Məhkəmə qərarları › İş №1(101)-496/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-496/2022

01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-496/2022 01.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi - atası Qanuni nümayəndə2 və onun müdafiəçisi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 2004-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun, Məmmədli kəndində qeydiyyatda olmqla, ünvan 1 ünvanında yaşayan barəsində Nizami rayon məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında “yuvinal” məhkəmə iclas zalında baxaraq, müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanında piyada hərəkətdə olarkən mobil telefonla internet sosial şəbəkəsində ayrı-ayrı şəxslərlə danışarkən özü barəsində məlumat verib “ortalıqda Rahibdi” sözünü söyləyən zaman həmin yol ilə hərəkətdə olan əvvəllər tanıdığı Zərərçəkmiş şəxs isə sonuncunun öz şəxsiyyətini üstün tutmasını zənn edib ona irad bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onun sifət nahiyyəsinə yumruqla qəsdən vuraraq ona ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ qaşüstü nahiyə, üst dodağın sağ yarısının ön səthinin sıyrıqları xəsarətini yetirərək ünvanına nalayiq ifadələr işlətdiyi üçün qisas almaq məqsədilə üzərində gəzdirdiyi təyinatı istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısından 2 dəfə vuraraq sonuncuya ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol tərəfli hemopnevmotoraks, daxili qanaxma ilə müşayiət olunan diafraqma və qaraciyərin sol payının zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yan səthinin döş və qarın boşluqlarına nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol kürək nahiyyəsinin 1 ədəd səthi deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu, Məmmədli kəndində qeydiyyatda olsa da ünvan 1 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayır. Orta məktəbi Bakı şəhəri, Nizami rayonu, metronun Xalqlar Dostluğu stansiyasının yaxınlığında yerləşən 272 saylı orta məktəbdə oxumuş, hazırda heç bir yerdə işləmir. 14 avqust 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 61 saylı orta məktəbin qarşısında hərəkət edə-edə mobil telefonla “tiktok” sosial şəbəkədə canlı yayım açmış və canlı yayıma qoşulan tanımadığı şəxslərə “ortalıqda Rahibdir” sözünü işlətmişdir. Bu zaman əvvəllər 3-4 dəfə gördüyü, yaşadığı məhəllədən tanıdığı, adının sonradan Zərərçəkmiş şəxs bildiyi şəxs onunla üzbəüz gəlmişdir. Onun “tiktok” sosial şəbəkəsində dediyi “ortaqlıqda Rahibdir” sözünü eşitdiyi üçün Afiq dayanmış və “Tiktok” sosial şəbəkəsində dediyi “ortalıqda Rahibdir” sözünü öz üzərinə götürərək ona “indi neyniyim” sözünü demişdir. O, həmin dediyi sözü üzərinə götürməməyini və aidiyyəti olmadığını, hər dediyi sözü öz üzərinə götürməməsini bildirmiş və söhbəti bağlayaraq çıxıb getmək istədiyini izah etmişdir. Afiq ona, ”sən indi borzusan, idmançısan” demiş və onunla mübahisə etməyə başlamışdır. O, Afiqin çıxıb getmək istəmədiyini görüb nə istədiyini soruşduqda Afiq ona kənarda söhbət etməyi təklif etmiş və onlar birlikdə piyada hərəkət edəedə Nizami rayonu, C.Naxçıvanski küçəsi 43 ünvanında yerləşən “Orxan” adlanan marketin yanında, heç kimin olmadığı qarajların yanına gedib çatmışlar. Orada söhbət edən zaman o bir daha Afiqə “ortalıqda Rahibdir” sözünü ona demədiyini, hər sözü öz üzərinə götürməklə düzgün etmədiyini qeyd etmişdir. Bu zaman o, Afiqin ünvanına yox, ümumillikdə söyüş söyəcəyi təqdirdə həmin söyüşü də öz üzərinə götürüb-götürməyəcəyini soruşmuşdur. Bu zaman anidən, gözləmədiyi anda Afiq sağ əli ilə onun sifət nahiyəsindən 2 dəfə yumruq zərbəsi endirmiş və onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, bu zaman o, zərbənin təsirindən geri çəkilmiş və belində olan cib bıçağı ilə Afiqin bədən nahiyəsindən iki dəfə vurmuş, bundan sonra həm onun, həm də Rafiqin ortaq dostu Ayxan “Orxan” marketdən çıxmış və qışqıraqışqıra “dalaşmayın” sözünü deyərək olduqları yerə gəlmişdir. O, Ayxanı görüb eşitdiyi üçün arxaya çəkilmiş və Afiq onun fikrinin yayınmasından istifadə edərək yumruqla onun sifət nahiyəsindən yenidən vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Bu zaman Ayxan gələrək onları aralaşdırmış və o, oradan qaçıb getmişdir. Hadisə 14 avqust 2021-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanında yerləşən “Orxan” marketin yaxınlığındaki qarajların yanında, heç kimin olmadığı yerdə baş vermişdir. Baş vermiş hadisəyə səbəb Afiqin onun ünvanına nalayiq ifadələr işlədərək sifət nahiyəsindən yumruq zərbəsi vurub ona xəsarət yetirməsi olmuşdur. O, hadisə zamanı Afiqin onun sifət nahiyəsindən vurduğu üçün o, sağ qaşından, ağız nahiyəsindən, dodağından və onu yerə yıxdığı üçün də dizlərimdən xəsarət almışdır. Hadisə Nizami rayonu, C.Naxçıvanski küçəsi 43 ünvanında yerləşən “Orxan” adlanan marketin yaxınlığında, heç kimin olmadığı qarajların yanında baş verdiyi üçün hadisə zamanı orada ondan və Afiqdən başqa heç kim olmamışdır. Ayxan isə “Orxan” marketdən çölə çıxıb onların olduqları yerə gəlmiş, hadisə zamanı onun yanında heç kim olmamış, o, tək olmuş və hadisədən sonra Ayxan onların aralaşdırdıqdan sonra o çıxıb gedən zaman onu məşq yoldaşı “Şoşu” ləqəbli Şahin ora gəlmişdir. Şahin onun keçmiş məşq yoldaşı olduğu üçün onun barəsində heç bir məlumata malik olmamış, onun anket məlumatlarını və mobil telefonunu bilməmişdir. Hadisə zamanı onun üzərində meyvə doğramaq üçün cib bıçağı olmuş, hadisə yerində bıçaq əlindən yerə düşmüş və o, çıxıb getdiyi üçün bıçağın sonrakı aqibəti barədə məlumatı olmamışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o ünvan 5 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayır. 14 avqust 2021-ci il tarixdə saat 19 radələrində dostu Ayxanın işlədiyi “Orxan” marketə gedərək görüşmüş və onlar bir az söhbət etdikdən sonra evə qayıdan zaman mağazanın yaxınlığında əvvəllər iki-üç dəfə gördüyü və adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs onun yaxınlığından keçmiş və yaxınlığından keən zaman onun üzünə baxaraq demişdir ki, “ortalıqda Rahibdi”. O da Rahibə “hə indi neyniym” demişdir. Bu zaman Rahib ona “mən sözü ortalığa atıram sən niyə öz üstüvə götürürsən” demişdir. O da Rahibə, ortalığa atmaq o formada olmur söyləmişdir. Rahib ona keçib kənarda söhbət etməyi bildirmişdir. Onlar “Orxan” marketin yanında heç kim olmayan kənar yerə çəkilmişlər. Rahib ona, “mən ortalığa “qəhbə” sözü atsam sən öz üstüvə götürəsən” soruşduqda o Rahibə “nə gic-gic danışırsan” deyərək sifətindən 2 dəfə yumuruqla vurmuşdur. Bu zaman Rahib belindən bıçaq çıxardaraq onun sol kürək nahiyyəsindən vurmuşdur. Bundan sonra Ayxan mağazadan çıxmış, Rahib Ayxana baxan zaman qorxub geri çəkilmiş və bu zaman o Rahibi yerə yıxaraq baş nahiyyəsindən 2 dəfə vurmuşdur. Bundan sonra Ayxan onları aralaşdırmış və Rahib durub ordan çıxıb getmişdir. Bundan sonra Ayxan onu xəstəxanaya aparmışdır. Hadisə 5 dəqiqə davam etmiş və hadisə yerində o, Rahib və Rahibin yanında olan tanımadığı adam olmuşdur. Ayxan isə sonradan gəlmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır, hazırda 109 saylı orta məktəbin 11-ci sinif şagirdidir. 2021-ci ilin may ayından etibarən ünvan 3 ünvanında yerləşən “Orxan” adlanan marketdə tanışı Qadirə kömək etmişdir. 14 avqust 2021-ci il tarixdə saat 19 radələrində “Orxan” adlı mağazada olan zaman səs-küy eşitdiyi üçün o qaçaraq çölə çıxmış, çölə çıxdıqdan sonra Zərərçəkmiş şəxs məhəllədə bir neçə dəfə gördüyü və Rahib kimi tanıdığı, sonradan şəxsiyyətinin Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə dalaşdığını görmüşdür. Bu zaman qışqıraraq “dalaşmayın” deyərək onların olduğu, qarajların yanına getmiş və tərəfləri aralaşdırmışdır. Həmin vaxtı Rahib oradan çıxıb getmiş və bundan sonra Afiqi qan apardığı üçün o, yaxınlıqdakı aptekdən bint, periks və yod almış və ilkin tibbi yardım göstərməyə çalışmışdır. Sonra Afiqin qanı dayanmadığı üçün Afiqi xəstəxanaya apramaq üçün yoldan keçən maşınlara əl etsə də heç kim maşını saxlamamışdır. Afiqin vəziyyəti yaxşı olmadığı üçün ondan xahiş etmişdir ki, atasına zəng vursun, məlumat versin və o bundan sonra zəng edib Afiqin atasına hadisə barədə məlumat vermiş və Afiqin atası ona “Medical Plaza” xəstəxanasına aparmağını demişdir. Bundan sonra o yoldan keçən “Vaz 2107” markalı, dövlət qeydiyyat nişanını görmədiyi avtomobilə əl etmiş və həmin avtomaşın saxladığı üçün həmin avtomaşınla Afiqi “Medical Plaza”ya aparmışdır. O, “Medical Plaza”ya çatdıqda Afiqin atası Şahin onları qarşılamış və Afiq otağa salınmış, orada Afiqi bir qədər gözləmiş və yaşadığı evə getmişdir. O, onların mübahisələrinin səbəbini bilməmiş, onlar nə üçün dalaşdıqlarından da məlumatsız olmuşdur. Həmin vaxtı hadisə yerində Afiq, Rahib olmuş, sonradan o, sonunculara yaxınlaşıb aralaşdırmış, hadisə zamanı Təqsirləndirilən şəxs tək olmuş, o, tərəfləri aralaşdırdıqdan sonra Rahib çıxıb getmişdir. Hadisədən sonra o, yerdə bıçaq və ya digər alət aşkar etməmiş, hadisə təxminən 1-2 dəqiqə davam etmiş, hadisəyə kənardan heç kim müdaxilə etməmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun, Suluçeşmə kəndində qeydiyyatda olsa da, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, 2020-ci ildə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 61 saylı orta məktəbi bitirmişdir. 2021-ci ilin may ayından etibarən ünvan 3 ünvanında yerləşən “Orxan” adlanan marketdə satıcı işləyir. Hərdən-bir dostu Şahid1 mağazaya gəlib onunla birlikdə mağazada işləmiş, Ayxan işə yeni başlamışmışdır. 14 avqust 2021-ci il tarixdə saat 19 radələrində işlədiyi mağazada olan zaman səs-küy eşitdiyi üçün Ayxan qaçaraq çölə çıxmış, o da mağazada kassada oturduğu üçün kassanı sahibsiz qoymamaq üçün yerindən durmamışdır. Ayxan çölə çıxdıqdan bir neçə saniyə sonra Ayxanın qışqırtı səslərini eşitdiyi üçün narahat olub bayıra çıxmışdır. Bayırda olan zaman həm onun, həm də Ayxanın dostu Zərərçəkmiş şəxs məhəllədə bir neçə dəfə gördüyü, üzdən Rahib kimi tanıdığı, sonradan şəxsiyyətinin Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə dalaşdığını görmüşdür. O, bayıra çıxan zaman Ayxan tərəfləri artıq aralaşdırmış və Rahib artıq oradan çıxıb gedirmiş. Onlar mağazanın qarşısında deyil, bir qədər kənarda, yəni mağazanın yan hissəsində olan heç kim olmayan qarajların yanında dalaşdıqları üçün o mağazanın kassasını sahibsiz qoyub ora gedə bilməmişdir. Hadisənin necə baş verməsini, hadisəyə səbəb nə olmasını və kimin kimə xəsarət yetirməsinin şahidi olmamış, həmin zaman hadisə yerində Afiq, Rahib olmuş, sonradan Ayxan onlara yaxınlaşıb onları aralaşdırmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs tək olmuş və Ayxan onları aralaşdırdıqdan sonra Rahib çıxıb getmiş, hadisədən sonra o, yerdə bıçaq və ya digər alət aşkar etməmişdir. Hadisə təxminən 1-2 dəqiqə davam etmiş, Ayxan onları aralaşdırdığı üçün və bundan başqa hadisə yeri qarajların yanı olmuş, orada heç kim olmamış, hadisəyə kənardan kimsə müdaxilə etməmişdir. İş materiallarında olan 21 avqust 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir daha istintaq zamanı vermiş olduğu ifadəsini əyani olaraq təsdiq edib ünvan 3 ünvanında Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi yeri əyani şəkildə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. (İş vərəqə 50-52) 14 avqust 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş və hadisə yerinə baxış zamanı hadisə yerinin ünvan 3 ünvanında olan ictimai yer sayılmayan qarajların yan hissəsi olduğu müəyyən edilmişdir. (İş vərəqə 4-9) İş üzrə məhkəmə tibbi ekspertizasının 23.08.2021-ci il tarixli 735 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraks, daxili qanaxma ilə müşayiət olunan diafraqma və qara ciyərin sol payının zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yan səthinin döş və qarın boşluqlarına nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol kürək nahiyəsinin bir ədəd səthi deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər deşicikəsici alətin, ola bilər ki, bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 14.08.2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. (İş vərəqə 22, 79-81) İş üzrə məhkəmə tibbi ekspertizasının 25.08.2021-ci il tarixli 748 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs sağ qaşüstü nahiyə, üst dodağın sağ yarısının ön səthi və hər iki diz oynağının ön səthinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 14.08.2021-ci il tarixdə yarana bilər, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. (İş vərəqə 77,111-113) İş üzrə məhkəmə kompleks psixoloji və psixatrik ekspertizasının 20.10.2021-ci il tarixli 2437 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmiş, onda xasiyyəti psixopatik cizgiləri müəyyən edilir. Həmçinin ona ittiham olunan əməl dövründə hər-hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtiradındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafına gerilik aşkar edilmədi. Hövsələsizlik, kobudluq, konfliktə meyillilik, qıcığa qarşı həssaslıq kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs iş üzrə əhəmiyyət kəsb edən halları adekvat olaraq qavramaq, təsvir etmək bu barədə ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən zaman şüur və davranışlarına təsir göstərən psixi-emosional halda olmamışdır. (İş vərəqə 96-97,133-136) İş üzrə kompleks məhkəmə-bioloji və məhkəmə trassoloji ekspertizasının 29.10.2021-ci il tarixli 642 – MTKŞ / 2021 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində və köynəyin arxa səthində dəlib keçən zədələr, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthinin, döş və qarın boşluqlarına nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol kürək nahiyəsinin 1 ədəd səthi deşilmiş-kəsilmiş yarası ilə nisbi olaraq üst-üstə düşür. (İş vərəqə 98,125-127) İş üzrə kompleks məhkəmə-bioloji və məhkəmə trassoloji ekspertizasının 18.11.2021-ci il tarixli 782 / 2021-MTBŞ saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi: O(İ). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək, şortik üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri AB0 sistemi üzrə tətbiq olunduqda yalnız H antiqeni alındı. Həmin qan ləkələri O alfa beta (1) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (İş vərəqə 98,128-132) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. AR DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş vərəqə 137-138) İş materiallarında olan, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə3 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, onlar hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar, zərərçəkmiş şəxsə dəymiş ziyan Təqsirləndirilən şəxs valideyni, Qanuni nümayəndə2 tərəfindən ödənildiyindən ona qarşı heç bir şikayətləri və maddi tələbləri yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, AR CM-in 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə və qanuni nümayəndəsi ilə barışmasını, Təqsirləndirilən şəxs valideyni tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın müddəti onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndinin 5-ci abzasında qeyd edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CMnin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. X3 12-ci bəndinin 6-cı abzasında qeyd olunur ki, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun yetkinlik yaşına çatmamasını, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığlndan, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. AR CM-in 85.5.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. İş materiallarında olan 21 avqust 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli , 4(007)- 245/2021 tarixli qərarından görünür ki, 23 avqust 2021-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 avqust 2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 4(007)- 264/2021 tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. AR Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxildir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclası zalından həbsə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar olan, Nizami RPİ-nin MSK-na təhvil verilmiş, iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şortik və bir ədəd qara rəngli köynək hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə hər saat üçün 06 manat hesabı ilə ümumilikdə 120 (yüz iyirmi) manat miqdarında pul Bakı şəhər 27 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 85.5.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək onun barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclası zalından həbsə alınsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, Nizami RPİ-nin MSK-na təhvil verilmiş, iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şortik və bir ədəd qara rəngli köynək hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə hər saat üçün 06 manat hesabı ilə ümumilikdə 120 (yüz iyirmi) manat miqdarında pul Bakı şəhər 27 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar