Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-517/2023 28.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, 03 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən, sonuncudan 02 avqust 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə satış məqsədilə qanunsuz olaraq 0,964 qram çəkidə psixotrop maddə metamfetamin və külli miqdar hesab edilən 2,989 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, 03 avqust 2022-ci il tarixdə saat 10:00 radələrində ünvan 2 ünvanın qarşısında piyada hərəkət edərkən Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 4 ünvanında yerləşən Binəqədi RPİ, 43-cü Polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki mavi rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,964 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və eyni cibindən bir ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 2,989 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, saxlanıldığı gün gecə saat 2-3-ə işləmiş qardaşıgilə zəng etmiş, həmin vaxt qardaşıgildə olan öz uşağı xəstə olmuşdur. O, taksi sifariş vermiş və bayıra çıxdıqda, taksinin "Socar" yanacaqdoldurma məntəqəsinin yanında dayandığını görmüşdür. O, taksiyə oturmuş, bu zaman taksi sürücüsünün qurdalandığını görmüşdür. O, sürücüdən nəyi gözlədiyini soruşmuş, sürücü səbrli olmasını, ünvanı dəqiqləşdirdiyini bildirmişdir. Bu vaxt Post- Patrul Xidmətinin əməkdaşları "bu vaxt burada nə gəzirsiniz?" deyə soruşmuş, taksi sürücüsü onun müştərisi olduğunu demişdir. O, polis əməkdaşlarına qardaşıgilə getdiyini bildirmiş, bundan sonra polis əməkdaşları maşından düşmüş və onun olduğu tərəfə gəlmişlər. Polis işçisi onu yoxlayacağını söyləmiş, o da, problem olmadığını bildirmişdir. Sonra taksinin arxa qapısını açmış və üstündə olanları çıxarmağı təklif etmişdir. O da, siqareti, zajiqalkanı, pulu, bir də balaca bıçağı çıxarmışdır. Sonra polis işçisi onu portaldan yoxlamış, onun əvvəllər həbsdə olduğunu və narkoman olduğunu bilmişdir. Daha sonra polislər onu 43-cü Polis bölməsinə gətirmişlər. Orada ona tutulmalı olduğu bildirilmiş, onların dedikləri ilə razılaşmasa, evindən 5 kiloqram narkotik vasitə çıxarılacağını demişlər. Onun təklifi ilə polis işçiləri əvvəlcə yaşadığı evə gedib yoxlamış və heç nə aşkar etməmiş, sonra isə yenidən Polis bölməsinə qaytarıb, orada 3 qram heroin və 1 qram metamfetamin çıxarmışlar. Orada izahat verəndə aşkar olunmuş narkotikləri öz şəxsi istifadəsi üçün «Papanin»dən aldığını bildirmişdir. Polis işçiləri də işi həmin qaydada sənədləşdirmişlər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, əvvəllər narkotikdən istifadə etsə də, artıq neçə illərdir ki, narkotik qəbul etmir. O, 2021-ci ildə Maştağada müalicə olunmuş, sonra isə metadon qəbulu üçün yazılmışdır. Polis işçiləri onu gecə saat 2-3-ə işləmiş saxlamışlar. Həmin vaxt taksi sürücüsü maşından düşməmişdir. Polis əməkdaşları «Sosar» yanacaqdoldurma məntəqəsinin yanında onun üstünə baxış keçirmiş və bölməyə gətiriləndə üstündə heç nə olmamışdır. Onun üzərinə yalnız səhəri günü videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı vəkil də iştirak etmiş və vəkilə üstündə narkotik olmadığını deməmişdir. Həmçinin prokurora və hakimə də üstündə narkotik olmadığını bildirməmişdir. Videoçəkilişdən əvvəl o, polis işçilərinin dedikləri ilə razılaşmışdır. Polis işçiləri onu döyməmiş və ona qarşı hər hansı fiziki, psixi təzyiq göstərilməmişdir. Təcridxanaya daxil olanda onun üzərində hər hansı xəsarət izi olmamışdır. Lakin sonradan istintaq təcridxanasında olarkən o, aclıq etməklə verilmiş ittihama etiraz etmişdir. Həbs olunmamışdan qabaq o, Binəqədi rayonu, Gülüstan qəsəbəsində anasının yanında yaşamışdır. Həmin gecə 055 ***-**-** nömrəli mobil telefonla taksi sifaris vermiş və taksi dərhal gəlmişdir. Tutulanda mobil telefonu üstündə olmuşdur. Polis işçiləri həmin gecə Gülüstan qəsəbəsi, ev 5-də axtarış aparmış, lakin heç nə aşkar olunmamışdır. Onun istifadəsində «Samsung A-10” markalı mobil telefon olmuş, telefonun içərisində iki nömrə olmuşdur. O, istintaq vaxtı yazılı heç nə verməmiş, yazılar hamısı kompüterdə yazılmış, o da, sənədləri imzalamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə və psixortop maddələrdən istifadə etmişdir. 03 avqust 2022-ci il tarixdə saat 10:00-da Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 15 ünvanında küçədə piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün onu yaxınlıqda yerləşən 43-cü Polis bölməsinə dəvət etmişlər. O, razılığını bildirdikdən sonra polis əməkdaşları ilə birlikdə həmin bölməyə gəlmişdir. Orada ona hüquqları izah edilmiş, barəsində şübhəli şəxs qismində tutma protokolu tərtib edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etməmişdir. Həmin zaman ona təklif edilmişdir ki, üzərində narkotik vasitə varsa, təqdim etsin. Buna görə də o, əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən içərisində qəhvəyi rəngli maddə olan 1 ədəd şəffaf selofan büküm və içərisində ağ rəngli kristal şəkilli maddə olan 1 ədəd şəffaf selofan büküm olmaqla, ümumilikdə 2 ədəd selofan bükümü masanın üzərinə qoymuş və əlavə olaraq özünə məxsus olan “Samsung A 10” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Üzərindən başqa əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi maddə təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. O, həmin bükümlərin birində «kakos», digərində isə «patı» kimi tanınan maddələr olduğunu, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 15 və 25 manat olmaqla, ümumilikdə 40 manata aldığını bildirmişdir. Keçirilmiş axtarış və götürmə videoçəkilişlə aparılmış, həmçinin protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. İstintaq zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə və psixotrop maddə alüdəçisi olduğundan öz istifadəsi üçün almış, heç bir zaman narkotik vasitə satmamış, tez-tez almaqla tutulmaqdan ehtiyat edib, uzun müddət kifayət etməsi üçün almışdır. Narkotik vasitə istifadə etmək üçün müxtəlif yerlərdə rastına gəldikdə və ya barəsində eşitdiyi şəxs olarsa, həmin şəxslərdən əldə etmiş, həmin şəxslər özləri barədə ona heç bir məlumat vermədikləri və o da, həmin şəxslərdən bu barədə soruşmadığı üçün barələrində heç bir məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, saxlanıldıqdan sonra Polis şöbəsinə gətirildikdə və orada olarkən polis əməkdaşları tərəfindən ona heç bir psixi və ya fiziki təsir edilməmişdir Lakin istintaqın sonunda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham verilərkən ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir (cild 1, iş vərəqi 70-72, 170-171). Elan olunmuş etirafedici ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, lakin elan olunan ifadə ilə razı olmadığını, özünün tutulmamışdan təxminən bir il əvvələ qədər narkotik vasitələrdən istifadə etdiyini, onun ittihamında göstərilən çəkidə narkotik vasitəni bəzi narkomanların bir günə, bəzilərinin isə üç günə istifadə etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, 43-cü Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 02 avqust 2022-ci il tarixdə qərəzsiz məndəbən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə 43-cü Polis bölməsinin sahə inspektoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 10:00 radələrində onlar Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 15 ünvanında piyada hərəkət edən Təqsirləndirilən şəxs saxlamışlar. Onu narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün baxış keçirilməsindən ötrü 43-cü Polis bölməsinə dəvət etmişlər. Orada təhqiqatçı tərəfindən onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol yan cibində olan 2 ədəd bükümü təqdim etmiş, həmin bükümlərin birində «kakos», digərində isə «patı» kimi tanınan narkotik vasitələr olduğunu bildirmişdir. Həmin maddələr qablaşdırılıb götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri «Papanin» adlanan ərazidən tanımadığı şəxsdən 15 və 25 manat olmaqla, ümumilikdə 40 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik və psixotrop maddələrin sonuncunun özünə məxsus olduğunu, tutularkən və ya polis bölməsində oalrkən heç kəsin, o cümlədən özünün onun üstünə həmin narkotikləri qoymadığını, bu barədə Təqsirləndirilən şəxs dediklərinin şər və böhtan olduğunu ifadəsinə əlavə etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, 43-cü Polis bölməsinin sahə inspektoru Şahid2 03 avqust 2022-ci il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılması və 43-cü Polis bölməsinə gətirilərək üzərinə şəxsi axtarış zamanı narkotik vasitə heroin və psixotrop maddə mtamfetaminin aşkar olunması ilə bağlı keçirilmiş əməliyyat tədbirində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 03 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs Binəqədi RPİ, 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb həmin bölməyə gətirilərək üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən içərisində qəhvəyi rəngli maddə olan 1 şəffaf selofan büküm və içərisində ağ rəngli kristal şəkilli maddə olan 1 ədəd şəffaf selofan büküm olmaqla, ümumilikdə 2 ədəd selofan bükümü, şalvarın sağ yan cibindən özünə məxsus “Samsung A10” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Mobil telefon iş üçün sübut əhəmiyyəti olmadığından vətəndaşa geri qaytarılmış, üzərinə axtarış zamanı isə başqa qanunsuz əşyalar aşkar olunmamışdır. Bükümlərin içərisində nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs bükümlərin birində «kakos», digərində isə «patı» kimi tanınan narkotik vasitələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri haradan aldığı soruşulduqda,o, həmin bükümü Nəsimi rayonu, “Papanİn” adlanan yerdən tanımadığı şəxsdən 15 manat və 25 manat olmaqla, ümumilikdə 40 manata aldığını bildirmişdir. Həmin şəfaf rəngli selofan bükümlər 1 (bir) ədəd zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 243 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Həmin protokola 1 ədəd DVD disk əlavə edilmişdir (cild 1, iş vərəqi 34-35). Cinayət işində olan 1 ədəd DVD diskə baxış protokolundan görünür ki, həmin diskdə 03 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülər qeydə alınmışdır və həmin videogörüntülər şəxsi axtarış və götürmə protokolunda əks olunanlarla uyğunluq təşkil edir (cild 1, iş vərəqi 55). Məhkəmə-kimyəvi ekspertizasının 04 avqust 2022-ci il tarixli 6/4162 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün № 243» dairəvi möhür əksləri olan, «...3) Təqsirləndirilən şəxs...» ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) bükümdə təmiz çəkisi 2,989 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) bükümdə təmiz çəkisi 0,964 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, 41-46). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5713 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 142-143). İbtidai istintaq orqanının 21 noyabr 2022-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 2,989 qram narkotik vasitə olan heroin və təmiz çəkisi 0,964 qram psixotrop maddə metamfetamin, həmçinin 03 avqust 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,939 qram çəkidə narkotik vasitə heroin və 0,914 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 1 ədəd DVD disk isə iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 144- 151, 192). Elektron Məhkəmə portalından əldə olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Məryəm adlı bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif cinayət əməllərini törətməkdə təqsirli bilinib beş dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə o, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu ildə Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 104-107, 109-111). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində narkotik və psixotrop maddələr olmadığını, saxlanıldığı gün gecə saat 2-3-ə işləmiş qardaşıgilə zəng etdiyini, həmin vaxt qardaşıgildə olan uşağı xəstə olduğunu, buna görə taksi sifariş verdiyini və bayıra çıxdıqda taksinin "Socar" yanacaqdoldurma məntəqəsinin yanında dayanmasını gördüyünü, taksiyə oturduğunu, bu zaman taksi sürücüsünün bir az ləngidiyini, həmin vaxt Post-Patrul Xidmətinin əməkdaşının yaxınlaşıb onu yoxlayacağını söylədiyini, həmin əməkdaşın təklifi ilə üzərində olan bütün əşyaları təqdim etdiyini, lakin hər hansı narkotik və psixotrop maddə aşkar etmədiyini, sonra polis işçisinin onu portaldan yoxladığını, onun əvvəllər həbsdə olmaqla narkoman olduğunu bildiyini, buna görə 43-cü Polis bölməsinə gətirdiklərini, orada ona tutulmalı olduğu bildirildiyini və onların dedikləri ilə razılaşmasa, evindən 5 kiloqram narkotik vasitə çıxarılacağını dediklərini, onun təklifi ilə polis işçilərinin əvvəlcə yaşadığı evə gedib yoxladıqlarını və heç nə aşkar etmədiklərini, sonra yenidən onu Polis bölməsinə qaytarıb, orada 3 qram heroin və 1 qram metamfetamin çıxardıqlarını, orada izahat verəndə aşkar olunmuş narkotikləri öz şəxsi istifadəsi üçün «Papanin»dən aldığını bildirdiyini, əslində isə həmin maddələrin ona məxsus olmadığını, həmin gecə 055 ***-**-** nömrəli mobil telefonla taksi sifaris verdiyini, tutulanda mobil telefonun üstündə olduğunu, onun istifadəsində içərisində iki nömrə olan «Samsung A-10” markalı mobil telefonun olduğunu bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitə və psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində aşkar olunmuş narkotik və psixotrop maddələrin ona məxsus olduğunu, onları Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 15 və 25 manat olmaqla, ümumilikdə 40 manata aldığını, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini, döyülmədiyini və işgəncələrə məruz qalmadığını bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxsin istifadəsində olduğu bildirilən 077 510-56-16 nömrəli mobil telefonun kimə məxsus olması, həmin telefonla aparılmış danışıqlara dair məlumatlar, həmçinin anten məlumatları "xxxx" MMC-dən götürülmüş, mobil nömrənin X2 adına rəsmiləşdirildiyi müəyyən edilmiş, lakin həmin məlumatlarda təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri təsdiq edə biləcək hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa, yenə müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olduğu bildirilən 077 510-56-16 və 055 269-69-11 nömrəli mobil telefonlarla "xxxx" şirkətindən taksi sifariş verilməsi, müsbət halda həmin taksinin hərəkət trayektoriyası, nə vaxt və hansı ünvanlarda olması barədə məlumatların əldə olunması üçün müvafiq sorğu verilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ******* saylı cavab məktubundan görünür ki, «Uber» servisinin sifarişləri barədə məlumatlar son 180 gün üçün verilir, buna görə "xxxx" MMC tələb etdiyiniz məlumatları təqdim edə bilməz. Cinayət işində olan Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə baxılarkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satmaq məqsədilə deyil, öz şəxsi istifadəsi üçün ucuz qiymətə aldığını, narkotikdən ağrılarının keçməsi üçün istifadə etdiyini bildirmişdir. Həmçinin işdə olan materiallara görə təxminən 4 aya yaxın müddət ərzində davam edən istintaq zamanı onun hər hansı orqana şikayəti və müraciəti daxil olmamışdır. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, narkotik və psixotrop maddələrin polis bölməsində onun üzərinə qoyulması barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 03 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi, 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5713 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,939 qram çəkidə narkotik vasitə heroin və 0,914 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş üzrə müdafiəçi - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabata görə, o, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi ilə əlaqədar 40 saat vaxt sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat pul vəsaiti Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatı 92 (doxsan iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməklə ekspertiza tədqiqatından sonra qalıq qalan 2,939 qram çəkidə narkotik vasitə heroin və 0,914 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-517/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-517/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver