Məhkəmə qərarları › İş №1(101)-507/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-507/2022

28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-507/2022 28.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Hacıqabul şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,954 qram çəkidə narkotik vasitə olan heroini, 1,861 qram çəkidə psixotrop maddə olan metamfetamini, tərkibində təsiredici maddənin ümumi miqdarı 0,960 qram təşkil edən 03 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında 24 ədəd metadon həblərini əldə edib üzərində saxlamaqla daşımış, 17 oktyabr 2021-ci il tarixdə saat 03:30 radələrində Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində yerləşən "Cəmşid Naxçıvanski adına Ali Hərbi” məktəbin qarşısında tanışı Şahid1 ilə birlikdə saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PBnə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı çiynindən asdığı qara rəngli əl çantasının içərisindən 04 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,890 qram, 1.052 qram, 0,540 qram və 4,472 qram olmaqla ümumi təmiz çəkisi 6,954 qram, yəni, külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 04 ədəd ağ və 01 ədəd sarı rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,115 qram, 0,130 qram, 0,095 qram, 0,073 qram və 1,448 qram olmaqla ümumi təmiz çəkisi 1,861 qram ağ rəngli kristallikdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamin, 03 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,960 qram təşkil edən 24 ədəd açıq qəhvəyi rəngli “FM 40” göstəricili metadon həbləri və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin istifadəçisidir. Təxminən 5 il olar ki, narkotik vasitədən istifadə edir. O, ailəsi ilə birlikdə Hacıqabul şəhərində yaşasa da, 2021-ci ilin mart ayında işləmək məqsədi ilə Bakı şəhərinə gəlmiş və icarəyə avtomobil götürərək taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmağa başlamışdır. Şahid1 da icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olub, həmin vaxtdan onunla tanış olmuşdur. 16 oktyabr 2021-ci il tarixdə o, şəxsi işləri ilə əlaqədar Yasamal rayonu, Qələbə dairəsinin yanında olanda orada olan məişət tullantılarının atılması üçün nəzərdə tutulan zibil qutusunun yanından bir büküm tapmışdır. Həmin bükümdə 1,8 qram narkotik vasitə olan metamfetamin var imiş. İdarə etdiyi avtomobilin həbsi olduğundan o, avtomobilsiz imiş. Ona görə də 17 oktyabr 2021-ci il tarixdə saat 03-30 radələrində tanışı Şahid1 zəng etmişdir ki, onu Xətai rayonu, Zığ şossesində yerləşən Cəmşid Naxçıvanski adına hərbi məktəbin yanına aparsın. Ramində idarə etdiyi avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Alatava adlanan yerə gələrək onu götürmüşdür. Orada o, dostu Valehlə görüşmək istəmişdir. Valehin borcu var imiş. Ona görə onunla görüşmək üçün getmişdir. Onlar Hərbi məktəbin yanına çatanda Ramin avtomobili saxlamışdır. Bu zaman Xətai RPİ-nin PRXB-nin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onları Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Onlar etiraz etməyib onlarla birlikdə Polis Bölməsinə gəlmişlər. Polis Bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Ona müdafiəçi təqdim olunmuş və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O, çiynində olan çantanın içərisində saxladığı tapdığı həmin narkotik vasitəni təqdim etmişdir. Lakin, ittiham aktında qeyd olunan 6,954 qram çəkidə narkotik vasitə olan heroin, 0,960 qram təşkil edən 03 ədəd üzərində 24 ədəd “Methadone 40" olmamışdır. O, heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamış, özü qəbul etmək üçün almışdır. Şahid1 onun üzərində narkotik vasitə olması barədə məlumatı olmamışdır. O, Raminə bu barədə heç bir məlumat verməmişdir. Ramin sadəcə olaraq onu taksi kimi sifariş verdiyi ünvana aparmışdır. O, heç kəsə narkotik vasitə satmamışdır. Elan olunmuş cinayət işinin 27-29-cu vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokola və təqdim edilmiş protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolu təsdiq etimir. Protokolda olan imza onun imzasıdır, ona bildirmişlər ki, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək, həmin narkotik vasitələr onun olmamışdır. Ona ЪМ-нин 234.1-ci maddə ilə ittiham verəcəklərinə inanıb həmin narkotikin ona məxsus olmasını demişdir. Onda 6,954 qram çəkidə narkotik vasitə olan heroin, 0,960 qram təşkil edən 03 ədəd üzərində 24 ədəd “Methadone 40" olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin və izahatın sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 79-82 və 113-116-cı vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...16 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində şəxsi işlərimlə əlaqədar Bakı şəщəri, Yasamal rayonu, Qələbənin dairəsi adlanan yerin yaxınlığında olan zaman orada olan məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularının yanında şəffaf rəngli sellofan torba olduğunu gördüm və həmin torbanı götürüb içərisinə baxan zaman orada 04 ədəd bükümdə narkotik istifadəçilərinin dili ilə adlandırdığımız kakos, yəni narkotik vasitə olan heroin, 05 ədəd bükümdə şüşə, yəni psixotrop maddə olan metamfetamin, 3 ədəd list üzərində “Methadone 40" sözləri yazılmış 24 ədəd metadon həbləri, 1 ədəd elektron tərəzi olduğunu gördüm. Həmin narkotik vasitə və psixotrop maddəni istifadə etmək məqsədi ilə götürüb üzərimdə olan qara rəngli əl çantamın içərisinə qoydum ki, bədənimdə ağrılar olan zaman istifadə edərəm. ...Şəxsi axtarış zamanı mən gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb çiynimdən asdığım çantanın içərisində saxladığım 04 ədəd şəffaf rəngli sellofan, 04 ədəd ağ və 01 ədəd sarı rəngli kağıza bükülmüş bükümləri, 3 ədəd listdə olan 24 ədəd həbləri və 01 ədəd elektron tərəzini masanın üzərinə qoydum. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolları təsdiq etmir, imzalar onun imzasıdır, protokolları oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 161-163-cü vərəqələrində olan diskə baxış keçirilməsi barədə protokola əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, telefon danışıqları olmuşdur. Ona mesajlar yazmışlar. Lakin, həmin şəxsləri xatırlamır. Anket məlumatlarını bilmir. Elan olunmuş cinayət işinin 242-243-cü vərəqələrində olan cinayət işinin materialları ilə tanış etmə haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, oxumadan imza etmişdir. Polis əməkdaşlarının onunla heç bir şəxsi qərəzçiliyi olmamışdır. Ona təzyiq və təsir olunmamışdır. Ona bildirmişlər ki, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək, həmin narkotik vasitələr onun olmamışdır. Ona 234.1-ci maddə ilə ittiham verəcəklərinə inanıb həmin narkotikin ona məxsus olmasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, taksi sürücüsüdür. Maddi cəhətdən sıxıntı çəkdiyi üçün 2010-cu ildən yaşadığı Sabirabad rayonundan işləmək üçün Bakı şəhərinə gələrək icarəyə avtomobili götürüb taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Təqsirləndirilən şəxs təxminən hadisədən bir ay əvvəl tanımışdır. Cavid də icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olurmuş. 17 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində Cavid ona zəng vuraraq onu Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində yerləşən Cəmşid Naxçıvanski adına Ali Hərbi məktəbin yaxınlığına aparmağını xahiş etmişdir. O, Cavidlə sifariş verdiyi ünvana aparmağı üçün 14 manata razılaşmışdır. Cavid Bakı şəhəri, Yasamal rayonu, Alatava adlanan yerdə olduğunu bildirmişdir. O, Cavidin dediyi həmin ünvana gedərək Cavidi götürmüşdür. Cavid avtomobilin arxa oturacağında əyləşmişdir. Onun çiynində qara rəngli əl çantası var imiş. O, Cavidin sifarişi əsasında Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində yerləşən Cəmşid Naxçıvanski adına Ali Hərbi məktəb istiqamətində hərəkət etməyə başlamışdır. Saat təxminən 03:30 radələrində onlar “Cəmşid Naxçıvanski adına Ali Hərbi" məktəbin qarşısına çatmışlar və o, orada avtomobili saxlamışdır. Cavid orada kiməsə zəng vurub telefonla danışan zaman Xətai RPi-nin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onları Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Onlar etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmişlər. Polis Bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona müdafiəçi təqdim olunmuş, xidməti otaqların birində video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O, üzərində qanunla qadağan olunmuş heç bir maddə və ya predmet olmadığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən heç bir şey aşkar olunmamışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılar tərəfindən protokol imzalanmışdır. Bundan sonra idarə etdiyi avtomobilə baxış keçrilmiş və baxış zamanı avtomobildən də qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar olunmamışdır. Bu barədə də protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokol imzalanmışdır. Sonra ona məlum olmuşdur ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçrilən zaman onun çantasının içərisindən narkotik vasitə aşkar olunmuşur. O, narkotik vasitədən istifadə etmir. Cavidin üzərində narkotik vasitə olması barədə məlumatı olmamışdır. Cavid bu barədə ona heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 17.10.2021-ci il tarixdə təyin olunmuş marşrut üzrə avtopatrulla Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nələri Şahid3 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, Cəmşid Naxçıvanski adına ali hərbi məktəbin yaxınlığında xidmətdə olarkən həmin gün saat 03:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, Cəmşid Naxçıvanski adına ali hərbi məktəbin yaxınlığında yolun kənarında "Azsamand" markalı, **-NZ-*** dövlət qeydiyyal nişanlı avtomobilin dayandığını görüb hamin avtomobilə yaxınlaşıb özlərini təqdim edərək yolun kənarında dayanmalarının səbəbini soruşmuşlar. Həmin vaxt avtomobildə sərnişin qismində olan şəxs suallara qeyri-səmimi cavab verib onlardan yayınmaq istədiyini və özünü şübhəli apardığını görmüşlər. Buna görə də həmin şəxsi və avtomobilin sürücüsünü "Azsamand" markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Xətai RPİ-nin 35-ci PB-nə aparmışlar. Bölmədə həmin şəxslərin şəxsiyyəti müəyyən edilən zaman avtomobilin sürücüsünün X3 və avtomobildə sərnişin olan şəxsin isə Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Ramil Xəlilovun və Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün raportla bölmənin rəhbərliyinə məruzə olunmuş və araşdırma aparılması təhqiqatçı Hüseyn Novruzluya həvalə edilmişdir. Sonra Təqsirləndirilən şəxs və Şahid1 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuş, həmin vəkillərin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Cavid çiynində olan çantanın içərisində saxladığı 04 ədəd şəffaf rəngli sellofan, 04 ədəd ağ və 01 ədəd sarı rəngli kağıza bükülmüş bükümləri, 03 ədəd listdə olan 24 ədəd həbləri və 01 ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoyaraq, həmin 04 ədəd şəffaf rəngli sellofan bükümdə olan maddələrin narkotik vasitə olan heroin, 04 ədəd ağ və 01 ədəd sarı rəngli kağıza bükülmüş bükümlərdə olan maddələrin psixotrop maddə olan metаmfetamin, 03 ədəd listdə olan 24 ədəd həblərin tərkibində narkotik vasitə olan metadon həbləri olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri 16.10.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsi adlanan yerin yaxınlığında yerləşən zibil qutularının yanından tapdığını bildirmişdir. Sonra Cavidin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Cavidin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra Cavidin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən həmin protokol da imzalarla təsdiq edilmişdir. Bundan sonra video çəkilişlə Şahid1 üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış keçirməmişdən əvvəl Raminə üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Ramin də üzərində qanunla qadağan edilmiş heç bir maddə və predmet olmadığını bildirmişdir. Sonra Raminin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Raminin üzərindən heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar və Ramin tərəfindən imzalanmışdır. Bundan sonra Şahid1 idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar olunmamışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılar və Ramin tərəfindən imzalanmışdır. Şahid1 taksi fəaliyyəti ilə məşğul olduğunu və Təqsirləndirilən şəxs sifarişi ilə həmin gün onu Cəmşid Naxçıvanski adına ali hərbi məktəbin yanına aparmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı və ya qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda heç bir əməliyyat məlumatı olmamışdır. Onlar qəflətən şübhələndikləri üçün onların üzərinə baxış keçirmişlər. O, təqsirləndirilən şəxsdə narkotik vasitə olmasını bilməmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Gülhüseyn oğlu eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin PPXB-nin əməkdaşlarının 17 oktyabr 2021-ci il tarixli raportundan görünür ki, 17.10.2021-ci il tarixdə, saat 03:30 radələrində Cəmşid Naxçıvanski adına ali hərbi məktəbin yaxınlığında dayanmış "Azsamand" markalı, **-NZ- *** dövlət qeydiyyal nişanlı avtomobil onlara şübhəli gəldiyindən, həmin maşına yaxınlaşdıqda, onlardan yolun kənarında dayanmalarının səbəbini soruşduqda, sərnişin qismində oturan şəxs şübhəli hərəkətlər etdiyindən həmin şəxsin narkotik vasitələrin istifadəsində şübhəli qismində Xətai RPİ-nin 35-ci PB-nə gətirib təhvil vermişlər. Cinayət işinin 27-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 17 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs çiynindən asdığı qara rəngli əl çantasının içərisindən 04 ədəd şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddəni, 04 ədəd ağ rəngli kağıza bükülmüş kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddəni və 01 ədəd sarı rəngli kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddəni, 03 ədəd üzərində “Methadone 40" yazısı olan dərman konvolyutlarında 24 ədəd olan həbləri, 02 ədəd ampulanı və 01 ədəd elektron tərəzini, özünə məxsus sürücülük vəsiqəsini, fiziki şəxsin vergi uçot şəhadətnaməsini, 02 ədəd lombad müqavilə şərtini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələri, ampulanı və elektron tərəzini 16 oktyabr 2021-ci il tarixdə Yasamal rayonu, Qələbə dairəsinin yaxınlığında tapdığını, həmin ampuladan biraz istifadə etdiyini, qalanını isə üzərində saxladığını bildirmişdir. Şəxi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd qara pul qabı aşkar edilmişdir. Pul qabının içərisindən 01 ədəd “İphone” markalı mobil telefon, “Kapital Bank” a məxsus bank kartı, “Albalı kart”, Sərfəli alış-veriş kartı və 197 manat pul əsginası aşkar edilmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 40-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şahid1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 49-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 17 oktyabr 2021-ci il tarixdə Şahid1 üzərində axtarış aparılmış və axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 52-55-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 oktyabr 2021-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 məxsus "Azsamand" markalı, **-NZ-*** dövlət qeydiyyal nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 94-95-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rəşad Qurbanovun 17 oktyabr 2021-ci il tarixli şəxsin müvəqqəti saxlama təcridxanasından azad edilməsi və şübhəli şəxs statusunun ləğv edilməsi haqqında qərarından görünür ki, Şahid1 saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuş və onun şübhəli şəxs kimi statusu ləğv edilmişdir. Cinayət işinin 63-70-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2021-ci il tarixli, 6/4629 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs... ” sözləri olan bir ədəd zərfdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,890 qr, 1,052 qr, 0,540 qr, 4,472 qr.. ümumi təmiz çəkisi 6,954 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 5 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,115 qr., 0,130 qr., 0,095 qr, 0,073 qr., 1,448 qr., ümumi təmiz çəkisi 1,861 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, 3 ədəd üzərində "Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında 24 ədəd açıqqəhvəyi rəngli “F/M 40" gostəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,960 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş " Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”- in siyahısına (Siyahı 1) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr'-in siyahısına (Siyahı İİ) daxildir. Cinayət işinin 96-98-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 oktyabr 2021-ci il tarixli CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çiynindən asdığı qara rəngli əl çantasının içərisindən 04 ədəd şəffal rəngli sellolana bükülmüş bükümdə narkotik vasitə heroin, 04 ədəd ağ və 01 ədəd sarı rəngli kağız bükümdə ağ rəngli kristallikdən ibarət psixotrop maddə olan metamfetaminin, 03 ədəd üzərində "Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında 24 ədəd qaçıq qəhvəyi rəngli “FM 40” gostəricili metadon həbləri və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Cinayət işinin 139-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 20 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 6 ünvanında axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 142-148-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 oktyabr 2021-ci il tarixli axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında axtarış aparılmış və axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Axtarış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 161-163-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 noyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 070-434-37- 47 saylı və ***-***-**-** saylı mobil nömrələrə 31.08.2020-ci il tarixdən 31.08.2021-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" və "xxxx" MMCdən daxil olmuş 2 ədəd “CD” diskdə olan məlumatlara baxış keçirilən zaman aşağıdakı SMS mətnləri müəyyən edilmişdir: Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə ***-***- **-** saylı mobil nömrədən 22.09.2021-ci ıl tarixdə saat 15:29:59-da "Qardaşım bidene 1 qram temiz butov kola gotur gel derddeşek qırban”; ***-***-**-** saylı mobil nömrədən 25.09.2021-ci il tarixdə saat 09:52:47-də "Qaqa vezyet cox xarabdi gozleyirem surunureım .... yubanma cani yeyerem gel bidene yari getir mencin”; 25.09.2021-ci il tarixdə saat 09:57:36-da "Qaqa hacjqabulun icine salmada meni axwama verecem pulunu vallah yoxdu indi ustumde bayraqa cixda”; 28.09.2021-ci il tarixdə saat 18:11:04-də ***-***-**-** saylı mobil nömrədən "Sen menim canim patida imkan vrsa ver qardasjnsan sabah maas kocecey xecaletinden cixacaq qaqan cixacam”; 29.09.2021-ci il tarixdə saat 13:39:29-da ***-***-**-** saylı mobil nömrədən "Gelende de mene burda varatada goruwek indi bir butov ver mene axwam sahat 9, Ne qeder tez gele bilirsen gelki burda olen var dirildecekdende bil”; 29.09.2021-ci il tarixdə saat 19:59:45-də "Hardasan qaqa pulda hazirdi day nagd goturecem, Hardasan ay brat ?? Acirsan daniwmirsan batarekada ver mene bjrde onu yaxwi ele”; 30.09.2021-ci il tarixdə saat 06:30:35-də ***-***-**-** saylı mobil nömrədən "X17 X10 25baliq 20kola X15”; 04.10.2021-ci il tarixdə saat 21:04:29-da ***-***-**-** saylı mobil nömrədən “X16 Vepde Vapsa, 10 deqeden sonra cix gel kapital bank terefe amma nisiye olmasin qardawimsan” məzmunlu smslər göndərilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrəsinə; ***-***-**-** saylı mobil nömrədən 28.09.2021-ci il tarixdə saat 02:40:13-də "Gelim deyim veziyet pisdi"; ***-***-**-** saylı mobil nömrədən 01.10.2021-ci il tarixdə saat 16:22:31-də “(Cabi 1 qrM jola usdıyırem 5 mantluqda pati sene eke bil 40 vermeliyem 25 verj"; 02.10.2021-ci il tarixdə saat 20:41:00-da "Qaqa 08 kola 5 mantluqd pati emele geler 30 mantda pul var emele geler he yox de 20 yanvardayam gelim gekmiyıım"; 02.10.2021-ci il tarixdə saat 20:46:23-də "2 dene 5 5 adelni pati ele 08 de kola 35 man yaxsi gelde burdayjq“- məzmunlu smslər göndərilmişdir. Cinayət işinin 170-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Xətai RPİ 35-ci PB-dən daxil olmuş 24 noyabr 2021-ci il tarixli, 103-3978-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 179-181-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8 dekabr 2021-ci il tarixli, 6/6/5215 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş arxasında "200g/0.01 g” yazısı olan elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş iki ədəd şüşə kolbanın içərisində və üzərinə narkotik və psixotrop maddələrə məxsus izlər yoxdur. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Cinayət işinin 185-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 dekabr 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən göünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefona baxış keçirilmiş, telefon işlək vəziyyətdədir, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 188-190-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 dekabr 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən göünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefona baxış keçirilmiş, telefon işlək vəziyyətdədir, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 214-216-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 08 dekabr 2021ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək, narkotik vasitənin istifadəçisi olduğunu, onda yalnız 1,8 qram psixotrop maddə metamfetamin olduğunu, metamfetamini satmaq məqsədi olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə göndərilmiş SMS mətnlərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən heroinin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, «metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, metadonun 0,02 qramı şəxsi istehlak miqdarından artıq, 1,6 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 156-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 21 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 133-cü vərəqəsində olan Hacıqabul Rayon İH MİS-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 134-cü vərəqəsində olan Hacıqabul Rayon İH MİS-dən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə 1988-ci il təvəllüdlü həyat yoldaşı X2, övladları 2009-cu il təvəllüdlü X6 və 2015-ci il təvəllüdlü X5 daxildirlər. Cinayət işinin 150-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 21 oktyabr 2021ci il tarixli, 8968 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 171-172-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 noyabr 2021-ci il tarixli, 4339 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 591.4.-cü maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 17 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 17-ci vərəqəsində olan 17 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 130-132-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 4(011)-455/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,874 qram çəkidə narkotik vasitə heroin, 1,761 qram çəkidə psixotrop maddə olan metamfetamin, 23 ədəd metadon həbləri, 01 ədəd elektron tərəzi məhv edilməli, 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 195,82 (yüz doxsan beş manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,874 qram çəkidə narkotik vasitə heroin, 1,761 qram çəkidə psixotrop maddə olan metamfetamin, 23 ədəd metadon həbləri, 01 ədəd elektron tərəzi məhv edilsin. 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 195,82 (yüz doxsan beş manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar