Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-512/2021 16.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, hakim köməkçisi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X1, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əfəndiyev küçəsi ev 1B, mənzil 1-də pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək quldurluq etmiş və qanunsuz olaraq soyuq silah əldə edib, saxlayaraq daşımışdır. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, xx xxxx 2020-ci il tarixdə saat 09:30 radələrində aralarında olan cinayətkar razılığa əsasən hadisə yerində əl-barmaq izləri qoymamaq üçün əllərinə əvvəlcədən əldə etdikləri qara rəngli əlcək geyinib, tanınmamaq üçün ağızlarına tibbi maska taxaraq, Mənzil İstismar Sahəsinin ustaları olmaları görüntüsünü yaratmaq üçün qrup üzvü Tural Məcidov başında tikintidə istifadə olunan sarı rəngli dəbilqə və əlində içərisində dəftər, ölçü metri və yapışqanlı şəffaf lent olan sellofan torba götürərək Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanındakı 44 saylı mənzilə gələrək özlərini Mənzil İstismar Sahəsinin ustaları kimi təqdim edib tüstü bacalarına baxış keçirmək adı ilə ev sahibi Zərərçəkmiş şəxs1ı aldadıb qanunsuz olaraq həmin mənzilə girərək qrup üzvü Tural Məcidov əlindəki mobil telefon vasitəsilə otaqdakı tüstü bacalarının şəklini çəkdikdən sonra o, Zərərçəkmiş şəxs1ı itələyib otaqda olan çarpayının üzərinə yıxaraq sonuncuya sağ bazunun arxa səthi və sağ kürək nahiyəsinin qançırları ilə müşayiət olunan, ümumilikdə dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək ağzını və əllərini özləri ilə gətirdikləri yapışqan lentlə bağlayıb mənzildə olan pulların yerini deməyi tələb etmiş, Zərərçəkmiş şəxs1 dəhlizdə olan asılqandan asılmış şalvarının cibindəki 800 manat məbləğində nağd pul vəsaitini ona verib başqa pullarının olmadığını bildirdikdə, qrup üzvü Tural Məcidov mənzilin mətbəxində Zərərçəkmiş şəxs2 başından bir dəfə yumruq zərbəsi ilə vurub sonuncuya sol bazunun bayır səthinin hematoması və sol saidin arxa səthinin qançırları ilə müşayiət olunan, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, saglamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirib, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək yerə yıxmaqla əl-ayağını və ağzını yapışqanlı lentlə bağlayıb, otağa keçərək orada olan paltar dolabında axtarış aparıb dolabdan mənzil sahibinə məxsus 4200 manat nağd pul vəsaitini ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs1 5000 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, deşici, kəsici, vurucu, əzici xassəyə malik kombinə edilmiş kastet-bıçaq əldə edərək, idarə etdiyi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Ravon” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə saat 24 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşadığı ünvanın yaxınlığında Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə vətəndaşlar Zərərçəkmiş şəxs2 və əri Zərərçəkmiş şəxs1 qarşı quldurluq cinayəti törədilməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb avtomobili ilə birlikdə Bakı şəhəri, Q.Qarayev prospekti 81 ünvanda yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilərək həmin ünvanda idarə etdiyi “Ravon” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin sandığından 01 ədəd soyuq silah olan həmin kastet-bıçaq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, müvəqqəti taksi fəaliyyəti ilə məşğul olmuş, təxminən 2020-ci ilin may ayının əvvəllərində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, «Arablinka» adlanan ərazidə ortaq dostları vasitəsilə tanıdığı Andrey adlı şəxslə onun tanımadığı bir dostunun maşınında oturub söhbət etmişlər. Söhbət zamanı Andreyin dostlarına bu yaxınlarda anasının anasının, yəni nənəsinin ev satdığını, evin pulunu onun və bacı-qardaşlarının arasında böldüyünü deməsini eşitmişdir. Həmin vaxt Andreyin nənəsinin evi satıb nəvələrinin arasında bölüşdürdüyündən onun özündə də müəyyən məbləğdə pulun qaldığını fikirləşmişdir. Söz gəlişi Andreydən nənəsigilin harada yaşadığını soruşmuş, Andrey nənəsinin 8 km bazarının yaxınlığında yaşadığını bildirmişdir. Təxminən bir ay sonra Andreyi və tanımadığı bir dostunu nənəsigilin evinə aparmalı olmuş, Andrey nənəsigilin evində eyvanı təmir etdiklərini bildirmişdir. O, Andreyi düşürtdükdən sonra hansı eyvanın təmir olunduğunu müəyyən etmək üçün binanın arxa tərəfinə keçmiş və 5-ci mərtəbədə eyvanın təmir olunduğunu gördükdən sonra Andreyin nənəsinin evinin hansı olduğunu öyrənmişdir. Bu vaxtdan da onda həmin evə girib pulu götürmək fikri yaranmışdır. xx xxxx 2020-ci il tarixdə tanışı olan X4 ilə Turalın yaşadığı Sabunçu rayonu, 155 nömrəli orta məktəbin yaxınlığında, ünvanını dəqiq bilmədiyi evin qarşısında görüşmüşlər. Turala tanışı olan Andreyin qoca nənəsinin ev satdığından yaşadığı mənzildə pul olduğunu danışmışdır. Turalla həmin evə girib pulu ələ keçirmək barədə məsləhətləşmişdir. Bir müddət danışandan sonra Tural «qoy bir plan fikirləşək, sonra gedib evə girərik» deyə bildirmişdir. xx xxxx 2020-ci ildə saat 15:00 radələrində Tural onun istifadəsində olan mobil telefona zəng edərək görüşməyi təklif etmişdir. Onlar Bakıxanov qəsəbəsində yerləşən 2 saylı doğum evinin qarşısında görüşmüşlər. Həmin yerdən avtobusa minib “STAR” idman kompleksinin yanına gəlmişlər. Oradan da o, Tural ilə birlikdə Andreyin nənəsinin yaşadığı evin qarşısına gəlmişlər. O, evi Turala göstərmişdir. Yolda gedəndə Tural evə girməyin planını danışmış və bildirmişdir ki, onlar özlərini MİS-nin ustaları kimi təqdim edərək evə girəcəklər. O, və Tural Məcidov saat 15:30 radələrində həmin evin sagdan ikinci girişinə daxil olub 5-ci mərtəbəyə qalxmışlar. Həmin vaxt Turalın başında tikinti işçilərinin istifadə etdiyi sarı rəngli dəbilqə, əlində qara rəngli əlcək, ağzında isə tibbi maska olmuşdur. Onun da əlində qara rəngli əlcək, ağzında isə tibbi maska olmuşdur. Onlar mənzilin qapısının zəngini basmış, mənzildən kim olduqlarını soruduqda Tural mənzil istismar sahəsində usta işlədiklərini bildirmişdir. Həmin vaxt sonradan bildiyi Andreyin babası qapını açmışdır. Tural özünü Məhəmməd və onu isə Orxan kimi təqdim edərək usta olduqlarını, mənzilin hava çəkən yollarını yoxlamalı olduqlarını bildirmişdir. Onlar mətbəxdə və vanna otağında divarın içərisindən keçən hava çəkən yolun qarşısında kağız yandıraraq hava yollarına tutmuşlar. Andreyin nənəsi Tural ilə mətbəxdə nədənsə söhbət etmişlər. O, isə, dəhlizdə Andreyin babası ilə dayanıb Turalı gözləmiş, hərdən çıxıb eyvanda siqaret çəkmişdir. Tural mətbəxdən qayıdıb dəhlizə çıxmış və onlar birlikdə mənzili tərk etmişlər. Mənzildən çıxandan sonra Tural ona həqiqətən də evdə pul olduğunu bildirmişdir. Belə ki, onlar mənzildə olarkən kişinin otaqda olan paltar dolabının qapısının qarşısında dayanıb heç bir yerə çəkilmədiyindən və arvadın qızının ailəsini saxladığını Turala bildirdiyindən evdə pul olduğuna əmin olmuşlar. Həmin gün onlar ayrılıb hər ikisi yaşadıqları evə getmişlər. xx xxxx 2020-ci il tarixdə o, etibarnamə əsasında idarə etdiyi “Ravon” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomaşınla Turalın yaşadığı ünvana gəlmiş və Turalı götürüb Nizami rayonu ərazisində yerləşən “STAR” idman kompleksinin yaxınlığında olan bir məhəllədə maşını saxlayıb, maşından düşüb piyada Andreyin nənəsi yaşayan evə tərəf getmişlər. Həmin vaxt yenə Turalın başında tikinti işçilərinin istifadə etdiyi sarı rəngli dəbilqə, əlində qara rəngli əlcək, ağzında tibbi maska və əlində isə içərisində bir ədəd dəftər, bir ədəd sarı rəngli metrə və yapışqan şəffaf lent olan sellofan torba olmuşdur. Onun da əlində qara rəngli əlcək, ağzında tibbi maska, cibində isə bir ədəd yapışqan şəffaf lent olmuşdur. Yapışqanlı lentlər və ölçü metri Turalda hazır olmuş, dəftəri isə yolda mağazaların birindən alıb, usta imici yaratmaq üçün içərisindəki bir neçə vərəqin üzərində tikinti barədə qeydlər edərək sellofana qoymuşlar. Səhər saat 09:00 radələrində onlar artıq Nizami rayonu, ünvan 3 ünvanının qarşısında olmuşlar. Saat 09:30 radələrində yenidən 5-ci mərtəbəyə qalxıb 44 nömrəli mənzilin qapısının zəngini basmışlar. Andreyin Aleksandr adlı babası yenə də qapının arxasından kim olduğunu soruşduqda, Tural yenə MİS-nin ustaları olduqlarını bildirmişdir. Aleksandr qapını açıb onların hər ikisini mənzilə buraxmışdır. Tural bu dəfə hava yollarının şəklini çəkmək lazım olduğunu bildirmişdir. Özünü Məhəmməd kimi təqdim edən Tural Məcidov əlində olan, köhnə bir telefon vasitəsilə şəkillər çəkməyə başlamışdır. Tural ev sahibləri ilə birlikdə otağa keçmiş, söhbət zamanı o, Turala Məhəmməd, Tural isə ona Orxan deyə müraciət etmişdir. Bir qədər keçmiş o, onların olduqları otağa gəlib qadın və kişini ayırmaq məqsədi ilə su istəmişdir. Sonradan adının Svetlana olmasını bildiyi qadın mətbəxə getmiş, Tural da qadının arxasınca mətbəxə keçmişdir. O, isə Aleksandr ilə otaqda tək qalmışdır. O, Aleksandrı itələyib çarpayının üzərinə yıxmış, Aleksandr çarpayının kənarından tutmuş, bu zaman o, cibində olan yapışqan lenti çıxarıb Aleksandrın ağzını və qollarını bağlamışdır. Bundan sonra Aleksandrdan pulların yerini soruşmuşdur. Aleksandr onunla dəhlizə keçərək asılqandan asılmış pencəyin cibindən pulları çıxarıb ona vermişdir. O, pulları saymadan əynində olan şalvarın cibinə qoymuşdur. Sonra Aleksandr ilə birlikdə otağa qayıtmışdır. O, Aleksandrı çarpayının üzərində oturdub otaqdakı güzgülü dolabı axtarmağa başlamışdır. Oradan heç bir şey tapmayıb otaqda olan paltar dolabının aşağı rəflərinə baxmışdır. Oradan da bir şey aşkar etməmişdir. Həmin zaman Tural da otağa daxil olmuş, Tural da, paltar dolabının digər rəflərini axtarmağa başlamışdır. Tural ilə Svetlana adlı qadın arasında mətbəxdə nə baş verdiyini bilməmişdir. Planlaşdırdıqları kimi Turalın da qadının ağzını yapışqan lentlə bağladığını düşünmüşdür. O, pul aşkar etməmişdir. Turalın da dolablardan pul tapdığını görməmişdir. Tural ona artıq getmək lazım olduğunu, ev sahiblərinin pulun yerini deməyəcəklərini söyləmişdir. Bundan sonra onlar ev sahiblərini mənzildə qoyub oranı tərk etmişlər. O, qapıdan birinci olaraq çıxmış, Tural isə onun arxası ilə gəlmişdir. Tural çıxarkən əlində olan sellofan torbanı içərisində olan dəftər və ölçü lenti ilə birlikdə mənzildə yerə atmışdır. Binadan çıxdıqdan sonra onlar ayrılaraq hərəsi ayrı-ayrı istiqamətlərdə getmişlər. O, evə gəlib paltarlarını dəyişdikdən sonra yenidən Turalın yaşadığı ünvana yollanmışdır. Yolda olarkən mənzildən əldə etdiyi pulları saymış və ümumilikdə 800 manat olduğunu müəyyən etmişdir. Turalın yaşadığı həyətə çatdıqda Tural artıq onu həyətdə gözləmişdir. O, Turala mənzildən 800 manat pul əldə etdiyini bildirmiş, Tural isə mənzildən heç bir məbləğdə pul tapmadığını söyləmişdir. O, üzərində olan puldan 350 manatını ayırıb Turala vermişdir. Sonra ayrılıb hərə öz evinə getmişdir. xx xxxx 2020-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında olarkən Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları ona yaxınlaşmış və polis şöbəsinə dəvət etmişlər. Şöbədə olarkən o, törətdikləri cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Etibarnamə əsasında idarə etdiyi, «xxxx» MMC-yə məxsus, “Ravon” markalı, Az ** PR *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş, tutacağı beşbarmaq formalı, qara rəngli, qatlanan bıçaq ona məxsusdur. Təxminən 4-5 il əvvəl yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində, hazırda ünvanını xatırlamadığı yerdən tapmışdır. Bıçaqdan heç vaxt istifadə etməmişdir. Sadəcə avtomobilinin sandığında saxlamışdır. Qeyd olunan beşbarmaq tutacaqlı bıçaq quldurluq məqsədilə mənzilə daxil olan zaman üzərində olmamışdır. Qeyd etdiyi kimi o, həmin bıçağı avtomobilin sandığında saxlamışdır. O, daha sonra göstərmişdir ki, həmin vaxt evdə olan Zərərçəkmiş şəxs1dan cəmi 800 manat pul almış, mənzildən 5.000 manat pul götürməmiş və əməlindən peşmandır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 15:30 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşadıqları mənzildə olduqları zaman mənzilin qapısının zənginin çalındığını eşitmişdir. Qapıya yaxınlaşıb kim olduğunu soruşmuş, qapının arxasında dayanmış iki nəfər, təxminən 25-30 yaşlarında olan, iki nəfər oğlan mənzil istismar sahəsində usta işlədiklərini, adlarının Orxan və Məhəmməd olduqlarını qeyd edərək mənzilin hava çəkən yollarını yoxlamalı olduqlarını bildirmişlər. Məhəmmədin başında tikinti sahələrində istifadə olunan plastmas kaska olmuşdur. Onların hər ikisi üzünü tibbi maska ilə örtmüşlər. O, mənzilin qapısını açıb həmin iki şəxsi mənzilə buraxmışdır. Həmin iki şəxs mətbəxdə və vanna otağında divarın içərisindən keçən hava çəkən yolun qarşısında kağız yandıraraq hava yollarına tutmuşlar. Həmin şəxslərlə söhbət zamanı təqaüdlə dolandıqlarını, Bakıda bir qızlarının yaşadığını demişlər. Sonradan həmin şəxslər mənzili tərk edib getmişlər. xx xxxx 2020-ci il tarixdə səhər saat 09:30 radələrində yenidən qapının zəngi çalınmış, o, baxdıqda yenə də həmin iki şəxsin mənzilin qarşısında dayandıqlarını görmüşdür. Onlar bu dəfə hava yollarının şəklini çəkmək lazım olduğunu bildirmişlər. O, həmin şəxsləri mənzilə buraxmışdır. Məhəmməd telefon vasitəsilə şəkillər çəkməyə başlamışdır. O, həyat yoldaşı ilə otağa keçmişdir. Bir qədər keçmiş Orxan onların olduqları otağa gələrək su istəmişdir. Həyat yoldaşı mətbəxə getdikdə Orxan qəflətən ona hücum edərək yerə yıxmış və əlində olan sellofan torbanın içərisindən çıxardığı şəffaf yapışqan lent ilə onun əllərini və ağzını bağlamışdır. Orxan ondan pulların yerini soruşmuş, o, Orxanın nə istədiyini anlamamış, sonra o, Orxanla dəhlizə keçərək asılqandan asılmış pencəyinin cibində saxladığı pulu Orxana vermişdir. Sonra otağa qayıtmışlar. Bu zaman Məhəmməd də mətbəxdən gəlib otağa daxil olmuş və otaqda olan dolabları açıb içərisində olan əşyaları yerə tökərək axtarmağa başlamışlar. Geyim və digər əşyalar olan dolabların içərisindəki, təxminən 4200 manatı, habelə onun pul kisəsində olan təxminən 800 manatı, ümumilikdə ailə başçısı kimi onun və eləcə də ailəsinin büdcəsi olan 5000 manat nağd pulu tapıb götürmüşlər. Orxan və Məhəmməd otağı tərk edən zaman yüksək səslə bu barədə heç kimə məlumat verməmələrini tapşırmışlar. Əks halda qızları üçün pis olacağını demişlər. Həmin şəxslər gedəndən sonra o, əllərini açmağa nail olmuş və həyat yoldaşının olduğu mətbəxə keçmişdir. Mətbəxə daxil oduqda həyat yoldaşı Svetlananın qollarının, ayaqlarının və ağzının yapışqan şəffaf lent ilə bağlı olduğunu aşkar etmişdir. Svetlananın əl-qolunu və ağzını açmışdır. Bundan sonra bərk qorxduqlarından baş vermiş hadisə ilə əlaqədar heç kimə məlumat verməmişlər. xx xxxx 2020-ci il tarixdə nəvəsi Andrey onların mənzilinə gəldikdə onlar Andreyə baş vermiş hadisə barədə danışmışlar. Andreyin təkidi ilə həyat yoldaşı «102» mərkəzi zəng xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermiş, sonradan Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq, hadisə zamanı sağ kürək hissəsindən xəsarət aldığını, qollarında yapışqanlı lentin izi qaldığını, lakin hal-hazırda həmin izlərin yox olduğunu qeyd etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 15:30 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşadıqları mənzildə olduqları zaman mənzilin qapısının zənginin çalındığını eşitmişdir. Aleksandr yaxınlaşıb kim olduğunu soruşmuş, qapının arxasında dayanmış iki nəfər, təxminən 25-30 yaşlarında olan, iki nəfər oğlan mənzil istismar sahəsində usta işlədiklərini, adlarının Orxan və Məhəmməd olduqlarını qeyd edərək mənzilin hava çəkən yollarını yoxlamalı olduqlarını bildirmişlər. Məhəmmədin başında tikinti sahələrində istifadə olunan plastmas kaska olmuşdur. Onların hər ikisi üzünü tibbi maska ilə örtmüşlər. Aleksandr mənzilin qapısını açıb həmin iki şəxsi mənzilə buraxmış, həmin şəxslər mətbəxdə və vanna otağında divarın içərisindən keçən hava çəkən yolun qarşısında kağız yandıraraq hava yollarına tutmuşlar. Həmin şəxslərlə söhbət zamanı təqaüdlə dolandıqlarını, Bakıda bir qızlarının yaşadığını demişlər. Sonradan həmin şəxslər mənzili tərk edib getmişlər. xx xxxx 2020-ci il tarixdə səhər saat 09:30 radələrində yenidən qapının zəngi çalınmış, həyat yoldaşı baxdıqda yenə də həmin iki şəxsin mənzilin qarşısında dayandıqlarını görmüşdür. Onlar bu dəfə hava yollarının şəklini çəkmək lazım olduğunu bildirmişlər. Aleksandr onları mənzilə buraxmışdır. Məhəmməd telefon vasitəsilə şəkillər çəkməyə başlamışdır. O, həyat yoldaşı ilə otağa keçmişdir. Bir qədər keçmiş Orxan onların olduqları otağa gələrək su istəmişdir. O, mətbəxə getmiş, mətbəxdə olarkən otaqdan nə isə səs eşitmişdir. Həyat yoldaşının yıxıldığını güman etdiyindən otağa keçmək istədikdə Məhəmməd qəflətən ona hücum edərək əli ilə başından zərbə vurmuş və sinəsinin üstündə oturaraq onu boğmağa başlamışdır. Məhəmməd qışqıraraq «Orxan skoçu mənə ver» demişdir. O, huşunu itirmiş, Məhəmməd şəffaf yapışqan lent ilə onun əllərini, ayaqlarını və ağzını bağlamışdır. Bundan sonra Məhəmməd onu yerə yıxaraq otağa keçmişdir. Orxan və Məhəmməd otağı tərk edən zaman yüksək səslə bu barədə heç kimə məlumat verməmələrini tapşırmışlar. Əks halda qızları üçün pis olacağını demişlər. Onlar gedəndən sonra həyat yoldaşı mətbəxə daxil olmuş və onun qollarını, ayaqlarını və ağzını açmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslər dolabın içərisində saxladıqları, habelə Aleksandrın pul kisəsində və digər dolabda olan ümumilikdə 5000 manat nağd pulu tapıb götürmüşlər. Bundan sonra bərk qorxduqlarından baş vermiş hadisə ilə əlaqədar heç kimə məlumat verməmişlər. xx xxxx 2020-ci il tarixdə nəvəsi Andrey onların mənzilinə gəldikdə onlar Andreyə baş vermiş hadisə barədə danışmışlar. Andreyin təkidi ilə o, «102» mərkəzi zəng xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Sonradan Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq, hadisə zamanı əlindən, qolundan və kürək hissəsindən xəsarət aldığını qeyd etmişdir. Evlərinə gəlmiş özlərini Orxan və Məhəmməd kimi təqdim etmiş şəxsləri gördükdə tanıya bilər. Evə girən şəxslərdən özünü Orxan kimi təqdim edən şəxs 170 sm boyunda, orta bədən quruluşlu, səliqəli ağ köynək, qara şalvar, qara ayaqqabı geyinmişdir. Ağzında tibbi maska, əlində isə qara rəngli tibbi əlcək olmuşdur. Özünü Məhəmməd kimi təqdim edən şəxs isə səliqəsiz geyimdə, başında sarı plastik kaska olan, orta bədən quruluşlu, 180 sm boyunda, tünd idman maykası və cins şalvar geyinmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 nənəsidir, Zərərçəkmiş şəxs1 isə babasıdır. Bir yerdə yaşamasalar da mütəmadi olaraq onların evinə gedir. Nənə və babasına məişət işlərində köməklik göstərir. 2019-cu ilin axırlarında vərəsəliklə nənəsinin şəxsi mülkiyyətinə keçmiş Nərimanov rayonu ərazisində yerləşən iki otaqlı mənzili 165.000 manata satmışlar. Nənəsi pulu ailə üzvlərinin arasında bölüşdürmüşdür. Ona, qardaşına və iki bacısına hər birinə 37.500 manat pul vermişdir. Özünə isə 15.000 manat pul saxlamışdır. Sonra həmin pulun bir qismini yaşadıqları mənzilin eyvanının təmirinə xərcləmişlər. Onun məlumatına görə nənəsinin təxminən 5 min manat pulu qalmışdır. xx xxxx 2020-ci il tarixdə nənə və babasının yaşadıqları mənzilə gəldikdə onların təlaşlı olduğunu və nənəsinin qolunda göyərmə izlərini görüb nə baş verdiyini soruşmuşdur. Nənəsi və babası ona xx xxxx 2020-ci il tarixdə səhər saat 09:30 radələrində özlərini MİS-nin ustaları kimi təqdim edən iki nəfərin tüstü bacalarını yoxlamaq adı ilə mənzilə gəldiklərini, sonradan əllərini və ağızlarını yapışqan lentlə bağlayıb zor tətbiq edib, hədə-qorxu gələrək mənzildə olan təxminən 5.000 manat nağd pulu götürdüklərini demişlər. Həmin şəxslər nənəsini polisə müraciət edərsə qızına zərər vuracaqları ilə hədələdiyindən bu barədə heç kimə məlumat vermədiklərini bildirmişlər. Bundan sonra o, qardaşı İlyaya məlumat vermişdir. Həmin gün səhər saatlarına kimi bu barədə söhbət etmişlər və hadisə ilə bağlı polisə müraciət etmək qərarına gəlmişlər. İlya hadisə barədə DİN-in «102» mərkəzi zəng xidmətinə məlumat vermişdir. Əlavə olaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əfəndiyev küçəsi, ev 1B, mənzil 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs tanıdığını, onu bir neçə dəfə Bakıxanov qəsəbəsində yaşayan dostlarının yanında gördüyünü qeyd etmişdir. Anarın yalan danışdığını, ümumiyyətlə dostları ilə ev satılması barədə söhbət etmədiyini, dostu Serqey ilə aralarında çox yaxın münasibətlər olduğundan onun bu barədə bildiyini qeyd etmişdir. Tanışı Samir adlı şəxs bir neçə dəfə nənəsini müxtəlif yerlərə aparmışdır. Lakin Samirin nənəsinə məxsus mənzilin satılması barədə məlumatının olub-olmadığını bilmir. O, Anar adlı şəxsin idarə etdiyi taksi avtomobilində heç vaxt nənəsinin evinə gəlməmiş və Anarın avtomobilində heç nə alıb həmin ünvana gətirməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 ilə uşaqlıqdan tanışdır, bir məktəbdə, eyni sinifdə oxumuşlar, aralarında yaxın dost münasibtləri vardır. Təqsirləndirilən şəxs isə təxminən bir ilə yaxındır tanımış, Anar Bakıxanov qəsəbəsində fərdi olaraq taksi fəaliyyəti göstərmişdir. Bir neçə dəfə Anar onu idarə etdiyi avtomobil ilə müxtəlif ünvanlara aparmışdır. Andreyin nənəsinin və babasının yaşadığı mənzildə quldurluq hadisəsi baş verməsi barədə 24 sentyabr tarixdə bilmiş, bu barədə ona Andrey məlumat vermişdir. O, da, dərhal Andreyin nənəsi və babası yaşayan ünvana gəlmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, fərdi olaraq etibarnamə əsasında idarə etdiyi «Mercedes» markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yük daşıma həyata keçirir. Qonşuluqda yaşayan Şahid1 ilə təxminən bir il əvvəl tanış olmuşdur. Təqsirləndirilən şəxs da təxminən həmin ərəfədə tanımışdır. Anar Bakıxanov qəsəbəsində fərdi olaraq taksi fəaliyyəti göstərmişdir. Onu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etdikdə Andreyin nənəsinin və babasının yaşadığı mənzildə baş vermiş quldurluq hadisəsi barədə orada olan Andrey və digər şəxslərdən eşitmişdir. Orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bir nəfər tanışı ilə Andreyin nənəsi və babası yaşayan mənzilə daxil olaraq quldurluq etmişlər. Onun Şahid1 nənəsi Zərərçəkmiş şəxs2 məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən iki otaqlı mənzili satmaları və hansı qiymətə satmaları barədə məlumatı olmamışdır. Andrey bu barədə onun yanında heç kimə danışmamış və bu barədə ona heç bir söz deməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş, məhkəmə tibb-ekspertizasının xx xxxx 2020-ci il tarixli, 529 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol bazunun bayır səthinin hematoması və sol saidin arxa səthinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx xxxx 2020-ci il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə saglamlığın qısa müddətə pozulmasına səbəb olan saglamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinə əlavə olunmuş, məhkmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 530 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ bazunun arxa səthi və sağ kürək nahiyəsinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx xxxx 2020-ci il tarixdə yarana bilər, ümumilikdə saglamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə olunmuş ambulator kompleks məhkəmə-psixoloji və məhkəməpsixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1601 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xətəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə nəticədən göründüyü kimi Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətçilik, emosionallıq, nümayişkəranəlik, özünü müdafiə etməyə meyillilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Əqli və psixi inkişaf xüsusiyyətləri normaya uyğun olduğundan o, qərarın təsviri hissəsində qeyd edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Onda, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə pataloji meyillilik əlamətləri müşahidə edilmədi. Belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs idrak proseslərinin (duyğu, qavrama, yaddaş, təfəkkür və s.) xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla iş üçün əhəmiyyətli hesab olunan halları düzgün qavraya bilər. Cinayət işinə əlavə olunmuş məhkəmə-trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3/888 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet zavod üsulu ilə hazırlanmış, deşici, kəsici, vurucu, əzici xassəyə malik, kombinə edilmiş kastet-bıçaqdır, soyuq silah hesab edilir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində quldurluq hadisəsi nəticəsində evdə olan Zərərçəkmiş şəxs1 800 manat pul aldığını, zərərçəkmişin dediyi kimi 5.000 manat pul götürmədiyini bildirsə də, məhkəmə hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin 212-217-ci vərəqlərində olan “üzləşdirmə protokolu”ndan görünür ki, üzləşdirmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 quldurluq hadisəsi nəticəsində evindən 5.000 manat pul götürüldüyünü Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, ailəli və himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs qoca şəxsə qarşı cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Nizami rayon Polis İdarəsində saxlanılan bir ədəd dəftər, ölçü metri, iki ədəd tibbi maska, bir ədəd tikintidə istifadə olunan əlcək, içərisində iki ədəd yapışqanlı şəffaf lent olan sellofan torba və kombinə edilmiş kastet-bıçaq məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 50 saat hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Əzizağa Əliyevin vəkil işlədiyi Bakı şəhəri 6 saylı Vəkil bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Zərər çəkmiş şəxslər məhkəmədə onlara dəymiş maddi ziyanın, yəni 5.000 manatı Təqsirləndirilən şəxs tələb etsəlr də, bununla bağlı qanunla müəyyən edilmiş qaydada nə ibtidai istintaq zamanı, nə də məhkəmədə mülki iddia ərizəsi təqdim etməmişlər. Bu səbəbdən məhkəmə zərər çəkmiş şəxslərin göstərilən tələbi barədə mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququ olduğunu izah edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3-cü maddələri ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Nizami rayon Polis İdarəsində saxlanılan bir ədəd dəftər, ölçü metri, iki ədəd tibbi maska, bir ədəd tikintidə istifadə olunan əlcək, içərisində iki ədəd yapışqanlı şəffaf lent olan sellofan torba və kombinə edilmiş kastet-bıçaq məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş 50 saat hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Əzizağa Əliyevin vəkil işlədiyi Bakı şəhəri 6 saylı Vəkil bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Zərər çəkmiş şəxslərə mülki məhkəmə icraatı qaydasında iddia vermək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-512/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-512/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver