Məhkəmə qərarları › İş №1(101)-497/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-497/2020

18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-497/2020 18.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab edilən heroini və metadonu əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayında Lənkəran şəhərində istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 3,274 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qramı 28 manatdan olmaqla, 1 ədəd konvolyut kəsiyində üzərində “M40” yazısı həkk olunmuş 0,04 qram açıq qəhvəyi rəngli narkotik vasitə olan metadon preparatını isə 10 manat pul verərək almaqla əldə etmiş, sonra həmin narkotik vasitələri yaşadığı ünvan 1 ünvanına qanunsuz olaraq daşıyıb aparmaqla 20 sentyabr 2019-cu il tarixə kimi qanunsuz olaraq mənzilində saxlamış, göstərilən tarixdə saat 23:25 radələrində yaşadığı ünvana Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən mənzilin yataq otağında yataq dəstinin yuxarı hissəsində yastığın altından 1 ədəd 2 ml-lik şprisdə təmiz çəkisi 0,05 qram, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,085 qram, 0,088 qram, 3,051 qram, ümumi çəkisi 3,224 qram – hamısı birlikdə ümumi təmiz çəkisi 3,274 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd konvolyut kəsiyində üzərində “M40” yazısı həkk olunmuş 0,04 qram narkotik vasitə olan metadon preparatı, yataq otağında çarpayının yanında yerləşən dolabın üstündən üzərində heroinin izləri olan 1 ədəd “Capacity:1000gX0.1g” sözləri yazılmış elektron tərəzi və narkotik vasitənin qablaşdırılması üçün hazırlanmış 14 büküm aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, təxminən üç il əvvəldən narkotik vasitələrdən istifadə etməyə başlamış və onun aludəçisinə çevrilmişdir. 2019-cu ilin sentyabr ayının təxminən ortalarında Lənkəran rayonuna gedib orada tanımadığı şəxsdən bir qramı 28 manata olmaqla heroin, 10 manata isə bir ədəd narkotik vasitə tərkibli metadon həbini şəxsi istifadəsi üçün alıb Bakı şəhərindəki mənzilinə gətirib qoymuşdur. 20 sentyabr 2019-cu il tarixdə saat 21:00 radələrində yaşadığı ünvan 2 saylı ünvanın qarşısında olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və ondan ad-soyadını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları ondan üzərində narkotik vasitə olubolmamasını soruşmuşlar. O, polis əməkdaşlarına üzərində heç bir qanunsuz əşya olmadığını bildirsə də onu Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməyib polislərlə birlikdə avtomobilə əyləşmiş və 19-cu Polis Şöbəsinə gəlmişdir. Şöbəyə gəldikdən sonra təhqiqatçı digər polis işçiləri ilə birlikdə onun üstünə videoçəkilişlə və şahidlərin iştirakı ilə şəxsi axtarış keçirəcəklərini bildirmiş, o da etiraz etməyib razılaşmışdır. Polis işçiləri ona vəkil siyahısı təqdim etmiş, o da siyahıdan Elman Ağayev adlı tanımadığı vəkilin adını seçmişdir. Bundan sonra videoçəkiliş və şahidlərin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmiş və o özü əynində olan cins şalvarının sağ cibində olan telefonunu və yaşadığı mənzilin açarını çıxarıb təqdim etmişdir. Üzərindən hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitə aşkar edilməmiş və təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmişdir. Özü vəkillə birlikdə şəxsən həmin protokolla tanış olmuş, hər şeyin düz, obyektiv yazıldığını görüb imzalamışdır. Bundan sonra polis əməkdaşları ona yaşadığı mənzilə baxış keçirilməli olduğunu bildirmiş, o da etiraz etməyib bu barədə yazılı razılıq ərizəsi də vermişdir. Bundan sonra vəkil və polis əməkdaşları ilə birlikdə yaşadığı evə yollanmışlar. İki nəfər hal şahidi də dəvət olunmuşdur. Hal şahidləri və polis işçiləri ilə birlikdə mənzilə daxil olmuşlar və baxış keçirilmişdir. Baxış zamanı yaşadığı mənzildəki çarpayının yuxarı hissəsinə qoyduğu, içərisində narkotik vasitələr olan bükümlər və bir ədəd metadon həbi aşkar edilmiş, onların nə olduğu soruşulduqda həmin bükümlərin içərisində heroin olduğunu, heroini 2019-cu ilin sentyabr ayında Lənkəran rayonunda əvvəllər tanımadığı şəxsdən bir qramını 28 manata, bir ədəd narkotik vasitə tərkibli metadon həbini isə 10 manata şəxsi istifadəsi üçün aldığını, sonradan istifadə etməsi üçün mənzilində saxladığını bildirmişdir. Bundan sonra yaşadığı evdən aşkar edilmiş həmin narkotik vasitələr qablaşdırılaraq möhürlənmiş, həmin qablaşmanın üzəri onun özü, vəkil və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, yaşadığı mənzilə baxış zamanı yataq otağında çarpayının yanında yerləşən dolabın üzərindən 4 ədəd şpris, 1 ədəd elektron tərəzi, 1 ədəd silindrik formalı şüşə qab, yataq dəstinin yuxarı hissəsində yastığının altındakı 1 ədəd göy rəngli qutunun içərisindən açıq qəhvəyi rəngli məhlul olan 1 ədəd 2 ml-lik şprisdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Sonda baxışla bağlı protokol tərtib olunmuş və o özü də şəxsən protokolla tanış olaraq hər şeyin düzgün əks olunduğuna əmin olub onu imzalamışdır. Bütün aşkar olunanlar həqiqətən onun özünə məxsusdur, hər şey faktdır və realdır. Ona görə də polis əməkdaşlarına qarşı heç bir iradı yoxdur. Ona qarşı bu proseslərin gedişində polis əməkdaşları tərəfindən hər hansı qanunsuz təsir və təzyiq edilməmiş, narazı qala biləcəyi hər hansı hərəkətə yol verilməmişdir. Amma razılaşmadığı məqam yalnız odur ki, o, narkotik vasitələri satış məqsədilə əldə etməmişdir. Narkotik aludəçisi olduğu üçün bədənində tez-tez ağrıları olur, ona görə də narkotik vasitə qəbul etmək məcburiyyətində qalır. Evdən tapılanları da məhz özünün istifadəsi üçün əldə etmişdir. Tərəzi də, narkotik vasitə qablaşdırmaq üçün olan bükümlər də, şprislər də onun özünündür. Tərəzidən şəxsi istehlakı məqsədilə narkotik vasitələri birdəfəlik dozalara çəkib ayırmaq üçün istifadə etmişdir. Həm də narkotik vasitə almağa gedərkən də bir qayda olaraq tərəzini həmişə özü ilə götürmüşdür ki, satan şəxs çəkidə onu aldada bilməsin. Cinayət əməlini törətdiyini inkar etmir və bu əməlindən peşmandır. Ondan ayrı yaşayan bir bacısından başqa heç kimi də yoxdur. Məhkəmədən bütün bu halların nəzərə alınmaqla əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək ona məhz bu maddə ilə cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrində də özünü qismən təqsirli bilmiş, narkotik vasitəni əldə etməsi halları ilə bağlı analoji məzmunda ifadələr vermiş, bununla bərabər, məhkəmə istintaqından fərqli olaraq evinə baxış keçirilən zaman polis əməkdaşlarına narkotik vasitələri Lənkəran rayonundan tanımadığı şəxsdən hər qramını 28 manata şəxsi istifadəsi və həm də satmaq üçün aldığını bildirdiyini, təxminən 3 il müddətində narkotik vasitələrin satışı ilə məşğul olduğunu, narkotik vasitənin qramını 50 manata, bükümlərin hər birini isə 10 manata tanımadığı şəxslərə yaşadığı ünvanın yaxınlığında satdığını göstərmişdir (cild 1, iş vərəqə 64-65, 95-97). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində sahə müvəkilli vəzifəsində işləyir. ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumata əsasən əməliyyat qrupu təşkil olunmuş və 20 sentyabr 2019-cu il tarixdə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1lə birlikdə əməliyyat qrupunun üzvləri olaraq Nəsimi rayonu, 3-cü mikrorayon, H.B.Əliyev küçəsi, ev 42 ünvanın qarşısında Təqsirləndirilən şəxs müəyyən edərək ona yaxınlaşmış, özlərini təqdim edərək onu 19-cu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə şöbəyə getmişdir. Şöbədə xidməti otaqların birində videoçəkilişlə təhqiqatçı x2, şöbənin əməliyyat müvəkkili Şahid1, həmçinin dəvət olunmuş müdafiəçi Elman Ağayevin iştirakı ilə Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd açarı, bir ədəd qara rəngli “Hisense” markalı mobil telefonu çıxararaq stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində hər hansı başqa əşyanın olub-olmaması barədə soruşulduqda, sonuncu başqa heç nəyin olmadığını bildirmişdir. Buna baxmayaraq onun üzərinə baxış keçirilmiş, amma həqiqətən hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs özü üstündə narkotik vasitə olmasa da, yaşadığı ünvan 1 ünvanında narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həm də Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, təhqiqatçı Kənan Kərimli, şöbənin əməliyyat müvəkkili Şahid1, müdafiəçi Elman Ağayev, həmçinin dəvət olunmuş hal şahidləri Şahid4 və Şahid3 ilə birlikdə həmin ünvana getmişlər. Həmin mənzil bir otaqdan ibarət olmuş və otaqda çarpayının yanında yerləşən dolabın üzərindən 4 ədəd şpris, 1 ədəd elektron tərəzi, 1 ədəd silindrik şüşə qab - kolba aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs yataq dəstində yastığın altından göy rəngli qutu aşkar olunmuşdur. Həmin qutuda 2 ədəd ağ rəngli bükülünün içərisində narkotik maddəyə bənzər kütlə, 1 ədəd boz rəngli bükülünün içərisində spesifik iyə malik narkotik maddəyə bənzər kütlə, 1 ədəd üzərində “Methadone” yazılmış həb, 14 ədəd içərisi boş olan gümüşü rəngli bükülülər, 1 ədəd tünd boz rəngli, sıx bükülmüş bükülü aşkar edilmişdir. Həmçinin baxış zamanı çarpayının yanındakı masanın üzərindən 5 ədəd şpris, 5 ədəd baş tərəfi sındırılmış vəziyyətdə dərman ampulası, 1 ədəd içərisində kristal formada maddələr olan şəffaf rəngli qutu, otaqda yerləşən digər dolabın üzərindən 2 ədəd şpris aşkar edilmişdir. Bu əşyalar barədə Təqsirləndirilən şəxs soruşulmuş, sonuncu da bükülülərin, şprisin içərisində olan kütlənin narkotik maddə heroin olduğunu, həmçinin üzərində “Methadone” sözləri yazılmış həbin də narkotik maddə olduğunu, narkotik maddə olan heroini Lənkəran rayonu ərazisindən əvvəllər tanımadığı şəxsdən bir qramını 28 manata özü istifadə etmək və həm də satmaq məqsədi ilə alıb evdə saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş əşyalar qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuşdur. O və digər iştirakçılar tərəfindən protokol imzalarla təsdiq olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət olunmamış, hər hansı təzyiq və təsir edilməmişdir. Həm də o özü bir sahə müvəkkili olaraq ərazidə yaşayan sakinlərin tam əksəriyyətini yaxşı tanıyır və qanunazidd əməllərlə məşğul olan şəxslər barədə məlumatlara malikdir. Sahə müvəkkili olaraq da birmənalı təsdiq edir ki, xidmət etdiyi ərazinin sakini olan Təqsirləndirilən şəxs əksər qonşular, hətta ərazidəki yaşlı qadınlar belə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıyırlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 da Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 238-240). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 20 sentyabr 2019-cu il tarixdə saat 23:45 radələrində 19-cu Polis Şöbəsinin yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini həmin şöbənin əməkdaşları kimi təqdim edərək bir nəfər şəxsin yaşadığı mənzilə baxış aparılacağını deyib onu həmin baxışda hal şahidi qismində iştirak etmək üçün dəvət etmiş, o da razılaşmışdır. Onlar əvvəl Polis Şöbəsinə, oradan isə adı ona həmin gün bu tədbirin gedişində məlum olan Təqsirləndirilən şəxs adlı şəxsin yaşadığı ünvan 3 ünvanına getmişlər. Həmin vaxt mənzildə vəkil, başqa bir hal şahidi və polis əməkdaşları olmuşlar. Baxış başlanmazdan əvvəl təhqiqatçı tərəfindən baxışda iştirak edən şəxslərə hüquqları izah edilib başa salınmış, sonra da Təqsirləndirilən şəxs özünün razılığı ilə onun mənzilinə baxış keçirilmişdir. Mənzildə olan çarpayının yanında yerləşən şkafın üstündən 4 ədəd şpris, 1 ədəd elektron tərəzi, 1 ədəd şüşə qab aşkar edilərək götürülmüşdür. Yastığın altından göy rəngli qutu tapılmış və həmin qutuda 2 ədəd ağ rəngli bükümün içərisində maddə, 1 ədəd boz rəngli bükümün içərisində iy gələn maddə, üstündə “Methadone” sözləri yazılmış dərman, 14 ədəd içərisi boş olan gümüşü rəngli kağız kəsikləri, 1 ədəd tünd boz rəngli bükülü, həmçinin çarpayının yanındakı stolun üstündən 5 ədəd şpris və sındırılmış vəziyyətdə dərman şüşələri, 1 ədəd içərisində maddələr olan qutu, digər şkafın üstündən 2 ədəd şpris tapılmışdır. Polis əməkdaşları Emindən bükülülərin nə olması barədə soruşduqda, sonuncu şprisin içərisindəki maddənin heroin olduğunu, həmçinin üzərində “Methadone” sözləri yazılmış dərmanın narkotik olduğunu, heroini Lənkəran rayonunda tanımadığı şəxsdən bir qramını 28 manata öz istifadəsi və həm də satmaq məqsədi ilə alıb evdə saxladığını bildirmişdir. Eminin mənzilindən tapılmış maddə və əşyalar qablaşdırılaraq zərfə qoyulub möhürlənmişdir. Təhqiqatçı tərəfindən baxış aparılmasına dair protokol yazılmış və protokol iştirakçılara ucadan oxunduqdan sonra hamı kimi o da protokolu imzalamışdır. Baxış çox sakit bir şəraitdə, Təqsirləndirilən şəxs qarşı heç bir təsir və təzyiq göstərilmədən keçirilmiş, Emin özü də bütün tapılan əşyaların məhz özünə məxsus olduğunu səmimi etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid2, Şahid1, Şahid3 və Şahid4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 2, iş vərəqə 16-29). Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış zamanı yataq dəstinin yuxarı baş hissəsində, yastığın altından 1 ədəd göy rəngli qutuda 2 ədəd ağ rəngli bükülüyə bükülmüş narkotik vasitəyə bənzər maddə, 1 ədəd boz rəngli bükümün içərisində spesifik iyə malik narkotik vasitəyə bənzər maddə, 1 ədəd üzərində “Methadone”sözləri yazılmış dərman həbi, 14 ədəd içərisi boş olan gümüşü rəngli bükülülər, 1 ədəd tünd boz rəngli sıx bükülmüş bükülü, çarpayının yanındakı masanın üstündən 5 ədəd şpris, 5 ədəd sındırılmış vəziyyətdə dərman şüşəsi, 1 ədəd içərisində kristal maddələr olan şəffaf rəngli qutu, digər şkafın üzərindən 2 ədəd şpris, çarpayının yanında yerləşən şkafın üzərində 4 ədəd şpris, 1 ədəd şüşə silindrik qab və üzərində “Capacity:1000gX0.1g” sözləri yazılmış elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 53-63). Məhkəmə kimyəvi ekspertizasının 21 sentyabr 2019-cu il tarixli 23974 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdəki bir ədəd 2 ml-lik şprisdə 0,9 ml həcmində qəhvəyi rəngli məhlul narkotik vasitə - heroin məhluludur. Həmin məhlulda heroinin təmiz çəkisi 0,05 qram təşkil edir. 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,085 qram, 0,088 qram, 3,051 qram, ümumi təmiz çəkilsi 3,224 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 03 ədəd bükümdə və şprisdəki məhlulda ümumilikdə 3,274 qram heroin müəyyən edilmişdir. Konvolyut kəsiyindəki 01 ədəd üzərində “M40” yazısı həkk olunmuş açıq qəhvəyi rəngli dərman tabletinin tərkibində təsiredici maddəsi 0,04 qram olan narkotik vasitə - metadon preparatı müəyyən edilmişdir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Ekspert tədqiqatından sonra metadon tabletkasının qalığı 0,5 tabletka, heroinin ümumi qalıq çəkisi 3,164 qram, heroin məhlulunun qalıq çəkisi 0,5 ml təşkil etmişdir (cild 1, iş vərəqə 70-73) Məhkəmə-kimyəvi ekspertizasının 12 dekabr 2019-cu il tarixli 29478 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən…” sözləri və imzalar olan bir ədəd paketdəki 01 ədəd elektron tərəzinin, 6 ədəd ampulaların, silindrik qabın, 4 ədəd 2,5 ml-lik şprislərin, 1 ədəd bükülmüş kağızın, 5 ədəd kəsilib doğranmış kağızların, 2 ədəd vizit kartlarının üzərində narkotik vasitə heronin izləri vardır, heroin iz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş əşyalardakı heroin izləri ilə müqayisəli eynilik aparmaq mümkün deyildir. 01 ədəd plastmas qabın içərisində təmiz çəkisi 7,758 qram olan ağ rəngli kütlə narkotik, psixotrop və güclü təsir edən maddə deyildir. 2 ədəd 5 ml-lik şprislərin və şpris iynələrinin plastmas qapaqlarının içərisində narkotik, psixotrop və güclü təsir edən maddələrə məxsus izlər aşkar edilməmişdir. Ekspert tədqiqatından sonra ağ rəngli maddənin qalıq çəkisi 7,708 qram təşkil etmişdir (cild 1, iş vərəqə 198-201). Məhkəmə-kimyəvi ekspertizasının 12 fevral 2020-ci il tarixli 3553 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,065 qram, 0,068 qram, 3,031 qram - ümumi təmiz çəkisi 3,164 qram olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. 03 ədəd bükümdə və şprisdəki məhlulda ümumilikdə 3,194 qram heroin müəyyən edilmişdir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3,104 qram təşkil etmişdir (cild 2, iş vərəqə 31-35). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 noyabr 2019-cu il tarixli 2429 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ittiham olunduğu əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 202-204) Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 noyabr 2019-cu il tarixli 2694 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 205-206). Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən…” sözləri və imzalar olan iki ədəd paketdəki 01 ədəd elektron tərəzinin, 6 ədəd ampulanın, silindrik qabın, 4 ədəd 2,5 ml-lik şprislərin, 1 ədəd bükülmüş qiymətli kağızın, 5 ədəd kəsilib doğranmış kağızların, 2 ədəd vizit kartlarının üzərində narkotik vasitə heronin izləri vardır, heroin iz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş əşyalardakı heroin izləri və təqdim olunmuş 3 ədəd bükümdəki heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş şprisdəki məhlul heroindən hazırlanan zaman tərkib göstəriciləri dəyişdiyindən təqdim olunan üç ədəd bükümdəki heroinlərlə müqayisəsini (tərkiblərinə görə eyni olub-olmadıqlarını) vermək mümkün deyildir (cild 2, iş vərəqə 31- 35). Cinayət işinin materiallarında olan müvafiq qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə etdiyi istintaqa məlum olmayan şəxsin barəsində 12 fevral 2020-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********** saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 48-50). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 13 sentyabr 2012-ci il tarixli qərarına əsasən cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmişdir (cild 1, iş vərəqə 151-152, cild 2, iş vərəqə 13- 15). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsinin onun yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitələri özünün şəxsi istifadəsi üçün alması ilə bağlı hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş tam etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2019-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 20 sentyabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 22-26, 110-113). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 sentyabr 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan bir ədəd 2 ml-lik şprisdəki 0,5 ml heroin məhlulunun qalığı və 03 ədəd bükümdə olan, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 3,104 qram təşkil edən narkotik vasitə olan heroin, tərkibində təsiredici maddəsi 0,04 qram olan ekspert tədqiqatından sonra qalıq qalmış 0,5 tabletka metadon preparatı, 5 ədəd şpris, 5 ədəd sındırılmış vəziyyətdə dərman şüşəsi, 1 ədəd içərisində kristal formada maddələr olan şəffaf rəngli qutu, 2 ədəd şpris və 1 ədəd elektron tərəzi, narkotik vasitənin qablaşdırılması üçün hazırlanmış 14 ədəd büküm məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 239 (iki yüz otuz doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan bir ədəd 2 ml-lik şprisdəki 0,5 ml heroin məhlulunun qalığı və 03 ədəd bükümdə olan, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 3,104 qram təşkil edən narkotik vasitə olan heroin, tərkibində təsiredici maddəsi 0,04 qram olmuş ekspert tədqiqatından sonra qalıq qalmış 0,5 tabletka metadon preparatı, 5 ədəd şpris, 5 ədəd sındırılmış vəziyyətdə dərman şüşəsi, 1 ədəd içərisində kristal formada maddələr olan şəffaf rəngli qutu, 2 ədəd şpris və 1 ədəd elektron tərəzi, narkotik vasitənin qablaşdırılması üçün hazırlanmış 14 ədəd büküm məhv edilsin. Təqsirləndirilən şəxs 239 (iki yüz otuz doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosuna Müdafiəçi1 üçün 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar