Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-50/2022 18.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri «Kaspian» Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər: X12 və X13 iştirakı ilə, xx xxxx 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, Naxçıvan şəhəri Azərbaycan küçəsi, ev 7 A-da qeydiyyatda olub, Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospketi, ev 4 A, mənzil 15-də kirayə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin mühafizəçisi kimi Avtonəqliyyat Baş Gömrük İdarəsinə ezam olunduğu müddətdə tanıdığı Dövlət Gömrük Komitəsinin Hüquq pozmalara qarşı Mübarizə Baş İdarəsi, Hədəflərin müəyyənləşdirilməsi şöbəsinin baş inspektoru işləyən X4 qohumu X5 əmlakını ələ keçirmək məqsədilə ucuz qiymətə «Lexus GX 460» markalı avtomobil satılacağı halda ona məlumat verilməsinə dair müraciəti əsasında 2016-cı ilin aprel ayında X3 35.000 ABŞ dollarına (52.521-əlli iki min beş yüz iyirmi bir manat) «Lexus GX 460» markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib Fəqan İsmayılovun vasitəsilə Arif İsmayılovla görüşərək qeyd olunan markalı avtomobilin fotoşəklini göstərib, göstərilən qiymətə razılaşdıqdan sonra qısa müddətdə aralarında yaranmış münasibətlərə görə sonuncunun ona olan inam və etimadından istifadə edib 26 aprel 2016-cı il tarixdə saat 11 radələrində Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospekti 37 A ünvanında taksi sürücüsü kimi xidmətindən istifadə etdiyi tanışı X1 vasitəsi ilə Arif İsmayılovun əvvəlcə 20.000 ABŞ dolları - həmin dövrün məzənnəsi ilə 30.012 manat, 27 aprel 2016-cı il tarixdə saat 11 radələrində eyni ünvanda yenidən X1 vasitəsi ilə Arif İsmayılovun qalan 15.000 ABŞ dolları-həmin dövrün məzənnəsi ilə 22.509 manat olmaqla, ümumilikdə isə 52.521 (əlli iki min beş yüz iyirmi bir) manat pulunu alaraq öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxs Arif İsmayılova məxsus külli miqdarda əmlakı aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən eyni niyyətlə gömrük orqanlarındakı xidmətinə 21 noyabr 2016-cı il tarixdə xitam verilməsinə baxmayaraq, tanışı X15 qeyd olunan dövrdə həmin orqanda fəaliyyətini davam etdirdiyini, avtomobillərin gömrük sənədləşdirilməsi ilə bağlı hər hansı bir məsələni həll etmək imkanına malik olduğunu bildirərək sonuncunun onun gömrük əməkdaşı olmasına inanması ilə əlaqədar aralarında yaranmış etimaddan istifadə etməklə X9 alıb Azərbaycan Respublikasına gətirdiyi 2015-ci il istehsalı olan «Toyota Rav 4» markalı, AA 666AA qeydiyyat nişanlı, AQ ******* texniki pasport və 1294 GX tranzit nömrəli avtomobilinin gömrük rəsmiləşdirilməsini həll edəcəyinə və gömrük ödənişi aparacağına dair yalan vəd verərək, 19 dekabr 2016-cı il tarixdə, saat 11 radələrində Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospekti, 4 A ünvanda yerləşən «Karvansaray» restoranında onun 9.250 manat pulunu almasına baxmayaraq, aldatma və etibardan suiistifadə etmə yolu ilə zərərçəkmiş şəxs Qalib Babayevə xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən eyni niyyətlə gömrük orqanlarındakı xidmətinə 21 noyabr 2016-cı il tarixdə xitam verilməsinə baxmayaraq, tanışı X10 vasitəsi ilə tanıdığı X6 qeyd olunan dövrdə həmin orqanda fəaliyyətini davam etdirdiyini, avtomobillərin gömrük sənədləşdirilməsi ilə bağlı hər hansı bir məsələni həll etmək imkanına malik olduğunu bildirərək sonuncunun onun gömrük əməkdaşı olmasına inanması ilə əlaqədar aralarında yaranmış etimaddan istifadə etməklə Xalıqverdi Alıyevin tanışı X8 Gürcüstan Respublikasından alıb Azərbaycan Respublikasına gətirdiyi 2015-ci il istehsalı olan «Mercedes-Benz Vito» markalı, 699917 GX tranzit nömrəli avtomobilinin gömrük rəsmiləşdirilməsini həll edəcəyinə və gömrük ödənişi aparacağına dair yalan vəd verərək, 22 yanvar 2017-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospekti, 4 A ünvanda yerləşən «Karvansaray» restoranının yerləşdiyi binanın həyətində onun 19.000 manat pulunu almasına baxmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs Zakir Cəfərova xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir, himayəsində biri azyaşlı olmaqla iki uşağı vardır. 2009-cu ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində xidmətə başlamış, əvvəllər Avtonəqliyyat Baş Gömrük İdarəsində, sonradan isə Baş Gömrük Xidmətinin Cənub mühafizə xidmətində baş mühafizəçi vəzifəsində işləmişdir. Xidməti işi ilə əlaqədar xaricdən ölkəmizə avtomobillərin idxalı ilə məşğul olan şəxsləri tanımış, ona müraciət edən yaxın adamlara avtomobillərin gətirilməsində köməklik etmişdir. X12 ilə 2016-cı ilin aprel ayında sonuncunun qohumu, özünün iş yoldaşı X4 vasitəsi ilə tanış olmuşdur. Arif ona ABŞ-dan ağ rəngli «Lexus GX 460» markalı avtomobil almaq istədiyini bildirəndə, sonuncuya xaricdən avtomobil gətirən tanışlarından bu məsələ ilə maraqlanacağını demişdir. Tanışlarından Arifin istədiyi avtomobili ABŞ-dan 35.000 ABŞ dollarına gətirmək mümkün olduğunu öyrənmişdir. Həmin vaxt Bakıda «Lexus GX 460» markalı avtomobillərin qiyməti təxminən 50.000 ABŞ dolları civarında olmuşdur. Arif İsmayılova bu barədə dedikdə sonuncu razılaşmış və pulu ona iki dəfəyə verə biləcəyini demişdir. 26 aprel 2016-cı il tarixdə Arif ona zəng edib pulun 20.000 ABŞ dollarını hazır etdiyini və gəlib pulu götürməyini demişdir. O, tanışı taksi sürücüsü Ceyhunu göndərmiş, sonuncu Atatürk prospektinin Ak.H.Əliyev küçəsi ilə kəsişdiyi yerdə Arifdən 20.000 ABŞ dollarını götürüb ona vermişdir. Səhərisi gün 27 aprel 2016-cı il tarixdə Ceyhun qalan 15.000 ABŞ dolları pulu Arifdən alıb, gətirib ona vermişdir. Ariflə avtomobili 2-3 ay müddətində Bakıya gətiriləcəyi barədə razılaşmışlar. Lakin, Arifdən avtomobilin gətirilməsi üçün aldı pulu övladının müalicəsinə sərf etmişdir. 30 iyul 2016-cı il tarixdə 9 saylı notariat kontorunda Ariflə «Lexus GX 460» markalı, JEJJM7FX4E508 ban nömrəli avtomobili gətizdirməyinə görə ondan 35.000 ABŞ dolları pul aldığı barədə müqavilə bağlamışdır. Bununla belə Arif üçün nə avtomobil sifariş etmiş, nə də onun pulunu qaytarmamışdır. 2016-cı ilin noyabr ayında Arif İsmayılov ondan BMCMİ-nə şikayət etmişdir. Zərərçəkmiş şəxs X16 təxminən 10 ildir ki, tanıyır. 2016-cı ilin dekabr ayında Qalib ona zəng edib, bir nəfər tanışının avtomobil gətirdiyini bildirib, gömrük rəsmiləşdirilməsindən keçirilməsində köməklik etməsini xahiş etmişdir. O, bu məsələ maraqlanıb, avtomobilin gömrük rəsmiləşdirilməsi üçün 9.000 manat pul lazım olduğunu öyrənmişdir. Bu barədə Qalibə bildirmiş, sonuncu tanışından 9.500 manat alacağını deyib, qalan 500 manatı bölməyi təklif etmiş və o, etiraz etməmişdir. 2016-cı ilin dekabr ayının sonlarında Qaliblə Atatürk prospektində yerləşən «Karvansaray» restoranında görüşüb, sonuncudan 9.250 manat pulla avtomobilin sənədlərini götürmüşdür. İşdən çıxdığına görə avtomobilin gömrük rəsmiləşdirilməsini həll edə bilməmişdir. Aldığı pulu xəstə övladının müalicəsinə sərf etmişdir. Həmin ərəfədə, yəni 2016-cı ilin dekabr ayında dostu Mehmandan 25.000 manat borc istəmişdir. Sonuncu həmin vaxt işlərinin yaxşı olmadığını, ona görə də bir müddət sonra borc verə biləcəyini demişdir. 2017-ci ilin yanvar ayının əvvəllərində Mehmanla yenidən əlaqə saxlayıb borc istəmiş, alacağı pulu 2017-ci ilin sentyabr-oktyabr ayları ərzində qaytaracağına söz vermişdir. Bir müddət sonra Mehman ona zəng edib, 18.000 manat hazırladığını, özünün hazırda rayonda olduğunu, buna görə də, pulu tanışı X11 vasitəsilə göndərəcəyini demişdir. Odur ki, yaşadıqları evin yanında Xalıqverdi ilə görüşüb, sonuncudan Mehmanın göndərdiyi 18.000 manat pulu almışdır. Bu ərəfədə Mehman ona Xalıqverdinin Gürcüstandan «X29» markalı avtomobil gətirdiyini, həmin avtomobilin gömrük rəsmiləşdirilməsində köməklik etməyi xahiş etmişdir. O, Komitədə işləyən tanışlarından həmin avtomobil barədə maraqlanmış, aldığı məlumata görə avtomobil oğurluq olmuşdur. Bu səbəbdən də, ona köməklik edə bilməmişdir. Heç kimə özünü gömrük işçisi kimi təqdim etməmiş və bu adla onlardan pul almamışdır. Mehmandan borc istəyərkən sonuncu onun işdən çıxdığını bilmişdir. Zərərçəkmiş şəxslərdən aldığı pulları xəstə övladının müalicəsinə sərf etmiş və sonradan da qaytara bilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində cinayət işinə baxılarkən, xəstə uşağının müalicəsi ilə əlaqədar məhkəmədən yayınmış və bu səbəbdən barəsində axtarış elan edilmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2016-cı ilin aprel ayında qohumu X4 vasitəsi ilə tanış olmuşdur. Onlar hər ikisi Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin əməkdaşları olmaqla bir yerdə işləmişlər. 2014-cü ildə işdən çıxdıqdan sonra bir müddət «Sədərək» TM-də ticarətlə məşğul olmuşdur. Sonradan devalvasiya ilə əlaqədar işlərində çətinlik yaranmış və bu səbəbdən işini dayandırmışdır. Əlindəki sərmayə ilə avtomobil alıb-satmaq qərarına gəlmişdir. Tanışlara yaxşı vəziyyətdə «Lexus GX 460» markalı avtomobil olarsa, ala biləcəyini demişdir. Həmin vaxt avtomobilin dəyəri Azərbaycanda təxminən 50-55 min ABŞ dolları arasında olmuşdur. Eminlə söhbətlərinin birində sonuncu ona ABŞ-dan münasib qiymətə həmin avtomobildən gətirə biləcəyini demişdir. Bu söhbətdən bir neçə gün sonra Emin ona avtomobili 35.000 ABŞ dollarına təşkil edə biləcəyini deyib, internet saytlarının birində gətirəcəyi avtomobilin şəkillərini və ban nömrəsini göstərmişdir. Şəkillərə baxıb həqiqətən də «Lexus GX 460» markalı, JEJJM7FX4E508 ban nömrəli avtomobilin satışda olduğunu görmüşdür. Həmin avtomobili bəyənmiş, qiyməti də münasib olduğundan Eminə avtomobili almaq istədiyini demişdir. Aralarında olan tanışlığa görə Eminə inandığı üçün sonuncudan onun üçün həmin avtomobili gətirməsini xahiş etmişdir. Emin avtomobil üçün pulun bir hissəsini, yəni 20.000 ABŞ dollarını bir günə göndərmək lazım olduğunu demişdir. 26 aprel 2016-cı il tarixdə Eminə zəng edib pulun hazır olduğunu demişdir. Sonuncu vaxtının olmadığını, bir nəfər göndərəcəyini deyib, pulu həmin adama verməsini xahiş etmişdir. Saat təxminən 11 radələrində Atatürk prospekti ilə Ak.H.Əliyev küçəsisinin kəsişməsində Eminin göndərdiyi taksi sürücüsü ilə görüşüb sonuncuya 20.000 ABŞ dolları pul vermişdir. Axşam saatlarında Emin ona zəng edib, artıq avtomobili aldığını, avtomobili gətirəcək gəminin növbəti gün yola düşəcəyini, buna görə də ödənişin qalanını da etməsini bildirmişdir. Odur ki, 27 aprel 2017-ci il tarixdə Eminlə əlaqə saxlayıb, ona pulun hazır olduğunu bildirmişdir. Bu dəfə də Emin özü gəlməmiş, onun göndərdiyi həmin şəxslə Atatürk prospekti ilə Ak.H.Əliyev küçəsinin kəsişməsində görüşüb, qalan 15.000 ABŞ dollarını vermişdir. Bir qədər sonra Eminlə əlaqə saxladıqda sonuncu pulu aldığını bildirmişdir. Eminin dediyinə görə avtomobil 45-50 gün ərzində gətirilməli idi. Lakin 2 ay keçəndən sonra avtomobilin gətirilmədiyini görüb Eminlə əlaqə saxlamışdır. Sonuncu avtomobilin ölkəyə gətirildiyini, sənədləşmə işlərinin qaldığını, bir neçə günə həll olunacağını demişdir. Bir neçə gün sonra Emin ona avtomobilin artıq gömrükdə olduğunu demişdir. Eminə avtomobilə baxmaq istədiyini dedikdə, sonuncu avtomobilin bağlı vəziyyətdə konteynerin içində olduğunu bildirmişdir. Yenidən Eminə inanıb, gözləməyə davam etmişdir. 2-3 gündən bir Eminlə əlaqə saxlamış, sonuncu hər dəfə bir bəhanə gətirib, vaxtı uzatmışdır. Deyilən vaxtdan bir ay keçsə də, avtomobili götürə bilməmişdir. Bundan sonra Eminlə danışıb, avtomobili gətirə bilmirsə, pulunu qaytarmasını bildirmişdir. Emin isə avtomobili gətirən şirkətin onu aldatdığını bildirmiş, şirkətlə danışıb, ya avtomobili, ya da pulunu alıb ona qaytaracağını demişdir. 30 iyul 2016-cı il tarixdə Bakı şəhərindəki 9 saylı notariat kontorunda Təqsirləndirilən şəxslə aralarında «Lexus GX 460» markalı, JEJJM7FX4E508 ban nömrəli avtomobilin onun adına alınaraq gətirilməsi, avtomobilin gömrük rəsmiləşdirilməsinin başa çatdırıldıqdan sonra ona təhvil verməsini öhdəsinə götürdüyü və həmin avtomobili gətirməsinə görə ondan 35.000 ABŞ dolları pul almasını təsdiq edən müqavilə bağlamışlar. Bundan sonra da Emin onun pulunu qaytarmamışdır. Odur ki, 3 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ona tam ödənilmişdir. Təqsirlədirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2013-cü ildən tanımış və münasibətləri yaxşı olmuşdur. 2016-cı ilin dekabr ayında tanışları vasitəsilə özünə Gürcüstandan 2015-ci il istehsallı «Toyota Rav4» markalı avtomobil gətirmiş, lakin, avtomobil gömrük rəsmiləşdirilməsinən keçməmişdir. Eminlə əlaqə saxlayıb avtomobilin gömrük sənədləşmə işlərini həll edə bilib-bilməyəcəyini soruşduqda, sonuncu Dövlət Gömrük Komitəsində işlədiyini, işinin məhz avtomobillərinin gömrük rəsmiləşdirilməsi olduğunu bildirib, ona kömək edəcəyini demişdir. Bundan sonra Eminə avtomobilin markası və istehsal olunduğu ili bildirmiş, sonuncu avtomobilin gömrük rəsmiləşdirilməsini 9.500 manata həll edəcəyini demişdir. Emini tanıdığından ona inanaraq razılaşmışdır. Sonuncu pulu sayıb üstündən 250 manat ona qaytarıb, 3-4 günə avtomobili götürəndən sonra 250 manatı deyəcəyi adama verməsini bildirmişdir. Bir neçə gündən sonra Eminlə əlaqə saxlayıb, işin nəticəsi barədə maraqlanmışdır. Sonuncu həftə sonu olduğunu deyib, ondan 1-2 gün də vaxt istəmişdir. Sonradan Emin müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. 28 dekabr 2016-cı il tarixdə Eminə bir neçə dəfə zəng etsə də, telefona cavab verilməmişdir. Bir qədər sonra Eminin yeznəsi X14 ona zəng edib Eminin tutulduğunu və Nərimanov rayon polis idarəsində olduğunu demişdir. Həbiblə görüşmüş, sonuncu ilə söhbət zamanı Eminin Arif adlı bir nəfəri də aldatdığını və işdən çıxarıldığını öyrənmişdir. Həbibdən Eminə verdiyi 9.250 manat pul barədə soruşduqda, sonuncu puldan xəbəri olmadığını demişdir. Ona görə də Eminin barəsində Nərimanov RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirlədirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxs X8 ifadəsindən görünür ki, 18 yanvar 2017-ci il tarixdə Gürcüstan Respublikasının Rustavi şəhərində 20.000 ABŞ dollarına «Mersedes-Benz Vito» markalı avtomobil alıb, Bakı şəhərinə gətirmişdir. Avtomobilin gömrük rəsmiləşdirməsini həll etmək üçün tanışı Xalıqverdi Alıyevlə əlaqə saxlayıb, ona kömək etməsini xahiş etmiş və sonuncu razılaşmışdır. Belə ki, həmin işləri görməyə vaxtı olmamış, həmçinin Xalıqverdi əvvəllər avtomobil gətirib rəsmiləşdirmə işini həyata keçirmişdir. 21 yanvar 2017-ci il tarixdə avtomobili Xalıqverdiyə vermiş, eyni zamanda öz adından işləri görməsi üçün sonuncuya notarial qaydada etibarnamə vermişdir. Xalıqverdi elə həmin gün avtomobili aparıb Gömrük Komitəsinin Bakı Baş Nəqliyyat Gömrük İdarəsinə təqdim etmiş və çıxıb gəlmişdir. Səhəri gün Xalıqverdi onunla əlaqə saxlayıb avtomobilin gömrük rəsmiləşdirilməsi üçün 20.000 manat lazım olduğunu demiş, elə həmin gün o, «Qismət» şadlıq evinin yanında görüşüb, pulu sonuncuya vermişdir. Elə düşünmüşdür ki, Xalıqverdi pulu aparıb idarədə dövlət rüsumunu ödəyəcək. Səhəri günü Xalıqverdi 1.000 manatı geri qaytarıb, sənədləşmə üçün 19.000 manat kifayət etdiyini bildirmişdir. Bir neçə gündən sonra Xalıqverdidən işlərin nə yerdə olmasını soruşmuş, sonuncu 2-3 günə sənədləşmənin başa çatacağını və avtomobili götürəcəklərini bildirmişdir. Deyilən vaxt yenidən Xalıqverdi ilə əlaqə saxlamış və o, bu gün-sabah işin həll olunacağını demişdir. Bu minvalla artıq bir ay yarım müddət keçmiş, lakin avtomobilin sənədləşmə işi həll olunmamışdır. 2017-ci ilin mart ayında Xalıqverdiyə acıqlanıb, işin nəyə görə uzanmasını və pulu aparıb hara verməsini soruşmuşdur. Bu zaman Xalıqverdi ona bildirmişdir ki, avtomobili aparıb sənədlərlə birlikdə Bakı Baş Gömrük İdarəsinə təhvil verdikdən sonra, avtomobilin gömrük rəsmiləşdirilməsində çətinlik yaranmasın deyə dostu Mehman Qasımovla əlaqə saxlayıb, ondan kömək istəmiş, Mehman da bu işdə ona Gömrük Komitəsinin əməkdaşı olan Təqsirləndirilən şəxs köməklik edə biləcəyini dediyi üçün sonuncu ilə görüşmüş və Emin avtomobilin gömrük rəsmiləşdirməsini 20.000 manata həll edəcəyini demişdir. Emini üzdən tanımış, yəni əvvəllər avtomobil gətirərkən idarədə gördüyündən onun həqiqətən də gömrük əməkdaşı olmasına əmin olmuşdur. Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospektində yerləşən «Karvansaray» kafesinin yerləşdiyi binanın həyətində Eminlə görüşmüş və aralarında olan danışıq zamanı Emin 1.000 manat keçdiyi üçün sonuncuya 19.000 manat verib, qalan pulu ona qaytarmışdır. Bundan sonra Emin bu gün-sabah işin həll olacağını deyərək, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Xalıqverdi bu barədə ona dedikdə irad bildirərək nəyə görə işi gedib İdarədə görmədiyini, əksinə tanımadığı adama pul verdiyini dedikdə, Xalıqverdi sənədləşmə işində çətinlik yaranmasın deyə dostunun vasitəsi ilə Eminlə danışdığını bildirmişdir. 2017-ci ilin aprel ayının əvvəllərinə kimi heç bir nəticə olmadığından Xalıqverdi ilə əlaqə saxlayıb Eminlə yaşadığı evin yanında görüşmüşlər. Emin 2-3 günə məsələnin həll olunacağını demişdir. Sonuncunun hərəkətlərindən onun yalançı olduğunu başa düşmüşdür. Dediyi vaxt çatdıqda Emin yenidən bəhanələr gətirərək bir neçə gün vaxt istəmişdir. Həmin vaxt çatsa da, Emin onların işini həll etməmişdir. Bu minvalla Emin onları aldatmağa davam etmiş, ondan pulu və sənədləri istəsələr də, qaytarmamışdır. 25 may 2017-ci il tarixdə Xalıqverdi Baş Prokurorluğa ərizə vermiş, bundan sonra Emin avtomobilin sənədlərini qaytarıb pulu 1-2 günə verəcəyini desə də, pulu qaytarmamışdır. Sonradan Eminin 21 noyabr 2016-cı il tarixdə gömrük orqanından xaric edildiyini öyrənmişdir. Bundan sonra Emindən şikayət etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X18 ifadəsində göstərdi ki, X7 bir neçə ildir tanıyır. Onlar həmyerli olmaqla yaxşı münasibətdə olmuşlar. Təqsirləndirilən şəxs isə işlədiyi Bakı Baş Gömrük İdarəsindən tanımış və aralarında normal münasibətlər olmuşdur. O, özü üçün avtomobil gətirərkən, gömrük rəsmiləşdirməsini Emin etmişdir. Sonuncu gömrükdə işlədiyindən sənədləşməni daha tez həll etmişdir. Bir neçə dəfə onun və qohumlarının avtomobillərnin gömrük rəsmiləşdirməsinə Emin köməklik etmişdir. 2017ci ilin yanvar ayının sonlarında Xalıqverdi ona zəng edib, tanışının gətirdiyi «X29» markalı avtomobilin gömrük rəsmiləşdirməsinə köməklik etməyini xahiş etmişdir. Odur ki, Eminlə əlaqə saxlayıb bu barədə ona demiş və sonuncu bu işi həll edə biləcəyini demişdir. Sonra Eminin telefon nömrəsini Xalıqverdiyə vermişdir. Xalıqverdi onunla əlaqə saxlayıb, avtomobilin rəsmiləşdirilməsi üçün Eminin 20.000 manat pul istədiyini bildirib, ondan sonuncu ilə danışıb, bir qədər güzəşt etməsi üçün xahiş etməsini bildirmişdir. Bu məqsədlə Eminlə əlaqə saxladıqda, sonuncu 1.000 manat keçəcəyini bildirmiş, o da bunu Xalıqverdiyə demişdir. Bir gün sonra onlar Eminin yaşadığı evin yanında, yəni Atatürk prosopektində yerləşən binanın yanında görüşərək avtomobilin sənədlərini və 19.000 manat pulu Eminə vermişlər. Sonuncu bir həftəyə sənədləşməni həll edəcəyinə söz vermişdir. Bir həftədən sonra Emin vaxtı 1-2 gün uzatmışdır. Daha sonra Emin müxtəlif bəhanələr gətirərək işi həll etməmişdir. Bu minvalla 5 ay keçmiş, Emin nə onların pulunu, nə də sənədləri qaytarmamışdır. Həmin müddət ərzində dəfələrlə Eminlə telefonda danışmış, mesaj yazmış və görüşmüşdür. 2017-ci ilin may ayında Xalıqverdi Eminin barəsində Baş Prokurorluğa şikayət etdikdə Emin Xalıqverdiyə avtomobilin sənədlərini qaytarmışdır. Sonradan Xalıqverdinin ərizəsinə Gömrük Komitəsindən cavab verildikdə Eminin 21 noyabr 2016-cı il tarixdə gömrük orqanında işdən çıxarıldığını öyrənmişlər. Bundan sonra Eminin onları aldatdığını başa düşmüşlər. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş şahid X2 ifadəsindən görünür ki, zərərçəkmiş şəxs X17 onun həmyerlisi və tanışıdır. Onunla yaxşı münasibətləri vardır. 19 yanvar 2017-ci il tarixdə Zakir ona zəng edərək 18 yanvar 2017-ci il tarixdə Gürcüstan Respublikasının Rustavi şəhərindən 20.000 ABŞ dollarına «Mersedes-Benz Vito» markalı avtomobil alıb gətirdiyini və onu gömrük rəsmiləşdirməsindən keçirtmək istədiyini deyib, ona köməklik etməsini xahiş etmişdir. Belə ki, o, əvvəllər özü üçün 2-3 dəfə avtomobil gətirib gömrük rəsmiləşdirməsindən keçirtdiyini və bu işlərdə az da olsa, təcrübəsinin olduğunu bilmişdir. Zakirə etiraz etməmişdir. 21 yanvar 2017-ci il tarixdə sonuncu ilə görüşüb, gətirdiyi avtomobili gömrük rəsmiləşdirilməsi üçün aparıb Gömrük Komitəsinin Bakı Baş Nəqliyyat Gömrük İdarəsinə təqdim edib, avtomobili orada qoyaraq çıxıb gəlmişdir. Sonra avtomobilin dövlət gömrük rəsmiləşdirilməsində çətinlik yaranmasın deyə, dostu Mehman Qasımovla əlaqə saxlamışdır. Mehman əvvəllər bir neçə dəfə avtomobil gətirmişdir. Sonuncu ilə əlaqə saxladıqda o, bu işdə Komitənin əməkdaşı olan Təqsirləndirilən şəxs ona köməklik edə biləcəyini demişdir. Mehmandan onunla danışmağı xahiş etdikdə, Mehman Eminlə danışıb, sonuncunun qeyd olunan avtomobilin gömrük rəsmiləşdirməsini 20.000 manata həll edəcəyini demişdir. Bu barədə Zakirə bildirdikdə sonuncu etiraz etməmişdir. Elə həmin gün «Qismət» şadlıq evinin yaxınlığında Zakirlə görüşüb 20.000 manat pulu və müvafiq sənədləri sonuncudan götürmüşdür. Səhəri gün Atatürk prospektində yerləşən «Karvansaray» kafesinin yerləşdiyi binanın həyətində Eminlə görüşmüş və sonuncunu üzdən tanımışdır. Çünki əvvəllər də avtomobil gətirərkən Emini gömrükdə görmüşdür. X28 danışdığı üçün təkrarən onunla heç bir şey danışmamış, sadəcə Mehman məbləğdə bir az kömək etməsini xahiş etdiyi üçün Emin dediyi məbləğdən 1.000 manat keçə biləcəyini demişdir. Bundan sonra cibindən 19.000 manat pulu və avtomobilin sənədlərini çıxarıb Eminə vermişdir. Sonuncu bir həftə ərzində gömrük rəsmiləşdirməsinin həll olunacağını bildirmişdir. Sonra Zakirlə görüşüb 1.000 manatı qaytarmışdır. Deyilən vaxt çatdıqda Eminlə əlaqə saxlamış, sonuncu 1-2 günə işin həll olunacağını demiş, lakin iş həll olunmamışdır. Bundan sonra mütəmadi olaraq Mehmanla birlikdə, bəzən də tək Eminlə görüşüb, ondan iş barədə soruşmuşdur. Emin hər dəfə bir bəhanə gətirərək vaxtı uzatmışdır. Hətta bununla bağlı Mehmanla Eminin arasında SMS yazışmaları da olmuşdur. Sonradan Eminin onu aldatmağa başladığını görüb, Zakir ondan pulunu və avtomobilin sənədlərini tələb etmişdir. 25 may 2017-ci il tarixdə Baş Prokurorluğa ərizə vermiş və bundan sonra Emin çəkinərək avtomobilin sənədlərini ona qaytarıb, pulu 1-2 günə verəcəyini demişdir. Onun ərizəsi Dövlət Gömrük Komitəsinə göndərilmiş və oradan verilən cavabdan Mehmanın 21 noyabr 2016-cı il tarixdə gömrük orqanında işdən çıxarıldığı məlum olmuşdur. İşin 2-ci cildinin 9-38-ci vərəqlərindəki protokoldan görünür ki, X10 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna baxış keçirilərkən Təqsirləndirilən şəxslə aralarında olan SMS və «Whatsapp» sosial şəbəkəsində olan yazışmalarında həqiqətən də Təqsirləndirilən şəxs Xalıqverdi Alıyevdən «Mercedes-Benz Vito» markalı avtomobilin sənədlərini həll etmək üçün sonuncudan pul alması, lakin, işi həll etmədiyi, həmçinin dəfələrlə Mehmanın Emindən pulu və sənədləri qaytarmağı xahiş etsə də, sonuncunun bu gün-sabah deyib qaytarmadığı müəyyən edilmişdir. İstintaq zərurəti ilə əlaqədar əhəmiyyət kəsb etdiyindən X10 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundakı SMS və «Watsapp» sosial şəbəkəsində olan yazışmalardan çıxarışlar edilərək istintaq materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 123, 166-cı vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİnin tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cildinin 295-ci vərəqindəki zərərçəkmiş şəxs X5 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İşin 2-ci cildinin 296-cı vərəqindəki zərərçəkmiş şəxs X8 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. İşin 2-ci cildinin 297-ci vərəqindəki zərərçəkmiş şəxs X13 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. İşin 1-ci cildinin 60-61-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2016-cı il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 117-ci vərəqindəki qərardan görünür ki, 30 dekabr 2016-cı il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 2-ci cildinin 75-ci vərəqindəki axtarışda olan şəxsin könüllü gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2017-ci il tarixdə könüllü olaraq Nərimanov RPİ-nin 16-cı PB-nə gəlmişdir. İşin 2-ci cildinin 99-101-ci vərəqlərindəki tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 2 avqust 2017-ci il tarixdə Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. İşin 2-ci cildinin 261-262-ci vərəqlərindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2018İ-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, onun barəsində axtarış elan edilməklə, cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır. İşdəki axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdə tutulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. İşdəki doğum haqqında şəhadəİtnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 iyul 2014-cü il təvəllüdlü Furqan Hacıyev adlı bir azyaşlı uşağı vardır. İşdəki sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 2 iyul 2014-cü il təvəllüdlü oğlu Furqan Hacıyev xəstədir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamda zərərçəkmiş şəxs X2 19.000 (on doqquz min) manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi göstərilmişdir. Lakin 1 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-in 177-ci maddəsinin «qeyd» hissəsində edilmiş dəyişikliyə əsasən, həmin Məcəllənin 177-182, 185-187 və 189-1-ci maddələrində zərərin «xeyli miqdar» təşkil etməsi üçün beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, «külli miqdar» təşkil etməsi üçün əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Ona görə də, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X6 aid hissədə verilmiş ittihamda «külli miqdarda» sözləri «xeyli miqdarda» sözləri ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxslərin əmlakını (pullarını) dələduzluq yolu ilə ələ keçirtmək niyyətinin olmadığını, həmin pulları xəstə uşağının müalicəsinə xərclədiyini göstərdi. Onun bu hissədə ifadəsi məhkəmədə və ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı sənədlər və işin digər faktiki halları ilə tam təsdiq olunduğundan, məhkəmə ifadəsinə həmin hissədə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birinə uyğun gələn sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməklə, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə qanunun yuxarıda qeyd edilən göstərişini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.3.2-ci maddəsi ilə əlavə cəza da təyin edilməli, o, dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası və CM-in 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 28 dekabr 2016-cı il tarxdən 30 dekabr 2016-cı il tarixədək tutulduğu 2 (iki) gün, 31 iyul 2017-ci il tarixdən 02 avqust 2017-ci il tarixədək tutulduğu 2 (iki) gün və 13 iyul 2022-ci il tarixdən 18 noyabr 2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu 4 (dörd) ay 5 (beş) gün olmaqla cəmi 4 (dörd) ay 9 (doqquz) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Lakin onun şəxsiyyətini, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, azyaşlı övladının xəstəliyini nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, onun qəti olaraq üzərində saxlanılan azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməklə, onun üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs təyin edilən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının icrası və sınaq müddəti ərzində onun davranışına nəzarət Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübutların olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Həmin maddə ilə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 28 dekabr 2016-cı il tarxdən 30 dekabr 2016-cı il tarixədək tutulduğu 2 (iki) gün, 31 iyul 2017-ci il tarixdən 02 avqust 2017-ci il tarixədək tutulduğu tutulduğu 2 (iki) gün və 13 iyul 2022-ci il tarixdən 18 noyabr 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 4 (dörd) ay 5 (beş) gün olmaqla cəmi 4 (dörd) ay 9 (doqquz) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 1 (bir) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq üzərində saxlanılmış 5 (beş) il 1 (bir) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının icrası və sınaq müddəti ərzində onun davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübutların olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-50/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-50/2022
18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver