Məhkəmə qərarları › İş №1(101)-498/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-498/2020

04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-498/2020 04.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X3,müdafiəçilər “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə « 04 » avqust 2020-ci il Bakı şəhərində xx xxxxxx 1962-ci ildə Xaçmaz rayonu Pərdiqran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Xaçmaz rayonu Pərdiqran kəndində qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri, xx xxxxxx 1972-ci ildə Xaçmaz rayonu Ləcət kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonu Ləcət kəndində qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz rayonu Pərdiqran kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 2019-cu ilin may ayının ortalarında, yaşadığı Xaçmaz rayonu Pərdiqran kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində, əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan, xeyli miqdarda, yəni, 11 ədəd çətənə bitkilərini qanunsuz olaraq əkib yetişdirməklə aqrotexniki qaydada qulluq göstərib, kultivasiya etmiş, 2019-cu ilin avqust ayının axırlarında həminçətənə bitkilərinin yarpaqlarını toplayıb qurudaraq, kustar üsulla, satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda, yəni 5005 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlamışdır. Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdə Xudat şəhər bazarında Xaçmaz rayonu Ləcət kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 ilə görüşüb, sonuncuya narkotik vasitə olan qurudulmuş marixuana satacağına söz vermişdir. Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Xaçmaz rayonu Pərdiqran kəndi yaxınlığındakı meşəlik ərazidə Təqsirləndirilən şəxs1la görüşərək, pulunu sonra vermək şərtilə 4500 manata razılaşıb, satış məqsədilə, qanunsuz olaraq, sonuncudan əldə etdiyi külli miqdarda, yəni 1330 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üstündə saxlayıb, daşıyaraq X6 Stansiyasına gətirmiş, saat 17 radələrində Xaçmaz st. XPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı stansiya ərazisində yaxalanaraq, Xaçmaz st. XPŞ-də üzərində şəxsi axtarış keçirilərkən, həmin narkotik vasitə üstündə daşıdığı əşya kisəsinin içindəki iki ədəd sellofan torbada, birində 650 qram, digərində 680 qram olmaqla aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 saxladığı narkotik vasitənin qalan 3675 qramlıq hissəsi isə xx xxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində X4 Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı Xaçmaz rayonu Pərdiqran kəndindəki fərdi yaşayış evinə baxış keçirilərkən, evin anbarından və həyətyanı torpaq sahəsindəki saxlanc yerlərindən bir ədəd sellofan torbada 485 qram, bir ədəd 10 litrlik balonda 1670 qram, bir ədəd 5 litrlik balonda 595 qram, 2 ədəd üç litrlik balonlarda ayrı ayrılıqda 130 qram və 170 qram, 5 ədəd kiçik bankalarda ayrı-ayrılıqda 115 qram, 185 qram, 175 qram, 65 qram və 85 qram olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu Pərdiqran kəndində övladları Məzahir və Novruzbəy ilə birlikdə yaşayır, həyat yoldaşı 2019-cu ilin may ayında ağır xəstəlikdən vəfat etmişdir. Daimi iş yeri olmasa da, fərdi əmək fəaliyyəti ilə məşğul olub, təsərüfatda işləmişdir. 2019-cu ilin may ayının ortalarında həyətyanı torpaq sahəsində yeri belləyərək, özündə olan, bir il əvvəl meşədə yadında qalmayan ərazidə yabanı bitən çətənə bitkisindən topladığı çətənə tumlarını həmin yerdə əkmiş, bir müddətdən sonra həmin yerdə 11 ədəd çətənə bitkisi bitmişdir. Ştil çıxandan sonra bilmişdir ki, həmin kollar narkotik vasitə olan marixuanadır. Marixuana kollarının kultivasiyası ilə məşğul olmamışdır.xx xxxxxxx 2019-cu il tarixdə gündüz vaxtı Xudat bazarında təsadüfən tanışı Əbülfətlə rastlaşmış, söhbət zamanı Əbülfət ona istifadə üçün marixuana lazım olduğunu bildirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə Pərdiqran və Ləcət kəndləri arasında yerləşən meşəlik ərazidə görüşmüşlər, görüş zamanı Əbülfətə narkotik vasitə olan marixuananı vermişdir. Həmin narkotik vasitə üçün Əbülfətdən pul almamışdır.Marixuananı Əbülfətə verəndə onu satacağını bilməmişdir.Əbülfət marixuanadan təmbəki kimi istifadə edəcəyini demişdir. O, Əbülfətdən ayrılandan sonra evə qayıtmış, həmin gün saat 21 radələrində qapıya polis əməkdaşları gələrək onu Xaçmaz st. XPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birgə Xaçmaz st. XPŞ-nə gəlmiş və izahat vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir.Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz rayonun Ləcət kəndində ailəsi ilə birlikdə yaşayır. Daimi iş yeri olmasa da fərdi əmək fəaliyyəti ilə məşğul olub, təsərrüfatda işləmişdir. Təqsirləndirilən şəxs1 Xaçmaz rayonu Pərdiqran kənd sakinidir, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2019-cu ilin oktyabr ayının əvvəllərində Xudat şəhər bazarında Qədir ilə rastlaşıb söhbət edərkən, Qədirdə narkotik vasitə olan marixuana olduğunu bilmiş, ondan narkotik vasitəni istəmişdir. Qədir də marixuananı ona verəcəyini bildirmişdir. Elə təsadüfən həmin ərəfədə adını xatırlamadığı tanışı ona zəng vuraraq narkotik vasitənin ona lazım olduğunu bildirmişdir.xx xxxxxxx 2019-cu il tarixdə saat 14 radələrində o, Qədirə mobil telefonla zəng edərək marixuananı meşəlik əraziyə gətirməsini xahiş etmişdir, marixuananı rahat daşımaq üçün evdən özü ilə sarı rəngli parça materialdan olan əşya kisəsi götürmüşdür. Görüş zamanı Qədir ona 2 ədəd sellofan torba verərək içində 1 kiloqram 300 qram marixuana olduğunu bildirmişdir, o da, sellofan torbaların hər ikisini özü ilə gətirdiyi əşya kisəsinə qoyub aparmışdır. O, Qədirdən ayrıldıqdan sonra Ləcət kəndi istiqamətinə getmiş, X6u ərazisindən keçəndə iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər və onu Xaçmaz st. XPŞ-nə dəvət etmişdirlər. O, etiraz etməyərək həmin polis əməkdaşları ilə birgə Xaçmaz st. XPŞ-nə getmişdir. İdarəyə 2 nəfər tanımadığı hal şahidi dəvət olunaraq, üstündə olan predmetləri təqdim etməyi təklif olunmuşdur. O, əlindəki əşya kisəsində saxladığı iki ədəd sellofan torbanı çıxarıb masanın üzərinə qoyaraq, həmin torbalarda Qədirdən götürdüyü narkotik vasitə olan marixuana olduğunu etiraf etmişdir. Həmin 2 ədəd sellofan torbadakı marixuana qablaşdırılaraq ağzı möhürlənmiş, o də hal şahidləri ilə yanaşı əvvəlcə paketin üzərinə daha sonra isə tərtib olunmuş protokolla tanış olub protokola imza etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadədə marixuananı Bakıya gətirəcəyi və Qədirə pul verməyi barədə hissənin yanlış olduğunu və elə bir ifadə vermədiyini bildirmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməllərini törətmələri təqsirləndirilən şəxslərin ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə səhər saatlarında Xaçmaz rayonu Ləcət kənd sakini Əbülfət adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması və həmin gün narkotik vasitə ilə X7 Stansiyasına gələcəyi barədə əməliyyat məlumatı əldə edilmişdir.Dərhal əməliyyat tədbirinin keçirilməsi haqqında qərar tərtib olunmuş, əməliyyat müvəkkili Şahid1 və ekspert kriminalist Şahid3 tədbirin keçirilməsinə cəlb olunmuşlar. O, Murad və Emin operativ olaraq Əbülfət Hüseynovu yaxalamaq üçün həmin stansiyaya getmiş, saat 17 radələrində Əbülfət əlində sarı rəngli əşya kisəsi ilə stansiyanın ərazisinə gəldikdə, onlar Əbülfəti Xaçmaz st. XPŞ-nə dəvət etmişlər. Xaçmaz st. XPŞ-də o, Əbülfətin yaxalanması barədə raport tərtib edərək, rəhbərliyə məruzə etmiş, materialın sonrakı icrası baş təhqiqatçı Nadir Məmmədova həvalə olunmuşdur. Nadir Əbülfətin yaxalanması ilə əlaqədar sənədləşmə aparmış, vəkil dəvət etmiş, iki nəfər hal şahidi dəvət edilərək, Əbülfətə üstündə və əşya kisəsində olan predmetləri masanın üzərinə qoymasını təklif etmişdir. Əbülfət əlində olan əşya kisəsinin ağzını açıb, içərisindən iki ədəd içi dolu sellofan torbanı çıxardaraq masanın üzərinə qoymuş, torbada narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin sellofan torbalar açıldıqda içərisində spesifik iyə malik bitki mənşəli kütlə olduğu aşkar olunmuşdur. 2 ədəd sellofan torba içindəki kütlə ilə birgə qablaşdırılaraq ağzı möhürlənmiş, o, daha sonra tərtib olunmuş protokolla tanış olub, protokola imza etmişdir. Bundan sonra Nadir Məmmədovun tapşırığı ilə narkotik vasitənin əldə olunma mənbəyinin müəyyən olunması ilə əlaqədar Xaçmaz rayonu Pərdiqran kənd sakini Qədir adlı şəxs Xaçmaz st. XPŞ-nə dəvət olunmuş, saat 23.40 radələrində dəvət olunmuş hal şahidləri və Qədirlə birgə sonuncunun yaşadığı Xaçmaz rayonu Pərdiqran kəndinə Qədirə məxsus fərdi evin qarşısına gəlmişlər. Onlar hal şahidləri ilə birlikdə Qədirin dalınca həyətə daxil olmuş, Qədir həyətdə sağ tərəfə dönüb anbar kimi istifadə olunan otağa daxil olaraq, oradakı əşyaların arasında gizlədilmiş içində kütlə olan bir ədəd sellofan torbanı və anbardakı çarpayının altından bir ədəd içərisi kütlə ilə dolu balonu çıxardaraq təqdim etmiş, həmin sellofan torba və balon açıldıqda içərisində bitki mənşəli spesifik iyə malik kütlə olduğu aşkar olunmuşdur. Qədir həmin kütlənin narkotik tərkibli marixuana olduğunu bildirmişdir. Bundan sonra Qədir fərdi evin həyətyanı torpaq sahəsinə keçib, orada hasar boyu olan kolluqların içindəki 4-5 gizli saxlanc yerindən müxtəlif ölçülü sayı yadında qalmayan, icərisi kütlə ilə dolu balonlar çıxardaraq təqdim etmiş, onların da içində narkotik tərkibli marixuana olduğunu bildirmişdir. Balonlar açıldıqda onların içində spesifik iyə malik bitki mənşəli kütlə olduğu aşkar olunmuşdur. Aşkar olunmuş balonlar və bir ədəd sellofan torba içərisindəki kütlə ilə birlikdə paketə qablaşdırılaraq, üzəri möhürlənmiş, o da, digər iştirakçılar kimi tərtib olunmuş protokolla tanış olub, protokola imzalar etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, ADY QSC-nin 1 saylı Xaçmaz yol sahəsində yol mantyoru işləyir. xx xxxxxxx 2019-cu il tarixdə saat 18 radələrində iş yoldaşı Şahid5 ilə birlikdə Xaçmaz stansiyasında xidmətdə olduğu vaxtı tanımadığı polis əməkdaşı onlara yaxınlaşıb özünü təqdim edərək, Xaçmaz st. XPŞ-nin inzibati binasında vətəndaşın üstündə şəxsi axtarış keçirilməsində hal şahidi kimi iştirak etməyi xahiş etmiş, o və Mətləb razılaşaraq, Xaçmaz st. XPŞ-nin inzibati binasına iş otaqlarından birinə getmişlər. Otaqda təhqiqatçı Nadir, bir neçə nəfər polis əməkdaşı, vəkil kimi təqdim olunan şəxs və ilk dəfə gördüyü, təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs2 olmuşdur. Polis əməkdaşı Nadir onun və Mətləbin Əbülfətlə heç bir tanışlıq, qohumluq əlaqələrinin olmadığını biləndən sonra onlara hüquq və vəzifələrini başa salıb, Əbülfətə müraciət edərək, üstündə və əşya kisəsində olan predmetləri masanın üzərinə qoymasını təklif etmişdir. Əbülfət əlində olan əşya kisəsinin ağzını açaraq, içərisindən iki ədəd içi dolu sellofan torbanı çıxarıb masanın üzərinə qoymuş, onların içində narkotik vasitə olan marixuana olduğunu bilmişdir. Həmin sellofan torbalar açıldıqda içərisində spesifik iyə malik bitki mənşəli kütlə olduğu aşkar olunmuş, 2 ədəd sellofan torba içindəki kütlə ilə birgə qablaşdırılaraq ağzı möhürlənmiş, o və Mətləb əvvəlcə paketin üzərinə, daha sonra isə tərtib olunmuş protokolla tanış olub, protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019cu il tarixdə gecə saat 23.50 radələrində X5 stansiyasının ərazisindən piyada keçərək, şəhərin yuxarı tərəfinə gedərkən, bir nəfər tanımadığı polis əməkdaşı ona yaxınlaşıb, vətəndaşa məxsus fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməsini xahiş etmiş, o da, etiraz etməyərək polis əməkdaşı ilə birlikdə Xaçmaz stansiyasında Xətt Polis Şöbəsinin inzibati binasına, otaqlardan birinə gəlmişdir. Oraya daha bir nəfər tanımadığı hal şahidi dəvət edilmiş, otaqda ilk dəfə gördüyü, adını sonradan bildiyi Qədir adlı şəxs, bir neçə nəfər tanımadığı polis əməkdaşları olmuşdur. Sonradan tanıdığı polis əməkdaşı Nadir onun və digər hal şahidinin Qədirlə heç bir tanışlıq, qohumluq əlaqələri olmadığını, biləndən sonra onlara hüquq və vəzifələrini başa salmış və hamılıqla avtomobillərə əyləşib Xaçmaz rayonu Pərdiqran kəndinə Qədirin fərdi evinin qarşısına getmişlər. O və digər hal şahidi baxışda iştirak edən polis əməkdaşları ilə birlikdə Qədirin dalınca həyətə daxil olmuş, Qədir həyətdə sağ tərəfə dönüb anbar kimi istifadə olunan otağa daxil olaraq, oradakı əşyaların arasında gizlədilmiş, içində kütlə olan bir ədəd sellofan torbanı, çarpayının altından içərisi kütlə ilə dolu bir ədəd ölçüsü yadında qalmayan balon çıxardaraq təqdim etmişdir. Sellofan torba və balon açıldıqda içərisində bitki mənşəli spesifik iyə malik kütlə olduğu aşkar olunmuş, Qədir həmin kütlənin narkotik tərkibli marixuana olduğunu bildirmişdir. Bundan sonra Qədir həyətyanı sahədə, hasar boyu olan kolluqların içindəki 4-5 saxlanc yerindən müxtəlif ölçülü sayı yadında qalmayan, icərisi kütlə ilə dolu balonlar çıxardaraq, təqdim etmiş, onların da içində narkotik tərkibli marixuana olduğunu bildirmişdir. Balonların hamısının içində spesifik iyə malik, bitki mənşəli kütlə olduğu aşkar olunmuşdur. Aşkar olunmuş balonlar və bir ədəd sellofan torba içərisindəki kütlə ilə birlikdə paketə qablaşdırılmış və üzəri möhürlənmişdir. O, digər hal şahidi və Qədir əvvəlcə paketin üzərinə, daha sonra isə baxış keçirilməsi haqqında protokolla tanış olub, protokola imzalar etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 25997 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş bir ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 485 qram, bir ədəd 10 litrlik balonda təmiz çəkisi 1670 qram, bir ədəd 5 litrlik balonda təmiz çəkisi 595 qram, iki ədəd 3 litrlik balonlarda ayrı-ayrılıqda təmiz çəkiləri 130 qram və 170 qram, beş ədəd bankalarda ayrı-ayrılıqda təmiz çəkiləri 115 qram, 185 qram, 175 qram, 65 qram və 85 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Ümumi çəkisi 3675 qramdır. Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş çantadakı 2 ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 650 qram və 680 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 1330 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2938 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri müşahidə olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2938 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri müşahidə olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə bioloji torpaqşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 32168 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Xaçmaz rayonu Pərdiqran kəndindəki həyətyanı torpaq sahəsində çətənə bitkiləri əkib becərdiyi ərazini göstərdiyi hissədən götürülmüş torpaq nümunəsinin tərkibində narkotik təbiətli çətənə bitkisinin hissəcikləri vardır. Torpaqda aşkar olunmuş çətənə bitkisinin hissəcikləri və iki ədəd torbada, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş marixuanalar tərkibinə görə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.1985-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası SSR CM-nin 207-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi narkotik vasitənin satışı ilə məşğul olmadığı barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələrdə göstərmişdir ki, Xaçmaz rayonu Pərdiqran kəndində övladları Məzahir və Novruzbəy ilə birlikdə yaşayır, həyat yoldaşı 2019-cu ilin may ayında ağır xəstəlikdən vəfat etmişdir. Daimi iş yeri olmasa da, fərdi əmək fəaliyyəti ilə məşğul olur, təsərüfatda işləyir. 2019-cu ilin may ayının ortalarında həyətyanı torpaq sahəsində yeri belləyərək, özündə olan, bir il əvvəl meşədə yadında qalmayan ərazidə yabanı bitən çətənə bitkisindən topladığı çətənə tumlarını həmin yerdə əkmiş, bir müddətdən sonra həmin yerdə 11 ədəd çətənə bitkisi bitmişdir. Sonrakı günlərdə həmin çətənə bitkilərinə qulluq edərək, diblərini yumşaltmış, vaxtı-vaxtında suyunu vermişdir. Çətənə bitkiləri becərməyi barədə heç kimə bir söz deməmiş, övladları Məzahir və Novruzbəy “Xəzər” istirahət mərkəzində ofisiant işlədiklərindən daim orada qalmış, həm də onlar çətənə bitkisinin necə görünməsi barədə təsəvvürə malik olmamışlar. 2019-cu ilin avqust ayının axırlarında qulluq edib becərdiyi 11 ədəd çətənə bitkilərini torpaqdan çıxarıb həyətyanı sahədəki ağacdan asmış, 5-6 gündən sonra həmin çətənə bitkilərinin yarpaqlarını toplayaraq evdəki balonlara, sellofan torbaya yığmış, bir hissəsini anbarda, digərlərini isə həyətyanı sahədəki çəpər boyu olan kolların arasında düzətdiyi saxlanc yerlərində gizlətmişdir. xx xxxxxxx 2019-cu il tarixdə gündüz vaxtı Xudat bazarında təsadüfən tanışı Əbülfətlə rastlaşmış, söhbət zamanı Əbülfət ona satış üçün marixuana lazım olduğunu bildirmişdir. O, özündə satış üçün saxladığı narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və müəyyən pul müqabilində həmin narkotik vasitəni Əbülfətə sata biləcəyini demişdir. 3 gün keçmiş Əbülfət onun mobil telefonuna zəng edib, saat 15 radələrində Pərdiqran və Ləcət kəndləri arasında yerləşən meşəlik ərazidə görüş yeri vermiş, görüş zamanı Əbülfət ona 1 kiloqram 300 qram marixuana lazım olduğunu, həmin marixunanı ondan 4500 manata alacağını bildirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə Əbülfət bir daha mobil telefonla zəng edərək, Pərdiqran və Ləcət kəndləri arasındakı meşəlik ərazidə, əvvəl görüşdükləri yerdə görüş yeri vermiş, narkotik vasitəni ora gətirməli olduğunu bildirmişdir. O, evdə olan əl tərəzisi ilə 1 kiloqram 300 qram narkotik vasitə olan marixuananı tərəzidə ölçüb, iki ədəd sellofan paketə toplayaraq evdən çıxmış və saat 15 radələrində meşəlik əraziyə gələrək, Əbülfətlə görüşüb, marixuananı ona vermişdir. Əbülfət də iki ədəd sellofan torbadakı marixuananı özü ilə gətirdiyi sarı rəngli parça materialdan olan əşya kisəsinə qoyaraq, sonradan ona 4500 manat pul gətirəcəyinə söz verməklə, ayrılmışdır. O, Əbülfətdən ayrılandan sonra evinə qayıtmış, həmin gün saat 21 radələrində qapıya polis əməkdaşları gələrək onu Xaçmaz st. XPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birgə Xaçmaz st. XPŞ-nə gəlib, orada təhqiqatçı Nadirə izahat verərkən, Əbülfətə 4500 manat pul müqabilində marixuana satdığını, evində də müxtəlif saxlanc yerlərində balonlarda və sellofan torbada marixuana olduğunu və həmin marixuanaları təqdim edə biləcəyimi bildirmişdir. Pərdiqran kəndindəki fərdi evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsi ilə razılaşaraq, bu barədə ərizə vermişdir. Bundan sonra polis əməkdaşları tanımadığı iki nəfər hal şahidi dəvət etmiş, o, hal şahidləri və polis əməkdaşları ilə birlikdə Pərdiqran kəndindəki evinə getmişdir. Nadir ona müraciət edərək marixuna olan yerləri göstərməsini təklif etdikdə, o, həyətdəki anbara daxil olub, orada gizlətdiyi 1 ədəd sellofan torbadakı və çarpayının altındakı içində marixuana olan balonu, daha sonra isə həyətyanı sahəyə keçib kol çəpərin diblərində 4-5 yerdə gizlətdiyi, içərisində narkotik vasitə, marixuana olan müxtəlif ölçülü balonları saxlanc yerlərindən çıxardaraq təqdim etmişdir. Təqdim etdiyi marixuanalar paketə qablaşdırılaraq üzəri möhürlənmiş,o da digər iştirakçılar kimi protokolla tanış olub protokola və paketin üzərinə imzalar etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələrdə göstərmişdir ki, Xaçmaz rayonun Ləcət kəndində ailəsi ilə birlikdə yaşayır. Daimi iş yeri olmasada fərdi əmək fəaliyyəti ilə məşğul olur, təsərüfatda işləyir. Xaçmaz rayonu Pərdiqran kənd sakini Qədiri tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2019-cu ilin oktyabr ayının əvvəllərində Xudat şəhər bazarında Qədir ilə rastlaşıb söhbət edərkən, Qədirdə narkotik vasitə olan marixuana olduğunu bilmiş, ondan narkotik vasitə alacağını bildirmişdir. Qədir də marixuana sata biləcəyini demişdir. O, Qədirdən narkotik vasitəni alıb, Bakı şəhərinə apararaq, orada həmin marixuanaya müştəri tapıb sataraq, bir qədər pul əldə edəcəyini zənn etmiş, bir neçə gündən sonra mobil telefon vasitəsi ilə Qədirə zəng vurub, Pərdiqran və Ləcət kəndləri arasındakı meşəlik ərazidəki cığır yolda görüşüb söhbət etməyi təklif etmiş və nümunə üçün bir qədər marixuana gətirməsini xahiş etmişdir. Saat 15 radələrində Qədirlə dediyi ərazidə görüşüb, onun gətirdiyi marixuana nümunəsinə baxmış, Qədirdən 1 kiloqram 300 qram narkotik vasitə olan marixuana alacağına, həmin marixuanın müqabilində ona 4500 manat pul verəcəyinə söz vermişdir. xx xxxxxxx 2019-cu il tarixdə saat 14 radələrində o, Qədirə mobil telefonla zəng edərək marixuananı həmin meşəlik əraziyə gətirməsini xahiş etmiş, marixuananı rahat daşımaq üçün evdən özü ilə sarı rəngli parça materialdan olan əşya kisəsi götürmüşdür. Görüş zamanı Qədir ona 2 ədəd sellofan torba verərək icində 1 kiloqram 300 qram marixuana olduğunu bildirmiş,o da, sellofan torbaların hər ikisini özü ilə gətirdiyi əşya kisəsinə qoyub, söz verdiyi 4500 manat pulu sonradan gətirib verəcəyini bildirmişdir. O, Qədirdən ayrıldıqdan sonra Ləcət kəndi istiqamətinə gəlmiş, X6u ərazisindən keçəndə iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmiş və onu Xaçmaz st. XPŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək həmin polis əməkdaşları ilə birgə Xaçmaz st. XPŞ-nə, xidməti otaqlardan birinə gəlmiş, orada sonradan adını bildiyi polis əməkdaşı Nadir əldə etdikləri əməliyyat məlumatına əsasən onun üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirmişdir. O, Nadir Lalayevi müdafiəçisi kimi qəbul etmiş, bundan sonra Nadir tərəfindən otağa 2 nəfər tanımadığı hal şahidi dəvət olunaraq, üstündə olan predmetləri təqdim etməsi təklif olunmuşdur. O, əlindəki əşya kisəsində saxladığı iki ədəd sellofan torbanı çıxarıb masanın üzərinə qoyaraq, həmin torbalarda Qədirdən aldığı narkotik vasitə olan marixuana olduğunu etiraf etmişdir. Həmin 2 ədəd sellofan torbadakı marixuana qablaşdırılaraq ağzı möhürlənmiş, o da hal şahidləri ilə yanaşı əvvəlcə paketin üzərinə daha sonra isə tərtib olunmuş protokolla tanış olub protokola imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu ifadələrini mötəbər sübut kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını da nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar- AR DİN-in Xaçmaz st.XPŞ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 3675 qram və 1330 qram narkotik vasitə marixuana, torpaq nümunəsi müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri 158 manat 82 qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar- AR DİN-in Xaçmaz st.XPŞ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 3675 qram və 1330 qram narkotik vasitə marixuana, torpaq nümunəsi müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərcləri 158 manat 82 qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar