Məhkəmə qərarları › İş №1(101)-512/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-512/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-512/2022 22.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı5, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 15 iyul 2020-ci il tarixdə vaxtından əvvəl cəzadan şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 19 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 21 iyul 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,383 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 19 iyul 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı ünvan 1 ünvanının yaxınlığında saxlanılıb 15-ci Polis bölməsinə gətirilərək, orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə əldə edib saxlayaraq daşıdığı 3 ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,259 qram, 0,742 qram, 1,382 qram olmaqla, ümumi təmiz çəkisi 3,383 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 3-4 ildir narkotik vasitə istifadəçisidir. Saxlanılarkən onun üzərində təxminən 1 qrama yaxın narkotik vasitə olmuş, onu da şəxsi istifadəsi üçün üstündə gəzdirmişdir. İttihamda onun saxlanıldığı yer düzgün qeyd olunsa da, narkotikin miqdarı çox yazılmışdır. Onda ittihamda qeyd olunan çəkidə narkotik vasitə olmamışdır. Həmçinin o, heç vaxt heç kimə narkotik vasitə satmamışdır və belə bir məqsədi olmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli mobil telefonun ona məxsus olduğunu, həmin nömrəyə çox adamın «sms» yaza bilməsinin mümkün olduğunu, Daşqın adlı şəxsi tanımadığını, heç vaxt narkotik vasitə satmadığını, saxlanılarkən üzərindən aşkar olunan 1 qrama yaxın narkotik vasitənin heroin olduğunu, istintaqda da indiki kimi ifadə verdiyini, lakin oxumadığına görə müstəntiqin ifadəsini hansı şəkildə yazdığını deyə bilmədiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, əvvəl istintaq tərəfindən dindirilərkən verdiyi ifadəsini təsdiq edir. 15-ci polis bölməsində tutulduğu gün Sabunçu dəmiryol stansiyasının yanında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün bir büküm 1,5 qram heroini 30 manata almışdır. Həmin gün saat 12 radələrində evinə çatdıqda polis əməkdaşları yaxınlaşaraq onu polis bölməsinə aparmışlar. Polis bölməsində üstünə baxış zamanı üzərində saxladığı narkotik vasitə heroin aşkar edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, üstündən çıxan narkotik vasitənin çəkisi 3 qrama yaxındır. Onun üzərində narkotik həmin miqdarda olmamış, 1,5 qram heroin olmuşdur. İbtidai istintaqda verilmiş suallara cavabında Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı nömrələrinin istifadəçilərini tanımadığını, həmin nömrələrlə onun istifadəsində olmuş nömrə arasında aparılmış SMS mübadiləsinin məzmunlarının ona məlum olmadığını, heç vaxt narkotik vasitələrin və dövriyyəsi qanunla qadağan edilmiş digər maddələrin satışı ilə məşğul olmadığını, narkoman olduğunu, gündəlik 0,5 qram narkotik vasitə heroin qəbul etdiyini bildirmişdir. Bununla belə, Təqsirləndirilən şəxs istintaqa təqsirləndirilən şəxs qismində ilkin verdiyi ifadəsində bildirmişdir ki, təxminən 10 il narkotik vasitə heroindən inyeksiya yolu ilə istifadə edir. 5 il bundan əvvəl Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən və hazırda yaşadığı evə köçmüşdür. Narkotik vasitələrə olan tələbatını ödəmək üçün Sabunçu qəsəbəsində bu vasitələri satan müxtəlif adamlardan almışdır. 15-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulduğu gün o, heroinə olan növbəti tələbatını ödəmək üçün saat 8 radələrində Sabunçu qəsəbəsinə Dəmiryol stansiyasının yaxınlığına gəlmiş və orada üzdən tanıdığı, lakin adını və sair məlumatlarını bilmədiyi narkotaciri görüb, sonuncuya yaxınlaşaraq bir neçə dəfə istifadə etmək üçün təxminən bir həftəlik doza heroin istəmişdir. Həmin şəxs ona 30 manat müqabilində 3 ədəd selofan bükümün içində heroin satmışdır. O, heroin olan bükümləri əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuş və oradan piyada evə getməyə başlamışdır. Saat 12 radələrində evə çatdıqda yanına iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərinin 15-ci polis bölməsinin əməkdaşları olduğunu deyib kimliyini soruşmuşlar. O, adını və soyadını söylədikdə, polis əməkdaşları üzərində narkotik vasitələrin olması barədə onlara məlumat daxil olduğunu deyib, birlikdə 15-ci polis bölməsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və onlar 15-ci polis bölməsinə getmişlər. Polis bölməsində otaqların birində ona izah olunmuşdur ki, narkotik vasitələri qanunsuz əldə edib saxlayaraq daşımada şübhəli bilindiyi üçün onun üzərinə baxış keçirilməlidir. Sonra polis əməkdaşları vəkil dəvət etmiş, onun hüquq və vəzifələri izah olunmuş və baxışın videokamera vasitəsi ilə keçirilməsi ilə bağlı o, etirazının olmadığını söylədikdən sonra ona təklif olunmuşdur ki, üzərində qeyri qanuni əşya varsa o, özü könüllü olaraq təqdim etsin. O, bir neçə saat əvvəl Sabunçu qəsəbəsində alıb əynindəki şalvarının sağ yan cibində saxladığı içərisində heroin olan 3 bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər açılmış və onlara baxış keçirilmişdir. Sonra həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış və o, əvvəl zərfi, sonra isə bununla bağlı tərtib olunmuş protokolu da imzalamışdır (cild 1, iş vərəqi 65, 143). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ 15-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Zabrat qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlayaraq daşıması və satması barədə qərəzsiz mənbədən 19 iyul 2021-ci il tarixdə əməliyyat məlumatı aldıqdan sonra sonuncunu müəyyən etmək məqsədi İlə bölmənin rəhbərliyinə raportla məruzə olunmuşdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtanş tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla yanaşı sahə inspektoru Şahid2 də olmuşdur. Onlar Təqsirləndirilən şəxs Zabrat qəsəbəsində yaşadığı evin yaxınlığında olması barədə əlavə məlumat aldıqdan sonra həmin tarixdə saat 12:30 radələrində qeyd olunan ünvana getmişlər. Bir neçə dəqiqədən məlumatda göstərilən əlamətlərə bənzər şəxsin piyada hərəkət etdiyini görüb, sonuncuya yaxınlaşaraq saxlamışlar. Özlərini təqdim etdikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirib onu Sabunçu RPİ 15-ci Polis bölməsinə aparmışlar. Polis bölməsində araşdırmanın aparılması təhqiqatçıya tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Sonuncu, əynindəki cins şalvarın sağ yan cibindən üç ədəd selofan bükümləri çıxarıb masa üzərinə qoymuş, həmin bükümlərin içərisində səhər Sabunçu qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığı «kokos» adlanan narkotik vasitə olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqda hər birinin içərisində toz şəklində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş maddələr zərfə qablaşdırılaraq möhürlənmiş, həmin zərf onların tərəfindən imzalanmış və keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunduqdan sonra, həmin protokol onlara ucadan oxunmuş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ 15-ci Polis bölməsinin sahə inspektoru Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması və üzərində şəxsi axtarış keçirilməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 19 iyul 2021-ci il tarixli protokola əsasən, həmin tarixdə saat 12:37-də ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq 15-ci Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılarkən, sonuncunun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd şəffaf selofana bükülmüş açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər toz şəklində maddə aşkar edilərək götürülmüş, həmin bükümlər zərfə qablaşıdırılıb möhürlənmişdir (cild 1, iş vərəqi 27). Cinayət işində olan 19 iyul 2021-ci il tarixli elektron daşıyıcısına baxış keçirilməsi protokolundan görünür ki, diskdə bir ədəd 20210719-130900 adlı MP4 tipli 972210 kilobayt tutumlu fayl mövcüddur. Videofayl açıldıqda görünür ki, çəkilişlər 6 dəqiqə 35 saniyə davam edir. Çəkilişlər xidməti otaqların birində aparılır. Sabunçu rayon polis idarəsi 15-ci Polis bölməsinin baş təhqiqatsıçı Rauf Əfəndiyev, 15-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid2 özlərini təqdim edirlər. Əynində göy rəngli qısaqol köynək və qara rəngli cins şalvar geyinmiş şəxs özünü təqdim edərək Zabrat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən üç ədəd selofan kəsikə olan bükümləri çıxarıb masa üzərinə qoyur və içərisində «kokos» adlandırdığı narkotik vasitənin olduğunu, saxlanıldığı gün səhər tanımadığı şəxsdən Sabunçu qəsəbəsində 30 manata aldığını, 1-2 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini bildirir. Təhqiqatçı tərəfindən təqdim edilən bükümlər açılır və içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olması müşahidə edilir. Sonra 3 ədəd büküm aşkar olunduğu selofan bükümlərlə birlikdə zərfə qoyulub qablaşdırılır, zərf möhürlənir və şəxsi axtarışı zamanı iştirak etmiş şəxslər tərəfindən imzalanır (cild 1, iş vərəqi 53-54). Cinayət işi üzrə "xxxx" MMC-dən BKC/LGL-14964/21 saylı 24.08.2021-ci il tarixli məktubla təqdim edilmiş diskə baxış keçirilməsi barədə 05.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına rəsmilləşdirilmiş ***-***-**-** saylı nömrə 15.05.2021-ci il tarixdən 19.07.2021-ci il tarix saat 05:17-dək olan müddətdə istifadə edilmişdir. 18 iyul 2021-ci il tarixdən 19 iyul 2021-ci il tarixədək həmin nömrə Zabrat və Sabunçu qəsəbələrində istifadə edilmişdir. 055- 638- 06-22 saylı nömrəyə daxil olmuş SMS-lərin məzmunundan görünür ki, 31.05.2021-ci il tarixdə saat 18:41-də 070 *** ** ** saylı nömrədən «Qaqaw srocnu yigda meni 3 dene yari isdiyirler» məzmunlu, 04.06.2021-ci il tarixdə saat 23:16-da ***-***-**-** saylı nömrədən «Natik menem Dasqindi qardaşım mene deqiq cavab de qardasim senol bu partiya yola ver gelen partiya senol bununda pulnu verecem alacaq var ikiyuz manatda, artiq vererem abarot edersen sonra haqqesab lapsari qardasim bidene budefeni yola ver» məzmunlu, 19.06.2021-ci il tarixdə saat 00:47-da 070 *** ** ** saylı nömrədən «Qaqa qardawimsan seher 10da 11de goruwekde İkaset kola lazimdi...» məzmunlu SMSlər daxil olmuşdur. SMS mətnlərə dair məlumatlar 2 ədəd A4 formatlı vərəqədə HP markalı lazer printerdə çap olunaraq protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 126-128). Məhkəmə-kımyəvı ekspertizasının 19 iyul 2021-ci il tarixli 6/2972 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №161» dairəvi möhür əksi olan «Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş maddi sübut» sözləri, soyad və imzalar qeyd edilmiş bir zərfdə üç ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,259 qram, 0,742 qram və 1,382 qram, ümumi təmiz çəkisi 3,383 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 43-45). Ambulator məhkəmə-narkoloji ekspertizanın 18 oktyabr 2021-ci il tarixli 4005 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 187-188). Məhkəmə ambulator-psixiatrik ekspertizasının 22.11.2021-ci il tarixli 2744 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22- ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir (cild 1, iş vərəqi 189-191). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış 29.07.2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif növ cinayət əməllərinin törədilməsinə görə bir neçə də azadlıqdan məhrum edilmiş, sonuncu dəfə Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs sonuncu cinayət əməli üzrə ona təyin olunmuş cəzadan 15.07.2020-ci il tarixdə vaxtından əvvəl şərti azad olunmuşdur (cild 1, iş vərəqi 89-91, 107-113). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi dəlillər gətirərək, ittihamda qeyd olunan narkotik vasitələrin ona məxsus olduğunu, lakin həmin narkotik vasitələri satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Həmçinin "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs istintaq tərəfindən müəyyən edilməmiş müxtəlif şəxslər tərəfindən narkotik vasitələr sifariş edilir, həmin yazışmaların da məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən həmin sifarişçilərə əvvəllər də narkotik vasitələr satılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi barədə məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 iyul 2020-ci il tarixdə vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzadan azad olunduqdan sonra məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 19 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci Polis bölməsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsnin 19 iyul 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar – Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin saxlama otağına təhvil verilmiş və Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 3,233 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu bir ədəd və "xxxx" MMC-dən daxil olmuş məlumatları özündə əks etdirən 1 ədəd DVD formatlı disklər cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş manat) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 18 oktyabr 2021-ci il tarixli 4005 №li rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin saxlama otağına təhvil verilmiş və Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 3,233 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu bir ədəd və "xxxx" MMC-dən daxil olmuş məlumatları əks etdirən 1 ədəd DVD formatlı disklər cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar