Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-518/2021 21.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1977-ci ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Quba rayon məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 186.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Quba şəhəri, M.B.Tahirov küçəsi, ev 13 ünvanında qeydiyyatda olan, xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il saat 18:09-da Quba şəhəri, Heydər Əliyev prospekti, 143 ünvanının qarşısında orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində tanışı Zərərçəkmiş şəxs birlikdə içmək üçün spirtli içki alması barədə istəyini rədd etdiyinə görə aralarında yaranmış mübahisəni bəhanə edərək, heç bir ciddi səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə üzərində gəzdirdiyi soyuq silah hesab olunmayan məişət təyinatlı bıçaqla sonuncunun üzərinə hücum etmiş, aralarında yaranmış münaqişənin böyüyərək ictimai xarakter almasına zəmin yaradıb, həmin yerdə olan şəxslərin sakitləşmək üçün çağırışlarına məhəl qoymadan intensiv hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkətinə mane olaraq oradan keçən şəxslərin narahatlığına səbəb olmaqla cəmiyyət arasında formalaşmış birgəyaşayış və davranış qaydalarına etinasızlıq edərək özünü cəmiyyətin fövqündə qoymaqla və öz “üstünlüyünü” nümayiş etdirmək məqsədilə ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlər etməklə silah qismində istifadə olunan əşyadan istifadə edərək xuliqanlıq etmiş, Zərərçəkmiş şəxs öldürmək niyyətilə çoxsaylı bıçaq zərbələri endirmə cəhdlərinə baxmayaraq özünün sərxoş vəziyyətdə olması və Zərərçəkmiş şəxs aktiv müqavimət göstərməsi səbəbindən həmin zərbələrin çoxu boşa çıxsa da, sonuncuya bel, sol yan və döş qəfəsi nahiyəsindən bir neçə dəfə zərbə endirməyə müvəffəq olaraq sağ əlin İİ və İİİ barmaqlarının ovuc səthində hərəsində bir yerdə kəsilmiş yaradan ibarət sağlamlığa yüngül zərər vurmaya, qarınüstü sahədə bir yerdə qarın boşluğuna nüfuz edərək qara ciyərin zədələnməsi ilə nəticələnən kəsilmiş-deşilmiş yara, qarının ön divarında solda bir yerdə qarın boşluğuna keçərək dalağın zədələnməsi və çıxarılması ilə nəticlənən deşilmiş-kəsilmiş yara, bel nahiyəsində solda peritonarxası boşluğa keçərək böyrəyin zədələnməsi və çıxarılması ilə nəticələnən kəsilmiş-deşilmiş yaralardan ibarət həyat üçün təhlükə törədən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, həmin xəsarətlər nəticəsində Zərərçəkmiş şəxs öləcəyinə əmin olaraq ondan ayrılmış, lakin sonuncunun Quba mərkəzi rayon xəstəxanasına yerləşdirilməklə həkimlər tərəfindən göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatının xilas edilməsi səbəblərindən öz niyyətini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs xuliqanlıq niyyətilə qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə saat 15 radələrində Quba şəhər Meydanının yaxınlığında yerləşən marketdən 250 qramlıq bir şüşə araq, bir şüşə spirtli enerji içkisi və bir qutu siqaret alaraq Meydanda yerləşən çardağın altında oturub həmin içkiləri içmişdir. Bir müddət sonra Gülağa onun yanına gəlib cibindən təxminən 100 qramlıq şüşədə tibbi spirt çıxarıb içməyə başlamış, həmin içkidən ona təklif etsə də, imtina etmişdir. Öz arağını içib qurtarmış, ancaq enerji içkisinin içərisində qalan hissəsini Gülağaya vermişdir. Bundan sonra o, yenidən marketə getmiş və 250 qramlıq araq alaraq Gülağanın yanına qayıtmış, həmin araqdan 150 qramını özü, qalan 100 qramını isə Gülağa içmişdir. Bundan sonra Gülağa ünvansız söyüşlər söyməyə başlamış, ondan bu hərəkətlərinə son qoymağı istəsə də, buna nail olmamışdır. Gülağa ondan yenə araq istəyəndə arağın qalmadığını demiş, sonuncu, ona və ailə üzvlərinə qarşı söyüşlər söymüşdür. O, Gülağanın yaxasından tutub silkələmiş, bu zaman Gülağa üzərində gəzdirdiyi cib bıçağını çıxardaraq onun sol bud nahiyəsindən vurmuşdur. O, Gülağa ilə əlbəyaxa mübahisə edərək Heydər Əliyev prospektində yol kənarına gəlmiş, orada Gülağanı itələyib yıxmışdır. Ona qarşı əsəbləri soyumadığına görə cibində saxladığı mətbəx bıçağını çıxararaq Gülağanın bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirməyə başlamışdır. Bu zaman Gülağa əl-qol ataraq özünü müdafiə etdiyinə və zərbələrdən yayındığına görə bıçaq zərbələrinin çoxu ona dəyməmiş, bununla belə ona bir neçə bıçaq zərbəsi vura bilmişdir. Gülağa onun mərhum anasına söydüyü üçün hirsi soyumamış, ona görə də Gülağa onun əlindən qaçıb gedərkən arxasınca düşüb onu tutmuş və yenidən bıçaq zərbələri vurmuşdur. Həmin vaxt ətrafda başqa adamlar onu sakitləşdirməyə çalışsalar da, həm spirtli içkinin təsirindən, həm də Gülağanın onu söyməsi səbəbindən heç kimə məhəl qoymamışdır. Sualları cavcablandıran Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəlcə bir dəfə vurduğunu, sonra onun anasının ünvanına nalayiq söyüşlər söydüyü üçün sonradan iki dəfə vurduğunu və əməlindən peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, 2020-ci ilin əvvəllərində Vüqar onların qonşusu Mikayılın evinə gələrək bir neçə ay ərzində orada qalmışdır. Təqsirləndirilən şəxs gəlib Mikayılın evində qaldıqdan bir neçə gün sonra onun əvvəllər məhkum olunması və hazırda narkotik istifadəçisi olması məlum olmuşdur. Hətta bir dəfə onun özü-özünə xəsarət yetirdiyinin şahidi olduğu üçün onun təhlükəli adam olduğunu düşünərək bir qonşu kimi narahat olmuşdur. Ona görə də qonşular Vüqarın oradan köçürülməsi üçün bir neçə dəfə polisə müraciət etmişlər. Vüqar da onların bu narazılıqlarından xəbər tutmuş və hamını hədələmişdir. Bir dəfə polisə onun qızı Aygünün telefonu ilə zəng vurulduğuna görə Vüqar ona və ailə üzvlərinə qarşı xüsusilə acıqlı olmuşdur. Lakin bütün bunlara baxmayaraq, Vüqarla onun arasında əvvəllər heç bir münaqişə olmamışdır. Zərərçəkmiş şəxs ifadəsinə görə, xx xxx 2020-ci il tarixdə saat 14 radələrində Quba şəhər bazarında olarkən təxminən 100 qram araq içmiş, sonra piyada “Meydan” adlanan əraziyə gəlmişdir. Orada bir qədər dayandıqdan sonra Vüqar yanına gəlmiş, ağzından gələn qoxudan və hərəkətlərindən Vüqarın sərxoş olduğunu hiss etmişdir. Vüqar əvvəlcə ondan siqaret istəmiş, sonra isə “imkanın varsa, mənə bir dənə tibbi spirt al” demişdir. O da, imkanı olmadığını bildirmiş, bu zaman Vüqar ona «var-yox» söyüşü söymüşdür. O da, eyni söyüşləri Vüqara qaytarmış və aralanıb getmək istədikdə Vüqar onun arxasınca gəlmişdir. Təqsirləndirilən şəxslə mübahisə edə-edə onlar “Tək ulduz” marketin qarşısına tərəf gəlmişlər. Orada Təqsirləndirilən şəxs onu söyməyə davam etmiş və o, sonuncuya bir yumruq vurmuşdur. Vüqar da onu itələyib yerə yıxmış, yerdən durmaq istəyərkən Vüqar əlindəki bıçaqla onun mədəsinin üst nahiyəsinə bir zərbə vurmuşdur. Vüqarın əlindəki bıçaqla onu öldürəcəyini başa düşüb qaçıb aralanmaq istəsə də, Vüqar ondan əl çəkməyib arxasınca gələrək musiqi məktəbinin qarşısında ona çatmış, əlindəki bıçaqla ona dalbadal bir neçə bıçaq zərbəsi vurmuşdur. Vüqar ondan əl çəkməmiş, israrla onu vurmağa cəhd etmiş, bu zaman Vüqarın niyyətinin onu öldürmək olduğunu başa düşmüşdür. Həmin vaxt orada bir neçə nəfər adam da olsa, Vüqarın əlində bıçaq olduğunu gördüklərindən heç kim yaxınlaşmağa cürət etməmişdir. Vüqar isə ətrafda olanların heç birinə məhəl qoymadan ucadan söyüşlər söyərək "səni məhv edəcəyəm" deyə bağırmışdır. Vüqarn əlindən çıxıb yuxarı, yəni evlərinə tərəf qaçmaq istəsə də, Vüqar onun arxasınca düşərək yenə bıçaqla böyür nahiyəsindən vurmuş, o da, özünü saxlaya bilməyib yerə yıxılmışdır. Vüqar yerdə ona sonuncu ağır zərbəni qarın nahiyəsindən vurmuş və bıçağı qarnına daxil etdikdən sonra yuxarıya tərəf çəkərək kəsmiş və bağırsaqları bayıra tökülmüşdür. Bundan sonra Vüqar onun öləcəyini düşünüb əl çəkmişdir. O, birtəhər ayağa durub çətinliklə evlərinə tərəf getmiş, evin həyətinə çatan zaman arvadı və qızı onun yanına gəlmiş, bundan sonra huşunu itirmiş, ayıldıqda isə xəstəxanada olduğunu görmüşdür. Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxslə aralarında olan münaqişənin təxminən 10-15 dəqiqə davam etdiyini, yaranmış münaqişə zamanı üstündə bıçaq olmadığını və Vüqara heç bir xəsarət yetirmədiyini, Vüqar onu birinci dəfə bıçaqla vurandan sonra əlindən qaçmaq istəyərkən “hara qaçırsan, səni məhv edəcəyəm” deməsini və dalbadal xəsarətlər yetirdiyinə görə onu öldürmək istədiyini başa düşdüyünü, təqsirləndirilən şəxslə barışmadığını, lakin ona qarşı heç bir şikayəti və tələbi olmadığını, cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və bu barədə xx xxxx 2021-ci il tarixli ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edilərkən onun atası Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 3, iş vərəqi 152-157). Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Zərərçəkmiş şəxs isə bir qədər aralıda yaşayan qonşu kimi tanımış, onların heç biri ilə münasibəti olmamışdır. Gülağanı spirtli içkiyə meylli adam kimi tanımışdır. xx xxx 2020-ci il tarixdə günorta saatlarında evlərinin qarşısında dayanıb söhbət edərkən Gülağanın onlara tərəf gəldiyini, arxasınca isə sonradan adını bildiyi Vüqarın da iti addımlarla gələrək Gülağanı söydüyünü görmüşdür. Onların davranışlarından hər ikisinin sərxoş olduğu görünmüşdür. Vüqar onların yaxınlığına çatan zaman əlində bıçaq olduğunu görmüşdür. Vüqar Gülağanın üzərinə hücum edib bıçaqla ona zərbələr vurmağa çalışmış, Gülağa isə zərbələrdən yayınmaq üçün qaçmışdır. Vüqar özü də sərxoş olduğundan zərbələrin çoxu Gülağaya dəyməmiş, Vüqar zərbələri vurarkən söyüşlər də söymüşdür. Kənardan onları sakitləşdirmək üçün çalışsa da, Vüqarın əlində bıçağı gördüyü üçün yaxınlaşmağa ehtiyat etmişdir. Çünki Vüqar orada olan insanlara əhəmiyyət verməmiş, Gülağanı vurmaq üçün imkan axtarmışdır. Hətta Gülağa yalvarıb "vurma" deyərək qaçmağa çalışsa da, Vüqar söyərək onun arxasınca getmişdir. O, Vüqarın ona da xəsarət yetirəcəyindən ehtiyat edib onlara yaxınlaşmamışdır. Onlar gah səkidə mübahisə etmiş, gah da yolun hərəkət hissəsinə çıxaraq oradan keçən avtomaşınların hərəkətinə mane olmuşlar. Münaqişənin gedişində Gülağa Vüqarın əlindən çıxıb yuxarı tərəfə qaçsa da, Vüqar onun arxasınca gedib musiqi məktəbinin tinində onu tutub yerə yıxmış və orada da Gülağanı vurmuşdur. Onların aralandığını gördüyündən öz maşınına minib oradan getmişdir. Məhkəmə iclasında dindirilən Şahid3 Şahid2 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Quba RPŞ Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid4 ifadəsində bildirdi ki, xx xxx 2020-ci il tarixdə Quba şəhəri ərazisində Postpatrul xidməti bölüyünün manqa komandiri, polis serjantı Şahid5 və polis sıravisi Əli Süleymanovla birlikdə xidmətdə olmuşlar. Saat 18:30 radələrində Quba RPŞ-nin Növbətçi hissəsi ratsiya vasitəsilə Quba şəhər Meydanı ərazisində bıçaqlanma hadisəsinin olduğunu və hadisəni törədən şəxsin yayındığını elan edərək həmin şəxsin tapılması istiqamətində tapşırıq vermişdir. Həmin məlumat üzrə Quba şəhər Meydanı ərazisinə gedərək orada Təqsirləndirilən şəxs əlindəki bıçaqla aşağı ətraflarına xəsarət yetirməsinin şahidi olmuşlar. Həmin bıçağı onun əlindən alaraq özünə xəsarət yetirməsinə davam etdirməsinə imkan verilməmiş və Təqsirləndirilən şəxs əlindəki bıçaqla birlikdə Quba RPŞ-yə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Quba RPŞ Post-patrul xidməti bölüyünün manqa komandiri, polis serjantı Şahid5 Şahid4 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Quba şəhəri, Heydər Əliyev prospekti, 143 ünvanında yerləşməklə piyadaların hərəkət hissəsidir. Piyada hərəkət hissəsinin eni 1,5 metr, avtomobil yolunun eni isə 13 metrdir. Piyada hərəkət hissəsində Musiqi məktəbinin qarşısı boyunca Qəçrəş kəndi istiqamətində yerdə qanabənzər ləkələr aşkar edilmişdir. Həmin qanabənzər ləkələr Zərərçəkmiş şəxs yaşadığı Heydər Əliyev prospekti, 136 ünvanında yerləşən evin qapısına qədər piyada hərəkət hissəsində aşkar olunur. Bununla da, Zərərçəkmiş şəxs hadisə zamanı Təqsirləndirilən şəxs ona çoxsaylı bıçaq zərbələri vurub ağır xəsarətlər yetirməsindən sonra sonuncunun əlindən çıxıb qaçaraq evinə qədər getməsi müəyyən olunmuşdur. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 12-24). İş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə saat 18:07 Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Meydan” deyilən yerdə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs yolu keçmək istəmiş, həmin vaxt sonuncu, Zərərçəkmiş şəxs kürəyindən tutaraq yerə yıxır, daha sonra onlar yaxalaşaraq mübahisə edirlər. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifətindən sillə ilə vurur və ayrılıb gedirlər. Bundan sonra Zərərçəkmiş şəxs Quba şəhəri, H.Əliyev prospekti ilə Quba-Qəçrəş yolu istiqamətində piyada gedərkən, Təqsirləndirilən şəxs cibindən bıçağı çıxardaraq onun arxasınca gedir, həmin vaxt yolun sağ kənarında olan ağ rəngli maşının yanında Zərərçəkmiş şəxs bıçaq zərbələri endirir. Sonuncu Təqsirləndirilən şəxs uzaqlaşmaq istəsə də, buna nail ola bilmir, nəticədə Təqsirləndirilən şəxs bir neçə dəfə onun arxasınca qaçaraq bıçaq zərbələri endirməkdə davam edir (cild 1, iş vərəqi 74-75). Məhkəmə-tibbi ekspertizasının xx xxx 2020-c il tarixli 454 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarınüstü sahədə bir yerdə qarın boşluğuna nüfuz edərək qara ciyərin zədələnməsi ilə nəticələnən kəsilmiş-deşilmiş yara, qarının ön divarında solda bir yerdə qarın boşluğuna keçərək dalağın zədələnməsi və çıxarılması ilə nəticələnən deşilmiş-kəsilmiş yara, bel nahiyəsində solda peritonarxası boşluğa keçərək böyrəyin zədələnməsi və çıxarılması ilə nəticələnən kəsilmiş-deşilmiş yara deşici-kəsici əşyanın, qarının ön divarında, sağ əlin İİ və İİİ barmaqlarının ovuc səthində hərəsində bir yerdə kəsilmiş yara kəsici əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti xx xxx 2020-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağ əl nahiyəsindəki yaralar istər ayrılıqda, istərsə də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, qarının ön divarında iki yerdə və belində solda bir yerdə, cəmi üç yerdə olan yaralar isə istər ayrılıqda, istərsə də birlikdə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurmaya aiddir (cild 3, iş vərəqi 145-146). Məhkəmə-lifli materialların ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/855 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 nömrəli cədvəlində göstərilib. Həmin kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs şalvarının üzərindən tapılmış açıq göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış tünd göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının liflərinə uyğun gəlir (cild 3, iş vərəqi 158-164). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1068 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müşahidə olunmur. Onda emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Onda aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Cinayət işi materiallarına əsasən Təqsirləndirilən şəxs cinayət əməli törədərkən adi alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Onun intellektual imkanları normaya uyğundur. Əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmir. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında konfliktə meyillilik, tez özündən çıxmaq, inadkarlıq, cəlb edici davranışı ilə ətrafdakıların diqqətini öz üzərinə çəkməyə meyllilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmışdır. Həmin halın yaranması adi alkoqol sərxoşluğu fonunda fərdi-psixi xüsusiyyətləri ilə şərtləşmişdir. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 3, iş vərəqi 165-168). Məhkəmə-tibbi kriminalistik ekspertizasının xx xxxx 2020-ci il tarixli 284/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön orta nahiyəsində bir ədəd, köynəyin ön sol aşağı hissəsində bir ədəd, köynəyin arxa orta nahiyəsində bir ədəd, maykanın ön orta nahiyəsində bir ədəd, maykanın şərti sağ yan xətti üzərində bir ədəd və maykanın arxa orta nahiyəsində bir ədəd dəlib keçən zədələr aşkar olundu. Bu zədələr deşilmişkəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişlər. Zərərçəkmiş şəxs zədələr yetirən şəxslə müxtəlif qarşııqlı yerləşmə vəziyyətində ola bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin boyun tikişi üzərində sökülmə zədələri aşkar olundu. Bu da köynəyin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön orta nahiyəsində cırılma zədəsi aşkar olundu. Bu da şalvarın orta nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilibdartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarınüstü nahiyəsində olan bir ədəd deşilmiş-kəsilmiş yara ilə, köynəyin ön sol aşağı nahiyəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədə bədəninin qarının ön divarında solda bir yerdə olan bir ədəd deşilmiş-kəsilmiş yara ilə, köynəyin arxa orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə bədəninin bel nahiyəsində solda olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Sağ əlin İİ və İİİ barmaqlarının ovuc səthində hərəsində bir yerdə olan kəsilmiş yaralar onun paltarları üzərində öz əksini tapmamışdır. Bu da həmin nahiyələrin paltarlarla örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus alt köynəyin ön sol aşağı nahiyəsində iki ədəd, şalvarın sol ayağının ön yuxarı nahiyəsində üç ədəd dəlib keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişlər. Təqsirləndirilən şəxs zədələr yetirən şəxslə müxtəlif qarşııqlı yerləşmə vəziyyətində ola bilərdi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın sol ayağının ön yuxarı nahiyəsində aşkar edilmiş üç ədəd deşilmiş-kəsilmiş zədələrdən yalnız biri onun bədəninin sol budun yuxarı 1/3-nin ön səthində deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə üst-üstə düşürlər. Alt köynək və şalvarda olan digər deşilmiş-kəsilmiş zədələr onun bədəni üzərində öz əksini tapmamışdır. Bu da yalnız paltarların zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir (cild 3. İş vərəqi 169-175). İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 441/MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən onun qan qrupu-O/İ/ ekspertizaya təqdim olunmuş bir ədəd cib bıçağı, hadisə yerindən 8 ədəd çubuqlu pambıq tamponlara hopdurulmuş ləkələrdə, Zərərçəkmiş şəxs məxsus alt mayka, köynək şalvar, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərinə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda hadisə yerindən 8 ədəd çubuqlu pambıq tamponlara hopdurulmuş ləkələrdə, Zərərçəkmiş şəxs məxsus alt mayka, köynək və şalvar üzərindəki ləkələrdə "H" antigeni, alt maykada həmçinin alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkələri O alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərindəki ləkələrdə isə "A" və "H" antigenləri, şalvar üzırindəki ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)/İİ/ qruplu şəxsə, qarışıq olduğu halda isə Abeta/İİ/, Abeta(H)/İİ/ və Oalfa, beta/İ/ qruplu şəxslərin qarışmış qanları hesabına yarana bilər. Ləkələrdə qanın qarışıq olduğu halında Oalfa, beta/İ/ qruplu Zərərçəkmiş şəxs qarışmış qanının olması inkar olunmur (cild 3, iş vərəqi 176-181). Quba rayon mərkəzi xəstəxanasının xx xxxxxx 2019-cu il tarixli 266 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan xx xxxxxxxx 1977-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs xx xxxxxx 2013-cü il tarixdən Quba rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsinin psixiatrik kabinetində “Şəxsiyyətin emosional davamsız pozuntusu, özünü kəsmələrlə” diaqnozu ilə qeydiyyatdadır. Təqsirləndirilən şəxs Quba RMX-nın KPŞ-nin narkoloji kabinetində 2009-cu ildən «Tiryək narkomaniyası» diaqnozu ilə dispanser qeydiyyatındadır (cild 1, iş vərəqi 205). Quba rayon İcra hakimiyyəti başçısı Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxxxxx 2020-ci il tarixli 2665 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşamışdır (cild 1, iş vərəqi 275-276). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən və Quba rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 1(027)-41/2014 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il müddətə, Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 235-239, cild 3, iş vərəqi 182-183). Məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş yuxarıda sadalanan bütün sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər isə xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs az ağır cinayət hesab edilən Azərbaycan Respublikası CM-nin 234.1 və 186.2.2-ci maddələri ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını xx xxxxxx 2018-ci il tarixdə çəkib qurtarmışdır. Lakin o, qeyd olunan cəzadan azad olunduqdan sonra həmin əmələ görə məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən az ağır və xüsusilə ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən adı çəkilən şəxs həmin tarixdə Quba RPŞ-nin İstintaq bölməsi tərəfindən şübhəli şəxs qismində tutulmuş, Quba rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 4(027)-26/2020 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıradək həbsdə saxlanılır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsun xx xxx 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0-cı maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən aşağıdakı qaydalara riayət edilməlidir: 132.0.1. məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir; 132.0.2. dəyəri olmayan digər əşyalar məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Quba rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus şalvar və alt köynəyi, Zərərçəkmiş şəxs məxsus köynək və şalvar, həmçinin hadisə zamanı istifadə olunmuş bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, iş üzrə keçirilmiş məhkəmə-lifli materialların ekspertizasının keçirilməsinə sərf edilmiş 114 (yüz on dörd) manat vəsait məhkəmə məsrəflərinə aid edilməli və həmin ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmaması, mülki iddia verilməməsi, həmçinin təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə 14 (on dörd) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübutlar - Quba rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus şalvar və alt köynəyi, Zərərçəkmiş şəxs məxsus köynək və şalvar, həmçinin hadisə zamanı istifadə olunmuş bir ədəd bıçaq məhv edilsin. Məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə əmlak üzərinə həbs qoyulmaması, mülki iddia verilməməsi, həmçinin təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-518/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-518/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver