Məhkəmə qərarları › İş №1(101)-503/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-503/2023

03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-503/2023 03.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1993-cü ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Kürəkçi kəndində qeydiyyatda olub, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi yeni massiv, ev 104-də yaşayan, barəsində ev dustaqlığı qətimkan təbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 01 sentyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan ““VAZ-21099”” markalı, AZ **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi AZNS ərazisindən keçən Korgöz-Qızıldaş avtomobil yolunda Qızıldaş qəsəbəsi istiqamətində saatda 60 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməməklə, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməməli olduğu halda qanunun qeyd olunan tələblərinə riayət etməyərək yol hərəkəti qaydalarını pozaraq həmin vaxt qaçaraq yolu soldan sağa doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurub nəticədə sonuncuya baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın ənsə nahiyəsinin əzilmiş yarası, sağ budun yuxarı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, bel nahiyəsinin, sağ said, sağ bud və sol çiyinüstü nahiyələrinin sıyrıqları kimi ölümünə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs ifadələrində ona elan edilmiş ittihamda nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, qardaşı Şahid məxsus “VAZ 21099” markalı AZ **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Qardaşı ona avtomobili Qızıldaş qəsəbəsi ərazisində və yaxın ərazilərdə sürməyə icazə vermişdir. Onun nəqliyyat vasitəsini idarə etmək üçün hüququ olmamışdır. 01 sentyabr 2022-ci il tarixdə səhər saatlarında o, “VAZ 21099” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək işlədiyi Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” TM-nə getmiş və həmin günü saat 18:00 radələrində oradan qayıdan zaman Korgöz-Qızıldaş avtomobil yolunda Qızıldaş qəsəbəsi istiqamətində saatda 60 km sürətlə hərəkətdə olarkən AZNS adlanan ərazidə qarşı yoldan əks istiqamətdə hərəkətdə olan markasını xatırlamadığı avtomobili keçdikdən sonra yolun sol kənar hissəsindən az yaşlı piyada qız qaçaraq yolu soldan sağa doğru keçməyə başladı. O, əvvəlcə əyləci basaraq avtomobili sol tərəf istiqamətləndirsə də avtomobilin qabaq sağ hissəsi ilə həmin uşağı vurmuşdur. O, avtomobili saxlayıb düşəndə uşağın zərbədən yolun sağ kənar hissəsinə düşdüyünü görmüşdür. Ona yoldan keçən tanımadığı şəxs kömək etmiş və onlar piyadanı onun idarə etdiyi avtomobilə mindirib, AZNS qəsəbəsində yerləşən təcili tibbi yardım stansiyasına aparmışlar. Orada tibb işçiləri həmin piyadanı təcili tibbi yardım avtomobilinə mindirib xəstəxanaya aparan zaman piyada təcili tibbi yardım avtomobilində vəfat etdi. Təcili tibbi yardım avtomobili avtomobili saxladı və hadisə barədə polisə məlumat verdi. Daha sonra polis əməkdaşları gəldilər. Həkimlər də meyiti polisə təhvil verilmişlər. Törətdiyi əməldən peşimandır. Hazırda o, zərərçəkmiş şəxsin hüqüqi varisi ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadələrində göstərdi ki, o, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs hadisəyə qədər tanımamışdır. O, 2010-cu il tarixdə ailə qurmuşdur. Üç övladı vardır. Hadisə nəticəsində həlak olmuş Zərərçəkmiş şəxs onun qızıdır. Könül xx xxxxxx 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Könül Korgöz qəsəbəsində yerləşən 197 nömrəli məktəbin 4cü sinfində oxuyurdu. 01 sentyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Könül böyük qardaşı Nizamı çağırmaq üçün evdən çıxdı. Bundan təxminən 15-20 dəqiqə sonra qonşusu ona Könülün yıxılıb qolunun əzildiyini, tez təcili yardıma getməsini dedi. O da evdən çıxıb təcili tibbi yardıma getmişdir. Oraya çatanda ona Könülü avtomobil vurduğunu, Könülü oraya sürücünün gətirdiyini oradan isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya apardıqlarını dedi. O, bundan sonra yolda təcili tibbi yardım avtomobilini görmüşdür. Orada da ona artıq Könülün vəfat etməsi məlum olmuşdur. Daha sonra Könülün meyiti müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına aparıldı. Daha sonra meyit onlara təhvil verilmişdir. Təqsirləndirilən şəxslə barışıblar, ondan şikayəti və tələbi yoxdur. Ona dəymiş bütün maddi zərər təqsirləndirilən şəxs tərəfindən qarşılanmışdır. Şahid ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onlar birlikdə Bakı şəhəri, Qaradağ rayonu Qızıldaş qəsəbəsinin yeni massivində yerləşən 104 saylı evdə yaşayırlar. O, 26 mart 2022-ci il tarixdə “VAZ 21099” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə alıb etibarnamə ilə idarə etmişdir. Avtomobilin pulunu tam ödəmədiyi üçün ona avtomobili sürmək üçün etibarnamə verilmişdir. O, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Qardaşı Təqsirləndirilən şəxs ilə bir ünvanda yaşadıqlarından hərdən avtomobil lazım olduğu üçün o, Nizamiyə avtomobili idarə etməyə vermişdir. Nizaminin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. 01 sentyabr 2022-ci il tarixdə səhər saatlarında o, evdə olmayanda qardaşı Nizami “VAZ 21099” markalı AZ **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadıqları evin həyətindən götürərək avtomobillə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinə getmiş və həmin günü saat 18:00 radələrində oradan qayıdan zaman Korgöz-Qızıldaş avtomobil yolunda yolu keçmək istəyən az yaşlı piyadanı vurmuşdur. Piyada da ölmüşdür. O, hadisə barədə sonradan eşitmişdir. O, hadisəni görməmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hadisə yerinə baxış zamanı hadisə yeri kimi Korgöz- Qızıldaş avtomobil yolunda Qızıldaş qəsəbəsi istiqamətində yerləşən AZNS adlanan yeri göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 02 sentyabr 2022-ci il tarixli, 8/2344 saylı rəyindən görünür ki, “VAZ-21099” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbləri ilə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbləri ilə uyğunsuzluq olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 02 sentyabr 2022-ci il tarixli, 81 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın ənsə nahiyəsinin əzilmiş yarası, sağ budun yuxarı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, bel nahiyəsinin, sağ said, sağ bud və sol çiyinüstü nahiyələrinin sıyrıqları aşkar edildi. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən yaranmışlar, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın yumşaq toxumasının əzilməsi, baş beyin toxumasına və beyin qişalarına qansızma ilə müşayiət olunan başın küt travması olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan, xx.xx.2022-ci il, saat 21:00da, 3-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr isə aşkar edilməmişdir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs tərəfindən ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 263-1.3cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və ya onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə 85 (səksən beş) manat xərclənməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 40 (qırx) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 240 (iki yüz qırx) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs müdafiə xərcinin ödənilməsindən azad edilməsini əsaslı sayır. Çünki onun həmin məbləği ödəmək imkanın olmaması müəyyən olundu. Ekspertiza xərcinin ödənilməsindən onun azad edilməsi üçün hüquqi əsas müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, həmin məbləğin ondan tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. İş üzrə maddi sübut yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 sentyabr 2022-ci il tarixdə isə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, 24 sentyabr 2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub hazırkı vaxta qədər ev dustaqlığında olması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edəkən həmin halı nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 ərizə ilə müraciət edərək baş vermiş hadisə ilə bağlı heç bir şikayət və tələbinin olmadığını, ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışması, ifadələr verib törətdiyi əməldən peşiman olması, cinayətin açılmasında iştirak etməsi, əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki onun tərəfindən törədilmiş ictimai təhlükəli əməlin xarakteri, zərərçəkmiş şəxsin şəxsiyyəti və iş üzrə təyin olunacaq cəzanın növünü müəyyən edilməsinə təsir edən hallar ona azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza təyin etmək üçün əsas vermədi. Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən istintaq zamanı onun barəsində qətimkan tədbiri qismində seçilmiş ev dustaqlığının hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 03 sentyabr 2022-ci il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş ev dustaqlığı hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf olunmuş 85 (səksən beş) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi ödəmək üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilmiş məbləğin ödənilməsindən azad olunsun. Ekspertizanın keçirilməsinə sərf edilmiş 85 (səksən beş) manat ondan tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar