Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-499/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvələr məhkum olunmamış, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində qeydiyyatda olan və yaşayan, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi yeni yaşayış massivində yerləşən «xxxx» MMC-nin boş ərazi sahəsində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə mobil telefonla danışığı zamanı, sonuncunun Neftçala şəhərində işlədiyi yeri qeyri-rəsmi yaşadığı Şahid1 bələdçilk edərək göstərməsinə görə Zərərçəkmiş şəxs onun ünvanına nalayiq sözlər işlətməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlbəyaxa olarkən, özündə olan silah qismində istifadə etdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs bədəninin qarın boşluğundan bir dəfə vuraraq ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid böyük piyliyin və nazik bağırsaq müsariqəsinin zədələnməsinə səbəb olan qarının sol yarısının ön divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş kəsilmiş yarası və sağlamlığa zərərvurmaya aid olan dərəcələri təyin edilməyən qarının sol yarısının sıyrıqlarından ibarət xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində Neftçala şəhərində yaşadığı evin yaxınlığında olan zaman markası yadında qalmayan taksi ona yaxınlaşmış, əvvəllər tanımadığı və adını sonradan bildiyi Günay adlı qadın ondan Neftçala şəhərində traktor operatoru vəzifəsində çalışan Ülfət adlı şəxsin harada işməsini soruşmuşdur. O, özü də avtomobil sürücüsü olduğu üçün həmin ərazidə işləyən Yasərə zəng edərək onun yanında Ülfət adlı şəxsin işləyib-işləmədiyini soruşmuş, Yasər işlədiyi yerdə Ülfət adlı şəxsin işlədiyini bildirmişdir. Sonra taksi sürücüsünə yolu başa salmış, lakin taksi sürücüsü gecə olduğunu və həmin yeri tanımadığını bildirdikdə, insanlıq xatirinə avtomobilə əyləşib birlikdə həmin ünvana getmişdir. Günay adlı qadın taksidən enərək Ülfəti gördükdən sonra axtardığı adamın həmin şəxs olduğunu bildirmişdir. Günay və Ülfət kənarda bir neçə dəqiqə söhbət etmiş, sonra Günay avtomobilə geri qayıtmış və onu avtomobilə mindiyi yerdə düşürdərək getmişdir. Yolda Günay ona Abşeron rayonu ərazisində yaşadığını bildirmiş və söhbət zamanı o, Günaya dələduzluqla bağlı şikayət ərizəsinin Abşeron rayon polis idarəsində araşdırıldığını demişdir. Sonra onlar əlaqə nömrələrini götürmüşlər. xx xxxxxx 2020-ci il tarixdə günün ikinci yarısı o, Bakı şəhərinə gəlmiş, Günayla əlaqə saxlayaraq Bakı şəhərində olduğunu, Abşeron rayon polis idarəsini tanımadığını bildirmişdir. Günay isə telefon vasitəsi ilə ona yolu başa salmış, o, polis idarəsinə getmiş, oradan çıxdıqdan sonra təkrar Günayla əlaqə saxlamış və Günay onu yaşadığı ünvana dəvət etmişdir. O, Xırdalan qəsəbəsində Günayın yaşadığı evə getmişdir. Həmin ünvanda olan zaman Günayın yanında adını sonradan bildiyi Günayın rəfiqəsi Zümrüd adlı şəxs də olmuşdur. Həmin vaxt Ülfət Zümrüdün mobil nömrəsinə ardıcıl olaraq zənglər etmiş və telefon danışıqlarından təxminən Ülfətin Günayla aralarında pul söhbəti olduğunu başa düşmüş, həmçinin Zümrüd və Günayın Neftçala şəhərinə getdiklərinə görə mübahisə etdiklərini bilmişdir. Həmin telefon danışığı vaxtı Ülfətin öz yerini Günaya dediyi üçün onun "var-yoxunu" söydüyünü eşitmiş və telefonu Günaydan alaraq Ülfətdən nə üçün söyüş söydüyünü soruşmuşdur. Ülfət isə təkrar söyüş söyərək özünə haqq qazandırmış, ondan harada olduğunu soruşaraq görüşmək istədiyini bildirmişdir. O, Bakı şəhərində olduğunu deyərək görüşməyə razılıq vermişdir. Ülfət ona xx xxxxxx 2020-ci il tarixdə gecə Məhəmmədi qəsəbəsində görüşməyi təklif etmiş və onlar razılaşmışdır. O, taksi ilə Məhəmmədi qəsəbəsinə getmiş, Ülfət taksi sürücüsünə yolu ətraflı başa saldığına görə mübahisə etdikləri boş əraziyə gəlmişdir. Orada Ülfətin onu gözlədiyini və əlində dəmir boru olduğunu görmüşdür. O, Ülfətdən nə üçün onu söydüyünü soruşduqda, Ülfət təkrar ona yaxşı etdiyini bildirərək yenə söyüş söymüş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ülfət əlində olan dəmir boru ilə onun baş və boyun nahiyəsinə zərbələr endirmişdir. Ülfətə gücü çatmadığına görə cibində olan cib bıçağını çıxarıb özünü müdafiə etmək məqsədi ilə Ülfətin qarın nahiyəsinə bir dəfə vurmuşdur. Ülfəti vurduğu cib bıçağını yadında qalmayan yerdə tullamış, hadisədən sonra yaşadığı Neftçala şəhərinə qayıtmışdır. Verilən sualları cavablandıran təqsirləndirilən şəxs İsmayıl Məmmədov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, yük maşını sürdüyü üçün maşında bıçaqdan istifadə etdiyini və bıçağın həmin gün təsadüfən üstündə qaldığını, əvvəllər Günayı tanımadığını, hazırda zərərçəkmiş şəxslə barışdığını və törətdiyi əməldən peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 10 ildən artıq bir müddətdə Şahid1 ilə qeyri-rəsmi yaşayır və onunla Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə qalmışdır. 2020-ci il avqust ayının əvvəllərində onun Günayla münasibətləri pisləşmiş və o, Günaydan ayrılaraq Neftçala rayonuna işləməyə getmişdir. Orada Yunis adlı şəxsin yanında ağır texnika maşınında sürücü kimi işə düzəlmiş və Neftçala şəhərində yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə axşam işdə olarkən gözləmədiyi halda Günayın əslən Neftçala şəhərindən olan Hüseyn adlı şəxslə iş yerinə gəlməsini görmüşdür. Günay onu gördükdə qışqıraraq kirayə pulunu vermədən evdən getdiyinə görə onunla mübahisə etməyə başlamış, o isə Günayı sakitləşdirib səhəri günü şəhərə gələcəyini bildirərək onu Xırdalana yola salmışdır. Sonrakı gün Xırdalana gəlmədiyindən, Günay onun mobil telefonuna yığıraq yenidən mübahisə etməyə başlamış və təkrar iş yerinə gələrək onu biabır edəcəyini bildirmiş və o, Günaya onun iş yerini ona göstərən şəxsin ünvanına nalayiq sözlər işlətmişdir. Həmin vaxt Hüseyn adlı şəxs Günaydan mobil telefonu alaraq nalayiq sözlərin ona ünvanlandığını soruşduqda, o, sözlərinin ona ünvanladığını və yeri gəlsə üzünə deyə biləcəyini söyləmişdir. Sonra Hüseyn onun harada olmasını soruşaraq görüşmək istədiyini bildirdikdə, o, Hüseynə Məhəmmədi qəsəbəsində olduğunu bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Hüseyn onunla görüşmək üçün Məhəmmədi qəsəbəsində boş əraziyə gəlmişdir. Hüseyn ondan yenə onu nə üçün təhqir etdiyini soruşduqda, o, Hüseynə yaxşı etdiyini bildirib həmin sözləri yenidən onun üzünə qarşı təkrar etmiş və mübahisə yaranmışdır. Bu zaman Hüseyn əlində olan bıçaqla bir dəfə onun qarın nahiyəsindən vuraraq xəsarət yetirmişdir. O, özünü müdafiə etmək üçün əlindəki plastik boru ilə Hüseynin başından və belindən vurmuşdur. Sonra hadisə yerindən qaçaraq taksi avtomaşını saxlatdırıb Günayın Xırdalan şəhərindəki evinə gəlmişdir. Orada vəziyyəti pisləşdiyinə görə 3 saylı xəstəxanaya getmişdir. Zərərçəkmiş şəxs ifadəsinə görə, Hüseynlə aralarında baş vermiş hadisə onun yerini tanışı Günaya göstərdiyinə görə Hüseynin ünvanına nalayiq söyüşlər söyməyi səbəbindən baş vermişdir. Hüseynlə aralarında olan hadisə xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Məhəmmədi qəsəbəsi boş ərazi sahəsində baş vermiş və həmin yerdə yenidən Hüseynin ünvanına söyüş söydüyünə görə Hüseyn onu bıçaqla vurmuşdur. Hadisədən sonra onun müalicəsi ilə bağlı bağlı xərcləri Hüseynin valideynləri çəkmiş, hazırda onlar barışmış və onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, təxminən 10 il müddətdə Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi nikahda birgə yaşayırlar. Son zamanlar aralarında yaranan mübahisələrə görə ayrı yaşamışlar və Ülfətin ona 8000 manat borcu olduğundan Ülfətlə telefon əlaqəsi saxlayaraq pulunu geri qaytarmasını tələb etmişdir. Bu zaman Ülfət telefonda ona nalayiq sözlər deyərək dəstəyi asmış, o da, bundan əsəbləşərək rəfiqəsi Zümrüdlə birlikdə Neftçala şəhərinə getmişlər. xx xxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində Neftçala şəhərinə çatmışlar və Ülfətlə telefon əlaqəsi saxlayaraq olduğu yeri deməsini bildirdikdə, sonuncu bundan boyun qaçırmışdır. Bu zaman o, yol kənarında olan əvvəllər tanımadığı, adını sonradan bildiyi Hüseyn adlı şəxsə yaxınlaşaraq Neftçala şəhərində traktor-operator vəzifəsində çalışan Ülfət adlı şəxsin olduğu yeri bilib-bilməməsini soruşmuş, Hüseyn də bir nəfər Yasər adlı şəxsə zəng edərək onun yanında Ülfət adlı şəxsin işləyib-işləmədiyi ilə maraqlanmışdır.Yasər onun işlədiyi yerdə Ülfət adlı şəxsin işlədiyini bildirmiş, taksi sürücüsü gecə olduğu və həmin yerlərə nabələd olduğu üçün Hüseyn adlı şəxsin onlarla birlikdə gedərək Ülfətin işlədiyi yeri göstərməsini xahiş etmişlər. O, Ülfətin işlədiyi yerə çatdıqda, sonuncuya təkrar zəng edərək işlədiyi yerdə olduğunu bildirmiş və çölə çıxmasını istəmişdir. Ülfət gəldikdən sonra avtomobildən yerə enərək ondan borcunu və evin kirayə pulunu istəməklə mübahisə etmişlər. Ülfət işlərini yoluna qoyaraq yaşadığı ünvana gələcəyini bildirmişdir. O, inanmış, avtomobillə Hüseyni götürdükləri yerə qayıtmışlar. Yol gedən zaman o, Hüseynə Xırdalan şəhəri ərazisində yaşadığını bildirdikdə, sonuncu, onun şikayət ərizəsi əsasında Abşeron rayonu polis idarəsində araşdırma aparıldığını bildirmişdir. O, Hüseynə həmin polis idarəsində tanışının olmasını, ona yaxşılıq etdiyi üçün ona köməklik göstərəcəyini bildirmiş və telefon nömrələrini götürmüşlər. xx xxxxxx 2020-ci il tarixdə günün ikinci yarısı Hüseyn Bakı şəhərinə gəlmiş, onunla əlaqə saxlayaraq Bakı şəhərində olduğunu, Abşeron rayon polis idarəsinin ünvanını tanımadığını bildirdikdə, o, telefonla ona polis idarəsinin yolunu başa salmışdır. Hüseyn Abşeron rayon polis idarəsinə getmiş, oradan çıxdıqdan sonra təkrar onunla əlaqə saxladıqda, Hüseyni yaşadığı ünvana dəvət etmişdir. Hüseyn onun Xırdalan şəhərində yaşadığı evə gəlmiş, Hüseyn onlarda olan zaman Ülfət ona və rəfiqəsi Zümrüdə ardıcıl zənglər edərkən, o, Ülfətdən borcunu qaytarmasını və kirayə pulunu verməsini tələb etmişdir. Bu zaman Ülfət onun və rəfiqəsinin ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etmiş, həmçinin onun olduğu yeri göstərdiyi üçün Hüseynin ünvanına da təhqiramiz ifadələr işlətmişdir. Bu zaman həmin söyüşü telefonun səsi açıq olduğundan Hüseyn də eşitmiş və mobil telefonu ondan alaraq Ülfətdən nə üçün onun ünvanına söyüş söydüyünü soruşmuşdur. Ülfət isə təkrar ona yenidən söyüş söyərək özünə haqq qazandırmışdır. Bundan sonra Hüseyn Ülfətlə məsələyə aydınlıq gətirmək üçün görüşməyə razılığa gəlmişlər. X5 qəsəbəsində görüş təyin etmişdir. Hüseyn Ülfətlə görüşmək üçün sağoşllaşaraq çıxıb getmişdir. xx xxxxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində Ülfət yaralı vəziyyətdə onun onun yaşadığı evə gəlmiş və həmin vaxtı ona məlum olmuşdur ki, X3 qəsəbəsində boş sahədə görüşərək mübahisə etmişlər və həmin mübahisə zamanı Hüseyn Ülfəti bir dəfə bıçaqla vuraraq xəsarət yetirmişdir. Bundan sonra dərhal Ülfətlə birlikdə ona tibbi yardım göstərilməsi üçün 3 saylı şəhər kliniki xəstəxanasına gəlmiş və xəstəxanaya qəbul edilərkən Ülfət Hüseynə ziyan olmasın deyə, aldığı xəsarəti bıçaqla vurulma nəticəsində deyil, yıxılaraq iti əşyanın ona batması nəticəsində alınmasını bildirmişdir. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun bacısı X1 oğludur. O, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ona zəng vuraraq başına iş gəldiyini və təcili görüşmək istədiyini bildirmişdir. O, Hüseynlə ata evində görüşmüşdür. Hüseyn ona xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 01 radələrində Bakı şəhəri, Məhəmmədli qəsəbəsində söyüş üstündə bıçaqla tanımadığı şəxsi vurduğunu və hazırda həmin şəxsin Bakı şəhəri 3 saylı şəhər klinik xəstəxanasında olduğunu bildirmişdir. O, bundan narahat olaraq həmin şəxsin kimliyi ilə maraqlanmış və həmin şəxsin atasının nömrəsini tapıb zəng vuraraq bacısıoğlu Hüseynin adından üzr istəmişdir. xx xxxxxx 2020-ci il tarixdə hadisə barədə maraqlanmaq üçün həmin xəstəxanaya gəlmiş və ona məlum olmuşdur ki, bacısı oğlu Hüseyn əvəllər tanımadığı Zərərçəkmiş şəxs onun ünvanına telefonda nalayiq söyüşlər söydüyü üçün bıçaqla vuraraq xəsarət yetirmişdir. Belə ki, Hüseyn tanımadığı Ülfətin işlədiyi yer barədə onun tanışı olan Günay adlı şəxsə məlumat vermiş və bu səbəbdən də Ülfət Günayın mobil telefonu ilə əlaqə saxlayarkən Hüseynin onun işlədiyi yeri göstərməsinə görə Hüseynin və ailəsinin ünvanına nalayiq sözlər işlətmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokoluna əsasən həmin istintaq hərəkəti zamanı iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı istintaq zamanı verdiyi sərbəst ifadəsini təsdiq edərək onu ifşa etmişdir (cild 1, iş vərəqi 85-87). İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Məhəmmədi qəsəbəsi yeni yaşayış massivində iki nəfər şəxs arasında dava-dalaş olması barədə məlumat daxil olmuş və qeyd olunan raport Sabunçu RPİ-nin 15-ci polis bölməsində "cinayətlər haqqında ərizələr və məlumatların uçotu" kitabında xx xxxxxx 2020-ci il tarixlə 1578 nömrə altında qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 4). İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində yerləşən "xxxx" MMC-nin boş ərazi sahəsidir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 17-20). İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1303 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs böyük piyliyin və nazik bağırsaq müsariqəsinin zədələnməsinə səbəb olan qarının sol yarısının ön divarının qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, qarının sol yarısının sıyrıqları olmuşdur. Xəsarətlər qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2020-ci il tarixə və şəraitə uygün gəlir. Xəsarətlərdən böyük piyliyin və nazik bağırsaq müsariqəsinin zədələnməsinə səbəb olan qarının sol yarısının ön divarının qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət), ola bilsin, bıçağın təsirindən törənmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, qarnın sol yarısının sıyrıqları isə bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, sağlamlığa zərəvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 106-108). İş materiallarına əlavə edilmiş məhkəmə-psixiatirik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 2311 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmaldır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 117-118). İş materiallarına əlavə edilmiş kompleks məhkəmə tibbi-kriminalistik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 423\2020-MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sol-orta nahiyəsində bir ədəd dəlib keçən zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan deşici-kəsici alətin (ola bilsin ki, bıçağın) təsirindən əmələ gəlmişdir (cild 1, iş vərəqi 110-111). İş materiallarına əlavə edilmiş məhkəmə tibbi bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 644\2020-MTBŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-/İ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qan qrupu ABO sistemi üzrə təyin edildikdə yalnız H antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə O-(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 113-115). İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan və həmin tarixli raportdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş paltar (qısaqol köynək) cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılması üçün Bakı şəhıəri Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvilk verilmişdir (cild 1, iş vərəqi 119-126, 128). İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 98). Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutları məcmu halında qiymətləndirərək və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən peşman olmasını, cinayət nəticəsində vurulmuş maddi zərərin tamamilə könüllü olaraq aradan qaldırılmasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Sabunçu RPİ-nin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş iş üzrə maddi sübut - xx xxxxxx 2020-ci il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş paltar (qısaqol köynək) öz dəyərini itirdiyindən məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin olmaması və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş paltar (qısaqol köynək) məhv edilsin. Cinayət işi üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin olmaması və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-499/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-499/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver