Məhkəmə qərarları › İş №1(101)-514/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-514/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-514/2024 16.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X18 ibarət tərkibdə, X3 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Xocasən məscidinin imamı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İttiham aktına görə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni satıb qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncudan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində istintaqa məlum olmayan tarix və şəraitdə 3,523 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 05 aprel 2023-cü il tarixdə saat 17:20 dəqiqədə Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində məscidin yaxınlığında saxlanılaraq 40-cı PB-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli dəri gödəcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində təmiz çəkisi 3,523 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 05 aprel 2023-cü il tarixdə o, məscidin qarşısında dayanan zaman polis əməkdaşları ona yaxınlaşmış və rəisin onunla işi olduğunu demişlər. Namazın başlamağına 15 dəqiqə qaldığı üçün o, polislərə namazını qıldıqdan sonra gəlməsini təklif etmiş, lakin polis əməkdaşları onunla razılaşmamış, namazını daha sonra qılmasını demişlər. O, razılaşaraq polislərin avtomobilinə minib getmiş, polis bölməsinə getdikdən sonra təxminən 15 dəqiqə polis rəisini gözləmiş, polis rəisi ona ölkədəki mövcud vəziyyətdən xəbərinin olub-olmadığını soruşmuş, o da baş vermiş hadisənin onunla nə əlaqəsi olduğunu soruşmuşdur. Polis rəisi ona həmin vaxt şübhəli şəxs kimi tanındığını, silah, narkotik vasitə və ya dövlətə xəyanət maddələrindən biri ilə təqsirləndiriləcəyini demişdir. O isə sadalananlarla heç bir əlaqəsinin olmadığını demişdir. Müxtəlif təzyiq və hədə-qorxulardan sonra məcbur qalaraq narkotik vasitəni boynuna almışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, polis rəisinin adını dəqiq bilmir. Polis idarəsində ona qarşı hər hansı fiziki təzyiq olmayıb, yalnız sözlə təzyiq olunub. O, məscidin qarşısına öz avtomobili ilə gəlmiş, yolda gedərkən arxadan polis maşınının gəldiyini görmüş, polis maşını onu saxlamış, o, avtomobilini saxlayıb avtomobildən düşmüşdür. Polis əməkdaşları ona yaxınlaşmış və onu öz maşınlarına mindirib polis bölməsinə aparmışlar. O, həmin gün kənd sakini olan şəhid anasının 3 məclisinə getməkdə olmuş, üzərində həmişə mobil telefon olmuşdur. Onun 3 mobil nömrəsi olmuş, həmin nömrələrin hər üçü işlək vəziyyətdə olmuşdur. Telefonlarını ondan polis idarəsində təhvil almışlar. Onu polis idarəsinə “BMW” markalı ağ rəngli avtomobillə aparmışlar. Onu birbaşa rəisin otağına aparmışlar, yanında 2 nəfər polis əməkdaşı olmuşdur. Həmin polis əməkdaşları Renat və Elnur adlı şəxslər olmuşdur. Vəkil olmadan onunla bağlı video-çəkiliş aparılmış, vəkil video çəkilişdən sonra gəlmişdir. Çəkiliş zamanı polis rəisi, Renat və Vüqar adlı 2 nəfər polis əməkdaşı iştirak etmişdir. Həmin vaxt orada başqa bir polis əməkdaşı olduğunu xatırlamır. Videoçəkilişi adını bilmədiyi, polis formasında olan bir nəfər şəxs aparmışdır. O, həmin gün uşağı diş həkiminə aparmış, həkimdən qayıdıb uşağı evə qoyub məscidin qarşısına gəlmişdir. Həmin gün başqa yerdə olmamışdır. Onu saxlayan polislərlə nə yaxın münasibəti, nə də ədavəti olmayıb. Həmin şəxsləri sadəcə sima olaraq tanıyır. Onun üzərində narkotik vasitə olmayıb, əgər olsaydı, polislərə yaxınlaşmaz, maşınını da saxlamazdı. Ona səhər saat 9-da zəng edib həkimin onları saat 10-da qəbul edəcəyini bildirmişlər, o da səhər saat 10-da həkimə getmişdir. O, 1995-ci ildən axund kimi fəaliyyət göstərir. Polis əməkdaşları onu saxladıqlarında saat təxminən günorta 12:20 radələri olmuşdur. Polis əməkdaşları onu saxlayan vaxt getdiyi yas mərasimindəki xanımlar onu görmüş, o, həmin xanımları tanıyır. O, narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Narkotik vasitəni hardan əldə etdiyi soruşulduqda Qobu qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Onun heç kimlə əlbirliyi olmamış, heç bir İran İslam Respublikası vətəndaşı ilə əlaqəsi olmamışdır. Pandemiyadan əvvəl bir neçə dəfə İranda ziyarətdə olmuşdur. O, 05 aprel tarixində Qobu qəsəbəsində ümumiyyətlə olmamış, orada sonuncu dəfə 2 il əvvəl olmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, Şahid1 və Şahid2 onun saxlanılmasında iştirak etməmiş, yalnız üzərinə baxış keçirilən zaman iştirak etmişlər. Onun üzərinə Elnur adlı şəxs rəisin göstərişi ilə narkotik vasitə qoymuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, öz avtomobili ilə hərəkətdə olmuş, Renad adlı polis əməkdaşı da onun maşınının arxasınca gəlmişdir. Məscidin qarşısında 2 yaşlı xanım onu görmüş, o, maşını sola döndərib 10 metr irəlidə saxlamış, Renad da maşını bir az irəlidə- onun maşının arxasında saxlamışdır. O. maşından düşüb xanımlarla salamlaşmış, Renad ona yaxınlaşaraq telefonla ona zəng etdiyini və onun telefonu açmadığını bildirmişdir. O da telefona baxanda Renadın ona “Whatsapp” mobil tətbiqindən zəng etdiyini görmüş və ona telefonu səssizdə olduğuna görə ona zəng etməsini görmədiyini demişdir. Renad rəisin onunla təcili işinin olduğunu, buna görə də onunla birlikdə bölməyə getməli olduğunu bildirmişdir. O da namazını qılandan sonra getməyi təklif etmiş, lakin Renad gec olacağını demiş və onunla razılaşmamışdır. O, öz maşını ilə getmək istədikdə Renad razı olmamış və onların maşını ilə getməkdə təkid etmişdir. O, polislərin maşınına əyləşmiş, Renadın yanında rəis müavini Elnur da əyləşmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, o, Binəqədi RPİ-nin 40-cı PB-də əməliyyat müvəkkili işləyir. 05 aprel 2023-cü il tarixində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin gün əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupunun tərkibində Binəqədi rayonu, Xocasən qəsəbəsinə gəlmişdir. Onlar Xocasən məscidinin yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmış, ona özlərini təqdim etmiş, ona qanunsuz olaraq narkotik vasitələrin əldə olunması və üzərində daşınması ilə bağlı barəsində daxil olmuş məlumat üzrə şübhəli şəxs olduğunu bildirib, onlarla birlikdə bölməyə gəlməsini təklif etmişlər. Daha sonra Təqsirləndirilən şəxs onlarla birlikdə bölməyə gəlmiş, video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs könüllü surətdə gödəkcəsinin cibindən qara rəngli bükümdə olan narkotik vasitəni çıxarıb masanın üzərinə qoymuşdur. Şahid2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Xocasən məscidinin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs saxlayarkən, bölməyə gətirərkən, üzərinə baxış keçirərkən ona qarşı heç bir fiziki təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs üzərində baxış keçirilən zaman üzərindən aşkar olunan narkotik vasitəni Qobu yolunda xəstəliyi ilə əlaqədar aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşının narkotik vasitə qoyması ilə bağlı heç bir məlumat doğru deyil. Onlar təqsirləndirilən şəxsi saxlayarkən saat təxminən 15:00-17:00 radələri olmuş, onlar məscidin həyətində deyil, məscidin yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Əməliyyat tədbirində o və Şahid1 iştirak etmişdir. Təqsirləndirilən şəxslə bağlı məlumat daxil olduqdan sonra Xocasən qəsəbəsinə ona məxsus olan **-AP-*** qeydiyyat nişanlı avtomobillə getmişlər, avtomobili o idarə etmişdir. Təqsirləndirilən şəxs öz avtomobili ilə məscidin yaxınlığına gəlmiş, bir qədər sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə olunması və üzərində daşınması ilə bağlı barəsində məlumat daxil olduğunu bildirmişlər. Onlar təqsirləndirilən şəxsə yaxınlaşarkən o, artıq maşından düşmüşdür. Onlar Təqsirləndirilən şəxs saxlayarkən qandaldan istifadə etməmişlər. Təqsirləndirilən şəxs bölməyə gətirdikdən sonra təhqiqatçının otağına aparmışlar, təhqiqatçı Məhərrəm Muxtarov olmuşdur. Onlar saat 15:00-17:00 arası şəxsi bölməyə gətirmişlər. Onlar Təqsirləndirilən şəxs saxlayandan sonra birbaşa bölməyə getmişlər. Şəxsin saxlanıldığı yerdən bölməyə qədər təxminən 10-15 dəqiqəlik yol var. Çəkiliş zamanı təqsirləndirilən şəxsin üzərindən telefon aşkar olunmamış, yalnız narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlayarkən hər ikisi- həm Şahid1, həm də o, şəxsə yaxınlaşmışlar. Təqsirləndirilən şəxslə bağlı məlumat Şahid1 daxil olmuş, əməliyyat qrupu yaradılmış və əməliyyat qeydiyyat işi açılmışdır. Bundan sonra ona məlumat verilmiş və onlar əməliyyat tədbirinin keçiriləcəyi əraziyə getmişlər. Çəkiliş zamanı vəkil iştirak etməmiş, təhqiqatçının otağında ifadə verərkən Təqsirləndirilən şəxs vəkillə təmin olunmuşdur. Renad adlı şəxs həmin bölmənin əməliyyat müvəkkilidir, lakin o, Təqsirləndirilən şəxs tutulması prosesində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili Şahid1 keçirdiyi qəza ilə əlaqədar başından travma alması ilə bağlı yaddaşının pozulduğunu və qəzadan əvvəl baş verən hadisələri xatırlamadığını bildirmiş və bununla bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Bununla əlaqədar Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nə xx.xx.1975-ci il təvəllüdlü, Binəqədi rayonu Xocasən qəsəbəsi F.Ağazadə küçəsi ev 12-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq olaraq narkotik vasitələr əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 05 aprel 2023-cü il tarixdə saat 17:00 radələrində Telmanın qanunsuz əməlini ifşa etmək üçün Binəqədi rayonu, Xocasən qəsəbəsinə gələrək əməliyyat mövqeyi seçmişlər. Zahiri əlamətləri əvvəlcədən məlum olan Telmanın saat 17:20 radələrində məscidin yaxınlığında piyada gəldiyini görüb əlverişli məqam yaranan kimi tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb, özlərini təqdim edib həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Telman özünü təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi üzərində gəzdirməsində şübhəli olduğunu bildirib Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişdirlər. Bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifləri elan olunduqdan sonra sonuncu dövlət hesabına vəkillə təmin olunmaq istəyinə dair ərizə ilə müraciət etmiş və vəkil dəvət olunub təqdim edilmişdir. Bundan sonra Telmanın özünün razılıq ərizəsi əsasında vəkilinin iştirakı olmadan video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarışdan öncə Telmana üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə sonuncu oturduğu stoldan qalxaraq əynindəki qara rəngli dəri gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf rəngli bükülünü çıxardıb masanın üzərinə qoyub üzərində başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümdə narkotik vasitə olan heroin olduğunu, həmin bükümü 05 aprel 2023-cü il tarixdə günorta saatlarında Qobu yolunda şəxsi istifadəsi üçün 35 manata aldığını bildirmişdir. Bundan sonra protokol tərtib edilib ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. (cild İ, i/v: 121-123) Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, 05 aprel 2023-cü il tarixdə o, məscidin mərasim zalında qaynı arvadının yas mərasimində iştirak etmişdir. O, məclisə gəlib-gedənləri yola salan zaman Təqsirləndirilən şəxs öz maşını ilə gəldiyini, onun da ardınca ağ maşının gəldiyini Təqsirləndirilən şəxs öz maşınından düşüb həmin ağ maşına mindiyini görmüşdür. Şahid Sevil Məmmədova məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ifadəsində qeyd etdiyi hadisə təxminən saat 12.50-də, günorta azanına yaxın vaxtda baş vermişdir. O, ağ maşındakı şəxsi yaxından görməmiş, arxadan maşın gəldiyini görmüşdür. Hacı Telman da öz maşınından düşüb həmin maşındakı adamla salamlaşmış və daha sonra onun maşınına əyləşmişdir. Şahid ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxslə yaxın qohum deyil, qardaşı ilə qohumdur. Məclisin bitən vaxtı o, gələn qonaqları yola salan zaman Təqsirləndirilən şəxs görmüş, onların arasında məsafə elə də çox olmamışdır. Gələn ağ maşın məscidin qarşısında dayanmış, o, mətbəxdən çıxan zaman həmin anı görmüşdür. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X10 digər şahid X5 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində qeyd etdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş ekspertiza rəylərini və sənədləri bilavasitə məhkəmə iclasında tədqiq etmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 05 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş büküm aşkar olunmuşdur. Tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan vasitənin “heroin” deyilən narkotik vasitə olduğunu, həmin bükümü xx.xx.2023-cü il tarixdə günorta saatlarında Qobu yolundan tanımadığı şəxsdən 35 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. (cild İ, i/v: 33-35) - «Diskə baxış keçirilməsi haqqında» 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə şəxsi axtarış və götürmə keçirilməsinə dair video görüntünün köçürüldüyü 01 ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə axtarış keçirilir, axtarışın keçirilməsinə 05 aprel 2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində məscidin yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 40cı PB-nin inzibati binasına gətirildikdən sonra saat 18:50-də inzibati otaqda Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verilməsi barədə qərarla tanış edilərək təklif edildiyinin, həmin təklifdən sonra isə Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülünü çıxardaraq masanın üzərinə qoyduğunun, bundan sonra Təqsirləndirilən şəxs aparılan şəxsi axtarış nəticəsində ciblərindən qanunla qadağan olunmuş hər hansı əşyanın aşkar olunmadığının, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofana bükülmüş bükümün içərisində olan maddənin “heroin” olduğunu, həmin bükümü xx.xx.2023-cü il tarixdə günorta saatlarında Qobu yolunda tanımadığı şəxsdən 35 manata aldığını bildirdiyini, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin zərfə qoyularaq qablaşdırıldığının, möhürləndiyinin, zərfin üzərinin, həmçinin şəxsi axtarışın keçirilməsi barədə tərtib edilmiş protokolun Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalandığının görüntüləri aydın görünmüşdür. Şəxsi axtarış və götürmə 05 aprel 2023-cü il tarixdə saat 19:00-da yekunlaşdırılır. (cild İ, i/v: 72) Cinayət işinin materiallarına əlavə edilmiş DVD disk məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan video görüntü «şəxsi axtarış və götürmə aparılması haqqında» 05 aprel 2023-cü il tarixli və «Diskə baxış keçirilməsi haqqında» 07 aprel 2023-cü il tarixli protokolla eynilik təşkil edir. - Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 aprel 2023-cü tarixli 6/1995 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №234» dairəvi möhür əksi olan, «Əsədullayev» sözləri, soyadlar və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi – 3,523 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir. (i/v:42-46) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X2 üzrə 02 iyun 2023-cü il tarixli 2593 nömrəli ekspert rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, i/v:127-128) - İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 16 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,523 qram olan narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış 3,473 qram hissəsi, həmçinin video görüntülərin köçürüldüyü 1 ədəd DVD disk iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (cild İ, i/v: 144-148) Məhkəmə baxışında müdafiə tərəfi Xocəsən məscidinin təhlükəsizlik kamerasının görüntülərini təqdim etmiş, həmin video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və görüntülərdə Təqsirləndirilən şəxs olduğu bildirilən şəxsin xx.xx.2023-cü il tarixdə saat 12:20 radələrində ağ rəngli avtomaşının sürücüsü ilə danışdıqdan sonra arxa oturacağa əyləşib getməsi müşahidə edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməli düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə toplanmış sübutların hər birini bir-biri ilə qarşılıqlı şəkildə təhlil edərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsi sübuta yetirilməsə də, onun külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və üzərində saxlaması və həmin narkotik vasitənin onun üzərindən aşkar olunması tam sübuta yetirilmişdir. Bununla bağlı məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin izahatında və ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitənin ona aid olmasını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadələrində həmçinin tutulan zaman, polis əməkdaşları tərəfindən işgəncəyə və zorakılığa məruz qalmadığını, qeyd olunan bükümlərin onun cibinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs cibində olan bükülünü özü şəxsən çıxarıb təhvil vermiş və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması ilə bağlı ona məxsus olmayan narkotik vasitənin boynuna götürdüyünü bildirsə də, həmin psixi təzyiqin konkret olaraq nədən ibarət olmasını bildirməmişdir. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə heroin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videogörüntülər, məhkəmə-kimyəvi ekspertizasının rəyi, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmişdir. Bununla da məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Bundan başqa məhkəmə müdafiə tərəfinin təqdim etdiyi video görüntülər və şahid ifadələri ilə bağlı qeyd edir ki, həmin video görüntülərdə olan şəxslərin şəxsiyyətini müəyyən etmək, həmin şəxslərin təqsirləndirilən şəxs və ya onu saxlayan polis əməkdaşları olmasını müəyyən etmək mümkün olmadığından, bundan əlavə müdafiə tərəfinin təqdim etdiyi şahidlərin təqsirləndirilən şəxsin qohumu və tanışları olmaqla, onun xeyrinə ifadə verməsi hallarını da istisna etmir, buna görə də məhkəmə təqdim olunmuş video görüntüləri və əlavə şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə heroinin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videogörüntülər, məhkəmə kimyəvi-ekspertizasının rəyi, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmişdir. Bununla belə Təqsirləndirilən şəxs həmin külli miqdarda narkotik vasitə olan heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsini təsdiq edən hər hansı sübut nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 05 aprel 2023-cü il tarixli raportun məzmunundan da görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun qanunsuz olaraq narkotik vasitəni üzərində gəzdirməsi ilə bağlı olmuşdur. (cild İ, i/v: 5) Həmçinin məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı da öz ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir məlumatın olmadığını bildirmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitəni əldə etməsinə dair ittiham irəli sürərkən, bununla bağlı heç bir sübuta istinad etməmiş, onun narkotik vasitəni satdığı şəxs və ya şəxslər müəyyən edilməmiş, o, bilavasitə narkotik vasitənin satışını həyata keçirən zaman saxlanılmamış, narkotik vasitənin alqı-satqısı ilə bağlı kiminləsə sövdələşməsinin olması istintaq yolu ilə müəyyən edilməmiş, qeyd olunan halla bağlı təqsirləndirilən şəxsin mobil əlaqələri müəyyən edilməmiş, həmçinin onun mənzilinə baxış keçirilməmiş, mənzilindən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Həmçinin onun hər hansı bir şəxslə qabaqcaqdan əlbir olması ilə bağlı ittiham da öz təsdiqini tapmamış, onun hər hansı bir şəxslə (o cümlədən İİR-nın vətəndaşı ilə) arasında əvvəlcədən sövdələşmənin olmasını təsdiq edən heç bir sübut, o cümlədən hər hansı bir yazışma və ya şahid ifadəsi əldə edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etmək, saxlamaq və daşımaqda, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi ilə» daşıyıb-daşımaması ilə bağlıdır. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə Plenum qərarında göstərilən həmin halları da nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Belə ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroin bir bükümdə olmuş, onun üzərindən tərəzi və ya başqa avadanlıq aşkar edilməmiş, istehlakçı ilə hər hansı bir razılığının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin həmin narkotik vasitədən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şübhəsizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi sübuta yetmədiyindən, onun əməlində qabaqcadan əlbirlik əlamətinin olması da istisna olunur. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif etməmişdir, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin «sübutların kifayət etməsi»ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Göstərilən halların ümumi məcmusu Təqsirləndirilən şəxs əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, X4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild İ, i/v: 105) Bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15 oktyabr 2015-ci il təvəllüdlü X1 bir azyaşlı övladı var. (cild İ, i/v: 166) Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut – Binəqədi RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,473 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 65 (altmış beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,473 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar