Məhkəmə qərarları › İş №1(101)-507/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-507/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-507/2021 17.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Qasım oğlunun iştirakları ilə, xx.xx.1973-cü ildə Yardımlı rayonunun Telavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Telavar kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 32/78, mənzil 32-də yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 21:30 radələrində yaşadığı ünvan 1 ünvanına gəlib həyat yoldaşı Şahid3 qardaşı oğlu Şahid4 ilə yaxın münasibətdə olduğunu zənn edib bu barədə məlumat vermək üçün sonuncunun atası Zərərçəkmiş şəxs zəng edərək yaşadığı evin yaxınlığındakı “Göyərçin“ marketin qarşısında onunla görüşmüş və orada aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq qarının ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası, qaraciyərin sol payının deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həm xalası oğlu, həm də qaynıdır. Onunla münasibətləri həmişə yaxşı olmuşdur. Aralarında heç bir narazılıq, ədavət və düşmənçilik olmamışdır. Hadisəyə kimi təxminən son üç ay ərzində Sumqayıt şəhərində yerləşən “Real” klinikasında növbətçi sürücü işləmişdir. xx xxxx 2020-ci il tarixdə saat 18:00-da o, klinikada növbəyə girib işə başlamışdır. Saat 20:30-da o, evə həyat yoldaşı Şahid3 zəng edib onun üçün yemək hazırlamasını bildirmişdir. Yoldaşı gəlməzdən əvvəl ona zəng edib xəbərdarlıq etməyi demiş, təxminən saat 21:30 radələrində yaşadığı evə getmiş və yoldaşının telefonuna zəng etmiş, yoldaşı yeməyi özü aşağı düşürmüşdür. Nədənsə yoldaşının davranışından şübhələnmiş, yeməyi götürüb aralanmışdır. Amma bir az sonra evə qayıdıb, evdə başqa kişi olub-olmamasını yoxlamağı qərara almışdır. Ona görə də evə qayıtmış, bloka girib yaşadığı 4-cü mərtəbəyə qalxmış və açarla evin qapısını açmaq istəmişdir. Qapının açıq olduğunu görüb qapını içəri tərəfə itələmişdir. Bu vaxt qapının içəri tərəfdən bağlı olduğunu görmüş, qapını döyməyə başlamış, qapının gec açıldığını görüb ayağı ilə qapını vurmağa başlamışdır. Bundan sonra içəridən anlaşılmaz danışıq səslərinin gəldiyini eşitmişdir. Təxminən 2-3 dəqiqədən sonra Afaq əynində xalatla qapını açmışdır. Qapını açan zaman həm də yoldaşı xalatının yaxasını bağlamış və həyəcanlı olmuşdur. Qapı açılanda o, içəridə xalası nəvəsi, yəni zərərçəkmiş şəxs Zaminin oğlu Müşfiqi maykada divanda oturmuş vəziyyətdə görmüşdür. O, gördüklərindən şok vəziyyətə düşmüş, hərəkətsiz dayanmışdır. Müşfiq qapıya tərəf gəlib onun qolunun altından keçərək qaçıb çölə çıxmışdır. O, Müşfiqə əl atmış, lakin tuta bilməmiş, Müşfiqin maykası onun əlinə ilişib cırılmışdır. O, həyəcanlı vəziyyətdə mətbəxə keçib hansısa bir əşya axtarmağa başlamış, əşya axtarmaqda məqsədi Afaqı vurmaq olmuşdur. Çünki o, Afaqın öz qardaşı oğlu ilə ona xəyanət etdiyini düşünmüşdür. O, mətbəxə keçəndən sonra Afaq da evdən çıxıb qaçmışdır. Bundan sonra o, evdən çıxıb qapını bağlamış, Müşfiqin atası olan zərərçəkmiş şəxs Zaminin mobil telefonuna zəng etmişdir. Lakin Zaminin telefonu məşğul olmuşdur. Təxminən bir dəqiqədən sonra Zamin özü ona zəng etmişdir. O, Zamindən harada olmasını soruşmuş və evinin həyətinə dəvət etmişdir. O, pilləkənlə aşağı düşərkən Zaminin dayandığını görmüş, blokdan çıxıb Zaminə yaxınlaşmış, Zaminə onun bacısını oğlu ilə evində bir yerdə tutduğunu bildirmişdir. Zaminlə aralarında mübahisə yaranmış və Zamin ona əl-qol atmağa başlamışdır. O isə əynindəki şalvarın sol cibində olan açılıb-bağlanan bıçağı çıxartmış və özündən irəlidə əlində tutmuşdur ki, Zamin ona yaxınlaşmasın. Zamin ona tərəf gələndə bıçaq onun qarnına girmişdir. Bu vaxt Zaminin qaynı Vüqar onlara yaxınlaşmış, o, Vüqara bıçağın Zaminə dəydiyini, təcili yardım çağırmağı demişdir. Oradan iş yerinə gedib inzibatçıya işdən çıxmaq istədiyini bildirmiş və başına gələn hadisəni danışmışdır. Bundan sonra o, polisə hadisə barədə məlumat vermiş və iş yerinin yanında polis əməkdaşlarını gözləmişdir. Bir az keçmiş polis əməkdaşları ona yaxınlaşmış və onu 3-cü Polis bölməsinə aparmışlar. O, bölmədə hadisənin necə baş verməsini danışmışdır. Halhazırda Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs ondan heç bir tələb və şikayəti yoxdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həm xalası oğlu, həm də bacısının həyat yoldaşıdır. Onların münasibətləri həmişə yaxşı olmuş, aralarında heç vaxt narazılıq və problem olmamışdır. 2020-ci ilin iyul ayının 31-də onlar bir-birlərinin Qurban bayramlarını təbrik etmişlər. Həyat yoldaşı Güldədəgilin evinin yaxınlığında təndirdə işləmişdir. Axşamlar o da kömək etmək məqsədi ilə həyat yoldaşının yanına getmişdir. Həmin gün də o, həyat yoldaşının işlədiyi yerə getmiş, saat 20:00 radələrində oğlu Müşfiqə bayram payı verib Güldədəgilə yola salmışdır. Təxminən 15 dəqiqədən sonra oğlu Müşfiq ayaqyalın, köynəyinin isə bir tərəfi cırılmış vəziyyətdə təndirə gəlmişdir. O, həmin vaxt qaynı ilə telefonla danışdığından oğlundan nə baş verdiyini soruşa bilməmişdir. Bu vaxt Güldədənin ona zəng etdiyini görüb özü geri zəng etmişdir. Güldədə ondan harada olduğunu soruşmuş, o, təndirdə olduğunu bildirmiş, Güldədə onu öz yaşadığı binanın qarşısına çağırmışdır. O, Güldədə ilə razılaşmış və oraya getmişdir. O, həmin yerə çatanda Güldədənin gəldiyini görüb sonuncuya yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur. Güldədənin deməsi ilə onlar birlikdə “Göyərçin” marketin yan tərəfinə keçmişlər. Söhbət etməyə başlayan zaman Güldədə onu qarın nahiyəsindən vurmuşdur. Güldədə onu vurduqdan sonra o, Güldədənin əlində bıçaq olduğunu görmüşdür. Bu vaxt qaynı Vüqar onlara yaxınlaşmışdır. Güldədə isə onu vurduqdan sonra çıxıb getmişdir. Vüqar onu oradan xəstəxanaya aparmışdır. O, əməliyyat olunduqdan sonra Güldədə onun oğlu ilə bacısı arasında yaxın münasibət olduğunu bildirdiyini eşitmişdir. Çəkdiyi ziyan tam şəkildə Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. Hazırda Güldədə ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini və Güldədəyə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Şahid2 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısının həyat yoldaşıdır. Təqsirləndirilən şəxs isə Zaminin həm xalası oğlu, həm də yeznəsidir. X6 şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Göyərçin” marketin arxasında təndirdə işləyir. Zamin təndirdə qalan çörəkləri satmaq üçün axşamlar ora gedir. Bacısı isə Zamin gəldikdən sonra evə gedir. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində o, çörək almaq üçün bacısının işlədiyi təndirə getmiş, orada olan zaman Zamin kiminləsə telefonla danışaraq üçün çölə çıxmışdır. O, Zamindən nə baş verdiyini soruşduqda Zamin ona əhəmiyyət verməyib danışaraq çölə çıxıb getmişdir. Bacısı Aynurə ona Zaminin telefonda Güldədə ilə mübahisə etdiyini bildirmiş, ondan Zaminin arxasınca getməyini xahiş etmişdir. O, təndirdən çıxıb Zaminin arxasınca getmişdir. Zamin ondan təxminən 10-15 metr irəlidə iti addımlarla hərəkət etmişdir. Bir az irəlidə Zamin Güldədə ilə qarşılaşmış və onlar bir-birinin yaxasından tutub mübahisə etməyə başlamışlar. O, Zaminlə Güldədənin mübahisə etdiklərini görüb qaçaraq onlara yaxınlaşmış, onların arasına girib onları sakitləşdirmiş, bu vaxt Zaminin köynəyinin qan olduğunu görmüşdür. Güldədə ona Zamini bıçaqla vurduğunu deyib, ondan Zamini həkimə aparmağı xahiş etmişdir. Güldədə bu sözləri deyib çıxıb getmişdir. Hava qaranlıq olduğu üçün o, Güldədənin Zamini bıçaqla vurduğunu görməmişdir. O, “Göyərçin” marketi işlədən Mehman adlı oğlanla Zamini Sumqayıt şəhər Təcili tibbi yardıma gətirmişlər. Orada Zamini əməliyyat etmişlər. Şahid X4 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma bibisi Şahid3 həyat yoldaşıdır. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində anası bayram payı hazırlayıb bibisigilə aparması üçün ona vermiş, o, bayram payını götürüb bibisigilə aparmışdır. Bloka girib 4-cü mərtəbəyə qalxan vaxt 2-ci mərtəbədə bibisi ilə qarşılaşmışdır. Bibisi yoldaşına yemək apardığını, ona isə evə qalxmağını bildirmişdir. Yuxarı qalxıb evin qapısını açmış və evə keçib bibisinin gəlməsini gözləmişdir. Bir neçə dəqiqədən sonra bibisi gəlmiş və onlar yenidən bayramlaşmışlar. Sonra bibisi mətbəxə keçib nəsə hazırlamağa başlamışdır. O, isə otaqda divanda oturmuşdur. Bu vaxt evin qapısı döyülmüş, bibisi gedib evin qapısını açmışdır. Gələn Güldədə olmuşdur. Güldədə içəri girən kimi ona tərəf gəlmiş və qışqırmağa başlayaraq burada nə elədiklərini soruşmuşdur. O isə Güldədəyə Qurban payı gətirdiyini bildirmişdir. Lakin Güldədə onun bu sözlərinə fikir verməmiş və ona əl-qol atmağa başlamışdır. Buna görə də o, Güldədəni kənara itələyib qapıdan qaçıb getmişdir. O, qaçan zaman Güldədə onun köynəyindən tutmuş, buna görə də köynəyinin arxa tərəfi cırılmışdır. Oradan qaçıb yaxınlıqda anasının işlədiyi təndirə gəlmişdir. Ora çatanda atasının telefonla danışdığını görmüşdür. O, olanları atasına və anasına danışmış, bir neçə dəqiqədən sonra bibisi də anasının işlədiyi yerə gəlmişdir. Bibisi də baş verənləri onun valideynlərinə danışmışdır. Bu vaxt atası qapıdan çıxıb getmişdir. Təxminən 10-15 dəqiqədən sonra tanımadığı bir nəfər kişi ona yaxınlaşıb Zaminin oğlu olub-olmadığını ondan soruşmuş, atasının kiminləsə mübahisə etdiyini və xəstəxanaya aparıldığını bildirmişdir. Bundan sonra o, evə gedib köynəyini dəyişmiş və Sumqayıt şəhər Təcili yardım xəstəxanasına getmişdir. Güldədənin ona qarşı dedikləri şər və böhtandır. O, həmin gün mayka geyinməmiş və əynində ağ rəngli köynək olmuşdur. Güldədənin nə üçün belə bir ifadə verdiyini bilmir (iş vərəqi 35-36). Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs isə Zaminin həm xalası oğlu, həm də bacısının həyat yoldaşıdır. Güldədənin onlarla münasibəti həmişə yaxşı olub, aralarında heç vaxt problem və ədavət olmamışdır. O, yaşadığı evin yanındakı təndirdə işləyir. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində təndirdə iş yerində ikən Qurban bayramı münasibəti ilə oğlu Müşfiqə bayram payı verib Güldədəgilə aparmasını xahiş etmiş və onu Güldədəgilə yola salmışdır. Həmin vaxt həyat yoldaşı Zamin də təndirə onun yanına kömək etmək üçün gəlmişdir. Təxminən 10 dəqiqədən sonra Müşfiq qayıtmış, ona bir söz deməmişdir. Eyni vaxtda Zaminin telefonuna zəng gəlmiş, Zamin telefonla danışa-danışa küçəyə çıxıb getmişdir. Təxminən 10-15 dəqiqədən sonra o, həyat yoldaşına zəng etmiş, lakin Zamin cavab verməmiş, bundan sonra o, qardaşı Vüqara zəng etmişdir. X5 bıçaqla xəsarət yetirdiyini və sonuncunu xəstəxanaya apardığını demişdir. Təqsirləndirilən şəxs Zamini bıçaqla vurduğunu görməmişdir. Təqsirləndirilən şəxs dedikləri yalandır. Oğlu ilə Afaq arasında heç vaxt yaxın münasibət ola bilməz. Sonradan Güldədə gördüklərini səhv başa düşdüyünü, əslində belə bir şey olmadığını bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 17 ildir ki, onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs isə onun qardaşıdır. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində o, Güldədəyə zəng edib onun üçün yemək hazırlayıb-hazırlamamasını soruşmuş, Güldədə ona yeməyi hazırlamağı və gəlib özü götürəcəyini demişdir. O, yemək hazırlamış, yeməyi həyətə düşürmüş, Güldədə işlədiyi klinikanın maşını ilə gəlib yeməyi götürüb getmişdir. O, yenidən evə çıxmışdır. Yeməyi Güldədəyə vermək üçün aşağı düşəndə qardaşı oğlu Müşfiq yuxarı onlara çıxmışdır. Müşfiq onlara bayram payı gətirmişdir. Güldədə getdikdən təxminən 2-3 dəqiqə sonra Güldədə yenidən evə qayıtmışdır. Müşfiqə çay süzüb aparan vaxt Güldədə qapını döydüyü üçün o, qapını açmışdır. Güldədə içəri girən kimi “bu küçük bura niyə gəlib” və “mən işə gedən kimi bunları niyə çağırırsan” demişdir. O, isə Güldədəyə Müşfiqin bayram payı gətirdiyini demişdir. Güldədə Müşfiqin gətirdiyi bayram payını pəncərədən çölə atmış, sonra Müşfiqin üstünə gedib onu söyməyə başlamışdır. O, Müşfiqə tərəf gedəndə Müşfiq arxaya çəkilmiş, Güldədənin yanından qaçıb getmək istəyəndə Güldədə əl atıb Müşfiqin əynindəki köynəyi cırmışdır. Müşfiq qaçıb getdikdən sonra Güldədə bıçaq götürmək üçün mətbəxə tərəf keçmiş, o isə qorxduğu üçün evdən çıxıb qaçmış və qonşu blokda gizlənmiş, təxminən yarım saat Güldədənin getməsini gözləmişdir. Sonra oradan çıxıb yaxınlıqdakı təndirdə işləyən qardaşının həyat yoldaşı Aynurənin yanına getmişdir. O, 102 xidmətinə zəng edib məlumat vermiş və yaşadığı binanın qarşısına qayıtmış, Güldədə evin qapısını bağlayıb getdiyi üçün küçədə dayanmışdır. Bu vaxt məhəllədə olan qadınlardan kimsə ona Güldədənin Zamini bıçaqla vurduğunu demişdir. Bildirir ki, Təqsirləndirilən şəxs yalan danışır və ona böhtan atır. Belə ki, o, qapını açanda gündəlik ev geyimində olmuş, Müşfiq isə həmin vaxt alt paltarında olmamışdır (iş vərəqi 13-15). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri əyani şəkildə göstərmişdir (iş vərəqi 103-105) İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona xəsarət yetirməsinin təfərrüatları barədə istintaqa verdiyi ifadəsini təqsirləndirilən şəxsin üzünə deməklə bir daha təsdiq etmişdir (iş vərəqi 103- 105). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 957 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarının ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası, qara ciyərin sol payının deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər vardır. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyaın (alətin), olan bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən yaranmışlar, müddəti onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə bıçaqla yetirilən bir zərbənin təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir (iş vərəqi 106-109). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks-məhkəmə-liflitrasoloji-kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 389-MTBŞ/2020 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin sol aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın təsirindən törənməsi inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və düzəlişlər edilməmişdir (iş vərəqi 114-118). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks-məhkəmə-liflitrasoloji-kriminalistik ekspertizası üzrə tibbi biologiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 586/2020-MTBŞ saylı rəyindən görünür ki, təqdim edilən bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus mayka və köynək üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, bıçaq üzərindəki ləkələrdə həmçinin beta aqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/ll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqə 148- 152). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 102 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı “Yüngül dərəcəli depressiv pozuntu, sayıqlamayabənzər fikirlər daxil olmaqla” formasında psixi pozuntuya xas əlamətlər müəyyən edilir. Lakin Təqsirləndirilən şəxs yanıldığını və düzgün hərəkət etmədiyini başa düşmüş, törətdiyi əmələ görə peşman olmuş, buna görə onun sayıqlamayabənzər fikirləri aktuallığını itirmişdir. Lakin yüngül dərəcəli depressiv pozuntu saxlanılmışdır. Sadəcə olaraq həmin depressiv pozuntu yüngül olduğundan Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə rəhbərlik etmək və özünə hesabat vermək iqtidarındadır. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Yüngül dərəcəli depressiv pozuntu, sayıqlamayabənzər fikirlər daxil olmaqla” formasında psixi pozuntu onu cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi hərəkətləri Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür (iş vərəqi 142-146). İşdə olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka bir ədəd köynək və maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir (iş vərəqi 154-162) İşdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 84). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 83). İşdə olan Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur (iş vərəqi 98). İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 12 saylı Mənzil-kommunal sahəsindən verilmiş xx.xx.2020-ci il tarixli, 857 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Rzayev X2 şəhəri, 4-cü mikrorayon, ev 32/78, mənzil 32-də kirayənişin yaşayır, barəsində Mənzil-kommunal sahəsinə heç bir şikayət daxil olmamışdır (iş vərəqi 97, 132). Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurması kifayət qədər sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə, ev dustaqlığında, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma protokolundan və qətimkan tədbiri seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, xx.xx.2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, o, məhkəmə zalından həbsdən azad edilmiş, barəsində müstəntiqin qərarı ilə xx.xx.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, stasionar psixiatrik ekspertiza keçirilməsi məqsədilə Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həmin X8 stasionar şöbəsinə yerləşdirilmişdir (iş vərəqi 24, 61-65, 129-131, 256). Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən müddəlarını əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs məhkəmyədək icraat zamanı tutulduğu 2 (iki) gün və stasionar ekspertizada saxlandığı 22 (iyirmi iki) gün, cəmi 24 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edlməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka və bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 24 (iyirmi dörd) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 06 (altı) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka və bir ədəd köynək məhv edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. İş №1(101)-507/2021 ÇİXARİŞ Azərbaycan Respublikası adından HÖKM xx xxxxxx 2021-ci il Bakı şəhəri BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Qasım oğlunun iştirakları ilə, xx.xx.1973-cü ildə Yardımlı rayonunun Telavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Telavar kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 32/78, mənzil 32-də yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 24 (iyirmi dörd) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 06 (altı) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka və bir ədəd köynək məhv edilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Səbuhi Hüseynov Əli Məmmədov Əsli ilə düzdür: Hakim Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar