Məhkəmə qərarları › İş №1(101)-513/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-513/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-513/2024 17.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər – Bakı şəhəri, «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxx 1983-cü il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, 22 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həbsdən azad olunmuş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, ev 111-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, xx xxxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, 22 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həbsdən azad olunmuş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən 6 (altı) ədəd bükümdə, ümumi təmiz çəkisi 4,579 qram təşkil edən narkotik vasitə heroin, 2 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,432 qram təşkil edən eyni tərkibli psixotrop maddə metamfetamin, 4 ədəd bükümdə, ümumi təmiz çəkisi 1,779 qram təşkil edən sikloheksanamin maddəsi, bir ədəd blister kəsiyində 8 ədəd olmaqla ümumi təmiz çəkisi 0,320 qram təşkil edən metadon həbləri və 7 ədəd selofan bükülülərdə, ümumi təmiz çəkisi 15,674 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı əldə etməklə üzərində saxlayaraq yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz evə daşımış, 1 ədəd bükümdə, təmiz çəkisi 0,591 qram təşkil edən narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 satmış və sonuncunun verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 yaşadığı ünvan müəyyən edilərək 22 fevral saat 20:45-də təxirə salınmaz istintaq hərəkətinin aparılması zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evinə baxış keçirilərkən evin qonaq otağındakı masanın üzərində olan 1 ədəd qara rəngli dəri çantanın içərisindən üzərində “Rothmans” yazısı olan 1 ədəd siqaret qutusunun içərisindən 5 (beş) ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,760 qram, 0,288 qram, 0,325 qram, 0,207 qram, 1,408 qram olmaqla, ümumi təmiz çəkisi 3,988 qram təşkil edən narkotik vasitə heroin, 2 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,336 qram, 0,096 qram olmaqla, ümumi təmiz çəkisi 0,432 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət eyni tərkibli psixotrop maddə metamfetamin, 4 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,361 qram, 0,729 qram, 0,339 qram, 0,350 qram olmaqla, ümumi təmiz çəkisi 1,779 qram təşkil edən ağ rəngli sikloheksanamin maddəsi ve bir ədəd blister kəsiyində 8 ədəd olmaqla açıq qəhvəyi rəngli, üzərində F/M40 göstəricisi olan və ümumi təmiz çəkisi 0,320 qram təşkil edən metadon həbləri, həmçinin evin giriş qapısının sol tərəfində yerləşən otağın küncündə olan bir ədəd ağ rəngli selofan torbanın içərisindən 7 ədəd selofan bükülülərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,198 qram, 0,232 qram, 0,254 qram, 0,234 qram, 0,476 qram, 4,720 qram və 9,560 qram olmaqla, ümumi təmiz çəkisi 15,674 qram təşkil edən bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda şəffaf rəngli selofana bükülmüş formada 1 ədəd bükümdə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 22 fevral 2023-cü il tarixdə saat 18:20-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən yaşadığı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində yaxalanıb Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sol yan cibində olan 1 ədəd şəffaf selofana bükülmüş təmiz çəkisi 0,591 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadəsini məhkəmədə verilmiş ifadə kimi qəbul edilməsini xahiş etdi. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, o, tanışı Radəyə həmin narkotik vasitəni pay kimi vermişdir. Ona verilmiş ittihamda göstərilən narkotik və psixotrop maddələr özünə məxsus olmuşdur. İstintaq zamanı ona qarşı heç bir təsir və təzyiq olunmamışdır. Narkotik vasitələri o, tanımadığı şəxslərdən və üzdən tanıdığı, adının Mətləb olduğunu bildiyi şəxsdən almışdır. İstintaq zamanı ona qarşı hər hansı təzyiqlər olunmamışdır. O, imkansızlıqdan narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Özünün himayəsində iki azyaşlı övladı vardır, uşaqların atası narkotikə görə həbsdədir və uşaqlarına başqa baxan şəxs yoxdur. Törətdiyi əməldən peşmandır. İbtidai istintaq zamanı verdiyi ifadəsinin məhkəmədəki ifadəsi kimi nəzərə alınması barədə mövqeyi ilə əlaqədar məhkəmə iclasında təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, maddi vəziyyətinin aşağı olması ilə əlaqədar bir neçə müddətdir narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Təxminən bir neçə gün əvvəl Mətləb adlı tanışından ümumilikdə 140 manata 5 (beş) ədəd bükümdə narkotik vasitə heroin, 6 ədəd bükümdə psixotrop maddə metamfetamin və 8 ədəd metadon həblərini satış məqsədi ilə əldə etmişdir. Bundan başqa, Röyal adlı tanışı bir neçə gün əvvəl 7 ədəd bükümdə olmaqla narkotik vasitə olan qurudulmuş marixuananı müvəqqəti saxlaması və sonradan gəlib ondan götürəcəyi şərti ilə ona vermişdir. Həmin bükümləri yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evində saxlamış və müştəri tapan kimi Mətləbdən aldığı bükümləri müştərinin sifarişi əsasında elektron tərəzidə dəqiq çəkisini müəyyənləşdirib satacaqmış. xx.xx.2023-cü il tarixdə axşam saatlarında bir büküm heroini qohumu Təqsirləndirilən şəxs2 istifadə etməsi üçün pulsuz vermişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında evində olan zaman polis əməkdaşları gəlib evində narkotik vasitə saxladığına dair məlumat olduğunu və bu səbəbdən də təxirəsalınmaz qaydada evinə baxış keçirəcəklərini bildirmişlər. Baxış və götürmə aparılmasından əvvəl ona evində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, evində qonaq otağındakı masanın üzərində olan 1 ədəd qara rəngli dəri çantanın içərisindən üzərində “Rothmans” yazısı olan 1 ədəd siqaret qutusunu çıxarıb həmin qutunun içərisindən 5 (beş) ədəd bükümdə narkotik vasitə heroin, 6 ədəd bükümdə psixotrop maddə metamfetamin, 8 ədəd metadon həblərini təqdim edərək stolun üzərinə qoymuşdur. Həmin maddələr barədə ona sual verilərkən, həmin maddələri bir neçə gün bundan əvvəl Mətləb adlı şəxsdən ümumilikdə 140 manat müqabilində satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Daha sonra evin giriş qapsının sol tərəfində yerləşən otağın küncündə qoyduğu bir ədəd ağ rəngli selofan torbanı təqdim edərək həmin torbanın içərisindən 7 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı və 1 ədəd elektron tərəzini masanın üzərinə qoymuşdur. Həmin maddələr və tərəzi barədə ona sual verilərkən, o, həmin bükümləri tanışı “Röyal" adlı şəxsin müvəqqəti saxlaması və sonradan gəlib ondan götürəcəyi şərti ilə ona verdiyini, tərəzidən isə narkotik vasitəni satarkən dəqiq çəkilərinin müəyyən edilməsi üçün istifadə etdiyini bildirmişdir. Daha sonra həmin bükümlər qablaşdırılmış, möhürlənmiş və üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra evin digər hissələrinə baxış keçirilmişdir. Baxış zamanı mənzildə başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 176-178, cild 2, iş vərəqi 109-111). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadəsini məhkəmədə verilmiş ifadə kimi qəbul edilməsini xahiş etdi. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, o, Təqsirləndirilən şəxs1 tanımış və ona kömək etmişdir. Bədənində ağrıları olduğu üçün Lizə ona bir bükümdə heroin pay vermişdir. O, heroini yana inyeksiya yolu ilə qəbul etmişdir. Narkotik vasitəni özünün istifadəsi üçün almışdır. Törətdiyi əməldən peşmandır. İbtidai istintaq zamanı verdiyi ifadəsinin məhkəmədəki ifadəsi kimi nəzərə alınması barədə mövqeyi ilə əlaqədar məhkəmə iclasında təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, təxminən bir neçə aydır narkotik vasitələrə aludə olmuş və arada öz şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən pul müqabilində narkotik vasitə alıb istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 18:00-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində qohumu Təqsirləndirilən şəxs1 pulsuz şəxsi istifadə məqsədi ilə 1 büküm narkotik vasitə “kakos” (heroin) almışdır. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 18:20-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Həmin polis əməkdaşları ondan adını soruşduqda, o da, özünü təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə 3-cü polis şöbəsinə gəlmişdir. Orada olan zaman polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün polis şöbəsinə gətirilmişdir. Şöbədə olarkən hüquqlarının müdafiəsindən ötrü şöbəyə müdafiəçi dəvət etmişlər. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Daha sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman polis əməkdaşları ona üzərində qeyri-qanuni əşya varsa, könüllü təqdim etməyi təklif etmişdir. Həmin təklifdən sonra o, əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-ci il tarixdə saat 18:00-da Binə qəsəbəsi ərazisində qohumu Təqsirləndirilən şəxs1 pulsuz şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan başqa şəxsi axtarış davam etdirilən zaman üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 159-161). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər RPİ, 3-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini qeyd edərək göstərdi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs2 barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. 22 fevral 2023-cü il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə onlar Təqsirləndirilən şəxs2 saxlayaraq polis şöbəsinə gətirmişlər. Şöbədə şübhəli şəxsin üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. O, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 pulsuz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, onlar Təqsirləndirilən şəxs1 evinə getmiş və oraya baxış keçirmişlər. Lizənin evindən isə 5 büküm heroin, 6 büküm metamfetamin və 8 ədəd metadon həbləri aşkar olunmuşdur. Lizə narkotik vasitəni Suraxanıdan tanımadığı şəxsdən və Röyal adlı şəxsdən aldığını bildirmişdir. Saxlanılan zaman onların heç bir narazılığı olmamış, həmçinin həmin qadınlara qarşı onlar tərəfindən hər hansı təsir və ya təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər RPİ, 3-cü Polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müəyyən edilərək saxlanılmaları, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 isə yaşadığı evə baxış keçirilməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid - Bakı şəhəri, Xəzər RPİ, 3-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun Təqsirləndirilən şəxs2 saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsi, bu zaman narkotik vasitə heroinin aşkar edilib götürülməsi tədbirində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyi, həmkarları Şahid1 və Şahid3 ifadələri ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 2, iş vərəqi 23-25). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri, Xəzər RPİ, 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf selofanda büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs2 həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 22 fevral 2023-cü il tarixdə saat 18:00-da qohumu Təqsirləndirilən şəxs1 pulsuz şəxsi istifadəsi üçün aldığını, həmçinin qohumu Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olduğunu, sonuncunun həmin narkotik vasitələri yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozundakı nömrəsiz fərdi evində saxladığını bildirmişdir (Cild 1, iş vərəqi 32-33). Cinayət işində olan evə baxış keçirilməsi və götürmə aparılması haqqında 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, videoçəkilişlə həyata keçirilən həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda narkotik vasitələr olduğunu bildirmiş və evdə qonaq otağındakı masanın üzərində olan 1 ədəd qara rəngli dəri çantanın içərisindən üzərində "Rothmans” yazısı olan 1 ədəd siqaret qutusunu çıxarıb, həmin qutunun içərisindən 5 (beş) ədəd bükümdə spesifik iyə malik qəhvəyi rəngli məddələrdən ibarət narkotik vasitə olan heroinə bənzər maddələri, 6 ədəd bükümdə içərisində ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddələri, həmçinin içərisində dairəvi formalı 8 ədəd həbdən ibarət dərman preparatını təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin maddələri bir neçə gün əvvəl Mətləb adlı şəxsdən ümumilikdə 140 manat müqabilində satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Daha sonra evin giriş qapsının sol tərəfində yerləşən otağın küncündə qoyduğu bir ədəd ağ rəngli selofan torbanı təqdim edərək, həmin torbanın içərisindən 7 ədəd bükümdə açıq-yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Onlar barədə sualı cavablandıran Təqsirləndirilən şəxs1 həmin maddələri tanışı Röyal adlı şəxsin müvəqqəti saxlaması və sonradan gəlib ondan götürəcəyi şərti ilə ona verdiyini, tərəzidən narkotik vasitəni satarkən dəqiq çəkilərinin müəyyən edilməsi üçün istifadə etdiyini bildirmişdir. Daha sonra həmin bükümlər və 1 ədəd tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır (cild 1, iş vərəqi 45-46). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və Təqsirləndirilən şəxs1 evinə baxış keçirilməsi görüntülərinin qeydə alındığı disklərə baxış keçirilmiş, həmin istintaq hərəkətləri zamanı şəxsi axtarış və evə baxış keçirilməsi haqqında 22 fevral 2023-cü il tarixli protokolla videogörüntülərin uyğunluq təşkil etməsi müəyyən olunmuşdur (cild 2, iş vərəqi 12, 13). Məhkəmə-kimyəvi ekspertizasının 23 fevral 2023-cü il tarixli 6/1092 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 244” dairəvi möhür əksləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,591 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Cild 1, iş vərəqi 94-98). Məhkəmə-kimyəvi ekspertizasının 23 fevral 2023-cü il tarixli 7/281 saylı rəyindən görünür ki, təqdim edilmiş ümumi sayı 7 (yeddi) ədəd selofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,198 qram, 0,232 qram, 0,254 qram, 0,234 qram, 0,476 qram, 4,720 qram, 9,560 qram, ümumi çəkisi 15,674 qram olan bitki mənşəli maddələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Cild 1, iş vərəqi 99- 102). Məhkəmə-kimyəvi ekspertizasının 23 fevral 2023-cü il tarixli 6/1095 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş polietilen torbadakı beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,760 qram, 0,288 qram, 0,325 qram, 0,207 qram, 1,408 qram olmaqla, ümumi təmiz çəkisi 3,988 qram təşkil edən qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,336 qram, 0,096 qram, ümumi təmiz çəkisi 0,432 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümükün olmadı. 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,361 qram, 0,729 qram, 0,339 qram, 0,350 qram, ümumi təmiz çəkisi 1,779 qram olan ağ rəngli maddələr sikloheksanamin maddəsidir. Bir ədəd blister kəsiyində 8 ədəd açıq qəhvəyi rəngli üzərində F/M40 göstəricisi olan dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,320 qram təşkil edir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Sikloheksanamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarına daxil deyildir (Cild 1, iş vərəqi 103-111). Məhkəmə-kimyəvi və materialların məhkəmə ekspertizasının 09 iyun 2023-cü il tarixli 6/3381 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 №-li paketdəki üzərində imzalar, “Azərbaycan Respublikası DİN Zərflər üçün № 244" dairəvi möhür əksləri olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,541 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə 2 №-li paketdəki üzərində heç bir qeydlər möhür əksləri olmayan polietilen torbadakı beş ədəd bükümdə ümumi təmiz çəkisi 3,888 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər (Cild 2, iş vərəqi 63-67). İbtidai istintaq orqanının 10 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarına əsasən, Təqsirləndirilən şəxs1 evindən aşkar olunaraq götürülmüş 7 ədəd bükümlərdə ümumi təmiz çəkisi 15,674 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalıq qalmış 15,324 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 5 ədəd bükümdə ümumi xalis çəkisi 3,988 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,888 qram çəkidə narkotik vasitə heroin, 2 ədəd bükümdə ümumi xalis çəkisi 0,432 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,332 qram çəkidə psixotrop maddə metamretamin, 4 ədəd bükümdə ümumi xalis çəkisi 1,779 qram olan sikloheksanamin maddəsi maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,679 qram çəkidə sikloheksanamin maddəsi və 8 ədəd bükümdə ümumi xalis çəkisi 0,320 qram olan metadon həbləri maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalıq qalmış 7 ədəd metadon həbləri saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Həmçinin həmin qərara əsasən Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,591 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,541 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmişdir (cild 2, iş vərəqi 71-88). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2130 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidiərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.3-cü bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 hamilə qadınlara və südəmər uşaqlara məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 2, iş vərəqi 31-32). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2129 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidiərin qəbul edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 2, iş vərəqi 29-30). Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qərarı ilə Xəzər rayon Polis idarəsindən daxil olmuş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında 22 fevral 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (Cild 2, iş vərəqi 252-254). Cinayət işində olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2020-ci il təvəllüdlü Hüseyn adlı azyaşlı uşağı vardır. Həmçinin, xx.xx.2023-cü il tarixdə onun daha bir uşağı doğulsa da, "Elektron məhkəmə" informasiya sistemindən götürülmüş məlumatda həmin uşaqla bağlı qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (cild 2, iş vərəqi 6-7). Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlar üzrə özlərini təqsirli bilərək, müdafiəsi üçün dəlillər gətirmədilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1nna qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə, Təqsirləndirilən şəxs2 isə qanunla müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqların olmasını, həmçinin onun və Təqsirləndirilən şəxs2 hər ikisinin qadın olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, . Məhkəmədə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 22 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 fevral 2023-cü il tarixdə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuş, barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək azad olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 gün ona təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin olunmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı hökmün çıxarıldığı 17 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 160.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 həbsə alınması ilə əlaqədar onun himayəsində olan xx.xx.2020-ci il təvəllüdlü X2 və şəxsiyyətini təsdiq edən sənədi olmayan Ümid adlı azyaşlı uşağının taleyini müzakirə edərək hesab edir ki, həmin uşaqların aidiyyəti üzrə himayəyə verilməsi məsələsinin həll edilməsi onun daimi qeydiyyatda olduğu ərazi üzrə Salyan rayon İcra hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələbinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə görə, məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 52-1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza tətbiqi ilə əlaqədar onun üzərinə maddədə nəzərdə tutulmuş müəyyən vəzifələr qoyulmalı, həmçinin onun hökm çıxarılanadək faktiki həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cinayət qanunvericiliyinə uyğun olaraq hesablanmaqla qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət qanunvericiliyinin həmin müddəasına uyğun olaraq, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 22 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 2 gün müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək, Xəzər rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, həmin hissədə hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə olunmalıdır. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2129 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 opioidiərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, məcburi müalicəyə əks göstərişi olmadığından, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2130 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması müəyyən olunsa da, həmin rəyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.3-cü bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs1 hamilə qadınlara və südəmər uşaqlara məcburi müalicə tətbiq edilməsi mümkün hesab edilməmiş, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Qeyd olunan rəyi nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmamalı, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutlar - Bakı şəhəri, Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilməklə Təqsirləndirilən şəxs1 evindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 15,324 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 3,888 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,332 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamretamin, 1,679 qram çəkidə sikloheksanamin maddəsi, 7 ədəd metadon həbləri və 1 ədəd elektron tərəzi, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,541 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 yaşadığı evə və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış videogörüntülərinin əks olunduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 234 manat (iki yüz otuz dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 234 manat (iki yüz otuz dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 117 (yüz on yeddi) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 22 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 160.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 himayəsində olan xx.xx.2020-ci il təvəllüdlü X2 və şəxsiyyətini təsdiq edən sənədi olmayan Ümid adlı azyaşlı uşağının aidiyyəti üzrə himayəyə verilməsi məsələsinin həll edilməsi onun daimi qeydiyyatda olduğu ərazi üzrə Salyan rayon İcra hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icra müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək, Xəzər rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Həmin hissədə hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilməklə Təqsirləndirilən şəxs1 evindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 15,324 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 3,888 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,332 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1,679 qram çəkidə sikloheksanamin maddəsi, 7 ədəd metadon həbləri və 1 ədəd elektron tərəzi, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,541 qram çəkidə narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs1 yaşadığı evə və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış videogörüntülərinin əks olunduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 234 (iki yüz otuz dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 117 manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar