Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-509/2022 17.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.1-ci və 315.1-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 9,335 qram çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 17 oktyabr 2021-ci il tarixdə saat 02:40-da Bakı şəhəri, Nəsimi rayonu, Şamil Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində olarkən Bakı şəhəri Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol iç cibində olan bir ədəd kibrit qutusunda 9,335 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilərək göstərdi ki, 20 ilə yaxındır ki, “Asif Dağlı” təxəllüsü ilə meyxana sənəti ilə məşğuldur. Meyxanaçı kimi müxtəlif məclislərdə iştirak etməklə ailəsini dolandırmışdır. 15 ildən artıqdır ki, narkotik vasitələrdən istifadə edir, narkomaniya xəstəliyindən əziyyət çəkir. Bu illər ərzində dəfələrlə bu bəladan xilas olmağa çalışmış, amma cəhdləri nəticəsiz olmuşdur. Sağlamlığını itirmiş, həm də ailəsinin ağır maddi vəziyyətə düşməsinə səbəb olmuşdur. Xəstəliyi ilə əlaqədar qazanc əldə etməsi çətinləşmiş, cüzi qazancını da narkotik vasitələrə xərcləmişdir. Anası, həyat yoldaşı, bir uşağı və özündən ibarət ailəsinin dolanışığı yalnız süpürgəçi işləyən anasına bağlıdır. İllər keçdikcə narkotik vasitədən asılılığı daha da güclənmiş, şiddətli ağrılara görə gündəlik qəbul dozasını artırmağa məcbur olmuşdur. Saxlanmazdan xeyli əvvəldən başlayaraq artıq gün ərzində 1 qram səhər və 1 qram axşam iynə vurmaq yolu ilə, 2 qram da çəkməklə - ümumilikdə cəmi 3-4 qram heroin istifadə etmişdir. Tutulmazdan təxminən 7-8 saat əvvəl heroin almaq üçün “Papanin” deyilən əraziyə getmiş, fikrində 5-6 qram heroin almaq olsa da, orada tanımadığı şəxsin ucuz təklif etməsi səbəbindən özünün istifadəsi üçün 100 manat verib bir yerdə 9 qram heroin almışdır. 2021-ci ilin oktyabr ayının 16-dan 17-nə keçən gecə aldığından əlavə özündə olan bir qəbulluq dozada heroini iynə vurmaqla qəbul etmiş, sonra da gecə saatlarında “Sovetski” deyilən ərazidə yaşayan, uzun müddətdir sevgili münasibətində olduğu, adını və ünvanını açıqlamaq istəmədiyi qadının yanına getmək üçün evdən çıxmışdır. Həmin qadınla gələcəyi barədə qabaqcadan danışmış və iki-üç gün bir yerdə olmalarını planlaşdırmışlar. Ona görə də orada qalacağı günlərdə çölə-bayıra çıxıb heroin axtarmamaq üçün qabaqcadan tədarükünü görmüş, yəni 9 qram heroin almışdır. “Sovetski”yə getmək məqsədilə gecə evdən çıxıb taksi saxlamaq üçün yaşadığı ünvanın yanında yerləşən Mərkəzi Bankın binasının yaxınlığındakı dayanacağa doğru getmişdir. Həmin vaxt bir az əvvəl qəbul etdiyi heroinin güclü təsirindən özünü çox pis hiss etmiş və Rəşid Behbudov küçəsində yerləşən Mərkəzi Bankın yaxınlığına çatanda halı daha da pisləşmiş, sərbəst hərəkət etməsində çətinlik yaranmış, ona görə də səndələyib qeyri-ixtiyari kənara gedib bankın yanındakı ağaclıqda dayanmışdır. Ağaclıqda dayandığı vaxtda bir nəfər polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmiş və burada nə etdiyini soruşmuşdur. Polisi görəndə elə bil bir az ayılmış və üstündə heroin olmasına görə qorxduğundan qaçmağa başlamışdır. Polis əməkdaşı daha cəld tərpənib onun arxasınca qaçmış və dərhal da onu saxlamış, Post-Patrul Xidməti Bölüyünün avtomobili ilə onu Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə aparmışlar. Orada onun üçün vəkil çağırılmış, sonra videoçəkiliş aparılmaqla üst-başı axtarılmış, gödəkçəsinin sol cibindən bir ədəd kibrit qutusunun içərisində saxladığı heroin aşkar olunmuşdur. Orada da səmimi şəkildə narkomaniyadan əziyyət çəkdiyini bildirmişdir. Ona qarşı polis əməkdaşları qanuni şəkildə davranmış, heç bir təsir-təzyiq olmamışdır. İndiyə kimi heç vaxt kimsəyə narkotik vasitə satmamış və verməmişdir. Əməlindən peşmandır, ailəsini saldığı ağır vəziyyətə görə xəcalət çəkir, müalicəsi üçün ona kömək edilməsini xahiş edir. Ona görə də məhkəmədən narkomaniyadan əziyyət çəkməsinin, üstündən çıxmış heroini yalnız öz istifadəsi üçün əldə etməsinin, himayəsində bir uşağının və tək dayısı X3 şəhid olmasının nəzərə alınaraq onun istifadəçi kimi cəzalandırılmaqla mümkün olan qədər ən aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Mühafizə İdarəsinin polis nəfəri Şahid1 göstərdi ki, 17 oktyabr 2021-ci il tarixdə saat 02:40 radələrində Nəsimi rayon Mühafizə İdarəsinin polis nəfəri Şahid3 ilə birlikdə Mərkəzi Bankda xidmətdə olarkən bankda olan müşahidə kameralarında aparılan çəkilişi izləmək üçün nəzərdə tutulmuş monitorlarda bir nəfər şəxsin bankın yaxınlığında qeyri-müəyyən şəkildə gəzişdiyini, gah da ağaclıq tərəfdə dayandığını müşahidə edib ondan şübhələnmişlər və dərhal çölə çıxıb həmin şəxsə yaxınlaşmışlar. Onların yaxınlaşdığını görən bu şəxs qaçmağa başlamışdır. O da halı özündə olmayan kimi görünən həmin şəxsin dalınca qaçmış və dərhal da onu Rəşid Behbudov və Şamil Bədəlbəyli küçələrinin kəsişməsində saxlamışdır. Daha sonra bir nəfər şəxsi saxlamaqları barədə xüsusi radioqurğu vasitəsilə məlumat vermiş və bir neçə dəqiqə sonra Post-patrul Xidməti Bölüyünün əməkdaşları onlara yaxınlaşmışlar. O və Şahid3 Post-patrul Xidməti Bölüyünün əməkdaşları ilə birlikdə bu şəxsi ərazi aidiyyəti üzrə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində müəyyən olunmuşdur ki, gətirdikləri şəxs ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs həmin vaxt özünü yaxşı idarə edə bilməmiş, hərəkət və davranışından, habelə danışığından onun aşkar şəkildə narkotik sərxoşluğu vəziyyətində olduğu görünmüşdür. Daha sonra Şahid3la birlikdə raport tərtib edib rəhbərliyə məlumat vermiş və xidmət yerinə qayıtmışlar. Təqsirləndirilən şəxs əvvəllər heç vaxt görməmiş və tanımamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsinə hər hansı aidiyyəti olması barədə heç bir məlumata malik olmamışdır. Təqsirləndirilən şəxs hazırda məhkəmə zalında olan görünüşü ilə saxlandığı vaxtda olan görünüşü arasında kəskin fərq vardır. Belə ki, Asif saxlanarkən çox arıq, düşkün və xəstə görkəmdə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Mühafizə İdarəsinin digər əməkdaşı Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində sahə rəisi vəzifəsində xidmət edən Şahid2 göstərdi ki, 17 oktyabr 2021-ci il tarixdə əməliyyat qrupunda xidmətdə olarkən gecə saat təxminən 03 radələrində Nəsimi rayon Mühafizə İdarəsinin və Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən adını sonradan bildiyi Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirilmişdir. Polis əməkdaşları tərəfindən raportla rəhbərliyə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq hər hansı bir əşya olub-olmamasını müəyyən etmək üçün araşdırma aparılması təhqiqatçıya həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunduqdan sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin şəxsi axtarışda o və Polis Şöbəsinin sahə inspektoru Şahid4 da iştirak etmişlər. Narkotik sərxoşluğu vəziyyətində olduğu aşkar hiss olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin kibrit qutusu açıldıqda onun içərisindən ağ rəngli salfetə bükülmüş şəffaf sellofan torbanın içərisində tünd qəhvəyi rəngli tozşəkilli heroinə bənzər maddə aşkar olunmuşdur. Şəxsi axtarış keçirilərkən ilkin sorğusu zamanı Təqsirləndirilən şəxs uzun müddətdən bəri narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra aşkar olunmuş maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, protokol tərtib olunmuş və bütün iştirakçılar tanış olaraq həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı nə onun saxlanmasına qədər, nə də sonradan hər hansı məlumat əldə olunmamışdır. Ümumiyyətlə bu şəxsin saxlanması üçün hər hansı məxsusi əməliyyat tədbirləri keçirilməmiş, Təqsirləndirilən şəxs Mərkəzi Bankın kameralarında gecə saatlarında şübhəli kimi müşahidə edildiyi üçün saxlanıb şöbəyə gətirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin digər əməkdaşı Şahid4 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 17 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd kibrit qutusunun içərisindən ağ rəngli salfetə bükülmüş şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 41-47). Məhkəmə-kimyəvi ekspertizasının 17 oktyabr 2021-ci il tarixli 6/4623 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Baxşıyev (imza)...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 9,335 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 9,285 qram təşkil etmişdir (cild 1, iş vərəqə 51-56). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 dekabr 2021-ci il tarixli 4810 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur (cild 1, iş vərəqə 133-134). Təqsirləndirilən şəxsin istifadə etdiyi mobil telefon nömrəsi ilə bağlı “Azərcell Telekom» MMC-dən alınmış müvafiq məlumatlara baxış keçirilməsinə dair 06 noyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin məlumatlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə aidiyyətini təsdiq edə biləcək dəlillər müəyyən olunmamışdır (cild 1, iş vərəqə 110-112). Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin ibtidai istintaq orqanının əməliyyat tapşığına cavab olaraq verdiyi 19 noyabr 2021-ci il tarixli 16-785-1221 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı əməliyyat məlumatı daxil olmamışdır (cild 1, iş vərəqə 129). Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 10 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 150-151). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatı və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.1-ci və 315.1-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 28 dekabr 2019-cu il tarixdə cəza müddəti qurtardığına görə azad edilmişdir (cild 1, iş vərəqə 101-102,116-125). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə aidiyyəti ilə bağlı hər hansı əməliyyat məlumatı və ya har hansı araşdırma materialı mövcud olmamışdır. Şəxs gecə saatlarında Mərkəzi Bankın mühafizə ilə bağlı müşahidə kameraları vasitəsilə narkotik vasitə sərxoşluğu vəziyyətində olması ilə əlaqədar qeyri-adekvat hərəkət etməsi, uyğun olmayan və mühafizə xidmətinin nəzarət etdiyi yerdə dayanması nəticəsində diqqəti cəlb etməsi səbəbindən müşahidə edilərək saxlanmışdır. Araşdırmanın gedişində ibtidai istintaq orqanının tapşırığı əsasında keçirilmiş əməliyyat tədbirlərinin nəticəsi olaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 19 noyabr 2021-ci il tarixli 16-785-1221 saylı məktubunda da birmənalı olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı əməliyyat məlumatının daxil olmadığı bildirilmişdir. İbtidai istintaq orqanı ilkin mərhədə tam qanuni və əsaslı olaraq Təqsirləndirilən şəxs barəsində cinayət işini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlamış, ona 18 oktyabr 2021-ci il tarixli qərarla məhz Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Həm ilkin araşdırma zamanı, həm də ibtidai istintaqın bütün sonrakı müddəti ərzində də Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir sübut əldə edilməməsinə, mötəbər sayıla biləcək heç bir məqam olmamasına baxmayaraq əməl ibtidai istintaqın yekununda tövsif edilərək təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə narkomaniya xəstəliyindən əziyyət çəkən təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə prosesində onun üzərində tapılmış narkotik vasitənin - maddi sübutların mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, narkotik vasitəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını səmimi etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Təqsirləndirilən şəxs 9,335 qram heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün etiraf ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid4 da məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etməsi barədə heç bir məlumatları olunmamışdır. Həmçinin təqsirləndirilən şəxsin telefon danışıqları ilə bağlı müvafiq mobil operatordan alınmış məlumatların təhlili zamanı da nəinki narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı dəlillər, ümumiyyətlə iş üzrə sübut əhəmiyyətinə malik olan hər hansı məlumat aşkar olunmamışdır (cild 1, iş vərəqə 110-112). Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin yalnız külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 17 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19, 87-90). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9,285 qram təşkil edən heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 52,182). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində “Fides” Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9,285 qram təşkil edən heroin məhv edilsin. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Fides” Vəkil Bürosunun hesabına X4 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-509/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-509/2022
17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver