Məhkəmə qərarları › İş №1(101)-509/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-509/2023

10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-509/2023 10.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri - X4 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1970-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsində, “Qismət” şadlıq sarayının yaxınlığında istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 2,158 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 02 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində ünvan 2 ünvanının qarşısında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən polis bölməsinin inzibati binasına gətirilmiş və həmin gün, saat 14:20 radələrində üzərində aparılan axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd “gümüşü” rəngli kağıza bükümüş təmiz çəkisi 2,158 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulduğu zaman onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. Bu barədə cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Onu sahə müəvkkili evdən çağıraraq polis bölməsinə aparmışdır. O, əvvəllər psixotrop maddə metamfetamin istifadəçisi olmuş, lakin heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Tutulduğu zaman polis əməkdaşlərı tərəfindən ona qarşı heç bir zorakılıq hərəkətlərinə yol verilməmişdir. O, əvvəllər psixotrop maddə istifadə etdiyinə görə səmimi peşmançılıq çəkir. Ona verilmiş ittiham tamamilə əsassız olmuşdur. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 05 may 2023-cü il tarixli məktubdan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs dəri səthində zədələr (hər iki yuxarı və aşağı ətrafda, sol saidin yuxarı 1/3-nin ön səthində) aşkar edilmişdir. Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət almadığını, həbsdən əvvəl özü-özünə xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək ona istintaq dövründə heç bir təzyiq və zorakılıq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs heç bir təzyiq və zorakılığa məruz qalmadığını bildirdiyindən xəsarət alması ilə əlaqədar araşdırılma aparılması məqsədəmüvafiq olmadığından məhkəmə istintaqının yekunlaşdırılması əsaslı hesab edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, narkotik vasitə alüdəçisidir, narkotik vasitə olan heroini falqada yandırıb iyləməklə qəbul edir. 02 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında şəxsi işi ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamalda yerləşən “Qismət” şadlıq sarayınin yaxınlığında təsadüfən bir nəfərlə rastlaşmış, söhbət zamanı həmin şəxsdə narkotik vasitə olan heroin olduğunu bilmiş, həmin şəxsdən öz istifadəsi üçün 20 manata narkotik vasitə olan heroini alaraq üzərində saxlamışdır. 02 sentyabr 2022-ci il tarixdə, saat təxminən 13 radələrində yaşadığı evin yaxınlığında mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhələndikləri üçün onu Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmişlər. Polis bölməsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunaraq, ona dövlət hesabına dəvət olunmuş müdafiəçi təqdim edildikdən sonra polis əməkdaşları üzərində qeyri-qanuni əşya, predmet varsa, təqdim etməyi təklif etmişlər. Əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən saxladığı 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərinə qoymuş və üzərində başqa hər hansı bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Polis əməkdaşları üzərində əlavə axtarış aparsa da, heç bir qanunsuz əşya, predmet aşkar edilməmiş, şifahi sorğu zamanı təqdim etdiyi kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 02 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamalda “Qismət” şadlıq sarayının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmiş, həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, bu barədə tərtib olunmuş protokol oxunduqdan sonra digər iştirakçılar kimi onun tərəfindən də imzalanmışdır. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 sentyabr 2022-ci il tarixdə qərəzsiz və etibarlı mənbədən xx xxxxxxxx 1970-ci ildə Şamaxı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, məlumatı yoxlamaq, Təqsirləndirilən şəxs ifşa etmək, ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin rəhbərliyinə raport yazmaqla, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar da yazmış, ondan və Bakı şəhəri Binəqədi RPİ 6-cı PBnin sahə inspektoru, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs xarici əlamətləri onlara məlum olduğundan, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 02 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs ünvan 5 ünvanının qarşısında piyada hərəkət edən zaman müəyyən edilmiş, özlərini sonuncuya təqdim edərək üzərində və ya paltarında narkotik vasitə və digər qanunla dövriyyəsi qadağan edilmiş əşya olmasından şübhəli olduğu üçün Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi RPİ- nin 6-cı polis bölməsinə dəvət edərək, bununla bağlı rəhbərliyə raportla müraciət etmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 6-ci PBnin təhqiqatçısı Rəvan İsrayılov qanunvericiyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun və Şahid2 iştirakı ilə videoçəklişdən istifadə edilməklə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaların təqdim olunması təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli kağıza bükümüş narkotik vasitə olan heroinə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs həmin bükülüdəki kütlənin nə olduğu soruşulduqda sonuncu təqdim etdiyi 1 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 02 sentyabr 2022ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsində, “Qismət” şadlıq sarayının yaxınlığında öz istifadəsi üçün tanımadığı şəxsdən 20 manata alaraq üzərində gəzdirərək saxladığını bildirmişdir. İçərisində narkotik vasitə olan heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan baş təhqiqatçı Rəvan İsrayılov tərəfindən 1 (bir) ədəd kağız zərfdə qoyularaq, qablaşdırılmaqla möhürlənmiş, həmçinin onların iştirakı ilə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara oxunmuş, möhürlənmiş zərf və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 35-37-ci vərəqələrində olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİnin 6-cı Polis bölməsinin təhqiqatçısı, polis kapitanı Rəvan İsrayılov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərinə qoymuş, ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmiş, bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, o, 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu, heroini şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, narkotik vasitə olan heroini Yeni Yasamal adlanan yerdən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, həmin maddə iş üzrə əhəmiyyətli olduğundan qablaşdırılaraq götürülmüşdür. İş üzrə maddi subut olan CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. CD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 45-49-cu vərəqələrində olan məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 2022-ci il tarixli, 6/4735 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №175” möhür əksi “Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. Yazılar, imzalar olan zəfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,158 qram qəhvəyi rəngli maddə kusar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 110-111-ci vərəqələrində olan məhkəmə-narkoloji ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 6289 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 112-114-cü vərəqələrində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 2885 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək və onları düzgün qavrayıb, təsvir etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcbüri tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 120-126-cı vərəqələrində olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,158 qram heroin maddi sübut qismində tanınmış, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 2,058 qram qalığı zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd «CD» formatlı disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 N-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 23-24-cü vərəqələrində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 89-93-cü vərəqlərində olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 03 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablamaqla 03 ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 102-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqdan iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Əməlindən peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 02 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 2,058 qram narkotik vasitə olan heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə X5 üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 02 sentyabr 2022-ci il tarixdən hesablansın, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi - 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 2,058 qram narkotik vasitə olan heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə X5 üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar