Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-516/2023 25.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5, Müdafiəçi: Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Tərcüməçi - X10 iştirakı ilə, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin icraatına daxil olmuş, cinayət işi üzrə məhkəmə hazırlıq iclası 21 dekabr 2022-ci il, 10 yanvar, 17 yanvar və 25 yanvar 2023-cü il tarixlərə təyin edilməklə cinayət prosesi tərəflərinin iştirakı ilə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Həmin cinayət işi üzrə ibtidai istintaq Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Rəşadət Axundov tərəfindən 07 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlanmış, cinayət işi 22 aprel 2022-ci il tarixdə aidiyyəti üzrə Yasamal RPİ İŞ-yə göndərilmiş və müstəntiq Elnur Vəliyevin icraatına qəbul edilərək ibtidai istintaq davam etdirilmiş, iş üzrə ittiham aktı 07 dekabr 2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən, o, istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədilə külli miqdarda narkotik vasitə asetillə edilən tiryək və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini üzərində, qalan hissəsini yaşadığı evdə saxlamış, 07 mart 2022-ci ildə saat 05.45 radələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan uzunqol köynəyin sol qolunun qatlanmış hissəsindən 1 ədəd bükümdə təmiz çəkisi 0,241 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetillə edilən tiryək, 1 ədəd bükümdə təmiz çəkisi 0,222 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 07.00 radələrində Nizami RPİ-nin 23-cü PBnin əməkdaşları tərəfindən onun kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, B.Şahtaxtinski küçəsindəki 66 saylı evin 65 saylı mənzilinə baxış keçirilən zaman mənzilin yataq otağındakı dolabda asılmış gödəkçənin yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 9,028 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 5,536 qram və 1 ədəd bükümdə təmiz çəkisi 6,351 qram, ümumi təmiz çəkisi 11,887 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə asetillə edilən tiryək, qonaq otağındakı jurnal masasının üstündə 2 ədəd üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan şüşə kolba aşkar edilərək götürülmüşdür. Cinayət işinin materialları öyrənilərkən və məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı müəyyən edildi ki, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyil, həmçinin təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuş və bir sıra aradan qaldırılması mümkün olmayan digər prosessual pozuntulara yol verilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı şifahi vəsatətlə məhkəməyə müraciət edərək, cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə tam əməl edilmədiyini, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatların ibtidai istintaq zamanı gözlənilmədiyini, təqsirləndirilən şəxsin müdafiə hüququnun, eləcə də ittiham aktının tərtibi ilə bağlı tələblərin pozulduğunu bildirmişdir. Vəsatətə görə, cinayət işinin materiallarına əlavə edilmiş 07 mart 2022-ci il tarixli şəxsi axtarış protokolundan görünür ki, həmin tarixdə saat 05:45 radələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə Nizami RPİ-nin 23-cü PB-də keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan uzunqol köynəyin sol qolunun qatlanmış hissəsindən 1 ədəd bükümdə heroin aşkar olunaraq götürülmüşdür. Protokoldan görünür ki, şəxsi axtarış videoçəkiliş edilərək CD diskə köçürülüb cinayət işinin materiallarına əlavə olunmuşdur. Lakin şəxsi axtarış protokolu ilə bu axtarışı əks etdirən videogörüntü arasında ziddiyyətlər vardır. Belə ki, videogörüntüdən görünür ki, Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı Şahid4 tərəfindən xx.xx.2022-ci ildə xidməti otaqların birində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində bölmənin əməkdaşlarının, vəkilin və tərcüməçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmiş, təhqiqatçının onun üzərində dövriyyəsi qadağan edilmiş əşya, predmet olması barədə sualına Təqsirləndirilən şəxs təsdiqedici cavab verərək əynindəki gödəkçəsini çıxarıb köynəyinin sol qolunun qatlanmış hissəsindən 2 ədəd ağ sellofana bükülmüş bükümləri və bir ədəd ağ sellofanı (folqanı) çıxarıb masanın üzərinə qoymuş, bükümlərlə bağlı verilmiş suallara cavab olaraq bükümlərdən birinin içərisində metamfetamin, digərində isə heroin olduğunu, bir ədəd ağ rəngli sellofanın (folqanın) isə içərisinin boş olmasını, onu istifadə etdiyini bildirmiş, sonra Təqsirləndirilən şəxs cibindən bir ədəd qara kisə və mobil telefon çıxarıb təqdim etmiş, daha sonra cibləri axtarılarkən əynindən çıxardığı gödəkçəsinin cibindən mənzil açarı aşkar edilmişdir. Göründüyü kimi şəxsi axtarış və götürmə protokolu ilə həmin istintaq hərəkətinin videoçəkilişi arasında ziddiyətlər (protokolda Rezanın əynindəki köynəyinin sol qolundan bir ədəd ağ sellofan büküm aşkar olunduğu və həmin bükümdə narkotik vasitə olan heroin olduğu qeyd olunmuşdur. Lakin videoçəkilişə əsasən Təqsirləndirilən şəxs köynəyinin qolundan bir büküm deyil, iki büküm və istifadə olunmuş folqa aşkar olunur) vardır. İbtidai istintaq zamanı müstəntiq Elnur Vəliyev qeyd olunan ziddiyyətlərin araşdırılması məqsədilə təhqiqatçı və şəxsi axtarışda iştirak etmiş polis əməkdaşlarını dindirməklə həmin şəxslərin ifadələrinə müvafiq olaraq sübutların qiymətləndirilməsi haqqında qərarında qeyd olunan uyğunsuzluğun protokol tərtib olunarkən mexaniki səhvə yol verilməsi qənaətinə gəlmiş, şəxsi axtarış və götürmə protokolunu ittiham aktında sübut kimi qeyd etmişdir. Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayətlərində şəxsin üzərində qeyd olunan maddə və vasitələrin aşkar olunması hallarında əsas sübut növü olan şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunda aşkar edilmiş qanunsuz maddə və ya vasitənin büküm sayının, növünün həmin istintaq hərəkətinin videoyazısı ilə ziddiyyət təşkil etməsi, verilmiş ittihamın sübut kimi qiymətləndirilmiş sözügedən istintaq hərəkəti protokoluna, yəni iş materiallarında olan sənədə uyğun olmaması, həmin ittihamı mücərrəd etməklə təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməməsinə səbəb olmuşdur ki, bununla da onun müdafiə hüququ kobud formada pozulmuşdur. Bundan əlavə cinayət işinin materiallarına əlavə edilmiş 07 mart 2022-ci il tarixli mənzilə baxış protokoluna əsasən, həmin tarixdə saat 07:00 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfındən Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, B.Şahtaxtinski küçəsindəki 66 saylı evin 65 saylı mənzilinə baxış keçirilən zaman mənzilin yataq otağındakı dolabdan asılmış gödəkçənin yan cibindən 3 ədəd sellofan büküm, qonaq otağındakı jurnal masasının üzərində 3 ədəd şüşə kolba aşkar edilərək götürülmüşdür. Həmin protokoldan görünür ki, paltar dolabında olan gödəkçənin cibi axtarılaraq oradan aşkar edilmiş bükümlərin qablaşdırılması, möhürlənməsi və imzalanmasına dair qeydlər aparılmamışdır. Habelə, sözügedən protokola əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə sonuncunun və vəkilin, tərcüməçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, mənzildə dolabın içərisindəki gödəkçənin cibindən aşkar edilmiş 3 bükümün zərfə qoyularaq qablaşdırılması, möhürlənməsi və imzalanması həyata keçirilməmiş, videoçəkilişin 14 dəqiqə 52-ci saniyəsində iştirakçılardan biri "buranın axtarışı başa çatdı" demiş, polis əməkdaşlarından biri əlində narıncı rəngli bir qutu gətirib təhqiqatçıya verərək qablaşdırma üçün istifadə etməsini demiş, təhqiqatçı isə əlində saxladığı bükümləri həmin qutunun içərisinə qoyub ağzını örtmüşdür. Göründüyü kimi, iş üzrə maddi sübutların faktiki olaraq lazımi şəkildə qablaşdırılması təmin edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin - iş üzrə maddi sübutların cinayət prosessual qanunvericiliyə müvafiq şəkildə qablaşdırılmamasına baxmayaraq qeyd olunan xüsusata müvafiq hüquqi qiymət verilməmiş, sözügedən kobud pozuntunun aradan qaldırılması üçün mümkün tədbirlər görülməmişdir. Hazırkı cinayət işi üzrə tərtib edilmiş ittiham aktının həm təsviri-əsaslandırıcı, həm də nəticəvi hissəsində cinayətin aşkar edilməsi ilə bağlı bilavasitə əlaqəli olan mühüm hal, yəni Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etdiyi və üzərində saxladığı 1 ədəd bükümdə narkotik vasitə asetillə edilən tiryək, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin qeyd olunsa da, həmin faktı sübut edən və iş materiallarında olan şəxsi axtarış və götürmə protokolunda sonuncudan 1 bükümdə narkotik vasitə olan heroinin aşkar edilməsi müəyyən edilməklə uyğunsuzluq yaratmışdır. Qanunla həmin hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadığı, ittiham aktı Azərbaycan Respublikası CPM-in 289-cu maddəsinə uyğun tərtib edilmədiyi halda CPM-in 303.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməli olması müəyyən edilmişdir. Dövlət ittihamçısı öz vəsatətində həmçinin, cinayət işi üzrə Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı Şahid4, Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Rəşadət Axundov və Bakı şəhəri, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X7 barəsində xüsusi qərar çıxarılmasını və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 01 ay müddətinə uzadılmasını xahiş etmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəməyə yazılı vəsatətlə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Vəsatətə görə, ibtidai araşdırma zamanı CPM-nin tələbləri, o cümlədən Təqsirləndirilən şəxs müdafiə hüquqları kobud surətdə pozulmuş, iş üzrə istintaq səthi və keyfiyyətsiz aparılmış, hərtərəfli, tam və obyektiv araşdırma aparılmadan, polisin provakasiyası nəticəsində törədilmiş cinayət üzrə polisin müdaxiləsi ilə ittiham sübutları toplanılaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qanunsuz və əsassız ittiham elan olunmuşdur. Həmin ittihamın əsasını yolverilməz sübutlar təşkil etdiyindən iş üzrə icraata xitam verilməsi üçün kifayət qədər əsaslar vardır. Vəsatətdə qeyd olunur ki, ittihama əsasən, cinayət tərkibinin obyektiv cəhətinin zəruri elementləri olan cinayətin törədilmə vaxtı və yeri müəyyən edilməmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələri istintaqa məlum olmayan vaxtda və yerdə əldə etməsi göstərilsə də, bu, cinayət işinin materiallarına və işin faktiki hallarına ziddir. Belə ki, iş materiallarına əsasən, həmin narkotik vasitələr və psixotrop maddələr 07 mart 2022-ci ildə gecə saat 2-3 radələrində X3 onun yaşadığı ünvan 4 ünvanında əldə edilmişdir. Bundan başqa polisin müdaxiləsini və bununla bağlı istintaqın qeyri-obyektiv, qərəzli aparılmasını şərtləndirən xüsusat ondan ibarətdir ki, əvvəllər Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİ-nin istintaq şöbəsində onun CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi istintaq olunmuş, lakin təqsirliliyi sübuta yetirilmədiyinə görə Nəsimi rayon prokurorunun 05 mart 2020-ci il tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulan kimi polis əməkdaşlarına özünün müdafiəçisi olduğunu, müdafiəçisinin mobil telefon nömrəsinin üstündə olan telefon aparatında qeyd edildiyini bildirib, öz müdafiəçisinin dəvət olunmasını istəsə də, onun bu xahişi yerinə yetirilmədən dövlət hesabına vəkil təyin olunmuş və Təqsirləndirilən şəxs məhz bu səbəbdən heç bir sənədi, o cümlədən təhqiqatçı tərəfindən onun adından kompüterdə tərtib olunmuş maddi imkanının olmaması səbəbindən dövlət hesabına müdafiəçi istəməsi barədə ərizəni və müdafiəçinin təqdim olunması barədə protokolu imzalamaqdan imtina etmişdir. Bu zaman Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 114-cü maddəsinə əsasən müdafiəçiyə etiraz etmək hüququ izah olunmamış, Təqsirləndirilən şəxs bu və digər qanun pozuntularına görə etiraz əlaməti olaraq saxlanıldığı istintaq təcridxanasında çay qaşığını udmaqla həyatını təhlükəyə atmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək, əcnəbi, olmasına baxmayaraq, Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna bu barədə dərhal məlumat vermək hüquqları təmin olunmamış, bununla da Azərbaycan Respublikası CPM-nin 90.7.6-cı maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Bu xüsusatın özü Təqsirləndirilən şəxs keyfiyyətli hüquqi yardım almaq imkanından məhrum edilməsinin, müdafiə hüququnun pozulmasının göstəricisidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 117-ci maddəsinə əsasən iş üzrə təyin olunmuş tərcüməçiyə etiraz etmək hüququ izah olunmamış, təyin olunmuş tərcüməçi X1 bilə-bilə yanlış tərcümə etməyə görə cinayət məsuliyyəti barədə xəbərdar olunmamışdır. Bundan əlavə, şübhəli şəxs kimi tutulmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 232.1-ci maddəsinin tələblərinə zidd olaraq, tutulmasından dərhal sonra deyil, 16 saat sonra dindirilmişdir. Göstərilənlər Təqsirləndirilən şəxs müdafiə hüququnun kobud surətdə pozulmasını təsbit edir. Digər tərəfdən, işdə marağı olan polisin müdaxiləsi ilə istintaq orqanı tərəfindən bu pozuntularla toplanmış sübutlar Təqsirləndirilən şəxs əməlində cinayətin əlamətlərinin olmasını, ona istinad edilən əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsini, onun təqsirli olmasını ifadə və təsdiq etmir. Bundan başqa, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə və psixotrop maddənin 06 mart 2022-ci ildə Nizami RPİ-yə daxil olmuş əməliyyat məlumatı əsasında aşkar edildiyi qeyd olunsa da, Təqsirləndirilən şəxs ifadəsi və işin faktiki halları ilə müəyyən olunmuşdur ki, o, Xəyalə adlı qadınla (şəxsiyyəti sonradan müəyyən olunmuş X6) 07 mart 2022-ci ildə gecə saat 2-3 radələrində mobil telefonla danışdıqdan və sonuncunun onu Keşlə qəsəbəsindəki mənzilinə dəvət etməsindən sonra narkotik vasitə almaq qərarına gəlmiş və bunun üçün tanışı Faiq Qəhrəmanovla birlikdə taksi ilə Keşlə qəsəbəsinə getmişlər. Yəni, əməliyyat məlumatının 06 mart 2022-ci ildə daxil olması mümkün deyildir. Əməliyyat məlumatının daxil olması barədə 23-cü PB-nin rəis müavini Şahid1 tərəfindən tərtib olunmuş raporta Bölmə rəisi Emin Çələbiyev tərəfindən 07 mart 2022-ci il tarixi ilə dərkənar qoyulmuşdur. Lakin onun əsasında tərtib olunmuş əməliyyat qrupunun yaradılması haqqında qərar Bölmə rəisi tərəfindən 06 mart 2022-ci il tarixdə təsdiq olunmuşdur. Göstərilənlər həmin sənədlərin sonradan tərtib olunduğunu təsbit edir. Bu, bir tərəfdən əməliyyat məlumatının həqiqiliyini şübhə altına alır, digər tərəfdən Təqsirləndirilən şəxs Xəyalə Sadıxovanın polislə əməkdaşlıq etməsi, polis işçilərinin istəyi ilə özünə zəng edərək mənzilinə çağırıb tutdurması barədə ifadəsinin doğru olduğunu təsdiq edir. 23-cü PB əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi (satışı) ilə məşğul olan Xəyalə Sadıxovanı yaşadığı mənzilin qarşısında yaxalamayıb sərbəst buraxmaları göstərilənlərin əsassız olmadığını təsbit edir. Bundan başqa Müdafiəçi vəsatətində, ibtidai araşdırma zamanı yol verilmiş bir sıra kobud qanun pozuntuları, o cümlədən təqsirləndirilən şəxsin barəsində keçirilmiş şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş bükümlərin şəxsi axtarış haqqında protokolda düzgün qeyd olunmaması, aşkar olunmuş narkotik vasitələrin qanuna uyğun şəkildə qablaşdırılmaması, Təqsirləndirilən şəxs şəxsi axtarış protokolu ilə bu axtarışı əks etdirən videogörüntülər arasında kəskin ziddiyyətlər olduğu, şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş “iphone” markalı mobil telefonun nə təqsirləndirilən şəxsin özünə qaytarılmadığı, nə də maddi sübut kimi tanınaraq mobil telefona baxış keçirilmədiyi, təqsirləndirilən şəxsin mənzilinə baxış keçirilməsinə aşkar şəkildə etiraz etməsinə baxmayaraq, onun adından formal ərizə tərtib edilərək, Təqsirləndirilən şəxs həmin ərizəni imzalamaqdan imtina etdiyi qeyd olunmaqla, onun yaşadığı mənzilə baxış keçirilməsi haqqında qərar qəbul olunduğu, qərarda mənzilə baxış keçirilməsi qeyd olunsa da, faktiki olaraq heç bir məhkəmə qərarı olmadan axtarış istintaq hərəkətinin aparıldığı, mənzilə daxil olmadan həmin prosessual hərəkətdə iştirak edən şəxslər elan olunduqdan sonra, mənzildə narkotik vasitəni aşkar edən şəxsin elan olunmuş şəxslər arasında olmaması, mənzildən aşkar edilmiş narkotik vasitənin ümumiyyətlə qablaşdırılmadığı, müdafiə tərəfinin dəfələrlə vəsatət verməsinə baxmayaraq Təqsirləndirilən şəxs təqsirsiz olduğunu sübuta yetirə biləcək şəxslər Xəyalə Sadıxovanın, İlhamə və Faiq adlı şəxslərin istintaqa cəlb olunub dindirilməməsi qeyd olunmuşdur. Məhkəmə cinayət işinin materiallarını öyrənib, cinayət prosesinin tərəflərini dinləyib, dövlət ittihamçısının və müdafiəçinin vəsatətlərini araşdıraraq hesab edir ki, ittiham tərəfinin vəsatəti qismən təmin olunmalı, müdafiə tərəfinin vəsatəti təmin edilməməli, cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə əvvəlcə dövlət ittihamçısının vəsatətində göstərilən xüsusatlara qiymət verərək qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş 07 mart 2022-ci il tarixli şəxsi axtarış protokolundan görünür ki, həmin tarixdə saat 05:45 dəqiqə radələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə Nizami RPİ-nin 23-cü PB-də keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan uzunqol köynəyin sol qolunun qatlanmış hissəsindən 1 ədəd bükümdə heroin aşkar olunaraq götürülmüşdür. Lakin şəxsi axtarışın əks olunduğu videogörüntüdən görünür ki, Nizami RPl-nin 23cü PB-nin təhqiqatçısı Şahid4 xx.xx.2022-ci ildə xidməti otaqların birində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində bölmənin əməkdaşlarının, vəkilin və tərcüməçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmiş, təhqiqatçının onun üzərində dövriyyəsi qadağan edilmiş əşya, predmet olması barədə sualına Təqsirləndirilən şəxs təsdiqedici cavab verərək əynindəki gödəkçəsini çıxarıb köynəyinin sol qolunun qatlanmış hissəsindən 2 ədəd ağ sellofana bükülmüş bükümləri və bir ədəd folqanı çıxarıb masanın üzərinə qoymuş, bükümlərlə bağlı verilmiş suallara cavab olaraq bükümlərdən birinin içərisində metamfetamin, digərində isə heroin olduğunu, bir ədəd folqanın isə içərisinin boş olmasını, onu istifadə etdiyini bildirmiş, sonra Təqsirləndirilən şəxs cibindən bir ədəd qara kisə və mobil telefon çıxarıb təqdim etmiş, daha sonra cibləri axtarılarkən əynindən çıxardığı gödəkçəsinin cibindən mənzil açarı aşkar edilmişdir. Başqa sözlə, şəxsi axtarış və götürmə protokolu ilə həmin istintaq hərəkətinin videoçəkilişi arasında ziddiyyətlər vardır. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş 07 mart 2022-ci il tarixli mənzilə baxış protokoluna əsasən, həmin tarixdə saat 07:00 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfındən Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, B.Şahtaxtinski küçəsindəki 66 saylı evin 65 saylı mənzilinə baxış keçirilən zaman mənzilin yataq otağındakı dolabdan asılmış gödəkçənin yan cibindən 3 ədəd sellofan büküm, qonaq otağındakı jurnal masasının üzərində 3 ədəd şüşə kolba aşkar edilərək götürülmüşdür. Həmin protokoldan görünür ki, paltar dolabında olan gödəkçənin cibi axtarılaraq oradan aşkar edilmiş bükümlərin qablaşdırılması, möhürlənməsi və imzalanmasına dair qeydlər aparılmamışdır. Həmçinin həmin protokola əlavə edilmiş qeyd olunan istintaq hərəkətinin videogörüntülərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş (faktiki olaraq axtarış) mənzildə dolabın içərisindəki gödəkçənin cibindən aşkar edilmiş 3 bükümün zərfə qoyularaq qablaşdırılması, möhürlənməsi və imzalanması həyata keçirilməmiş, sadəcə qutunun içərisinə qoyulub qapağı bağlanmış, yəni maddi sübutların faktiki olaraq lazımi şəkildə qablaşdırılması təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək hüququndan məhrum edilməsinin onun müdafiə hüququnun məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntusunu təşkil etdiyi qənaətinə gəlir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətində ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı qeyd olunmuş dəlillərə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinə əsasən müstəntiq ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm halları göstərməlidir. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər qeyd olunmaqla ittihamın mahiyyəti göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 223.4-cü maddəsinə əsasən qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilir. Məhkəmə hesab edir ki, ittiham aktının həm təsviri-əsaslandırıcı, həm də nəticəvi hissəsində təqsirləndirilən şəxsin ittiham edildiyi cinayət əməlinin əsasını təşkil edən narkotik vasitənin istintaqa məlum olmayan yerdə və vaxtda əldə edildiyi göstərilmişdir ki, bu da işin halları ilə zidiyyət təşkil edir. Belə ki, təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirildiyi vaxtdan narkotik vasitəni Bakı şəhəri, Nizami rayonu Keşlə qəsəbəsində “Xəyalə” adlı qadından əldə etməsi, onun olduğu yer barədə ətraflı məlumat vermiş, (həmçinin cinayət işinin materiallarına əsasən də təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılmışdır), cinayət işinin materiallarına əsasən “Xəyalə” adlı şəxsin şəxsiyyəti və anket məlumatları müəyyən edilmiş, lakin qeyd olunan şəxsin istintaqa cəlb olunaraq dindirilməsi təmin edilməmiş, istintaq natamam aparılmaqla təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürülmüş, formal olaraq ittiham aktında təqsirləndirilən şəxsin narkotik vasitəni istintaqa məlum olmayan vaxtda və yerdə əldə etdiyi qeyd olunmuş, yaranmış natamamlıq nəticəsində təqsirləndirilən şəxsin müdafiə olunmaq hüququ kobud formada pozulmuşdur. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs bildirmişdir ki, saxladığı andan etibarən özünün müdafiəçisi olduğunu, öz müdafiəçisini dəvət olunmasını tələb etdiyini bildisə də, onun bu tələbi yerinə yetirilməmiş, onun belə bir istəyi olmadığı halda ona dövlət hesabına müdafiəçi təyin olunmaqla bütün təhqiqat və ilkin istintaq hərəkətləri həmin müdafiəçinin iştirakı ilə keçirilmişdir. Məhkəmə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsin məhkəməyə bildirdiyi faktı müqayisəli şəkildə təhlil edərək, təqsirləndirilən şəxsin istədiyi müdafiəçinin hüquqi yardımından istifadə etmək, bununla da müdafiə hüququnun kobud şəkildə pozulduğu qənaətinə gəlir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş (cild İ səhifə 19) olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs təhqiqat orqanına müraciət edərək, maddi imkanının olmaması ilə əlaqədar ona dövlət hesabına müdafiəçi təyin olunmasını xahiş etmiş, lakin qeyd olunan ərizənin sonunda Təqsirləndirilən şəxs adının qarşısında “səbəb göstərmədən imzalamaqdan imtina etdi” qeydi yazılmışdır. Qeyd olunan fakt özlüyündə həmin ərizənin formal olaraq tərtib olunduğunun, təqsirləndirilən şəxsin iradə ifadəsi ilə yazılmadığının göstəricisi kimi qəbul edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs müdafiəçinin ona təqdim olunması barədə protokolu da imzalamaqdan imtina etməsi onun həmin müdafiəçinin hüquqi yardımından imtina etməsi kimi dəyərləndirilməlidir (cild İ səhifə 27). Bundan başqa məhkəmə, “etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında” protokolda Təqsirləndirilən şəxs etiraz edə biləcəyi şəxslər arasında müdafiəçinin adının göstərilməməsini və ona müdafiəçiyə etiraz etmək hüququnun izah olunmamasını da onun müdafiə hüququnun kobud surətdə pozuntusu kimi qiymətləndirir (cild İ səhifə 34). Bundan başqa, məhkəmə cinayət işinin materialları ilə tanış olan zaman müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək, İran İslam Respublikasının vətəndaşı olmasına baxmayaraq, Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna bu barədə dərhal məlumat vermək hüquqları təmin olunmamış, bununla Azərbaycan Respublikası CPM-nin 90.7.6-cı maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 117-ci maddəsinə əsasən iş üzrə təyin olunmuş tərcüməçiyə etiraz etmək hüququ izah olunmamış, təyin olunmuş tərcüməçi X1 bilə-bilə yanlış tərcümə etməyə görə cinayət məsuliyyəti barədə xəbərdar olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin sübhəli şəxs qismində saxlanılan zaman öz müdafiəçisinin dəvət olunması ilə bağlı təkid etdiyini, lakin buna baxmayaraq onun belə bir xahişi olmadığı halda onun adından formal ərizə tərtib edilərək dövlət hesabına müdafiəçi dəvət olunmaqla bütün ilkin prosessual hərəkətlərin həmin müdafiəçinin iştirakı ilə aparıldığını bildirməsini, onun müdafiəçi dəvət olunması ilə bağlı ərizədə, habelə müdafiəçinin ona təqdim olunması ilə bağlı protokolda imzasının olmamasını («səbəb göstərmədən imzalamaqdan imtina etdi» qeydi yazılmaqla), şübhəli şəxsə müdafiəçidən imtina etmək hüququnun izah olunmamasını, tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək, habelə vətəndaşı olduğu ölkənin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna bu barədə dərhal məlumat vermək hüquqları təmin olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlar təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 91.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: .... 91.5.2. onu tutmuş və ya həbs haqqında qərarı icra etmiş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq;... 91.5.6. tutulduqdan dərhal sonra tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək; əgər tutulmuş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat vermək; 91.5.7. müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək; “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: (a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq; (b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; (c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək ... Məhkəmə eyni zamanda cinayət işi üzrə icraata xitam verilməsinə dair təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətinə qiymət verərək qeyd edir ki, hazırkı mərhələdə cinayət işinə xitam verilməsi üçün əsas mövcud deyil. Belə ki, Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən, məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 41.5-ci maddəsinə əsasən, məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti təqsirləndirilən şəxsin təqsirsiz olmasına əsaslandığından, vəsatətdə qeyd olunan xüsusatlar sübutların qanunsuz əldə edilməsi ilə bağlı olduğundan, yəni məhkəmə istintaqı zamanı araştırılmalı, bunun nəticəsində təqsirləndirlən şəxsin barəsində cinayət təqibini istisna edən halların mövcud olub-olmaması, habelə onun təqsirli olub-olmaması aydınlaşdırılmalı olan məsələ olduğundan, məhkəmənin hazırlıq iclasında cinayət işinin icraatına xitam verilməsinə dair müdafiə tərəfinin vəsatəti təmin edilməməlidir. Bundan başqa, vəsatətdə sadalanan digər qanun pozuntuları məhkəmə hazırlıq iclasının araşdırma predmetindən kənara çıxdığı üçün və sübutların araşdırılması ilə bağlı məsələlər olduğundan məhkəmə vəsatətə həmin hissədə qiymət verilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası məhkəmə hazırlıq iclasında qeyd olunan məsələləri müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat zamanı həm Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud, həmçinin Cinayət-Prosessual Məcəlləsinin maddələrində nəzərdə tutulan sair prosessual pozuntulara yol verilmişdir. Ona görə də cinayət işinə baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin cinayət işinə baxılmasına xitam verilməsinə və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas vermiş kobud prosessual pozuntulara yol vermiş Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı Şahid4, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Rəşadət Axundov və Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X7 barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması məhkəmə baxışı mərhələsində aradan qaldırılması mümkün olmayan kobud qanun pozuntusudur və belə pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edərkən həmin Məcəllənin 306cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri ilə bağlı məsələyə də baxmalıdır. İş materialları öyrənilərkən müəyyən edilmişdir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs 07 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin müddəti 22 dekabr 2022-ci il tarixədək dəyişdirilmədən saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərarına əsasən məhkəmə hazırlıq iclasında qətimkan tədbiri ilə bağlı məsələyə baxılanadək “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, yəni Təqsirləndirilən şəxs faktiki olaraq həbsdə saxlama müddəti başa çatmış və o, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılmaqdadır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2 və 306.2.1-ci maddələrinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxılmalıdır. Həmin Məcəllənin 300.2.3-cü maddəsinə görə isə qətimkan tədbirinə dair məsələnin həlli məhkəmə hazırlıq iclasında həll edilən məsələlərdən biridir. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 07 mart 2022-ci il tarixdən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın qəbul edildiyi 25 yanvar 2023-cü il tarixədək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri və onun həbsdə saxlanılma müddəti ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əcnəbi olması ilə əlaqədar onun azadlıqda qalacağı təqdirdə istintaqdan və ya məhkəmədən qaçıb gizlənmə, istintaqın və ya məhkəmə baxışının gedişatına maneçilik törətmə ehtimalının olması nəzərə alınmaqla barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli, onun həbsdə saxlanma müddəti hazırlıq iclasının qərarının çıxarıldığı 25 yanvar 2023-cü il tarixdən 15 (on beş) gün, yəni 09 fevral 2023-cü il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1, 300.1.5, 303.3.1, 303.3.6, 306.2 və 306.2.1-ci və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Dövlət ittihamçısı X5 vəsatəti qismən təmin edilsin. Müdafiəçi vəsatəti təmin edilməsin. İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın, onun həbsdə saxlanma müddəti hazırlıq iclasının qərarının çıxarıldığı 25 yanvar 2023-cü il tarixdən 15 (on beş) gün müddətində, yəni 09 fevral 2023-cü il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı Şahid4, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Rəşadət Axundov və Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X7 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surəti proses iştirakçılarına və Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilib icrası təmin edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Sədrlik edən hakim Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-516/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-516/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver