Məhkəmə qərarları › İş №1(101)-512/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-512/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-512/2024 09.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), huseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Zərərçəkmiş şəxs iştirakı ilə, 7 yanvar 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatla olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz kimi tanınan və 160 saylı sərnişin daşıma avtobusunun dayanacağı kimi bilinən ərazidə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması, yəni Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələrin işlətməsinə görə yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla sonuncunun qarın nahiyəsindən qəsdlə 1 dəfə vuraraq Zərərçəkmiş şəxs daxili qanaxma və qaraciyərin sağ payının zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının sol yarısının qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 fevral 2023-cü il tarixdə saat 20:00 radələrində Binə qəsəbəsi, Sovxoz ərazisində yerləşən 160 saylı sərnişin daşıma avtobusunun sonuncu dayanacağı kimi tanınan ərazidən keçərkən görmüşdür ki, tanıdığı Əli, Alqayıt, Vüsal, Sadiq eləcə də, Mehdi bir yerə toplaşmışlar. Onlara tərəf gedəndə X4 tutaşıb mübahisə etdiklərini görmüş, onlara yaxınlaşan zaman Vüsal onun ünvanına nalayiq ifadələr deməyə başlamışdır. O da Vüsala yaxınlaşaraq üzərində olan bıçağı çıxarıb onun qarın nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Vüsal qaçıb getmiş, Alqayıtla Sadiq ayrılmış və Sadiq Əli ilə birlikdə çıxıb getmişdir. O da Sadiqlə Mehdinin maşınına əyləşib Binə qəsəbəsində yerləşən “Karvan” marketin yanına gəlmişlər. O, Vüsala xəsarət yetirdiyi bıçağı gizlicə avtomobilin qabaq qapısının pəncərəsindən küçəyə atmışdır. Lakin avtomobildə olan tanışlarına Vüsala bıçaqla xəsarət yetirdiyini deməmişdir. Xəsarət yetirmək üçün istifadə etdiyi bıçaq adi mətbəx bıçağı, nisbətən kiçik ölçüdə, qara plasmas materialdan dəstəyi olan, tiyəsi parlaq dəmir metaldan olmuşdur. Bıçağı hadisədən təxminən 2-3 gün əvvəl şəxsi istifadəsi üçün almış, lakin hadisədən sonra bıçağı hara atdığını dəqiq xatırlamamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ona qarşı şikayəti olmadığını bildirmişdir. Dostlarının dalaşdığını görüb onların yanına getmişdir. O, mübahisə edən tanışlarının yanına gələndə Vüsal onu söymüş, o da Vüsalın qarın nahiyəsinə bir bıçaq zərbəsi vurmuşdur. Vüsala xəsarət yetirmək üçün istifadə etdiyi bıçaq düyməli qara rəngli bıçaq olmuşdur. Bıçağı şəxsi istifadəsi üçün almışdır. Bıçağı avtomobilə gedərkən yol kənarına atmış, lakin müstəntiq həmin əraziyə baxış keçirərkən bıçağı tapa bilməmişdir. İbtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Vüsal onu söydüyü üçün onun sağ nahiyəsindən bıçaqla zərbə vurmuşdur. Əraziyə gedərkən Vüsalın orada olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Araz” marketin qarşısında Alqayıtla Şahid3 çiyin çiyinə dəydikdən sonra aralarında mübahisə yaranmışdır. Bundan sonra Şahid3 tanıdığından Alqayıta demişdir ki, Sadiqlə barışmaq lazımdır. Daha sonra ona məlum olmuşdur ki, X8 qəsəbəsində yerləşən 160 saylı sərnişin daşıma avtobusunun sonuncu dayanacağında görüş təyin etmişlər. Buna görə də onları barışdırmaq üçün o da Alqayıtla birlikdə həmin yerə getmişdir. Həmin vaxt saat 20:00 radələrində ora çatdıqda Sadiqlə Alqayıt yenə də mübahisə edərək bir-birini söyərək tutaşmışlar. O da həmin şəxsləri ayırıb sakitləşdirmək istəyərək aralarına girmiş, eyni zamanda Sadiqlə Alqayıta yüksək səslə acıqlanıb demişdir ki, kənarda adamlar var, birbirinə söydüklərini hamı eşidir. Bu zaman arxa sol nahiyəsindən bıçaqlanmış, lakin hansı şəxs tərəfindən bıçaqlandığını bilməmişdir. Hadisənin üzərindən bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, əvvəllər də aralarında mübahisə olmuş Elvin polis əməkdaşları tərəfindən saxlanılmış və onu bıçaqladığını bildirmişdir. Lakin o, Elvinin onu vurmasını görməmişdir. 2015-ci ildə Təqsirləndirilən şəxs yaşadıqları əraziyə itlə gəldikdə ona öz iradını bildirmiş, buna görə də Elvin onu bıçaqlamışdır. Hadisə zamanı Alqayıt, Sadiq, Mehdi və Elvin də orada olmuşdur. Elvin araşdırılan hadisə ilə bağlı baş vermiş mübahisədə ona qarşı olan tərəflə birlikdə əraziyə gəlmişdir. Hadisə axşamüstü baş vermişdir. O, tərəfləri barışdırmaq üçün uca səslə danışanda bıçaqlanmış, Təqsirləndirilən şəxs söyməmişdir. Elvin hadisə baş verəndə orada olmuş, qarşı tərəflə gəlmiş, Elvini ondan 5 metr aralıda görmüşdür. Elvini qarşı tərəfdən gələn şəxslərin yanında görmüşdür. Hadisə zamanı alaqaranlıq olduğu üçün ətrafdakı şəxslərin dəqiq olaraq harada olduğunu görməmişdir. Mübahisə edən şəxsləri ayırmaq üçün uca səslə qışqırmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 20 fevral 2023-cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Kapital Bank”-a məxus bankomatdan Hüseyn pul çıxaranda sonradan adını bildiyi Alqayıtla çiyin-çiyinə dəymişdir. Həmin vaxt Alqayıtla aralarında mübahisə yaranmış və dava-dalaş baş vermişdir. Yanlarında olan Hüseyn isə aralarına girib onları kənarlaşdırmışdır. Bundan sonra o, Hüseynlə “Səma” şadlıq sarayının yaxınlığına gəlib Mehdi ilə görüşmüş və baş vermiş hadisə barədə ona danışmışdır. Mehdi də Alqayıtın Binə qəsəbə sakini olduğunu və mehribançılıq yaratmaq lazım olduğunu bildirmişdir. Daha sonra o, Hüseyn və Mehdi ilə birlikdə Mehdinin “Niva” markalı avtomobili ilə Alqayıtla barışıq üçün təyin olunmuş yerə getmişlər. Elvinin həmin əraziyə gəldiyini görməmiş, çünki Elvin həmin əraziyə başqa avtomobil ilə gəlmişdir. Səhv etmirsə, hadisə barədə ona Hüseyn demişdir. Həmin ərazidə olarkən anidən dava-dalaş baş vermiş və digər tərəfdən gələn şəxslər qaçmağa başlamış, sonra onlar da həmin ərazidən uzaqlaşmışlar. Bir müddət sonra dostlarına zəng edib digər tərəfdən kiminsə bıçaqlandığını və həmin şəxsin hazırda reanimasiyada olduğunu demişlər. Alqayıt, Əli, Hüseyn, Mehdi və o, hadisə baş verən ərazidə olmuşlar. Elvin və Vüsalı hadisə baş verən ərazidə görməmiş, lakin ona hadisədən sonra Elvin və Vüsalın orada olduğunu demişlər. Hadisə baş verən ərazidən Elvinlə birlikdə uzaqlaşmışlar. Onun Alqayıtla dalaşdığını Elvinə Hüseyn adlı dostu demişdir. Hadisə baş verən zaman Elvinin üzərində kəsici-deşici alət olduğunu görməmişdir. Elvinin kimisə bıçaqla vurduğunu görməmişdir. Onlara polis idarəsində olan polis əməkdaşları bıçaqlanma hadisəsini Elvinin öz üzərinə götürdüyünü demişlər. İbtidai istintaq zamanı məhkəmədə verdiyi ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, hadisə vaxtı orada olan Mehdi, Hüseyn, Əli və Vüsal onları sakitləşdirmiş, hətta Vüsal yüksək səslə onların üstünə qışqırıb söyüş söyərək ətrafda başqa şəxslərin olmasını deyib sakit olmalarını bildirmişdir. O, Alqayıtla sözlə mübahisə edən zaman onların yanına Təqsirləndirilən şəxs da gəlmişdir. Sonradan isə ona məlum olmuşdur ki, o, Alqayıtla Binə qəsəbəsində 106 saylı sərnişin daşıma avtobusunun sonuncu dayanacağı kimi tanınan yerdə sözlə mübahisə edərkən Zərərçəkmiş şəxs orada ümumi söyüş söydüyünə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxs əvvəlcədən onlarla həmin yerə gəlməmişdir. Təqsirləndirilən şəxs həmin yerə təsadüfən gəlmiş və hesab etmişdir ki, onlarla Vüsal da mübahisə edir və Vüsal Alqayıtla birləşib onu döymək istəyir (cild 1, iş vərəqə 19-21). Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma oranına verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 25-27). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid4 tanıyır. Həmin şəxslərlə Xəzər rayonu, Binə qəsəbəsində tanış olmuş, onlarla münasibəti yaxşı olmuşdur. 20 fevral 2023-cü il tarixdə saat 19 radələrində Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə piyada gedərkən çiyninə bir nəfər şəxs toxunmuşdur. Bu vaxt ona məlum olmuşdur ki, həmin şəxs Şahid3dur. Həmin zaman aralarında mübahisə olmuş və onlar, bir-birini itələmiş, sonra da aralaşıb oradan getmişlər. O, mübahisədən sonra oradan Əli ilə birlikdə çıxıb 101 saylı məcburi köçkünlərin binasının həyətinə getmişlər. Orada olarkən yanlarına Zərərçəkmiş şəxs gəlmiş və nə baş verməsini soruşmuşdur. O da demişdir ki, Sadiqlə aralarında mübahisə olmuşdur. Zərərçəkmiş şəxs isə bildirmişdir ki, Sadiqi tanıyır və onunla eyni məhəllədə yaşayır, onu tanıdığı üçün də barışmaq lazımdır. O da Vüsalla razılaşmış və Sadiqlə barışıq üçün 160 saylı sərnişin daşıma avtobusunun sonuncu dayanacağına getmişlər. Həmin yerə saat 20 radələrində Vüsal və Əli ilə getmişlər. Orada bir qədər gözləmiş, sonra isə həmin yerə “Niva” markalı avtomobillə bir neçə şəxs gəlmişdir. Onlar avtomobildən düşən kimi Sadiq onun yanına gəlmiş və onlar, üz-üzə dayanıb söhbət etmişlər. Bir-biri ilə yüksək səslə danışmışlar. 1-2 dəqiqə ərzində anidən hamı bir kənara çəkilmiş və Sadiqgil avtomobilə əyləşərək çıxıb getmişlər. Sonra isə baxmışdır ki, Vüsal yoxdur. Sonradan isə ona məlum olmuşdur ki, orada olan zaman Vüsalı Elvin adlı şəxs bıçaqlamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən ərazidə görməmişdir. Elvini hadisədən əvvəl 1-2 dəfə qəsəbədə görmüşdür. Hadisə baş verən zaman 1-2 dəqiqəlik dava-dalaş baş verdiyindən Elvinin Vüsala bıçaqla vurduğunu və ya onların arasında mübahisə olduğunu görməmişdir. Qaranlıq olduğu üçün onunla birlikdə əraziyə gedən şəxslərin heç biri Vüsalın bıçaqlandığını görməmişdir. Vüsal bıçaqlandığını bildirsə də, kimin tərəfindən bıçaqlandığını deməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma oranına verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid5 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 28-30). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz adlanan ərazidə 160 saylı sərnişin daşıma avtobusunun dayanacağına yaxın yerdə baş vermişdir (cild 1, iş vərəqə 8-9). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 27 fevral 2023-cü il tarixli 182 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - daxili qanaxma, qaraciyərin sağ payının zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının sol yarısının qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın (alət, ola bilsin bıçaq) təsirindən onun “X6” X10 müraciətindən az əvvəl törənmiş, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə törənməsi istisna olunmur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqə 236-238). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunmuşdur (cild 1, iş vərəqə 266-272). Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinin tələbinə əsasən şərti məhkum edilmiş şəxslər sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırkı cinayəti barəsində tətbiq edilmiş 1 (bir) il sınaq müddəti başa çatdıqdan sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 1,iş vərəqə 230). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 44). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 215-219). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 21 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 21 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar