Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-505/2024 13.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-127/2022 saylı hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (hökmün təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülərək təqsirləndirilir onda ki, o, satış məqsədi ilə qanunsuz olaraq 19 ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 13,148 qram olan külli miqdarda narkotik vasitə heroini və 08 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 3,618 qram olan külli miqdarda psixotrop maddə metamfetaminin istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlamaqla daşımış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, istifadəsi və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:15-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə aparılıb, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əyinində olan qara rəngli cins şalvarının sol yan cibindən 19 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,664 qram, 0,640 qram, 0,710 qram, 0,313 qram, 0,670 qram,1,612 qram, 0,885 qram, 0,806 qram, 0,846 qram, 0,281 qram, 0,678 qram, 0,860 qram, 0,885 qram, 0,391 qram, 0,342 qram, 0,312 qram, 0,235 qram, 0,304 qram, 0,714 qram, ümumi təmiz çəkisi 13,148 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 08 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,255 qram, 0,701 qram, 0,523 qram, 0,425 qram, 0,402 qram, 0,462 qram, 0,214 qram, 0,636 qram, ümumi təmiz çəkisi 3,618 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış, eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində evdə yatarkən anası X9 və nənəsi X7 da evdə olmuşlar. Tanımadığı şəxslər onu yuxudan oyadıb Suraxanı RPİ-nin 31-ci PB-yə aparmışlar. Polis əməkdaşları onu evdən sürüyərək çıxartmışlar. Bölmədə narkotik vasitəni öz üzərinə götürmədiyinə görə döymüşlər. Onu döysələr də narkotik vasitəni öz üzərinə götürməmişdir. Yaşadığı evə daxil olan polis əməkdaşları video çəkilişdə narkotik vasitənin ona məxsus olmağını deməyə məcbur etmişlər, lakin o, sonuncularla razılaşmamışdır. Polis əməkdaşlarının dedikləri ilə razılaşmadığına görə evinə daxil olan şəxslərlə birlikdə foto şəkillərini çəkmişlər. Sonra onu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə aparmışlar, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evə 7-8 nəfər polis əməkdaşı daxil olmuşdur. Evdəkilərin dediyinə görə polis əməkdaşları evə hasardan daxil olmuşlar. Yatılı vəziyyətdə olduğuna görə yaşadığı evə hansı şəkildə polis əməkdaşlarının daxil olmaqlarını görməmişdir. Suraxanı RPİ-nin 31-ci PB-yə gətirdikdən sonra narkotik vasitənin ona məxsus olduğunu demədiyinə görə onu döyməyə başlamışlar. Saxlanıldığı zaman polis əməkdaşlarından başqa mülki şəxslər də olmuşdur. Saxlanıldığı zaman üzərində narkotik vasitə olmamışdır. Onu Vüqar, Səttar və “Mişa” adlı polis əməkdaşları saxlamışlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən ayağında elektron nəzarət vasitəsi olmuşdur. Tutulmazdan qabaq ara-sıra “kakos” və metamfetamin, hər gün marixuana istifadə etmişdir. Yaşadığı ev Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, döngə ev 25 ünvanında yerləşir. Həmin günü onu Suraxanı RPİ-nin 31-ci PB-də 1 saat saxlamışlar. PB-də olduğu zaman ayağında elektron nəzarət vasitəsi olmuşdur. 3 saylı İstintaq Təcridxanasına daxil olarkən xəsarətləri ilə bağlı məlumat vermişdir. Təcridxanaya prokurorluğun əməkdaşı gələndə xəsarətləri ilə bağlı məlumat versə də ona bildirmişlər ki, deyilənlər onun işinə mənfi təsir göstərəcək. O da ona görə döyüldüyünü bildirsə də şikayətinin olmadığını bildirmişdir. İttihamda aktında qeyd olunan narkotik vasitələr ona aid deyil. O, etiraf etmədiyinə görə polis əməkdaşları video çəkiliş aparmamışlar. Müdafiəçinin, polis əməkdaşlarının və mülki şəxslərin iştirakı ilə foto çəkiliş aparmışlar. Onu döyən şəxslər arasında Şahid1 olmuşdur. Tahir Bağırov küçəsi Suraxanı RPİ-nin 31-ci polis bölməsi tərəfdir. Onu bölməyə aparmışlar, lakin içəri girməyib pul istədikləri üçün geri qayıtmışlar. Təxminən 1 dəqiqə qapının yanında gözləmişlər, daha sonra evlərinə daxil olub pul istəmişlər. Təxminən saat 23:30 radələrinə kimi evdə olmuşlar. Pul gecikdiyinə görə polis əməkdaşları gözləməyə səlahiyyətləri çatmadıqlarını, Əmircan qəsəbəsində dəmir yolu keçidində gözləyəcəklərini bildirmişlər. Orada əməliyyatçılarla gözləmişlər, lakin pul gecikmiş və onu aparıb 31-ci polis bölməsinə təhvil vermişlər. Onlar bölmənin qarşısına gedib sonra qayıtmışlar, içəri girməmişlər. Həmin vaxt elektron nəzarət vasitəsi ayağında olmuşdur. Suraxanı RPİ-də biraz gözləmişlər, onu orada vurmuşlar. Probasiya İdarəsindən gələn cavablarda qeyd olunan İ.Məmmədov küçəsi Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən dəmir yolu keçidi olan yerdir. Polis əməkdaşları ilk öncə onu yaşadığı evdə saxlayıblar. Sonra isə onu yaşadığı evdən aparıb yenidən yaşadığı evə qaytarıblar. Daha sonra isə yaşadığı evdən götürüb pulun gəlməsi üçün dəmir yolu keçidi olan yerə gedib gözləmişlər. Pul gəlmədiyi üçün oradan onu Suraxanı RPİ-nin 31-ci PB-yə aparmışlar. Səttar ona hədə-qorxu gəlib ya narkotik maddələrini satmağını, ya da 20 min pul istədiyini bildirmişdir. Bölməyə aparmışlar, o, razılaşmışdır ki, evə getsinlər, evdəkilər də pul düzəldə bilməmişlər. O, əvvəllər CM-in 234.1-ci maddəsi ilə tutulan zaman narkomanların içərisində olmuş, ətrafı böyük olmuşdur. Səttar ona narkotik maddəni satmağını, arxasında olduğunu bildirmişdir. O, qəbul etməmiş, ona fiziki təzyiq göstərmişlər. Məhkəmədən anasının xəstə olmasının nəzərə alınmaqla barəsində ədaləti qərar verilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında axşam radələrində Təqsirləndirilən şəxs Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşadığı evin yanında saxlamışlar. Saxladıqdan sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-yə gətirmişlər. 31-ci PB-də təhqiqatçı sənədləşmə işləri apardıqdan sonra şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən 17-18 büküm narkotik vasitələr heroin, 7-8 büküm metamfetamin aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Suraxanı RPİ-nin, yaşadığı evin yaxınlığında hərəkətdə olan zaman saxlamışlar. Tədbir zamanı o və Şahid2 iştirak etmişlər. Yaxınlaşdıqları zaman Təqsirləndirilən şəxs heç bir aqressiv hərəkət göstərməmişdir. Əvvəllər təqsirləndirilən şəxs barəsində məlumatı olmamışdır. Təqsirləndirilən şəxsin üzərinə axtarış sonuncu sənədlərə qol çəkməkdən imtina etdiyinə görə hal şahidlərin iştirakı ilə foto çəkilişlə aparılmışdır. Video çəkilişin aparılmaması təhqiqatçıya aid olduğuna görə çəkilişin aparılmaması səbəbini bilmir. Hal şahidlərini o, dəvət etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni tanımadığı şəxsdən əldə etdiyini demişdir. Hal şahidlərinin şəxsiyyətləri barədə məlumatı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şəxsi axtarış zamanı çəkiliş 1 dəfə aparılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, gecə saat 01:00 radələrində saxlamışlar. Saxladıqları zaman Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərməmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra xidməti avtomobilə əyləşdirib Suraxanı RPİ-nin 31-ci PB-yə gətirmişlər. Şəxsi saxladıqları vaxt qoluna qandal bağlamamışlar. Hal şahidləri PB-də ibtidai istintaq hərəkətlərində sonadək iştirak etmişlər. Narkotik vasitələr Təqsirləndirilən şəxs şalvarının sol cibindən aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq göstərməmişlər. Təqsirləndirilən şəxs barəsində hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı üzərindəki elektron nəzarət vasitəsinin olmasını 31-ci PB-də görmüşlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, BNMİ-nin əməliyyat müvəkkili Vüqar Qəmbərova Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və o da həmin qrupun üzvü olmuşdur. Daxil olmuş məlumat əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinə getmişlər, həmin ünvanda Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-yə dəvət etmişlər. Suraxanı RPİ-nin 31-ci PB-də vəkilin və hal şahidlərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qış aylarında gecə saatlarında saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları tarix tam yadında qalmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Əmircan qəsəbəsində yaşadığı evin yaxınlığındakı küçədə saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt evinin harada olmasını bildirdiyi üçün sonuncunu yaşadığı evin yaxınlığında saxlamaqları yadında qalmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirtməmişlər. Təqsirləndirilən şəxs BNMİ-nin əməliyyat müvəkkili Şahid1la birgə saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları inzibati ərazi Suraxanı RPİ-nin ərazisi olduğu üçün Suraxanı RPİ-nin 31-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs BNMİ-yə aparmamışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirtdikdən sonra sonuncunu 31-ci PB-yə təhvil verib getmişlər. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələr heroin və metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələr büküm şəklində olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlərin sayı tam yadında deyil. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələri Bakı şəhəri ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarışın aparılmasına etiraz etdiyi üçün sonuncunun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirtmişlər. Təqsirləndirilən şəxs video çəkilişə etirazı çəkilişin aparılmaması ilə bağlı olmuşdur. Hal şahidləri Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar olunan narkotik vasitələri görmüşlər. Təqsirləndirilən şəxs barəsində məlumat Şahid1 daxil olduğu üçün sonuncu barəsində tam məlumatı yoxdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitədən başqa mobil telefonun aşkar olunması yadındadır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunub-olunmaması barədə məlumatı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs təxminən gecə 00:00-01:00 radələrində saxlamışlar, dəqiq hansı vaxtda saxlamaqları yadında deyil. Təqsirləndirilən şəxs saxladıqları tarix yadında deyil. Təqsirləndirilən şəxs saxladıqları yer Suraxanı RPİ-nin 31-ci PB-yə yaxın olduğu üçün 10-15 dəqiqəyə PB-yə aparmışlar. Təqsirləndirilən şəxs saxladıqları yerə Şahid1 şəxsi avtomobili ilə getmişlər. Təqsirləndirilən şəxs saxladıqları vaxt qoluna qandal vurmamışlar. Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-yə gətirdikdən 10 dəqiqə sonra sonuncunun üzərində şəxsi axtarış keçirtmişlər. Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparmışlar. Ümumiyyətlə, Təqsirləndirilən şəxs video çəkilişin aparılmasına etiraz edirdi, amma etirazın səbəbinin nədən ibarət olmasını bilmir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışda iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələrin bükümlərin sayı yadında deyil. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı iştirak edən hal şahidlərini tanımamış, ilk dəfə görmüşdür. Hal şahidlərini təhqiqatçı dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən götürməmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələrin özünə məxsus olmasını və Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs sənədlərə imza edib-etməməsi yadında deyil. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışın nə qədər vaxt aparılması yadında deyil. Təqsirləndirilən şəxs saxladıqları vaxt nə geyindiyi və şəxsi axtarış aparılan zaman narkotik vasitələrin geyimin hansı hissəsindən çıxması yadında deyil. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroinin çəkisi təxmini 10-15 qram ola bilərdi, metamfetaminin isə çəkisi heroindən az olması yadındadır. Təqsirləndirilən şəxs saxladıqdan sonra Suraxanı RPİ-nin 31-ci PB-də 1-ci mərtəbədə yerləşən xidməti otaqlardan birinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış aparılan zaman aşkar olunan narkotik vasitənin çəkisinə baxmamışdır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqdakı ifadəsi elan olunduqdan sonra hadisədə baş verənlər yadına düşmüşdür. Təqsirləndirilən şəxs ayağında elektron qolbağın olması yadına düşmüşdür. Elan olunmuş ifadəsinə tam qulaq asmamış, ona görə də, ifadəsində qeyd olunan bükümlərin sayı yadında qalmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələrin çəkisinin nə qədər olmasına yəqin ki baxmış, sadəcə baxıb-baxmadığı yadından çıxmışdır. Aşkar olunan narkotik vasitələrin neçə qram olması yadında deyil. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir, amma baş verənlər yadında qalmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə baş verən günü avtomobili Suraxanı rayonu ərazisində xarab olmuşdur. Həmin vaxt 2 nəfər polis əməkdaşı ona yaxınlaşmışlar və ondan saxladıqları şəxsin üzərinə şəxsi axtarış aparılan zaman hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. Polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-yə gəlmişlər. 31-ci PB-yə gələndə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman sonuncunun üzərindən coxlu sayda xırda bükümlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs 31-ci PB-də etdiyi əməldən peşman olduğunu və bir daha həbs olunmaq istəmədiyini bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlərin sayını dəqiq bilmir. Hadisədən 7 ay keçdiyinə görə narkotik vasitələr Təqsirləndirilən şəxs hansı cibindən aşkar olunduğu yadında deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış foto çəkilişlə aparılmışdır. Xırda ölçüdə narkotik vasitələr Təqsirləndirilən şəxs bir cibindən aşkar olunmuşdur. 31-ci PB-də olduğu vaxt Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa əşya və ya predmetin aşkar olunması yadında deyil. Təqsirləndirilən şəxs bir daha həbs olunmaq istəmədiyini deyəndə sonuncunun əvvəllər məhkum olunduğunu bilmişdir. Avtomobili gecə 00:00-01:00 radələrində xarab olduğuna görə hadisənin o vaxtda baş verdiyi yadındadır. Heç vaxt barəsində hüquq mühafizə orqanlarında araşdırma olmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman hal şahidi kimi iştirak etdiyinə görə bəzi sənədlərə imza çəkmişdir. Baş verən hadisədən sonra Türkiyə Respublikasında olduğu üçün heç bir istintaq hərəkətlərinə çağırılmadığı yadındadır. Həmin günü avtomaşını xarab olan zaman ona yaxınlaşan şəxslərdən biri polis formasında, o biri isə mülki geyimdə olmuşdur. Polis formasında olan şəxs ona yaxınlaşmışdır. Ona yaxınlaşan şəxsləri əvvəllər tanımamışdır. Suraxanı RPİ-nin 31-ci PB-də heç bir polis əməkdaşını əvvəllər tanımamışdır. Polis əməkdaşlarının onun 31-ci PB-də hal şahidi kimi iştirak etmək təkliflərinə etiraz etməmişdir. Əvvəllər polis əməkdaşları ilə əməkdaşlıq etməmişdir. Çəkiliş aparılan otağa daxil olanda stolun üzərində hər hansı bir əşya və ya predmet olmamışdır. O, gələndən sonra narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitənin Təqsirləndirilən şəxs hansi cibindən aşkar olunduğu yadında deyil. Aşkar olunan narkotik vasitələrin rəngi tünd şabalıdı olmuş, şəffaf sellofanlara bükülmüşdür. 31-ci PB-də olduğu zaman Təqsirləndirilən şəxs nə etiraz bildirməyini, nə də danışdığını eşitməmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitədən əlavə başqa əşya və predmetin aşkar olunduğunu görməmişdir. İş üzrə digər hal şahidini əvvəllər tanımamış, ilk dəfə 31-ci PB-də görmüşdür. xx.xx.2023-cü il tarixdə, 17:10-17:45 radələrində Suraxanı RPİ-də olmamışdır. Suraxanı RPİ-nin 31-ci PB-də neçə sənədə qol çəkdiyi yadında deyil. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrin rənglərinə tam fikir verməmişdir. 31-ci PB-də verdiyi ifadəni polis əməkdaşlarının köməyi ilə yazmışdır. Təqsirləndirilən şəxs məxsus telefon polis əməkdaşının əlində olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni hardan aldığını soruşsalar da cavab verməmişdir. 31-ci PB-də baş verənləri ifadəsində bildirsə də məhkəmədə yalan danışmamaq üçün yadında qalanları deyir. 31-ci PB-də imza etdiyi ifadəni oxumadan imza etmişdir. Narkotik vasitələr zərfə qoyulub möhürləndikdən sonra tərəflərindən imzalanmışdır. Narkotik vasitələr bir zərfə qoyulmuşdur. xx.xx.2023-cü il tarixli şahidi dindirmə protokolunda olan imza ona məxsus olsa da həmin tarixdə Suraxanı RPİ-də olmamışdır. Şəxsi axtarış aparılan zaman bükümlərin sayını və narkotik vasitənin çəkisini bilmirdi. Belə hadisə ilə ilk dəfə rastlaşdığına görə 31-ci PB-də baş verənləri yadında saxlamalı olduğunu bilmirdi. Aşkar olunan narkotik vasitələri elektron tərəzidə çəksələr də, o, yaxınlaşıb çəkilərə baxmamışdır. Təqsirləndirilən şəxs məxsus telefon polis əməkdaşının əlində olduğuna görə telefonun sonuncunun hansı cibindən çıxdığını görməmişdir. Polis əməkdaşları narkotik vasitələri sayaraq zərfə qoysalar da o, narkotik vasitələrin sayına tam fikir verməmişdir. İmza etdiyi protokol ucadan ona oxunsa da narkotik vasitələrin sayına fikir verməmişdir. 31-ci PB-dən çıxandan sonra heç bir polis əməkdaşı onunla əlaqə saxlamamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Fizuli oğlu ifadəsində göstərmişdir ki, hadisə uzun müddət əvvəl baş verdiyi üçün tam yadında qalmamışdır. Suraxanı rayon ərazisində polis əməkdaşları ona yaxınlaşaraq cinayət işi ilə bağlı şahidlik etməyini xahiş etmişlər və onu Suraxanı RPİ-nin 31-ci PB-yə dəvət etmişlər. 31-ci PB-də təqsirləndirilən şəxsin üzərindən bükümlər aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən günü Suraxanı rayonunda dostu ilə görüşəcəkdi. Hadisə günü 2 nəfər polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edərək ondan cinayət işi ilə bağlı şahidlik etməyini xahiş etmişlər. 31-ci PB-də xidməti otaqda 2 nəfər polis əməkdaşı və bir nəfər tanımadığı hal şahidi olmuşdur. Təqsirləndirilən şəxsin özünün təqdim etməsi və ya aşkar olunması yadında deyil. Təqsirləndirilən şəxsin üzərindən 5-6 ədəddən çox büküm çıxması yadındadır. Təqsirləndirilən şəxs o, otağa daxil olanda etiraz edirdi, amma narkotik vasitələr çıxandan sonra etiraz etmirdi. Narkotik vasitənin təqsirləndirilən şəxsin şalvarın və ya gödəkcənin cibindən çıxması yadında deyil. Aşkar olunan narkotik vasitələrin növlərini demişlər, amma anlayışı olmadığı üçün yadında deyil. Səhv etmirsə 2 cür narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitələri zərfə qoymuşlar, onlar da imza etmişlər. Təqsirləndirilən şəxsin zərfə imza edib-etməməsi yadında deyil. Hadisədən sonra 1 dəfə də Suraxanı RPİyə dəvət etmişlər. Bu günə qədər polis və ya məhkəmə orqanlarında işi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Ona yaxınlaşan polis əməkdaşlarından biri mülki geyimdə, digəri isə xidməti formada olmuşdur. Ona yaxınlaşan polis əməkdaşlarını tanımamış, ilk dəfə görmüşdür. Polis əməkdaşları onu 31-ci PB-in 1-ci mərtəbəsində yerləşən xidməti otağa dəvət etmişlər. Xidməti otağa daxil olan zaman stolun üzərində heç nə olmamışdır. Təqsirləndirilən şəxsin nə geyindiyi yadında deyil. Hadisə səhv etmirsə soyuq aylarda baş vermişdir, çünki özü gödəkcə geyinmişdir. Aşkar olunan narkotik vasitənin polis əməkdaşları tərəfindən çəkilməsi yadında deyil. Bu günə qədər heç yerdə hal şahidi kimi iştirak etməmişdir. Təqsirləndirilən şəxsin üzərindən bükümlər və telefon aşkar olunması yadında qalmışdır. Xidməti otaqda 3 nəfər polis əməkdaşı, tanımadığı hal şahidi, o və təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxsin hər hansısa sənədə imza edib-etməməsi yadında deyil. Təqsirləndirilən şəxs bükümlər aşkar olunandan sonra sakit durub baxmışdır. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun nəvəsidir. Fevral ayının 20-si saat təxminən 19-20 radələri olmuşdur. Gəlini işdən gəlib yemək bişirmiş, o isə xəstə olmuş və divanda yatmışdır. Anidən qapı açılmış və içəri 7-8 nəfər polis əməkdaşları daxil olmuşlar. Sonuncular İlyasın əlini qaydallayıb paltarsız vəziyyətdə aparmışlar. Onu və gəlinini itələyib arxa otağa salmışlar və evi axtarmağa başlamışlar. Evin hər yerini yoxladıqdan sonra İlyası həyətə aparmışlar. Biraz keçdikdən sonra İlyası yenə içəri gətirib sonra yenə geri aparmışlar. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, onların evini uzun müddət axtarıb getmişlər, biraz keçdikdən sonra geri qayıtmışlar. Geri qayıdıb İlyası buraxmaqları üçün 20 min pul onlardan istəmişlər. 4 nəfər polis əməkdaşı gəlmiş, onları saxlamışlar, həmin otaqda qalmaqlarını, evi gəzəcəklərini bildirmişlər. Onlar da orada qalmış, sonra İlyası aparmışlar, xeyli vaxt keçdikdən sonra İlyas yenə gəlmişdir. Rəis gəldiyi üçün İlyası içəri gətirmişlər. Bir qədər dayandıqdan sonra yenə İlyası götürüb aparmışlar. İlyası öz otağından aparmışlar. Polis əməkdaşları İlyası aparanda o, zalda uzanıb televizora baxırdı. Onun gəlini işdən saat 19-20 radələrində gəldiyi üçün İlyasın tutulduğu saatın 19-20 radələri olduğunu bilir. İlyası darvazanın çölünə aparmışlar, maşının içində otuzdurub danışmışlar. Onlar hamısının maşında gözlədiklərini görmüşlər. Bir müddət keçdikdən sonra yenidən içəri keçmişlər. O, pəncərədən görmüşdür ki, polis əməkdaşları İlyasla birlikdə maşında oturmuşlar. Polis əməkdaşları evə daxil olanda qapını döyməmişlər. İlyas hər zaman otağında soyunub telefon və ya televizora baxırdı. Polis əməkdaşları evi axtaranda gəlinini və onu digər otağa salıb qapını bağlamışlar. Onlar pəncərədən polis əməkdaşlarının evi axtarmalarını görmüşlər. Polis əməkdaşları evdən heç nə tapmamışlar. İlyasa evdə heç bir təzyiq etməmişlər, lakin əllərini qandallamışlar. O, pəncərədən polis əməkdaşlarının maşının küçədə olduğunu görmüşdür. Onların evinin pəncərələri küçəyə tərəf olduğundan küçə görünür. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Elektron Monitorinq İdarəsinin aparıcı məsləhətçisi X11 göstərmişdir ki, elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli qərarı ilə məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısı təsdiq edilmişdir. Elektron qolbaq – məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər. Müstəqil işləyən elektron qolbaq, həmçinin şəbəkə indikatoru, habelə GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları, nəzarət qurğuları ilə kompleksdə işləyən elektron qolbaq isə həmin qurğulardan uzaqlaşması detektorları ilə təmin edilməlidir. Mobil nəzarət qurğusu – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır. Ev nəzarət stansiyası – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin yaşadığı evdə quraşdırılan və qolbaqdan daxil olan siqnalları eyniləşdirərək şəxsin həmin yerdə olması haqda məlumatları monitorinq mərkəzinə ötürən elektron cihazdır. Ev siqnal ötürücüsü – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin yaşadığı evdə quraşdırılan və qolbaqdan daxil olan siqnalları mobil nəzarət qurğusuna ötürən elektron cihazdır. Ədliyyə Nazirliyinin Probasiya Xidmətində 2018-ci ilindən bəri elektron nəzarət vasitələri tətbiq olunur. İlk əvvəl Azərbaycan İstehsalı “İDRAK” markalı envlər tətbiq edilmiş daha sonra dünya praktikasında ən son texnoloji xüsusiyyətləri özündə birləşdirən “Attenti” şirkəti ilə əməkdaşlıq nəticəsində 2021-ci ilin fevral ayından bugünə kimi məhkumlara həmin avadanlıqlardan istifadə olunur. Məhkum Təqsirləndirilən şəxs da həmin envlər tətbiq olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:21-dək yaşadığı ünvanı tərk etmir. Təqsirləndirilən şəxs daha sonra xx.xx.2023-cü il tarixdə, saat 20:21-də yaşadığı ünvanı tərk edir. Təqsirləndirilən şəxs yaşadığı ünvanı tərk etdikdən sonra xx.xx.2023-cü il tarixdə 20:21-dən 21:20-dək Suraxanı rayonu, Əmircan qəsəbəsində olan Tahir Bağırov küçəsi ilə hərəkət edərək Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə küçəsinə gəlir. Təqsirləndirilən şəxs həmin vaxt aralığında Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin qarşısına da gəlir. Həmin vaxt Təqsirləndirilən şəxs 31-ci PB-in inzibati binasına daxil olub-olmadığını dəqiq demək olmur, çünki inzibati binanın 1-ci və ya aşağı mərtəbəsində elektron cihaz internet əlaqəsinin kəsilməsi ilə əlaqədar deaktiv ola bilər. Təqsirləndirilən şəxs daha sonra xx.xx.2023-cü il tarixdə, saat 23:38-də yaşadığı ünvanı yenidən tərk edir və Tahir Bağırov küçəsi ilə hərəkət edərək Əmircan qəsəbəsində yerləşən İlqar Məmmədov küçəsinə gəlir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:42-dən xx.xx.2023-cü il tarixdə, saat 00:25-dək aralıqda Əmircan qəsəbəsində yerləşən İlqar Məmmədov küçəsində olur. Təqsirləndirilən şəxs 00:25-də İlqar Məmmədov küçəsində hərəkətə başladıqdan 1-2 dəqiqədən sonra saat 00:26-00:27-də Suraxanı RPİ-nin 31-ci PB-in qarşısında olur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:25-də yenidən hərəkətə başlayaraq Səttar Bəhlulzadə küçəsində yerləşən Suraxanı RPİ-nin 31-ci PB-yə gedir. Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə, saat 00:15-də olduğu yer ilə sonuncun yaşadığı ev fərqli ünvanlardır və birbirilərindən aralı məsafədə yerləşən ünvanlardır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (l cild i.v. 3) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 4-5) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 01:30-da CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 00:15-də tutulmuş hesab edilmişdir. (l cild i.v. 21) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, və ona əlavə edilmiş fotocədvəldən müəyyən edilmişdir ki, (şəxsi axtarış başlanılır 02.00-da) Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofanın içərisindən 19 ədəd sellofanda açıq qəhvəyi rəngli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər kütlə, 8 ədəd sellofanda ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı şəxsin əynində olan həmin şalvarın sağ yan cibindən 1 ədəd "Samsung” markalı mobil telefon və 1 ədəd azadlığı məhdudlaşdırması ilə bağlı elektron cihaz (qolbağ) aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlələrin ümumillikdə çəkisi 15 qram, metamfetaminə bənzər kütlələrin ümumillikdə çəkisi 5 qram (fotoşəkildə 4 qram) olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, hal şahidləri, müdafiəçi, təhqiqatçı tərəfindən imzalanmış, şübhəli şəxs heç bir səbəb göstərmədən imza etməkdən imtina etmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd azadlığı məhdudlaşdırması ilə bağlı elektron cihaz (qolbağ) bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanımadığı şəxsdən Bakı şəhəri, Suraxanı rayonu ərazisindən satmaq məqsədi ilə əldə etdiyini qeyd etmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (l cild i.v. 30-37) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1094 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 19 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,664 qram, 0,640 qram, 0,710 qram, 0,313 qram, 0,670 qram, 1,612 qram, 0,885 qram, 0,806 qram, 0,846 qram, 0,281 qram, 0,678 qram, 0,860 qram, 0,885 qram, 0,391 qram, 0,342 qram, 0,312 qram, 0,235 qram, 0,304 qram, 0,714 qram ümumi təmiz çəkisi 13,148 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,255 qram, 0,701 qram, 0,523 qram, 0,425 qram, 0,402 qram, 0,462 qram, 0,214 qram, 0,636 qram ümumi təmiz çəkisi 3,618 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. (İ cild i.v. 49-55) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 68-69) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(010)-90/2023 saylı, xx.xx.2023-cü il tarixli, 4(010)-219/2023 saylı, xx.xx.2023-cü il tarixli, 4(010)- 264/2023 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 00:15dən hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 01 ay olmaqla, xx.xx.2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(010)-264/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün müddətinə, xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 98-102, 149-153, 213-218) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-127/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (İ cild, i.v. 124-129) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilməyindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən 125-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (İ cild, i.v. 133-135) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X16 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 2500 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v.154-155) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 1238 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları iqtidarında olmuşdur. Buna görə törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. (İ cild i.v. 157-158) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, şahidlər Şahid1 və Şahid2 ifadələrində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər. (İ cild i.v. 163-172) xx.xx.2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş 19 büküm ayrı-ayrılıqda təmiz çəkiləri 1,664 qram, 0,640 qram, 0,710 qram, 0,313 qram, 0,670 qram,1,612 qram, 0,885 qram, 0,806 qram, 0,846 qram, 0,281 qram, 0,678 qram, 0,860 qram, 0,885 qram, 0,391 qram, 0,342 qram, 0,312 qram, 0,235 qram, 0,304 qram, 0,714 qram ümumi təmiz çəkisi 13,148 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə heroin, 08 büküm ayrı-ayrılıqda təmiz çəkiləri 0,255 qram, 0,701 qram, 0,523 qram, 0,425 qram, 0,402 qram, 0,462 qram, 0,214 qram, 0,636 qram ümumi təmiz çəkisi 3,618 qram ağ rəngli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 13,048 qram narkotik vasitə heroin, 3,518 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (İ cild i.v. 173-182) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdikləri hallarla bağlı, yəni onun polis əməkdaşları tərəfindən fiziki təsirlərə və təzyiqlərə məruz qalması ilə əlaqədar ibtidai araşdırma zamanı araşdırma aparılıbaparılmaması, araşdırma aparıldığı halda nəticəsi barədə ətraflı məlumatın verilməsinə dair Suraxanı Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Suraxanı Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verilməsi faktı öz təsdiqini tapmamışdır. Odur ki, toplanmış materialda hər-hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən 125-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasının TSH-da təlimata uyğun olaraq həkim baxışından keçirilmişdir. Həbs edilmiş şəxs tutulan zaman xəsarət aldığını bildirmişdir. Baxış zamanı sağ saidin ön səthinin yuxarı 1/3-də qərtməkli yara, sağ çiyin nahiyyəsində qərtməkli yara, sağ kürək altı nahiyyədə, hər iki dizin ön səthində, sağ budun bayır səthində bənövşəyi rəngli qançır, başın təpə nahiyyəsində şişkinlik aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan və Təqsirləndirilən şəxs hərəkət trayektoriyasına dair elektron monitorinq sistemindən çıxarışdan görünür ki, elektron monitorinq sistemi üzrə izləmə məlumatlarına əsasən məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il, saat 00:00-dan saat 00:26-dək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İlqar Məmmədov küçəsində, saat 00:26-dan həmin qəsəbədə Səttar Bəhlulzadə küçəsində yerləşən 31-ci Polis Bölməsində olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona təhkim edilmiş elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsini saat 00:34-dən saat 01:26-dək və 02:29-dan pozduğundan həmin vaxt intervalında hərəkət trayektoriyasını müəyyən etmək mümkün deyildir. Həmçinin, xx.xx.2023-cü il, saat 16:45-dən məhkum Təqsirləndirilən şəxs üzərində olan mobil nəzarət qurğusunun enerjisi bitərək sönmüşdür. Sözügedən mobil nəzarət qurğusu işlək vəziyyətə gətirilmədiyi üçün xx.xx.2022-ci il tarixə olan hərəkət trayektoriyasının təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. Əlavə olaraq qeyd olunur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə, saat 02:29-da elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsinin pozulması ilə bağlı elektron monitorinq sisteminə qolbaq tapılmır siqnalı daxil olmuş, bununla eyni vaxtda mobil nəzarət qurğusunun həmin gün saat 02:43-dən Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi Aeroport şossesi, Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi, Həsənbəy Zərdabi, Mətbuat prospektləri, Şəfayət Mehdiyev küçəsi və Tbilisi prospekti əraziləri üzrə hərəkətdə olması, saat 03:27-də isə, Tbilisi prospektinin yaxınlığında olan yaşayış binasında hərəkətinin sonlandırılması, saat 03:27-dən saat 08:20-dək həmin ünvanda olması, daha sonra 08:20də yenidən İzmir küçəsi, Nəriman Nərimanov prospekti, Mehdi Hüseyn küçəsi və A.Abbaszadə küçəsi ilə hərəkət edərək sonuncu küçənin yaxınlığında yerləşən Narkotiklərlə Mübarizə Baş İdarəsinin ətrafında saat 08:45-də hərəkəti dayandırması, saat 08:45-dən saat 16:45-dək mobil nəzarət qurğusunun sonuncu hərəkət trayektoriyasının yuxarıda qeyd olunan ünvanda olması müşahidə edilir. Məhkəmənin sorğusu əsasında ünvan 8əhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubundan və aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə xx.xx.2023-cü il tarixdə, saat 03:00 radələrində qəbul edilmiş və Təqsirləndirilən şəxs üzərinə baxış zamanı hər hansı xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin məktubundan və Təqsirləndirilən şəxs hərəkət trayektoriyasına dair elektron monitorinq sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:00-dan 20:21dək yaşadığı ünvan 9 ünvanda olmuş, saat 20:21-dən 21:20-də Tahir Bağırov küçəsində hərəkətdə olaraq yenidən yaşadığı ünvana geri qayıtmışdır. Məhkum Təqsirləndirilən şəxs yenidən saat 23:38-də yaşadığı ünvanı tərk edərək günün sonunadək İlqar Məmmədov küçəsində olmuşdur. Məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassızdır, onun həmin cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə, ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar məcmusunun, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə sübutların tədqiqi nəticəsində ibtidai istintaq orqanının satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda metamfetamini əldə etmə, üzərində saxlama və daşıma ittihamının əsaslandırılması üçün təqdim etdiyi sübutların təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirmədiyi qənaətinə gəlir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir və ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə məktublar mövcud olsa da, həmin qərarla bağlı məhkəmə nəzarətini həyata keçirən məhkəmənin hansı qərar qəbul etməsi barədə iş materiallarında heç bir məlumat mövcud deyildir (cild 1, iş vərəqə 10-11). İbtidai istintaq orqanın sübut kimi istinad etdiyi şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2022-ci il tarixli protokol və fotocədvəllə bağlı məhkəmə qeyd edir ki, bu kateqoriyalı cinayət əməllərinin törədilməsini təsdiq edən dəlillər məcmusunun daha çox məlumat yüklü kimi qiymətləndirilməli olan həmin sübutlarla bağlı ciddi pozuntulara yol verilmişdir. Belə ki, sübut kimi istinad edilən tərtib olunmuş yazılı protokol və ona əlavə olunmuş fotocədvəl zidiyyət təşkil edir. Qeyd edilən protokolda Suraxanı RPİ-nin 31-ci PBin binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparıldığı qeyd edilsə də bununla bağlı disk iş materiallarına əlavə olunmamış, həmçinin protokolda şəxsi axtarışın hal şahidlərinin iştirakı ilə aparıldığı müəyyən olunur və fotocədvəl əlavə olunur. Eyni zamanda protokoldan görünür ki, həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlələrin ümumillikdə çəkisi 15 qram, metamfetaminə bənzər kütlələrin ümumillikdə çəkisi 5 qram olduğu müəyyən olunur, lakin əlavə olunmuş fotoşəkildə metamfetaminə bənzər kütlələrin çəkisi 4 qram olduğu görsənir. Bakı şəhəri Suraxanı rayon prokurorluğunun Təqsirləndirilən şəxs Alimxa oğlunun polis əməkdaşları tərəfindən saxlanarkən xəsarət alması xüsusatı əsasında aparılmış araşdırma ilə bağlı gəlinmiş nəticəni məhkəmə nəzərdən keçirərkən qeyd edir ki, təqsirləndirilən şəxsin bədənində olmuş xəsarətlərin mövcudluğu mübahisələndirilməmişdir. Araşdırma aparılarkən həmin xəsarətlərin əmələ gəlmə vaxtı, mexanizmi, ağırlıq dərəcəsi və digər xüsusatlar məhkəmə-tibbi ekspertizasının rəyində birbaşa əks olunmuşdur. Belə ki, məhkəmə tərəfindən 3 saylı İstintaq Təcridxanasına sorğu göndərilərək Təqsirləndirilən şəxs tutulduğu zaman, həmçinin, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki təsirlərin və təzyiqlərin olunduğunu bildirməsinə dair qeyd olunan xüsusatlarla bağlı təqsirləndirilən şəxsin nə vaxt İstintaq Təcridxanasına qəbul olunduğu, hansı müddətdə orda olduğu, onun istintaq təsridxanasına qəbul olunan zaman tibbi müayinədən keçirildiyi və nəticələri barədə (şəxsi işində olan tibbi sənədlərdən çıxarış və s), habelə üzərində xəsarət aşkar olunmuşdursa görülən tədbirlər barədə məlumatın Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. 3 saylı İstintaq Təcridxanası tərəfindən həmin sorğuya xx.xx.2023-cü il tarixli 20- 12/519 saylı məktubla cavab verilərək göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasının TSH-da təlimata uyğun olaraq həkim baxışından keçirilmişdir. Həbs edilmiş şəxs tutulan zaman xəsarət aldığını bildirmişdir. Baxış zamanı sağ saidin ön səthinin yuxarı 1/3-də qərtməkli yara, sağ çiyin nahiyyəsində qərtməkli yara, sağ kürək altı nahiyyədə, hər iki dizin ön səthində, sağ budun bayır səthində bənövşəyi rəngli qançır, başın təpə nahiyyəsində şişkinlik aşkar edilmişdir. Amma istintaq orqanı tərəfindən bu fakt üzrə vaxtında araşdırma aparılmamışdır. Belə ki, Suraxanı rayon Prokurorluğunun cinayət işinin rədd edilməsi haqqında 04 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Din Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirildikdən sonra orada polis əməkdaşları tərəfindən işgəncələrə və təzyiqlərə məruz qalması barədə müraciəti ilə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə uyğun izahat verərək 31-ci Polis Bölməsində polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirmişdir. Sonra Şahid1 və Şahid2 izahatları alınmış, onlar Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları inkar etmişlər. Qərarda məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 28 t/s saylı rəyinə istinad olunmuşdur. Qeyd olunan rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına tərtib olunmuş məhkumun tibbi kitabçasında sağ dirsək oynağı nahiyəsində və sağ bazu oynağı nahiyəsində qartmaqlı yara (sıyrıqlar), başın təpə nahiyəsində yumşaq toxumanın şişkinliyi, sağ kürəkaltı nahiyəsində, diz nahiyəsində, sağ budun bayır səthində qançırlar müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Tibbi kitabçada təsvir olunan xəsarətlərin xarakterinə görə onların tibbi kitabçanın açılma tarixindən (xx.xx.2023cü il tarixdən) 3-5 sutka əvvəl yetirilməsi istisna olunmur. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindəki xəsarətlər 25 fevral 2023-ü il tarixdə 3 saylı İstintaq Təcridxanasında qeydə alınmışdır. Buna baxmayaraq istintaq orqanı bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, Təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni, xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmişdir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar belə 04 may 2023-cü il tarixdə, yəni şəxsin tutulmasından 2 aydan çox vaxt keçdikdən sonra qəbul olunmuşdur. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutlar təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı araşdırma aparılsa da, bu formal olmuş, zorakılıqla bağlı ibtidai araşdırmanın formal və səthi olması, araşdırmanın gec başlaması qəbul edilmiş qərarın məzmunundan da görünür. Prokurorluq təqsirləndirilən şəxsin ona işgəncə verən şəxslər kimi göstərdiyi, əməliyyat-axtarış tədbirində, istintaq hərəkətində iştirak etmiş polis əməkdaşlarını dindirməklə kifayətlənmiş, onların verdikləri ifadələrin yoxlanılması üçün başqa tədbirlər görməmiş, daha ətraflı araşdırma aparmamışdır. Bakı şəhəri Suraxanı rayon prokurorluğunun Təqsirləndirilən şəxs saxlanarkən polis əməkdaşları tərəfindən döyülüb işgəncələrə məruz qalmasını bildirməsi ilə əlaqədar aparılmış materialı üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan da göründüyü kimi qərar yalnız təsviri hissədən ibarət olmuş, müstəntiq digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, əldə etdiyi ekspert rəyinin məzmununu yalnız təsvir etməklə kifayətlənmiş, rəyə və Təqsirləndirilən şəxs xəsarətlərin olmasını təsdiq edən digər sənədlərə ümumiyyətlə münasibət bildirməmişdir. Bu halda, belə araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanılması rədd edilməsi haqqında həmin qərarı əsas götürməklə hazırda məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin məqsədlərini şübhə altına almış olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır”. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qalması aydın görünür. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs saxlanılması, tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncunun Polis Bölməsinə gətirilərkən üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd olmamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixli, 28 t/s saylı rəydə xəsarətlərin xarakterinə görə onların tibbi kitabçanın açılma tarixindən (xx.xx.2023-cü il tarixdən) 3-5 sutka əvvəl yetirilməsi istisna olunmadığı qeyd olunmuşdur. Polis bölməsinə gətirilərkən xəsarəti olmayan və qeydə alınmayan şəxsin oradan çıxdıqdan sonra xəsarətlərinin olması və bunun ağlabatan izahının olmaması müdafiə tərəfinin həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi ilə bağlı dəlillərinin təkzibini mümkünsüz edir. Eyni zamanda, prokurorluq orqanında müvafiq araşdırma aparılan zaman Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşları da izahatlarında Təqsirləndirilən şəxs saxlayarkən sonuncuda xəsarətlərin olması barədə hər hansı xüsusat bildirməmişlər. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs polis tərəfindən saxlandığı zaman pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Belə ki, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin xəsarətlərin məhz BNMİ-nin Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən törədilməsi təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi və cinayət işinin materialları ilə də təsdiqini tapdığı ifadələri ilə, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixli, 28 t/s saylı rəydə xəsarətlərin xarakterinə görə onların tibbi kitabçanın açılma tarixindən (xx.xx.2023-cü il tarixdən) 3-5 sutka əvvələ, yəni Təqsirləndirilən şəxs tutulduğu tarixə uyğun gəlməsinə dair rəyi ilə və cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilmiş bütün materialları ilə sübuta yetirilir. Məhkəmə eyni zamanda polis əməkdaşlarının həm ibtidai istintaqda, həm də məhkəmə baхışında vеrdikləri ifadələrinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Bеlə ki, qeyd olunduğu kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsinə dair ittiham elan edərkən onun polis bölməsinə gətirilməsində və üzərinə şəxsi axtarış kеçirilməsində iştirak еtmiş polis əməkdaşları, şahidlər BNMİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1, baş əməliyyat müvəkkili Şahid2 ifadələrinə əsaslanmışdır. Qеyd еdilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007ci il tariхli, X3rşı 18 yanvar 1978-ci il tariхli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Aydın məsələdir ki, baхılan iş üzrə adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsi, üzərində şəxsi axtarış kеçirilməsinə dair şahid kimi ifadə vеrmişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs vеrilmiş ittihamın əsasını, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə BNMİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1, baş əməliyyat müvəkkili Şahid2 ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, məhkəmənin mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Həmçinin, ümumi təmiz çəkisi 13,148 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 3,618 qram olan psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs məxsus olması təsdiq edilmədiyindən həmin maddələrlə bağlı iş üzrə keçirilmiş ekspertiza rəyinin də Təqsirləndirilən şəxs elan edilmiş ittihamın təsdiq edilməsində heç bir əhəmiyyəti qalmadığından həmin ekspertiza rəyi də təbii ki, iş üzrə sübut növü kimi qəbul edilmir. Həmin rəy yalnız rəydə göstərilən narkotik vasitə və psixotrop maddəni qanunsuz əldə etməklə saxlayan və daşıyan şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi nəzərə alına bilər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində onu xx.xx.2023cü il tarixdə, saat 20:00 radələrində polis əməkdaşları yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, döngə ev 25 ünvanın yerləşən evdən saxladıqlarını, onu Suraxanı RPİ-nin 31-ci PB-yə apardıqlarını, lakin içəri girməyib pul istədikləri üçün geri qayıtdıqlarını, təxminən 1 dəqiqə qapının yanında gözlədiklərini, daha sonra evlərinə daxil olub pul istədiklərini, təxminən saat 23:30 radələrinə kimi evdə olduqlarını, daha sonra polis əməkdaşları gözləməyə saləhiyyətləri çatmadıqlarını, Əmircan qəsəbəsinə dəmir yol keçidində gözləyəcəklərini bildirdiklərini və orada gözlədiklərini, lakin pul gecikdiyi üçün onu aparıb Suraxanı RPİ-nin 31-ci PB-nə təhvil verdiklərini göstərmişdir. Təqsirləndirilən şəxs saxlanılması xüsusatı ilə bağlı məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində polis əməkdaşları saat 19-20 radələrində yaşadığı evə daxil olduqlarını, Təqsirləndirilən şəxs əlini qaydallayıb apardıqlarını, biraz keçdikdən sonra Təqsirləndirilən şəxs yenə içəri gətirib sonra yenə geri apardıqlarını, geri qayıdıb Təqsirləndirilən şəxs buraxmaqları üçün 20 min pul onlardan istədiklərini göstərmişdir. Məhkəmənin sorğusu ilə Təqsirləndirilən şəxs 22-24 fevral 2023-cü il tarixlərdə, saatlar göstərilməklə hərəkət trayektoriyası barədə yazılı formada məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsindən götürülmüşdür. Əldə edilmiş məlumatdan, Təqsirləndirilən şəxs hərəkət trayektoriyasına dair elektron monitorinq sistemindən çıxarışdan, diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması saatı və yeri cinayət işinin materiallarında düzgün göstərilməmişdir. Belə ki, məlumata görə elektron monitorinq sistemi üzrə izləmə məlumatlarına əsasən məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il, saat 00:00-dan saat 00:26-dək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İlqar Məmmədov küçəsində, saat 00:26-dan həmin qəsəbədə Səttar Bəhlulzadə küçəsində yerləşən 31-ci Polis Bölməsində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Elektron Monitorinq İdarəsinin aparıcı məsləhətçisi X11 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:21-dək yaşadığı ünvanı tərk etmir. Təqsirləndirilən şəxs daha sonra xx.xx.2023-cü il tarixdə, saat 20:21-də yaşadığı ünvanı tərk edir. Təqsirləndirilən şəxs yaşadığı ünvanı tərk etdikdən sonra xx.xx.2023-cü il tarixdə 20:21-dən 21:20-dək Suraxanı rayonu, Əmircan qəsəbəsində olan Tahir Bağırov küçəsi ilə hərəkət edərək Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə küçəsinə gəlir. Təqsirləndirilən şəxs həmin vaxt aralığında Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin qarşısına da gəlir. Həmin vaxt Təqsirləndirilən şəxs 31-ci PB-in inzibati binasına daxil olub-olmadığını dəqiq demək olmur, çünki inzibati binanın 1-ci və ya aşağı mərtəbəsində elektron cihaz internet əlaqəsinin kəsilməsi ilə əlaqədar deaktiv ola bilər. Təqsirləndirilən şəxs daha sonra xx.xx.2023-cü il tarixdə, saat 23:38-də yaşadığı ünvanı yenidən tərk edir və Tahir Bağırov küçəsi ilə hərəkət edərək Əmircan qəsəbəsində yerləşən İlqar Məmmədov küçəsinə gəlir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:42-dən xx.xx.2023-cü il tarixdə, saat 00:25-dək aralıqda Əmircan qəsəbəsində yerləşən İlqar Məmmədov küçəsində olur. Təqsirləndirilən şəxs 00:25-də İlqar Məmmədov küçəsində hərəkətə başladıqdan 1-2 dəqiqədən sonra saat 00-26-00:27-də Suraxanı RPİ-nin 31-ci PB-in qarşısında olur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:25-də yenidən hərəkətə başlayaraq Səttar Bəhlulzadə küçəsində yerləşən Suraxanı RPİ-nin 31-ci PB-yə gedir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:15-də olduğu yer ilə sonuncun yaşadığı ev fərqli ünvanlardır və bir-birilərindən aralı məsafədə yerləşən ünvanlardır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi, xx.xx.2023-cü il tarixdə, saat 00:15-də deyil, xx.xx.2023-cü il tarixdə axşam saatlarında polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə gətirilməsinə dair ifadələri həqiqiliyi şübhə doğurmayan Təqsirləndirilən şəxs hərəkət trayektoriyasına dair elektron monitorinq sisteminin məlumatları ilə üst-üstə düşdüyündən məhkəmə, Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə gətirilməsinə dair müdafiə tərəfinin dəlillərini əsaslı, təqsirləndirilən şəxsin bu xüsusat üzrə ifadəsini isə mötəbər hesab edir. Tədqiq olunan sübutlardan aşkar şəkildə görünür ki, ittiham aktında qeyd olunduğu kimi, yəni Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00.15-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə aparılması öz təsdiqini tapmır. Belə ki, yuxarıda sadalanan sübutlardan aşkar şəkildə görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 00.15-də Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında deyil, Əmircan qəsəbəsində yerləşən İlqar Məmmədov küçəsində olmuş və həmin küçələrin bir-birindən aralı məsafədə olması hərəkət trayektoriyasını özündə əks etdirən diskdən də əyani şəkildə görmək mümkündür. Bundan başqa elekton monitorinq məlumatlarda görsənir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 20:21dən 21:20-dək Suraxanı rayonu, Əmircan qəsəbəsində olan Tahir Bağırov küçəsi ilə hərəkət edərək Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə küçəsinə gəlir. Təqsirləndirilən şəxs həmin vaxt aralığında Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin qarşısına da gəlir. Bu məlumatlar Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş G.Yusubovanın ifadələrində qeyd etdikləri hal, yəni xx.xx.2023-cü il tarixdə 20 radələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aparılması və yenidən evinə qaytarılması barədə verdikləri ifadələrinin düzgünlüyünü təsdiq edir. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi Butkeviç Rusiyaya qarşı işi üzrə (xx.xx.2018) qəbul etdiyi qərarında qeyd etmişdir ki, ittihamların əsasını təşkil edən əsas faktlarla bağlı mübahisədə yeganə şahidlər mübahisə edilən hadisələrdə fəal rol oynamış polis məmurlarıdır, məhkəmələrin onların ittihamedici ifadələrini yoxlamaq üçün bütün ağlabatan imkanlardan istifadə etməsi zəruridir (bax: Kasparov və başqaları Rusiyaya qarşı (№ 2), № 51988/07, § 48, 13 dekabr 2016-cı il). Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq polis bölməsinə gətirildiyi halda əməliyyat müvəkkili Şahid1 Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olduğundan məlumatın yoxlanılması, zərurət olduqda onun yaxalanması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi xahiş olunur, həmin tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinin təsdiq etdiyi qərarla əməliyyat-axtarış qrupu yaradılır, müvafiq əmrlə həmin qrupa Şahid2 da daxil olmaqla qrupun rəhbəri məhz Şahid1 təyin edilir. xx.xx.2023-cü il tarixli raportdan göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:15 dəqiqədə ünvan 12 ünvanının yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci polis bölməsinə gətirilmişdir. İstintaq materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı digər sənədləşmə də, yəni dövlət hesabına müdafiəçi təyin olunması barədə Təqsirləndirilən şəxs ərizəsi, onun üzərindən narkotik vasitələrin aşkar edilərək götürülməsinə dair şəxsi axtarış və götürülmə haqqında protokol, şübhəli şəxs qismində tanınaraq tutulması, izahatı və sair sənədlər məhz 23 fevral 2023-cü il tarixdə tərtib edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə deyil, 22 fevral 2023cü il tarixdə, saat 20-23 radələrində tutularaq polisin nəzarətində olmuş ( elektron monitorinq sisteminin məlumatları, təqsirləndirilən şəxsin və şahid X4 ifadələri), onun barəsində şəxsi axtarış və götürmə faktiki olaraq faktiki tutulduğu vaxtdan ən azı beş saatdan sonra həyata keçirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından biri olan “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər.Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir.Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Hazırki cinayət işi üzrə isə təqsirləndirilən şəxsin saxlanılması ilə baxışın keçirilməsi arasında ən azından üç saatdan artıq vaxtın keçməsi narkotik vasitələrin “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaratmış, çünki həmin müddət təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxsin həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyildir. Hazırki cinayət işindən, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın faktiki məzmunundan görünür ki, o, əsassız olaraq cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadələr mötəbərdir, iş materialları ilə tamamlanır. İstintaqın ilkin mərhələsində vermiş olduqları ifadələr isə təzyiq və təsir nəticəsində verildiyindən, eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən imzalanmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul oluna bilməz. Bununla da, məhkəmə yekun nəticəyə gələrkən ibtidai istintaqın yekunu olaraq əldə edilmiş həmin sübutlara mötəbər sübutlar qismində istinad edə bilmir. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsə zorakılıq, işgəncə tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət işində olan materialları nəzərdən keçirərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq ibtidai istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mənsubiyyətinə, mümkünlüyünə və mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair şübhələr digər sübutlarla aradan qaldırıla bilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların ona güc tətbiq etməklə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi aşkar şəkildə cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb ola bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham edərkən prosessual təminatları kobud surətdə pozaraq əsassız nəticəyə gəlmiş, yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 33-cü maddəsinə əsaən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə məhkəmə, ibtidai istintaq zamanı toplanmış və məhkəmə icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 13,048 qram narkotik vasitə heroin, 3,518 qram psixotrop maddə metamfetamin materiala əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Müdafiəçi “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 80 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 80 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 saat hüquqi yardıma görə “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 480 manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21, 42, 55, 344-350, 352, 353, 356-358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə maddi sübut olan Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 13,048 qram narkotik vasitə heroin, 3,518 qram psixotrop maddə metamfetamlə bağlı qərarın müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə qəbul edilməli olması nəzərə alınsın. Cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada müəyyən edilməmiş qalan cinayət törəmiş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Narkotik vasitə ilə bağlı keçirilmiş ekspertiza ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-505/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-505/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver