Məhkəmə qərarları › İş №1(101)-501/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-501/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-501/2023 21.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 2002-ci ildə Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Babək rayonu Badaşqan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 29,178.2.2, 29,178.2.4, 310, 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə təkrar dələduzluq etmiş və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməyə təkrarən cəhd göstərmiş, özünü vəzifəli şəxs kimi təqdim etməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmiş və səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı müxtəlif vətəndaşların xeyrinə edəcəyi hərəkətə görə onları birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə təkrarən təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin noyabr ayının əvvəllərində yaşadığı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Badaşqan kəndindəki evində polis geyim formasını geyinərək “Whatsap” tətbiqetmə proqramı vasitəsi ilə videogörüntülü zəng edib Zərərçəkmiş şəxs1 özünü nümayiş etdirməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, bununla da özbaşına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Zərərçəkmiş şəxs1 DİN-in X14 işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.300 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək razılığını almaqla onunla sövdələşmiş, bundan sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs məxsus "xxxx" plastik bank kartına 11 noyabr 2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 11 ünvanında yerləşən “E-Manat” ödəmə terminalı vasitəsi ilə 2000 manat, 11 dekabr 2021-ci il tarixdə isə ünvan 3 ünvanında yerləşən “Ruzi” marketdə quraşdırılmış “E-Manat” ödəmə terminalı vasitəsi ilə 1.300 manat olmaqla ümumilikdə 3300 manat məbləğində göndərdiyi pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 3.300 manat maddi ziyan vurmaqla dələduzluq etmiş, səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə təhrik etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin may ayının əvvələrində yaşadığı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Badaşqan kəndindəki evində polis geyim formasını geyinərək “Whatsap” tətbiqetmə proqramı vasitəsi ilə videogörüntülü zəng edib Zərərçəkmiş şəxs2 özünü nümayiş etdirməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, bununla da özbaşına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Zərərçəkmiş şəxs2 DİN-in X14 işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək razılığını almaqla onunla sövdələşmiş, bundan sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs məxsus "xxxx" plastik bank kartına 11 may 2022-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 May küçəsində yerləşən “Araz” marketdəki “E-Manat” ödəmə terminalı vasitəsi ilə 1000 manat məbləğində göndərdiyi pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 1.000 manat maddi ziyan vurmaqla dələduzluq etmiş, səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə təkrarən təhrik etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyun ayının əvvəllərində yaşadığı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Badaşqan kəndindəki evində polis geyim formasını geyinərək “Whatsap” tətbiqetmə proqramı vasitəsi ilə videogörüntülü zəng edib Zərərçəkmiş şəxs3 özünü nümayiş etdirməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, bununla da özbaşına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Zərərçəkmiş şəxs3 DİN-in Polis Akademiyasına müdavim kimi qəbul olunmasını yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.025 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək razılığını almaqla onunla sövdələşmiş, bundan sonra Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs məxsus "xxxx" plastik bank kartına 2022-ci ilin iyun ayının əvvəllərində Astara şəhəri ərazisində yerləşən “qardaşlar” marketdəki “E-Manat” ödəmə terminalı vasitəsi ilə 125 manat, 10 iyun 2022-ci il tarixdə eyni ünvandan 300 manat və 17 iyun 2022-ci il tarixdə eyni ünvandan 600 manat olmaqla ümumilikdə 1.025 manat məbləğində göndərdiyi pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs3 1.025 manat maddi ziyan vurmaqla dələduzluq etmiş, səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə təkrarən təhrik etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 iyul 2022-ci il tarixdə yaşadığı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Badaşqan kəndindəki evində polis geyim formasını geyinərək “Whatsap” tətbiqetmə proqramı vasitəsi ilə videogörüntülü zəng edib Zərərçəkmiş şəxs4 özünü nümayiş etdirməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, bununla da özbaşına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Zərərçəkmiş şəxs4 DİN-in X14 işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.550 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək razılığını almaqla onunla sövdələşmiş, bundan sonra Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs məxsus "xxxx" plastik bank kartına 01 iyul 2022ci il tarixdə ünvan 4 ünvanında yerləşən “AL” marketdəki “Milliön” ödəmə terminalı vasitəsi ilə 3500 manat, 07 iyul 2022-ci il tarixdə isə eyni ünvandan 50 manat olmaqla ümumilikdə 3550 manat məbləğində göndərdiyi pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs4 3.550 manat maddi ziyan vurmaqla dələduzluq etmiş, səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə təkrarən təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyul ayının əvvələrində yaşadığı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Badaşqan kəndindəki evində polis geyim formasını geyinərək “Whatsap” tətbiqetmə proqramı vasitəsi ilə videogörüntülü zəng edib Zərərçəkmiş şəxs5 özünü nümayiş etdirməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, bununla da özbaşına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Zərərçəkmiş şəxs5 DİN-in X14 işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək razılığını almaqla onunla sövdələşmiş, inam yaradılması üçün Zərərçəkmiş şəxs5 DİO-ya qəbul olunması barədə saxta əmr tərtib etməklə surətini təqdim etmiş, bundan sonra Zərərçəkmiş şəxs5 04 iyul 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, M.S.Ordubadi küçəsində quraşdırlmış “Milliön” ödəmə terminalı vasitəsi ilə Vüsal Buradova məxsus "xxxx" plastik bank kartına 195 manat pulu bank köçürmə vasitəsi ilə göndərmiş, qalan 9.805 manatı, yəni xeyli miqdarda pulu 13 iyul 2022-ci il tarixdə dələduzluq yolu ilə ələ keçirməyə cəhd göstərmiş, lakin öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməmiş, səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı Zərərçəkmiş şəxs5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə təkrarən təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində dünyaya gəlmiş, lakin Naxçıvan Muxtar Respublikasının Babək rayonu Badaşqan kəndində qeydiyyatda olmaqla yaşamışdır. İşi olmadığı üçün və maddi çətinlik çəkdiyi üçün özünü polis əməkdaşı kimi təqdim etməklə dələduzluq yolu ilə pul qazanmaq qərarına gəlmişdir. Bu məqsədlə “İnstagram” sosial şəbəkəsində tanış olduğu qadınlara özünü polis əməkdaşı kimi təqdim etmiş, X14 xidmətə qəbul etdirməyə qadir olduğunu bildirmişdir. Hətta o polis geyimini əldə edərək bu geyimdə çəkdirdiyi şəkili “İnstagram”-dakı səhifəsinə yerləşdirmişdir. Onun sosial şəbəkələrdə tanış olduğu Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 onunla yazışaraq polisə xidmətə qəbul olmaq istədiklərini bildirmişlər. O da tamah məqsədi ilə plastik bank kartının nömrəsini həmin qadınlara göndərərək sevik polis alayına işə düzəltmək adı ilə 2021-ci ilin noyabr ayında Çınarə Hüseynovadan 3300 manat, 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs2 1000 manat, 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs4 3550 manat, həmin ayda Zərərçəkmiş şəxs5 195 manat pulu, Polis Akademiyasına qəbul etdirmək adı ilə Zərərçəkmiş şəxs3 2022-ci ilin iyun ayında 1025 manat pulu öz kartına köçürtdürtməklə mənimsəmişdir. Zərərçəkmiş şəxslərə pul məbləğlərini vəzifəli şəxsə onları işə düzəltmək üçün rüşvət kimi verməyi bildirmişdir. Həqiqətdə isə onun polis orqanlarında və yaxud digər dövlət orqanlarında tanıdığı vəzifəli şəxs yoxdur. Sadəcə qızlar ona inanıb pulu göndərsinlər deyə onlara yalan məlumat vermişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanımışdır. Belə ki, Vüsalın həmin şəbəkədə olan polis geyimli fotoşəkilini görmüş və Vüsalla videogörüntü ilə tanışlıq zamanı sonuncu Daxili İşlər Nazirliyinin əməkdaşı olduğunu, X14 xidmətə düzəltməyə qadir olduğunu, lakin bunun üçün müəyyən məbləğdə hansısa vəzifəli şəxsə pul verilməsi lazım olduğunu bildirmişdir. O gənc yaşlarında polisdə xidmət etmək həvəsində olmuşdur, hətta bir neçə dəfə X9 sənədlərini təqdim etmiş, X7 rəhbər şəxslərin qəbulunda da olmuşdur. Lakin, onu polisə xidmətə qəbul etməmişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs müraciətinə inanmışdır ki, ora xidmətə bu üsulla qəbul olunmaq mümkündür. Vüsal ona bu işin həlli üçün hansısa vəzifəli şəxsə 3300 manat pul vermək lazım olduğunu bildirdiyi üçün o valideyinləri ilə məsləhətləşərək Vüsalın təklifi ilə razılaşmış və Vüsalın ona göndərdiyi "xxxx"-ın plastik kartına 2021-ci ilin noyabr ayında Xırdalan şəhərində yerləşən “E-Manat” ödəmə terminalı vasitəsi ilə 2000 manat, 11 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Ruzi” marketdə quraşdırılmış “E-Manat” ödəmə terminalı vasitəsi ilə 1.300 manat pulu, cəmi isə Vüsalın kartına 3300 manat pul köçürmüşdür. Bundan sonra Vüsal guya onun X10 işə qəbul olunmağı barədə “xx.xx.2022-ci il tarixli 221 nömrəli” saxta əmrin fotosunu “Whatsap” ani mesajlaşma proqramı vasitəsi ilə göndərmiş, lakin o, əmri tanış polis əməkdaşlarına göstərdikdə ona bu əmrin saxta olduğunu bildirmişlər. Vüsaldan pulu geri qaytarmasını tələb etməyə başlamış, bundan sonra Vüsalın anası ondan oğlundan şikayət etməməyi xahiş edərək, kartına cəmi 300 manat pul göndərmiş, qalan ziyanı ödəməmişdir. Pulunu ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Naxçıvan MR Şərur rayon Qarxun kəndində anadan olmuş və orada qeydiyyatdadır.O, Azərbaycan Dillər Universitetini bitirmiş, ixtisasca fransız dili müəllimidir.Lakin, arzusu polis olmaq idi. Özünün “İnstagram” sosial şəbəkəsində səhifəsi vardır, həmin şəbəkədə Təqsirləndirilən şəxs tanış olmuş, Vüsalın səhifəsində polis formasında fotoşəkili olmuş, özü isə onla danışan zaman polis zabiti olduğunu, DİN-nin Baş Cinayət Axtarış idarəsində işlədiyini bildirmişdir.O Vüsala polis olmaq həvəsini bildirdik də, Vüsal ona bu işi görə biləcəyini demiş, sadəcə hansısa rəsiə 10000 manat pul verməli olduğunu demişdir. Onun bu qədər imkanı olmadığı üçün bu məbləğlə razılaşmadığı üçün bundan sonra ondan 4000 manat istəmiş, o isə ona yalnız 3500 manat pul verə biləcəyini bildirmişdir. Vüsal da ona guya hörmət əlaməti olaraq qalan pulu öz cibindən verəcəyini sonra hesablaşacaqlarını bildirmişdir. Bundan sonra 01 iyul 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən “Al market”-də ki “Milli Ön” ödəmə terminalı vasitəsi ilə Vüsalın ona göndərdiyi "xxxx"-ın plastik kartının görüntüsü əsasında həmin karta 3500 manat pul göndərmiş, bundan bir neçə gün sonra isə Vüsal ondan 50 manat borc istəmişdir. Oda eyni üsulla Vüsala 50 manatı göndərmişdir.Vüsal ilə həmin ayın ortalarında Bakı şəhərində “28 May” metrostansiyasının qarşısında görüşmüş və ona Vüsalın istədiyi sənədlərin surətlərini və fotoşəkillərini vermişdir. Lakin, o görüşdən təxminən bir ay sonra eşitmişdir ki, Vüsal dələduzluq əməllərinə görə həbs olunmuşdur. Bundan sonra o da hüquq mühafizə orqanlarına şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sosial şəbəkələrdən tanımışdır. Belə ki, polis orqanlarında işləmək arzusu olduğundan “İnstaqram” sosial şəbəkəsində “Cinayət axtarış” səhifəsinə daxil olub Təqsirləndirilən şəxsla tanış olmuşdur. Hətta Vüsalla görüntülü ünsiyyətdə olmuş, sonuncu ona polis orqanlarında müxtəlif vəzifələrdə işlədiyini bildirmişdir. Vüsalın sosial şəbəkədəki səhifəsində polis formasında şəkillərini də görmüşdür. Söhbət zamanı Vüsal ona müəyyən məbləğ müqabilində polis orqanlarında müxtəlif vəzifələrə işə qəbul olunmağına köməklik göstərə biləcəyini demişdir. 2022-ci ilin may ayında Vüsal ona demişdir ki, 1250 manat ödəməklə ona Daxili İşlər Nazirliyinin X14 polis nəfəri kimi işə düzəlməyinə köməklik göstərə bilər. O isə 1.000 manat verə biləcəyini demiş, Vüsal da razılaşmışdır. Beləliklə də 2022-cı ilin may ayının 11-də Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 May küçəsində yerləşən “Araz” marketdə quraşdırılan “E-Manat” ödəmə terminalı vasitəsi ilə Vüsalın göndərdiyi "xxxx"ın plastik kartına 1.000 manat pul göndərmişdir. Bundan sonra Vüsal onunla əlaqə saxlayıb pulu qəbul etdiyini bildirmiş və həmin gün Vüsalla Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Nəriman Nərimanov” metrostansiyasının qarşısında görüşərək Vüsala şəxsiyyət vəsiqəsinin surətini və fotoşəkillərini vermişdir. Vüsal onu bir daha əmin etmişdir ki, öz əlaqələri ilə onu Daxili İşlər Nazirliyinin X14 polis nəfəri kimi işə düzəldəcəkdir. Lakin Vüsal onu aldadaraq verdiyi vədə əməl etməyib müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış, pulunu geri tələb etdikdə isə pulunu da qaytarmadığı üçün Vüsalın barəsində hüquq-mühafizə orqanlarına ərizə ilə şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçən ildən “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanımışdır. Həmin şəbəkədə Vüsal özünə məxsus səhifəsində polis geyimində fotoşəklini yerləşdirmiş və özünün 6 ildir ki, polis orqanlarında müxtəlif vəzifələrdə işlədiyini bildirmişdir. Qeyd etmək istəyir ki, o, gənc vaxtlarından polis orqanlarında işləmək arzusunda olmuş, bu məqsədlə DİN-ə rəsmi müraciət etmiş, hətta rəhbər şəxslərin qəbulunda olsa da arzusuna nail ola bilməmişdir. Vüsala bu barədə bildirdikdə Vüsal onu əmin etmişdir ki, müəyyən məbləğ düzəldə bilsə rəisinin vasitəsi ilə onu Daxili İşlər Nazirliyinin X14 polis nəfəri kimi işə düzəlməyinə köməklik göstərə bilər. O da evdə məsləhətləşib qərara gəlmişdir ki, Vüsalın vasitəsi ilə Daxili İşlər Nazirliyinin X14 polis nəfəri kimi işə düzəlsin. Vüsal lazımi sənədləri toplayıb ona verməyini tapşırmış, o da işə düzəlmə ilə bağlı sənədlərin surətlərini və 6 ədəd fotoşəkilini 2022-cı ilin may ayının ortalarında Vüsal ilə metronun “28 May” stansiyasının qarşısında görüşərək ona vermişdir. O, həmin yerə idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobili ilə getmişdir. Vüsal onun avtomobilinə minib 10.000 manat müqabilində onu Daxili İşlər Nazirliyinin X14 polis nəfəri kimi işə düzəldəcəyini bildirmişdir. O isə əmri çıxmayınca Vüsala heç bir məbləğdə pul verməyəcəyini demişdir. Bir neçə dəfə Vüsal zəng edib pulu tələb etdikdə, o yenə də ona xatırlatmışdır ki, əmr olandan sonra 10.000 manat pulu verə bilər. 04 iyul 2022-ci il tarixdə Vüsal ona özünə məxsus "xxxx"ın plastik kartının nömrəsini göndərib işə düzəlməsi ilə əlaqədar sosial təminat xərci kimi 195 manat pul ödəməli olduğunu bildirmiş, o da bu məbləğin az olduğunu nəzərə alaraq yaşadığı Masazır qəsəbəsindəki evinin yanında olan “Milliön” ödəmə terminalı vasitəsi ilə 195 manat pulu Vüsalın kartına göndərmişdir. Bundan sonra Vüsal onunla əlaqə saxlayıb maksimum 28 günə əmrinin çıxacağını bildirmiş, 12 iyul 2022-ci il tarixdə isə ona zəng edib əmrinin çıxmasını bildirərək 10.000 manat pulu bank kartına göndərməyini xahiş etmişdir. O isə əmri görməyincə pul verməyəcəyini demişdir. Növbəti gün Vüsal telefonuna əmrin şəkilini atmışdır. Həmin əmrdə onun X14 işə qəbul olunmağı qeyd olunmuşdur. O, əmri çap edib pulu verməmişdən öncə dəqiqləşdirmək üçün X14 gedib əmri göstərmişdir. Orada əmrin saxta olduğunu ona bildirmişlər və o, BMCMİ-yə gedərək Vüsalın barəsində şikayət ərizəsi vermişdir. Məhkəmə tərəfindən görülmüş tədbirlərə baxmayaraq Zərərçəkmiş şəxs3 yerini müəyyən etmək mümkyn olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayından etibarən tanıyır, sonuncu ilə “İnstaqram” sosial şəbəkəsində tanış olmuşdur. Belə ki, Vüsal onunla “Polis_Din” səhifəsində tanış olmuş və özünü polis orqanlarında müxtəlif vəzifələrdə işlədiyini, polis leytenantı olduğunu bildirmişdir. Vüsal ilə heç bir vaxt canlı ünsiyyətdə olmamış, yalnız mesaj yazmışdır. Vüsal özünün polis paltarında şəkillərini də atmışdır. Söhbətlərin birində Vüsala bildirmişdir ki, polis orqanlarında işləmək arzusu vardır. Vüsal isə demişdir ki, istəyirsə Polis Akademiyasına qəbul olunmağına köməklik göstərə bilər. O, Vüsala yaşının az olduğunu dedikdə, Vüsal onu əmin etmişdir ki, 15 yaşında da qəbul mümkündür. Bunun üçün 6.000 manat pul vermək lazımdır. O isə demişdir ki, bu qədər pul yoxdur, hissə-hissə verə bilər. Vüsal da razılaşmışdır. Vüsal ona bildirmişdir ki, sənədlərin toplanılması üçün əvvəlcə 125 manat pul ödəmək lazımdır və özünə məxsus "xxxx"ın plastik kartının nömrəsini göndərib xahiş etmişdir ki, pulu həmin karta köçürsün. İlk dəfə 2022-ci ilin iyun ayının əvvəllərində Astara şəhəri ərazisində yerləşən “Qardaşlar” marketdə quraşdırılan “E-Manat” ödəmə terminalı vasitəsi ilə 125 manat pulu Vüsalın adına olan bank kartına köçürmüşdür. Bundan sonra iyun ayının təxminən 10-da eyni ünvandan “E-Manat” ödəmə terminalı vasitəsi ilə 300 manat, sonuncu dəfə iyun ayının təxminən 17-də eyni unvandan ”E-Manat” ödəmə terminalı vasitəsi ilə 600 manat olmaqla ümumilkdə 1025 manat pulu Vüsalın kartına köçürmüşdür. Beləliklə də Vüsal ondan ümumilikdə 1025 manat almış və müxtəlif bəhanələrlə vaxtı uzatmışdır.Sonra isə Vüsalın telefonuna zəng çatmamışdır. Sonradan ona məlum olmuşdur ki, Vüsal onun kimi bir neçə şəxsi aldadıb pullarını ələ keçirdiyinə görə həbs olunub. Ona görə də Vüsalın barəsində ərizə ilə şikayət etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış DİN-nin BMCMİ-nin rəisinə ünvanlanan Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, təxminən 5-6 ay əvvəl “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs söhbət əsnasında ona polis orqanlarında işə düzəldəcəyini söyləmiş və ondan şəxsiyyətinə aid sənədlər götürmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Rafiq Abbasovun imzası olmaqla işlə qəbul barədə sənəd vermiş və kartına 10.000 manat pul köçürməyi təklif etmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BMCMİ-nin rəisinə ünvanlanan Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş, sonuncu özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edərək, polis oranlarına işə qəbul üçün ondan 3300 manat dəyərində pul almışdır. İki dəfəyə pulu E-manat aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs kartına ödəmişdir. Təqsirləndirilən şəxs onu aldatdığı üçün Binəqədi RPİ-nin 7-ci PBnə şikayət etmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BMCMİ-nin rəisinə ünvanlanan Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, sosial şəbəkə vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs özünü polis əməkdaşı kimi təqdim edib, onu aldadaraq DİN-nin X14 polis nəfəri kimi işə qəbul edilməyinə köməklik göstərəcəyi adı ilə 2022-ci ilin iyul ayında hissə-hissə olmaqla onun 3550 manatını Bakı şəhəri, Sabunçu rayonu, Aydəmirov küçəsi 37 ünanda yerləşən Al marketdə quraşdırılmış Milliön ödəmə terminalı vasitəsi ilə bank kartına qəbul etməklə ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BMCMİ-nin rəisinə ünvanlanan Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, sosial şəbəkə vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs özünü polis əməkdaşı kimi təqdim edib, onu aldadaraq DİN-nin X14 polis nəfəri kimi işə qəbul edilməyinə köməklik göstərəcəyi adı ilə 11 may 2022-ci tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən “Araz” marketdə quraşdırılmış E-manat ödəmə terminalı vasitəsi ilə 1000 manat pulunu ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BMCMİ-nin rəisinə ünvanlanan Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, sosial şəbəkə vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs özünü polis əməkdaşı kimi təqdim edib, onu Polis Akademiyasına qəbul etdirəcəyi adı ilə 2022-ci ilin iyun ayında 1025 manat pulunu ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 29,178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuş, etdiyi əməlləri ilə əlaqədar verdiyi izahatına polis baş leytenantı və polis kapitanı geyimində olan 2 ədəd fotoşəklini, özünü Daxili İşlər Nazirliyinin Cinayət X1masına dair vəsiqəsinin fotoşəklini və öz adına olan KapitalBankın bank kartının fotoşəklini və Zərərçəkmiş şəxs5 DİN-nin X14 kiçik rəis heyəti vəzifəsinə təyin edilməsinə dair xx.xx.2022-ci il tarixli 423 saylı əmrini əlavə etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 29,178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 iyul 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «telefon danışıqlarına baxış keçirilməsi haqqında» 12.08.022-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən 12 avqust 2022-ci il tarixli 14959 saylı məktubla daxil olan məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etməsi müəyyən edilmişdir. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olsa da, cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumat müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 03 oktyabr 2021-ci il tarixli, 157000/2-4844 saylı məktubundan müəyyən olnur ki, daxil olmuş məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs adına "xxxx" ASC-də açılmış kart hesabına 2021-ci ilin noyabr ayından 2022-ci ilin avqust ayınadək müxtəlif məbləğlərdə pul vəsaiti mədaxil olmaqla məxaric edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «Respublika Narkoloji Mərkəzi» X13 xx/xx-11766 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2, 29,178.2.2, 29,178.2.4, 310, 32.4,312.2-ci maddələri ilə tövsif etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə təkrar dələduzluq etmiş və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməyə təkrarən cəhd göstərmiş, özünü vəzifəli şəxs kimi təqdim etməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmiş və səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı müxtəlif vətəndaşların xeyrinə edəcəyi hərəkətə görə onları birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə isə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Məhkəmə baxışı zamanı toplanmış sübutlarla tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs məhz dələduzluq cinayətinin hər iki formasından istifadə etməklə ittihamda qeyd edilən cinayət əməllərini törətmişdir. Bundan başqa Cinayət Məcəlləsinin 310-cu maddəsində qeyd edilir ki, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə kimi qiymətləndirilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs polis geyim formasını geyinib zərərçəkmiş şəxslərə özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etməklə özbaşına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Yuxarıda göstərilən Ali Məhkəməsinin Plenumunun qərarda həmçinin göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312ci maddələri) kimi qiymətləndirilir. Məhkəmə cinayətlərin məcmusu ilə təqsirləndirilən şəxsə cəza təyin etdikdə nəzərə alır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 qarşı əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd göstərmiş, lakin digər zərərçəkmiş şəxslərin əmlakını (pulu) alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs cinayət etməyə cəhdi CM-nin 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə, tamamlanmış dələdüzlüq cinayət əməlləri isə Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs CMnin178.2.2-ci və CM-nin 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə ayrı-ayrılıqda cəza təyin edilib cinayətlərin məcmusu üzrə qəti cəza təyin edidikdə təqsirləndirilən şəxsin vəziyyəti süni surətdə ağırlaşdırılmış olar. Belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və CM-nin 29,178.2.2, 29,178.2.4-cü maddələrin ayrı-ayrı bəndləri ilə nəzərdə tutulan əməllərinə görə başa çatan və başa çatmayan cinayət əməllərinə görə vahid cəza təyin edilməklə onun vəziyyətinin pisləşməsinin qarşısı alınmalıdır. Cinayətlər məcmusundan bəhs edən Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə görə həmin məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya çox cinayətin törədilməsi həmin cinayətlərin məcmusunu yaradır. Məhkəmə baxışında sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs dələduzluq və dələduzluğa cəhd etmə əməlləri CM-nin 17-ci maddəsində bəhs edilən müxtəlif maddələrlə deyil, CM-nin eyni maddəsi ilə ixtisaslaşdırılmışdır. Beləliklə də, mahiyyət etibarı ilə eyni cinayətin tərkibini təşkil edən cinayət əməllərindən hər hansı birinin müxtəlif səbəblərdən başa çatdırılmaması CM-nin müxtəlif maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi kimi qiymətləndirilməməli və cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi ilə müəyyən olunan normaların tətbiqinə səbəb olmamalıdır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər üzrə CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad etmə müddətləri keçməmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nın 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 178.2.2, 29,178.2.2, 29,178.2.4, 310-cu maddələri ilə tövsif edilmiş əməli az ağır cinayət əməlinə, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə tövsif edilmiş əməli isə ağır cinayət əməllərinə aiddir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 16 iyul 2022-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, X6 barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, xüsusi müsadirə olunmalı əmlak, alət və vasitə yoxdur. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 dəymiş ziyanla bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla 38 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün isə 320 (üç yüz iyirmi) manat pul 38 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 29,178.2.2, 29,178.2.4, 310, 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə 04 (dörd) il müddətə, CM-nin 310-cu maddəsi ilə 01 (bir) il 06 (ltı) ay müddətə, CM-in 32.4,312.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 16 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 dəymiş ziyanla bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 320 (üç yüz iyirmi) manat pul 38 saylıVəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar