Məhkəmə qərarları › İş №1(101)-498/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-498/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-498/2022 11.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15 avqust 2021-cİ il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensİar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq küili miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlamış və daşımışdır; belə ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda iki ədəd bükümdə ümumi təmiz çəkisi 2,916 qram psixotrop maddə olan metafetamin və 3 ədəd bükümdə ümumi təmiz çəkisi 9,880 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13.08.2021-ci il tarixdə saat 17:25-də Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində saxlanılıb Suraxanı RPİ-nin İnzibati binasına gətirilərək həmin tarixdə saat 18:10-18:20 radələrində üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən üzərində “Oceanum” yazıları olan yaşıl rəngli plastik qabdan xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən iki ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,885 qram və 1,031 qram olmaqla ümumi təmiz çəkisi 2,916 qram ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,861 qram, 5,990 qram və 2,029 qram olmaqla ümumi təmiz çəkisi 9,880 qram tünd qəhvəyi rəngli bərkimiş maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, təxminən bir ilə yaxın olar ki, narktoik vasitə heroindən istifadə edir. 13 avqust 2021-ci il tarixdə təxminən saat 17:25 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsində yaşadığı evin qarşısında olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli bilinməsi səbəbi ilə polis bölməsinə dəvət etmişlər. Suraxanı RPİ-də xidməti otaqların birində hüquq və vəzifələrim izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına vəkil təyin olunmuş və təqdim edilmişdir. Bundan sonra onu saxlamış polis əməkdaşlarının iştirakı iiə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirməyə başlamış təhqiqatçı tərəfindən ona üzərində qanunsuz saxladığı narkotik vasitə və ya digər əşya olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibində üzərində "Oceanum” yazıları olan yaşıl rəngli plastik krem qabını çıxarıb təqdim etmiş, təhqiqatçı tərəfindən həmin qabın içinə baxış keçirlərkən bir ədəd dəftər vərəqinə bükülmüş içərisində kristal halda olan, bir ədəd gümüşü kağıza bükülmüş içərisində qara rəngli daş halında olan kütlələr aşkar edilmişdir. Sorğu zamanı bir ədəd dəftər vərəqinə bükülmüş bükümlərin içində kristal halda olan maddənin metamfetamin olduğunu, digər 1 ədəd bükümün içində qəhvəyi rəngli daş halında olan kütlənin isə narkotik vasitə heroin olduğunu, həmin maddələri təxminən bir neçə saat əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 50 (əlli) manata alaraq şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış və zərf onun və polis əməkdaşları tərəfindən imzalanaraq möhürlənmişdir. Üzərində aşkar olunmuş narkotik vasitə bir bükümdə və psixotrop maddə metamfetamin də bir bükümdə olaqla, xırda bükümlərə ayrılmamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PBnin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində özündən və Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, 13 avqust 2021 ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saat 17:25 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsə narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması və satışında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, sonuncunu Bakı şəhəri Suraxanı RPİ-nə dəvət etmişlər. Polis İdarəsinə gəldikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, onun hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra özünün və Şahid2 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibində üzərində “Oceanum” yazıları olan yaşıl rəngli plastik krem qabını çıxarıb təqdim etmiş, təhqiqatçı tərəfindən həmin qabın içinə baxış keçirilən zaman iki ədəd dəftər vərəqinə bükülmüş içərisində kristal halda olan, iki ədəd gümüşü kağıza bükülmüş və bir ədəd şəffaf sellofana bükülmüş içərisində qara rəngli daş halında olan kütlələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs iki ədəd dəftər vərəqinə bükülmüş bükümlərin içində kristal halda olan maddənin metamfetamin olduğunu, digər 3 ədəd bükümlərin içində qəhvəyi rəngli daş halında olan kütlənin isə narkotik vasitə heroin olduğunu, həmin maddələri təxminən bir nəçə saat əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 50 (əlli) manata alaraq şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 oğlu Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 6/3500 saylı 14 avqust 2021 -ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» yazısı olan zərfdəki 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,885 qr və 1,031 qr, ümumi təmiz çəkisi 2,916 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,861 qr, 5,990 qr və 2,029 qr, ümumi təmiz çəkisi 9,880 qram tünd rəngli bərkimiş formada maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (1-ci cild iş vərəqi 46-47). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 6/5003 saylı 24 noyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi TƏDQİQAT OBYETKİ №75” “Ekspert rəyi 6/3500" yazılan paketdə üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..." yazılan zərfdə 3 ədəd bükümdə çəkisi 9,730 qram heroinlər öz aralarında xarici görünüşlərinə və kimyəvi komponentlərinə görə eynidir, 2 ədəd bükümdə ümumi çəkisi 2,816 qram metamfetarninlər öz aralarında xarici görünüşlərinə və kimyəvi komponentlərinə görə eynidir (1-ci cild iş vəəqi 128-129) Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 3460 saylı 15 sentyabr 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan Aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 124-125). İşdə olan 13 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs qəhvəyi rəngli şalvarın sağ yan cibindən üzərində “Oceanum” yazıları olan yaşıl rəngli plastik qabı təqdim etmiş, həmin qabın içərisindən iki ədəd kağız bükümdə psixotrop maddə metamfetamə bənzər və üç ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələrin olmuş, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin iki ədəd kağız bükümdə psixotrop maddə metamfetam və üç ədəd bükümdə narkotik vasitə heroin və həmin kütlələri təxminən 13 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 50 (əlli) manata alaraq şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmiş, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarışın davam etdirilməsi və üzərindən hər hansı bir əşya və ya predmetin aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və materiala əlavə olunmuşdur (1ci cild ş vərəqi 31-32) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 1,885 qram və 1,031 qram olmaqla ümumi təmiz çəkisi 2,916 qram psixotrop maddə metamfetamin və üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,861 qram, 5,990 qram və 2,029 qram olmaqla ümumi təmiz çəkisi 9,880 qram narkotik vasitə oian heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş, ümumi təmiz çəkisi 2,916 qram psixotrop maddə metamfetamin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 2,736 qram və ümumi təmiz çəkisi 9,880 qram heroinin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 9,640 qram narkotik vasitə heroin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (1-ci cild iş vərqəi 136-143). Azərbaycan Respublikası DİN-nin Baş Əməiiyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Xalq Məhkəməsinin 02.09.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 226-cı maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16.06.2004-cu ildə cəzasının sonu ilə azad edilmişdir (1-ci cild iş vərəqi 100-101). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası CM-in 226-cı maddəsinin 1-ci hissəsi (köhnə redaksiyada) az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 13 avqust 2021-ci il tarixdə törətmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və cəzasını çəkib qurtardığı gündən iki ildən çox vaxt keçdiyindən məhkumluğu ödənilmişdir. İşdə olan tutulma haqqında 13 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cld iş vərəqi 12). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 13 avqust 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 85-86). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr) və (2-ci siyahı psixotrop maddələr) » əsasən heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, psixotrop maddə metametaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, daşıdığı və saxladığı psixotrop maddə metamfetamin 2,916 qram və narkotik vasitə heroin 9,880 qram olduğundan külli miqdar təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq küili miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki Təqsirləndirilən şəxs həbs müddətinin başlanğıcı 13 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 13 avqust 2021-ci il tarixdən hesablanmasını, və Cinayət Məcəllənin 56.1.2ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə-narkoloji ekspertizası üzrə 15 sentyabr 2021-ci il tarixli 3460 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsinndə yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu üçün məcburi müalicəyə ehtiyacı olduğundan, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - saxlanılması üçün Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,736 qram psixotrop maddə metamfetamin və 9,640 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri - 202 (iki yüz iki) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,736 qram psixotrop maddə metamfetamin və 9,640 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri - 202 (iki yüz iki) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddanın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar