Məhkəmə qərarları › İş №1(101)-506/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-506/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-506/2024 14.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10 : 55 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 01 iyul1974-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, İbtidai istintaq orqanının gəldiyi qənaətə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində internetdə “İnstagram” sosial şəbəkəsində tanış olduğu, özünü İran islam Respublikasının vətəndaşı “Məhəmməd” adı ilə təqdim etmiş, istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə almaq barədə razılaşıb internet vasitəsilə 180 manat ödəniş köçürəndən sonra, 24 yanvar 2023-cü il tarixdə saat 12:50-də, Məhəmməd adlı şəxsin ona telefon vasitəsilə göndərdiyi ünvan məlumatlarından istifadə edərək psixotrop maddəni qoyulduğu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Tosoil YDM”-nin yaxınlığındakı marketin yanından götürüb üzərində saxladıqdan sonra, orada xidmət aparan Daxili İşlər Nazirliyinin X1 Alayının Suraxanı rayonu ərazisində xidmət aparan 7-ci bölüyünün polis nəfərləri tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci PBnin inzibati binasına aparılmış və orada videoçəkiliş aparılmaqla üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofanda külli miqdarda - təmiz çəkisi 6,444 qram çəkidə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Zığ qəsəbəsi ərazisində polis əməkdaşlarına yaxınlaşaraq, “Fatimeyi-Zəhra” Məscidinə necə gedə biləcəyini soruşmuş, polis əməkdaşları ona yolu düzgün gəlmədiyini bildirərək, onu avtomobilə əyləşdirərək, polis bölməsinə aparmışlar. Polis bölməsində onu bir gün saxladıqdan sonra qarşısına göy rəngli qutu qoyaraq, həmin qutunun ona məxsus olmasını bildirmişlər. Daha sonra videoçəkiliş aparılmamışdan əvvəl həmin qutunu sağ cibinə, mobil telefonu isə sol cibinə qoymasını tapşırmışlar. O da videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının dedikləri qaydada hərəkət etmişdir. Onun üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. O, “Fatimeyi-Zəhra” Məscidinin yaxınlığında bir yerə getməliymiş. Polis əməkdaşlarının hansı səbəbdən onun üzərinə psixotrop maddə qoyaraq həbs etmələrini bilmir. Polislər ondan narkotik vasitə istifadə edib-etməməsini soruşmuşlar. O da bir dəfə “şüşə” adlanan vasitədən istifadə etdiyini demişdir. O, polis əməkdaşlarının ona işgəncə verəcəklərindən qorxaraq, onların təqdim etdiyi psixotrop maddəni cibinə qoymuşdur. Onu saxlayan polis əməkdaşları ondan 200-300 manat pul istəmişlər. Daha sonra polislər onun tanışları İlham Əhmədov və Faiq Əmiraslanova zəng edərək danışmışlar. Tanışları da gecə olduğunu, yalnız səhəri günü gələ biləcəklərini demişlər. Polislərin zəng etdikləri tanışları narkotik vasitə istifadə etmirlər. Onun telefonunda hər hansı yazışmalar olmamışdır. Saxlanılmamışdan təxminən 4-5 gün öncə narkotik vasitədən istifadə etmişdir. “Tosoil” adlı yerin harada yerləşməsini bilmir. Məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsi saxlayan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X1 Alayının 7-ci patrul bölüyünün polis nəfəri vəzifəsində xidmət etmiş, hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin tabeliyində Xüsusi Təyinatlı Təlim Mərkəzinin polis nəfəri vəzifəsində xidmət edən Şahid2 ifadəsində göstərdi ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində xidmət apararkən, “Tosoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığından Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan zaman Seydi adlı şəxsin əlində mobil telefonla piyada hərəkət etdiyini görmüşlər. Vətəndaşın hərəkətləri şübhə doğurduğu və həmin vaxt ərazidə heç kim olmadığı üçün ona yaxınlaşaraq, hara getdiyini soruşmuşlar. Əlindəki mobil telefonda “konum” olduğunu və onun həmin istiqamət üzrə getdiyini görmüşlər. Bu kimi hallarla çox rastalaşdıqları üçün onu xidməti avtomobilə əyləşdirərək, onun telefonunda olan “konum” üzrə hərəkət etmişlər. 200-300 metr getdikdən sonra yolun solunda daşın altından şəxsin özünün iştirakı ilə büküm aşkar etmişlər. Həmin bükümü şəxsə təqdim edərək, ona məxsus olmasını demişlər. O, həmin bükümün arxasınca gəlmədiyini desə də, onun sözlərinə inanmayaraq, onu 32-ci polis bölməsinə aparmışlar. Həmin bükümə polis bölməsində videçəkiliş vasitəsilə baxış keçirən zaman psixotrop maddəyə oxşar maddə olduğu müəyyən edilmişdir. Büküm zərfə qoyularaq qablaşdırılmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs həmin vasitənin ona məxsus olmasını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X1 Alayının 7-ci patrul bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində saat 24 radələrində xidmət apararkən, “Tosoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığından Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan zaman Seydi adlı şəxsin əlində mobil telefonla piyada hərəkət etdiyini görmüşlər. Vətəndaşın hərəkətləri şübhə doğurduğu və həmin vaxt ərazidə heç kim olmadığı üçün ona yaxınlaşaraq, hara getdiyini soruşmuşlar. Əlindəki mobil telefonda “konum” olduğunu və onun həmin istiqamət üzrə getdiyini görmüşlər. Onu xidməti avtomobilə əyləşdirərək, onun telefonunda olan “konum” üzrə hərəkət etmişlər. Avtomobildə həmin şəxslə bir qədər söhbət etdikdən sonra həmin şəxs konum üzrə hərəkət edərək nəsə götürəcəyini etiraf etmişdir. Avtomobildən düşərək həmin qutunu götürmüşlər. Qutunu vətəndaş özü götürərək, ona məxsus olmasını demişdir. Həmin şəxsi 32-ci polis bölməsinə gətirmişlər. Həmin bükümə polis bölməsində videçəkiliş vasitəsilə baxış keçirən zaman psixotrop maddəyə oxşar maddə olduğu müəyyən edilmişdir. Həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Həmin ərazidə adətən çox adam piyada hərəkət etmədiyindən, çöllük ərazi olduğundan, Təqsirləndirilən şəxs tək piyada hərəkət etməsi onlarda şübhə doğurmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 25 yanvar 2023-cü il tarixli 6/444 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №196 dairəvi möhür əksləri olan, "Şübhəli şəxs: Təqsirləndirilən şəxs ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,444qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına(Siyahı İ) daxildir. (iş vərəqə 38-41) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 3839 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 137-138). İş materiallarında olan 24 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan, şəxsi axtarışın videoyazısı olan DVD formatlı diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddəyə oxşar maddə aşkar edilib götürülmüş və kağız zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bükümdə internetdə “İnstagram” sosial şəbəkəsində İran vətəndaşı Məhəmməd kimi tanıdığı şəxsdən 180 manata aldığı "patı”deyilən psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi” markalı mobil telefonu götürülmüşdür. (iş vərəqə 28-29; 114-116) Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs aid olan psixotrop maddənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması barədə qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 6-7, 19) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. (iş vərəqə 28-29) İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ilkin izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində "İnstagram" sosial şəbəkəsində tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş Məhəmməd adlı şəxsə narkotik vasitə istədiyini yazmış, həmin şəxs ona narkotik maddəni 180 manata satacağını bildirmiş, o, Məhəmmədin təklifi ilə razılaşmış və sonuncunun kart hesabına 180 manat pulu evdə olan zamanı göndərmişdir. xx.xx.2023-cü il tarixdə Məhəmməd adlı şəxs ona “konum" ataraq narkotik vasitənin orada olduğunu bildirmişdir. 24 yanvar 2023-cü il tarixdə saat 12:50 radələrində o, narkotik vasitəni götürməyə gedən zaman Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən "TOSOİL" YDMnin yaxınlığında polis əməkdaşları yaxınlaşıb əlində olan mobil telefonu görmüşlər və polis əməkdaşları mobil telefona baxdıqda orada olan konumu görüb onu avtomobilə əyləşdirib həmin konuma aparmışlar. Həmin yerdə narkotik maddəni polis əməkdaşlarından biri götürərək, saat 12:50 radələrində polis bölməsinə gətirilmişdir. (iş vərəqə 32) Həmçinin, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadələrində də, ilkin izahatı ilə eyni məzmunlu ifadələr verərək, narkotik maddəni əldə etmək üçün “Məhəmməd” adlı şəxsin kart hesabına 180 manat pul göndərdiyini, psixotrop maddəni götürməyə gedən zaman polis əməkdaşlarının onu saxladıqlarını qeyd etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq, psixotrop maddəni özü istifadə etmək məqsədilə əldə etmək istədiyini qeyd etmişdir. (iş vərəqə 48-49; 61-62) Eləcə də, cinayət işi üzrə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsinə dair hər hansı əməliyyat məlumatı əldə edilməmişdir. İş materiallarında olan 17 iyun 2023-cü il tarixli “axtarış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ərizəsi əsasında onun yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsi, ev 5E ünvanında axtarış aparılan zaman hər hansı narkotik vasitə, psixotrop maddə, eləcə də, digər qanunsuz əşya aşkar edilməmişdir. (iş vərəqə 126-128) Lakin, iş materiallarında olan 18 iyun 2023-cü il tarixli qərarda Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair heç bir sübuta istinad edilməsə də, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (iş vərəqə 154) Qeyd etmək lazımdır ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid1 da nə ibtidai istintaq zamanı, nə də məhkəmədə ifadə verən zaman şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair onlara hər hansı halın məlum olduğunu bildirməmişlər. İbtidai istintaq orqanı şəxsə qarşı ittiham irəli sürülməsi üçün istehlakçı ilə əvvəlcədən razılıq əldə edilib-edilməməsi, psixotrop maddənin çəkilib xırda bağlamalara bükülübbükülməməsi, eləcə də digər sübutların əldə edilməsinin vacibliyini nəzərə almamışdır. Məhkəmə baxışı zamanı da araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Beləliklə ibtidai istintaq orqanı ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə əsas diqqət yetirilməli məqam ondan ibarətdir ki, Təqsirləndirilən şəxs şəxsi istifadə məqsədilə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmək niyyətində olsa da, həmin niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişdir. Cinayət-hüquq nəzəriyyəsinə əsasən cinayətin «başa çatması» anlayışı hərəkət və ya hərəkətsizlikdən ibarət olan ictimai təhlükəli əməlin (formal cinayət tərkibləri üzrə) edilməsini, yaxud da hərəkətdən, hərəkətsizlikdən doğan ictimai təhlükəli nəticənin baş verməsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin dispozisiyaları narkotik vasitələri və ya psixorop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı nəzərdə tutur. Lakin, Təqsirləndirilən şəxs əməlində əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əlamətləri özünü büruzə verməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etmək niyyətində olsa da, onu öz iradəsindən asılı olmayan səbəblərdən əldə edə bilməmiş, yəni, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət hüququ nəzəriyyəsinə əsasən, cinayətin başa çatdırılmaması şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən baş verir. Şəxs cinayəti başa çatdırmaq üçün zəruri saydığı, obyektiv olaraq cinayətin başa çatması üçün kifayət hesab edilən hərəkətləri edir, lakin, onun iradəsindən asılı olmayan səbəblərdən cinayət baş vermir. Bu halda da, Təqsirləndirilən şəxs cinayətin başa çatdırılması üçün zəruri saydığı hərəkətləri etmiş, yəni, psixotrop maddəni əldə etmək üçün məlum olmayan şəxsin kart hesabına pulu ödəmiş, eləcə də, həmin psixotrop maddəni əldə etmək üçün ona əvvəlcədən bildirilmiş əraziyə gəlmiş, lakin, cinayəti başa çatdıra bilməmişdir. Ümumiyyətlə, narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz əldə etmə onların təqsirkarın sahibliyinə keçdiyi andan başa çatmış hesab edilir. Qeyd edilən faktı məhkəmə iclasında dindirilmiş polis əməkdaşları da təsdiq edərək, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etməmişdən öncə, hərəkətlərindən şübhələnərək saxladıqlarını, daha sonra psixotrop maddənin onların iştirakı ilə götürüldüyünü və şəxsi polis bölməsinə apardıqlarının bildirmişlər. Belə olan halda, Təqsirləndirilən şəxs tərəfindən formal olaraq psixotrop maddə onun saxlanıldığı yerdən polis bölməsinədək daşınsa da, o, artıq polis əməkdaşlarının nəzarəti altında olmuş və psixotrop maddənin daşınması onun niyyəti və qəsdi ilə əhatə olunmamışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında AR Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Eyni zamanda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair 28 aprel 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeni də nəzərə almağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair 28 aprel 2023-cü il tarixli qərarından görünür ki, Rusiya Federasiyası, Moskva vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsinin 2017-ci il 4 avqust tarixli hökmü iləYYY və məhkum XXX narkotik vasitə – qurudulmuş marixuana satmaq niyyəti ilə qabaqcadan əlbir olmuş və bu niyyətlərini həyata keçirmək üçün 5 dekabr 2016-cı ildə Moskva şəhərində müəyyən olunmayan şəxsdən 5 bağlamada ümumi çəkisi 1919,4 qram təşkil edən qurudulmuş marixuananı satmaq məqsədi ilə qanunsuz olaraq əldə etmişlər. Həmin gün onlar narkotik vasitəni YYY idarə etdiyi “Hyundai Solaris” markalı avtomobilin baqaj yerində gizlətmiş və onu satmaq məqsədi ilə Saratov şəhərinə yola düşmüşlər. Lakin yolun Moskva vilayəti, Serebryanıye Prudı şəhəri ərazisindən keçən hissəsində polis əməkdaşları tərəfindən saxlanıldıqlarına və narkotik vasitə aşkar olunub götürüldüyünə görə öz iradələrindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməmişlər. Məhkum XXX RF, Saratov şəhəri, Lenin Rayon Məhkəməsinin 21 iyul 2021-ci il tarixli qərarı ilə “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 6 mart 1998-ci il tarixli Moskva Konvensiyasına əsasən, 21 dekabr 2021-ci ildə Azərbaycan Respublikasına təhvil verilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Baş prokurorunun müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri X3 Federasiyası, Moskva vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsinin 4 avqust 2017-ci il tarixli hökmünün Azərbaycan Respublikasının ərazisində tanınması haqqında təqdimatla Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2022-ci il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Rusiya Federasiyası, Moskva vilayəti, Serebryano Prudski Rayon Məhkəməsinin 4 avqust 2017-ci il tarixli hökmü Azərbaycan Respublikası ərazisində icraya qəbul edilib leqallaşdırılmaqla (tanınmaqla) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənməklə məhkumun əməli qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni satmağa cəhd kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə tövsif edilmiş, ona həmin maddələrlə CM-in 63.3-cü maddəsinə müvafiq olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti, Azərbaycan Respublikası Baş prokurorun müavini tərəfindən isə kassasiya protesti verilmişdir. Kassasiya şikayətində məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması barədə tələb irəli sürülmüşdür. Kassasiya protestində irəli sürülmüş dəlillərə görə isə RF rayon məhkəməsinin hökmü tanınarkən və məhkumun əməli Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənərkən cinayət qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni satmağa cəhd kimi Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə deyil, başa çatmış satış məqsədi ilə qanunsuz olaraq bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə və Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən verilmiş kassasiya protestinə baxaraq, 18 avqust 2022- ci il tarixli qərarla kassasiya şikayətini təmin etməmiş, lakin kassasiya protestində müdafiə olunan hüquqi mövqe ilə razılaşaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2022-ci il tarixli qərarını ləğv edib, materialı apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası Baş prokurorunun müavinin təqdimatına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin əvvəl çıxarılmış (Ali Məhkəmənin Cinayət kollegiyası tərəfindən ləğv olunmuş) qərarında əksini tapmış hüquqi mövqe ilə üst-üstə düşən nəticəyə gələrək 24 oktyabr 2022-ci il tarixli qərarla yenidən məhkumun əməlini qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni satmağa cəhd kimi Azərbaycan Respublikası CM-in 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə tövsif etmiş və həmin maddələrlə CM-in 63.3-cü maddəsinin tələbinə müvafiq olaraq ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini qərara almışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən əvvəlki kassasiya protestində göstərilən eyni dəlillərlə kassasiya protesti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, materialın yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb irəli sürülmüşdür. Qeyd olunan mübahisəli hüquqi məsələyə baxılması nəticəsində kollegiyanın bütün hakimlərindən ibarət olan tərkibi səs çoxluğu ilə (7 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla) məhkum XXX əməlinin hökm üzrə RF CM-in 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə tövsifinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinə (başa çatmış satış məqsədi ilə deyil, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satışına cəhd (başa çatmayan qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma) kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1, 29,234.4.3-cü maddələrinə uyğunlaşdırılmalı olması haqqında nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. AR CPM-in 21-ci maddəsində insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmadan qorunmasına yönəlmiş mühüm bir prinsip-təqsirsizlik prezumpsiyası təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdə-insan hüquqları haqqında Ümumi Bəyamnamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrı-ayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı ayrı məsələləri, habelə cinayət və ya cinayət prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. Bu tipli şübhələr qanunvericilikdəki boşluqlarla, ayrı-ayrı normalar və müxtəlif normativ hüquqi aktlar arasındakı kolliziya ilə bağlı ola bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi sübutlara qarşılıqlı şəkildə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməyə cəhd etmiş, lakin, polis əməkdaşları tərəfindən saxlanılması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməmişdir. Eyni zamanda məhkəmə tərkibi, Təqsirləndirilən şəxs özünü ümumiyyətlə təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən saxlanıldığı əraziyə psixotrop maddə metamfetamini əldə etmək üçün getməməsi, aşkar edilmiş psixotrop maddə metamfetaminin ona aid olmaması barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla, həqiqəti əks etdirməyərək, məhkəmə-kimyəvi ekspertizasının 25 yanvar 2023-cü il tarixli 6/444 saylı, ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 3839 №-li rəyləri, 24 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolu, 01 iyun 2023-cü il tarixli Təqsirləndirilən şəxs götürülmüş üzərində +**********06 nömrəsi olan “Redmi” markalı mobil telefona baxış keçirilməsi haqqında protokol və digər mötəbər sübutlarla tam təkzib olunur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadələrində narkotik maddəni əldə etmək üçün “Məhəmməd” adlı şəxsin kart hesabına 180 manat pul göndərdiyini, psixotrop maddəni götürməyə gedən zaman polis əməkdaşlarının onu saxladıqlarını qeyd etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq, psixotrop maddəni özü istifadə etmək məqsədilə əldə etmək istədiyini qeyd etmişdir. (iş vərəqə 48-49; 61-62) Eyni zamanda iş materiallarında olan 01 iyun 2023-cü il tarixli Təqsirləndirilən şəxs götürülmüş üzərində +**********06 nömrəsi olan “Redmi” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı onun əldə etdiyi psixotrop maddəyə görə 180 manat pulu 23 yanvar 2023-cü il tarixdə saat 21:53-də köçürməsi öz təsdiqini tapmışdır. (iş vərəqə 101-103) Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 93) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən çox olmamaqla təyin olunmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 19) İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan, eləcə də, həmin tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, o, həbsdən azad edilmişdir. (iş vərəqə 68-69; 71-73) İş materiallarında olan 16 iyun 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan və 18 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (110; 162-163) Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs onun AR CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin icraatında olduğu dövrdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətdiyindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulması zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 yanvar 2023-cü il tarixdən 26 yanvar 2023-cü il tarixədək və 16 iyun 2023-cü il tarixdən 18 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 04 gün ona təyin edilmiş cəzadan çıxılmalı, onun cəzaçəkmə müddətinin əvvəli həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan, yəni, 12 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3839 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aid olan 6,444 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,344 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 yanvar 2023-cü il tarixdən 26 yanvar 2023-cü il tarixədək və 16 iyun 2023-cü il tarixdən 18 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 04 gün ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 il 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan, yəni 12 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aid olan 6,444 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,344 qram psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar