Məhkəmə qərarları › İş №1(101)-519/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-519/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-519/2023 06.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üzərində ödənilməmiş məhkumluğu olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Mirələkbər küçəsi, ev 1-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 Massivində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda edib edib saxlayaraq daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 6,322 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini və külli miqdarda təmiz çəkisi 14,311 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 massivinə qədər daşımış, 10 avqust 2022-ci il tarixdə, saat 17:00 radələrində şübhəli olduğuna görə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sellofana bükülmüş halda satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı külli miqdarda təmiz çəkisi 6,322 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin və külli miqdarda təmiz çəkisi 14,311 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin və əynində olan göy rəngli cins şalvarın sol yan cibindən üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 1 (bir) ədəd «200g/0.01g QC PASS» yazısı olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, orada hər şey düzgün qeyd edilmişdir. Təqsirləndirilən şəxs qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqında qısa məzmunda ifadə verdiyindən və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyindən onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsinin elan edilməklə tədqiq edilməsinə zərərurət yaranmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 10 avqust 2022-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 massivində yerləşən kirayədə yaşadığı evi olan küçədə piyada “Kirov dairəsinə” tərəf gedərkən iki nəfər şəxs ona yaxınlaşaraq özlərini Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları olaraq təqdim etmişlər. Bundan sonra ondan şəxsiyyətini təsdiq edən sənəd istənilmişdir. O, üzərində sənəd olmadığından və ifşa olunmasından qorxaraq polis əməkdaşlarından yayınmağa çalışmışdır. Lakin polis əməkdaşları ondan şübhələnərək Sabunçu RPİ-nin 14cü PB-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə gəlmişdir. Sabunçu RPİ-nin 14-cü PB-də otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra onun razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofan bükümlərdə 1 (bir) ədədində narkotik vasitə heroin, digərində psixotrop maddə metamfetamin olan olan maddələri təqdim etmişdir. Bundan sonra isə o, şalvarının sol yan cibində saxladığı elektron tərəzini də çıxararaq təqdim etmişdir. Sorğu-sual zamanı o, həmin maddələri özü üçün qəbul etmək məqsədi ilə Abşeron rayonu, Masazır qəsəbəsində dəqiq anket məlumatlarını, əlaqə telefonunu, adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən 200 manata alaraq, sonradan qəbul etmək üçün üzərində saxlamasını bildirmişdir. Onun üzərindən aşkar olunmuş maddə ekspertiza tədqiqatına təqdim olunması üçün polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla götürülüb qablaşdırılaraq möhürlənmişdir. Polis bölməsinin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. O, polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir. Onun narkotik və psixotrop maddəni əldə etməkdə məqsədi narkotik vasitə və psixotrop maddəni qəbul etməyi ilə bağlı olmuşdur. Onun aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni kiməsə satmaq, pay vermək kimi niyyəti və məqsədi olmamışdır. Elektron tərəzini isə o, narkotik vasitə və psixotrop maddə alərkən onu aldatmasınlar deyə üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroini və pixotrop maddə metamfetamini onun satmaq niyyəti olmamışdır. O, həmin narkotik vasitəni və pixotrop maddəni özü qəbul edəcəkdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması, aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməsi, habelə aşkar edilmiş elektron tərəzi ilə aldanmamaq məqsədi əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin çəkisini yoxlamaq üçün istifadə etməsi barədə vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 10 avqust 2022-ci il tarixdə həmkarı Şahid1 ilə birlikdə Çiləgər massivində xidmətdə olduğu vaxt Təqsirləndirilən şəxs onları görmüş və nədənsə yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs yayınmaq istəməsi onlarda şübhə yaratmışdır. Ona görə də onlar Mirsüleymana yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Mirsüleymandan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər, lakin sonuncunun üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmamışdır. Buna görə də onlar saxladıqları şəxsin şəxsiyyətini müəyyən etmək üçün həmin şəxsi Polis bölməsinə aparmışlar. Onlar həmin şəxsi əsasən narkotik vasitələrin daşınmasında şübhəli şəxs kimi Polis bölməsinə aparmışlar. Polis bölməsində təhqiqatçının xidməti otağında saxlanılan şəxsin üzərinə baxış keçirilmiş və həmin vaxt həmin şəxsin üzərindən 2 (iki) bükümdə narkotik vasitə aşkar edilmişdir. Mirsüleyman özü şəxsi axtarış zamanı həmin narkotik vasitələri çıxararaq təhvil vermişdir. Həmçinin şəxsi axtarış zamanı Mirsüleymanın üzərindən elektron tərəzi aşkar edilmişdir. Mirsüleymana tərəzini nəyə görə üzərində daşıması barədə sual verildikdə, Mirsüleyman bildirmişdir ki, narkotik vasitələri alan zaman həmin narkotik vasitəni satan şəxs tərəfindən aldanmamaq üçün üzərində elektron tərəzi daşımışdır. Bundan sonra Mirsüleymanın üzərinə baxış keçirilmiş, lakin həmin vaxt Mirsüleymanın üzərindən əlavə hər hansı bir qadağan edilmiş əşya çıxmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2022ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 massivi ərazisində özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən saxlanılaraq 14-cü Polis bölməsinə aparılmış və orada o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 13) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 22) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 25-26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sellofana bükülmüş halda narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar kütlələr, habelə 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4277 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 40-42) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 100” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan kağız zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 6,332 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 14,311 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin müxtəlif növ və tərkibli maddələr olduğu üçün onların arasında müqayisəli tədqiqat aparılmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4278 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 45-46) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan kağız zərfdəki bir ədəd arxasında «200g/0.01g QC PASS» yazısı olan gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün deyildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 54-55) görünür ki, həmin görüntü açıldıqda, otaqda xüsusi geyimdə bir nəfər şəxs və mülki geyimdə olan üç nəfər şəxs görüntüyə gəlir. Polis mayoru xüsusi geyimində olan şəxs özünü 14-cü PB-nin təhqiqatçısı Rəşad İsmayılov kimi təqdim edir və Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 10 avqust 2022-ci il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları Şahid1, Şahid2 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X4 Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) sellofan bükülünü, şalvarın sol yan cibindən isə gümüşü rəngli elektron tərəzini təqdim edir. Təqsirləndirilən şəxs bir bükülünün içərisində narkotik vasitə heroin, digər bükülünün içərisində isə psixotrop maddə metamfetamin olmasını və həmin maddələri saxlanılmamışdan əvvəl Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış yerini və əlaqə telefonunu bilmədiyi tanımadığı şəxsdən 200 manata əldə etməsini bildirir. Elektron tərəzini isə narkotik vasitə və psixotrop maddə alərkən onu aldatmasınlar deyə üzərində gəzdirdiyini bildirir. Təhqiqatçı həmin maddəni qablaşdırmaq üçün zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır və büküm zərfə qoyulur. Zərf möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya və ya predmet aşkar edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 56-57) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 avqust 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-661/2022 saylı qərarından (cild 1, iş vərəqə 75-79) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni 10 avqust 2022-ci il ta rixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2022-ci il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama barədə 4495 nömrəli rəydən (cild 1, iş vərəqə 100-101) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 93-94) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilərək onun cəzası 2 (iki) ilə endirilmiş, daha sonra Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə o, cəzasının çəkilməmiş hissəsindən (8 ay 3 gün müddət) şərti olaraq vaxtından əvvəl azad edilmiş, eləcə də xx.xx.2022-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 noyabr 2022-ci il tarixli 14-cü Polis bölməsinin cavab məktubundan (cild 1, iş vərəqə 102) görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin əldə etmə mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir, onun barəsində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, onun konkret olaraq kimə satması və ya ondan narkotik vasitə almış şəxslər barədə heç bir məlumat müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqənda qərardan (cild 1, iş vərəqə 106-112) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş itihamın dəyişdirilmədən saxlanılması, maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,222 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 14,311 qram təşkil edən psixotrop maddə metamfetaminin, 1 (bir) ədəd elektron tərəzinin saxlanılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin, habelə 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmiş, bundan sonra həmin vasitə və maddəni qanunsuz şəkildə üzərində saxlayaraq daşımışdır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, 10 avqust 2022-ci il tarixdə, saat 17:00 radələrində Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvana gedərkən özünü şübhəli apardığına görə həmin ərazidə xidmətdə olan polis əməkdaşlarının diqqətini cəlb etmiş və buna görə də o, polis əməkdaşları tərəfindən saxlanılaraq 14-cü Polis bölməsinə aparılmışdır. Orada onun üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sellofana bükülmüş vəziyyətdə 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 6,322 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 14,311 qram olan psixotrop maddə metamfetamin, habelə əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini, eləcə də elektron tərəzini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, nə ibtidai istintaq zamanı, nədə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Polis bölməsində onun üzərində şəxsi axtarış keçirilərkən həmin vaxt aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin çəkisini, həmin vasitə və maddənin saxlanıldıqları bükümlərin sayını, aşkarlanmış vasitə və və maddənin növünü, habelə elektron tərəzinin ona məxsus olmamasını mübahisələndirməmişdir. Əksinə şəxsi axtarışın nəticələrini özündə əks etdirən protokolu könüllü şəkildə imzalamaqla Təqsirləndirilən şəxs narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzinin ona məxsus olmasını, həmin narkotik vasitə və psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etməsini, elektron tərəzini isə həmin vasitə və maddəni əldə edərkən çəkisinin düzgün ölçmək və aldanmamaq məqsədi ilə üzərində saxlamasını və daşımasını təsdiq etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qısa məzmunda ifadə verərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etsə də, cinayət prosesi iştirakçılarının suallarına cavab verərək şəxsi axtarış zamanı üzərində elektron tərəzinin olmadığını, habelə aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini öz istifadəsi üçün aldığını, lakin həmin narkotik vasitə və psixotrop maddəni heç kəsə satmadığını bildirmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən hissədə belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı barəsində keçirilmiş prosessual hərəkətlərdə iştirak edərkən dəfələrlə bəyan etmişdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetaminlə yanaşı, şəxsi axtarış zamanı onun üzərindən, həmçinin elektron tərəzi də aşkar edilmiş və o, həmin tərəzini qanunsuz şəkildə narkotik vasitə və psixotrop maddə alarkən aldanmamaq üçün istifadə etmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərindən elektron tərəzinin aşkar edilməməsini iddia edərkən səmimi olmamış və məsuliyyətdən yayınmaq məqsədi ilə bu hissədə yalan ifadə vermişdir. Beləliklə, aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin müxtəlif növdə olması, narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin külli miqdar təşkil etməsi, aşkar edilmiş vasitə və maddənin istifadə üçün yararlı olması, təqsirləndirilən şəxsin üzərindən elektron tərəzinin aşkar edilməsi onu təsdiq edir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımışdır. Eyni zamanda onun üzərindən müxtəlif növdə qadağan edilmiş vasitə və maddənin çəkisinə diqqət yetirdikdə (ümumilikdə 20 qramdan çox kütlənin), başqa sözlə, uzun müddət ərzində narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin 1 (bir) aydan da çox müddət üçün nəzərdə tutulmuş istifadə dozasını qabaqcadan əldə etməsi inandırıcı olmamaqla yanaşı, həmçinin ağlabatan deyil. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını və qismən etirafedici ifadə verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallara gəldikdə isə ağırlaşdırıcı hal kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin sadə residivi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmasına baxmayaraq, cəzasını çəkib qurtardıqdan sonra qanunla müəyyən edilmiş 2 (iki) illik müddət ərzində yenidən qəsdən, lakin bu dəfə ağır cinayət törətmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə məhkum olunmasına baxmayaraq, cəzasını çəkib qurtardıqdan sonra üzərində ödənilməmiş məhkumluğu olduğu müddət ərzində yenidən qəsdən ağır cinayət törətmişdir. Bu da öz növbəsində Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin sadə residivini təşkil edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, bu cinayətin sadə residivini yaradır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,222 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 14,311 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,222 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 14,311 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar