Məhkəmə qərarları › İş №1(101)-496/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-496/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-496/2025 07.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi - "FİDES" Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx xxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları massivində nömrəsiz evdə yaşamış, 27 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 1080,0 qram təşkil edən bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən «Bakı» kafesinin qarşısına qədər daşımış, Sabunçu rayon Polis idarəsi, Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 aprel 2024-cü il saat 20:30-da həmin ünvanda saxlanılaraq 14-cü Polis şöbəsinə gətirilmiş, orada üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qanunla qadağan edilən əşya aşkar edilməsə də, verdiyi məlumat əsasında 27 aprel 2024-cü il tarixdə saat 23:00-da 14-cü Polis şöbəsinin inzibati binasının həyətində olan idarə etdiyi «Mersedes Benz E Class» markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin sol arxa oturacağının aşağı hissəsində ayaqaltında yerləşdirdiyi 1 ədəd ağ rəngli üzərində « EXSPARGO» yazısı olan selofan bükümü təqdim etmiş və həmin bükümə baxış zamanı içərisində külli miqdarda - ümumi təmiz çəkisi 1080,0 qram təşkil edən bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma və saxlama kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. O, sərbəst ifadəsində göstərdi ki, polis işçiləri onu saxlayarkən üstündən heç bir şey aşkar olunmamışdır. Ümumiyyətlə, polislər onları gözümçıxdıya salmışlar. Əvvəlcə onun qardaşını və oğlunu, sonra da özünü tutmuşlar. Saxlanıldığı gün polis əməkdaşları onun evinə girmiş, onu ailəsi ilə təhdid etmiş və ona narkotik vasitə verərək özününkü olduğunu etiraf etməyə məcbur etmişlər. Saxlanıldığı gün polis işçiləri evdən videokamera yaddaşını da götürmüş, ona ailə üzvlərini də polis şöbəsinə aparacaqlarını bildirmişlər. Buna görə də o, polislərin təklifi ilə razılaşmış və CM-nin 234.1- 1-ci maddəsi ilə verilmiş ittihama imza etmişdir. Verilmiş sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, cavan vaxtı narkotik vasitələrdən istifadə etsə də, 8-10 il olar ki, narkotikdən istifadə etmir. Tutulmamışdan iki ay əvvəl polis əməkdaşlarından biri onu kafeyə görüşə çağırmış, həmin şəxslə də onun əvvəlcədən salamları olmuşdur. Ona rəisin də gələcəyini demiş, o isə, rəisin gəlməyinə ehtiyac olmadığını, nə sözü varsa, ona deyə biləcəyini söyləmişdir. Həmin polis işçisi ona qardaşının da, oğlunun da şərlənib tutulduğunu, onların kənddə tanınmış adamlar olduqlarını demişdir. Polis işçisi ona kənddə yaşayan şəxs olduğunu, kimin narkotiklərdən istifadə etməsi, kimlərin isə narkotikləri satması barədə məlumatlı olduğunu deyərək, həmin məsələlər barədə ona xəbər verməyi istəmişdir. O isə, özünün “işverən” olmadığını, buna görə ona məlumat çatdıra bilməyəcəyini söyləmişdir. Bundan sonra onlar ayrılmış və təxminən ay yarım-iki ay sonra polis işçiləri onu tutmuşlar. Onu kəndin içində saat 6-ya 10- 15 dəqiqə işləmiş saxlayıb şöbəyə aparmışlar. Saxlanıldıqdan sonra onun maşınını polis əməkdaşı sürmüş, onu arxa oturacaqda oturtmuş, sağ və sol tərəfində isə polis əməkdaşları əyləşmişlər. Polis işçiləri onu döyməmiş, hər hansı xəsarət almamış, heç yerə şikayət etməmişdir. Onun yanında 25 və 26 yaşlı iki oğlu var, saxlanılarkən onu ailəsi ilə təhdid etmişlər. Müstəntiq ona ittihamın CM-nin 234.1-1-ci maddəsindən CM-nin 234.4.3cü maddəsinə dəyişəcəyini demiş, buna görə də o, sonradan heç bir sənədə imza etməmişdir. Sanksiyaya aparılanda isə məhkəmədə ona söz verməmişlər. Polis işçiləri onu saxlayanda, həmin vaxt o, sükan arxasında olmuş və maşın idarə etmişdir. Saxlanılarkən o, tək olmuş, yanında heç kim olmamış, onu 7-8 nəfər polis əməkdaşı saxlamışdır. Ondan narkotikdən istifadə edib-etmədiyi soruşulmuş, o da, istifadə etmədiyini bildirmişdir. Sonra onu idarəyə, daha sonra isə 14-cü polis bölməsinə gətirmişlər. Bundan sonra onu evə aparmışlar, oradan yenidən 14-cü polis bölməsinə aparmışlar. Üzərinə videoçəkilişlə baxış zamanı vəkil olmamış, vəkil səhəri gün gəlmişdir. Ona hüquqları izah olunmamış və o, vəkildən imtina etməmişdir. Üzərimə baxış keçirilməmişdən əvvəl onu evə aparmışlar, ailə üzvlərindən heç kimi şöbəyə gətirməmişlər. Bölmədə üstünə də baxış keçirilmiş, lakin üstündən heç nə aşkar olunmamışdır. Narkotik vasitə maşında sürücü tərəfdə arxadan aşkar olunmuş, polis işçiləri bağlamanı açarkən “nəşə” olduğunu demişlər. Onun həm qardaşı, həm də oğlu narkotikə görə həbsdədir, oğlu qardaşından əvvəl həbs olunmuşdur və hazırda hər ikisi cəza çəkir. Oğlu tutularkən 27 yaşı olmuş, o, narkotik vasitələrdən istifadə edən şəxsdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi ev 12 mənzil 4Q-də qeydiyyatda olmaqla Sabunçu rayonu Nardaran qəsəbəsi “Ləhic bağları” kimi tanınan yerdə nömrəsiz evdə yaşayır. Hazırda heç bir yerdə rəsmi olaraq işləməsə də, fərdi əməklə məşğul olub maddi ehtiyaclarını ödəyir. Narkotik vasitə olan nəşə kimi tanınan maddədən istifadə etmir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsində “Kanalüstü” kimi tanınan yerdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən marixuananı 4000 manata almışdır. Nəşəni almaqda məqsədi istifadə etmək olmuşdur, başqa məqsədi olmamışdır, nəğd pulunu verib almışdır. 27 aprel 2024-cü il tarixdə saat 20 radələrindəı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yolun kənarında yerləşən “Bakı” kafesinin qarşısında istifadəsində olan ** VD *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz E Class” markalı avtomobillə dayandığı zaman ona iki nəfər mülki geyimdə şəxs yaxınlaşmış və Sabunçu RPİ-nin CAŞ-nin əməliyyat müvəkkilləri olduqlarını demişlər. Ona narkotik vasitələrin daşınması və saxlanılmasında iştirakı barədə onlarda əməliyyat məlumatı olduğunu demiş, bundan sonra onu 14-cü Polis şöbəsinə dəvət etmişlər. Oraya çatandan sonra şöbənin xidməti otaqlarından birinə daxil olub həmin otaqda əyləşən təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri elan olunmuş, hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsi bildirildikdə qanunla qadağan olunan əşya aşkar edilməmiş, verilən suallara cavab olaraq avtomobilində narkotik vasitə marixuana olduğunu demişdir. Ərizə verib şəxsi axtarışda və avtomobilinə baxışda müdafiəçinin iştirakına etiraz etmiş, videoçəkiliş vasitəsi ilə aparılan baxış zamanı avtomobilinin sol arxa oturacağının altına qoyduğu ağ rəngli selofan paketdə marixuana aşkar edilərək götürülmüşdür. Həmin yaşıl rəngli ot halında maddə onun və baxışda iştirak edən polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış, üzəri möhürlənməklə bağlanmış, daha sonra baxış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. O verilən suallara cavab olaraq avtomobilindən aşkar olunmuş kütlələri necə və hansı məqsədlə əldə etdiyini danışmış, avtomobilindən aşkar edilərək götürülmüş maddə qablaşdırılmış, avtomobilinə baxış keçirilmiş və psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Saxlanılan zaman və həmin vaxtdan sonra ona polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edilməmiş, kiməsə narkotik vasitə satmamış və verməmiş, Bahadur Həsənovu tanısa da, ona marixuana satmamış və verməmişdir (cild 1, iş vərəqi 64-66, 159-161). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və sonda yazılmış qeydlərin ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini, protokolu oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Vahabın əmisigilin həyətində işləmişdir. Hadisə baş verən günü o, yolla gedərkən Vahabın maşınla gəldiyini görmüş, Vahab maşını saxlayıb onunla getməyi təklif etmişdir. O da, maşına minmiş və bir yerdə maşında olarkən yolda polis əməkdaşları onları saxlamış, birlikdə polis idarəsinə aparmışlar. Verilən sualları cavablandıran şahid Bahadur Həsənov özünün əvvəllər məhkum olunmadığını və narkotiklərdən istifadə etmədiyini, Vahabın narkotikdən istifadə etdiyini bilmədiyini, polis əməkdaşları onları saat 3-4 radələrində saxladıqlarını, həmin vaxt onların Vahabın maşını ilə getdiklərini və özünün maşında arxa oturacaqda əyləşdiyini, maşından 7-8 nəfərin düşüb onları saxladıqlarını, polis əməkdaşlarının əvvəlcə Vahaba yaxınlaşdıqlarını və onları saxlayıb Bakıxanov qəsəbəsinə polis idarəsinə gətirdiklərini, onu idarəyə polis maşını ilə apardıqlarını, idarəyə gedərkən Vahabın maşınını kimin idarə etdiyini bilmədiyini, idarəyə çatanda artıq Vahabın maşınının orada olduğunu, orada onu Vahabdan ayırdıqlarını, səhər isə onun buraxıldığını, üstünə baxış keçirilərkən ondan heç nə aşkar olunmadığını, polislərin Vahabı saxlayıb buraxmadıqlarını sonradan bildiyini, istintaqda ifadə verərkən onun danışdığını, polis müstəntiqinin isə həmin ifadəni yazdığını, özünün oxuya bilmədiyini və müstəntiqin də yazdıqlarını oxumadan imzaladığını, yazılanları ona heç kimin oxumadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Bahadur Həsənov göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kəndçisidir, onunla yaxşı münasibəti vardır. Arabir nəşə çəkdiyi üçün imkan olanda Vahabdan pulsuz olaraq nəşə, yəni marixuana almış və istifadə etmişdir. Onun marixuana satdığını bilmiş, lakin imkanı olmadığı üçün Vahaba pul verə bilməmiş, Vahab nə zaman istəsə, ona çəkmək üçün marixuana vermişdir. xx.xx.2024-cü il tarixdə hava qaralan vaxt saat 19 radələrində Vahabla Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyidlər məhəlləsində görüşmüş və onunla bir az söhbət edib getmişdir. Təqsirləndirilən şəxs marixuana satdığı şəxslərdən və ya aldığı şəxslərdən kimisə tanımır, «Vahab ümumiyyətlə qapalı adamdır, kiminlə nə iş gördüyünü adama deməz» deyə cavab vermişdir (cild 1, iş vərəqi 84-87). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran şahid Bahadur Həsənov dindirmə protokolunda olan imzaların ona məxsus olduğunu, lakin heç vaxt həmin ifadəni vermədiyini, hazırda məhkəmədə verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, Cinayət axtarışı şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır. Belə ki, 27 aprel 2024-cü il tarixdə Vahab maşınla gedən zaman onlar tərəfindən saxlanılmış və şübhəli şəxs kimi onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs idarə etdiyi maşına baxış keçirilən zaman oradan narkotik vasitə marixuana aşkar olunmuşdur. Verilən sualları cavablandıran Şahid1 əməliyyat məlumatının ona daxil olduğunu, təqsirləndirilən şəxsin hansı maşını idarə etdiyini xatırlamadığını, avtomaşından selofan bağlamada narkotik vasitə marixuana aşkar olunduğunu, isintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs Maştağa qəsəbəsində günün ikinci yarısında saxladıqlarını, səhv etmirsə, Vahab saxlanılarkən tək olduğunu, nəqliyyat vasitəsini Vahabın özünün idarə etdiyini, Vahabı digər həmkarı Şahid2la birlikdə saxladıqlarını, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi barədə qərar qəbul etdiklərini və həmin qərarla Vahabı da tanış etdiklərini, şərait imkan vermədiyi üçün saxlanıldığı yerdə baxış keçirilmədiyini, evinə baxış keçirilib-keçirilmədiyini xatırlamadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, Cinayət axtarışı şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 27 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığını, idarə etdiyi avtomaşına baxış keçirilərkən külli miqdarda narkotik vasitə marixuana aşkar edilərək götürülməsi tədbirində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə olunmuş 27 aprel 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol, həmçinin həmin protokola əlavə olunmuş 1 ədəd DVD formatlı diskə baxış protokolundan görünür ki, həmin tarixdə saat 22:20-dən etibarən qeydə alınmış videoçəkilişə baxış zamanı Sabunçu RPİ, 14-cü Polis şöbəsinin təhqiqatçısı X2 həmin idarənin baş əməliyyat müvəkkili, polis baş leytenantı X4 və kiçik əməliyyat müvəkkili polis kapitanı Şahid2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncudan qanunla qadağan olunmuş əşyalar aşkar olunmur, lakin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə marixuana olmasını bildirir. Eyni diskdə olan 27 aprel 2024-cü il tarixdə saat 23:00-dan qeydə alınmış digər videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan «Mersedes Benz E Class» markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa oturacağın aşağı hissəsində yerləşdirdiyi 1 ədəd ağ rəngli üzərində «EXSPARGO» yazısı olan selofan bükümü avtomobilə baxış zamanı polis əməkdaşlarına təqdim edir. Həmin bükümə baxış zamanı onun içərisində narkotik vasitəyə bənzər qurudulmuş yaşıl ot kütləsinin olması müəyyən olunur, həmin kütlələr qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün möhürlənib iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri bir gün qabaq axşam saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsində «Kanalın üstü» kimi tanınan ərazidən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 4000 manat pul verməklə götürdüyünü deyir, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 104-105). Məhkəmə-bioloji ekspertizasının 28 aprel 2024-cü il tarixli 7/657 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs imzalar....» sözləri yazılmış skoçla bağlanmış selofan torbada təmiz çəkisi 1080,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 1080,0 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1079, 95 qramdır (cild 1, iş vərəqi 39-42). Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3222 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 122-124). Cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 612-85-85, 055 778- 16-12, 055 851-54-14, 099 612-85-85 saylı mobil telefon nömrələri ilə ötürülən məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli BKC/LGL-10231/24 nömrəli məktuba əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, üzərində markalanma göstəricisi olmayan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 11 ədəd fayl olması müəyyən olunur və həmin fayllarda nömrələrə aid «sms» yazışmalarına əlavə olaraq baxış keçirilmiş, baxış zamanı X3 istifadəsində olan 055 776-19-64 saylı nömrə ilə iki sms mətni müəyyən olunur, lakin «sms»lərdə «Bahadurdu aç telefonu» kimi mesaj vardır. Qeyd edilən telefon nömrələri vasitəsi ilə «sms»lərə baxış keçirilsə də, iş üçün əhəmiyyətli hər hansı bir sübut aşkar edilməmişdir (cild 1, iş vərəqi 129-131). İbtidai istintaq orqanının 07 dekabr 2023-cü il tarixli qərarı ilə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi çəkisi 1080,0 qram olan marixuana iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 1079,95 qram çəkidə marixuana saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 135-143, 172). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 100-101). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, polis işçiləri onu saxlayarkən üstündən heç bir şey aşkar olunmadığını, saxlanıldığı gün polis əməkdaşlarının onun evinə girdiyini, onu ailəsi ilə hədələdiklərini və ona narkotik verərək özününkü olduğunu etiraf etməyə məcbur etdiklərini, ona ailə üzvlərini də polis şöbəsinə aparacaqlarını bildirdiklərini, bundan sonra polis işçilərinin təklifi ilə razılaşdığını və 234.1-1-ci maddəsi ilə verilmiş ittihama imza etdiyini bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla idarə etdiyi avtomaşına baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin müdafiəçinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın özünə məxsus olduğunu, həmin narkotiki 26 aprel 2024-cü il tarixdə axşam saatlarında Maştağa qəsəbəsində “Kanalüstü” kimi tanınan yerdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 4000 manata aldığını, nəşəni almaqda məqsədinin istifadə etmək olduğunu, başqa məqsədi olmadığını, 27 aprel 2024-cü il tarixdə saat 20 radələrində Maştağa qəsəbəsində yolun kənarında yerləşən “Bakı” kafesinin qarşısında istifadəsində olan ** VD *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz E Class” markalı avtomobillə dayandığı zaman polis əməkdaşlarının ona yaxınlaşaraq saxladıqlarını, idarə etdiyi avtomobillə Sabunçu RPİ, 14-cü Polis şöbəsinin inzibati binasının həyətinə gətirilib avtomaşına baxış keçirilərkən, sol arxa oturacağın aşağı hissəsində 1 ədəd selofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin aşkar edilərək götürüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini əlavə etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar 29 aprel 2024-cü il tarixdə Sabunçu rayon Məhkəməsində keçirilən məhkəmə iclasında müdafiəçinin iştirakı ilə verdiyi izahatında törətdiyi əməldən peşman olduğunu bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin övladları Şahid4 və Şahid5 öz ifadələrində 27 aprel 2024cü il tarixdə gecə radələrində polis işçiləri tərəfindən atalarının evə gətirildiyini, evdə də axtarış apararaq narkotiklərin yerini söyləməsini atalarından tələb etdiklərini, əks halda, onları təhdid edərək ailə üzvlərinin hamısının polis şöbəsinə aparılacağını söylədiklərini, lakin Təqsirləndirilən şəxs onda heç bir narkotik vasitə olmadığını bildirdiyini, polis işçilərinin onların atasına fiziki zor və təzyiqldər göstərdiklərini, bundan sonra polis işçilərinin atalarını idarə etdiyi “Mersedes” markalı avtomaşınla polis şöbəsinə apardıqlarını və sonradan avtomaşından narkotik vasitə aşkar olunduğunu eşitdiklərini bildirdilər. Həmçinin müdafiə tərəfi məhkəməyə 1 ədəd fleşkart təqdim edərək həmin sübutun təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq etdiyini bildirdi və tədqiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə təqdim olunmuş fleşkartdakı videogörüntülərə məhkəmə iclasında baxış keçirərkən müəyyən etdi ki, həmin videogörüntülər gecə vaxtı hansısa müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərdir. Qeyd olunan görüntülər gecə vaxtı çəkildiyindən oradakı şəxslərin kim olduqlarını müəyyən etmək mümkün olmamış, həmçinin videogörüntülərin mənbəyi bəlli olmadığından hansı ünvanda çəkildiyinin müəyyənləşdirilməsi mümkünsüzdür. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə ifadə verərkən Təqsirləndirilən şəxs saxlanıldığı gün polis işçilərinin onun evindəki videokamera yaddaşını da götürdüklərini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası əlavə şahidlər Manaf və Şahid5 qardaşlarının məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onlar iş üzrə maddi sübut hesab edilən narkotik vasitələrin Təqsirləndirilən şəxs tərəfindən əldə edilməsi, saxlanılması və daşınması cinayətlərinin törədilib-törədilməməsinin bilavasitə şahidləri olmamışlar, yaşadıqları evdə atalarının polis əməkdaşları tərəfindən təhdidlərə və təzyiqlərə məruz qalması barədə verdikləri ifadələr cinayət işinin materialları ilə tam təkzib olunur. Bu səbəbdən məhkəmə kollegiyası həmin əlavə şahidlərin məhkəmədə verdikləri ifadələrini onların öz atalarını məsuliyyətdən yayındırmaq üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirir. Müdafiə tərəfinin əlavə sübut kimi fleşkartda təqdim etdikləri videogörüntülərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, həmin videogörüntülərin mənbəyi bəlli olmadığından və baxış zamanı görüntülərdəki şəxslərin kim olduqlarının müəyyənləşdirilməsi mümkünsüz olduğundan, onlar Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs nə ibtidai istintaq, nə də məhkəmə baxışı zamanı polis əməkdaşlarının onu saxlayarkən və polis şöbəsində olarkən döyülməsi və ya fiziki təzyiqlərə məruz qalması barədə hər hansı dəlil gətirməmiş, əksinə məhkəmədə verilən sualları cavablandırarkən belə bir halın baş vermədiyini qeyd etmişdir. Bu səbəbdən həmin halın məhkəmə baxışı zamanı yoxlanılması zərurəti yaranmamış və yoxlanılmamışdır. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadələr verməsini, saxlanılarkən ailəsi ilə təhdid edilməsi və məcbur qalıb CM-nin 234.1-1-ci maddəsi ilə verilmiş ittihamı qəbul etməsi barədə bildirdiklərini Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı məhkəmədə gətirdiyi dəlillər tam, hərtərəfli yoxlanılmış, lakin öz təsdiqini tapmamışdır. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda - ümumi təmiz çəkisi 1080,0 qram təşkil edən bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən şəxsə CMnin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Məhkəmə ibtidai istintaq orqanının sübut kimi istinad etdiyi şahid X3 ifadəsinə qiymət verərkən aşağıdakıları qeyd etməyi lazım bilir: Məhkəmədə şahid qismində dindirilən X10 əmisigilin həyətində işlədiyini, hadisə baş verən gün yolla gedərkən Vahabın maşınla gəldiyini gördüyünü, Vahabın maşını saxlayıb onunla getməyi təklif etdiyini, onun da maşına mindiyini və bir yerdə maşında olarkən yolda polis əməkdaşlarının onları saxladıqlarını, birlikdə polis idarəsinə apardıqlarını, özünün əvvəllər məhkum olunmadığını və narkotiklərdən istifadə etmədiyini, Vahabın narkotikdən istifadə etdiyini bilmədiyini, polis əməkdaşları onları saat 15-16 radələrində saxladıqlarını, həmin vaxt onların Vahabın maşını ilə getdiklərini və özünün maşında arxa oturacaqda əyləşdiyini, idarəyə gedərkən Vahabın maşınını kimin idarə etdiyini bilmədiyini, idarəyə çatanda artıq Vahabın maşınının orada olduğunu, orada onu Vahabdan ayırdıqlarını, səhər isə onun buraxıldığını, üstünə baxış keçirilərkən ondan heç nə aşkar olunmadığını, istintaqda ifadə verərkən onun danışdığını, polis müstəntiqinin isə həmin ifadəni yazdığını, özünün oxuya bilmədiyini və müstəntiqin də yazdıqlarını oxumadan imzaladığını, yazılanları ona heç kimin oxumadığını bildirmişdir. Məhkəmə iclasında şahid Bahadur Həsənovun istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən müəyyən edilmişdir ki, X13 Manafovla bir kəndçi olduqlarını və yaxşı münasibətinin olduğunu, özünün arabir nəşə çəkdiyi üçün imkan olanda Vahabdan pulsuz olaraq nəşə, yəni marixuana alaraq istifadə etdiyini, imkanı olmadığı üçün Vahaba pul verə bilmədiyini, xx.xx.2024-cü il tarixdə hava qaralan vaxt saat 19 radələrində Vahabla Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyidlər məhəlləsində görüşdüklərini və onunla bir az söhbət edib getdiyini, Təqsirləndirilən şəxs marixuana satdığı şəxslərdən və ya aldığı şəxslərdən kimisə tanımadığını, «Vahab ümumiyyətlə qapalı adamdır, kiminlə nə iş gördüyünü adama deməz» deyə o, verilən sualı cavablandırdığını bildirmişdir. Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran şahid Bahadur Həsənov dindirmə protokolunda olan imzaların ona məxsus olduğunu, lakin heç vaxt həmin ifadəni vermədiyini, hazırda məhkəmədə verdiyi ifadəni təsdiq etdiyini əlavə etmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 612-85-85, 055 778- 16-12, 055 851-54-14, 099 612-85-85 saylı mobil telefon nömrələri ilə ötürülən məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış 1 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı X3 istifadəsində olan 055 776-19-64 saylı nömrə ilə iki sms mətni müəyyən olunur, lakin «sms»lərdə «Bahadurdu aç telefonu» kimi mesaj vardır. Qeyd edilən telefon nömrələri vasitəsi ilə «sms»lərə baxış keçirilsə də, iş üçün əhəmiyyətli hər hansı bir sübut aşkar edilməmişdir. Göründüyü kimi, şahid Bahadur Həsənov həm ibtidai istintaq, həm də məhkəmə baxışında verdiyi ifadəsində Təqsirləndirilən şəxs heç vaxt ona narkotik vasitə satmadığını, əvvəllər ehtiyacı olanda Vahabdan nisyə narkotik götürdüyünü bildirmişdir. İş materiallarında Bahadur Həsənovun hadisə baş verən gün Təqsirləndirilən şəxsla birlikdə saxlanılıb polis şöbəsinə gətirilməsi və üzərinə baxış keçirilib narkotik vasitə götürülməsi ilə bağlı hər hansı prosessual sənəd mövcud deyildir, həmçinin cinayət işind Təqsirləndirilən şəxs Bahadur Həsənova narkotik vasitə satmasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanının 02 avqust 2024-cü il tarixli qərarı ilə X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 307-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə baxışı zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar hər hansı sübut müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməsi, qeyd edilən vasitələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, istintaq zamanı Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə tövsif edilərək 29 aprel 2024-cü il tarixdə ona həmin maddə ilə ittiham verilmiş, yalnız istintaqın sonunda satış məqsədini təsdiq edən hər hansı əlavə sübut əldə edilmədən 02 avqust 2024-cü il tarixdə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni ittiham elan olunmuş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş narkotik vasitəni satmaq üçün alıcı axtarması, onunla sonradan sövdələşərək həmin marixuananı ona satacağı barədə hər hansı sübut mövcud olmamış və bütün bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, narkotik vasitələrin satışı müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də məhkəmədə araşdırılmış sübutlarla müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPMnin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə 27 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan müddəaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3222 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1079,95 qram marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə keçirilmiş şəxsi axtarış, baxış və götürmə barədə protokola əlavə edilmiş DVD formatlı videogörüntülər olan disk, "xxxx" MMC-dən alınmış 1 ədəd CD disk, həmçinin müdafiə tərəfinin məhkəmə baxışı zamanı təqdim etdiyi 1 ədəd fleşkart cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 72 (yetmiş iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 72 (yetmiş iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2025-ci il tarixli 141 №-li qərarına əsasən, hər iş saatı üçün 11 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil X8 müdafiə etmiş, bununla bağlı 200 (iki yüz) manat müdafiə xərcləri hesablanmışdır. Odur ki, vəkil İlqar İsmayılova ödənilməli olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc yerinə verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1079,95 qram marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə keçirilmiş şəxsi axtarış, baxış və götürmə videogörüntülərinin yükləndiyi 1 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən alınmış 1 ədəd CD disk, həmçinin müdafiə tərəfinin məhkəmə baxışı zamanı təqdim etdiyi 1 ədəd fleşkart cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 72 (yetmiş iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - işin ibtidai istintaqı zamanı dövlət büdcəsinin vəsaiti hesabına Təqsirləndirilən şəxs müdafiəsini həyata keçirmiş vəkil X5 ödənilməli 200 (iki yüz) manat pul vəsaiti Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar