Məhkəmə qərarları › İş №1(101)-499/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-499/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-499/2024 10.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X2, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, ədliyyə müşaviri X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 14 avqust 1990-cı il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Füzuli şəhəri, 28 may küçəsi, ev 15, mənzil 1-də qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, 17 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 fevral 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 17 iyun 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qeyri-müəyyən vaxtda və naməlum mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 3,623 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 17 fevral 2023-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin (bundan sonra: RPİ-nin) Narkotiklərlə mübarizə bölməsinin (bundan sonra: NMB-nin) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən T.Bəhramov adına Respublika stadionunun yaxınlığında şübhəli şəxs qismində saxlanılıb, Sabunçu RPİ-nin 14-cü polis bölməsinə (bundan sonra: PB) gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində saxladığı külli miqdarda - təmiz çəkisi 3,623 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, taksiçilik fəaliyyəti ilə məşğul olmuşdur. 17 fevral 2023-cü il tarixdə, saat 09:30 radələrində Tofiq Bəhrəmov adında stadionda **-FA-*** qeydiyyat nişanlı, «Hyundai Accent» markalı, qara rəngli maşınını silərkən 6-7 nəfər mülki geyimdə ona yaxınlaşıb onun adını soruşmuş, onların kim olduqlarını soruşduqda isə vəsiqələrini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt o, piyada maşınının yanında dayanmış vəziyyətdə olmuşdur. Orada çayxana və sanitar qovşağı, yəni su gələn yer olmuş və o, ona görə maşınında təmizlik işləri görmüşdür. Mülki geyimdə olan həmin şəxslər ona təzyiq göstərib onun maşınına oturtmuş və maşınının açarını alıb özləri maşını idarə edərək onu saat 11, 12-nin yarısı «Razində» (Bakıxanov qəsəbəsində) yerləşən 13-cü polis bölməsinə aparmışlar. Polislərin özlərinin də maşınlarının markası «Hyundai Accent» olmuş, ağ rəngdə olmuş, lakin qeydiyyat nişanı onun yadında qalmamışdır. Bölmənin qarşısında onu düşürüb üstünü və maşınını ondan icazəsiz, heç bir qərarla tanış etmədən 30-40 dəqiqiə yoxlamış, lakin heç nə tapmamışlar. Özünün nə etdiyini soruşanda isə heç bir cavab verməmişlər. 30-40 dəqiqədən sonra, saat təqribən 12 və ya 1-in yarısı onu Maştağada yerləşən 14-cü polis bölməsinə aparmış və orda onu rəis müavininin otağına salmışlar. Orada 6-7 nəfər olmuş və hərəsi bir söz demişdir. Ona «sən getməlisən» demiş, lakin səbəbini soruşanda isə heç nə deməmişlər. Stolun üstünə baxanda 3-4 ədəd iri bükümdə narkotik qoyulduğunu görmüş, həmin vaxt rəis müavini ona «bunlardan birini götürməlisən» demişdir. Mən isə həmin bükümlərin ona aid olmadığını, hətta təzə ata olduğumu, evdə 1-ci qrup xəstə olduğunu da onlara demişdir. Bir də o zaman ayılmış ki, ağzı bantlı şəkildə ona suallar verilir və o da onlara «yox» cavabı verir. O, «yox» dedikcə, onlar daha da əsəbləşib onu döymüş, nə edəcəklərini bilməyib 20-25 dəqiqə fasilə vermiş və sonra davam etmişlər. Ona vəkil də verməmişlər. Bükümləri götürməyəcəyi təqdirdə, onunçün pis olacağını, onun yaşadığı yeri də bildiklərini, ailəsinin rahat yaşamağın istəyirsə, götürməli olduğunu bildirmişlər. Hər şeyə ramən o, «yox» demişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ona qarşı qanunsuzluqlar davam edərkən 1 nəfər ona yaxınlaşıb «Rüfəti tanıyırsan?» deyə sual vermiş, o, qardaşı olduğunu bildirmişdir. Eldənizi tanıyıb-tanımadağını da soruşduqda o, dayısı olduğunu demişdir. Həmin şəxs bundan sonra cibindən balaca bir büküm çıxarmış və ona «hər ikisi ilə də danışmışıq, gəl sən bu bükümü götür, narahat olma, yoluna qoyacağıq» deməklə təklif vermişdir. O, həmin şəxsin onun qardaşını və dayısını hardan tanıması ilə maraqlanmamışdır. Eyni zamanda stolun üstündəki bükümlərə baxanda o büküm daha kiçik olmuş və onlar onu qardaşının və dayısının adı ilə aldadıb razı salmışlar. Ağzından bantı açıb onu bir qapının ağzında saxlamış və «bunu götürüb qol çəkəcəksən» demiş və tez-tez də qardaşının və dayısının adını çəkirmiş, telefon vasitəsilə Rüfət və Eldənizlə danışdıqlarını bildirmiş, narahat olmamağı tapşırmışlar. Onu razı saldıqdan sonra video çəkiliş aparmaqla üzərində formal axtarış keçirmişlər və o, ona verilən kiçik bükümdəki narkotiki çıxarıb təqdim etmiş və nə demək tapşırılmışsa, o da həmin sözləri demişdir. Ona əvvəlcədən təqdim edəcəyi narkotiki tapdığını, üstündə olduğunu, daha sonra polis əməkdaşlarının ona yaxınlaşıb onu tutduqlarını demək tapşırılmışdır. 7 dəfə video-çəkiliş aparılmış, axırda normal qəbul etdikləri birini götürmüşlər. Məhkəmədə sanksiyada olarkən bölmədə çəkilmiş video onun qarşısına qoyulmuş, o isə videonun onu təzyiqlərə məruz qoymaqla çəkildiyini məhkəməyə demişdir. Məhkəmədə ona danışmağa icazə verilməmiş, müstəntiq və hakim danışmışdır. Vəkili hər şey olub bitdikdən sonra müvəqqəti saxlama yerində olanda ona təqdim edilmişdir. Artıq həmin vaxt video-çəkiliş də olmuş, ona sənədlərə imza da çəkdirilmişdir. Sonra Kürdəxanıda yerləşə təcridxanaya aparılmış, oradan qardaşı və Eldənizlə danışanda isə onlar heç kimlə danışmadıqlarını və görüşmədiklərini bildirmişlər. İstintaq dövründə başına gələnlərlə bağlı, qohumları məsləhət görməyiblər deyə, heç bir yerə şikayət etməmişdir. Tutulduğu müddət ərzində ona yaxın qohumları ilə əlaqə saxlamağa şərait yaradılmamışdır. Onun yaşadığı mənzilində heç kim olmamış, mənzilə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs göstərdi ki, çəkilişdən sonra otağın yanında dayanarkən öz aralarında onun türklə mübahisəsindən danışdıqlarını eşitmişdir. Lakin türklə onun arasında heç xırda bir məsələ də aramızda olmayıb. Belə ki, fevralın 13 və ya 14-üdə idarə etdiyi maşınla adını bilmədiyi bir türk qadını aeroporta aparmış, gecə 11 ya da 12-də onu orada düşürmüşdür. Maşında başqa adam olmamışdır. Həmin qadın aeroportda gediş haqqını az vermiş, o, danışılan haqqı tələb etdikdə həmin qadın ona « sən bilirsən ki, mən kiməm?» kimi bir hədələyici sual vermişdir. O, qadına «mən haqqımı istədim, əgər yoxunuzdursa, düşün gedin» demişdir. Bundan sonra həmin qadın ona «sən görərsən» deməklə onu hədələmiş və çıxıb getmişdir. Məhkəmədə də türk vətəndaşı ilə bağlı ona heç nə bildirilməmiş, bu haqda danışmağa ona imkan verilməmişdir. Qapının ağzında türk vətəndaşı ilə bağlı eşitdiklərini yanlız müstəntiqə demiş, məhkəmədə bu barədə danışmamışdır. Daha sonra Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, başıma belə hadisənin gəldiyi ilk dəfə olduğundan, qarşısına nə sənəd qoyulubsa, onları imzalamışdır. Müstəntiq onu həm şübhəli və həm də təqsirləndirilən şəxs kimi 2 dəfə dindirmişdir. Müstəniq onu dindirərkən o, hazırda məhkəmədə danışdıqlarını müstəntiqə də danışmış, lakin İmzalayan zaman ifadələrini oxumamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, son iki il ərzində 2-3 aydan bir marixuanadan istifadə etmiş, həmin marixuananı tanımadığı şəxsdən onun kartına pul vurmaqla alıb əldə etmiş, həmin şəxs siqaret qutusunun içinə bir ədəd atmış, o da gedib götürmüşdür. O, marixuananın, heroinin, «patı» deyilən narkotik vasitəsinin adlarını bilmiş, lakin heç vaxt istifadə etməmişdir. Narkoloji ekspertizada ekspertlərə elə hazırda məhkəməyə dediklərini demişdir. Narkomaniyadan əziyyət çəkdiyini isə ona verilən suallar əsasında öyrənib rəy vermişlər. Onun qollarına baxılmış, lakin qan və ya sidik analizi götürməmişlər. Həbsdə olduğu 4 ay və azadlıqda olduğu 1 ay yarım ərzində heç bir narkotik vasitə istifadə etməmişdir. Onun ***-***-**-**, digəri isə ***- ***-**-** olmaqla iki mobil nömrəsi olmuşdur. ***-***-**-** nömrəsinin kimə məxsus olduğunu bilməmişdir. Bu nömrədən mənə mesaj gəlməmişdir. Bəzən müştərilərindən kimlərsə onun telefonu ilə kiməsə zəng etmişdir, amma nə danışıldığını o, bilməmişdir. O, narkotik vasitələrin satışı ilə məşbul olmamış, kiməsə narkotik vasitə pay verməmişdir. Onun adına rəsmləşdirilmiş 3 qram narkotikin onunla heç bir əlaqəsi olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun cinayət işinin ibtidai istintaqı zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi müvafiq olaraq 17 və 18 fevral 2023-cü il tarixli ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 4-5 ilə yaxındır ki, narkotik vasitə marixuanadan istifadə edir, istifadə etdiyi narkotik vasitə marixuananı Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən almışdır. Təxminən 2-3 gün əvvəl yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı 810 ünvanında məhəllədə piyada gedərkən yerdə bir ədəd şəffaf sellofan büküm görmüş, həmin bükümü götürüb açıb içərisinə baxdıqda bükümün içərisində tünd rəngli maddə görmüşdür. Həmin vaxta başa düşmüşdür ki, həmin maddə narkotik vasitədir, ancaq hansı narkotik vasitəyə aid olmasını bilməmişdir. O, özü yalnız narkotik vasitə marixuanadan istifadə etmiş, maraq üçün tapdığı həmin bükümdə olan maddəni əynində olan gödəkçəsinin sol yan cibinə qoyaraq saxlamışdır. 17 fevral 2023-cü il tarixdə, təxminən saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, T.Bəhramov adına Respublika stadionunun ərazisində idarə etdiyi avtomobili saxlayaraq avtomobildən düşmüş, aavtomobildən düşdükdən sonra piyada gedərkən üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ-nin əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuşlar. O, polis əməkdaşlarına özünü təqdim etdikdən sonra, şəxsiyyətini təsdiq edən sənədini istəmişlər, o, da şəxsiyyətini təsdiq edən sənədini polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt fikirləşmişdir ki, polis əməkdaşları onu yoxlayıb buraxacaqlar, lakin polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra narkotik vasitələrin istifadəsində ondan şübhələndiklərini deyib, onlarla birlikdə Sabunçu RPİ-nin 14-cü polis bölməsinə getməsini təklif etmişlər. O, da səs-küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 14-cü polis bölməsinə getmişdir. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından biri ona Sabunçu RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və 14-cü polis bölməsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş və video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuş, o, da müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bu barədə ərizə vermişdir. Bundan sonra polis əməkdaşı ona üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2-3 gün əvvəl yaşadığı evin yaxınlığında yerdən tapdığı içərisində maddə olan bir ədəd şəffaf sellfoan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm ona hüquq və vəzifələrini izah edən polis əməkdaşı tərəfindən açılqdıqa içərisindən maddə aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu, narkotik vasitənin hansı növünə aid olduğunu və haradan əldə etdiyini soruşduqda, təqdim etdiyi bükümün içərisindən aşkar edilən maddənin narkotik vasitənin hansı növünə aid olmasını dəqiq bilmədiyini və 2-3 gün əvvəl tapdığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götrülmüş içərisində narkotik vasitə heroin olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar edilən sonradan bildiyi narkotik vasitə heroinin miqdarı çox az olmuşdur, ona görə də özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilmir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, Sabunçu RPİ-nin 14-cü polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq göstərilməmişdir. Bu günə kimi heç kimə narkotik vasitə satmamış, həmçinin üzərimdən aşkar edilmiş maddəni kiməsə satmaq niyyəti olmamışdır. ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Ruhi və psixi cəhətdən sağlamdır, heç bir xəstəliyi yoxdur (iş vərəqə: İ cild, 56-59, 72-75). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu daha bir ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, “pati” deyilən maddəni psixotrop maddə kimi tanımış, lakin o, özü arada bir qurudulmuş marixuanadan istifadə etmişdir. ***-***-**-** saylı nömrənin sahibini tanıya bilməmiş, göstərilən mesajı nə vaxt və kimə göndərməsini də xatırlaya bilməmişdir. Fikirləşdiyi qədər tanışlarından kimsə SMS yazmaq üçün telefonundan istifadə etməsini ondan xahiş etmiş və həmin SMS-i də həmin vaxt yazılmışdır. Psixotrop maddənin hansısa növündən heç vaxt istifadə etməmişdir (iş vərəqə: İ cild, 182-184). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, hazır vərəqələrə qol çəkmişdir. Təqsirləndirilən şəxs qismində ifadə verdiyi gün vəkili də iştirak etmiş, lakin o, sənədlərə qol çəkəndən sonra gəlmişdir. Vərəqlər çox olduğu üçün, hansı vərəqlərə qol çəkdiyimə baxmamış, aldadıb qol çəkdirmişlər. o, tədqiq olunan ifadələrini təsir altında imzalamışdır. Sonra da vəkili Mirağa müəllimin iştirakı ilə dindirilmiş, lakin tarix yadında qalmamışdır. Ona 14-cü Polis Bölməsində rəis müavinin otağında, 5-6 nəfər tərəfindən təzyiq göstərilmişdir. Lakin müstəntiq tərəfindən ona zor tətbiq olunmamışdır. Həbsdə olan zaman qorxduğu üçün, işgəncə faktı ilə bağlı polislərin qanunsuz hərəkətlərindən şikayət etməmiş, həbsdən çıxandan sonra da güvənmədiyi üçün şikayət etməmişdir. Lakin məhkəməyə güvəndiyi üçün başına igələnləri məhkəməyə danışmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhər Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2023-cü ilin fevral ayında Kürdəxanıda Yeni yaşayış kompleksində 6-cı bmna, mənzil 43-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edərək üzərində saxlaması, Bakı şəhəri ərazisində daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə rəhbərliyə raportla məruzə etmiş və məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Lakin əməliyyat tədbirinin keçirilməsindən uzun muddət keçdiyindən əməliyyat tədbirinin keççirilməsi barədə qərarın hansı tarixdə və kim tərəfindən qəbul edilməsi tam dəqiqliyi ilə onun yadında qalmamışdır. Yadında qaldığı qədər həmin qərar rəhbərlik tərəfindən qəbul olunmuşdur. Əməliyyatda ondan başqa NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Abıl oğlu da iştirak etmişlər. Lakin əməliyyat qrupuna rəhbərliyi o özü etmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhərində, Nərimanov rayonu ərazisində yerləşən T.Bəhramov adına Respublika stadionunun yaxınlığında olması müəyyənləşdirilmiş və həmin gün yadında qaldığı qədər günüz saatlarında təqribən 1-2 radələrində stadionun yaxınlığında Təqsirləndirilən şəxs piyada gəzişdiyini görüb ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş, həmçinin ona şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsi xahiş olunmuşdur. Təqsirləndirilən şəxs onlara şəxsiyyətini təsdiq edən sənədini təqdim etmiş və onu narkotik vasitə saxlamaqda, daşımaqda və qəbulu ilə məşğul olmaqda şübhəli şəxs kimi Sabunçu RPİ-nin 14-cü polis bölməsinə aparıb bölmənin Növbətçi Hissəsinə təhvil vermişlər. O, Təqsirləndirilən şəxs bölməyə gətirilməsi ilə bağlı raportla bölmənin rəhbərliyinə məruzə etmiş, onunla bağlı araşdırmanın aparılması təhqiqatçıya həvalə olunmuşdur. Elə həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra Təqsirləndirilən şəxs özünün razılığı ilə onun üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs özünün istəyi ilə şəxsi axtarışda vəkili iştirak etməmişdir. Şəxsi axtarış zamanı təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü və əynində olan şalvarının sağ yan cibindən bir ədəd «Samsung Galaxy» markalı mobil telefon çıxardaraq masanın üzərinə qoymuş, bükülüdəki maddəni tapdığını bildirmiş, lakin istifadə etmədiyini demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, bükümün içərisində heroin narkotik vasitəsinə şübhəli maddə olduğu müəyyən edilmişdir. Bundan sonra şəffaf sellofan büküm bir ədəd zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, zərfin üzəri imzalanmışdır. Yekunda protokol tərtib edilmiş və tərtib olunan həmin protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, şəxsi axtarışdan sonra, axşam saatlarında Təqsirləndirilən şəxs yaşadığı mənzilə də sonuncunun özünün iştirakı ilə baxış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Bildiyi qədər baxışda Elton, Şahid3, təhqiqatçı və o özü iştirak etmiş, mənzilə baxışda vəkilin olub-olmadığı, baxış keçirilərkən video çəkiliş aparılıb-aparılmadığı onun yadında qalmamışdır. Adətən belə baxışlar video çəkilişlə keçirilmişdir. Mənzilə baxış keçirilərkən o, kənar heç kimi görməmiş, yadında qaldığı ədər mənzili qapısını açarla Sənan özü açmışdır. Şahid1 ifadəsinin davamında, həmçinin göstərdi ki, nə tutularkən, nə bölməyə aparılarkən və nə də sonra Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən o, onun avtomobilini görməmiş və ya onun maşınını sürməmişdir. Təqsirləndirilən şəxs hansısa Türkiyə vətəndaşı bir qadınla mübahisə etməsindən məlumatım olmamışdır. Vətəndaş Təqsirləndirilən şəxs barəsində daxil olmuş narkotiklə bağlı məlumata əsasən tutulmuşdur. Əməliyyat keçirilən gün onun istifadəsində 055 *** ** ** mobil telefon nömrəsi olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarları Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində ittihamın mahiyyəti ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sabunçu RPİ-nin 14-cü polis bölməsinə gətirilmiş baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərində saat 13:30-dan 13:35-dək olan vaxt ərzində video çəkiliş aparılmaqla keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı əvvəlcə Sabunçu RPİnin 14-cü polis bölməsinin təhqiqatçısı, polis kapitanı Müsəllim Müsəllimov özünü təqdim etmiş, sonra Sabunçu RPİ-nin NMB-nin əməkdaşları və Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər. Tədqiq olunan protokoldan görünür ki, təhqiqatçı Müsəllim Müsəllimov, saxlanılan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında şübhəli şəxs qismində saxlanıldığını və 14-cü polis şöbəsinə gətirildiyini bildirmişdir. Bundan sonra X4 Bəhramov adına Respublika stadionunun yaxınlığında polis əməkdaşlarının ona yaxınlaşdıqlarını və 14-cü polis bölməsinə gətirdiklərini təsdiq edib, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü və əynində olan şalvarının sağ yan cibindən bi ədəd mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı Müsəllim Müsəllimov tərəfindən açıldıqda içərisində narkotik vasitəyə şübhəli maddə aşkar olunmuşdur. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində aşkar olunmuş «kakos» deyilən maddəni həmin bükümdə iki üç gün əvvəl yaşadığı evin yaxınlığında məhəllədən tapdığını, özünün narkotik vasitədən istifadə etmədiyini və satmadığını bildirmişdir. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində narkotik vasitəyə şübhəli maddə olan büküm və təqdim etdiyi bir ədəd mobil telefon təhqiqatçı Müsəllim Müsəllimov tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf Azərbaycan Respublikası DİN-nin «zərflər üçün 100» saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanmış və video çəkiliş sona çatmışdır. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apaırması və götürmə prosesi «Samsung» markalı mobil telefondan istifadə olunmaqla video lentə alınmış və bir ədəd DVD formatlı diskə yüklənməklə iş materialarına əlavə edilmişdir (iş vərəqə: 34-35, 36). Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 18 fevral 2023-cü tarixli protokoldan görünür ki, videogörüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” 17 fevral 2023-cü il tarixli protokolun məzmununu tam əhatə edir və hər hansı prosessual pozuntuya yol verilməmişdir (iş vərəqə: 76-77). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2023-cü il tarixli, 6/995 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəx.... Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,623 qram təşkil edən kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin oldluğu müəyyən edilmişdir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, tədqiq olunan heroinin təmiz çəkisi 3,623 qram olmuş, 0,1 qram ekspertiza tədqiqata sərf edilmiş və 3,523 qram qalıq qalmışdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir(iş vərəqə: 46-50). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «Sərxoşluq hallarının bütün növlərinintəyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında» 17 fevral 2023-cü il tarixli, 1/582 nömrəli protokoldan görünür ki, müayinə vaxtı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmadığı, lakin onun sidiyində morfin, opiy, marixuana və amfetamin kimi maddələrin aşkar olunduğu müəyyən edilmişdir (iş vərəqə: 51). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 08 may 2023-cü il tarixli, 2724 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: 162-163). İbtidai istintaq orqanının 20 fevral 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 3,623 qram olan heroin narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra həmin narkortik vasitənin qalıq qalmış 3,523 qram hissəsi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir (iş vərəqə: 98). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Elektron daşıyıcıya baxış keçirilməsi haqqında» 08 iyun 2023-cü il tarixli protokoldan göbrünür ki, həmin elektron daşıyıcı olan "xxxx" MMC-dən əldə olunmuş bir ədəd «CD» formatlı diskə baxış keçirilmiş və baxış nəticəsində iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş və öz adına qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə, saat 22:59:42-də Yevlax şəhər sakini Nuranə Əhmədova adlı qadının adına qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil nömrəyə «Qaqa hardasan ele bele görüşek 30 manat var 0.5 pati lazımdi hara desən gələrəm maşininanam» məzmunda sms göndərilmişdir(iş vərəqə: 152-153). Bundan başqa, ibtidai istintaq orqanının 11 iyun 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin yükləndiyi bir ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş, mobil telefon açıqlamalarına dair məlumatlar olan bir ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: 164- 172). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə ibtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına əməliyyat orqanının 17 mart 2023-cü il tarixli cavab məktubundan görünür ki, fakt üzrə müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir, 17 mart 2023-cü il tarixədək müsbət nəticə əldə olunmamışdır(iş vərəqə: 101, 135). Ən nəhayət, məhkəmə baxışı zamanı, həmiçinin müəyyən edildi ki, ibtidai istintaq orqanının 11 iyun 2023-cü il tarixli qərarına əsasən baxılan cinayət işinin materiallarından aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə ayrıca material ayrılmışdır(iş vərəqə: 164-172). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 3,623 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq hesab olunan külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı saxlanılarkən onda heç bir növdən olan narkotik vasitə olmaması, ona qarşı irpəli sürülmüş ittihamda göstərilən narkotik vasitənin polis tərəfindən məcburi qəbul etdirilməsi, onun psixoloji və fiziki təzyiqlərə və hədələrə məruz qalması, döyülməsi nəticəsində narkotik vasitəni boynuna götürməsi və etirafedici ifadələr verməsi barədə verdiyi ifadələrini, müdafiəçsi tərəfindən təqsirləndirilən şəxsin saxlanılma vaxtı, yeri və şəraiti, şübhəli şəxs qismində tutulma vaxtı, təqsirləndirilən şəxsin yaşayış ünvanında baxış keçirilməsi barədə məsələlərin, istər təqsirləndirilən şəxsin özü və istərsə də müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi kimi naməlum Türkiyə vətəndaşı ilə taksi sürücüsü qismində olmuş Təqsirləndirilən şəxs arasında baş vermiş qeyri-müəyyən insidentin mübahisələndirilməsi təqsirləndirilən şəxsin müdafiəsi üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə sorğusuna əsasən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından əldə olunmuş 07 avqust 2023-cü il tarixli, 3-16-17/38/2- 5353/2023 saylı arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həmin Təcridxanaya gətirilmiş və ilkin tibbi müayinədən keçirilməklə adına tibbi kitabça açılmışdır. Məhkəməyə təqdim olunan Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın 12-ci bəndindəki qeydlərdən görünür ki, sonuncu tibbi müayinə zamanı həbs edilən zaman xəsarətlər aldığını bildirsə də, həmin kitabçanın 13-cü bəndində Təqsirləndirilən şəxs bədən səthində yeni zədələrin aşkar edilmədiyi qeyd olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinə dair məsələyə baxılarkən sonuncunun Sabunçu RPİ-nin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən psixoloji və fizik təsirlərə məruz qalması, onlar tərəfindən dlöyülməsi ilə bağlı məlumatlarına əsasən Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinədən keçməkdən imtina etmiş, araşdırmanın nəticəsi olaraq Sabunçu rayon prokurorluğunun 25 mart 2023-cü il tarixli qərarına əsasən cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanılması rədd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində Sabunçu rayon prokurorluğunun “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” 25 mart 2023-cü il tarixli qərarından Təqsirləndirilən şəxs şikayətinə məhkəmə nəzarəti qaydasında baxılmış, məhkəmənin 19 yanvar 2024-cü il tarixli qərarına əsasən Sabunçu rayon prokurorluğunun 25 mart 2023-cü il tarixli qərarı ləğv edilmiş və yenidən araşdırma aparılması üçün Sabunçu rayon prokurorluğuna göndərilmişdir. Qeyd olunan məsələ ilə bağlı Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən təkrar araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmətibb ekspertizası təyin edilməklə keçirilmişdir. Məhkəmə-tibb ekspertizasının 26 fevral 2024-cü il tarixli, 391 saylı tədqiqatla müəyyən edilmişdir ki, tədqiqat zamanı Təqsirləndirilən şəxs bədənində 17 fevral 2023-cü il tarixə uyğun xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Araşdırmanın nəticəsi olaraq Sabunçu rayon prokurorluğunun 07 mart 2024-cü il tarixli qərarına əsasən polis əməkdaşlarının əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanılması təkrarən rədd edilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin (BƏSİİ-nin) xx.xx.2023-cü il tarixli əməliyyat-sorğu arpayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, yəni o, əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 128). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər 2022-ci il təvəllüdlü azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzə alır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs həm də əvvəllər məhkum olunmadığını, Fizuli rayonundan məcburi köçkün olmasını və məskunlaşdığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı MKİS-dən verilmiş xasiyyətaməyə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin olunarkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlərə aid olması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya hədlərində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2724 nömrəli rəyini əsas götürərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli və həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki olaraq saxlanıldığı və şübhəli şəxs qismində tutulduğu 17 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 17 fevral 2023-cü il şübhəli şəxs qismində tutulmuş, 18 fevral 2023-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki olaraq şübhəli şəxs qismində tutulduğu 17 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 17 fevral 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma ambarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,523 qram heroin narkotik vasitəsi məhv edilməli; - təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD formatlı – cəmi 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 18 fevral 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə 17 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökmün elan olunduğu 10 may 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma ambarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,523 qram qram heroin narkotik vasitəsi məhv edilsin; - təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD formatlı – cəmi 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 110,0 (yüz on) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar