Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-496/2024 20.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X5 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X6 və X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosunun Müdafiəçi iştirakı ilə, 6 yanvar 1990-cı il tarixdə Rusiya Federasiyası, Krasnodar vilayəti, Kurqanski rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, subay, orta təhsilli, məhkumluğu olmayan, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,673 qram psixotrop maddə metafetamini və təmiz çəkisi 2,332 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 1 mart 2023-cü il tarixdə saat 22:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz 2 ünvanında yerləşən “Ömər Atçılıq” klubunun yaxınlığında Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq həmin polis bölməsinin inzibati binasına gətirilmiş, orada videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən ümumilikdə 2 ədəd sellofan bükümdə olmaqla, 1 ədəd bükümdə təmiz çəkisi 3,673 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və 1 ədəd bükümdə təmiz çəkisi 2,332 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1 mart 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz 2, Ömər atçılıq klubunun yaxınlığında yerləşən evə əsgər yoldaşı Əlinin dostunun evinə qonaq getmişdir. O, həmin evə gəldikdən 1-2 saat sonra onlar evdə olarkən qapı döyülmüşdür. Qapıya yaxınlaşdıqda polis əməkdaşlarının evin ətrafında olduğunu görmüşlər. Daha sonra polis əməkdaşları evin pəncərəsini sındırıb onları saxlamışlar. Həmin zaman polis əməkdaşları evi və evin həyətində olan onun avtomobilini axtarmışlar. Onları Sabunçu RPİ-nin 15-ci PB-nə gətirib onlara elektrik vasitəsilə işgəncə vermişlər. Daha sonra onun qarşısında əyləşən polis əməkdaşı ya 1 kiloqram narkotik vasitə ilə, ya da 1 büküm narkotik vasitə ilə ittiham olunmağı qəbul etməli olduğunu bildirmişdir. Ev sahibi olan dostu Rahibə demişlər ki barəsində dəfələrlə şikayət olunduğundan Rahili cəza çəkmə müəssisəsinə göndərəcəklər. Saxlanılarkən nə onun, nə də digər şəxslərin üzərində narkotik vasitə olmuşdur. Ona fiziki təzyiq göstərdiklərindən sənədlərə imza etmişdir. Saxlanıldığı evdə o, əsgər yoldaşı Əli və Rahib olmuşdur. Əsgər yoldaşı Əlinin soyadını xatırlamır. Saxlanıldıqları evin qabaq qapısı ön küçəyə, arxa qapısı isə arxa küçəyə açılır. Polis əməkdaşları evin hasarından tullanıb həyətin içində olan evin qapısını döymüşlər. Polis əməkdaşları evin arxasında olan pəncərəni sındırıb evə daxil olmuşlar. Onun avtomobili “VAZ 21015” markalı avtomobil olmuşdur. Onun avtomobilini evin həyətindən “Emin” adlı polis əməkdaşı idarə edib polis bölməsinə gətirmişdir. Həm evdə, həm də polis bölməsində üzərlərinə baxış keçirtmişlər. Videoçəkiliş vasitəsilə üzərlərinə polis bölməsində baxış keçirtmişlər. Onun avtomobili təmir olunmalı olunduğundan avtomobilini Rahibin evinin həyətində saxlamışdır. Onun avtomobilini atası o saxlanıldıqdan 2-3 gün sonra polis bölməsindən götürmüşdür. Saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Əli onunla birlikdə Rahibin evinə getmişdir. Əli avtomobil alacağından Rahibgilin evinə məsləhətləşmək üçün getmişlər. O, qəza etdiyindən avtomobilini 23 fevral 2023-cü il tarixdə Rahibin həyətində saxlamışdı. O və Rahib narkotik vasitələrdən istifadə etsə də, əsgər yoldaşı Əli narkotik vasitələrdən istifadə etmir. Onu polis əməkdaşları yerdə əllərini bağlayaraq təpiklə döymüşlər. Bakı İstintaq Təcridxanasına daxil olanda müayinə edilərkən xəsarət aşkar olunmamışdır. O evdə 2 dostuyla birlikdə saxlanılmamışdır. O, şəxsi axtarış zamanı müdafiəçinin iştirakından imtina etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Rusiya Federasiyası, Krosnadar vilayəti, Kurqanski rayonunda anadan olmağına baxmayaraq Azərbaycan Respublikasında böyüyüb başa çatmış və orta məktəbi Şəmkir rayonunda bitirmişdir. Azərbaycan dilini tam sərbəst bilir, tərcüməçiyə ehtiyacı yoxdur. Əvvəllər məhkum olunmuş, tutulmamışdan təxminən 4-5 aya yaxındır ki, narkotik və psixotrop maddələrdən istifadə etmişdir. 1 mart 2023-cü il tarixdə saat 22:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz 2, Ömər atçılıq klubunun yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduqlarını bildirərək onu barəsində keçirilən əməliyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər və özü də polis əməkdaşlarına heç bir etiraz bildirməyərək polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində olan zaman xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuş və onun hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkil təyin edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ona bildiriləndə özü könüllü olaraq ərizə ilə müraciət edərək üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçinin iştirak etməməsini xahiş etmişdir. Çünki, üzərində narkotik və psixotrop maddələrin olduğunu bilirmiş və ona görə də istəməmişdir ki, onun hüquqlarını müdafiə edən müdafiəçi bunu görsün. Bundan sonra polis əməkdaşlarının iştirakıyla video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilən zaman təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olduğu halda təqdim etməsi təklif edildikdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə olan metafetamin və həmin şalvarın eyni cibindən isə 1 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə olan heroini masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən ona verilən suala cavab olaraq qeyd etmişdir ki, təqdim etdiyi bükülülərin içərisində olan psixotrop maddə metafetamin və narkotik vasitə olan heroindir. Həmin narkotik və psixotrop maddələri həmin günü günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olan zaman adını və anket məlumatlarını bilmədiyi şəxslə görüşdükdən sonra ondan şəxsi istifadəsi üçün ümumilikdə 80 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələr qablaşdırılmış, bu barədə müvafiq protokol tərtib edilməklə həmin protokol onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və eyni zamanda polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən hər hansı bir fiziki zorakılığa məruz qalmamışdır. Heç bir vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmiş, uzun müddətdir ki, mobil telefondan istifadə etmədiyini göstərmişdir (cild 1, iş vərəqə 64-66). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 15-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Etimad doğuran, qərəzsiz mənbədən, 6 yanvar 1990-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Təqsirləndirilən şəxs Sabunçu rayonu, Pirşağı qəsəbəsində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, alqı-satqısı ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 15-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs 1 mart 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, sovxoz 2, "Ömər atçılıq”ın yaxınlığında tərəflərindən saxlanılaraq 15-ci polis bölməsinə gətirilmiş, şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal olunan narkotik vasitə və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları, predmetləri və ya sənədləri könüllü surətdə təhvil verməsi təklif edilmiş və bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş kristal formalı psixotrop maddə metafetaminə bənzər və 1 ədəd şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddələri çıxararaq təhvil vermiş, həmin maddələri 1 mart 2023-cü il tarixdə günorta saatlarında Sabunçu rayonu Balaxanı qəsəbəsindən üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 80 manata aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra təqdim edilmiş büküm zərflərə qoyularaq qablaşdırılmış, tərəflərindən imzalanmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin hər ikisindən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yanında saxlanılarkən başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs “Ömər” atçılığa doğru yol göstərən fərqləndirici nişanın yaxınlığında tək küçədə piyada hərəkət edərkən saxlamışlar. Təqsirləndirilən şəxs küçədə saxlayarkən ətrafda Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsi olmamışdır. Təqsirləndirilən şəxs evdə yox, küçədə saxlamışlar. Xidməti avtomobillərinə əyləşdirib Təqsirləndirilən şəxs polis bölməsinə gətirərkən əllərini öndə saxlamasını və cibinə salmamasını bildirmişlər və gətirilinə kimi daima müşahidə altında olmuşdur. Polis bölməsinə gətirildikdən sonra müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs avtomobilini idarə edib polis bölməsinə gətirməmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, oğlu Kamran saxlanılmamışdan əvvəl ona aldığı “VAZ 21015” markalı avtomobillə taksi fəaliyyəti göstərirdi. 1 mart 2023-cü il tarixdə oğlu Kamran Sabunçu RPİ-in 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. X24 və Əli adlı tanışları ilə birlikdə saxlanılmış, Rahib və Kamran cinayət məsuliyyətinə cəlb edilsə də, Əli azadlığa buraxılmışdır. O, Kamran tutulduqdan 1 neçə gün sonra saxlanıldığını bilmişdir. Sabunçu RPİ-nin əməliyyat müvəkkili Emin adlı polis əməkdaşı ona Kamranın avtomobilinin polis bölməsində olduğunu və avtomobili götürməyini bildirmişdir. O, avtomobil idarə edə bilmədiyindən qonşusuyla Sabunçu RPİ-nin 15-ci PB-nin gedib Emin müəllimdən oğlunun avtomobilini götürmüşlər. Emin müəllim oğlu Kamranın Rahibə görə tutulduğunu bildirmişdir. Emin müəllim Kamranın avtomobilin Rahibin evinin qarşısında olduğunu oğlu saxlanılarkən özü idarə edib gətirdiyini bildirmişdir. Emin müəllim Kamranın mobil telefonunu da ona qaytarmışdır. Kamrana 3-4 il əvvəl avtomobil almış, onun sürücülük hüququnun olmadığına görə Kamran avtomobili idarə etmişdir. Emin müəllim avtomobili polis bölməsinin həyətindən götürməyi üçün onu 15-ci polis bölməsinə çağırmışdır. Emin müəllim əməliyyat müvəkkili vəzifəsində fəaliyyət göstərir. Kamran və Rahiblə birlikdə saxlanılan Əli adlı şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir. Emin müəllim Rahibdən şikayət olduğunu və ona görə də saxlanıldıqlarını bildirmişdir. Kamranın dostu Rahib adlı şəxsi tanımır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 1 mart 2023-cü il tarixdə çalışdığı “Parnik”-dən evə qayıdarkən qonşuluqda yaşayan Rahibin evinin qarşısında insanların toplaşdığını görmüşdür. Həmin evin yaxınlığına gəldikdə Rahibgilin evinin həyət və mənzil qapısının açıq olduğunu görmüşdür. Həmin mənzilin pəncərələrinin sındığını və şüşə qırıqlarının yerə töküldüyünü görmüşdür. Həmin mənzilə daxil olduqda evin zibillərini mənzilin girişinə tökdüklərini və evin dağıtdıqlarını görmüş, ətrafda olan şəxslər polis əməkdaşlarının evə basqın etdiklərini, Rahiblə birgə 2 nəfərin şəxsin də saxlanıldığını bildirmişlər. Zibil qutusunu mənzilə dağıdıldığını və masanın tərs çevrildiyini görmüşdür. Zibil qutusunun insan tərəfindən dağıdıldığı müşahidə olunurdu. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 1 mart 2023-cü il tarixdə evdə olarkən qonşusu ona zəng edərək yaxınlıqda yaşayan Rahibin evinin qarşısından səs-küy gəldiyini və həmin evin qarşısında insanların toplaşdığını bildirmişdir. O, dərhal həmin əraziyə getmişdir. Həmin evdə hadisə baş verməzdən əvvəl 1 neçə ay öncə polis əməkdaşları tərəfindən axtarış aparılmışdır və o, bu barədə “Emin” adlı əməliyyat müvəkkili ilə söhbət də etmişdir. Həmin evin yaxınlığına gəldikdə Rahibgilin evinin həyət və mənzil qapısının açıq olduğunu görmüş və onun mənzilin sahibi Rahibin mərhum valideynləri ilə yaxşı münasibəti olduğundan mənzilin hansı vəziyyətdə görmək üçün mənzilə daxil olmaq qərarına gəlmişdir. Ətrafda olan şəxslər polis əməkdaşlarının Rahibin hasar qonşusunun evinə daxil olub oradan Rahibin evinə keçdiklərini bildirmişlər, o, həmin şəxslə hadisədən sonra söhbət etmiş, həmin şəxs qorxduğundan məhkəmədə ifadə vermək istəmir. Ona Rahibin qonşusu zəng edib Rahibin evinə polis əməkdaşlarının daxil olduğunu bildirmişdir. Həmin mənzilin pəncərələrinin sındığını və şüşə qırıqlarının yerə töküldüyünü, evi dağınıq vəziyyətə gətirdiklərini görmüşdür. Təqsirləndirilən şəxs və digər şəxslərin saxlanılmasını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 1 mart 2023-cü il tarixdə evdə olarkən ona zəng edərək yaxınlıqda yaşayan Rahibin evinin qarşısından səs-küy gəldiyini və həmin evin qarşısında insanların toplaşdığını bildirmişlər. O, dərhal həmin əraziyə getmiş, həmin mənzilin pəncərələrinin sındığını və şüşə qırıqlarının yerə töküldüyünü görmüşdür. Mənzildə polis əməkdaşları tərəfindən axtarış aparıldığını, 3 və ya 4 nəfərin saxlanıldığını bildirmişlər. Ona Rahibin qonşusu zəng edib Rahibin evinə polis əməkdaşlarının daxil olduğunu bildirmişdir. Səhəri gün usta çağırıb Rahibin mənzilinin pəncərələrini və şiferini düzəltmişdir. Ətrafda olan şəxslər həmin mənzildə Rahib və Kamranın polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişlər. Təqsirləndirilən şəxs və digər şəxslərin saxlanılmasını görməmişdir. Məhkəmə şahid qismində dindirilmiş X11, X7, X2 və X3 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini işin faktiki hallarına uyğun olmadığından mötəbər hesab etmir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 1 mart 2023-cü il tarixli və “baxış keçirilməsi haqqında” 23 may 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı 2 bükümdə narkotik vasitə heroin və psixotrop maddə metafetamin aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 31-32 və 92). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2 mart 2023-cü il tarixli 6/1252 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №161” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz təmiz çəkisi 3,673 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 1 ədəd bükümdə təmiz çəkisi 2,332 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən “narkotik vasitələr”-in, metafetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən “psixotrop maddələr”-in siyahısına (Siyahı 1) daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 2,332 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,232 qram, metafetaminin ümümi təmiz çəkisi 3,673 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 3,573 qram, cild 1, iş vərəqə 38-40). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 14 aprel 2023-cü il tarixli 2190 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 116-117). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 3 mart 2023-cü il tarixli qərarından görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 1 mart 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 79-80). Cinayət işinin materiallarında olan 19 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 2,232 qram olan narkotik vasitə heroin və 3,573 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq saxlanması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, cinayət işi üzrə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 124-129). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 17 oktyabr 2023-cü il tarixli məktubdan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs 4 mart 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmış, müayinə zamanı xəsarət aşkar edilməmiş, sol saidin ön səthində və alın nahiyəsində köhnə çapıq toxuma müşahidə edilmişdir (cild 2). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 31 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq olunaraq azadlıqdan məhrum etmə cəzası 2 (iki) ilə endirilməklə cəzasını çəkib qurtardığına görə azad edilmişdir (cild 1, iş vərəqə 81-83 və 100-115). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayət əməlinə görə cəzasını çəkib qurtardığı gündən 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan 1 mart 2023-cü il tarixli “Raport”-da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması, Pirşağı qəsəbəsi ərazisində üzərində gəzdirməsi və alqı-satqısı ilə məşğul olması bildirilir (cild 1, iş vərəqə 4). Həmçinin, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən ümumilikdə 2 bükümdə, 1 ədəd bükümdə təmiz çəkisi 3,673 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və 1 ədəd bükümdə təmiz çəkisi 2,332 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının onun narkotik vasitənin alqı-satqısı ilə məşğul olması barədə olmasını, üzərindən 2 növ olmaqla, 1 bükümdə psixotrop maddə metafetamin və 1 bükümdə narkotik vasitə heroin aşkar olunmasını nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 mart 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 3 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 1 mart 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 75-78). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 1 mart 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 2,232 qram olan narkotik vasitə heroin və 3,573 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 1 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 2,232 qram olan narkotik vasitə heroin və 3,573 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-496/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-496/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver