Məhkəmə qərarları › İş №1(101)-515/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-515/2022

21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-515/2022 21.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, üzərində ödənilməmiş məhkumluğu olan, ünvan 1-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Yeni məhəllədə nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 40,002 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsinə daşıyaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs 11 sentyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində Xəzər rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinə gətirilmiş və həmin gün saat 22:30 radələrində Xəzər rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində dəvət olunmuş hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 40,002 qram təşkil edən, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ibtidai istintaq zamanı da ifadə verərkən özünü təqsirli bilmədiyini, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, eləcə də heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Onun narkotik vasitə və psixotrop maddələrə heç bir aidiyyəti olmamışdır. O, ailəsi ilə birlikdə ünvan 1-də yaşamışdır. O, dolanmaq üçün istixanada əkin işləri ilə məşğul olmuşdur. Belə ki, o, göyərti əkib-becərmiş və sonra sataraq ailəsini dolandırmışdır. O, əvvəllər bir dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1ci maddəsi ilə məhkum olunmuşdur. Həmin vaxt onun məhkum olunmasının səbəbi isə oğlurluq olduğunu bilə-bilə mobil telefon alaraq istiadə etməsi olmuşdur. Bu məsələ aşkar edildikdən sonra o, həbs edilmişdir. O, həbs edilənədək heç vaxt heç bir narkotik vasitədən istifadə etməmişdir. O, 11 sentyabr 2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yaşadığı ev istiqamətində hərəkət etmişdir. O, maşınını təmir etdirib Zirə qəsəbəsindən yaşadığı evə qayıdırmış. Bu zaman polis əməkdaşları 4 (dörd) polis avtomobili ilə onun qarşısını kəsmişlər. Polis əməkdaşlarının adları Rafiq və Orxan olmuşdur. Sonradan isə Həsən və Miryusif adlı polis əməkdaşları da ona yaxınlaşmışlar. Polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu ona bildirmişlər və onu məcburi şəkildə polis maşınına mindirərək Xəzər rayon Polis İdarəsinə aparmışlar. O da polis əməkdaşlarına heç bir etiraz etməyərək polislərlə razılaşmış və sonuncularla birlikdə Xəzər rayon Polis İdarəsinə getmişdir. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə onu şübhəli şəxs qismində tutmuşlar. Sonra ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra onun üzərinə müdafiəçinin və hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif etmişlər. O da polis əməkdaşlarına üzərində qanunla qadağan olunmuş heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən onun üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan büküm aşkar edilmişdir. O, özü də cibindən büküm aşkarlandıqda təəccüblənmişdir. Çünki onun üzərində həmin büküm olmamışdır. Ona görə də o, cibindən aşkarlanmış narkotik vasitənin özünə məxsus olmadığını bildirmişdir. O, bunu polislərə bildirsə də, onun dediklərinə məhəl qoyan olmamışdır. Hətta orada iştirak edən Həsən və Miryusif adlı polis əməkdaşları onu döyməyə başlamışlar və ondan tələb etmişlər ki, həmin bükümün özünə aid olduğunu etiraf etsin. Həmin vaxt o, başa düşmüşdür ki, o, tutulan zaman həmin bükümü polislərdən biri onun cibinə qoymuşdur. Çünki onun cibində büküm olmamışdır. Həsən və Miryusif ona nə qədər təsir göstərsələr və işgəncə versələr də, o, Həsən və Miryusif ilə razılaşmamış və ona görə də ibtidai istintaq zamanı heç bir sənədi imzalamamışdır. Ona irəli sürülmüş ittiham saxtadır. Onun narkotik vasitələrə heç bir aidiyyəti yoxdur. Polislərin onun cibindən aşkar etdikləri bükümün ona heç bir aidiyyəti yoxdur. Həmin bükümü onun cibinə polislər atmışlar. Lakin hansı polisin, hansı vaxt və hansı şəraitdə narkotik vasitənin olduğu bükümü onun cibinə atmasını bilməmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən tutularkən üzərində mobil telefon da olmuş və mobil telefonun nömrəsi ***-***-**-** olmuşdur. Polislər onu 11 sentyabrda tutmuşlar. O, 6 gün ərzində Xəzər rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində saxlanılmış və 6 gündən sonra, yəni 17 sentyabr 2021-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və həmin şəxsin tutulması məqsədi ilə ondan və digər polis əməkdaşı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar Təqsirləndirilən şəxs ifşa olunub tutulması məqsədi ilə məlumatda göstərilən və Qeybullanın olduğu güman edilən yerə getmişlər. Onlar ora çatdıqda Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşadığı evin yaxınlığında görmüşlər və yaxınlaşaraq sonuncunu saxlamışlar. Onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və Təqsirləndirilən şəxs Xəzər rayon Polis İdarəsinə dəvət etmişlər. Sonra Xəzər rayon Polis İdarəsində təhqiqatçı işləyən Rəhim Allahverdiyev tərəfindən onun, Şahid1, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin, hal şahidləri Şahid3 və Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Götürülən maddə təhqiqatçı tərəfindən qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin özünə aid olmadığını bəhanə edərək heç bir sənədi imzalamamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və həmin şəxsin tutulması məqsədi ilə ondan və digər polis əməkdaşı olan Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra o və Şahid2 Təqsirləndirilən şəxs ifşa olunub tutulması məqsədi ilə məlumatda göstərilən və Təqsirləndirilən şəxs olduğu güman edilən yerə getmişlər. Onlar ora çatdıqda Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşadığı evin yaxınlığında görmüşlər və sonuncuya yaxınlaşaraq həmin şəxsi saxlamışlar. Sonra onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və bu səbəbdən də Təqsirləndirilən şəxs Xəzər rayon Polis İdarəsinə dəvət etmişlər. Sonra Xəzər rayon Polis İdarəsində təhqiqatçı işləyən Rəhim Allahverdiyevin, onun, Şahid2, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin, iki nəfər hal şahidinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Götürülən maddə təhqiqatçı tərəfindən qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin özünə aid olmadığını bildirmiş və həmin narkotik vasitənin cibinə necə daxil olduğunu izah edə bilməmişdir. Bütün bunları bəhanə edərək Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitəyə dair tərtib edilmiş protokolu və digər sənədləri imzalamamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Səyyad oğlu ifadəsində göstərdi ki, o, Mərdəkan qəsəbəsində özünə məxsus yük maşını ilə xidmət göstərmişdir. Belə ki, kiminsə kanalizasiya xətti tutulduqda o, yük maşınına qoşulmuş avadanlıqla həmin şəxslərin kanalizasiya xəttini təmizləmişdir. O, 11 sentyabr 2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxananın yaxınlığında yük maşınında oturduğu vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona Xəzər RPİ-yə bir nəfər şübhəli şəxs gətirdiklərini demişlər. Sonra polislər onun iştirakı ilə həmin şəxsin üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. O da hal şahidi qismində iştirak etməyə razılıq vermiş və polislərlə birlikdə Xəzər RPİ-yə getmişdir. Polis İdarəsinin xidməti otaqların birində ondan başqa bir nəfər də hal şahidi olmuşdur. Polis əməkdaşları ona tanımadığı bir nəfər şəxsi göstərmişlər və sonra həmin şəxsin, yəni Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan qeyriqanuni əşyaları könüllü olaraq təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, vəkilin, digər hal şahidinin və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin özünə məxsus olmadığını bildirmiş və cibindən narkotik vasitənin aşkar olunmasına aydınlıq gətirə bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə şəxsi axtarışda iştirak edən polislər tərəfindən qablaşdırılaraq möhürlənmiş, sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol iştirrakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin özünə aid olmadığını bildirmiş və protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid4 Səyyad oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 sentyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 13) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 sentyabr 2021-ci il tarixli şəxsin üzərində şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 31) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 32-34) görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4007 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 43-44) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində AR DİN "Zərflər üçün №461” möhür əksi, ‘‘...Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 40,002 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Narkotik vasitə heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 58-59) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-373/2021 saylı qərarından (cild 1, iş vərəqə 73-74) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 5(003)-339/2021 saylı qərarından (cild 1, iş vərəqə 88) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 sentyabr 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 101-102) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 4516 nömrəli rəyindən (cild 1, iş vərəqə 109-110) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan (cild 1, iş vərəqə 111-115) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş itihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 40,002 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 39,952 qram təşkil edən narkotik vasitə heroinin saxlanılması üçün Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına saxlanca verilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin mənbəyinə dair cinayət işinin materiallarından ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2022-ci il tarixli Bakı şəhəri Probasiya İdarəsinin cavab məktubundan (cild 1, iş vərəqə 200) görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-102/2020 saylı 14 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün təşkil edir. Başqa sözlə, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2020-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-102/2020 saylı hökmündən (cild 1, iş vərəqə 90-93) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, habelə onun şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ittiham tərəfinin sübutetmə prosesində əldə etdiyi sübutları və ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Bundan başqa, məhkəmə istintaqında müdafiə tərəfinə iddia etdikləri hallarla bağlı yeni sübutlar və vəsatətlər vermək imkanı yaradılsa da, müdafiə tərəfi irəli sürdüyü hallarla bağlı məhkəməyə yeni sübutlar və vəsatətlər verməmişlər. Başqa sözlə, məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiə hüququ tam şəkildə təmin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkarlanmış narkotik vasitə heroini əvəzli və ya əvəzsiz qaydada əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yəni Təqsirləndirilən şəxs kimdən, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə narkotik vasitə heroini qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Halbuki qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaqı həyata keçirən səlahiyyətli şəxsin üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Ən vacib məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham, həmçinin onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsini də ehtiva edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı, həmçinin cinayət hadisəsinin baş vermə vaxtının müəyyən edilməsi ən vacib vəzifələrdən biri kimi təsbit edilmişdir. Bu isə o deməkdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi ilə bağlı ittiham irəli sürdüyü halda, mütləq qaydada onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi vaxtını mötəbər sübutlarla müəyyən etməli idi. Lakin məhkəməyə aydın olmayan səbəblərdən ibtidai istintaq orqanı üzərinə düşən vəzifəni icra etməyə cəhd belə etməmişdir. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və bu səbəbdən də aparılmış ibtidai istintaqı natamam və qüsurlu ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq saxlaması, 11 sentyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində Xəzər rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirində saxlanılması, saxlanıldıqdan sonra Xəzər rayon Polis İdarəsinə aparılması, həmin gün saat 22:30 radələrində orada xidməti otaqların birində dəvət olunmuş hal şahidlərinin və müdafiəçisinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməsi və şəxsi axtarış zamanı onun üzərindən 1 (bir) ədəd bükümdə 40,002 qram çəkidə narkotik vasitə heroinin aşkarlanması öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, tutularkən idarə etdiyi avtomobilin içində olmuş, polis əməkdaşları onun qabağını kəsərək və zorakılıq edərək Xəzər rayon Polis İdarəsinə aparmışlar, orada polis əməkdaşları tərəfindən ona zoraıkılıq olunmuş, bunun nəticəsində polis əməkdaşları onun cibinə narkotik vasitə heroin atmışlar və sonradan onun üzərinə şəxsi axtarış keçirərək guya həmin narkotik vasitə heroini aşkar etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs ona zorakılıq edən polis əməkdaşlarının adlarını qeyd edərək həmin polis əməkdaşının birinin adının Həsən, digərinin isə adının Miryusif olduğunu bildirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı onun üzərində narkotik vasitə heroinin olmadığını bildirərək polis əməkdaşları tərəfindən şərləndiyini iddia etmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan heç bir prosessual sənədi imzalamamışdır. İlk baxışdan Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan prosessual sənədləri imzalamaması onun məhkəmə istintaqında iddia etdiyi halların inandırıcı olmasına işarə edir. Bu səbəbdən də məhkəmə bu hissədə bəzi hallara aydınlıq gətirilməsini vacib sayır. Bunlardan birisi odur ki, cinayət işinin materiallarında Həsən və Miryusif adlı polis əməkdaşlarının Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərində iştirak etməsini təsdiq edə biləcək heç bir sübut mövcud deyil. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları və digər iki nəfər şəxs (prosessul hərəkət keçirilən zaman hal şahidi qismində çıxış edən şəxslər) öz ifadələrində təqsirləndirilən şəxsin iddia etdiyi halları bütövlükdə təqzib edərək 11 sentyabr 2021-ci il tarixdə, saat 22:30 radələrində Xəzər rayon Polis İdarəsinin xidməti otaqların birində dəvət olunmuş hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd bükümün içində 40,002 qram çəkidə narkotik vasitə heroinin aşkarlanmasını təsdiq etmişlər. Həmçinin məhkəmə istintaqında dindirilmiş polis əməkdaşları ifadə verərkən və cinayət prosesi iştirakçılarının suallarına cavab verərkən Təqsirləndirilən şəxs tutulması zamanı Həsən və Miryusif adlı polis əməkdaşlarının iştirak etməsini inkar etmişlər. Başqa sözlə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərində Həsən və Miryusif adlı polis əməkdaşlarının iştirak etməsi müəyyən edilməmişdir. Eyni zamanda təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən göstərdiyi halların həqiqət olmasını sübut edə biləcək heç bir sübut, başqa sözlə, ibtidai istintaq orqanının gəldiyi nəticəni təqzib edə biləcək və özünün istinad etdiyi halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, habelə istinad etdiyi halların müəyyən edilməsinə yönəlmiş vəsatət verməmişdir. İkinci məsələ isə ondan ibarətdir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini bildirsə də, cinayət işinin materiallarına əlavə edilmiş 16 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 4516 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Göründüyü kimi təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmədiyini bildirsə də, 4516 saylı narkoloji rəylə onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2.1-ci maddəsinə əsasən qanunverici digər sübutlarla yanaşı, təqsirləndirilən şəxsin ifadəsini də cinayət prosesində sübut növü kimi təsbit etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərindən külli miqdarda narkotik vasitə heroinin aşkar edilməsini inkar edərək heç bir prosessual sənədi imzalamasa da, həmçinin məhkəmə istintaqında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, tutularkən zorakılığa məruz qaldığını, şəxsi axtarış keçirilərkən üzərində narkotik vasitə heroinin olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən cibinə qoyulmasını bildirsə də, məhkəmə istintaqında araşdırılmış sübutlar, o cümlədən şahid ifadələri əsasında onun iddia etdiyi halların həqiqət olması nəticəsinə gəlmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin inkaredici ifadəsini onun özünü müdafiə etməyə yönəlmiş addım kimi qiymətləndirir. Başqa nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal və əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilən iki hal ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə əsl həqiqəti gizlədərək obyektiv həqiqətin nail olmasına mane olmuşdur. Təqsirləndirilən şəxsin ifadəsində göstərilmiş halların müəyyən edilməsi ilə bağlı məhkəmənin mövqeyinə gəldikdə isə, məhkəmə qeyd edir ki, məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi halları bu və ya digər şəkildə təsdiq edə biləcək heç bir hal müəyyən edilməmişdir. Əksinə məhkəmə istintaqında ifadə vermiş şahidlər təqsirləndirilən şəxsin ifadəsində göstəriş olduğu halları tam şəkildə inkar və təqzib etdiklərindən bu hissədə digər şəxslərin əlavə şahid qismində çağırılıb dindirilməsini məhkəmə ağlabatan hesab etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları məcmu halda təhlil edib belə nəticəyə gəlir ki, 11 sentyabr 2021-ci il tarixdə, saat 22:30 radələrində Xəzər rayon Polis İdarəsinin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən 1 (bir) ədəd bükümdə 40,002 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə heroini kiməsə satması, ümumiyyətlə narkotik vasitələrin “alqı-satqısı” barədə sövdələşməsi, bu məqsədlə kiminləsə danışıqlar aparması təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərini həyata keçirən polis əməkdaşları da Təqsirləndirilən şəxs hansısa şəxsə narkotik vasitə satmasını bilmədiklərini bildirmişlər. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin “alqı-satqısına” yönəlmiş fəal hərəkətləri müəyyən edilməmişdir. Başqa sözlə, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut mövcud deyil. Məhkəmə təəssüf hissi ilə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin qanunsuz “alqı-satqısına” yönəlmiş hər hansı bir hərəkət etməsi, bu məsələlərlə bağlı başqa şəxslərlə danışıq aparması və sövdələşməsi barədə hər hansı bir sübutu əldə etmədən ona qarşı ağır cinayətlə bağlı ittiham irəli sürmüşdür. Bu səbəbdən məhkəmə bu hissədə də ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və aparılmış ibtidai istintaqı natamam və qüsurlu ilkin araşdırma kimi qəbul edir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxsə irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına yalnız ittiham tərəfinin əldə etdiyi mötəbər sübutlar əsasında hüquqi qiymətin verilməsi mümkündür. Lakin cinayət işinin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut mövcud deyil. Buna baxmayaraq, məhkəmə istintaqında təqsirləndirilən şəxsin üzərində aparılmış şəxsi axtarış zamanı onun üzərindən 1 (bir) ədəd bükümdə 40,002 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsi təsdiq edildiyindən məhkəmə qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən hər hansı bir sübut yoxdur. Lakin məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə heroinin çəkisini nəzərə alaraq, belə qənaətə gəlir ki, 40,002 qram çəkidə narkotik vasitə heroin təxminən 80-dən çox istifadə dozasını təşkil etdiyindən narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs qabaqcadan özü üçün təxminən 80-dən çox istifadə üçün nəzərdə tutulmuş narkotik vasitə heroini tədarük etməsi inandırıcı deyil. Məhkəmə məhz təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 40,002 qram çəkidə narkotik vasitə heroini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs bu əməlləri isə özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozitiv şərtləri ilə əhatə olunduğundan, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində həqiqətən də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin bütün zəruri tərkib əlamətləri vardır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinsə və azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılsa da, yeni cinayət törədərkən üzərində ödənilməmiş məhkumluğu olsa da, Cinayət Məcəlləsinin 194.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətə aid edildiyindən məhkumluğu ödənilmədiyi müddət ərzində onun ağır cinayət törətməsi Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə görə cinayətlərin residivi yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və ona bu cəza həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Məhz bu qaydada təyin edilmiş cəza vasitəsilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi üzrə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 16 noyabr 2021-ci il tarixli 4516 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd edilən rəyi nəzərə alaraq, məhkəmə hesab edir ki, ona narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 39,952 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi üzrə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 39,952 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar