar. Məhəmməd ona da bu işə qoşulmasını təklif etmiş, o da razılaşmışdır. Məhəmməd ona narkotik vasitə Azərbaycan Respublikası ərazisinə keçirildikdən sonra məlumat verəcəyini, malın Bakı şəhəri ərazisində müxtəlif ünvanlara qoyulacağını, onun deməsi əsasında bildirəcəyi yerdən malı götürüb özündə saxlamağını və malı etibarlı yerdə saxladıqdan sonra yenidən onun dediyi miqdarda bildirdiyi ünvanlara qoymalı olduğunu demişdir. O, Məhəmmədə narkotik vasitələrdən istifadə etsə də satışı ilə məşğul olmadığını bildirmişdir. Məhəmməd ona hər dəfə bu işi görəcəyi halda narkotik vasitənin satışından əldə etdiyi gəlirin müəyyən hissəsini verəcəyini bildirmişdir. 2020-ci ilin iyun ayında Məhəmməd onunla yenidən “Facebook” sosial şəbəkəsində danışarkən mal göndərəcəyini bildirmiş, o da razılaşmalarına uyğun şəkildə hərəkət etməyə hazır olduğunu demişdir. Sonradan dəqiq xatırlamadığı tarixdə Məhəmməd onunla əlaqə saxlayıb ona özünə məxsus olan narkotik vasitələrin artıq 3 aya yaxındır ki, Bakı şəhərində olduğunu, həmin narkotik vasitələrin birgə satışını həyata keçirmək üçün etibar edə biləcəyi şəxsin olmadığını söyləmiş və bu işi birlikdə görməyi təklif etmiş, o da razılaşmışdır. Məhəmməd malın, yəni narkotik vasitələrin artıq Bakı şəhərində yaşadığı ünvanın yaxınlığında yerləşdirildiyini, konkret olaraq narkotik vasitələrin Qaraçuxur qəsəbəsi, “Tatlı Un” məmulatlarının yerləşdiyi obyektin yaxınlığında daşların yanına qoyulduğunu deyərək təcili malı gedib oradan götürməyi tapşırmışdır. O, həmin yerə gedib orada bir bağlamanın olmasını görmüş və onu götürərək yaşadığı mənzilə gətirmişdir. Bu narkotik vasitələrin kim tərəfindən və nə vaxt oraya qoyulmasından heç bir məlumatı olmamışdır. Bağlamanı evə gətirdikdən sonra onu açaraq həqiqətən də içərisində narkotik vasitə heroin və tiryək olmasını görmüşdür. Danışıqlarına görə həmin narkotik vasitələri Məhəmmədin dediyi yerlərə qoyduqdan sonra Məhəmməd ona müxtəlif məbləğlərdə pul göndərməli idi. Aralarında olan razılaşmaya əsasən o, istifadəsində olan “Facebook” sosial şəbəkəsini mobil telefonundan silib Məhəmmədlə yalnız “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamalı olmuşdur. Belə də olmuş və o, narkotik vasitələri əldə etdikdən sonra bir neçə dəfə Məhəmmədlə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamış, danışıqlar zamanı Məhəmməd ona hər an hazır olmağını və onun dediyi miqdarlarda narkotik vasitələri bükümlərə ayırıb uyğun yerlərə qoymalı olacağını demişdir. Bu danışıqlarından bir az sonra Məhəmmədlə birlikdə iş görməkdən vaz keçib, narkotik vasitəni özününkü kimi satıb yaxşı qazanc əldə etmək qərarına gəlmiş, buna görə Məhəmmədlə əlaqəni kəsmək üçün özünün “Facebook” hesabını tam silmiş, həm də “WhatsApp” proqramı ilə əlaqəni bağlamışdır. Belə qərara gəlmişdir ki, həmin narkotik vasitələri hissə-hissə olmaqla satıb ümumilikdə heç olmazsa 100000 manat qazanc əldə etsin. Həmin narkotik vasitədən bir neçə gün özü üçün istifadə etmişdir. Narkotik vasitəni satmaq üçün miqdarını ölçməkdən ötrü özünə elektron tərəzi də almışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 05 radələrində narkotik vasitə heroindən tiryəkdən dəqiq miqdarını bilmədiyi ölçüdə götürmüş, həm də elektron tərəzini də paketə qoyub yaşadığı ünvandan çıxmışdır. Səhər saatlarında evdən çıxmaqda məqsədi həm mağazadan siqaret almaq, həm də qeyd olunan narkotik vasitəni yaşadığı ünvanın yaxınlığında parkda yığışan narkotik vasitə istifadə edən şəxslərə satmaq olmuşdur. Küçədə getdiyi vaxt mülki geyimli şəxslər ona yaxınlaşaraq saxlamış, xidməti vəsiqələrini təqdim edərək Baş X2 əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün qeyd olunan idarəyə onlarla birlikdə getməli olduğunu demişlər. O da etiraz üçün yer olmadığını görüb bu şəxslərlə həmin idarəyə getmişdir. Orada hüquqlarını müdafiə etmək üçün vəkil çağırılmış və vəkilin iştirakı ilə üstü videoçəkilişlə axtarılmışdır. Başlanğıcda polis əməkdaşı ona üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o da sağ əlində saxladığı torbanı masanın üzərinə qoymuşdur. Torbanın içərisindən narkotik vasitə olan heroin, tiryək və elektron tərəzi aşkar edilmişdir. Bundan sonra sağ yan cibindən özünə məxsus mobil telefonlar, 1 ədəd açar, sol yan cibindən 27 manat məbləğində pul, sağ yan orta cibindən alışqan, sol yan orta cibindən siqaret aşkar edilmişdir. Narkotik vasitələr elektron tərəzidə çəkilmiş, narkotik vasitələr və elektron tərəzi zərfə qoyularaq möhürlənmiş, üzərində qeydlər aparılaraq tərəflərindən imzalanmışdır. Mobil telefonlar da götürülmüşdür. Siqaret, alışqan, pul və açar isə özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı ona sual verilən zaman yaşadığı mənzildə də narkotik vasitələrin olmasını etiraf etmiş və mənzilə baxış keçirilməsinə razı olmasına dair ərizəni imzalamışdır. Onu sorğu-sual edən polislərə tapılmış narkotik vasitələri İran vətəndaşı Məhəmməd adlı şəxsdən satıb qazanc əldə etmək məqsədi ilə əldə etdiyini etiraf etmişdir. Sonra üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və özü də protokolla tanış olub doğru yazıldığı üçün imzalamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə kirayə yaşadığı ünvan 3 mənzil 39 ünvanına getmişlər. Mənzildə stolun altında saxladığı narkotik vasitələr olan bağlamanı təqdim etmiş, həmin bağlamanın içərisində 7 bükümdə heroin, 1 bükümdə isə tiryək aşkar olunmuşdur. Həmin narkotik vasitələrə baxış keçirilmiş və zərfə qoyularaq möhürlənmiş, digər iştirakçılarla yanaşı o da imzalanmışdır. Daha sonra mənzilə baxış keçirilməsi və götürülmə aparılması barədə protokol tərtib olunmuş və doğru yazıldığı üçün protokolu da imzalamışdır. Məhkəmədən himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb ona mümkün qədər yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşı Şahid1 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə xidmət etdiyi Baş İdarəyə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Q.Fətəliyev küçəsi, ev 17, mənzil 39 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən Bakı şəhəri ərazisində böyük miqdarda satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edilmiş və həmin şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Əməliyyat qrupunun rəhbəri özü olmaqla idarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun həmin üzvlərini təlimatlandıraraq şəxs barəsində olan məlumatları bildirmişdir. Bundan sonra axşam saatlarında birlikdə Baş İdarədən çıxıb Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisinə getmiş, qəsəbədə gecə saatlarında müşahidələr aparmağa başlamışlar. Nəhayət, xx xxxxxx 2020-ci il tarixdə saat 06:00-da Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində olan zaman xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxsi görmüşlər və ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü təhqiqatçı tərəfindən vəkil dəvət edilmişdir. Vəkil ona təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa təqdim etmək təklif olunmuş, o da bu təklifdən sonra əlində saxladığı sellofan torbanı təqdim etmişdir. Sellofan torbanın içərisindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər, 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər maddə, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan başqa şalvarının cibindən 2 ədəd mobil telefon, 1 ədəd açar, 27 manat pul, alışqan, 1 ədəd siqaret qutusu aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələr olan heroinə və tiryəkə bənzər maddələr qablaşdırılmış, üzəri bütün iştirak edənlər tərəfindən imzalanmaqla möhürlənmişdir. Mobil telefonlar da götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. İlkin sorğusu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı olan, “Facebook” sosial şəbəkəsində tanış olduğu Məhəmməd adlı şəxsdən əldə etdiyini bildirmişdir. Daha haradasa, o cümlədən yaşadığı ünvanda naroktik vasitə saxlayıb-saxlamadığı soruşulduqda Məhərrəm yaşadığı ünvanda da həmin Məhəmməddən satmaq üçün əldə etdiyi narkotik vasitələrin olmasını bildirmişdir. Məhərrəm yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmamasına dair ərizə də təqdim etmişdir. Şəxsi axtarışın sonunda təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgünlüyü iştirakçılar tərəfindən imzalanmaqla təsdiqlənmişdir. Keçirilmiş tədbirin davamı olaraq xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs, onun müdafiəçisi və qrup üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Q.Fətəliyev küçəsi, ev 17, mənzil 39 ünvanına getmişlər. Təqsirləndirilən şəxs özünün icazəsi ilə qeyd olunan mənzilə daxil olmuş və baxış keçirilmişdir. Baxış iştirak edənlər xəbərdar edilməklə videoçəkiliş aparılmaqla keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mənzilin giriş qapısı ilə üzbəüz otağın içərisində stolun altından 1 ədəd şəffaf sellofan torbanı çıxararaq təqdim etmişdir. Həmin torbanın içərisindən 7 ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə heroinə bənzər, 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər maddə aşkar edilmiş və qablaşdırılaraq götürülmüş, üzəri tərəflərindən imzalanıb möhürlənmişdir. Təqsirləndirilən şəxs evinə baxış zamanı başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Baxış və götürmə başa çatdıqdan sonra polis idarəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, bütün iştirakçılar protokolla tanış olaraq onu imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə etməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 06:00-da ünvan 5 saylı ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Baş İdarədə xidməti otaqların birində onun üzərində keçirilən şəxsi axtarış zamanı əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər, 01 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər maddə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 30-32). xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş “mənzilə baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Q.Fətəliyev küçəsi, ev 17, mənzil 39 ünvanına keçirilmiş baxış zamanı Məhərrəm Əliyev qonaq otağının girişindən sağ tərəfdə yerləşən stolun altından 01 ədəd, ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisində 07 ədəd, şəffaf rəngli sellofan bükümlərdə narkotik vasitə heroinə bənzər maddələr, 01 ədəd şəffaf rəngli sellofan bükümdə isə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə aşkar edilmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqə 35-37). Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə, yaşadığı mənzilə baxış və götürmə aparılması “Samsung” markalı mobil telefon aparatı istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və 02 ədəd DVD diskə yazılaraq protokola əlavə edilmişdir. Həmin DVD disklərdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 02 ədəd DVD disk xx xxxxxxx 2020-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 158-172). Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il 6/1500 nömrəli rəyindən müəyyən olunur ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı olan paketdəki 2 ədəd bükümdə təmiz çəkisi 130,5 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 171,1 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Həmin zərfdə olan bir ədəd “100g x 0,01 qr” markalı elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin və tiryəkin izləri vardır. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş” yazısı olan bağlamadakı 7 (yeddi) ədəd bükümdə ümumi təmiz çəkisi 7066,5 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 998,5 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Təqsirləndirilən şəxs üzərindən və kirayədə yaşadığı ünvandan götürülmüş tiryəkin ümumi təmiz çəkisi 1169,9 qram (1 kq 169,9 qr) təşkil edir və həmin tiryəklər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən və kirayədə yaşadığı ünvandan götürülmüş heroinin ümumi təmiz çəkisi 7197 qram (7 kq 197 qr) təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Tərəzinin üzərindəki heroin və tiryək iz şəklində olduğu üçün, təqdim edilmiş bükümlərdəki heroinlərlə və tiryəklə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Heroin və tiryək xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 7196,8 qram, tiryəkin qalıq çəkisi 1169,6 qram təşkil etmişdir (cild 1, iş vərəqə 46-51). xx xxxxxx 2020-ci il tarixli qərarla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərindən, yaşadığı mənzildən aşkar edilərək götürülmüş 7197 qram çəkidə narkotik vasitə olan heroin və 1169,9 qram çəkidə tiryək maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 7196,8 qram olan heroin və 1169,6 qram tiryək saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 87-89, 158-172). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxxx 2020-ci il tarixli 2830 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcbur müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 151-152). “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş xx.xx.2020-ci il tarixli AZF/LGL-11049/20 saylı məktubdan görünür ki, əldə edilmiş məlumatlar 1 ədəd CD disk də istintaqa təqdim edilmişdir. Həmin diskə keçirilmiş baxışla bağlı tərtib olunmuş protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olmuş, habelə onlar arasında yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Bundan əlavə sms tarixçəsinə baxış zamanı müxtəlif nömrələrlə yazışmalarda “qedew senin qadan alaram men olum dostum cox pis agriyir her yerden umdum uzulubdu gelesenmi qaqa sene arxein olramde men hemewede sene arxaynam”, “1 dene vagib kako lazimdi pulunu koturmusem he yox de”, “Mali tapa bilmiram sizn mahladayam ac birdana kola ver”, “Gelim bloka ver de cox pisem qadan alaram senin vezyet pisdi”, “Kola lazimdir 3 dana”, “qaqa taksi zakas eledim biz cixdiqde mehlemizden gelik nefcilere hansi terefine gelek nefcilerin men aga hec vaxt ferq qoyma yaxwi qedew”, “X4rdawi telefonu gotur iwim var sennen”, “mahir 10 manat verim mene kakos verde cekim bazdiga gedirem bu gun ureyim cekmek istyir bidene qewey weynen taniw olmuwam ureyin istese padruqasida var gedek”, “mahir 20 manatlıq şüşə istəyən var varındı”, “Qaqa, 2 denə m40 lazimdi. nə vaxt metro əhmədli teref den kecdin”, “gelirem mehlene yari kakos yari suse ver goturum gedim”, “Hardasan abi? 70 manatim var”, “Ruzgardi. Mahir oyaqsan? Heyetdeyem. Pulu goturdum”, “Pul tapdim Mahir. Goturub gelirem mehleye”, “Qaqa pul duzetmiwem ac hara gelim”, “Qaqas meti qaldi? 2 dene de lazmdi” “5dene Kola Lazimdi”, “Qardasim salam basva donerem pul duzeldmsem ne olar mene 1 dene teker lazmdi qadan alaram pulum putoydu” məzmunda mesajların olması aşkar olunmuşdur. Sms tarixçəsində gündəlik olaraq narkotik vasitə və psixotrop maddələrin Təqsirləndirilən şəxs tərəfindən satılmasını təsdiq edən mətnlər vardır. Qeyd olunan CD diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olan həmin disk xx xxxxxxx 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 156, 158-172). Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3 maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 174-175) Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Şəki şəhər İcra hakimiyyəti başçısının 1 nömrəli X6 Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2000-ci ilə kimi Şəki şəhərində yaşamış və sonralar Bakı şəhərinə yaşayıb işləmişdir, iki dəfə ailəli olmuşdur. Birinci ailəsindən bir, ikinci ailəsindən iki övladı vardır. Şəki şəhərində yaşadığı müddət ərzində onun davranışından yaşadığı ərazi sakinləri tərəfindən icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqə 122). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il və xx.xx.2013cü il təvəllüdlü uşaqları vardır (cild 1, iş vərəqə 155-156). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Xalq Məhkəməsinin xx xxxxxx 1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökmün icrası təxirə alınmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Xalq Məhkəməsinin xx xxxxxxxx 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17, 148-ci maddəsi ilə 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 111-113). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluqları ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20-21, 66-67, 84-86). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, qalıq çəkisi 7196,8 qram olan heroin, qalıq çəkisi 1169,6 qram olan tiryək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən sinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə, yaşadığı mənzilə baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 ədəd DVD disk və “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olan, cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 47). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində saxlanılan qalıq çəkisi 7196,8 qram olan heroin və qalıq çəkisi 1169,6 qram olan tiryək məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə, yaşadığı mənzilə baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd DVD disk və “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar