Məhkəmə qərarları › İş №1(101)-510/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-510/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-510/2022 15.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, 13 dekabr 1996-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, İmişli rayonu Boşçallar kənində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşamış, hal-hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs ölkə ərazisində narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Hadi” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Hadi” adlı şəxs tərəfindən göndərilmiş ümumi təmiz çəkisi 562,351 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 170,669 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06.09.2021-ci il tarixdə saat 02:15-də Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 1 ünvanının qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və həmin gün saat 03:30-da qeyd olunan idarədə üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin 01 bükümdə 100,005 qram hissəsi, əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 04:30-da yaşadığı ünvan 4 ünvanına baxış keçirilərkən, mənzilin girişindən sol tərəfdə yerləşən qonaq otağında olan taxta konstruksiyalı dolabın içərisindəki bir ədəd qara rəngli idman çantasının içərisindən satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin 02 bükümdə ayrıayrılıqda çəkiləri 276,325 qram və 186,021 qram olmaqla ümumilikdə 462,346 qram hissəsi, 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 86,917 qram, 75,550 qram və 8,202 qram olmaqla ümumilikdə külli miqdar təşkil edən 170,669 qram çəkidə həmin psixotrop maddə metamfetamin və narkotik vasitə - psixotrop maddələrin satışında istifadə etmək məqsədilə özündə saxladığı 01 ədəd gümüşü və 01 ədəd qara korpuslu elektron tərəzilər aşkar edilərək götürülmüşdür Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələri sadəcə şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitəni sosial şəbəkələrdən tanıdığı İran İslam Respublikasının vətəndaşından əldə edirmiş. O, həmin şəxsdən narkotik vasitələri satış məqsədi ilə əldə etməmişdir. Sadəcə narkotik vasitələrin aludəçisi olmuşdur və buna görə də “qara bazarda” olan qiymətindən çox aşağı qiymətə satdığını bilən zaman fürsətdən istifadə edib ucuz qiymətə əldə etmişdir. X10 Respublikasının vətəndaşı tərəfindən narkotik vasitəni müxtəlif ünvanlara qoymaq təklif edilmişdir. O, isə sadəcə əldə etdiyi narkotik vasitəni yavaş-yavaş istifadə etməyi fikirləşirmiş. O, saxlanılan zaman üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Narkotik vasitələr evində olmuşdur. Aşkar edilmiş 700 qrama yaxın narkotik vasitəni belə bir fürsətin yaranmayacağını fikirləşdiyi üçün külli miqdarda əldə etmişdir. O, əvvəllər idmanın müxtəlif növləri ilə məşğul olmuşdur, həmişə narkotik vasitələrdən uzaq olmağa çalışsa da, 3-4 ildir ki narkotik vasitələrdən mütəmadi istifadə edir. Hər zaman bu qiymətə belə “mal” yəni narkotik vasitə tapılmayacağını bildiyi üçün toplu şəkildə əldə etmişdir. Etdiyi əməldən çox peşman olduğunu bildirmək istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, məhkəmə heyətinin nəzərinə çatdırmaq istəyir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır, Polis baş leytenantıdır. 05 sentyabr 2021-ci il tarixdə İdarələrinə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Səbail rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədilə rəhbərliyə raportla müraciət etmişlər. Bu barədə rəhbərlik tərəfindən qərar qəbul edilmiş və əməliyyat qrupu təşkil edilmişdir. Səbail rayonu, Neftçilər prospektində piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə əlaqədar şübhəlidir və onlarla birlikdə İdarəyə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə baş idarəyə gəlmişdir. Baş idarəyə gəldikdən sonra üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın video çəkilişlə aparılacağını bildirmişlər, Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Şəxsin üzərinə axtarış keçirilən zaman üzərindən 100 qrama yaxın narkotik vasitə olan heroin və pul vəsaiti aşkar olunmuşdur. Daha sonra yaşadığı evdə də narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilmiş. Yaşadığı evdə idman çantasının içərisinə baxış keçirilməsi üçün çanta masanın üzərinə qoyulmuş və içərisinə baxış zamanı 2 ədəd elektron tərəzi, 2 (iki) bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər və 3 (üç) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş maddələrin ayrı-ayrılıqda çəkisini xatırlamasada ümumilikdə yarım kiloqram olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri haradan əldə etdiyini soruşduqda təqsirləndirilən şəxs narkotik vasitələrin özünə məxsus olduğunu, həmin kütlələri təxminən 4 ay bundan əvvəl tanış olduğu İran İslam Respublikası vətəndaşı “Hadi” adlı şəxsin vasitəsi ilə 3 gün bundan əvvəl Binəqədi rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, sonradan isə həmin narkotik vasitələri İran islam Respublikası vətəndaşı “Hadi” adlı şəxsin qeyd etdiyi ünvanlara qoyaraq həmin yerlərin şəklini sonuncuya göndərdiyini, gördüyü işin qarşılığında sonuncunun hər dəfəsində müxtəlif məbləğlərdə pul verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 05 sentyabr 2021-ci il tarixdə İdarənin baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Səbail rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat yoxlamaq məqsədilə rəhbərliyə raportla müraciət etmiş. Bu barədə rəhbərlik tərəfindən qərar qəbul edilmiş və əməliyyat qrupu təşkil edilmişdir. Səbail rayonu, Neftçilər prospektində piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə əlaqədar şübhəli olduğunu və onlarla birlikdə İdarəyə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə baş idarəyə gəlmişdir. Baş idarəyə gəldikdən sonra üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacağını bildirmişlər, Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Şəxsə axtarış müdafiəçinin iştirakı ilə həyata keçirilmişdir. Şəxsin üzərinə axtarış keçirilən zaman üzərindən 100 qrama yaxın narkotik vasitə olan heroin, pul vəsaiti və bir ədəd mobil telefon aşkar olunmuşdur. Daha sonra yaşadığı evdə də narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilmişdir. Yaşadığı evdə idman çantasının içərisinə baxış keçirilməsi üçün çanta masanın üzərinə qoyulmuş və içərisinə baxış zamanı elektron tərəzi, 02 (iki) bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər və 03 (üç) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş maddələrin çəkisini xatırlamır. Təqsirləndirilən şəxs narkotik vasitələri haradan əldə etdiyini soruşduqda təqsirləndirilən şəxs narkotik vasitələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri satması faktı müəyyən edilməsə də, narkokuryer olaraq fəaliyyət göstərdiyi məlumatı daxil olmuşdur. Narkokuryerlərin dilində desək “zapravka” eləməmiş, şəxsi üzərində narkotik vasitə olan zaman saxlamışlar. İş materiallarındakı 06 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 19-20) İş materiallarındakı 07 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 58-59) İş materiallarındakı 07 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlamanın müddəti 06 yanvar 2022ci il də hesablanmışdır. (cild 1, iş vərəqə 82-85) İş materiallarındakı Məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2021-ci il tarixli 6/3902 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 100,005 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş ayrıayrılıqda təmiz çəkiləri 276,325 qram olan maddə və 186,021 qram olan maddə, ümumilikdə təmiz çəkiləri 462,346 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1-ci heroin ilə 2-ci heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 3-cü heroin kütləsi isə 1-ci və 2-ci heroin kütlələrindən tərkibinə görə fərqlənir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 86,917 qram, 75,550 qram və 8,202 qram, ümumilikdə təmiz çəkiləri 170,669 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 3 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd gümüşü korpuslu və 01 ədəd qara korpuslu elektron tərəzilərin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan, təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. (cild 1, iş vərəqə 44-49) İş materiallarındakı Məhkəmə-narkoloji ekspertizasının 06.10.2021-ci il tarixli 3800 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 56- 57) İş materiallarına əlavə edilmiş “Samsung Galaxy A10” markalı mobil telefona baxış protokolundan görünür ki, Albomlar bölməsinin “kamera” hissəsində olan şəkilləri Təqsirləndirilən şəxs özü tərəfindən çəkildiyini bildirdi. Baxış zamanı fotoşəkillərin hansısa ayrı-ayrı ərazilərdə çəkilməsi müəyyən edildi, Təqsirləndirilən şəxs bu barədə sual verdikdə bildirdi ki, həmin ayrı-ayrı ərazilər onun İran İslam Respublikasının vətəndaşı Hadi adlı şəxsdən aldığı narkotik vasitə və psixotrop maddələri Hadi adlı şəxsin istəyilə yerləşdirdiyi ərazilərdir, şəklini həmin məqsədlə çəkmişdir ki, Hadi adlı şəxsə şəkilləri göndərsin və həmin şəkilləri Hadi adlı şəxs narkotik vasitə və psixotrop maddələri istintaqa məlum olmayan satdığı şəxslərə göndərsin, istintaqa məlum olmayan şəxslər də şəkillərdən istifadə etməklə həmin narkotik vasitə və psixotrop maddələrin olduğu yeri müəyyən edərək götürə bilsinlər. Bundan başqa Albomlar bölməsinin kamera hissəsində olan şəkillərdən birində yalnız sol əli görünə bilən şəxsin ovcunda narkotik vasitə heroinə bənzər kütlənin olması da müəyyən edilmişdir, həmin kütlənin nə olmasını, kimə məxsus olmasını və kimin ovcunda olması Təqsirləndirilən şəxs soruşduqda, Təqsirləndirilən şəxs bildirdi ki, həmin kütlə narkotik vasitə olan və el arasında “kokos” adlandırılan heroindir və özünə məxsusdur, narkotik vasitə heroini özünün sol əlində şəklini çəkərək Hadi adlı şəxsə göndərmişdir. Bundan başqa şəkillər bölməsinin kamera hissəsində olan şəkillərdən birində stolun üstündə qara rəngli sellofanın içində narkotik vasitə heroinə bənzər kütlənin olması da müəyyən edilmişdir, həmin kütlənin nə olmasını və kimə məxsus olmasını Təqsirləndirilən şəxs soruşduqda, Təqsirləndirilən şəxs bildirdi ki, həmin kütlə narkotik vasitə olan və el arasında “kokos” adlandırılan heroindir, özünə məxsusdur və şəklini çəkərək Hadi adlı şəxsə göndərmişdir. Bundan başqa Albomlar bölməsinin “X6” adlı hissəsinə baxış keçirildikdə bəzi fotoşəkillərin yenə də ayrı-ayrı ərazilərdə çəkilməsi müəyyən edildi, həmin fotoşəkilləri də Təqsirləndirilən şəxs eyni məqsədlə çəkdiyini bildirdi, həmçinin X3 Unibank hesabına 03.09.2021-ci il tarixdə, saat 20:34-də, 650 manat, 02.09.2021-ci il tarixdə, saat 17:25- də 500 manat, 01.09.2021-ci il tarixdə saat 21:47-də 1000 manat, 1.09.2021-ci il tarixdə saat 21:52-də 650 manat pul köçürülməsi müəyyən edildi. Təqsirləndirilən şəxs həmin pulların İran İslam Respublikasının vətəndaşı Hadi adlı şəxsin həmin hesaba narkotik vasitələri və psixotrop maddələrin birgə satışından əldə edilən puldan ona çatan hissəsini köçürdüyünü və qəbzini ona vatsapp vasitəsilə göndərdiyini bildirdi. Ozal Xasayevin kartı Elxanın özündə olduğundan həmin pulları da çıxardaraq öz şəxsi ehtiyacları üçün xərclədiyini də Elxan qeyd etdi. Bundan başqa fotoşəkillərdə elektron tərəzinin üzərinə narkotik vasitəyə bənzər heroinin qoyularaq çəkisinin 40,67 qram olması ilə bağlı fotoşəklin olması müəyyən edildi, Təqsirləndirilən şəxs həmin kütlənin heroin olmasını bildirdi, çəkisinin müəyyən edilərək Hadi adlı şəxsin bildirdiyi yerə qoyacağını da qeyd etdi, həmçinin elekton tərəzi və heroinin Hadi adlı şəxsdən satış məqsədilə aldığı heroin olduğunu, fotoşəklin özü tərəfindən çəkildiyini də qeyd etdi. Bundan başqa baxış keçirildikdə bank kartlarının fotoşəkillərinin olması da müəyyən edildi, Təqsirləndirilən şəxs bildirdi ki, İran İslam Respublikasının vətəndaşı Hadi adlı şəxs ona Xasayev Ozalın adına olan unibank bank kartı vasitəsilə pul göndərilmişdir, digər kartların isə bu işlə heç bir əlaqəsi yoxdur. Bundan sonra isə mobil telefonun “Vhatsaap Business” bölməsinə daxil olunaraq baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, İran İslam Respublikasının vətəndaşı ilə əsasən “Ata 1” adlı profil vasitəsilə əlaqə saxlayır. Həmin profilin mobil nömrəsinin +98 930 *** **** olması müəyyən edildi. Danışıqlar aparılan hissəyə baxış zamanı fotoşəkillər, mətnlər və səsyazılarının olması müəyyən edildi. Təqsirləndirilən şəxs fotoşəkillərin özü tərəfindən çəkilərək Hadi adlı şəxsə göndərildiyini, göndərilən mətnlərin özü tərəfindən yazıldığını, gələn mətnlərin Hadi adlı şəxs tərəfindən yazıldığını, göndərilən səs yazılarının özünə məxsus olduğunu, gələn səs yazılarının isə Hadi adlı şəxsə məxsus olmasını qeyd etdi. Baxış zamanı göndərilən fotoşəkillərdən birində elektron tərəzinin üzərində narkotik vasitəyə bənzər kütlənin çəkisinin 85,93 qram olması müəyən edilir və Təqsirləndirilən şəxs məxsus səs yazısında göstərilir ki, “qaqa o yerdə qalan klokları da oxaladım tökdüm üstünəaxır klokdu Allah haqı, bu da 85 gəlir, mən açotu bilmirəm, Allah haqqı bir tikə də kiməsə verməmişəm, qırıntıları atıram üstünəburda olar 2-3 qram gərəy qurudam”. Təqsirləndirilən şəxs bildirdi ki, həmin kütlə narkotik vasitə heroindir və səs yazısı özünə məxsusdur. Bundan başqa mətn yazışmalarında “t” və “p” yazılarının olması müəyyən edilir ki, Təqsirləndirilən şəxs bununla bağlı suallara cavab olaraq bildirdi ki, “t” heroin və “p” patı-yəni ki, psixotrop maddə metamfetamin deməkdir. Bundan başqa “Vatsapp Business”-də olan mətn yazışmalarına və fotoşəkillərə baxdıqda Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin hansı ərazilərə qoyulmasının ətraflı şəkildə izah olunması da müəyyən edilmişdir. (cild 1, iş vərəqə 92-93) İş materiallarına əlavə edilmiş, 06.09.2021-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarov tərəfindən tərtib olunmuş “şəxsi axtarış və götürmə barədə” protokolu və 01 ədəd videogörüntüləri özündə əks etdirən CD disk ilə Təqsirləndirilən şəxs tərəfindən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxsdən satış məqsədilə, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroini daşımaqla özündə saxlaması, satış məqsədilə dövriyyəsi ilə məşğul olması faktı təsdiq olunmuşdur. (cild 1, iş vərəqə 29-31) İş materiallarına əlavə edilmiş, 06.09.2021-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarov tərəfindən tərtib olunmuş “baxış keçirilməsi və götürmə barədə” protokolu və 01 ədəd videogörüntüləri özündə əks etdirən CD disk ilə Təqsirləndirilən şəxs tərəfindən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxsdən satış məqsədilə, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini yaşadığı mənzildə saxlaması, satış məqsədilə dövriyyəsi ilə məşğul olması faktı təsdiq olunmuşdur. (cild 1, iş vərəqə 35-37) İş materiallarındakı 18 sentyabr 2021-ci il tarixli 082-36569-1221 nömrəli əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində narkotik vasitə və psixotrop maddələrin alqısatqısı ilə məşğul olması müəyyən edilmişdir. Lakin, Təqsirləndirilən şəxs üstündən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı Hadi adlı şəxsdən hansı yolla alması, İran İslam Respublikasının vətəndaşı Hadi adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi, ifadəsində göstərilən X3 olduğu yerin müəyyən edilməsi, yaşadığı mənzilin sahibinin adının “Lulvira” adlı şəxs olması müəyyən edilsə də, şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi, kimlərə narkotik vasitə satması və ya verməsi istiqamətində müsbət nəticə əldə edilməmişdir. (cild 2, iş vərəqə 29) İş materiallarındakı 20 sentyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş təmiz çəkiləri ayrı-ayırlıqda 100,005 qram, 276,325 qram və 186,021 qram, ümumi təmiz çəkisi 562,351 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də, təmiz çəkiləri 86,917 qram, 75,550 qram və 8,202 qram, ümumi təmiz çəkisi 170,669 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin, 01 ədəd gümüşü korpuslu elektron tərəzi və 01 ədəd qara korpuslu elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq hissələr - 562,251 qram narkotik vasitə heroin və 170,579 qram psixotrop maddə metamfetamin, 01 ədəd gümüşü korpuslu elektron tərəzi və 01 ədəd qara korpuslu elektron tərəzi, eləcə də, 14 dekabr 2021-ci il tarixli qərarla “Samsung Galaxy A10” markalı mobil telefon maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış edildikdən sonra maddi sübutlar saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (cild 2, iş vərəqə 37-39, 80-94, 104, 105) İş materiallarındakı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (cild 2, iş vərəqə 42-43) Beləliklə Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanılmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop və narkotik maddələri əldə edib saxlamaqla daşıması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 562,351 qram narkotik vasitə heroinin 562,251 qram qalıq hissəsi, ümumi təmiz çəkisi 170,669 qram psixotrop maddə metamfetaminin 170,579 qram qalıq hissəsi, 01 ədəd gümüşü korpuslu və 01 ədəd qara korpuslu elektron tərəzi məhv edilsin. “Samsung Galaxy A10” markalı mobil telefon yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 109 manat (yüz doqquz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə istintaqı zamanı Cinayət işi üzrə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili X5 192 (yüz doxsan iki) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut 562,351 qram narkotik vasitə heroinin 562,251 qram qalıq hissəsi, ümumi təmiz çəkisi 170,669 qram psixotrop maddə metamfetaminin 170,579 qram qalıq hissəsi, 01 ədəd gümüşü korpuslu və 01 ədəd qara korpuslu elektron tərəzi məhv edilsin. “Samsung Galaxy A10” markalı mobil telefon yaxın qohumlarının birinə qaytarılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 109 manat (yüz doqquz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili X5 192 (yüz doxsan iki) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar