Məhkəmə qərarları › İş №1(101)-517/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-517/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-517/2024 29.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14 : 55 -də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda 01 ədəd ağ rəngli sellofana bükülmüş təmiz çəkisi 14,11 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd bükümdə təmiz çəkisi 0,865 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin narkotik vasitə heroindən 01 ədəd bükümdə təmiz çəkisi 0,109 qram narkotik vasitə heroinin qohumu Şahid1 Camal oğluna 15 manata satmış və 22 fevral 2023-cü il tarixdə saat 12:00- da Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ şossesi 36 ünvanında yerləşən 6 saylı Vərəm dispanserinin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilərək orada videoçəkiliş aparmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 02 ədəd sellofana bükülmüş təmiz çəkisi 14,001 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,865 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, gecə saatlarında dayısı oğlu Şahid1 ilə birlikdə Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən Vərəm dispanserinin yaxınlığına şəxsi istifadəsi üçün narkotik vasitə almaq üçün getmiş və taksidə əyləşən zaman X6 əməkdaşları yaxınlaşaraq, onları şübhəli şəxs kimi saxlamışlar. Polis əməkdaşları onları azad etmək üçün 2000 manat məbləğində pul tələb etmişlər. Onlar həmin məbləği tapa bilmədikləri üçün Suraxanı RPİ-nin 33-cü polis bölməsinə təhvil verilmişlər. Polis bölməsində təhqiqatçı onlardan birinə AR CM-in 234.1, digərinə isə AR CM-in 234.1-1-ci maddəsi ilə təqdim edilmiş sənədlərə imza etmələrini təklif etmişdir. Onlar hər ikisi Polis Bölməsində döyülmüş, o, 3 saylı İstintaq Təcridxanasına daxil olarkən bədənində xəsarətlər olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində hər hansı narkotik vasitə olmamışdır. O, Xocahəsən qəsəbəsində yaşayır, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən Vərəm dispanserinin yaxınlığına 1 qram çəkidə narkotik vasitə almaq üçün getmişdir. Həmin narkotik vasitə üçün 50 manat pul ödəməli idi. Narkotik vasitə almaq istədiyi şəxsdən əvvəllər də bir neçə dəfə şəxsi istifadə üçün narkotik vasitə almış, ********** nömrəsi ona məxsusdur, iş materiallarında olan sms mətnləri ilə tanışdır. Həmin yazışmalarda olan söhbətlər narkotik vasitələrin satışı ilə əlaqədar deyil. Sadəcə olaraq, həmin yazışmalarda dost-tanışlarla bir-birilərinə narkotik vasitə tapmaqla bağlı danışıqları olmuşdur. Şahid1 heç bir zaman narkotik vasitə satmamış, ibtidai istintaq zamanı ifadələrini oxumadan imza etmişdir. Samir və o, polis əməkdaşları onları saxlayan zaman onlardan yayınmağa, qaçmağa cəhd etməmişlər. Şahid1 atasının ürək xəstəliyi ilə bağlı Rusiya Federasiyasına yollanmalı olduğundan, Samirin sərbəst buraxılması üçün o, məsuliyyəti üzərinə götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili işləyir və polis kapitanı xüsusi rütbəsi daşıyır. 22 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 12:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Vərəm Dispanseri”nin yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs və Şahid1 bənzəyən şəxslərə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib, onlardan özlərini təqdim etməsini tələb etmişlər. Həmin şəxslər də özlərini Təqsirləndirilən şəxs və Şahid1 kimi təqdim etmişlər. Onlara narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərlərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onları Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Şahid1 da razı olaraq onlarla birlikdə 30-cu PŞnə gəlmişlər. 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə əvvəlcə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bir-birinə bərkidilmiş bükümləri çıxarıb təqdim etmişdir. Həmin iki ədəd büküm açılaraq içərisinə baxış keçirildikdən sonra ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içində kakos və digər bükümün içərisində isə patı kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olmasını, həmin narkotik maddələri 22 fevral 2023-cü il tarixdə zaklatka yolu ilə İİR-nın vətəndaşı olan tanımadığı şəxsdən 450 manat ödəməklə satış məqsədi ilə əldə etdiyini, həmin narkotik maddədən satdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin iki ədəd bükümlər götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs də etirazının olmadığını demişdir. Sonra Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə onun yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı həmin evdən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Sonra isə bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs və Şahid1 saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞdə olduğu zaman onlara qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması qeyd edilmişdir. Saxlanılan zaman Şirbəy və Samir qaçmağa cəhd göstərmiş, lakin, hər hansı xəsarət aldıqlarını görməmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirən zaman evdə kimlərin olmasını xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü Polis bölməsinin sahə inspektoru Şahid3 Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bundan təxminən 1 il qabaq “kakos“ adlanan narkotik maddəni birlikdə istifadə etmək üçün Təqsirləndirilən şəxsgilin evinə getmişdir. O, Təqsirləndirilən şəxs həm qohumudur, həm də eyni qəsəbədə yaşamışlar. Narkotik maddəni də Şirbəylə birlikdə istifadə etmişlər. O, Şirbəygilin evinə getdikdə Şirbəy özündə də narkotik maddə olmadığını, lakin sabah bir şəxsdən narkotik maddə alıb verə biləcəyini demişdir. O, həmin vaxtlar narkotik istifadəçisi olmuşdur. İndi isə təxminən 1 ildir ki, narkotik maddə istifadə etmir. O, həmin gün Şirbəyin narkotik maddəni kimdən, necə və harda əldə edəcəyi barədə ümumiyyətlə məlumatsız olmuşdur. Onlar Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Vərəm Dispanseri”nin yaxınlığına getmişlər. O, maşında əyləşmiş, Şirbəy isə narkotik maddəni əldə etmək üçün aşağı düşüb yaxınlıqda tanımadığı və daha əvvəl görmədiyi, anket məlumatları ona məlum olmayan bir şəxslə görüşmüşdür. Həmin vaxt polis əməkdaşları yaxınlaşaraq onlara özlərini təqdim etmişlər və onların narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərlərinə şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onları Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparmışlar. O, Şirbəyə narkotik maddə almaq üçün pul verməmişdir. O, saxlanıldıqları gün sadəcə olaraq, taksi sürücüsünə verməsi üçün Şirbəyə 15 manat məbləğində pul vermişdir. İbtidai istintaqda bəhs edilən İran vətəndaşını da tanımır. Zığ qəsəbəsinə getdiklərini də əvvəlcədən bilmirmiş. O, maşında əyləşmiş, Şirbəy isə narkotik maddəni əldə etmək üçün aşağı düşüb yaxınlıqda tanımadığı və daha əvvəl görmədiyi, anket məlumatları ona məlum olmayan bir şəxslə görüşmüşdür. Polis əməkdaşları onu maşında əyləşərkən saxlamışlar. Şirbəy maşından çox uzaqlaşmamışdır. O isə maşında qabaqda oturub taksi sürücüsü ilə “onları niyə görə geri qaytarmaması“ səbəbindən mübahisə edirmiş. Taksi sürücüsü ilə razılaşa bilmədiyini görüb yeni taksi sifariş etmişdir. Telefonda taksinin çatmasına 1 dəqiqə qalmış, polis əməkdaşları gəlib onları aparmışlar. Polis əməkdaşları onlara yaxınlaşanda Şirbəy artıq işini həll edib yenidən maşına əyləşmişdir. Şirbəyin əlində narkotik vasitəni görməmişdir. O, polis bölməsində döyülməmiş, hər hansı bir təzyiq də olmamışdır. Polis bölməsində Şirbəyin qaşında yaralanma görmüş, amma bu xəsarəti necə aldığını bilməmişdir. Şirbəyin də polislər tərəfindən döyülməsinin şahidi olmamışdır. O, 15 manat məbləğində pulu Şirbəyə taksiyə ödəniş ediləcək pulun üzərini düzəltməsi üçün vermişdir. Şirbəy ona narkotik vasitəni pulsuz verəcəkmiş. Saxlanıldıqları vaxt saat neçə olduğu və günün hansı hissəsi olduğunu xatırlamır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/1078 saylı 22 fevral 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 171“ möhür əksi, “Şübhəli şəxs Şahid1 üzərindən....” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,109 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxildir. (iş vərəqə 61-65) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/1079 saylı 22 fevral 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 171“ möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,865 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 14,001 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq olunmuş siyahılar üzrə : Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 67-71) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 3458 saylı 03 iyun 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 198-199) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 hüquqi şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının 912 saylı 08 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi fəaliyyətinə görə istintaq hərəkətlərinin həyata keçirilməsində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nİn 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 193- 195) İş materiallarında olan 22 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bir-birinə bərkidilmiş bükümlər və əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Huavei” markalı mobil telefon aşkar edilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. (iş vərəqə 24-25) İş materiallarında olan 22 fevral 2023-cü il tarixli evə baxış və götürmə aparılması protokolundan da görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı həmin evdən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməmiş və götürülməmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. (iş vərəqə 27-30) İş materiallarında olan 22 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan görünür ki, həmin tarixdə Şahid1 üzərində şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd büküm aşkar edilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. (iş vərəqə 54-55) İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, əyninə olan boz rəngli cins şalvarın sol yan cibindən bir-birinə bərkidilmiş halda iki ədəd bükümü və əynindəki şalvarın sağ arxa cibindən 01 ədəd “Huavei” markalı mobil telefonu çıxarıb təqdim etməsi, polis əməkdaşları tərəfindən həmin bükümlər açılaraq içinə baxıldıqdan sonra sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərdən 1 ədədində kakos kimi tanıdığı narkotik vasitə heroin, digər bükümdə olan isə şüşə kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını, həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşından 450 manat ödəməklə aldığını, aldığı narkotik vasitə heroindən 1 ədəd bükümü düzəldib qohumu Samirə 15 manata satdığnı bildriməsi, ondan aşkar edilmiş iki ədəd bükümün polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunması, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmaması müəyyən edilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. (iş vərəqə 100-101) İş materiallarında olan Şahid1 üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Şahid1 üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, əyninə olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etməsi, polis əməkdaşları tərəfindən həmin büküm açılaraq içinə baxış keçirildikdən sonra ondan həmin bükümün içində nə olması barədə soruşulması, Şahid1 isə həmin bükümün içərisində kakos kimi tanıdığı narkotik vasitə heroin olmasını bildirməsi, ondan aşkar edilmiş bir ədəd bükümün polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunması, bundan sonra Şahid1 üzərində şəxsi axtarışın davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmaması müəyyən edilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə bağlı alınmış məhkəmə qərarı əsasında "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı - 22.01,2023-cü il tarixdə saat 18:18:21 -də ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “mənə bir damcı kola verdə vurmaxa vəziyyətdən çıxım patın yanında gor alındıra bilsən ela olar pisxi vəziyət";xx.xx.2023-cü il tarixdə saat 15:00:18-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqas yarı lazımdı varındu”;- xx.xx.2023-cü il tarixdə saat 01:55:43də ***-***-**-** saylı mobil nömrədən 00994-70-234-93-53 saylı mobil nömrəyə “Qardasim mennen srocnu svyaza cixda ko lazimdi mene 1dene mesaji sil"; -xx.xx.2023- cü il tarixdə saat 21:06:50-də 00994-77-503-93-23 mobil nömrədən 077-600-80- 88 saylı mobil nömrəyə “Qardaş mene bidene kömeyliy elede xesde kola cekib yaman güne qalmısam puldanda düzedmisem azı qalıb”; - xx.xx.2023-cü il tarixdə saat 23:01:51-də 055- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqas teli niye sondursumen temavı ötürüm sene” - xx.xx.2023-cü il tarixdə saat 05:29:48-də 055-503- 27- 66 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qerdes yani siryoznu yanav elimizde olsun kamilde senen tema danışıb e onu hell eliyir";- xx.xx.2023-cü il tarixdə saat 16:23:54-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “50 manata gore 2 qram patiya gore isi emioglun bilir senin derdin ne olacaq?”- xx.xx.2023-cü il tarixdə saat 08:06:36-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qardaş yarı qaldım pati yoxdu ayila bilmirem”- xx.xx.2023-cü il tarixdə saat 18:02:44-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “isin nedi yeke oğlansan cavab verde 10 manata torpağ ver olurem ağrıdan, noldu ala sen tay insansan adamsan agriyiriq ala”- xx.xx.2023-cü il tarixdə saat 15:19:28-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Şirbey 05 das 05 kola alınır, aye 10 kola 5 diye das alınar”- xx.xx.2023-cü il tarixdə saat 20:04:25-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “yarım kola 10da pendir cavab verde”xx.xx.2023-cü il tarixdə saat 09:03:27-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqas etib olarki 2 yox 20 dene das vererem. O ne sözdü istemede"-xx.xx.2023-cü il tarixdə saat 16:54:55-də ***-***-**-** saylı mobil nömrədən 055-503-27- 66 saylı mobil nömrəyə “ok qardaşım göndərirəm 15 deq. Pulu birazdan yıgacam 1 denede das vere”- xx.xx.2023-cü il tarixdə saat 00:27:59-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qardaş canı 08 torpaq vermisem bir cetde payı. Ograsdu bomba telefossalar sende ele de”, məzmununda sms mətnləri və yazışmalar müəyyən edilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. (iş vərəqə 212-235) Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizənin və Suraxanı rayon Prokurorluğu tərəfindən tərtib olunmuş təqririn surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xəsarəti polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl aldığını, xəsarəti ilə bağlı heç kimdən şikayətinin olmadığını bildirərək, şikayəti əsasında icraatın dayandırılmasını xahiş etdiyindən, şikayət üzrə icraat dayandırılmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, saxlanılan zaman üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı özünün xx.xx.2023-cü il tarixli etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 6/1079 saylı 22 fevral 2023-cü il tarixli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 3458 saylı 03 iyun 2023-cü il tarixli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 hüquqi şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının 912 saylı 08 aprel 2023-cü il tarixli rəyləri, 22 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması protokolu, 22 fevral 2023-cü il tarixli evə baxış və götürmə aparılması protokolu, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi protokolu, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə ilə bağlı alınmış məhkəmə qərarı əsasında "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskə baxış keçirilməsinə dair protokol, xx.xx.2023-cü il tarixli ərizənin və Suraxanı rayon Prokurorluğu tərəfindən tərtib olunmuş təqririn surətləri və digər mötəbər sübutlarla tam təsdiqini tapır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5 ilə yaxın müddətdir ki, narkotik vasitədən və psixotrop maddədən istifadə edir. Həmin narkotik maddələri adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün alıb istifadə etmişdir. 21 fevral 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Söhbət əsnasında həmin şəxs ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu, narkotik vasitə nə vaxt lazım olarsa təşkil edə biləyəcəyini, sata biləcəyini demişdir. O da həmin şəxsdən təxminən 15 qrama yaxın “kakos” kimi tanıdığı narkotik vasitə heroin və “şüşə,, kimi tanıdığı psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs sifariş verdiyi narkotik vasitənin qiymətinin 450 manat təşkil edəcəyini demişdir. O, həmin şəxsin təklifi İlə razılaşıb narkotik vasitəni nə vaxt götürməyini soruşduqda sabah, yəni 22 fevral 2023-cü il tarixdə Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən Vərəm dispanserinin yaxınlığında satacağını demişdir. 22 fevral 2023- cü il tarixdə o, qohumu Şahid1 ilə birlikdə Suraxanı rayonu, Zığ qəsəbəsəində yerləşən Vərəm dispanserinin yaxınlığında olan zaman tanımadığı şəxs gəlib ona yaxınlaşmış və sifariş verdiyi narkotik vasitəni gətirdiyini bildirmişdir. O, həmin şəxsə 450 manat pul ödəmiş və narkotik vasitəni ondan alıb içərisinə baxdıqda 1 ədəd sellofana bükülmüş bükümün içərisində 2 büküm olduğunu, həmin bükümlərdən “kakos” kimi tanıdığı narkotik vasitə heroin və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Narkotik vasitəni satan şəxs oradan çıxıb getdikdən sonra “kakos” kimi tanıdığı narkotik vasitə heroindən siqaretin gümüşü kağızına büküm 1 ədəd büküm düzəldib qohumu Samirə 15 manata satmışdır. Artıq saat 12 radələrində həmin ünvandan uzaqlaşmaq istəyən zaman iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşı kimi təqdim etmişlər, daha sonra onların şəxsiyyəti barədə soruşmuşlar. O, özünü Təqsirləndirilən şəxs kimi, Samir də özünü Şahid1 kimi təqdim etmişdir. Polis əməkdaşları onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün onlarla birlikdə 33-cü polis bölməsinə getməyi təklif etdikdə, o, Samirlə birlikdə oradan qaçmağa başlamış, həmin vaxt ayağı büdrəyib Samirə dəyərək yerə yıxılmışdır. Həmin vaxt alın nahiyəsində bərk küt ağrılar hiss etmişdir. Həmin vaxt Samir də yerə yıxılmışdır. Bundan sonra polis əməkdaşları onları 33-cü polis bölməsinə gətirmişlər. Polis bölməsində yıxılaraq xəsarət aldıqları üçün 33-cü polis bölməsinin növbətçi hissəsində akt tərtib edilmiş və onunla qohumu Samir aktı imzaları ilə təsdiq etmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunmasından ötrü ərizəsi əsasında dövlət hesabına Bakı şəhər 9 saylı Vəkil Bürosundan vəkil X1 dəvət edilmiş, bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində yəni əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxlamaqla daşıdığı 01 ədəd ağ rəngli selofandan ibarət bükümü və şalvarının sağ arxa cibindən istifadə etdiyi “Huavei” markalı mobil telefonu təqdim etmişdir. Polis əməkdaşları onun üzərindən aşkar edilən bükümü açdıqda, həmin bükümün içərisindən 2 ədəd büküm aşkar edilmişdir. Həmin vaxt o, polis əməkdaşlarına həmin bükümlərdəki maddələrin narkotik vasitələr olduğunu, bükümlərdən 1 ədədində kakos kimi tanıdığı narkotik vasitə heroin, digər bükümdə olan isə şüşə kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşından 450 manat ödəməklə almışdır. Aldığı narkotik vasitə heroindən 1 ədəd büküm düzəldib qohumu Samirə 15 manat satmışdır. Ondan aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 171 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları onu Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən Vərəm dispanserinin yaxınlığında saxlamışlar. Əvvəllər narkotik vasitələri Bakı şəhəri ərazisində müxtəlif yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxslərdən almışdır. Özü narkotik vasitənin aludəçisi olsa da, heç bir yerdə işləmədiyi üçün aldığı narkotik vasitədən satmışdır ki, yenə də narkotik vasitə ala bilsin. Bu məqsədlə də o, aldığı narkotik vasitələrdən sataraq qazanc əldə etmişdir. O, 077-600-80- 88 mobil nömrəsindən istifadə etmiş, bundan başqa mobil nömrəsi olmamışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Həmçinin, Şahid1 məhkəmə iclasında qohumluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs iştirakı ilə ifadə verən zaman Şirbəyin narkotik vasitəni ona satmadığını, 15 manat pulu taksiyə ödəniş edilməsi üçün verdiyini bildirsə də, o, ibtidai istintaq zamanı ifadəsində Şirbəyin narkotik vasitəni aldıqdan sonra narkotik vasitə heroindən 1 büküm düzəldib ona 15 manat müqabilində satmasını, üzərindən aşkar edilən heroini qohumu Şirbəydən 15 manat müqabilində pul ödəyərək aldığını demişdir. Eləcə də, Şahid1 məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli teleqramda qeyd etmişdir ki, polis idarəsində verdiyi izahatını təsdiq edir, həmin izahata başqa əlavəsi yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 01 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun cəzası 09 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2021-ci ildə isə cəzasının sonu ilə azad edilmişdir. (iş vərəqə 176-177) AR Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi halı yoxdur. Elektron Məhkəmə sisteminin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X3 olmaqla bir azyaşlı övladı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və AR CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(010)-88/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 17, 134-138) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 3458 saylı 03 iyun 2023-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 220 (iki yüz iyirmi) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 14,001 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,901 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,865 qram psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,815 qram psixotrop maddə metamfetamin, Şahid1 üzərindən aşkar edilərək götürülmüş 0,109 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,059 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş “Huavei” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 14,001 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,901 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,865 qram psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,815 qram psixotrop maddə metamfetamin, Şahid1 üzərindən aşkar edilərək götürülmüş 0,109 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,059 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş “Huavei” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 220 (iki yüz iyirmi) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar