Məhkəmə qərarları › İş №1(101)-509/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-509/2020

18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-509/2020 18.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101) – 509/2020 Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında məhkəmə hazırlıq iclasının qərarı 18 mart 2020-ci il Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: x1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi Qasım oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilir. Müdafiəçi məhkəməyə yazılı vəsatət verərək göstərdi ki, hazırkı iş üzrə ibtidai istintaq zamanı kobud pozuntulara yol verilmiş, fəaliyyət qabiliyyəti olmayan şəxs barəsində aparılmalı olan icraat qaydaları tamamilə pozulmuş və fəaliyyət qabiliyyəti olmayan şəxs kimi Təqsirləndirilən şəxs hüquqları təmin edilməmişdir. Buna görə də xahiş edir ki, cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, cinayət işinin 1-ci cildinin 96-99-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 23.07.2015-ci il tarixli, 1000 saylı ambulator məhkəmə psixiatrik ekspertizas rəyindən görünür ki, Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Cinayət işinin 1-ci cildinin 153-cü vərəqində olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 10.09.2015-ci il tarixli, 2(004)-6776/2015 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmin qətnamə 12 oktyabr 2015-ci il tarixdə qüvvəyə minmişdir. Cinayət işinin 1-ci cildinin 100-cü vərəqində Azərbaycan Respublikası Bakı Şəhər Yasamal Rayon İcra hakimiyyəti başçısının 21.12.2015-ci il tarixli, 327 saylı sərəncamından görünür ki, fəaliyyət qabiliyyəti olmayan Təqsirləndirilən şəxs arvadı Şahid3 qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 100.2.1-ci maddəsinin tələbinə görə cinayət prosesində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs fəaliyyət qabiliyyəti olmayanlar hesab olunurlar. Həmin Məcəllənin 100.7-ci maddəsinə əsasən isə cinayət prosesinin fəaliyyət qabiliyyəti olmayan iştirakçısı bu Məcəlləyə uyğun olaraq öz hüquqlarını müstəqil həyata keçirə bilməz. Həmin hüquqları bu Məcəllədə nəzərdə tutulmuş qaydada onun qanuni nümayəndəsi həyata keçirir. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən isə zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin cinayət-prosessual fəaliyyət qabiliyyəti cinayət prosesi üzrə icraat həyata keçirildiyi an üçün müəyyən edilir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə icraat həyata keçirilərkən fəaliyyət qabiliyyətli olmayan şəxs olmuşdur. Buna baxmayaraq hazırkı cinayət işi üzrə materiallardan görünür ki, Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyətli olmayan şəxs olmasına baxmayaraq cinayət işi üzrə onun qanuni nümayəndəsi qismində heç kim tanınmamış, qəyyumunun iştirakı olmadan ondan izahat alınmış, şübhəli şəxs qismində tutulmuş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ifadəsi alınmış, ifadəsi hadisə yerində yoxlanılmış və ekspertiza təyin edilməklə həmin qərar və rəylərlə tanış edilmişdir. Bütün istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olması nəzərə alınmadan kobud qanun pozuntusuna yol verilmişdir. CPM-nin 101.6-cı maddəsinin tələbinə görə fəaliyyət qabiliyyəti olmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi cinayət prosesi zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, təmsil etdiyi şəxsin hüquqlarını həyata keçirir. Bundan başqa, ibtidia istintaq orqanına müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə müvafiq ekspertiza rəyi və qəyyum təyin edilməsi barəsində sərəncam, Təqsirləndirilən şəxs aravadı Şahid3 tərəfindən isə məhkəmə qətnaməsi təqdim edilməsinə baxmayaraq ibtidai istintaq orqanı cinayət prosesində yenə də Təqsirləndirilən şəxs qəyyumu Şahid3 iştirakını təmin etmədən müvafiq istintaq hərəkətləri (təqsirləndirilən şəxsi ekspert rəyləri ilə tanış etmə) aparmışdır. Cinayət işinin 2-ci cildinin 83-85-ci vərəqlərində olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 17.02.2020-ci il tarixli, 2(004)-451/2020 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyəti hesab edilmiş və üzərindəki qəyyumluq ləğv edilmişdir. CPM-nin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki Prosessual Məcəllənin 233.1-ci maddəsinin tələbinə görə isə məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hazırkı cinayət işiu üzrə isə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən 29.2.2020-ci il tarixdə təsdiq edilərək məhkəməyə göndərilmişdir. Görüdüyü kimi Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyətli şəxs hesab olunmasına dair məhkəmə qətnaməsi ittiham aktı təsdiq olunduğu anda belə qanuni qüvvəyə minməmişdir. CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Məhkəmə hesab edir ki, şərh olunanlar kobud pozuntulardır və buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Təqsirləndirilən şəxsin barəsində əlavə istitaq aparılması zərurətini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə təyinatla Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi Qasım oğlu müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Məhkəməyə təqdim olunmuş arayış hesabatdan görünür ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar işlə tanış olmaq və məhkəmə hazırlıq iclasında cəmi 15 saat iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Qasım oğlu üçün 90 AZN (doxsan) manat pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 298- 300, 303.3.6 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Müdafiəçi Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi Qasım oğlunun vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılsın. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Qasım oğlu üçün 90 AZN (doxsan) manat pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar