Məhkəmə qərarları › İş №1(101)-510/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-510/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-510/2023 18.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Tircan kəndində qeydiyyatda olmaqla, faktiki ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 04 avqust 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yanında naməlum mənbədən satış məqsədilə külli miqdarda 3,042 qram, 3,698 qram, 3,675 qram, 3,990 qram, 4,097 qram, 4,104 qram ümumi təmiz çəkisi-külli miqdarda 22,606 qram heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 avqust 2022-ci il tarixdə, saat 22:25 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 1-ci Vağzal küçəsi, ev 20 ünvanının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ cibindən həmin 06 (altı) ədəd ağ rəngli polietilen bükümlərində təmiz çəkiləri külli miqdarda - 3,042 qram, 3,698 qram, 3,675 qram, 3,990 qram, 4,097 qram, 4,104 qram, ümumi təmiz çəkisi-külli miqdarda 22,606 qram xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin maddəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, narkotik vasitədən istifadə edir. İttiham aktında göstərilən çəkidə olan nakrotik vasitə ona məxsus olmamışdır. Onun üzərində 1 çet özü isifadə etmək üçün narkotik vasitə olmuşdur. Onunla bir məhllədə yaşayan bir nəfər şəxs tutulmuşdur. Həmin şəxslə onun danışığı olmuşdur. Bundan sonra da onu tutmuşlar. Narkotik vasitəni məhəllədən bir nəfər adını demək istəmədiyi şəxsdən alırmış. O, narkotiki hər yerdən tanımadığı şəxslərdən alırmış. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onu Polis İdarəsinə aparmışlar. Orada onun üzərinə 6 büküm qoyub bildirmişlər ki, əgər bunu boynuna almasa evinə 1 kiloqram narkotik vasitə qoyacaqlar. Videoçəkiliş zamanı ona təzyiq edib, onu döydükləri üçün ittiham aktında göstərilən qədər onun üzərinə qoyduqları narkotik vasitənin ona məxsus olmasını demişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 1 qramını özü istifadə etmək üçün 35-40 manata alırmış. Həmin gün də 10 manatlıq 1 çet özünə almışdır. Məhəllədə satan olmuş, adını demək istəmədiyi bir nəfərdən alırmış, hazırda onu da tutmuşlar. Çəkiliş zamanı ona təzyiq olmuş və onu döymüşlər. O, prokurora da demişdir ki, onu döymüşlər, demişlər ki, ekspertizaya göndərəcəklər. O, kiməsə narkotik vasitə satmamış, nə də narkotik vasitə verməmişdir. Cavanlıq səhvi olmuş, asılılığı olmamış, istəsəymiş istifadə etməyə bilərmiş. Hərəkətindən peşman olmuşdur. Elan olunmuş cinayət işinin 32-33-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Təzyiq altında imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 45-ci vərəqəsində olan izahatında, 62-63 və 74-75-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...Sonuncu dəfə 04 avqust 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin, ad, soyad, ata adı, ünvanı və telefon nömrəsini bilmədiyim kişi cinsindən olan şəxsdən 50 manat pul verib 6 ədəd sellofan bükümündə narkotik vasitə heroini şəxsi istifadəm üçün almışdım. Aldığım 6 ədəd bükümdə olan heroin maddəsini cins şalvarımın sağ yan cibində saxlamışdım. ...daha sonra üzərimə video çəkilişlə baxış keçirildi mən də əynimdə olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığım həmin altı büküm narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etdim. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır. Təzyiq altında imza etmişdir. Protokolları təsdiq etmir. Ona fiziki təzyiq göstərərək onu döyənlər Toğrul və Babək adlı şəxslər olmuşlar. O, müstəntiqin yanında özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini demişdir. Müstəntiqin yazdığı ifadəni oxumadan imza etmişdir. Onda 6 büküm olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Aydın oğlu ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 32-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Səməd adlı şəxsin narkotik vasitələr əldə etməsi, saxlaması və istifadə etməsi, axşam saatlarında ünvan 4 ünvanın qarşısında olacağı barədə bölməyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Ondan və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə saat 22:25 radələrində əməliyyat məlumatında göstərilən Səməd adlı şəxsin ünvan 4 ünvanın qarşısında olduğunu müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ona narkotik vasitə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu bildirib Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilərək Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra, onun hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət edilmiş və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 06 ədəd sellofana bükülmüş bükümləri çıxarıb təqdim etmiş və bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə metronun Neftçilər stansiyasının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 50 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açılıb baxıldıqda bükümlərin arasında narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Təqdim olunan altı ədəd büküm zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, o, əməliyyat qrupunun üzvü olmuşdur. Təqsirləndirilən şəxsi Qaraçuxur qəsəbəsi, 1-ci Vağzal küçəsi, ev 20 saylı ünvanın yaxınlığında saxlamışlar. Onu küçədə saxlamışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-də əməliyyat müvəkkil Şahid1 eyni məzmunlu ifadə verərək, Şahid2 Aydın oğlunun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 04 avqust 2022-ci il tarixli raportundan görünür ki, 04 avqust 2022-ci il tarixində “Səməd” adlı şəxsin narkotik vasitələri saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 04 avqust 2022-ci il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından görünür ki, Səməd adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 32-ci PB-nin rəisi, polis polkovnik leytenantı Məhəmməd Əhmədbəylinin 04 avqust 2022-ci il tarixli, Ə41-099-22 saylı Əmrindən görünür ki, “Səməd” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 31-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Cinayət işinin 32-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlanılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən 6 ədəd ağ rəngli sellofana bükülmüş bükümləri təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu narkotik vasitənin altı bükümü də heroindir və 04 avqust 2022-ci il tarixdə Neftçilər metrosunun yaxınlığında adını bilmədiyi, lakin tanıdığı şəxsdən 50 manat müqabilində almış və şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi altı ədəd ağ rəngli sellofana bükülmüş bükümlər açdıqda içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Həmin altı ədəd ağ rəngli sellofana bükülmüş bükümlər bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün sübut əhəmiyyətinə malik biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı “İphone 7” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 34-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu müvəqqəti kirayə yaşadığı ünvan 1 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 38-44-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 avqust 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir. Baxış zamanı mənzildən iş üçün sübut əhəmiyyətinə malik biləcək əşya və ya sənədlər aşkar edilməmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 50-54-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 avqust 2022-ci tarixli, 6/4195 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 196» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr..., şübhəli şəxs: Bədəlov.S-imza, iştirakçılar-iki imza; Tərtib etdi: R.Həsənzadə-imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 06 (altı) ədəd bükümlərdəki təmiz çəkiləri-3,042 qram, 3,698 qram, 3,675 qram, 3,990 qram, 4,097 qram, 4,104 qram, ümumi təmiz çəkisi- 22,606 qram olan qəhvəyi rəngli maddə kütlələri xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 61-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 avqust 2022-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə aparılan şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmiş və bu zaman aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində dövriyyəsi qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən 6 ədəd ağ rəngli sellofana bükülmüş büküm təqdim edir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu narkotik vasitənin altı bükümü də heroindir və 04 avqust 2022-ci il tarixdə Neftçilər metrosunun yaxınlığında adını bilmədiyi, lakin tanıdığı şəxsdən 50 manat müqabilində almış və şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirmişdir. Həmin altı ədəd bükümü açdıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi altı ədəd büküm qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı iş üzrə sübut əhəmiyyətinə malik biləcək digər əşya və ya sənədlər aşkar edilməmişdir. Cinayət işinin 107-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 19 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" şəbəkəsində qeydiyyatda olan nömrə aşkar edilməmişdir. Cinayət işinin 109-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 14 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" şəbəkəsində aktiv nömrə qeydə alınmamışdır. Cinayət işinin 110-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 07 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına “Azerfon’ şəbəkəsində aktiv nömrə qeydə alınmamışdır Cinayət işinin 111-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PŞ-dən daxil olmuş 10 noyabr 2022-ci il tarixli, ***- *******21 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlamaqla daşıyır, narkotik vasitə qəbul edir, narkotik vasitələrin satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini isə müəyyən etmək olmamışdır. Cinayət işinin 139-140-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 26 noyabr 2022-ci il tarixli cinayət işinin materiallarından ayrıca icraata cinayət içinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitənin istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, onun üzərində yalnız bir çet narkotik vasitə olduğunu, istintaq zamanı ona təzyiqlər olduğu üçün 06 bükümdə narkotik vasitənin ona məxsus olduğunu bildirməsini qeyd etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Suraxanı RPİ-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü cinayət işi üzrə müvafiq qərar çıxarılaraq icra olunması üçün Bakı şəhəri, Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Prokurorluğundan 11 yanvar 2023-cü il tarixli, 18-x-23 saylı məktubla daxil olmuş Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi X3 07 oktyabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi və işgəncəyə məruz qalması öz təsdiqini tapmadığından, 334-C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarış zamanı, həmçinin, istintaq zamanı vermiş olduğu ifadələrində üzərindən aşkar edilmiş 06 bükümdə narkotik vasitə heroinin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 30 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 108-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Republikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 21 sentyabr 2022-ci il tarixli, 8798 nömrəli məkubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2014-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayonu üzrə qeydiyyatda olan Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 2976 nömrəli göndərişinə əsasən “Respublika Psixiatriya Xəstəxanası”-na stasionar müayinəyə qəbul olunub, xx.xx.2014-cü il tarixdə Həkim Psixiatr Komissiyasına təqdim ounub və həmin tarixdə xəstəxanadan evə yazılıb. Hal-hazırda psixi xəstəlik aşkar edilmir. Şəxsiyyətin affektiv tipli aksentuasiyası diaqnozu qoyulmuşdur. Cinayət işinin 126-127-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 12 noyabr 2022-ci il tarixli, 2992 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman və hazırki dövrdə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 123-124-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X5 12 noyabr 2022-ci il tarixli 6781 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 04 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 28-ci vərəqəsində olan 04 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 88-91-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 avqust 2022-ci il tarixli, 4(010)-466/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 avqust 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 22,306 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 22,306 qram olan narkotik vasitə heroin məhvedilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar