Məhkəmə qərarları › İş №1(101)-499/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-499/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-499/2022 14.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 2028 A-da qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1 ədəd sellofan bükümdə təmiz çəkisi 121,567 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda 1 ədəd sellofan bükümdə təmiz çəkisi 37,042 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 19 iyun 2021-ci il tarixdə saat 07:30-da o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Xətai RPİnin PPXB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanda saxlanılıb ünvan 2 Xətai RPİ-nin 35-ci Polis Bölməsinə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 121,567 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və gödəkçənin sol yan cibindən külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 37,042 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edir. Tutulmamışdan təxminən 6 ay əvvəl sosial şəbəkədə adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs narkotik vasitələri şəhərin müxtəlif yerlərinə qoyacağını, deyilən yerlərdən narkotik maddələri götürə biləcəyini, bunun müqabilində isə müvafiq kart hesablarına pul köçürməli olduğunu bildirmişdir. İlk dəfə narkotik vasitə sifariş verərkən 700 manat pulu, ona şəkili göndərilən kart hesabına göndərmiş, bundan sonra Bakı şəhərində dəqiq xatırlamadığı yerdən narkotik vasitə heroini götürmüşdür. Bir müddət həmin heroindən istifadə etmişdir. Hadisədən bir neçə gün əvvəl qonşuluqda yaşayan tanışı Şahid4 ona 30-40 qram heroin və metamfetamin əldə etmək istədiyini bildirib, ondan buna görə İran vətəndaşı ilə əlaqə saxlamasını xahiş etmişdir. Odur ki, İran vətəndaşı ilə «Whatsapp» tətbiqi vasitəsi ilə +**********60 saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs ona 1000 manat pulu kart hesabına göndərmək lazım olduğunu demiş, o da Maarifə bu barədə bildirmişdir. 17 iyun 2021-ci il tarixdə Maarif ona zəng edib pul göndərmək istədiyini demiş və o, həmin iranlı ilə əlaqə saxlamışdır. Sonuncu ona 2 ədəd İran İslam Respublikasının banklarına aid kartların şəkillərini göndərmiş, o da bu barədə Maarifə məlumat vermişdir. Maarif də həmin kartlara müvafiq olaraq elektron ödəmə sistemi vasitəsi ilə 400 və 600 manat pul göndərib ona bildirmişdir. 19 iyun 2021-ci il tarixdə gecə saatlarında iranlı ona narkotik vasitələrin yerləşdiyi yerin şəklini göndərmişdir. O da Maarifə xəbər vermişdir. Onlar ikisi gecə saatlarında Maarifin idarə etdiyi avtomobillə narkotik vasitənin yerləşdirildiyi Xətai rayonu, İ.İsmayılov küçəsi 56-ya getmişlər. Maarif yaxınlıqdakı binanın ətrafında dövr edib qayıdacağını deyərək avtomobildən düşmüşdür. Bir qədər sonra Maarif qayıtmış, elə bu vaxt polis əməkdaşları yaxınlaşıb onlardan burada nə etdiklərini soruşmuşdur. Maarif polis əməkdaşlarına qohumlarıgilə gəldiklərini demişdir. Bundan sonra polis əməkdaşları hər ikisinin üzərini axtarmış, lakin heç nə tapılmamışdır. Bu vaxt iranlı ona mesaj yazıb, narkotik vasitəni götürüb-götürmədiyini soruşmuşdur. Polis əməkdaşları mobil telefonu götürüb, «Whatsapp» yazışmalarını oxumuş, narkotik vasitələrin gizlədildiyi yerin şəkillərini görüb, oranı axtarmağa başlamışlar. Təxminən 15-20 dəqiqə sonra polis əməkdaşları içərisində narkotik vasitələr olan iki ədəd sellofan torbaları tapıb, onları 35-ci PB-nə aparmışlar. Bölmədə polis əməkdaşlarının təzyiqi altında videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xətai RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 19 iyun 2021-ci il tarixdə Xətai rayonu ərazisində iş yoldaşları Şahid2 və Pərviz İlyasov ilə birlikdə xidmət aparmışdır. Saat 07:30 radələrində ünvan 4 ünvanın yaxınlığında iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb həmin şəxslərə yaxınlaşıb, özlərini təqdim edib burada nə etdiklərini soruşmuşlar. Həmin şəxslər həyəcanlı olduqlarını görmüşdür. Gözlərinə baxdıqda və hərəkətlərinə diqqət etdikdə narkotik vasitənin təsiri altında olduqlarını ehtimal etmişlər. Odur ki, həmin iki nəfər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu düşünüb, onları 35-ci PB-nə aparmışlar. Bölmədə onların şəxsiyyətləri araşdırıldıqda birinin Təqsirləndirilən şəxs, digərinin isə Şahid4 olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin, onun, Şahid2 və Pərviz İlyasovun iştirakları ilə Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı Şahid3 tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Sonuncu təhqiqatçının təklifindən sonra əynində olan qara rəngli gödəkçənin sağ cibindən bir ədəd şəffaf sellofanda tünd qəhvəyi rəngli maddəni və gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofanda ağ rəngli maddəni təqdim edərək masanın üzərinə qoymuş, tünd qəhvəyi rəngli maddənin heroin, ağ rəngli maddənin isə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri 2-3 gün qabaq «E-Manat» elektron ödəmə sistemi vasitəsi ilə 1.000 manat pulu sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşının kart hesabına göndərməklə Köhnə Günəşli qəsəbəsində İ.İsmayılov küçəsi, ev 56 saylı ünvanda yerləşən binanın alt hissəsindən şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra təqdim edilən maddələr təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, ağ rəngli kristal şəkilli maddənin çəkisi 39,56 qram, tünd qəhvəyi rəngli maddənin çəkisinin isə 124,02 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş maddələr qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı vəzifəsində işləyir. 2021-ci ilin iyun ayının 19-da bölmədə xidmətdə olduğu vaxt PPXB-nin əməkdaşları raportla polis bölməsinə müraciət edərək İ.İsmayılov küçəsi 56 saylı ünvanda 2 nəfərin şübhəli şəxs qismində polis bölməsinə gətirdiklərini bildirmişdir. Bölmədə həmin şəxslərdən biri Təqsirləndirilən şəxs səmimi olaraq üzərində narkotik vasitə saxladığını etiraf etmiş və bu səbəbdən Turalın üzərində şəxsi axtarış keçirilməsi zərurəti yaranmışdır. Bunun üçün bölməyə müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçi Məhəmməd Nemətov polis bölməsinə gəldikdən sonra videoçəkilişdən istifadə edilməklə PPXB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs özünü və iştirakçıları təqdim etdikdən sonra ona üzərində şəxsi axtarış keçirəcəyini elan etmişdir. Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmadığını soruşub, əgər varsa könüllü təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibindən 1 ədəd şəffaf sellofanda olan tünd qəhvəyi rəngli maddəni və gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf sellofanda olan ağ rəngli maddəni təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs tünd qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, ağ rəngli maddənin isə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş, lakin, hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri 2-3 gün bundan əvvəl «E-Manat» elektron ödəmə sistemi vasitəsi ilə 1000 manat pulu sosial şəbəkədə tanış olduğu anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşının kart hesabına göndərməklə Köhnə Günəşli qəsəbəsində İ.İsmayılov küçəsi, ev 56 saylı ünvanda yerləşən binanın alt hissəsindən şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra təqdim edilən maddələr onun tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş, ağ rəngli kristal şəkilli maddənin çəkisinin 39,56 qram, tünd qəhvəyi rəngli maddənin çəkisinin isə 124,02 qram olması müəyyən edilmişdir. Daha sonra narkotik vasitələrə bənzər maddələr qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Polis bölməsinə Təqsirləndirilən şəxs ilə birlikdə gətirilmiş Şahid4 üzərində adi qaydada videoçəkilişdən istifadə edilmədən baxış keçirilmiş və bu barədə akt tərtib olunmuşdur. Sonuncunun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilmədiyi üçün izahatı alınaraq sərbəst buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs 10 ildən çoxdur ki, tanıyır. Turalın narkotik vasitələrdən istifadə etdiyi barədə məlumatı olmuşdur. Hadisədən təxminən 2 il əvvəl Təqsirləndirilən şəxs özünə məxsus VAZ 2107 markalı avtomobili satmışdır. Həmin vaxt evində təmir işləri apardığından, Turaldan borca pul istəmiş və sonuncu ona 4400 manat borc vermişdir. Bir müddət sonra borcun 1100 manatını qaytarmışdır. 17 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib, təcili olaraq borcunun 1000 manatını da qaytarmasını, həmin pulu dediyi bank kartlarına ödəmək lazım olduğunu, rayonda olan qohumlarının pul çıxaracaqlarını bildirmişdir. Odur ki, dərhal dayısı Şahid5 ilə əlaqə saxlayıb sonuncudan 1000 manat pul alıb, Buzovna yolundakı «Everest» marketdə olan elektron ödəmə sistemi vasitəsi ilə Turalın ona verdiyi bank kartlarına göndərmişdir. Xatırladığı qədəri ilə bank kartları xanımların adına olmuşdur. 19 iyun 2021-ci il tarixdə gecə saatlarında etibarnamə əsasında idarə etdiyi «Mercedes» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evin yanına gəlmişdir. Bu zaman yaxınlıqda olan Tural onu Köhnə Günəşli qəsəbəsinə aparmağını xahiş etmiş və o, razılaşmışdır. Yolda Turaldan nəyə görə oraya getdiyini soruşmuş, lakin sonuncu konkret cavab verməyərək işinin olduğunu demişdir. Avtomobildə olarkən Tural mobil telefonla hansısa qızla danışmış, buna görə də Turalın qızla görüşə getdiyini zənn etmişdir. Köhnə Günəşli qəsəbəsində İ.İsmayılov küçəsində binaların birinin yanına getmişlər. Tural avtomobildən düşüb, bir nəfər şəxslə görüşəcəyini demişdir. Bir qədər sonra Tural qayıdıb gəlmişdir. Bu zaman xidməti avtomobillə gələn polis əməkdaşları onlara yaxınlaşıb, burada nə etdiklərini soruşmuşlar. Tural qohumugilə gəldiyini demişdir. Bundan sonra polis əməkdaşları onları 35-ci PB-nə aparmışlar. Orada Təqsirləndirilən şəxs İ.İsmayılov küçəsinə narkotik vasitələr götürmək üçün getdiyini bilmişdir. Bölmədə Turalın üzərində keçirilən axtarış zamanı üzərindən narkotik vasitə heroin və metamfetamin aşkar edilmişdir. O isə hadisə ilə bağlı izahat yazdıqdan sonra sərbəst buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Şahid4 onun bacısı oğludur. 2021-ci ilin iyun ayının ortalarında Maarif ona müraciət edərək tanışı Turala borcu olduğunu və tez bir zamanda 1000 manat qaytarmalı olduğunu deyib, ondan pul istəmişdir. Maarif vaxtilə evini təmir etdiyinə görə Turaldan borc götürdüyünü demişdir. 17 iyun 2021-ci il tarixdə Maarifin yaşadığı Şağan qəsəbəsində olan evində sonuncuya nağd şəkildə 1000 manat pul verib, Turala olan borcunu qaytarmasını tapşırmışdır. Təxminən 2-3 gün keçdikdən sonra Maarif 1000 manat pulu Turala çatdırdığını demişdir. Daha sonra Maarif və Turalın polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Ailə üzvlərindən öyrənmişdir ki, Maarif və Tural Xətai rayonuna getmiş, orada Tural narkotik vasitələr götürmüş və polis əməkdaşları tərəfidən saxlanılmışlar. Üzərindən narkotik vasitələr aşkar olunduğu üçün Tural həbs olunmuş, Maarif isə sərbəst buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 2002-ci ildə X11 ilə rəsmi ailə qurmuşur. X13 Respublikasının vətəndaşıdır. Yoldaşının Ərşiya adlı oğlu var. 2021-ci ilin mart aynda öz adına «Kapital Bank»dan 4169 7332 1374 4589 nömrəli bank kartı götürmüşdür. Həmin bank kartını şəxsi məqsədləri üçün istifadə etmişdir. 2021ci ilin iyun ayında oğlunun tanışı İran İslam Respublikasının vətəndaşı olan Selda onlarla əlaqə saxlayıb İranda yaşayan bir nəfər şəxsin ona 400 manat borcu olduğunu bildirmişdir. Seldanın deməsinə görə həmin şəxs borcunu bağlamaq və İranda olduğu üçün bank kartına pul göndərmək istəmişdir. Selda özündə bank kartı olmadığına görə ondan xahiş etmişdir ki, həmin 400 manat pulu onun «Kapital Bank» kartına köçürtsün. Bunun üçün öz bank kartının şəklini çəkib Seldaya göndərmişdir. 17 iyun 2021-ci il tarixdə bank kartına 400 manat məbləğində pul vəsaitini köçürülmüşdür. Oğlu Ərşiya həmin pul vəsaitini çıxarıb Seldaya vermişdir. Bank kartına narkotik vasitənin alınması üçün pulun köçürülməsi barədə heç bir məlumatı olmamış və o, pulu Seldaya vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, 2015-ci ildən etibarən Bakı şəhərində yaşayır. Tibb universitetini bitirmişdir. Hazırda 1 illik müddətə müvəqqəti qeydiyyata alınmışdır. Tələbə vaxtlarından Mənaf Fəryad adlı şəxslə tanış olmuşdur. Həmin şəxs İran İslam Respublikasının Biləsuvar şəhərində yaşayır. Mənəf Fəryad pul köçürmələri ilə məşğuldur. Təxminən 2021-ci ilin may-iyun aylarında ona İrandan qohumları tərəfindən pul göndərilməli olmuşdur. Adətən qohumları Mənafın vasitəsi ilə ona pul göndərmişdir. Həmin zaman Mənaf bir nəfər tanımadığı şəxsin vasitəsi ilə ona pul göndərmiş, amma pulun 400 manatı çatmamışdır. Buna görə Mənafla əlaqə saxlamış, sonuncu pulu tezliklə qaytaracağına söz vermişdir. 17 iyun 2021-ci il tarixdə Mənəf onunla əlaqə saxlayıb pulu göndərə biləcəyini və 400 manat puldan taksiyə 20 manat verilməli olduğunu demişdir. O, bununla razı olmamış və buna görə Mənaf kart vasitəsi ilə pul göndərməyi təklif etmişdir. Onun kartı olmadığından tanışları Gülarə və Ərşiyadan öz bank kartlarının şəklini göndərmələrini istəmiş və həmin karta pul köçürüləcəyi barədə demişdir. Sonuncular etiraz etməmiş və Gülnarənin bank kartının şəkli ona göndərilmişdir. Daha sonra o, kartın şəklini Mənafa göndərib, pulu həmin karta göndərməyini istəmişdir. Sonuncu pulu həmin karta köçürmüş və o, yaşadığı evin yaxınlığında Ərşiya ilə görüşüb öz pulunu ondan almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Ərşiya ifadəsində göstərdi ki, 2012-ci ildən etibarən Azərbaycan Respublikasında yaşayır. Atası Azərbaycanda fərdi əməklə məşğul olaraq ailəni dolandırır. 2021-ci ilin mart ayında anası Şahid6 öz adına «Kapital Bank»a aid 4169 7332 1374 4589 nömrəli bank kartı götürmüşdür. Həmin bank kartını Gülarə özü üçün istifadə etmişdir. 2021-ci ilin iyun ayında onun İran İslam Respublikasının vətəndaşı olan Selda adlı tanışı onunla əlaqə saxlayıb İranda yaşayan bir nəfər şəxsin ona 400 manat borclu olduğunu, bank kartı vasitəsilə pulu göndərəcəyini deyib, özündə bank kartı olmadığından həmin pulu onun anasının kartına göndərməsini xahiş etmişdir. Anası buna etiraz etməmiş və öz bank kartının şəklinin çəkib Seldaya göndərmişdir. 17 iyun 2021-ci il tarixdə anasının bank kartına 400 manat məbləğində pul vəsaiti köçürülmüşdür. O, həmin pul vəsaitini çıxarıb Selda ilə görüşüb sonuncuya vermişdir. Bank kartına narkotik vasitənin alınması üçün pulun köçürülməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Xətai RPİ-nin 35-ci PB-nin məsul növbətçisi vəzifəsində işləyir. 19 iyun 2021-ci il tarixdə səhər saatlarında xidmətdə olarkən Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən polis bölməsinə narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən iki nəfər gətirilmişdir. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olduğunu bildirdiyindən sonuncunun üzərində axtarış keçirilməsi zərurəti yaranmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Digər vətəndaş, Şahid4 üzərində isə adi qaydada polis bölməsinin növbətçi hissəsində baxış keçirilmişdir. Bu barədə akt tərtib edilmişdir. Baxış zamanı Şahid4 üzərində 25 manat pul, açarlar, cib dəsmalı, 1 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Bundan sonra Şahid4 izahatı alınaraq sərbəst buraxılmış və üzərində aşkar edilən əşyalar özünə geri qaytarılmışdır. İşin 1-ci cildinin 26-27-ci vərəqlərindəki axtarış və götürmə aparılması haqqında 19 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, ona paltarları, əşyaları və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri varsa, verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli narkotik vasitə hesab olunan heroinə oxşar maddəni və həmin gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş kristal formalı psixotrop maddə hesab olunan metamfetaminə oxşar maddəni çıxararaq təqdim edib, həmin bükümlərdə tünd qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, ağ rəngli maddənin isə metamfetamin olduğunu, narkotik vasitələri anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq son üç gün ərzində 1000 manat pulu ona söylənilən bank kartı hesabına terminal ödəmə sistemi vasitəsi ilə göndərərək əldə etdiyini, təqdim etdiyi narkotik vasitələrin Bakı şəhəri Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən İ.İsmayılov küçəsi 56 saylı binanın alt hissəsində yerləşdirildiyini, 19 iyun 2021-ci il tarixdə saat 07:30 radələrində narkotik vasitələri gizlədilən yerdən götürərək uzaqlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə oxşar maddənin çəkisi «Pocket Scale» markalı elektron tərəzidə çəkildikdə çəkisinin 39,56 qram, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroinə oxşar maddənin isə çəkisinin 124,02 qram olması müəyyən edildi. Aşkar olunmuş 1 ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş, toz-kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə bənzər və 1 ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 154 saylı möhürü ilə möhürlənərək götürüldü. İşin 1-ci cildinin 140-141-ci vərəqlərindəki elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 1 ədəd «mp4» formatlı video görüntü mövcuddur. Həmin fayla baxış keçirdikdə, faylın 12 dəqiqə 36 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xətai RPİnin təhqiqatçısı, polis kapitanı Şahid3 özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının bu tələbindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlayır. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini və saxlanılmasının səbəblərini izah edib ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirdi. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olubolmadığını, varsa könüllü təqdim etməsini təklif edir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli göndəkçənin sağ cibindən 1 ədəd şəffaf sellofanda olan tünd qəhvəyi rəngli maddəni və gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf sellofanda olan ağ rəngli maddəni təqdim edərək masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs tünd qəhvəyi rəngli maddənin narkotik heroin, ağ rəngli maddənin isə «şüşə» olduğunu bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, lakin hər hansı əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri 2-3 gün bundan əvvəl «E-Manat» elektron ödəmə sistemi vasitəsi ilə 1000 manat pulu sosial şəbəkədə tanış olduğu anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşının kart hesabına göndərməklə Köhnə Günəşli qəsəbəsində, İ.İsmayılov küçəsi ev 56 saylı ünvanda yerləşən binanın alt hissəsindən şəxsi istifadəsi üçün götürdüyünü bildirir. Bundan sonra təqdim edilən maddələr təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilir, ağ rəngli kristal şəkilli maddənin çəkisinin 39,56 qram, tünd qəhvəyi rəngli maddənin çəkisinin isə 124,02 qram olması müəyyən edilir. Bundan sonra narkotik vasitələrə bənzər maddələr qablaşdırılır, zərfin üzərinə iştirakçılar tərəfindən imzalar çəkilir. Sonda təhqiqatçı şəxsi axtarış və götürmə istintaq hərəkətinin başa çatdığını elan edir. Protokol ucadan oxunur və Təqsirləndirilən şəxs protokola əlavə olaraq bildirir ki, aşkar edilən narkotik vasitələr tanışı Şahid4 tərəfindən sifariş edilmişdir və sonuncuya məxsus olmuşdur. Həmin narkotik vasitələr Şahid4 tərəfindən İ.İsmayılov küçəsi 56 saylı ünvandan götürülməli idi. İşin 1-ci cildinin 39-45-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 19 iyun 2021-ci il tarixli 6/2501 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə...» yazısı olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 121,567 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 37,042 qram ağ rəngli kristalardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin müxtəlif növ və tərkibli maddələr olduğu üçün onlar arasında müqayisəli tədqiqat aparılmadı. İşin 1-ci cildinin 134-135-ci vərəqlərindəki məhkəmə ambulator narkoloji ekspertizasının 17 avqust 2021-ci il tarixli 2919 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cildinin 143-144-cü vərəqlərindəki telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə kartına dair məlumatları özündə əks etdirən «Azerfon MMC»dən daxil olmuş 12 avqust 2021-ci il tarixli AZF/LGL-21043/21 nömrəli məktuba əlavə edilmiş 1 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin disk «CD-R» formatlıdır. Disk «Fujitsu» markalı stolüstü kompyuterdən istifadə edilməklə açıldıqda, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan 077-429- 50-15 saylı mobil nömrə kartına dair məlumatları əks etdirən faylların mövcud olması aşkar edilir. Qovluqdakı «SMS _ Tarixçəsi _ **********1419 _ 774295015» adlı fayla daxil olduqda qeyd edilən nömrəyə 10 may 2021ci il tarixdən 19 iyun 2021-ci il tarixədək olan müddət ərzində ***-***-**-** saylı mobil nömrə kartından çıxan sms danışıqlarına dair məlumatların əks olunduğu müşahidə edilir. «SMS _ Tarixçəsi _ **********1414 _ 774295015» adlı fayla daxil olduqda ***-***-**-** saylı mobil nömrə kartına daxil olan sms danışıqlarına dair məlumatların əks olunduğu müşahidə edilir. «Zənglərin _ Detallaşması _ **********5004 _ 774295015» adlı fayla daxil olduqda isə ***-***-**-** saylı mobil nömrə kartının hansı ötürücü anten dairəsində olmasına dair məlumatların əks olunduğu müşahidə edilir. «Zənglərin _ Məxsusluq _ Tarixçələri **********5047 _ ********* _ NAR» adlı fayla daxil olduqda isə ***-***-**-** saylı mobil nömrə kartına daxil olan çıxan zənglər siyahısında «Azerfon MMC»-yə aid nömrə sahiblərinə dair məlumatların əks olunduğu müşahidə edilir. ***-***-**-** saylı mobil nömrə kartından xaric olunan sms-lərə baxış zamanı istintaq əhəmiyyəti kəsb edəcək məlumatlardan aşağıdakılar müəyyən edildi: Belə ki, ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 14-05-2021-ci il saat 20:15:25-də - 10 manat - 14-05-2021-ci il saat 20:16:07-də -10 manat kola ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 17-05-2021-ci il saat 17:28:44-də - Menem tural gedirem abyekde pulu goturum gelirem Həmçinin, ***-***-**-** saylı mobil nömrə kartına daxil olunan sms-lərə baxış zamanı istintaq əhəmiyyəti kəsb edəcək məlumatlardan aşağıdakılar müəyyən edildi. ***-***-**-** mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə kartından daxil olmuş aşağıdakı mətnlərdə: - 14-05-2021-ci il saat 20:15:28də -10 manat - 14-05-2021-ci il saat 20:16:11-də - 10 manat kola Baxış zamanı ***-***-**-** saylı mobil nömrənin Bakı şəhəri Şağan qəsəbəsi, Məktəbli küçəsi, döngə 5, ev 12-də qeydiyyatda olan X2, ***-***-**-** saylı mobil nömrənin isə həmin ünvanda qeydiyyatda olan X1 adına rəsmiləşdirilməsi müəyyən edildi. Bundan başqa baxış zamanı aşkar edilmiş mobil nömrələrin sahiblərinin anket məlumatları barədə Təqsirləndirilən şəxs sual verilərkən həmin mobil nömrələrin kimlərə məxsus olduğunu xatırlamadığını söyləmişdir. İşin 1-ci cildinin 184-190-cı vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan və atası X6 tərəfindən istintaqa təqdim edilən «Samsung A 50» markalı mobil telefona keçirilmiş baxış zamanı mobil telefonun «Whatsapp» bölməsinə daxil olduqda 17 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək olan müddət ərzində müxtəlif saatlarda mobil telefonda «İran» adı altında qeyd edilən +**********60 saylı mobil nömrə ilə əlaqə saxlanılması müəyyən edildi. Həmçinin mobil telefonun foto bölməsinə daxil olduqda orada 2 ədəd «E-manat» elektron ödəmə sisteminə aid qəbzlərin şəkillərinin olması müəyyən edildi. Həmin qəbzlərdə 17 iyun 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən «Everest» adlı marketdəki aparat vasitəsi ilə 600 manat pulun X4 aid «Kapital Bank» kartına və 400 manat pulun Şahid6 aid «Kapital Bank» kartına göndərilməsi əsk olunub. Baxış zamanı aşkar edilmiş məlumatlarla bağlı olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi üçün mobil telefonda «İran» adı altında qeyd edilən mobil nömrə ilə əlaqə saxladığını, 17 iyun 2021-ci il tarixdə Şahid4 sifariş etdiyi narkotik vasitələr ilə bağlı iranlı ilə əlaqə saxlanıldığını, 2 ədəd «E-manat» elektron ödəmə sisteminə aid qəbzlərdə qeyd olunduğu kimi 1000 manat pulun narkotik vasitələrin alınması üçün Şahid4 tərəfindən göndərildiyini bildirdi. İşin 1-ci cildinin 192-209-cu vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan 121,467 qram narkotik vasitə heroin və 36,942 qram psixotrop maddə metamfetamin, onun istifadəsində olmuş «Samsung A 50» markalı mobil telefon, onun üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd disk və onun istifadəsində olmuş mobil nömrə kartına dair məlumatları özündə əks etdirən «Azerfon MMC»-dən daxil olmuş bir ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə, psixotop maddə və mobil telefon saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, disklər isə cinayət işinə əlavə edilmişdir. İşin 1-ci cildinin 114-115-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 15-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 103-105-ci vərəqlərindəki doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21 mart 2013-cü il təvəllüdlü Zeynalzadə Əsmər, 20 iyul 2009-cu il təvəllüdlü Zeynalzadə Zəhra və 7 yanvar 2011-ci il təvəllüdlü Zeynalzadə Fatimə olmaqla üç azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan 121,467 qram narkotik vasitə heroin və 36,942 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun istifadəsində olmuş «Samsung A 50» markalı mobil telefon qohumlarına qaytarılmalı, onun üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd disk və onun istifadəsində olmuş mobil nömrə kartına dair məlumatları özündə əks etdirən «Azerfon MMC»-dən daxil olmuş bir ədəd disk isə cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan 121,467 qram narkotik vasitə heroin və 36,942 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun istifadəsində olmuş «Samsung A 50» markalı mobil telefon qohumlarına qaytarılsın. Onun üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd disk və onun istifadəsində olmuş mobil nömrə kartına dair məlumatları özündə əks etdirən «Azerfon MMC»-dən daxil olmuş bir ədəd disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar